18 Sentyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

ŞİƏ RƏHBƏR ÖZ ARAŞDIRMALARININ SONUNDA

Seyid Fəzlullah: "Quranın təhrif olunduğunu deyənlər küfrə gedirlər!”

Rəhman, Rəhim Allahın adı ilə!

"İslamonline. net” şəbəkəsi ilə livanlı şiə rəhbər Seyid Mühəmmədhüseyn Fəzlullahın araşdırmalarının dördüncü – sonuncu hissəsində söhbət sünni-şiə münasibətində başqa problemli bir məqama keçir. Bu da bəzi şiə alimlərinin dedikləri Quran-kərimin təhrifi məsələsi ilə bağlıdır. Habelə araşdırma "Fatimənin müshəfi” (Fatiməyə məxsus olan Quran nüsxəsi) və şiənin bu məsələyə necə baxması məsələsinə toxunur.Seyid Fəzlullah Quranın təhrif olunduğunu deyənlər haqqında"Onlar Quranın məsumluğundan kənara çıxıblar”, – desə də, bunu məqsədli deyənlərlə digərləri arasında fərq qoyur. O hesab edir ki, məqsədli deyənlər küfr xəttində hərəkət edirlər. Yanlış ictihaddan yola çıxanlara gəlincə onlarla bu yanlış ictihad barəsində müzakirə aparmaq lazımdır.Həmçinin araşdırmada Seyid Fəzlullahın sələfilərlə şiələr arasında dialoq proyektinə toxunulmuş və bildirilmişdir ki, sələfiliklə dialoq ideyasının ortaya atılması ümumislam arenasına daxil olur və bu, bu və ya başqa yerdə uğursuzluğa cavab deyil. Seyid təkidlə qeyd etdi ki, bu ideya siyasətdən uzaq olmalıdır.Başqa bir problemli məqama cavabında livanlı şiə rəhbər "sünni ölkələrində şiə missionerliyi mövcuddur”, – deyənlərə qarşı çıxaraq statistik dəlillər gətirmələrini istəmişdir. Sonra öz-özünə soruşur: "Nə üçün missionerlik müsəlman cəmiyyətlərindəki xristian dininə təsir etmir?!...” Araşdırmaların təfsilatına varaq;

Əbdüləziz Qasım:Cənab Seyid, sizin araşdırmalarınızın bu sonuncu bölümünə bəzi imamlarınızın dediyi kimi, Quran-kərimin təhrifi məsələsi ilə başlayacağıq. İstəyirik bu məsələ barədə bizə öz fikirlərinizi bildirəsiniz.

Seyid Fəzlullah:Problem ondadır ki, fiqhi və qeyri-fiqhi, kəlami ictihadlar çoxaldıqca hər qrup Qurandan özünə sərf edən dəlillər tapmağa çalışdı. Bu da Quranın məzhəb çərçivəsində məhdud anlaşılmasına gətirib çıxardı. Ola bilsin ki, bir çoxları bununla Quranın zahirlərindən uzaqlaşdı və onu zahirlərə müxalif olaraq təvil etdi (yozdu). Müqəddəsləşdirdikləri və ehtiram etdikləri bəzi adlara və bu məqamda tabe olduqları bəzi fikirlərə yardım etmək üçün fürsət tapdıqda bu, yaxud başqa ayə ətrafında ravilərin yaratdıqları saxta rəvayətlər də bundan qaynaqlanır.Bu minvalla Quranın rəvayətlə olunan təfsirində Peyğəmbərin, Əhli-Beytin və əshabənin adından qondarılmış və Quranı təhrif edən saxta rəvayətlərlə qarşılaşırıq. Qurana açılışda bütün bu məzhəbçilik xaosundan, bu və ya digər məzhəbi təsdiq etmək üçün burada Quranın təhrifindən danışan bəzi rəvayətlər ortaya çıxdı. Ola bilsin, bu təhrifin bəzi formaları sünnilərdə də vardır və onun barəsində danışıblar. Həmçinin şiədə də belə hədislər vardır. Şiə və sünni alimlərinin ortaq fikri ondan ibarətdir ki, Quran Allahın məsum, yəni təhrifdən qorunmuş kitabıdır. Allah Quranın "Fussilət” surəsinin 42-ci ayəsində buyurur:"Ona nə önündən, nə də arxasından batil yol tapa bilməz”. "Hicr” surəsinin 9-cu ayəsində buyurur:"Şübhəsiz ki, Zikri (Quranı) Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!”Buna görə də biz belə hesab edirik ki, Quranın təhrif edildiyini israr edən hər bir şəxs Quran mətnindən və müsəlmanlar arasındakı fikir birliyindən sapmış bir insandır. Sonra Quran olmayan bu mətnlərin bəzilərini Quran deyə öyrəndiyimiz zaman görürük ki, onlar bəlağəti və ecazı ilə Qurana uyğun gəlmir. Bəlağət mədəniyyətinə malik insan onları özünə layiq bilmədiyi halda, onlar Allaha necə aid edilə bilər? Biz bildiririk ki, Quran Allahın önündən və arxasından batilin yol tapa bilmədiyi kitabıdır. Onun təhrif olunduğunu deyən hər bir şəxs Quranın məsumluğu üçün sübuta yetmiş əsl xətdən kənara çıxmışdır.

Əbdüləziz Qasım:Cənab Seyid, bağışlayın! Mən sizin bu son cümləniz üzərində dayanacağam. Sual belədir: "Quran təhrif edilib”, – deyəni küfrdə günahlandıra bilərik?

Seyid Fəzlullah:Küfr məsələsi Allahın və Onun Rəsulunun inkar olunmasından və bu məqamda Peyğəmbərin təkzib olunması ilə nəticələnəcək dinin zəruri hökmünün inkar olunmasından qaynaqlanan bir məsələdir. Buna görə də əgər onlar bunu qəsdən edirlərsə, küfr xətti üzərində hərəkət edirlər. Yox əgər yanlış ictihaddan yola çıxarlarsa, biz onlarla bu yanlış ictihad barəsində müzakirələr aparmalıyıq.

Əbdüləziz Qasım:Həmçinin, cənab Seyid, cavabınızda qeyd etdiniz ki, əksər şiə alimləri Quranın təhrif edildiyini demirlər. Əbdülhüseyn Şərəfəddin, Möhsün Əl-Əmini və başqaları şiə alimlərində, ümumiyyətlə, belə bir fikrin olmadığını söyləyirlər. Bunu necə şərh edərsiniz?

Seyid Fəzlullah:Bu, doğrudur, lakin biz "Rəblərin Rəbbinin Kitabının təhrif olunması” adlı kitab tərtib etmiş Şeyx Nuriyə aid edilən təhrif məsələsini öyrəndiyimiz zaman görürük ki, o, bunu qəsd etməmiş, sadəcə ona cavab vermişdir. Bunu onun şagirdi Tehrani "Əz-Zəriə ila təsanifiş-şiə” ("Şiənin əsərlərinə yol”) adlı kitabında açıqlamışdır. Biz dedik ki, küfr nübuvvətin inkarından, yaxud onun inkarına gətirib çıxaran şeydən, yaxud tövhidin və həmçinin məadın inkarından ibarətdir. Kim bu məsələdə ictihadi rəyə əsaslanırsa, yanlışlıq edər. Və o, Quranın təhrifi məsələsində səhv yoldadır. Bu o deməkdir ki, o, kafir deyil. O, sadəcə xətakardır və zəlalət yolundadır.Süyutinin "İtqan” kitabını oxuyan şəxs bilir ki, o, sünnilərin bəzi böyüklərinin Qurandan bir sıra şeylərin çıxarıldığını dediklərini nəql edir. Bəzi insanlar hesab edirlər ki, oxunuşun nəsx olunması Quranın təhrif olunmasından ibarətdir. Həmçinin bir çox insanlar da on qiraət fərqliliyinin bir növ təhrif olduğunu başa düşürlər. Buna görə"Şübhəsiz ki, Zikri (Quranı) Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!”, yaxud"Ona nə önündən, nə də arxasından batil yol tapa bilməz. …”ayələrindən belə başa düşür və ictihad edirik ki, Allah-Taala Quranın nöqsan və əlavələrdən qorunmasını Öz öhdəsinə götürmüşdür.Lakin bu məsələ əhli-sünnədə və bəzi şiələrdə mübahisə məqamı olmuşdur, lakin şiələrin inandığı ümumi rəy budur ki, bu Quran Allahın Öz Elçisinə nazil etdiyi bir Kitabdır. Biz Əhli-Beytin bütün hədislərində oxuyuruq ki, onlar öz tərəfdarlarını hədislərdəki əyriliyin düzəldilməsi məsələsində Qurana tərəf qaytarır və deyirdilər:"Allahın Kitabı ilə müxalif olan şey gözəl görünən batil sözlərdir (zuxrufdur), yaxud onları divara vurun getsin və bizim adımızdan yalnız Allahın Kitabı ilə uyğun gələn hədisi qəbul edin”.Mərhum Şeyx Mühəmməd Qəzalidən eşitmişəm: "Əgər şiədə Qurana artırmalar olsaydı, onun ən azı bir nüsxəsini görərdik. Hətta Quranda əlavə və naqisliyin olduğu (yəni ondan nəyinsə çıxarıldığı) fikrini onlara aid edən şəxslər Qurandan çıxarıldığını iddia etdikləri bu kəlmələri təsdiq etmirlər”, – deyərdi. Dünyanın hər bir yerində şiələrin əllərində gəzdirdikləri Quran sünnilərin əlində olan Qurandan fərqlənmir. Buna görə də, bu mövzunu bəzi təəssübkeş şəxslərin təqdim etdiyini irəli sürməklə yalnız işləri çətinləşdirmək istəyirlər. Bu fikri şiəyə aid edən şəxs bizə dünyanın hər hansı bir yerində müsəlmanların əlində olan nüsxədən fərqlənən bir Quran nüsxəsi göstərə bilərmi? Dövlət tərəfindən çap olunan və əlimizdə olan minlərlə nüsxə vardır.

QURAN-KƏRİMƏ LAQEYDLİK

Əbdüləziz Qasım:Bu mövzunu ortaya atmaqla işləri çətinləşdirmək istəmirik, həqiqətləri izah etmək istəyirik. Cənab Seyid, icazə verin deyim ki, şiə müsəlmanlarda Qurana laqeydlik var. Sizə aid bir mətndə dediyiniz kimi, "Bizim üçün gözlənilməzdir ki, Nəcəfdə, yaxud Qumda "Elmi Hövzə” Qurana aid konkret dərs proqramına malik deyil”. Şiə hövzə məktəblərində Quran dərslərinin icbari olmamasını nə vaxta qədər kənardan izləyəcəyik?

Seyid Fəzlullah::Hesab etmirik ki, o problem şiələrin Qurana mənfi baxışından irəli gəlir. Hövzədə bəziləri təsəvvür edir ki, Quranın dəqiq, elmi və dərin araşdırmaya ehtiyacı yoxdur, çünki o hər kəsin başa düşəcəyi qədər zahirdir. Qeyd edim ki, ustadımız Əbülqasım Xoyi Quranın təfsirini böyük təfsirçilik təcrübələrinə malik Nəcəf alimlərinin birindən öyrənmişdir. O da mərhum Şeyx Cavad Bəlağidir. Seyid Xoyi "Əl-Bəyan fi təfsiril-Quran” ("Quranın təfsirində bəyan”) əsərinin müqəddiməsi kitabından sonra üsul və fiqh dərslərinin verildiyi metoda əsasən Quran dərsləri verməyə çalışdı, lakin əksər tələbələr dərslərə gəlmədilər, çünki onlar belə hesab edirdilər ki, bu, insanın ustada qulaq asmasına ehtiyac hiss etdiyi elmi dərs deyildir. Buna görə də, sonda Seyid Xoyi təfsir dərsini saxladı, çünki hövzənin tanınmış şəxsləri dərsdə iştirak etmirdilər. Onlar fiqh və yaxud üsuli-fiqh dərslərinə üstünlük verirdilər, ancaq biz eyni vaxtda şiə alimlərinin təfsirə dair yazdıqlarını, xüsusilə, Şeyx Təbərsinin "Məcməul-Bəyan”da yazdıqlarını öyrənirik. Bu kitab həm sünnilərin, həm də şiələrin eyni vaxtda müraciət edə biləcəyi bir kitab olduğu üçün Misirdəki "Məzhəbləri Yaxınlaşdırma İdarəsi” onu Misirdə çap etdirmək istəmişdir. "Məcməul-Bəyan”da həm sünnilərin, həm də şiələrin fikirləri nəql olunur. Şeyx Təbərsinin "Cavamiul-Came” adlı başqa bir təfsiri də vardır. Habelə Şeyx Tusinin "Ət-Tibyan fi Təfsiril-Quran” adlı təfsir kitabı da vardır.Şiələrin fərqli təfsirləri var. Güman edirəm ki, şiənin islami hərəkata açılmasına səbəb olan son inkişaflar, ələlxüsus, İrandakı inkişaflar İranı "Qum Elmi Hövzəsi”ndə Quranın təcvidi və təfsiri ilə yaxından maraqlanmağa vadar etmişdir.

QURAN VƏ MÜCTƏHİDİN İCAZƏSİ

Əbdüləziz Qasım:Cənab Seyid, Quran-kərimlə maraqlanmamağınız o həddə çatıb ki, sizin müctəhidiniz Quranı yaxşı bilmədən müctəhidlik mərtəbəsinə çata bilir. Mən sizə İran İslam Respublikasının Ali Dini Rəhbəri Seyid Əli Xamənəinin sözlərini misal gətirirəm:"Təəssüf ki, bir dəfə belə Qurana müraciət etmədən ictihad icazəsi alana qədər araşdırmaya başlayıb onu davam etdirə bilirik. Nə üçün belədir? Çünki tədqiqatlarımız Qurana əsaslanmır”.

Seyid Fəzlullah:Fiqhi və üsuli-fiqhi öyrəndiyimiz zaman bu sahədə Qurandan çox hədisə əsaslanırıq, çünki hesab edirlər ki, hədislər Qurandan daha çox müfəssəldir və onlar (hədislər) Quranı təfsir edir. Burada bir çox üsuli nəzəriyyələr vardır ki, Kitabın xəbəri-vahidlə xüsusiləşdirilməsi (təxsisul-kitab bixəbəril-vahid) və s. işlərdə bir maneə görmür. Həmçinin burada bəzi üsuli araşdırmalarda mübahisə vardır ki, biz Quranın zahirinə əsaslanmalıyıq? Quranın zahirləri öz-özlüyündə dəlildirmi? Yoxsa, onların dəlil olması hədis mətnlərinə əsaslanır? Bəlkə, onlar bu mənada dəlil deyildirlər? Bütün bunlar – üsuli və fiqhi məktəbi vadar edir ki, Qurandan çox hədisə əsaslanırlar.
Lakin fitva müstəvisində olsa da belə bizim qurani metodumuz budur ki, qurani başlıqlar bir şeyin haram və yaxud halal olması barədə gələn hədislərə hakimdir, çünki qanunvericilikdə əsas olan Qurandır. Buna görə də biz hədisi inkar etmirik, çünki Sünnə kəlam, fiqh və başqa sahələrdə İslamın əsas xəttidir, lakin inanırıq ki, halal-haramlarda qurani başlıqlar əsl və kökdür.Hədisi təfsir edən, əhatə (genişlik) və çərçivə (darlıq) gətirən də odur. Biz gəlir məqsədi güdülmədən şahmat oyununa icazə verdik, çünki Quran "məysir”i qadağan edir, "məysir” də qumardır. Qumarda gəlir və itki var. Buna görə də, şahmat oyunu gəlir və itki ilə nəticələnməzsə, ona "məysir” – qumar deyilə bilməz. Şahmat oynamaq keçmiş zamanda məysir idi.Alimlərin haramlığı onlardan istifadə edərək ortaya qoyduğu hədislər diqqəti hədis mətnlərinin yarandığı zamanda yayqın olan oyun mənasına doğru çəkir.Buna görə də, bəzi hədislərdə şahmatın "əcəmin (ərəb olmayanların) qumarı” olduğu bildirilmişdir. "Məysir” (qumar) oyuna uyğun gəlməməklə yanaşı, Sünnədə gələn hədisin mətnindəki haramlığın əhatə və çərçivəsinin əsası olan qurani başlıqla da uyğunlaşmır. Buna görə də girov qoyulmazsa, əylənmək üçün şahmat oynamağın halal olması məsələsində "əsalətul-ibahə”yə ("mübah olma prinsipinə”) müraciət etməyin heç bir problemi yoxdur.

Əbdüləziz Qasım:Lakin, cənab Seyid, siz bu müdafiəniz qarşısında bəzi şəxsi yazılarınızda Quran elmlərini əhatə etməyən ictihadlara qarşı şübhə ilə yanaşırsınız.

Seyid Fəzlullah:Məsələ bu qədər də problemli deyil, amma mən təsəvvür edirəm ki, Quranı başa düşməyən, istər fiqh səviyyəsində, istərsə də əqidə səviyyəsində İslamın dərinliyinə vara bilməz.

Əbdüləziz Qasım: Cənab Seyid, açıq danışdığıma görə məni bağışlayın, sizcə, Quran elmlərinin tədqiqatına olan bu cür laqeydlik bir tərəfdən onu göstərmirmi ki, şiələr içərisində "Quran təhrif olunmuşdur”, – deyənlərin fikri bu laqeydliyə səbəb olmuşdur?

Seyid Fəzlullah:Güman etmirəm ki, təhrif məsələsi şiələrdə böyük əksəriyyət təşkil etsin, əksinə Quranın təhrif olunma fikri ona nisbət verilən şəxs belə demək istəmişdir ki, mən təhrif məsələsi haqqında onu inkar etmək və onun doğru olmadığını bəyan etmək üçün danışmışam. Buna görə də təhrif məsələsi şiə cərəyanı hesab olunmur, lakin ola bilsin ki, bəzilərinə işarə etdiyimiz müəyyən şəraitlərə görə Qurandan çox hədislərə işarə edilmişdir.

FATİMƏNİN MÜSHƏFİ

Əbdüləziz Qasım:Cənab Seyid, eyni mövzu çərçivəsində başqa bir məsələyə toxunacağam ki, bu da Fatimənin – Allah ondan razı olsun! – müshəfidir. Sizin əlinizdə istifadə etdiyimiz və bildiyimiz müshəfimizdən başqa bu adda bir müshəf vardırmı?

Seyid Fəzlullah:Xeyr! Cərəyan edən bütün mübahisələr və Fatimənin müshəfi məsələsində şiələrə edilən ittihamlar "müshəf” kəlməsi üzərindədir, çünki "müshəf” kəlməsi lüğəvi mənası etibarı ilə "səhifələri olan kitab” mənasını verir. İmam Sadiqdən ("Üsuli-Kafi”də) nəql olunan hədisdə onun belə dediyi rəvayət olunur:"… Onda (Fatimənin müshəfində) Qurandan hər hansı bir şey olduğunu zənn etmirəm. …”Əksinə, Fatimənin müshəfi Əhli-Beyt imamlarının şərhlərinə əsasən bəzi rəvayətlərdə deyildiyi kimi, Fatimənin vəsiyyətindən, digər bəzi rəvayətlərdə deyildiyi kimi, Fatimə əleyhəssəlamdan sadir olan hökmlərdən ibarətdir. Bəzi rəvayətlərə görə, o, Peyğəmbərin diktə etdikləri və Əlinin yazdıqlarından ibarətdir. Bəzi rəvayətlərdə qeyd olunur ki, Peyğəmbər (ə) vəfat etdikdən sonra Fatimənin kədəri artdığı üçün Allah ona həmsöhbət olan və Cənnətdəki atası haqqında danışan bir mələk göndərir. Bu sonuncu fikir haqqında biz müzakirə aparmışıq. Məsələ bu rəvayətlərdən əmələ gəlmişdir. Bizim bu Qurandan başqa Quranımız yoxdur.Xatırlayıram ki, Əlcəzairdə mərhum Şeyx Mühəmməd Qəzali ilə görüşdüm və mənə dedi ki, o, dünyadakı bir çox əhli-sünnə alimi ilə bu barədə danışmış və demişdir ki, əgər siz dünyanın bütün tərəflərinə getsəniz, şiənin əlində mövcud Quranın zəmməsi, yaxud fəthəsindən artıq olan bir Quran görə bilməzsiniz, hətta Fatimənin müshəfindən belə şiələrdə bir nüsxə yoxdur. Bu söhbətlər şiələri ittiham etmək üçündür ki, guya onların bu Qurandan başqa bir Quranı vardır. Bu, iftiradır.

Əbdüləziz Qasım:Cənab Seyid, izninizlə bu sözünüzə Xomeyninin dediklərini əlavə edəcəyəm. Kitablarının birində o yazır ki, Cəbrayıl əleyhissəlam Fatimənin yanına enmiş, gələcəkdə özünün, övladlarının və Əli ibn Əbutalibin başına gələcəklərdən onu xəbərdar etmişdir. Bu barədə rəyinizi bilmək istəyirəm.

Seyid Fəzlullah:Qeyd etdim ki, bu o rəvayətlərdən biridir ki, Allahın onun yanına onunla həmsöhbət olan və atası haqqında danışmaqla onun kədərini və hüznünü yüngülləşdirən bir mələk göndərməsindən danışır. Lakin rəvayət doğru olsa da, – hansı ki mən bunun doğruluğuna inanmıram – bu o demək deyil ki, ona elçilikdən (peyğəmbərlikdən) pay verilmişdir. Ola bilsin ki, bəzi alimlər bildirmişlər ki, o, bu yolla ilham almışdır. Axı, Məryəm və Musanın anası mələklər tərəfindən ilham almışdır. Bu, dediyimiz kimi rəvayətlərdən biridir, lakin bu o demək deyil ki, Fatimə əleyhəssəlama peyğəmbərlik halı verilmişdir, çünki "Allahın Rəsulundan sonra Peyğəmbər yoxdur” – kəlamı hamımıza məlumdur. Hətta şiələr Əli haqqında Allah Rəsulundan belə nəql edirlər:"Mənə nisbətdə Harunun Musaya nisbətdəki məqamında dayanmaq istəməzdinmi? Lakin məndən sonra peyğəmbər yoxdur!”Bu baxımdan heç kimdə şübhə yaranmır ki, Zəhraya peyğəmbərlik verilmişdir, amma bu rəvayətdə – doğruluğuna inanmasaq belə – məsələ ondadır ki, onunla həmsöhbət olmaq və qeybdə olan atası haqqında danışmaq üçün mələk nazil olmuşdur. Təbii ki, Peyğəmbərdən sonra bizim anlayacağımız peyğəmbərlik vəhyi nazil olmamışdır.

ŞİƏ MİSSİONERLİYİ

Əbdüləziz Qasım:Şeyx Yusif Qərədavi sünnilər içərisində nüfuzlu bir adamdır. O, hələ uzaq keçmişdən şiələrlə dialoq məsələsini ortaya atanlardan biridir. O, təxminən bir il əvvəl sünni ölkələrdə İran şiə missionerliyi məsələsinə etiraz etmişdir.

Seyid Fəzlullah:Mən dostumuz doktor Mühəmməd Səlimin vasitəsi ilə doktor Qərədavidən istədim ki, mənə dəlil gətirsin görüm şiələrdən kim sünnilər içərisində şiə təbliğatı – şiə missionerliyi edir.Suriyada bizim sünnilərlə, Şeyx Vəhbə Züheyli və bir çox şeyxlərlə əlaqələrimiz var, biz onlarla çox görüşlər keçirmişik.Bəzən bu (yəni şiə təbliğatı), fərdi şəkildə həyata keçirilir. Məsələnin bu cür qoyuluşu insanlarda elə fikir yarada bilər ki, bu problem İslam aləmində yara aça biləcək problemlərdəndir. Nə üçün müsəlman cəmiyyətlərində xristian dininin missionerliyi problem doğurmur? Mən Papanın missionerlik və ona yenidən baxılması haqqındakı sözünü tənqid edən yeganə şəxsəm. Məgər müsəlmanların ölkələrində missionerlik problem sayılmır? Ateistlərin və sekularistlərin missionerliyi problem sayılmır? Mən bu suallara statistik məlumatlar istəyirəm.

Əbdüləziz Qasım:Xahiş edirəm, cənab Seyid, açıq danışdığıma görə məni bağışlayasınız. Lakin mən …

Seyid Fəzlullah:40 ildir ki, mənim bir şüarım var. O da bundan ibarətdir ki, yorucu sual olmur və həqiqət dialoqdan doğur.

Əbdüləziz Qasım: Cənab Seyid, sizə bu comərdliyinizə görə təşəkkür edirəm, lakin mən qəzet yazılarında İordaniya və Misirdə şiə məzhəbinin missionerliyi haqqında oxumuşam.

Seyid Fəzlullah:Bəzən 10 sünninin şiə olduğunu, bəzən 10 şiənin sünni olduğunu eşidir, bəzən də deyirik ki, 10 000 sünni şiə olmuşdur. Təbii ki, şiələr öz məzhəbləri, sünnilər də öz məzhəbləri üçün təbliğat aparırlar. Burada fərdi, yaxud yarım fərdi məqamlar var. Şiənin ziddinə olan sünni missionerliyi haqqında onların fikri nədir? Şiənin əleyhinə "İslam Dünyasının Əlaqəsi” kimi sünni İslam təşkilatlarında çıxan minlərlə kitab vardır. Habelə bunlar Misir və digər ölkələrdə də mövcuddur. Şiələr bu sünni missionerliyindən təəccüblənmir. Əgər Allahdan qorxuruqsa, faktlarla danışmalıyıq. Biz bu gün statistik məlumatlar aləmində yaşayırıq. Nə qədər adamlar vardır ki, şiəlikdən sünniliyə keçmişdir?!Yəməndə vəhhabilik zeydiliyin vəhhabiliyə çevrilməsi üzərində işləyir. Biz ateizmə, missionerliyə və sair məsələlərə açıq bir aləmdə yaşayırıq. Bu məsələni İslam dünyasını qızışdırmaq və sünnilərin öz aralarında şiə varlığından təhlükə hiss edəcək şəklində problem yaratmaq yolu ilə təqdim etmək icazəli deyil.

İRAN VƏ TƏKRAR İNQİLAB

Əbdüləziz Qasım:İzin verin, Şeyx Qərədavinin danışdığı istiqamətdə məsələnin bizə görə ciddiliyini biruzə verəcək şəkildə sualı təkrarlayım. Siyasi pərdə arxasında deyilənlər bundan ibarətdir ki, ABŞ 2001-ci il 11 sentyabr hadisələrindən sonra Körfəzdəki İslam dövlətlərinə təzyiqə başladı. İran bu fürsətdən istifadə etdi, çünki o, nəzarətsiz qaldı. Həmin dövrdən indiyə qədər Əlcəzair, Sudan, Misir, İordaniya və Yəməndə missioner fəaliyyətlərini qurmuş və davam etdirməkdədir. Sanki məsələ Xomeyninin zamanında olduğu kimi yenidən inqilab ixrac etməkdən ibarətdir.

Seyid Fəzlullah:Bu səviyyədə danışan şəxs siyasəti bilmir. Sentyabr hadisələri baş verdiyi zaman Amerika terrorizmə – "şiə və sünni terrorizmi”nə qarşı müharibə adı ilə bütün müsəlman aləminə, o cümlədən İrana hücum məsələsini ortaya qoydu.Amerika bu vasitə ilə İslam dünyasının ürəyinə daxil oldu. Bilirik ki, Sovet İttifaqının Əfqanıstanı işğalı zamanı ABŞ "Taliban” və "Əl-Qaidə”ni yetişdirmiş, təlim vermiş və ona kömək etmişdir. Habelə bilirik ki, Körfəz ölkələrinin çoxu – hamısı olmasa da, – "Taliban” və "Əl-Qaidə”yə kömək etmiş və onları mücahid hesab etmişlər.Amerika sentyabr hadisələrindən sonra Əfqanıstanı işğal etdi. Bu vaxt şiələr Talibanın qurbanları oldular. Sonra İrakı işğal etdi və Buşun ifadə etdiyi kimi, anarxiya yolu ilə onu çaxnaşma içərisinə saldı.Riyadda baş verənlər Ağ Evdə gedən xəbərlərdə şiələr, yaxud İran mövzu olmamış, mövzu Əl-Qaidə və radikallar olmuşdur.Biz bütün İslam dünyasında, hətta Somali, Sudan və Misirdə cərəyan edən siyasi reallığın arxa fonunu anlamalıyıq.Bir müddət əvvəl Misir səfiri ilə görüşdüm və ona dedim ki, İsrail və Amerikanın Misirlə əlaqələri var, lakin onlar istəmirlər ki, Misirin Afrika, İslam və Ərəb dünyasına təsir edə biləcək qədər güclü əlaqələri olsun. Amerika Misir yardımlarına 100 milyon dollar xərcləmişdir ki, o, fələstinlilərə silah qaçaqçılığında kömək etməsin. Sentyabr hadisələrindən sonra Amerika İslam dünyasına hakimlik etdi. Qeyd etdiyin fikrə gəlincə, bu, doğru deyil.

ORTAQ CƏHƏTLƏR

Əbdüləziz Qasım:Cənab Seyid, qeyd etdiniz ki, ümmətin alimləri xalqın içərisinə çıxmalı, onları məlumatlandırmalı, ortaq cəhətlərimizi araşdırmalıdırlar. Siz mənimlə həmfikir olursunuzmu ki, tarix sünnilər və şiələr arasında uyğunluq yaratmamışdır. Bu iki məzhəbi yaxınlaşdırmaq cilovunu ələ keçirib onları uzaqlaşdırmağa doğru aparan hər iki tərəfin radikalları olmuşdur. Bu radikallar bizə içi nifrət dolu mətnlər vermişlər, lakin hər iki tərəf arasında müştərək cəhətlər çoxdur. Bunların ən tutarlısı Ömərin Əlinin qızı Ümmügülsüm ilə evlənməsidir. Nə üçün bu məqamlardan istifadə etmirik?

Seyid Fəzlullah:Biz bu məqam üzərində dayanırıq, lakin, ümumiyyətlə, ixtilaflı məqam yaşayırıq."Onlar bir ümmət idilər ki, keçib getdilər, onların qazandıqları özlərinə, sizinki isə özünüzə aiddir. Onların əməlləri haqda sizdən sorğu-sual olunmaz”[1]. Sizə böyük İran şiə rəhbərlərindən biri olan Xomeyninin müəllimi Seyid Hüseyn Bürucərdinin[2] fikrini çatdırıram. O deyir:"Şiə və sünni kimi yaşadığımız çəkişmədə görürük ki, Əbubəkr, Ömər, Osman və Əli hamısı Allahın dərgahına köçmüşlər. … Biz isə hələ də xəlifə məsələsini müzakirə edirik. Müzakirəmiz elmi olmalıdır. Əgər xilafət və ya imamət məktəbinin ardınca getməliyiksə, məsələ elmi olmalıdır”. Burada məsələ, elmi bir məsələyə çevrilir.Əgər İslam konfransları təşkil edənlər onları şou məqamından uzaqlaşdırıb yaxşı idarə edə bilsələr və bu sahədə ortaq məqam tapsalar, bəzi müsbət nəticələrə az da olsa, çata bilərik.

Əbdüləziz Qasım:Əbubəkr, Ömər, yoxsa Əlinin xilafətə daha haqlı və layiq olması məsələsi ilə məşğul olmağı xətalı gördüyünüz üçün sizə təşəkkür edirəm. Siz deyirsiniz:"Bizim məsuliyyətimiz keçmişi araşdırmaq yox, gələcəyi qurmaqdır”. Lakin ola bilsin sizə etiraz edən bir nəfər tapılsın və desin:"Şiə tərəfi ilə bağlı problem ondadır ki, məsələ təkcə layiqliklə bitmir. Buraya məsumluq (günahsızlıq) və bu günə qədər davam edən imamət də əlavə olunur. Bu imamətə əsasən qanunvericilik (təşri) üçün yeni mənbələrə (imamların sözlərinə) əsaslanma baş vermiş və digər mənbələr – əshabələr tərəfindən rəvayət olunmuş Peyğəmbər Sünnəsi kənarda qalmışdır. Biz burada təkcə Əbubəkr, Ömər və Əlinin müqayisəsindən deyil, İslamın qanunvericilik mənbələri ilə əlaqədar onun dərinliklərində böyük parçalanmadan danışırıq”. Cənab Seyid, bu fikrə cavabınız nədir?

Seyid Fəzlullah:Biz deyirik ki, bu məsələ ittiham etməklə deyil, elmi yolla öyrənilməlidir. Əgər imamlardan gələn hədisləri öyrənmiş olsaydıq, görərdik ki, onlardan çoxu əhli-sünnə kitablarındakı bir çox hədislərlə uyğundur. O ki qaldı onların şiələrin gətirdikləri hədislərin doğruluğuna etiraz etmələrinə, habelə şiələrin onların gətirdikləri hədislərə inanmamalarına, hesab edirəm ki, şayiələrlə reallıqlar arasında fərq var. Biz hamılıqla bunun islah olunması üzərində işləməliyik. Halbuki bəzi əhli-sünnə hədisləri vardır ki, onlara şiələr, habelə bəzi şiə hədisləri vardır ki, onlara sünnilər istinad edirlər.

Əbdüləziz Qasım:Bu cür dialoqlara kim rəhbərlik edəcək? Bu dialoqların siyasi çətir altında olmasını istərdinizmi?

Seyid Fəzlullah:Xeyr! Siyasi çətir bu konfransları bərbad edər.

Əbdüləziz Qasım:Şiə və sünni alimlərindən kimi örnək qəbul etməyimizi təklif edirsiniz?

Seyid Fəzlullah:Biz elə şəxslər axtarmalıyıq ki, onlar mötədil məqam tutsunlar və İslamın qeyrətini çəksinlər. Mən qeyd edirəm ki, sünnilər və şiələr İslamın haqqını vermirlər. İrakda, Səudiyyədə və İranda Əbubəkr və Əlinin xilafətə daha layiqliyi ilə məşğul olduğumuz vaxt fürsət Amerika üçün əlverişli olur ki, dünyanı təkbaşına idarə etsin."Onlar bir ümmət idilər ki, keçib getdilər, onların qazandıqları özlərinə, sizinki isə özünüzə aiddir. …”[3]Bizim məsuliyyətimiz keçmişi araşdırmaq yox, gələcəyi düşünməkdir. Mənfiliklər doğuran problemlərlə üz-üzə qalmağımız o deməkdir ki, biz hər iki məzhəb olaraq məzhəbçilikdə ilişib qaldıqca Amerikanın İslam dünyasına ağalıq etməsinə etiraz etmirik.

Əbdüləziz Qasım:Bu düşüncəli rəylər məni vadar edir ki, sizə bir sual verim: Nəyə görə siz məzhəblərarası yaxınlıq üçün həqiqi bir plan hazırlamır və həyatınızın qalanını bu məqsədə həsr etmirsiniz?

Seyid Fəzlullah:Dialoqa uzun zamandır ki, başlamışam. İlk kitabı hicri 1380-cı ildə çap etdirmişəm. Kitabın adı"Quranda dəvətin üslubu”dur. Kitab İslam-xristian dialoqu üslubuna toxunur."Quranda dialoq”adlı kitabım da bu mövzuda buraxılmış kitablarımdan biridir. Kitabda İslam-İslam dialoquna toxunmuşam ki, bu da öz bəhrəsini verməyə başlamışdır.

Əbdüləziz Qasım:Burada real olmayan bir mətn vardır, lakin belə bir sual ortaya çıxır ki, İslam ümmətinin eyni söz üzərində birləşməsi necə olacaq?

Seyid Fəzlullah:Biz onlara deyirik ki, Peyğəmbər əleyhissəlam dünyanı İslam üzərində toplamadı. Allah Peyğəmbərə xitabən buyurur:"Və de ki: "Haqq Rəbbinizdəndir. Kim istəyir iman gətirsin, kim də istəyir kafir olsun. …”[4]Allah Peyğəmbərə buyurur:"… Sən ancaq öyüd verənsən! Sən onların üzərində hakim deyilsən!”[5] Biz Allahın sözünün təbliğində Allah Rəsulunu nümunə götürməliyik. Kim bizimlə olsa, Allah onun xeyirini versin, o, haqqın tərəfindədir. Kim bizimlə olmasa, bizim fikrimizə görə, haqdan uzaqdır.

DİALOQ LAYİHƏSİ

Əbdüləziz Qasım:Cənab Seyid, keçən il sələfi (sizin təbirinizcə vəhhabi) və şiə arasında bir dialoq layihəsi hazırlamışdınız. Bu layihəni hazırlamağınızın səbəbləri ilə tanış olmağımızın vaxtı deyilmi?

Seyid Fəzlullah:Reallıq budur ki, mən İslama və həqiqətə sadiq olacağınız təqdirdə dialoqa inanıram, çünki hesab edirəm ki, insan hansı ictihada çatırsa-çatsın, yenə ətraflı öyrənməli, heç bir suala dəyərsiz deməməlidir. Odur ki, nə qədər zidd fikir olsa da, insan ona laqeyd olmamalıdır."Dəyərsiz və əhəmiyyətsiz sual yoxdur. Həqiqət dialoqdan doğur”.Hesab edirəm ki, dialoq müsəlman insanın götürəcəyi, yaxud tərk edəcəyi bir şey deyildir, əksinə o, insanın həqiqət axtarışında ən mühüm vasitələrdən birini təşkil edən hərəkətverici qüvvədir. Mən bu sahədə Allah-Taalanın sözünü əsas götürürəm. O, Öz Peyğəmbərinə dialoqun ruhiyyəsini bildirir:"… Elə isə doğru yolda olan, yaxud açıq-aşkar azan Bizik, yoxsa siz?”[6] Peyğəmbər haqqında deyir:"Haqqı gətirən və onu təsdiq edən …”[7] Lakin Allah ona dialoqun ruhiyyəsini və proqramını bəyan etmək istəyir. Buna görə də hər iki tərəfin axtardığı həqiqətin öyrənilməsində insani-islami ortaqlığın yeri aydınlaşsın deyə dialoqda şəxs görünmür. Buradan göründüyü kimi, sələfi və şiə arasında dialoq ideyasının ortaya atılması məlumatlandırmanın bir hissəsi olmaqdan başqa bir şey deyil. Bu da yalnız o zərurətə görə olmuşdur ki, müxtəlif ideoloji və mədəni sahələrdə dialoq hərəkətdə olsun. Xüsusilə, Allahın aşağıdakı kəlamını əsas götürməklə mükəlləf olan müsəlmanlar arasında:"… Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin!...”[8]Müsəlman qruplar arasında dialoq zərurətində göstərilən xüsusi fəaliyyətlər hər iki tərəfin ziddinə olan böyük çətinliklərlə də olsa, qalmaqda davam edir. Dialoqda isə ən faydalı yol hər iki tərəfə öz həqiqətini göstərmək, sonra hər iki tərəfin çıxış etdiyi əsasları müzakirə etməkdir. Bu əsasların birincisi isə Quran və Sünnədir.Soyuq müharibə bitdikdən bəri İslama hücum edən müasir hədələri öyrəndikdə hiss edirik ki, məsələ təkcə qrup və ya məzhəblə kifayətlənmir, çünki burada hədəf bütün İslamın özəyidir. Müsəlmanlar bir-birini küfrdə və zəlalətdə günahlandırmaqda davam edir. Müsəlmanlar öz aralarında da dialoqa girmirlər ki, ixtilafın təbiətini anlasınlar və onu müəyyən nizama salsınlar. Bu da ciddi problemlərə gətirib çıxarır. Müsəlmanları bir-birini öldürməyə, əzməyə, İslam aləmini bütünlüklə parçalamaq üçün sui-qəsdlər və planlar hazırlayan düşmənlər üçün dadlı bir tikə olmağa vadar edir.

Əbdüləziz Qasım:Lakin, cənab Seyid, bu layihənin məzmunu nədir? Siz onun reallaşacağını görürsünüz? 1400 ildən artıq ömrü olan tarixi bir irsin qarşısını almaqda uğur qazanacaqmı?

Seyid Fəzlullah:Hesab edirəm ki, ümumiyyətlə, sünnilər və şiələr arasında elmi dialoqla nəticələnməsi mümkün olan ən mühüm məsələ hər tərəfin digər tərəfin əsaslarını və həqiqətlərini heç bir nifrət doğuracaq ünsürlərə yol vermədən öyrənmək və başa düşməkdən ibarətdir.Buna görə hazırkı reallığı dərk etmək baxımından tarixə boylanmağı bacararıq. Hər birimiz öz-özlüyümüzdə bir tarix yaratmalı, bu günün xatirinə problemlər və hədələrdən başlamalıyıq. Hər iki tərəfin tanıyacağı müştərək əsaslarla dialoqa getməliyik.

Əbdüləziz Qasım:Cənab Seyid, ola bilsin indi oxucum sizin bu layihəniz qarşısında belə bir nəticə çıxarsın ki, keçmiş yaxınlaşdırma konfranslarındakı uğursuzluğunuz sizi sələfilər üçün layihə hazırlamağa vadar etmişdir.

Seyid Fəzlullah:Birincisi, əgər dialoqun idarə edilməsi yolunda kompliment və çıxışların elmi işlərdən çox olması baxımından keçirilən konfransları tənqid etsək də, konfransların bir çox faydaları vardır. Sənin üçün kifayət edər ki, həmin konfranslar bəzi müştərək məqamlar üzərində görüşməyi həyata keçirmiş, müsəlmanların hər birinin öz nəzər-nöqtəsini nümayiş etdirməsi üçün zaman və məkanı təmin etmişdir. Bu da tam mükəmməl olmasa da, müəyyən bir fayda vermişdir.İkincisi, sələfilərlə dialoq ideyasının ortaya atılması ümumislam gedişatına aiddir. Hesab edirəm ki, bu ideya müsəlmanlar arasında dialoq məsələsini təsdiqləyəcək. Bu və ya digər yerdə uğursuzluğa cavab deyil.Bununla belə bir məqama işarə etmək lazımdar ki, bu sual onu göstərir ki, sələfilər bu kimi konfranslarla maraqlanmırlar, yaxud özlərini digər müsəlmanlardan uzaq tuturlar, çünki mən yaxınlaşdırma konfransları fikrini ilk ortaya atan şəxs olaraq qruplara bölmək fikrində olmamışam, əksinə belə düşünmüşəm ki, dialoq məsələsi müsəlmanlar arasında əhatəlik yaradacaq və onların məzhəb və qruplaşmalarını kölgədə qoyacaq.

Əbdüləziz Qasım:Əgər iş sizin dediyiniz kimidirsə, sələfi tərəfdən bir cavab gözləyirsinizmi? Şiə tərəfi sələfilərlə bu kimi münasibəti qəbul edərmi?

Seyid Fəzlullah:Nə üçün cavab olmasın?! Artıq Livan, Mərakeş və Körfəz dövlətlərindəki sələfi meyilli qrupların çoxunda, çoxsaylı mədəni İslam cəmiyyətlərində böyük əks-səda yaranmışdır. Hesab edirəm mənimlə sənin arandakı dialoq bu çağırışın bəhrələrindən biridir. İnanıram ki, yaxın gələcək daha artıq sahələrdə çoxsaylı dialoqlara şahid olacaqdır. Xüsusilə də, müxtəlif məzhəblərə malik xalqları olan və bu daxili problemləri yaşayan ölkələrdə öz bəhrəsini verəcəkdir.Biz dialoq məsələsini təkidlə təsdiq etməli və onun müsəlmanlar arasında yayılmasına kömək etməliyik. Müvəffəqiyyət Allahdandır.

ÖZ İXTİSASINDA YAZMAYAN YAZIÇI

Əbdüləziz Qasım:Yazıçı D. Əhməd adı ilə tanınmış şiə tədqiqatçısı qeyd edir ki, o, öz araşdırmasını şiə siyasi ideyasının inkişafı haqqında yazmışdır. Bu araşdırma gözlənilən Mehdinin olmaması qənaətinə gəlir. Şiələrin başa düşdüyü mənada imamət prinsipini inkar edir. O qeyd edir ki, öz araşdırmalarını dini rəhbərlərə göndərmiş və onların heç birindən cavab almamışdır. Seyid Fəzlullah yazıçı Əhmədin nail olduğu nəticələrin araşdırılmasına necə baxır?

Seyid Fəzlullah:Mən hesab edirəm ki, bu adam ixtisasından kənar yazmışdır.

Əbdüləziz Qasım:Yazıçı Əhmədi bir kənara qoyaq şiə düşüncəsi bu kimi ictihadı həzm edə bilərmi?

Seyid Fəzlullah:Problem şiə düşüncəsi deyil, hər bir düşüncə bu sahədə bir ictihada malikdir. İmamların əshabələri bir imamın yanında ola-ola digər imamın yanından ayrılmırdılar. Buna görə bir çox imam əshabələri on iki imamçılığı istəmirdilər, əksinə bu imamın yanında dayanıb onun imamətinə inanmırdılar və o imamın yanında dayanıb onun imamətinə inanırdılar. Buna görə ictihad məsələsi ümumislam çərçivəsində bir məsələdir.

Əbdüləziz Qasım:İcazə verin, suala bir az da aydınlıq gətirim. Bir şiənin araşdırması imamət prinsipini və İmam Mehdinin varlığını inkar edərsə, o zaman deyiləcəkmi ki, o, yolunu azıb, yoxsa deyiləcək ki, onun rəyinə ehtiram etmək lazımdır?

Seyid Fəzlullah:Biz deyirik ki, bu məsələ xəlifələrin xilafətini inkar edən sünni məsələsi kimidir. Biz deyirik ki, o, müsəlmandır, lakin şiə deyil.

Əbdüləziz Qasım:Siz artıq əvvəllər də açıqlamısınız ki, imamət məsələsi sabit deyil, dəyişkəndir, yəni müzakirə üçün açıqdır. Buna görə də məzhəbin əsas zərurətlərindən uzaqlaşma da bəzi şiələr sizi ittiham edirlər.

Seyid Fəzlullah:Mən dedim ki, imamət dəyişkəndir. O mənada ki islami baxımdan ictihada açıq bir məsələdir. Belə ki, bəziləri buna inanırlar, bəziləri isə inanmırlar. Tövhid, nübuvvət və məad kimi sabit əsaslardan deyil. Mən müsəlmanlar arasındakı savaşda istiqamətverici məqamdayam

.– Son –
Tərcümə: Salman Süleymanov
Təshih: Xəyyam Qurbanzadə

[1] "Bəqərə”, 141
[2] Ayətullah Bürucərdi XIV əsrin iranlı şiə mərcələrindəndir. 1875-ci ildə (h. 1292) İranın Luristan əyalətinin Bürucərd şəhərində doğulmuşdur. Atasının adı Seyid Əli Təbatəbaidir. Soyu Seyid İmam Həsənin oğlu Həsəni-Müsənnaya (İkinci Həsənə) çatır.Müqəddimə elmləri oxuyub qurtardıqdan sonra 17 yaşında İsfahanın "Darul-Elm” ("Elm Evi”) mədrəsəsinə daxil olmuş və Əbulməali, Seyid Müdərris və Ayətullah Dərçədən fiqh, üsuli-fiqh və ərəb ədəbiyyatını öyrənmişdir. Həmçinin bir neçə il Həkim Qaşqayi və Həkim Kaşanidən hikmət, fəlsəfə, kəlam və məntq oxumuş və 8 il İsfahanda qaldıqdan sonra Nəcəfi-Əşrəfə getmişdir.Ayətullah Bürucərdi Nəcəfdə illərlə fiqh və üsuli-fiqh elmləri sahəsində Axund Xorasani, Əllamə Yəzdi, Ağa Şəriət İsfahani kimi alimlərdən təhsil almış, özü əqli və nəqli elmlərdə ictihad və ustadlıq mərtəbəsinə çatmış və otuz yaşında "Nəcəf Elmi Hövzəsi”nin ustadları sırasında alimlərə dərs verməyə başlamışdır. Ayətullahil-Üzma Bürucərdi 10 il Ətəbatda qaldıqdan sonra Bürucərdə gəlmiş və otuz il öz vətənində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.Çoxillik pedaqoji fəaliyyətdən sonra "Qum Elmi Hövzəsi”nin alimlərinin təkidli xahişlərinə əsasən oraya getmişdir. Böyük alim Əbülhəsən İsfahaninin vəfatından sonra mərcəi-təqlid dərəcəsinə çatmışdır. O bu dövrdə şiə elm dünyasının yeganə söz sahibi olmuşdur. Seyid Bürucərdinin təkidi ilə Şeyx Mofid və Şeyx Tusinin əsərləri dərsliklər siyahısına daxil edilmişdir. Həmin dövrdə onun təklifi əsasında Qumda şiə fiqhi ilə yanaşı, sünni fiqhinin də tədrisinə başlanmışdır. Seyid Bürucərdinin böyük səyləri hesabına "Qum Elmi Hövzəsi” Nəcəfi geridə qoyaraq şiə dünyasının əsas şəhərinə çevrilmişdir.Bürucərdi tələbələrin xərclərini ödəməklə kifayətlənməyib bir sıra ölkələrdəki İslam icmalarına maddi yardımlarını əsirgəməmişdir. Aldığı ianələr hesabına Qumda "Məscidi-Əzəm” məscidi, mədrəsə və xəstəxana inşa etdirmişdir. Həmçinin İranın bəzi şəhərlərində məscid və mədrəsələrin tikintisinə yardım göstərmişdir.Seyid Hüseyn Bürucərdi İslam məzhəbləri arasında qarşılıqlı dialoqa, tolerantlığa, dostluğa və anlayışa böyük önəm vermiş, sünni-şiə məzhəbləri arasında yaxınlıq yaratmaq üçün öz səylərini əsirgəməmişdir. Məhz onun və Ələzhər Universitetinin rektoru Şeyx Əbdülməcid Səlimin təşəbbüsü ilə "İslam Məzhəblərinn Yaxınlaşdırılması Təşkilatı” yaradılmışdır. Bu təşkilatın bütün İslam dünyası üçün əvəzsiz xidmətləri olmuşdur. Onun dövründə Ələzhər Universitetinin rektoru və müfti Şeyx Mahmud Şəltut öz fitvası ilə Əhli-Beyt fiqhini İslam dünyasının digər fiqhi məzhəbləri səviyyəsinə qaldırmış və ibadət və müamilələrin həmin fiqhə əsasən yerinə yetirilməsinin icazəli olduğunu bildirmişdir. Buna görə də o, Şeyx Mahmud Şəltuta tarixi fitvasına görə təşəkkür etmək üçün Ayətullah Seyid Mahmud Taleqanini və bir qrup ruhanini Ayətullah Hacc Mirza Xəlil Kəmreyi ilə bərabər Qahirəyə göndərmişdir.O eyni halda öz mərcəliyi dövründə bəhailik firqəsinin inkişafı barəsində bir neçə dəfə Mühəmmədrza şaha xəbərdarlıq etmişdir.Bürucərdinin daha bir xidməti isə təhsil sistemindəki islahatlarla bağlıdır. O, müasir elmlərin İslam dini ilə ziddiyyət təşkil etmədiyi qənaətində olmuşdur. Bunun üçün də mədrəsələrdə təbiət elmlərinin tədrisini təşkil etmişdir. Habelə İranda təhsil sahəsindəki ziddiyyətli vəziyyəti aradan qaldırmaq üçün dini və dünyəvi biliklərin verildiyi ibtidai və orta məktəblər şəbəkəsinin açılmasına yardımçı olmuşdur.Onun ictihad metoduna gəlincə islami elmlərdə universallığa sahib olan Şeyx Mofid, Seyid Mürtəza Ələmul-Huda, Şeyx Təbərsi və Əllamə Bəhrul-Ülum kimi öz sələflərinn yolu ilə getmiş və fiqhdə istinbat metodunu işlətmişdir. Onun fiqhdəki metodu aşağıdakı prinsiplərə dayanır:– Qədim fəqihlərin fikirlərinə əhəmiyyət vermək;– Əhli-sünnənin rəvayətlərinə və fitvalarına əhəmiyyət vermək;– İlk dəlillərə və rəvayətlərə söykənmək;– Məsələlərin əsasını tapmaq və kökünü öyrənmək;1961-ci ildə (h. 1380) 86 yaşında ürək xəstəliyindən Qumda vəfat etmişdir. Məscidi-Əzəmin girişinin yaxınlığında dəfn edilmişdir.Seyid Bürucərdi Şeyx Səduqun "Fəqih”, Şeyx Tusinin "Təhzib” və "İstibsar” kitablarına, həmçinin "Xisal”, "Rical”, "Əmali” və "İləluş-Şəraye” kitablarına sənədlər əlavə etmişdir. O, Axund Xorasaninin "Kifayə” və Şeyx Tusinin "Nihayə” adlı əsərlərinə haşiyə yazmışdır. Onun dövründə "Məsələlərin izah olunması” risaləsi yeni və cəlbedici bir üslubla nəşr olunub müqəllidlərin ixtiyarına verilmişdir.O, Seyid Ruhullah Xomeyni, Nasir Məkarim Şirazi, Seyid Musa Şübeyri Zəncani, Seyid Əli Xamənəi, Hüseyn Nuri Həmədani, Mühəmmədfazil Lənkərani, Mühəmmədtağı Behcət, Hüseynəli Müntəziri, Seyid Mühəmmədəli Müvəhhid Əbtəhi, Mürtəza Mütəhhəri, Yusif Sanei və s. kmi böyük tələbələr yetişdirmişdir.
[3] "Bəqərə” 141
[4] "Kəhf”, 29
[5] "Ğaşiyə”, 21-22
[6] "Səbə”, 24
[7] "Zumər”, 33
[8] "Nisa”, 59



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun