25 İyun 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

BÖYÜK QEYBƏT DÖVRÜNDƏ BİZİM MƏSULİYYƏTİMİZ

Biz İmam Mehdiləyik və onun zühurunun intizarını çəkməkdəyik; əlbəttə, qafil, tənbəl və qəmli insanları kimi yox, məsuliyyətli insanların intizar çəkməsi kimi. Çünki bizim islami etiqadımızda intizar elə bir missiyadır ki, bu zamanda biz onun mənəviyyat ətri ilə yaşayır və gələcəkdə onun çiçəklənməsini gözləyirik. Hamımız İmamı ziyarət etmək istəyir və onun zühurunu tezləşdirsin, – deyə Allaha təvəssül edirik. Onun barəsində böyük eşqlə danışıb, bəlkə də, o Həzrətlə görüşmə şövqü ilə göz yaşı tökürük. Lakin bütün bunlar bizim inqilabi planımız deyildir. Əsas məsələ budur ki, biz müsəlman olmalı və Əhli-Beytin yoluna bağlanmalıyıq. Peyğəmbər (s)-in bizim üçün çəkdiyi və ümmətin də ona bağlanması lazım olduğu iki xətt arasında hərəkət etməliyik. Missiya (təbliğ) yolunda bu iki xətt bir-birindən ayrılmazdır və missiyaçı düşüncələrdə də bu iki xətt bir-birindən ayrılmamalıdır. Peyğəmbər (s) buyurmuşdur: «Mən sizin aranızda iki dəyərli şey qoyub gedirəm; bunlar göydən yerə qədər uzanmış ip olan Allahın Kitabı və Əhli-Beytim olan itrətim (sülaləm). Lətif (incə və gizli yönləri bilən), Xəbir (hər şeydən xəbərdar) Allah mənə xəbər verdi ki, bu ikisi hovuzun kənarında mənim yanıma gəlincəyədək əsla bir-birindən ayrılmayacaqlar. O ikisi barəsində mənimlə necə müxalifət edəcəyinizə baxın!» 1

Bu şərafətli hədisi aralarında məzhəbi ixtilaflar olmasına baxmayaraq, bütün müsəlmanlar rəvayət etmişlər. Bu hədis bizə demək istəyir ki, bu iki dəyərli şey sürətlə yol getməkdə və hərəkətdədirlər. Missiya yolunda biri göydən yerə qədər uzanmış bir ipdir. Bu söz bütün aləmdə daim var olan ilahi kitaba işarə etmək üçün işlənmişdir. Çünki Allahın Kitabı ilahi kəlam və ilahi vəhydir. Allahın Kitabı ehtiva etdiyi fikir, hökmlər, gedişat və inqilabilik baxımından həmin missiya yoludur. Lakin itrət isə rəhbərlikdir. Bir çox hədislərdə deyilir: «İslam beş şeyin üzərində qurulmuşdur; namaz, zəkat, oruc, həcc və vəlayət. Vəlayətə çağırıldığı kimi heç bir şeyə çağırılmamışdır» 2.

VƏLAYƏT DİNİN SÜTÜNLARINDANDIR

Vəlayət rəhbərlik məsələsinin təzahürüdür ki, Allah Rəsulu tam mənası ilə onunla yaşayırdı. Necə ki elmdə, hərəkətdə və ismətdə (günahsızlıq) də belə idi. Peyğəmbər müxtəlif hədislərdə Əli (ə) barəsində buyurmuşdur: «Mən elmin şəhəri, Əli isə onun qapısıdır» .

Həzrət Əli (ə) buyurmuşdur: «Peyğəmbər mənə min elm qapısı öyrətdi ki, hər bir qapı­dan min elm qapısı açılır. Beləcə min-min qapı meydana gəldi. …» .

Peyğəmbər (s) buyurmuşdur: «Ey Əli! Sənin mənə nisbətdə olan məqamın Harunun Musaya nisbətdə olan məqamı kimidir. Lakin məndən sonra peyğəmbər yoxdur» .

Həmçinin Allah Quranda Əhli-Beyt barəsində belə buyurur: «Siz ey Əhli-Beyt (ev əhli)! Allah sizdən çirkinliyi yox etmək və sizi tər-təmiz, pak etmək istər!»3 .

Deməli, itrət həmin rəhbərlikdir. Rəhbərlik iki cürdür:

1. Hüzuri rəhbərlik, məsələn, İmam Əlinin və İmam Həsəndən başlamış İmam Həsən Əl-Əskəriyə qədər onun övladlarının rəhbərliyi;

2. Qeybi rəhbərlik ki, bizim zamanımızda qeybdədir və gələcəkdə hazır olacaqdır. Və o, İmami-Zamanın rəhbərliyidir. O Həzrətin qeybəti hüzuri qeybətdir, külli (bütövlükdə) qeybət deyildir (yəni İmam qeybdə olsa da belə, sanki bizim yanımızdadır – müt.). Biz bu hüzuru (hazır olmanı) öz bədənimizlə hiss etməsək də onu öz vicdanımızla çox yaxşı dərk edirik. Müxtəlif rəvayətlərə əsasən, İmam Mehdinin bizim dünyamıza olan təsiri bulud arxasında gizlənmiş günəşin təsiri kimidir. Buna əsasən, Peyğəmbərin «Bu ikisi hovuzun kənarında mənim yanıma gəlincəyədək əsla bir-birindən ayrılmayacaqlar» sözünün mənası budur ki, Quran və İtrət (Əhli-Beyt) həmişə bir yolda addımlayacaqlar. Ona görə də İtrəti tutub Kitabdan ayrılmağımız mümkün olmadığı kimi, Kitabı tutub İtrətdən də ayrıla bilmərik. Çünki o ikisi missiya və rəhbərlik yolunda bir-birini kamilləşdirir. Çox yaxşı bilirik ki, missiya hərəkatının əzəmət və böyüklüyü onu digərlərindən fərqləndirən sürətlə hərəkət edən rəhbərliyə, rəhbərlik təcrübəsi, rəhbərlik hərəkəti və rəhbərlik amillərinə bağlıdır. Buna görə də İmam Mehdinin qeybəti dövründə yaşamağımıza baxmayaraq, hər an o Həzrətin nurani hüzurunu missiyada və Əhli-Beytdə hiss edirik. Onun hüzurunu gələcəkdə həyata keçirəcəyi böyük layihələrdə yaxşıca dərk edirik.


ƏHLİ-BEYTİN METODU

Həqiqətə yaxınlaşmaq üçün bu zamanda özümüzü Əhli-Beytin metoduna uyğun olan İslama tabe etməliyik. Əhli-Beytin yolu və metodu Allahın Kitabı və Peyğəmbərin Sünnəsindədir. Buna görə də, Əhli-Beytin İslamdan qeyri, başqa bir artıq xüsusiyyəti yoxdur. Çünki onlar bütünlükdə İslama qucaq açmış, nə ona bir şey artırmış, nə də ondan bir şey azaltmışlar. Çünki Allahın Kitabı və Peyğəmbərin Sünnəsində mövcud olan İslam həmin ilahi kəlamdır. Və biz yaxşı bilirik ki, Peyğəmbər ona bir hərf əlavə etməmiş və ondan bir hərf belə azaltmamışdır.

«Əgər (Peyğəmbər) özündən bəzi sözlər uydurub Bizə isnad etsəydi, Biz ondan mütləq şiddətli intiqam alardıq! Sonra onun şah damarını qopardardıq! Və heç biriniz də (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz» 4.

Peyğəmbər heç vaxt belə bir iş görməz və Allah Peyğəmbər haqqında danışmaqla camaata demək istəyir ki, hətta Allahın dostu və kainatın sərvəri olan o şəxs belə bu işi görsə, Allah onu cəzalandırar. Belə isə siz İslamdan necə bir hərf azalda, yaxud ona bir hərf artıra bilərsiniz? Halbuki Allah-Taala buyurur: «Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım. Bir din kimi sizin üçün İslamı bəyənib seçdim. …»5.

Əzizlərim! Əhli-Beytin yoluna və metoduna olan islami tabeçiliyimizdə Kitabın hamısına tabe olmalı və ondan bir hərfi belə azaltmamalıyıq. Kitabın bəzi hissələrinə iman gətirib digər hissələrini inkar etməməliyik. Fikirlərimizlə uyğun olan hissələrini tutub uyğun olmayan hissələrini buraxmamalıyıq. Bütün Kitabı qəbul etməli və onun insanlar üçün göndərilmiş zahirlərinə əməl etməliyik ki, ta onu dərk edək. Çünki bu Kitab dinin rəmzi olmaq üçün göndərilməmişdir. Bu Kitab ona görə göndərilməmişdir ki, insanlar onu başa düşməsinlər. Bəlkə, bu kitab nurdur. «Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir Kitab gəldi. Allah Onun razılığına tabe olanları onunla əmin-amanlıq yollarına yönəldər və onları Öz iznilə zülmətdən nura çıxarar. ... »6 .

Buna əsasən, bu Kitab həqiqət nurudur və onu işıqlandıracaq başqa bir nura möhtac deyildir. Biz görürük ki, bir çox firqələr daxillərindəki zülmət və qaranlıqlarla Allahın Kitabına toxunmaq istədilər. Buna görə də Quranın zahirindən və mənasından münhərif olub bu hal ilə bu nuru məhv edə bilmədilər. Çünki bu Kitabın nuru bütün bu qaranlıqları və zülmətləri yarıb irəliləyir.


KİTAB VƏ İTRƏTƏ TABE OLMAQ

Əzizlərim! İmam Mehdiyə olan birinci tabeçilik budur ki, Allahın Kitabına bağlı olaq və Quran həyatımızın hər bir şeyi olsun. Gərək Quranla yaşayaq, onu oxuyaq, onun üzərində dərindən düşünək və ona əməl edək. Gərək Quranı mədəni, siyasi, iqtisadi, ictimai və hərbi həyatımızın yol göstəricisi qərar verək. Çünki bütün əsas və mühim yolgöstəricilər Qurandadır. İtrətə (Əhli-Beyt imamlarına) tabe olaq. Çünki onlar Allahın Kitabına və Peyğəmbərə kamilən tabe olmuşlar. Onların yanında olan hər şey Peyğəmbərin yanında olan şeylərdir. Onların sözləri Peyğəmbərin sözləridir. Onların sirəsi, yəni həyat tərzi, Peyğəmbərin sirəsidir. Buna görə də itrəti və onların bizim üçün qoyduqları elmi və əməli irsi araşdırmalı və diqqətlə mütaliə etməliyik.

Əzizlərim! Mən belə güman edirəm ki, onların müsibətlərində ağlamağımıza və şad günlərində şadlanmağımıza baxmayaraq, indiyə qədər Əhli-Beytin sirrini başa düşə bilməmiş və onların tərbiyə metodlarını, siyasi-əxlaqi xətlərini və təkidlə tövsiyə etdikləri

dəyərləri dərk edə bilməmişik. Biz məsuliyyətlə Əhli-Beyt yolunda addımlamaqdansa, yalnız onlar üçün göz yaşı tökmüş, bayramlarda onlar üçün şadlanmış və yalnız onları öz fikirlərimizdə məhdudlaşdırmışıq.

NƏZƏRİ VƏ ƏMƏLİ XƏTT

Nəzəri və əməli xətt bir-birini kamilləşdirsin deyə Kitab, Nübuvvət (peyğəmbərlik) və İmamət (imamlıq) məfhumlarını İtrətin (Əhli-Beytin) xəttində dərk etməliyik. Çünki nəzəriyyə əməllə qarışmasa, həqiqətdə icra olunmayacaqdır. Buna görə də, Allah bizə Kitab barəsində göstəriş vermiş və Peyğəmbər də Kitabı öyrətmək üçün gəlmişdir. Kitab həmin nəzəri xəttdir. Lakin hikmət isə həmin əməldir. Buna görə də həmişə hər anda Kitab, Sünnə və İtrəti araşdırmalı və onların yolunda addımlamalıyıq. İmam Mühəmməd Baqir şiə haqqında danışmaq istədikdə buyurur: «Ey Cabir! Bir şəxsin şiəliyi qəbul edib biz Əhli-Beyti sevdiyini söyləməsi kifayət edərmi? And olsun Allaha, Allahın yasaq etdiyi şeylərdən qorunub Onun əmrlərini yerinə yetirməyən (yəni təqvalı olmayan) və Allaha itaət etməyən şəxs bizim şiəmiz deyildir. Ey Cabir! Bizim şiəmiz təvazökarlıq, xüşu (yəni qəlbin ilahi qorxu və ehtiramla dolu olması), əminlik (etibarlılıq), Allahı çox zikr etmək, oruc tutmaq, namaz qılmaq, valideynə qarşı xoşrəftar olmaq, qonşularından fəqir, zəif, borclu və yetim olanları qorumaq və onlara baxmaq, doğru danışmaq, Quran oxumaq və insanların yalnız xeyrindən danışmaqla tanınır. Onlar hər şeydə öz tayfalarının ən etibarlı və etimadlı şəxsləridirlər». Cabir deyir: «Dedim: «Ey Peyğəmbərin övladı! Biz bu gün bu sifətlərə sahib olan bir şəxs tanımırıq». İmam buyurdu: «Məbada camaatın yolu səni, bir kişinin, «Mən Əlini sevirəm və onun vəlayətini qəbul edirəm», – dedikdən sonra bununla bərabər heç bir fəaliyyət göstərməməkdən ibarət olan bir yola çəkməsin. Əgər bir şəxs, «Mən Peyğəmbəri sevirəm» – halbuki Peyğəmbər Əlidən də xeyirlidir – desə, sonra onun sirəsinə (həyat tərzinə) tabe olmasa və Sünnəsinə əməl etməsə, yalnız sevgisinin onun üçün heç bir faydası yoxdur. Allahın yasaq etdiyi şeylərdən qorunun və Allahın yanında olana (yəni İslam dininə) əməl edin! Allahla heç bir şəxs arasında qohumluq əlaqəsi yoxdur. Ey Cabir! Allah yanında bəndələrin ən sevimlisi, təqvası ən çox olan və Allaha ən çox itaət edən şəxsdir. And olsun Allaha ki, Allaha itaətdən başqa heç bir şeylə yaxınlaşmaq mümkün deyildir. Nə bizdə Cəhənnəmdən qurtuluşa dair bir şey var, nə də bir şəxsdə Allaha qarşı gətirəcək bir dəlil. Kim Allaha itaət edərsə, o bizim vəlimizdir (yəni bizim vəlayətimizin altına girmiş şiədir). Kim Allaha üsyan edərsə, o bizim düşmənimizdir. Bizim vəlayətimiz (bizə bağlanmaq və dost olmaq) yalnız əməl və vərə (şübhəli şeylərdən belə çəkinmək) ilə əldə edilə bilər (yəni əməli və vərəsi olmayan şəxs şiə deyildir)»7.


ALLAHA TƏRƏF DƏVƏT

Bu zamanda bizim proqramımız budur ki, biz özümüzlə məşğul olmalıyıq (yəni nəfsimizi islah etməklə məşğul olmalıyıq – müt.), ta ki öz qəlbimiz, idrakımız, varlığımız və hərəkatımızı bu əsas (əməl və vərə) üzərində bina edək. Ondan sonra Allaha doğru dəvət edən dəvətçilər olmaq üçün bu yöndə iş görməliyik. İslamı başa düşməli və islami cəmiyyəti kafirlərin sapdırmasından və hərəkətindən amanda saxlaya bilmək üçün həmin cəmiyyətin daxilində xalqı İslama dəvət etməliyik. İslami cəmiyyətdən xaricdə də xalqı İslama dəvət etməliyik. Çünki hal-hazırda əgər İslam düzgün çatdırılsa, onun məfhumları və İslamın güclü nöqtələri bəyan olunsa və biz özümüz də yaxşı bir nümunə olsaq, çox adamın İslama yönəlməsi və onu qəbul etməsi mümkündür. Allah da bizdən həmin yolda addımlamağı istəmişdir. «(Ey müsəlmanlar! İçərinizdə (insanları) yaxşılığa çağıran, əmrun bil-məruf (xeyirli işlər görməyi əmr edən) və nəhyun ənil-münkər (pis əməlləri qadağan edən) edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən, nicat tapmış şəxslərdir»8.

İslami cəmiyyətin içində əmrun bil-məruf və nəhyun ənil-münkər vəzifəsini icra etməklə İslama doğru dəvət etmək və islami cəmiyyətin xaricində xalqı İslama dəvət etməklə İslamı yaymaq hər bir müsəlman üçün həyati bir məsələdir. Çünki ilahi iradəyə uyğun olaraq İslam həyat dinidir və dünya bu dinlə sona çatacaqdır. Quranda oxuyuruq: «Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım və bir din kimi sizin üçün İslamı bəyənib seçdim. …»9. Hədisdə də belə buyurulur: «Mühəmmədin halalı Qiyamət gününə qədər halal, haramı da Qiyamət gününə qədər haramdır». Buna görə də, yaxşı İslam təbliğçiləri ola bilmək üçün elmi bacarığımızı və maarifimizi inkişaf etdirməliyik. İslam yolunda hərəkət budur. Çünki bu fərdə doğru hərəkət deyildir. Əksinə, missiya yolunda addımlamaqdır.

İmam da missiya yolundan uzaq deyildir. Bəlkə, missiyanın təcəssümünün (yəni görüntüsünün) özüdür. Çünki Allahın Kitabı Qurani-samitdir (danışmayan, lal Quran) və məsum (günahsız) rəhbərlər isə Qurani-natiqdirlər (yəni danışan Qurandırlar).

İndi biz başqa bir planı həyata keçiririk və o bizim insani cəmiyyətdəki planımızdır. İmami-Zaman hərəkatının əsl şüarı budur ki, O, yeri zülm və sitəmlə dolduğu kimi ədalətlə dolduracaqdır. O Həzrətin gələcək qiyamına bir işarə etmək üçün aşağıdakı şərafətli ayənin icrası və ayənin xəbərləri barəsində çoxlu hədislər gətirilmişdir:

«Biz də o yerdə zəif düşüb əzilənlərə (binəsiblərə) bol nemət vermək, onları imamlar etmək, onları varis etmək, onları yer üzündə qüdrət sahibi etmək, Firona, Hamana və hər ikisinin qoşunlarına onların qorxduqları şeyi göstərmək istədik»10. Bu ayədə Həzrət Musanın dövründəki binəsiblərdən (zəif düşüb əzilənlərdən, binəsiblərdən) söhbət getməsinə baxmayaraq, Allah yenə də öz sünnətlərindən (yəni qanunlarından) birini təkrar edir. İlahi sünnət budur ki, Allah istismarçıların binəsiblərə (binəsiblərə) qələbə çalmasına razılıq vermir, əksinə, onları yer üzünün varisləri etmək üçün onlara nemət verməlidir. Quranda bu ayəyə oxşar başqa bir ayə də vardır: «Biz Tövratdan sonra Zəburda da yerə yalnız Mənim saleh bəndələrimin varis olacağını yazdıq»11 Bu ayə cüzi bir formada məxsus bir zamanda rövnəq tapmasına baxmayaraq, əslində söz gələcəkdən gedir ki, ümumi formada dünyanın son mərhələsində bu həqiqət zahir olacaqdır.


ƏDALƏT ƏSGƏRLƏRİ OLUN

Allah bizdən istəyir ki, biz ədalət əsgərləri olaq və binəsiblərin xeyrinə istis­marçıları rədd edək; çünki Allah binəsiblərdən özlərini rəzil və zəlil hesab etmələrini istəmir və bizdən də istəmir ki, binəsibləri istismarçıların istismarı altında tək buraxaq. Birinci fikir barəsində Allah buyurur: «Mələklər öz nəfslərinə zülm edənlərin canlarını alarkən deyəcəklər: «Siz nə vəziyyətdə idiniz?» Onlar söyləyəcəklər: «Biz yer üzərində zəif kəslər idik! (Mələklər də): «Allahın torpağı geniş deyilmidi ki, siz də hicrət edəydiniz?», – deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. O necə də pis yerdir! Yalnız hicrət etməyə yol və çarə tapmağa qadir olmayan binəsib kişi, qadın və uşaqlar müstəsnadır. Ola bilsin ki, Allah onları əfv etsin. Allah əfv edən və bağışlayandır!»12

Buna əsasən istizaf (zəif hala gətirilmə, binəsiblik) halından çıxmağı və öz zəifliyini güc-qüdrət ilə əvəz edib yeni bir güclə istismarçılara qarşılıq verməyi bacaran binəsib, əgər istismarçıların hakimiyyətinin təsiri altında inhiraf (zəlalət) yoluna sürüklənərsə, onun üzrü Allahın yanında qəbul olunmayacaqdır.

Lakin başqa bir ayə isə bizi binəsiblərin yolunda vuruşmağa çağırır. Allah buyurur: «Sizə nə olub ki, Allah yolunda və binəsiblər uğrunda vuruşmursunuz?»13 Bildiyimiz kimi, binəsiblərə nicat vermək uğrunda vuruşmaq İslam dinin hədəflərindən hesab olunur. Buna görə də, Allah bizdən istəyir ki, binəsiblərə, hətta bəzi mövzularda müsəlman olmayan binəsiblərə belə nicat vermək üçün vuruşaq. Çünki istismar məsələsi bir-birinə bağlı olan bir məsələdir və istismarın bir yerdə güclənməsi onun başqa bir yerdə güclənməsinə və bir nöqtədəki binəsiblərin acizliyi digər yerdəki binəsiblərin də acizliyinə səbəb olur. Buna görə də, Allah hər bir növ zülmü qəbul etmir, hətta bu zülm və sitəm kafir bir şəxsə qarşı olunsa belə.

«Kafi» kitabında imamlardan birindən (İmam Sadiqdən) belə rəvayət olunmuşdur: «Həqiqətən, Allah zalımlardan birinin məmləkətində yaşayan bir peyğəmbərinə belə vəhy etdi: «O zalımın yanına get və ona de: «Mən səni qan tökmək və mal yığmaq üçün işə almamışam və səni məzlumların səsini Məndən uzaqlaşdırmaq üçün işə almışam. Kafir də olsalar belə, zülm ilə onlardan alınmış şeyi tərk edə bilmərəm»14. Buna görə də, müsəlman kafirlərə zülm etməməlidir. Yəni sənin yanında kafir bir şəxsin haqqı olarsa, onun haqqını dəyərsiz hesab edə bilməz və onun haqqına zülm edə bilməzsən. Əgər kafir bizimlə müharibə etsə, yaxud yer üzərində fəsad törətsə, bu başqa bir sözdür. Bu halda onunla vuruşa bilərsən. Əgər ümumi həyatda kafirin sənin boynunda haqqı olarsa, onu haqqından məhrum etmək icazəli deyil.

Əzizlərim! Dünyəvi istismarın dünya binəsiblərinin – müsəlman, ya qeyri-müsəlman – taleyi üzərində hakim olduğu müasir dövrdə siyasi-iqtisadi prizmadan və sosial sabit­lik baxımından bu məsələyə baxmalı və istismarçıların qarşısında necə dayanacağı­mızı araşdırmalıyıq. Əsas məqsəd budur ki, istismarçıların istismarını devirmə­liyik, belə ki, dünya binəsiblərinə qalib ola bilməməli, millətlərin sərvətlərini yağmalaya bilməməli, yaxud onların əmniyyət və asayişini və ya siyasi hüquqlarını öz əllərinə ala bilməməli və onları siyasətdən kənarlaşdıra bilməməli və əsas məsələlərimizdə iqtisadi-siyasi və sosial sabitlik baxımdan müstəqilliyimizi bizdən ala bilməməlidirlər. İstismar bizim hamımızı öz hakimiyyətinin altına salmaq istəyir. Buna görə də, müstəqillik böyük islami hədəfdir. Binəsiblərin ədalətli azadlıq kölgəsində yaşaması üçün istismarçıları darmadağın etməliyik.

Əzizlərim! Hal-hazırda qarşı-qarşıya olduğumuz çətinliklərin – məxsusən dünyəvi çarpışmalar vəziyyətində – həcminə diqqət etməklə binəsiblər öz talelərinin həll olunması məsələlərində bir-birilə vəhdətdə olmalı və hamılıqla istismarın ziddi­nə qalxmalıdırlar. İstismarçıları darmadağın etmək üçün hətta müsəlman və qeyri-müsəlman binəsiblərin belə birlik və ittihadını yaratmaq olar. Əgər bir nöqtədəki istismarçıları darmadağın edə bilsək, bu iş başqa məntəqədə yaşayan istismarçıla­rın darmadaın edilməsi üçün qüvvətli bir dayaq ola bilər. Əgər bir nöqtədə istismar­çılar işdən uzaqlaşsalar, bu digər nöqtələrdə onların işdən kənarlaşdırılması üçün bir dayaq olacaqdır.


İMAM XOMEYNİNİN

VƏHDƏTƏ ÇAĞIRAN NİDASI

Dünya binəsiblərinin (zəif düşüb əzilənlərin) ittihad və ittifaqını yaratmaq haq­qında fikirləşməliyik. İmam Xomeyni çox böyük siyasi agahlığa sahib idi və müsəlman­ların, müsəlman olmayanlar və binəsiblərin və istismarçılar müqabilindəki vəziyyə­tini yaxşı bilirdi. İslami inqilabın əvvəlində iki əsas şüarın deyilməsinə əmr verdi: «Ey müsəlmanlar! Birləşin». Sonra belə bir çağırışda bulundu: «Ey dünya binə­sibləri! Birləşin». Çünki İmam Xomeyni dərk etmişdi ki, müsəlmanlar birləşmədən və vahid bir cəbhədə küfr və istismarın qarşısında durmadan onların İslamının heç bir qüdrəti olmayacaqdır. Həmçinin binəsiblər də istismarçıların qarşısında dayanıb onları darmadağın edə bilməyəcəklər. Çünki maddi, iqtisadi, siyasi və hərbi baxımdan istismarçılar çox qüvvətlidirlər. Buna görə də bütün güclərini bir yerdə toplamadan binəsiblərin istismarçılara qələbə çalması mümkün deyildir. Əgər bəzi mövzularda ittifaq etsələr, nəzərdə tutulan nəticələrə varmaları mümkündür.

Böyük Allah varlıq aləminin qanunlarından birini bizim üçün bəyan edir və buyu­rur: «Əgər siz (Ühüd müharibəsində) yara aldınızsa, o biri (kafir) dəstə də (Bədr müharibəsində) o cür yara almışdı. Biz bu günləri (bu hadisələri) insanlar arasında növbə ilə dəyişdiririk. …»15.

«De ki: «Ey mülkün sahibi Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsdən alarsan, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan! Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən!»16

Buna görə də, həqiqətdə həmişə qüdrətli və həmişə zəif olan bir insan yoxdur. Çünki zəif olan şəxs güc vasitələrini əldə edə bilsə, sabah onun qüdrətli olması mümkündür. Əgər güclü olmanın şərtləri dəyişilsə, qüvvətli bir şəxsin zəifləməsi mümkündür. Biz əvvəldə zəif olub sonradan böyük bir qüdrət əldə etmiş bir çox millətlər tanıyırıq. Yəhudilərə baxın. Onlar bizim düşmənimizdirlər. Quranda buyurulur: «(Ya Mühəmməd!) Yəhudiləri iman gətirənlərin ən şiddətli düşməni görəcəksən. …»17 Onlar (yəni yəhudilər) bütün dünyada pərakəndə idilər. Amerika və Avropanın restoranlarında və müəssisələrində belə yazılırdı: «İtin və yəhudinin daxil olması qadağandır!» Lakin indi yəhudilərə baxın, bizim məntəqədə və bütün dünyada siyasi, iqtisadi, təbliğati və əmniyyəti gücü öz əllərinə almışlar. İngiltərəyə baxın, otuz və qırxıncı onilliklərdə bütün dənizlərin hakimi idi. Lakin bu gün İngiltərənin qüdrəti və gücü haradadır? Tamamən məhv olmamasına baxmayaraq, lakin dördüncü dərəcəli bir gücə çevrilmişdir.

Əzizlərim! Güclülərin gücü qarşısında əyilməməliyik. «Zəifliyimizə zəiflik qa­tılsın, – deyə öz zəifliyimizin arxasınca düşməməliyik» prinsipi əsasında işləmə­liyik. Xeybər döyüşünü yadımıza salmalıyıq. Əli əleyhissəlamı xatırlamalıyıq. Əli əleyhissəlamdan əvvəl hərəkət edənləri (Əbu Bəkri və Öməri – müt.) yadımıza salma­lıyıq. Əlidən əvvəl Peyğəmbər bayrağı bir fərdə (Əbu Bəkrə – müt.) verdi. Həmin fərd dostlarını və dostları da onu qorxutmuş bir halda qayıtdı. Sonra Peyğəmbər bayrağı başqa bir şəxsə (Ömərə – müt.) verdi. O da dostlarını və dostları da onu qorxutmuş halda qayıtdı. Hamı deyirdi ki, Xeybər qalasını fəth edə bilməyəcək və onun qarşısın­da dayana bilməyəcəyik. Peyğəmbər buyurdu: «Sabah bayrağı Allah və Rəsulu onu çox sevən və o da Allahı və Rəsulunu çox sevən bir şəxsə verəcəyəm». Vücudu başdan-başa missiya olan bir şəxs; missiyaya əqidəsi vardır və onu çox sevir və heç bir dünyəvi sevgisi yoxdur; O, Allahı və Rəsulunu çox sevən və canını Allah və Rəsulu yolunda satmış bir şəxsdir. Heç bir döyüş onun üçün çətin deyildir. Həmin şəxs çox demişdir: «Ölümlə üzləşməyimdən, yaxud ölümün mənə tərəf gəlməsindən qorxum yoxdur». O, Allah və Rəsu­lunun çox sevdiyi bir şəxsdir. Çünki Allah və Rəsulu bilirlər ki, o, bütün eşqilə İslamı sevir və Allah və Rəsulunun eşqi onun bütün vücudunu əhatə etmişdir. «O elə bir şəxsdir ki, sürəkli həmlə edər, qaçmaz və Allah onun əlilə bu qalanı fəth edər». İslam Əlinin vasitəsilə qalibiyyətə çatdı. Yalnız Əlidir ki, heç vaxt zəifliyin özünə yol tapmasına icazə vermədi; qalib ola bilmək üçün daxili və ilahi bacarıqlarını hərəkətə gətirdi. İmam Əlidən belə buyurduğu nəql olunmuşdur: «Xeybərin qapısını yerindən cismi, yaxud bəşəri güclə çıxarmadım. Əksinə, qapını yerindən rəbbani (ilahi) güclə çıxardım».


GƏRƏK ALLAHLA BİRGƏ OLAQ

Əzizlərim! Əgər Allahla olsaq, Ondan güc ala bilərik. «Öz dostuna (Əbu Bəkrə): «Qəm yemə, Allah bizimlədir!», – dediyi zaman …» Bir halda ki müşriklər onun yaxınlığın­dadırlar və onların arasında iki addımdan artıq fasilə yoxdur. «Qəm yemə Allah bizimlədir!», – dediyi zaman Allah ona göstərmişdi. O vaxt Allah ona səkinəsini (ra­hatlıq) nazil etmiş, Onu sizin görmədiyiniz əsgərlərlə qüvvətləndirmiş və kafirlə­rin sözünü alçaltmışdı. Yalnız Allahın sözü ucadır. …»18 Gördüyümüz kimi ilk müsəl­manlar qüvvətli imanları və Allahın imanlarında qərar verdiyi qüdrət səbəbilə Peyğəmbərlə birlikdə güc və qüdrətin zirvəsinə çatmışdılar. «O kəslər ki, xalq onlara: «Camaat sizə qarşı toplan­mışdır, onlardan qorxun!», – dedikdə, (bu söz) onla­rın imanını daha da artırdı və onlar: «Allah bizə bəs edər və O nə gözəl vəkildir!», – deyə cavab verdilər». İmanın qüdrəti sayəsində Allaha iman əldə etdilər. «Sonra da Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığını qazanmış oldular. …» Onların gücü tüğyan etmələrinə səbəb olmadı, əksinə, Allahın qarşısında öz təvazökarlıqlarını artırdılar. «… Həqiqə­tən, Allah böyük fəzilət sahibidir. Həqiqətən, bu Şeytandır. …» təbliğatçı, siyasətçi və əmniyyətçi Şeytan «ki, sizi öz dostlarından qorxudub çəkindirir. Əgər möminsi­nizsə, onlardan qorxmayın. Məndən qorxun!»19

İmami-Zamanla birlikdəyik və ona doğru gedirik, onun intizarını çəkirik və Alla­hın dərgahına dua edirik. Allaha itaət etdiyimiz halda, onun intizarını çəkirik. İlahi dərgahdan güc istədiyimiz və bizdən sonrakı nəsillər başqa qələbələri yazsın­lar, – deyə bu gün heç olmasa, qələbəyə on faiz həqiqət bəxş etmək üçün hərəkət etdiyimiz halda onun (İmam Mehdinin) intizarını çəkirik. Çünki bütün nəsillər qələbə yolunda addımlamadan qələbənin həqiqət tapması mümkün deyil. Əgər bu gün baş gözü ilə İmami-Zamanı görmürüksə, lakin bu gün, sabah və neçə sabahlar onun mənəvi və məktəbi hüzuru­nu həmişə hiss edəcək və onun zaman və məkanın vəziyyəti ilə əlaqəli olan yardımını meydana gətirəcəyik.

Əzizlərim! Həmişə deyin və yalnız Ramazan ayı üçün kafi bilməyin: «Allahım! Kəra­mətli bir dövlətdə Sənə tərəf rəğbət duyuruq ki, onun vasitəsilə İslama və müsəl­manlara izzət ver, nifaqı və münafiqləri zəlil et və bu dövlətdə bizi Sənin itaətinə dəvət edən dəvətçilər və yolunun rəhbərləri qərar ver və dünya və axirət kəramətini bizə nəsib eylə!» Allahım! Onun fərəcini (zəfərini, aydınlığa çıxışını – müt.) tez­ləşdir, xürucunu (çıxışını) asanlaşdır və bizi də onun köməkçiləri, ardıcılları və arxasında şəhid olanlardan qərar ver!

Bütün həmdlər aləmlərin Rəbbi – Allaha məxsusdur!


* Xütbə 5 dekabr 1998-ci ildə söylənmiş və 4 iyul, 18 iyul və 1 avqust 2003-cü ildə buraxılmış «Qüds» qəzetinin nömrələrində silsilə olaraq dərc edilmişdir. Xütbəni tərcümə etdi: Xəyyam Qurbanzadə

1 «Biharul-Ənvar», c. 23, b. 7, s.108,12-ci rəvayət

2 «Biharul-Ənvar», c. 68, b. 27, s. 329, 1-ci rəvayət

3 «Əhzab», 33


4 «Maidə», 3

5 «Haqqə», 44-47

6 «Maidə», 14,15


7 «Üsuli-Kafi», «Kİtabul-İman vəl-Kufr», «Babut-Taəti vət-Təqva», 3-cü hədis

8 «Ali-İmran», 104

9 «Maidə», 3

10 «Qəsəs», 56

11 «Ənbiya», 105

12 «Nisa», 97, 99

13 «Nisa», 75

14 «Üsuli-Kafi», «Kitabul-İman vəl-Kufr», «Babuz-Zülm», 14-cü hədis

15 «Ali-İmran», 140

16 «Ali-İmran», 26

17 «Maidə», 82

18 «Tövbə», 40

19 «Ali-İmran», 173,175



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun