17 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

MÜQƏDDİMƏ

Saytımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olmuşdur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığını deyərkən, digərlərinin təəccüblənməsinin səbəbi isə hava nisbətən işıqlı olduğu bir halda namaza və oruca başlanmasıdır.

Lakin bütün bunlara baxmayaraq qətiyyətlə deyə bilərik ki, həm Azərbaycanda, həm də digər İslam ölkələrində namaz üçün tərtib olunan cədvəllərdə sübh namazının vaxtı Quran və Sünnədəki ölçüyə uyğun təyin olunmur. Quran və Sünnədə fəcri-sadiqə (həqiqi fəcrə) verilən tərif zamana çevrildikdə ciddi xətalara yol verilir, səhər vaxtı (gecənin son üçdə biri) sübh azanı oxunaraq camaat 40 dəqiqə, yay fəslinin bəzi günlərində isə 70 dəqiqə əvvəl namaza və oruca başlamağa məcbur edilir. Bu cədvəllərə əsasən fəcri-sadiqdən 40-70 dəqiqə əvvəl oruca başlamağın (imsakın) çətinlik istisna olmaqla heç bir problemi olmamasına baxmayaraq, sübh namazının fəcri-sadiqdən əvvəl qılınması onun düzgün olmamasına (yəni batil olmasına) gətirib çıxarır.

Qurana görə fəcrin ağ sapı qara sapından fərqləndiyi vaxt[1] – buna fəcri-sadiq deyilir – orucun (həmçinin sübh namazının) başlandığı vaxtdır ki, el arasında buna "dan yerinin ağarması” deyilir. Bu vaxt üfüqdə işartı olduğuna görə hava alaqaranlıq (yarıişıq) olur. Bu da bu vaxta qədər xətalı olaraq tərtib olunmuş cədvəllərə əsasən gecənin bir hissəsində qaranlıqda sübh namazını qılmağa və orucu başlamağa vərdiş etmiş bəzi möminlərdə etirazın və ya heyrətin yaranmasına səbəb olur. Halbuki Qurana və Sünnəyə əsasən sübh namazı və oruc gecə yox, alaqaranlıqda, yəni dan yeri sökülərkən başlayır və sübh namazının vaxtı Günəş çıxana qədər davam edir.

Dediklərimizin daha yaxşı başa düşülməsi üçün Prof. d-r Əbdüləziz Bayındır tərəfindən qələmə alınmış aşağıdakı məqaləni oxumağı sizə tövsiyə edirik. İnanırıq ki, məqalə bu məsələ ilə əlaqədar zehninizdə olan bütün şübhələri aradan qaldırıb doğru addım atmağınıza səbəb olacaq. Nəzərinizə çatdırırıq ki, bu məsələ ilə əlaqədar ilk araşdırmanı Prof. d-r Əbdüləziz Bayındır başlamış və öz araşdırmalarının həqiqətini dini şəxsiyyətlərə və məqamlara dəlillərlə sübuta yetirmişdir. Lakin buna baxmayaraq müəyyən səbəblərə görə bütün bunlar təqvimlərdə öz əksini tapmamışdır. Bu araşdırmalarına görə Prof. d-r Əbdüləziz Bayındıra təşəkkür edirik. Allah ondan razı olsun!

"Milli Görüş-Sabiqun” Hərəkatı Araşdırma Qrupu

 

SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA

Oruc dan yerinin ağarmasından (fəcri-sadiqdən) Günəşin batmasına qədər Allah rizası üçün yeməyi, içməyi, cinsi münasibəti və orucu batil edən digər amilləri tərk etməkdir. Qədimdə çılpaq gözlə baxar, üfüq boyunca işığın çoxaldığını gördükdə yeməyi və içməyi saxlayıb oruca başlayardılar. Artıq müşahidələrin yerini təqvimlər tutmuşdur. Lakin təqvimlər xətalı olduğu üçün Türkiyədə (həmçinin digər İslam ölkələrində) ən az 40 dəqiqə əvvəl oruca və namaza başlayırlar. Ekvatora yaxın bölgələrdə bu müddət azalsa da, şimal bölgələrində bir neçə saata çatır. Buna işa namazının vaxtı ilə əlaqədar xətalar da əlavə olunduqda ciddi sıxıntılar yaranır.

 

A) FƏCR (DAN YERİNİN AĞARMASI) HADİSƏLƏRİ

Təqvimlərdəki xətanın səbəbi Günəşin doğmasından əvvəl beş ayrı fəcr (dan) arasında aparılan yanlış seçimdir. Bunlar, fəcri-kazib (yalançı dan), astronomik dan, dənizçi danı, fəcri-sadiq (həqiqi dan, yaxud imsak danı) və mülki danlardır.

 

1. FƏCRİ-KAZİB

(YALANÇI DAN)

Bu, sübhə yaxın şərqdə üstdən aşağıya doğru dikinə (şaquli, vertikal) peyda olan, üstü parlaq, altı üfüq xəttinə enməyən bir sabah parıltısıdır. Bir müddət görünüb sonra gözdən itir[2]. Onun görünməsinin yeməyə və içməyə heç bir maneçiliyi yoxdur. Bilali-Həbəşi həmin vaxtda azan oxuduğu üçün Allah Rəsulu belə demişdir: "Bilalın azanı və dikinə peyda olan dan səhər yeməyinizə mane olmasın, lakin üfüqdə eninə yayılan dan elə deyildir!”[3]

Cabir ibn Abdullahın rəvayətinə görə Peyğəmbərimiz belə demişdir: "İki fəcr (dan) vardır; birinə qurd quyruğu deyilir, fəcri-kazibdir (yalançı dandır), dikinə olur, üfüq xətti boyunca yayılmaz. İkinci fəcr (dan) üfüq xətti boyunca yayılar, dikinə getməz”.

 


 






Fəcri-Kazib

Qurd quyruğunu xatırladır.

 

2. ASTRONOMİK DAN

 (ASTRONOMIKAL TVAYLAYT)

Bu isə atmosferin üst təbəqəsində meydana gələn və ulduzların müşahidəsinə mane olan bir dandır. Səhər vaxtı Günəş üfüqə 18o-dən artıq yaxınlaşdığı vaxt başlayır, axşam isə 18o  üfüqün altına endiyi zaman sona çatır. Bu dan, astronomların danıdır. Bu vaxt üfüq qaranlıqdır, çünki Günəş işıqları yerdən təxminən 400 km yuxarıdadır.

 


 






Ərəb Çöllərində Astronomik Dan

Üfüqdə heç bir işartı yoxdur.

 


 






Ölkədə Buraxılan Təqvimlərə Görə Sübh Namazının Və Orucun Başlandığı Vaxt

Quranın təyin etdiyi ölçüyə ziddir.

 

3. DƏNİZÇİ DANI

(NOTİKAL TVAYLAYT)

Günəşin 12üfüqün altında olduğu vaxtdır. Normal atmosfer şəraitində cisimlərin xarici xətləri tam olmasa da seçilə bilir, lakin üfüq qeyri-müəyyən vəziyyətdə olur. Dənizçilər istiqamətlərini ulduzlarla müəyyənləşdirdikləri üçün həm ulduzu, həm də üfüqü görməlidirlər. Qaranlıqda ulduz görünər, lakin üfüq görünməz. Günəş 6oüfüqün altında olduqda, bu dəfə üfüq görünər, lakin ulduzlar görünməz. Buna görə də müşahidəni (izləməni) dənizçi danı ilə mülki dan arasında aparırlar. Müşahidə üçün ən uyğun vaxt isə Günəşin 10o üfüqün altında olduğu vaxtdır; ona rəsəd (müşahidə və izləmə) danı deyirlər.

 

4. FƏCRİ-SADİQ

(HƏQİQİ DAN, YAXUD İMSAK DANI,

SÜBH NAMAZININ VƏ ORUCUN

BAŞLADIĞI VAXT)

Səhər vaxtının sonuna doğru Günəş işığı üfüq boyunca yayılmağa başlayır. Altda torpaq parçasının qaralığı, üstdə isə qırmızı işıq zolağı, onun üstündə də ağ işıq zolağı dəqiq xətlərlə bir-birindən ayrıldıqda fəcri-sadiq başlayır. Bu, çoxalan Günəş işıqlarının şərq üfüqü boyunca yayılaraq aydın bir görüntü verdiyi zamandır. Oruc tutacaq şəxs, bu xətlərin çılpaq gözlə dəqiq və aydın olaraq ayırd edilməsi ilə oruca başlamalıdır. Müşahidələrimizə görə bu vaxt Günəş 9üfüqün altında olur. Allah-Taala buyurur: "… Sizin üçün fəcrin ağ sapı qara sapından fərqlənincəyə qədər yeyib-için! ...”[4]

 

 

 

 

 

 

 

 

 

 

 

 


 



İstanbul, Süleymaniyyədə Fəcri-Sadiq

Sübh Namazının və Orucun Başlanğıc Vaxtı

Fəcrin Ağ Sapının Qara Sapından Fərqləndiyi Vaxt

  

 

5. MÜLKİ DAN

(SİVL TVAYLAYT)

Günəş 6o üfüqün altında olduğu vaxtdır. Bu vəziyyətdə çevrədəki cisimlər açıq-aydın görünə bildiyi kimi ən parlaq ulduzlar da görünə bilir. Fiqhdə buna "isfar vaxtı” deyilir.








Mülki Dan

Gəmi və dəniz açıq-aydın görünür.

 








Günəşin Doğuşu

Diskin üst tərəfinin üfüqdə göründüyü vaxt Günəşin çıxdığı vaxtdır. Günəşin çıxması ilə sübh namazının vaxtı sona çatır.

 

B) TƏQVİM FƏALİYYƏTLƏRİ

Qədimdə çılpaq gözlə aparılan müşahidələrlə oruca və namaza başlayardılar. Artıq müşahidələrin yerini təqvimlər almışdır. Qazi Əhməd Muxtar Paşa (1839-1919) təqvimlərin astronomik dana görə hazırlandığını belə ifadə etmişdir: "Günəş şərq üfüqünə 21,5o yaxınlaşdığı vaxt imsak vaxtının (yəni orucun) başlanması barəsində ittifaq vardır. Təqvimlərdəki imsak hesabı ona görədir. Bunun da fəcri-sadiqdən (həqiqi dandan) əvvəli göstərməsi yalnız ehtiyat üçündür, çünki fəcri-sadiqin, Günəşin üfüqə 19o yaxınlaşdıqda başladığı məsələsi ittifaqla qəbul edilmişdir”.

18o olan astronomik dan, 19o-yə çıxarılmış, sonra ehtiyat üçün buna 2,5o əlavə edilib gecənin ortasında oruca başladılmışdır. Bu vaxt fəcri-kazib belə olmadığı üçün bürclərdən gələn şüalara (zodiak şüaları) fəcri-kazib deyilmiş, onların axşam da görünməsi mümkün olduğu üçün bir də şəfəqi-kazib (yalançı şəfəq) icad edilmişdir. T. R. Dini İşlər İdarəsi1983-cü ildə ehtiyatları ləğv edərək oruca başlama vaxtını 18o-yə endirmişdir. Etirazlara əsasən bizim də iştirak etdiyimiz müşahidələr aparılmış, astronomik danın fəcri-sadiq sayılmayacağı (diqqət edilsin) hər dəfə sübut olunmuş, lakin bunlar təqvimlərdə öz əksini tapmamışdır.

Astronomik dan yalnız kosmosla əlaqədar tədqiqat aparanları, dənizçi danı da dənizçiləri maraqlandırır. Fəcri-sadiq fərqli bir anlayışdır. Onun tərifi, səbəbi və nəticələri də fərqlidir. Ona görə də dərhal bu böyük səhvdən üz döndərmək, müsəlmanlara və İslama olunan bu zülmə son qoymaq lazımdır.

Cəhd bizdən, müvəffəqiyyət isə Allahdandır!

Müəllif: Əbdüləziz Bayındır (İlahiyyat elmləri doktoru, professor.

İstanbul Universiteti İlahiyyat fakültəsi müəllimi)

Mütərcim: Xəyyam Qurbanzadə



[1] "Bəqərə”; 187

[2] Fəcri-kazib iki tərəfdən qaranlıqla əhatə olunmuş ağ sütun kimi yuxarıya doğru uzanıb uzunsov forma alan sabah parıltısıdır. S. M. Fəzlullah. "Əhli-Beyt məzhəbində namaz və oruc”, s. 120

[3] "Müslim”; "Siyam”; 8

[4] "Bəqərə”; 2/187



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun