18 Sentyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

CANINI ALLAH YOLUNDA FƏDA EDƏN İNSAN

Həmd olsun aləmlərin Rəbbinə – Allaha! Salam və rəh­mət olsun Seyidimiz Mühəmmədə və onun pak və təmiz Əhli-Beytinə və seçilmiş əshabələrinə, bütün peyğəmbərlərə və elçilərə!

İMAM ƏLİNİN DOĞUMUNUN İLDÖNÜMÜNDƏ

İmam Əlinin doğum günündə böyüklük, əzəmət və səmimiy­yət hiss edirik və bütün mənəvi üfüqlər bizim üzümüzə açılır və ağıl bizim daxilimizdə dərinləşir və bütün insanlı­ğımızla Allaha doğru qucaq açmaq yolu ilə düşüncə­mi­zin bütün insanları necə əhatə edəcəyini hiss edirik. İmam Əlinin günündə bir halda İmama baxırıq ki, o böyük şəxsiyyət özünün bütün zəkasını və həyatını Allahla yaşayır və onun vücudunda Allahdan başqa, heç bir şey yoxdur. Onun vücudunda, hətta özü üçün də bir şey yoxdur. Əksinə, onun bütün varlığı Allah üçündür. Əqli və zəkası Allahın xidmətindədir, qəlbi yaxşılıqla­ra xidmət etməkdədir və həyatı başdan-başa bütün insanların xidmətindədir. Çünki islami təfəkkür tərzinə görə insanlar hamısı Allahın ailəsidir. Buna görə də, İmam buyurur: «İnsanlar iki sinifdir: ya dində qar­daşlarındır» , yəni səninlə dini üfüqdə müştərək yaşa­yırlar. «Yaxud da yaradılışda bənzərindirlər» [2]

QURANDA ƏLİ

Əhli-sünnə və şiə rəvayətlərinə uyğun olaraq, Quranda Əli (ə) haqqında nazil olmuş ayə­ləri oxuduqda Quranın müx­tə­lif ayələrdə bariz bir şəkildə Əlinin Allah-Taala ilə olan əlaqəsindən danışdığını və bu cür açıq-aydın şəkildə onun başqa xüsusiyyəti haqqında danışmadığını görürük. Bi­rin­ci ayədə oxuyuruq: «İnsanların eləsi də vardır ki, Al­la­hın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını satır. Allah Öz bəndələ­rinə qarşı Rəuf­dur (mehribandır)!» [3]
Rəvayətlərdə deyilir ki, bu şərafətli ayə, hicrət ge­cə­si Peyğəmbərin yatağında yatarkən Əli əleyhissəlam haqqında nazil olmuşdur. Ayə başqa mövzu haqqında danışmır. Bu ayə imanla bağlı olan bu ilahi təcrübədə İmam Əlinin sirri haqqında danışaraq bildirir ki, Əli əleyhissəlam ilahi razılığı qazanmaq üçün öz canını satmışdır. Bu ayədəki «şira» sözü «bəy» (satış) mənasını verir. Baxmayaraq ki, «şira» sözünün öz lüğəvi mənasını («satın almaq») götürməsi mümkündür və yenə də ayədən bu cür ilham almaq müm­kündür. İmam Əlinin sirri budur ki, azacıq da olsa düşünmədən canını Allaha satdı. O vaxt Əli (ə)-ın iyirmi bir-iyirmi iki yaşı vardı.
O, Peyğəmbərin hicrət etməsinin gizli qalması üçün başının üstündə on qılınc sal­landığı bir halda o Həzrətin yatağında yatdı. Bu Əli (ə)-ın bütün həyatını təfsir edən bir hadisədir. Buna görə Əli (ə) də Allah yolunda qılınc vurduqda daxili dərdlərinə görə camaatla vuruşmurdu. Əli (ə)-ın qəhrəmanlığı müharibə meydanları ilə sona çatmırdı. Əksinə, onun qəhrəmanlığı həqiqi qəhrəmanlıq idi. Yəni o, camaata hidayət yolunu göstərən mənəvi bir qəhrəman idi. Əgər müharibədən, Allahdan uzaqlaşdıran amillərin təsiri altında olan şəxslərə təzyiq göstərmək üçün istifadə edirdisə də, İmamın əsil hədəfi onları Allaha tərəf qaytarmaqdan ibarət idi. Siffin döyüşündə buyurdu: «And olsun Allaha! Döyüşü bir gün belə təxirə salmağım, yalnız onların bir dəstəsinin mənə qoşularaq hidayət olması, mənim nurumla gözlərinin işıqlanıb həqiqə­ti görmələri üçündür. Bu, mənim üçün on­la­rı zəlalət yolunda olduqları bir halda öldür­məkdən daha yaxşıdır. Baxmayaraq ki, sonra onlar (üsyandan, müxali­fətdən əl çəkməyib, itaət etmədikləri üçün böyük) günahları ilə (Allaha) dönəcəklər» .[4]
Əlinin mənəvi qəhrəmanlığı bu idi ki, kafirin bədə­ni­ni qılıncı ilə yarmağı düşün­məmişdən əvvəl, bu yolda addım atır­dı ki, öz ağlı ilə insandakı küfrü yarıb aradan aparsın.

ƏLİNİN ELMİ

Əli (ə)-ın zəkası və ağlı Peyğəmbərin bütün elminin təb­liğ­çisi idi. Allahın elçisi Əli (ə)-ın elmi haqqında buyur­muşdur: «Mən elmin şəhəri, Əli isə onun qapısıdır» . Əli əleyhissəlam Peyğəmbərin inayət və iltifatı vasitəsilə elm və biliyini yeni üfüqlərə, təzə xəbərlərə və təcrübələrə daxil edə bildi. Bu barədə Əli əleyhissəlam buyurur: «Pey­ğəmbər mənə min-min elm qapısı öyrətdi ki, hər bir qapıdan mənim üçün min qapı açılır. ...» Buna görə də, Əli əleyhissəlam Peyğəmbərin sözlərini yalnız əz­bər­lə­mirdi, əksinə, yeni məsələlərdə və camaatın problem­lə­rində onun elmini hərəkətə gətirirdi. Buna görə də, gələ­cə­yə nəzər salırdı ki, gələcək üçün tədqiqat, axtarış, dava­miyyət və hazırlığı el­min ixtiyarına verə bilsin. Çünki o günlərdə Əli (ə)-ın elmini dərk edən bir şəxs yox idi. Buna görə Əli əleyhissəlam öz elmini gələcək nəsillər üçün qoydu. Əli özü burada bu­yurur: «Agah olun! Əgər onu daşıya bilən olarsa, burada çoxlu elm vardır» . Heç vaxt o Həzrətin elmini daşıya bilən şəxs tapılmadı, halbuki onun bütün elmi Allah-Taala üçün idi.

İSLAMİ MƏSULİYYƏTİN HİSS EDİLMƏSİ

Onun hərəkəti Allahın razılığını əldə etmək üçün idi və onunla mübarizəyə qalxan şəxslərə heç bir şəxsi kini yox idi. İmam Əli Allah yolunda və İslamın uca məslə­hətləri üçün problemli məsələlərdə və hadisələrdə bütün elmini on­la­rın ixtiyarına verirdi və o Həzrətdən müşavirə tələb etdiklərində tam səmimiyyətlə öz nəsihətlərini onlardan əsirgəmirdi. Şiqşiqiyyə xütbəsinin təbiri ilə desək, o Həz­rə­tin ömrünün ən çətin dövründə, həmişə müsəlmanların mə­sə­lələrini tənzimləyirdi. İmam Əli müsəlman­lar üzərində qa­nuni bir hakimiyyətə sahib olmasına baxmayaraq, İslamı, məsuliyyəti və missiyaçılığı düşündüyünə görə heç vaxt mü­səl­manlara hakim olmaq istəməmişdir. Müsəlmanlar döyüş­lə məşğul olduqları və İslam müxtəlif mədəni, siyasi və rejim həmlələri ilə üzbəüz olduğu halda, o, yalnız İslamı düşünürdü. O, İslamı necə inkişaf etdirəcəyini və öz zəka­sı, düşüncəsi və tədqiqatı ilə müsəlmanları necə yetişdi­rə­cəyini düşünürdü. Buna görə də buyurmuşdur: «Allaha and olsun ki, mən müsəlmanların işləri nizamla davam etdiyi müddətcə və məxsusən məndən başqasına zülm edilmədikcə xilafəti başqalarına təslim edəcəyəm». Və buyurur: «Bir də baxıb gördüm ki, xalq filan adama beyət edir. Əlimi çəkdim. İnsanların dindən döndüklərini, Mühəmmədin (s) dinini batil etməyə qalxdıqlarını, xalqı buna çağırdıqlarını görənədək dözdüm. Qorxdum ki, İslama və müsəlmanlara yardım göstərməsəm, onda (İslamda) bir yarıq açılar və o yıxılar və bu müsibət mənim üçün sizə əmirlik etməyi itirməkdən daha böyük olardı. Onsuz da az bir vaxt sürüb sonra yox olan ilğım kimi, yaxud tez dağılan duman kimi bu əmirlik də bitəcəkdir. Bu hadisələr zamanı ayağa qalxdım. Batil yox olub getdi. Din olduğu kimi qərar tutdu və rahatlandı» .
Müsibət sözünə diqqət edin. Bu söz Əlinin islami hissiy­ya­tının zirvəsini göstərir.

ƏLİNİN MİSSİYAÇILIĞI VƏ MƏNƏVİYYATI

İmam Əli xilafət məqamında da özünü bu məqamın xaricində hiss edirdi. Çünki xila­fət o Həzrət üçün üstünə oturulan taxt deyildi. Əksinə, orada fəaliyyət göstərdiyi bir məs­uliyyət və cavabdehlik idi. Əli əleyhissəlam özünün yüksək cəhəti ilə uca, geniş və böyük üfüqlərdə yaşayırdı və onun bütün ürək sirlərini açıb izhar etməsi, göz yaşları və təvazökarlığı Allah üçün idi. O, üzünü təkcə torpağa qoymurdu, əksinə, üzünü torpağa sür­türdü.
Bir gün Peyğəmbər onu bu halda görüb tarixdə yazıldığı kimi buyurdu: «Ey Əbu Turab (yəni Ey Torpaq atası), qalx!»
>Belə oldu ki, «Əbu Turab» o Həzrətin bizim üçün ən sevimli künyəsi oldu.
İmam Əlini yada saldıqda onu başqalarının daxil olmaq istədiyi dar və qaranlıq dəhlizlərə sala bilmərik. Çünki o böyük şəxsiyyət özünün həyatı boyunca heç vaxt belə qaranlıq zaviyələri tanımamışdır. Əqli inkişafdan elə faydalanmışdı ki, günbəgün inkişaf edir, inkişaf etdirir və işıq saçırdı. Özü belə buyurmuşdur: «Əgər gözümdəki pərdə götürülsə belə, yəqinliyi artırmaram» . O, ilahi mərifət dənizinin dalğıcı idi. O, Allahı tapdığı kimi, heç bir başqa insan bu rütbəyə və dərəcəyə çatmamışdır. Allah Rəsulundan başqa, heç bir kəs bu barədə onu qabaqlaya bilməz.

ƏLİNİ SEVMƏK

Bütün bu deyilənlərlə Əli əleyhissəlamı sevməməyimiz mümkün deyil. Bu məhəbbət və sevgi məzhəbi məsələlərə görə deyil. Baxmayaraq ki, məzhəbin təsəvvür yaratmaq və düşüncə verməkdə əsas rolu vardır.
Mən elə bir insan təsəvvür edə bilmirəm ki, Əli əley­his­səlamı dərk etsin, yaxud Əli­nin nurunun işığı onun üzü­nə düşsün, lakin o, Əlini sevməsin. Lakin Əli əleyhissəlamla düşmən­çi­lik edən şəxslər Allahla həmahəng olmayan şəxs­lər­dir. Çün­ki Allahı sevən şəxs Əlini də sevməlidir. Çün­ki Pey­ğəm­bər Əli əleyhissəlam haqqında buyurmuşdur: «Sa­bah bayrağı Allah və Rəsulu onu çox sevən və o da Allahı və Rəsu­lu­nu çox sevən bir şəxsə verəcəyəm!» Əli özünün xila­fə­ti gün­lərində həmin nöqtəyə işarə edərək buyurur: «Mənim və sizin işiniz bir deyil (yəni bir-birinə bənzəmir). Çün­ki mən sizi Allaha görə istə­yirəm». Buna görə mənim sizinlə olan işim adi insanlar kimi bir sıra imtiyaz­lar­dan fay­da­lan­maq deyil. Əksinə, mənim narahatçılığım Alla­ha görədir. İstəyirəm sizi Allaha yaxınlaşdıram və Ona doğru yük­sək­lə­rə qaldıram ki, siz Onu daha yaxşı tanıya və Ona daha çox iba­dət və itaət edə və Onu daha çox sevə bilə­si­niz və Onun qarşısındakı məsuliyyətlərinizi daha çox ifa edə biləsiniz.
O yeganə idi və Peyğəmbərin missiya yolunda addımlayan bü­tün səhabələrindən fəzilət­li idi. O, Peyğəmbərlə həmişə bir­likdə olan yeganə şəxs idi. Uşaqlıqda Peyğəmbərin ca­van­lığını görmüşdür. Buna görə də Əli əleyhissəlam uşaq­lı­ğın zirvəsində böyük idi. Çünki Peyğəmbər özünün əqli, mə­nə­vi və qəlbi üstünlüyünü Əli əleyhissəlama vermişdi.

ƏLİNİN İSLAMI

Həzrət Mühəmməd – Allahın salatı və salamı ona və Əh­li-Beytinə olsun – peyğəmbərliyə seçildikdə Əli bütün ca­van­lar, böyüklər və kişilər arasında ona iman gətirən ilk şəxs oldu. Əli əleyhissəlam o vaxt cismən uşaq idi. Lakin uca, hə­rə­kətli və fəal zəkadan faydalanmışdı. Necə ki, bə­zi rə­va­yət­lərdə ona belə deyildiyi nəql olunmuşdur: «İsla­mı qəbul edərkən atanla məsləhətləşdin?» (Bu məzmuna ya­xın) Cavab verdi: «Allah məni yarat­dıqda atamla məşvə­rət etmədi. Bəs mən nə üçün İslamı qəbul edərkən atamla məslə­hət­ləş­məliyəm?» O, ahıl və cavan ağlına sahib idi. O, bütün bun­ları Peyğəmbərin əqli kamil­liyindən almışdı. «Nəhcül-Bəlağə»də Əli bu barədə buyurur: «Allahın Elçisi hər gün mənə bir elm, yaxud əxlaqından bir əxlaq öyrə­dər­di» .
Əzizlərim! Əlini öz ixtilaflarınıza daxil etməyin və Əli barədə bu hədis və o hə­di­sə əsaslanıb dəlil gətir­mə­yin. Çünki Əli sizin gətirdiyiniz dəlillərdən çox böyükdür. Əlinin ağlına, mənəviyyatına və qəzavətinə baxdıqda bizdə belə bir düşüncə yaranır ki, Əli İslama onun yolunda rəhbərlik edə biləcək yeganə insandır. Keçmiş və gələcək aləm islami hökmləri və müxtəlif yerlərdə islami baxış tərzini ondan soruşub öyrənməyə möhtacdır. Halbuki Əli Peyğəmbərdən başqa heç kimdən soruşmurdu və onun zəmanə­si­nin bütün kişiləri bilmədiklərini ondan soruşurdular. Əruz elminin yaradıcısı və ərəb lüğət elminin ilk sahibi Xəlil ibn Əhməd Fərahidi bu barədə deyir: «Onun kimsəyə möhtac olma­ması, hamının isə ona ehtiyac duyması göstərir ki, o bütün insanların imamıdır» .

İMAM ƏLİNİN ƏBƏDİ VARLIĞI

Əzizlərim! Əlinin bizi tərk etdiyini hiss etməməliyik. İcazə verin sizə bir şəxsi təc­rübəmi danışım. Mən ömrüm boyu Əlini ölmüş bir şəxs kimi hiss edə bilmədim. Əksinə Əli çox dirilərdən daha diridir. O, həmişə bizimlədir. Çünki onun zəkası, mənəviyyatı və düşüncəsi həmişə bizim­lə­dir. Buna görə Əliyə bağlılıq bir çox vəzifələrin icra edilməsini tələb edir. Əlinin zəkasından daha çox istifadə etməli, Əlinin düz yolu ilə hərəkət etməliyik. İslamın zirvəsinə doğru qalxa bilmək üçün Əliyə doğru yüksəlməliyik.

ƏLİNİN DUASI

Əli (ə) özünün bütün uca, böyük və əzəmətli məqamı ilə həmişə Allah qarşısında təvazö halındadır. Gəlin Əli­nin Allaha etdiyi duaları oxumaqla Əlinin daxili təvazö­kar­lığının zirvəsini tapaq. Əli (əleyhissəlam) buyurur: «Allahım! Sən Özünün vəli bəndələ­rinlə çox ünsiyyət­də­sən» . Xudaya! Vəli bəndələrin mənəvi qürbətlərində vəhşət hiss et­dikləri və cəmiyyətin qaranlıqlarında yaşadıqları zaman, heç bir ünsiyyət və bağlılıq Sənin ünsiyyət və bağlılığın kimi ola bilməz. Çünki bütün xoşbəxtlik və sürur Sənsən! Buna görə də hansı səadət və xoşbəxtlik dostların üçün rəhmətinin onlara şamil olma­sından və Səninlə ünsiyyətdə olmalarından daha yaxşı ola bilər?
«Və Sənə təvəkkül edənlərin ehtiyaclarını bərtərəf edənsən». Onlar yalnız Sənin var­lığını hiss edən və başqa heç bir kəsin varlığını hiss etməyən, dünyəvi və uxrəvi nara­hatçılıqlar və ehtiyacların hamısında Sənin kifayət etməyini axtaran şəxslərdir.
İmam Zeynulabidin (ə)-ın duasında deyilir: «Ey hər bir şeyə kifayət edən və heç bir şeyin ona kifayət etmədiyi varlıq!» Bəs Səni necə təsəvvür edirlər?
«Onların sirrini görənsən» . Sirləri sinələrində gizli olmasına baxmayaraq, həmişə hiss edirlər ki, varlıqların bütün hallarında Sən onların sirlərinə şahidsən.
«Onların qəlblərindəkilərdən xəbərdarsan» . Daxil­lə­rin­də Səni sirlərin qəlbində hiss edir və bilirlər ki, bütün hallarda Sən onlara nəzarət edirsən.
«Baxışlarından xəbərdarsan» . Gizli düşüncələrini bi­lirsən. Buna görə də bəndələ­rin haqqındakı düşüncə­lə­ri­nin sapqın düşüncələr olmamasına nəzarət edirlər.
«Sirləri Sənin yanında aşkar və qəlbləri də Sənin görüşünün həsrəti ilə qəmlidir» . Çünki onların qəlbi Sənin məhəbbətin üçün döyünür və dostun dost üçün həsrəti nə qədər şiddətlidir.
«Əgər tənhalıq və qürbət onları vəhşətə salsa» və mə­nəvi qürbətə düçar olsalar, vətəndən və ailədən uzaq düşsələr, «Sənin zikrin bütün bunları onlara unutdurar və əgər onlar üçün müsibət gəlsə» və hər tərəfdən ümidsizlik və məğlu­biy­yət onları əhatə etsə, «Sənə pənah apararlar. Çünki bilir­lər ki, Səndən başqa heç kimin ona gücü çatmaz və bütün işlər Sənin iradəndən qaynaqlanır» . Və Sənin dostların üçün olan istəyin yalnız xeyir və yaxşılıqdır.
«Allahım! Əgər hacətlərimi istəyə bilməsəm» və is­tə­yimi ifadə edə bilməsəm, «yaxud istə­məyin yolunu bilməsəm» , yəni heyrətlənib yaxşı fi­kir­ləşə və istəyimdə Səndən bəsirət ala bilməsəm, «Məni mənim üçün məsləhətli olan şeyə doğru hidayət eylə!» Xu­daya! Mənim üçün xeyirli olan şeyi mənə tanıtdır ki, mənim üçün zərərli ola biləcək şeyi Səndən istəməyim. Xudaya! Bü­tün istəklərimi və mətləblərimi haqq yolunda qərar ver ki, Səndən yalnız dinimi və dünyamı islah edən şeyi istəyim.
«Qəlbimi xilasıma səbəb olan şeyə doğru hidayət et!» Qəl­bim o tərəfə bu tərəfə doğru meyilləndikdə elə et ki, əsas­sız hisslərimin qurbanı olmayım. Xudaya! Qəlbimi hida­yət et ki, Sənin sevdiyini sevsin və düşmən bildiyini düşmən bilsin.
«Ki belə bir şey Sənin hidayətlərində tanınmamış de­yil» . Çünki Sən bütün bəndələri­ni yaxşılığa doğru hida­yət edirsən. Sən Öz bəndələrin üçün kifayət etdikdə həyat­la­rında heç bir şey onlar üçün ağırlıq etmir.
«Allahım! Məni əfvinlə qəbul et!» Haqqını ayaqüstə tu­tarkən səhvə yol vermişəm. Övli­yalar – Allaha itaət və bəndəlik edənlər və onu sevənlər həmişə özlərini müqəssir hiss edirlər və Allahdan onların qüsurlarından keçməyi is­tə­yirlər. İstəkləri ilahi hüquqla­rı ucaltmaq olmasına baxma­ya­raq gücləri bəşəri gücdür. Onlar günah etdiklərinə görə əfv istəmirlər, istəkdə qüsura yol verdiklərinə görə əfv istəyirlər. «Ey Rəbbim! Mənim­lə ədalətinlə rəftar etmə».

ƏLİNİN TƏVAZÖKARLIĞI
Gəlin Əlinin Allah qarşısındakı təvazökarlığına baxaq. Bir gün bir dəstə camaat Həzrətin yanında onu mədh edir. Biz özümüz haqqında tərif eşitdikdə üzümüz gülür və böyüklük hiss etməyə başlayırıq. Daha böyük adlar və ləqəblər axtarışında oluruq. Çünki zəiflik və həqirlik dərdinə düçar olmuşuq və hiss edirik ki, yalnız bu cür sözlərin pənahında tənəffüs etməyə qadirik. Buna görə də çoxumuz öz ayağı üstündə yol yeriyə bilmir, güc-qüvvət dərdinin yox, zəlillik və həqarət dərdinin nəticəsi olaraq bir yük maşını ada və ləqəbə möhtacıq. Buna görə də İmam Əli (ə) buyurur: «Ey Allahım! Sən məni məndən daha yaxşı tanıyırsan». Çünki Sən mənim nəfsimi əhatə edirsən, halbuki mən özümü əhatə edə bilmirəm. Çünki mənim vücudumda çox sirlər var ki, mən onları kəşf edə bilməmişəm, çox eyblərim var ki, onlardan xəbərsizəm və özümü tanımaq üçün camaatın tənqidinə qulaq asmağa məcburam. Ey Allahım! Səndən istəyirəm ki, – Sən vücudumun dərinliklərindən agahsan – məni özümə doğru hidayət edəsən və məni mənə tanıtdırasan. «Mənsə özümü onlardan daha yaxşı tanıyıram». Çünki mən özüm özümlə çox xəlvətə çəkilmişəm, öz nəfsimi çox mühasibə etmişəm, nəfsimlə çox cihad etmişəm, öz nəfsimin sərhədlərini tanıyıram. Öz nəfsləri ilə xəlvətə çəkilməyən və başqaları ilə xəlvətə çəkilməsi nəfsləri ilə xəlvətə çəkilmələrindən daha çox olan, buna görə də özlərini dərk etməyənlərdən fərqli olaraq mən yenə də özümü tanıya bilməmişəm. Bu, özünü tanımayan çox adamların problemidir. Ona görə də hiyləgərlər, yalançılar və sapdıranlar haqqın simasını batil göstərməklə onları haqq yoldan sapdırırlar.
«Allahım! Məni onların zənn etdikləri şeylərdən daha xeyirli qərar ver!» Onlar mənim yaxşılığıma danışırlar. Bəlkə, onların xeyir düşünən təsəvvürünün ölçüsü məhduddur. Əgər onların bu təsəvvürü həqiqətdirsə, dərəcəmi yüksəlt!
Xudaya! Mənə kömək et ki, daha yüksəyə qalxım və özümü kamilliyin ən yüksək dərəcələrinə çatdırım. «Və yerinə yetirdiyim və onların da bilmədiyi günahımı bağışla!» Biz bilirik ki, Əli bütün davranışlarında kamil ismətdən faydalanmışdır. Lakin o, Allahın qarşısında təvazökarlıq edir. Başqa bir mətndə Əlinin Allah qarşısında necə təvazökarlıq etdiyi barəsində danışdığını oxuyuruq. Buyurur: «Allahım! Zahirimin insanların nəzərində yaxşı olmasından (işıq saçmasından) Sənə pənah aparıram!» Mənə nəzər salsınlar ki, mən necə danışıram? Necə əməl edirəm? Necə davranıram? Onlara aşkar olan belə bir zahirin və görüntünün işığında onlarla necə yaşayıram? Bütün bu görüntünü xeyir və yaxşılıq bilirlər. Buna görə də bütün bunları görməklə gözləri bərəlib işıq saçır. «... Xəbərdar olduğun məxfi işlərimin pis və qəbih olmasından Sənə pənah aparıram!» Xudaya! Zahirimi daxilimə müxalif qərar vermə ki, zahirim yaxşı, daxilimsə çirkin olsun. Xudaya! Məni elə et ki, daxilim və xaricim bir-birinə uyğun gəlsin. «Allahım! Zahirimin insanların nəzərində yaxşı olmasından, xəbərdar olduğun məxfi işlərimin pis və qəbih olma-sından, bildiyin əməllər və davranışla camaatın diqqətini özünə cəlb etmək istəyimdən, gözəl zahirimi camaata göstərib, pis əməllərlə Sənə tərəf gəlməyimdən və beləcə bəndələrinə yaxın və Sənin razılığından uzaq olacağımdan Sənə pənah aparıram!»
Əli (ə) duasında imam və mövla olan Əli (ə) haqqında danışmır. Çünki onun batini zahirindən daha böyük, daha uca, daha pak və daha gözəldir. Baxmayaraq ki, onun zahiri də cəzb edicidir və insanı dəhşətə gətirir. Lakin camaatın Əli (ə) haqqındakı tanışlığı çox məhduddur və camaat Əlinin geniş daxilini tanımaqda acizdir və onu kəşf edə bilmirlər. Əli ilə Allah arasındakı sirr çox-çox dərindir. Lakin İmam Əli içi ilə çölü bir-birinə uyğun gəlməyən və zahirini insanlara yaxşı və gözəl göstərib, daxilində çirkin olmasını gizlədən riyakar insan haqqında danışır.
Seyid Rəzinin «Nəhcül-Bəlağə»də nəql etdiyində görürük ki, İmam Əli zahiri üstünlükləri rədd edir: «Öz xalqının böyüklərindən hesab olunan Hərb ibn Şurəhbil, İmam Əli minik üzərində olduğu halda onunla bayıra çıxdı. İmam Əli ona buyurdu: «Qayıt! Mən at üstündə olduğum bir halda sənin mənim dalımca piyada gəlməyin vali üçün bəla, mömin üçünsə zillətdir». Çünki mən minik üzərində olduğum halda sənin piyada gəzməyini qəbul etmirəm. Çünki sən möminsən və bu cür yol yerimək mömin üçün zillət nişanəsidir və üstünlüyün bir görüntüsü hesab olunur. Əgər belə bir iş valilər üçün adət kimi yerinə düşsə və camaat da onların qarşısında təvazökarlıq etsə, onların azğınlığa düçar olması, özlərini böyük, camaatı isə özlərindən alçaq görmələri mümkündür.
«İmam Əli Şama gedərkən yolunun üstündə Ənbar şəhərinin əkinçiləri – İranlı əkinçilərin böyüklərindən idilər – ilə qarşılaşdı. Onlar İmamı görən kimi öz heyvanlarının üstündən düşüb o Həzrətin qabağına qaçdılar». Zəlilliklə bu işi icra etdilər. İmam Onlara buyurdu: «Siz niyə belə edirsiniz?» Onlar cavab verdilər: «Biz öz padşahlarımıza bu əxlaq və davranışla ehtiram edirik». Yəni bu iş padşahlarımıza ehtiram etmək üçün bizim adətimiz olub. İmam buyurdu: «And olsun Allaha! Bu işin sizin padşahlarınız üçün heç bir faydası yoxdur». Çünki istər piyada gedin, ya minik üstündə olun, onların şəxsiyyəti artmır. «Və bu işlə dünyada özünüzü zəhmət və məşəqqətə salırsınız». Çünki sizi dəyərsiz edən bu adətlər sizi saxta çətinliklərə və cəmiyyəti də məşəqqətlərə atır. «Və axirətdə də bədbəxt olacaqsınız». Çünki siz zalımlara və istismarçılara ehtiram etmisiniz və Allah da bu ehtirama görə sizi hesaba çəkəcək.
«Ardınca əzab gələn məşəqqət nə qədər zərərlidir!» Buna görə də gərək arxasınca Behişt gələn məşəqqət yolunda çalışaq. Lakin nə üçün özünüzü arxasınca əzab gələn məşəqqətə atırsınız?
«Bərabərində Cəhənnəm atəşindən qurtuluş olan asudəlik nə qədər də faydalıdır?»

VALİLƏR ÜÇÜN ƏXLAQİ PROQRAM
Söhbətimizin sonunda İmam Əlinin valilərə verdiyi proqramı ehtiva edən mətni sizə nəql edirik. O bu proqramında valilərə camaatla necə rəftar etməyi və Allah qarşısında necə təvazökarlıq etməyi və sanki onlardan biri kimi olmağı öyrədir.
Müaviyə Zirardan Əlini vəsf etməyi istədikdə Zirar belə cavab verdi: «Bizim aramızda bizdən biri kimi idi». Amma bununla onların arasında öz məqamını aşağı salmadı və onlar da bunu bilirdilər. İmam adi həyatda onlarla birlikdə olmasına baxmayaraq, camaat qəlblərdə kök salmış heybət və əzəmət səbəbindən heç onunla lazımsız söhbət etməyə cürət etmirdi.
İmam Əli (ə) xilafəti zamanı özünün bir xütbəsində buyurur: «Saleh insanlar yanında valilərin ən alçaq hallarından da biri» Bu cümlədəki «ən alçaq» sözü təzim dalınca qaçan və təzimi insanlar arasındakı böyük məqamından qaynaqlandığını zənn edən valilərin alçaqlığının göstəricisidir. «budur ki, xudbinlik onların beyninə yerləşsin», yəni öz məqamına görə fəxr etsin «və işləri kibr və xudpəsəndlik üzərində möhkəmlənsin». «Xoşum gəlmir ki, siz güman edəsiniz ki, mənim mədh olunmaqdan xoşum gəlir və tərif eşitməyi sevirəm. Həmd olsun Allaha ki, mən belə deyiləm. Əgər tərifi sevsəm». Mənim belə bir xasiyyətim yoxdur. Əgər belə bir xasiyyət məndə olsaydı, «tərifə daha layiqli olan Allahın qarşısında təvazökarlıq edərək o xasiyyətimi kənara qoyardım». Çünki sitayiş olunmağı sevən yalnız Allahdır. Çünki O, bu işə layiqdir. Mən belə bir məqamda qərar tutmaq istəmirəm. «Ola bilsin ki, insanlar bir işdə çalışdıqdan sonra təriflənməyi şirin qəbul edirlər. Amma məni gözəl sözlərlə mədh etməyin. Çünki mən özümü Allahın ixtiyarına vermişəm». Çünki mən başqa bir bir işlə məşğulam və camaatın mənim haqqımda dediyi sözlərlə məşğul deyiləm. Mən camaatın haqqına necə riayət edəcəyimlə məşğulam. Allahın haqlarına necə nəzarət edəcəyimlə məşğulam. Çünki mən özümü Allahın və sizin ixtiyarınıza vermişəm ki, əda etməli olduğum haqları və yerinə yetirməli olduğum vacibatları nəticəyə çatdırım. Mənimlə zalımlarla danışdığınız tərzdə danışmayın. Qəzəbli insanlardan uzaq qaçdığınız kimi məndən uzaq qaçmayın. Camaat zorba adamların qarşısında qorxduqları kimi mənimlə söhbət etməkdən qorxmayın. «Mənimlə ikiüzlülüklə rəftar etməyin». Yəni mənimlə gülərüz və iltifatla davranmayın, konkret olun. «Elə zənn etməyin ki, əgər haqqı mənə desəniz, mənə ağır gələr». Əgər görsəniz ki, bir haqq xüsusunda səhlənkarlığa yol verilir və siz onu mənə çatdırmaq istədikdə təsəvvür etməyin ki, bu iş mənə ağır gələr.
«Həm də elə zənn etməyin ki, mən özümü böyük tutmaq istəyirəm. Haqqı eşitmək, yaxud ədalətin tələb olunması ona ağır gələn şəxsin bu ikisinə əməl etməsi ona çox ağır gələr». Haqq sözü və ədaləti eşitməyə hazır olmayan şəxs, haqq və ədaləti necə bərpa edə bilər? Çünki haqq söz və ədalət demək insan üçün haqqa əməl edib ədalətə riayət etməkdən daha asandır.
«Buna görə də haqqı deməkdən çəkinməyin!» Burada Əli (ə) camaatdan onu tənqid etmələrini istəyir. «Yaxud ədalətli məşvərətdən çəkinməyin! Məncə, mən səhv edə bilməyəcək bir həddə deyiləm». Halbuki İmam Əli (ə) məsum olduğu üçün səhvə yol vermirdi. «Və səhv işlətməyəcəyimə də əmin deyiləm. Məni yalnız mənə sahib olan Allah hifz edə bilər». Onu bu səhvlərdən yalnız Allah qoruyub. «Şübhə yoxdur ki, mən və siz Ondan başqa bir Rəbb olmayan Rəbbin qullarıyıq. Bizim üzərimizdə elə bir qüdrətə malikdir ki, özümüz belə o qüdrətə sahib deyilik. Bizi olduğumuz yoldan çıxarıb, bizim üçün məsləhətli olan yola gətirdi. Zəlalətdən sonra bizə hidayət nəsib etdi, korluqdan sonra isə bəsirət əta etdi».

BU HƏMİN ƏLİ (Ə)-DIR
Bu bütün üstünlükləri ilə həmin Əlidir. Bu həmin Əlidir ki, onun ağıl və mənəviyyatı qarşısında əqli və mənəvi təzim üçün başqa bir sözə ehtiyac yoxdur. Əzizlərim! Əli (ə) ilə yaşayaq və onu sevməkdə mötədilliyi qoruyub saxlamaqla onun yolunda hərəkət edək. İmam Əli (ə) camaatın onun qarşısında mövqe tutmasına işarə edərək buyurub: «Mənə nisbətdə iki şəxs həlak olmuşdur: Məni sevməkdə ifra¬ta varan şəxs və kin bəsləyən şəxs».
Başqa bir kəlamında buyurur: «Mənə nisbətdə iki sinif həlak olacaqdır: Məni sevməkdə ifrata varan şəxs. Sevgi bu şəxsi batilə doğru aparacaqdır. Digəri isə mənə ifrat kin bəsləyənlərdir. Kin-küdurət bunları da batilə doğru aparacaq. Mənə nisbətdə mötədil yolda olanlar insanların ən xeyirliləridir. Onlarla birlikdə olun!» Yəni məni fövqəlbəşər mərtəbələrə qaldırmayın və məni olduğum kimi tanıyın. Belə buyurur: «Mömin mənimlə düşmən olsun deyə bu qılıncla onun burnunun üstünə vursam da, belə mənə kin bəsləməz və mənimlə düşmən olmaz». Çünki onun imanı onu Əlini sevməyə vadar edir. Çünki Əli bütün mənaları ilə imanın sirrini təmsil edir. «Və məni sevsin deyə bütün dünyanı», yəni dünyada olan böyük-kiçik hər şeyi «münafiqə bağışlasam, məni sevməz». Çünki münafiqin daxilində batini qaranlıq vardır ki, bu nəfsani qaranlıq onun nuru sevməsinə imkan vermir. «Bu ilahi bir hökmdür. Ümmi Peyğəmbərin dilindən belə eşidilib: «Ey Əli! Mömin səninlə düşmənçilik etməz və münafiq də səni sevməz!»
Allah-Taala buyurur: «Sizin haminiz yalnız Allah, Onun Peyğəmbəri və iman gətirib namaz qılan və rüku halında zəkat verən şəxslərdir».
«Onlar öz iştahları çəkdiyi, özləri yemək istədikləri halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Və sonra yedirtdikləri kimsələrə belə deyərlər): «Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik. Həqiqətən, biz Rəbbimizdən, çox sərt, müdhiş və çətin gündən qorxuruq!»
Məsihi şair Bulis Səlam nə gözəl deyir:
Ey səma, şahid ol və ey yer, iqrar et
Və təvazökarlıq et ki, mən Əlini zikr etdim.

Bütün həmdlər Allaha-aləmlərin Rəbbinə məxsusdur!

Mütərciim: Xəyyam Qurbanzadə




  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun