25 İyun 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

HAMINI NARAHAT EDƏN SÜNNİ-ŞİƏ DİALOQUNA DƏVƏTLƏR

Doktor Nəcib Nurəddin 10. 07. 2007
İslam dünyası öz siyasi inkişafının daha çox diqqət çəkən mərhələlərindən birini keçirir. Böyük hədələr qarşısındadır. Onların ən ciddisi isə iki mənşədən qaynaqlanır:Birincisi daxilidir, belə ki, ərəb-İslam regionununyaşadığı dramatik siyasi inkişaflar üzündən sünnilər və şiələrarasında qorxular və həyəcanlar böyüməkdədir. Tarixi məsələlərdən qaynaqlanan məzhəb ixtilafları susmaq bilmir. Digəri isə odur ki, regional Amerika Qərb hücumunun nəticəsində sünni və şiə arasında qarşılıqlı qorxu və həyəcanlar artmaqda davam edir. Yaranmış məzhəbçilik mühiti çox böyük təhlükələr yaradır ki, bu da müsəlmanların vəhdətini, imkanlarını və gələcəklərini hədə altına alır, regionun siyasi, iqtisadi və təhlükəsizlik baxımından «Yeni Orta Şərq» layihəsi çərçivəsində Amerikan proyektinin təsiri altına düşməsinə icazə verir.

SÜNNİ-ŞİƏ

Bu gün ərəb və İslam dünyasının üzləşdiyi ən ciddi təhlükə irq və məzhəb bölünmələrinə əsaslanan daxili parçalanmadır. Sünni-şiə parçalanması bunların başında durur, çünki bu iki məzhəb insanları regionun əsas demoqrafik sütununu təmsil edir. Əgər gələcəkdə bu iki məzhəb insanları arasında ixtilaf və ziddiyyət böyüyərsə, bu vəziyyət bütün regionu vulkanın ağzına atmış olar. Əgər vulkan püskürərsə, sünni və şiə müsəlmanların mövcud ziddiyyət və gərginliyi azaltmaq gücü zəifləyər və bu gərginlik ümmətin bütün təbəqələri, hətta ərəb və İslam dünyasının dörd tərəfinə səpələnmiş dövlətlər arasında gərginlik artar.

Regiondakı Amerikan siyasətinin mövcud məzhəb ixtilafını qızışdırmaq məqsədi ziddiyyət və gərginliyi daha da artırır. Görünür, bu Amerikan planının rahat hərəkət etməsinə vahid İslam övladları arasında təfqirəyə yol açan münbit şəraitin olması da kömək etmişdir.

Bu həyəcanlı bir vaxtda Əllamə Seyid Mühəmmədhüseyn Fəzlullahın ciddi bir dialoq dəvəti gəldi. Bu dəvət sünni və şiə müsəlmanlar arasında qarşılıqlı qorxu və narahatın qarşısını almaq, heç bir şərt olmadan vahid dialoq stolu ətrafında birləşdirmək məqsədini güdür. Burada hər şey müzakirəyə açıqdır və hamı dialoq üçün maraqlıdır, çünki istər fərd, istər toplum, istər məzhəb, istərsə də, dövlətlər səviyyəsində hər kəs üçün bu dialoqun nəticələri maraqlıdır.

İLK REAKSİYALARIN QİYMƏTLƏNDİRİLMƏSİ

Seyid Fəzlullahın ideyası üzərində ilk reaksiyaların qiymətləndirilməsi vacibdir. Həm sələfi, həm də şiə rəhbərlər tərəfindən reaksiyalar oldu, çünki bu, tərəflər və rəhbərlərin yaxınlıq, ixtilaf sahələrinin kiçildilməsi, ümumi İslam varlığını hədələyən proqramların müəlliflərinin yararlana biləcəyi bütün boşluqları doldurmaq istəklərini ifadə edirdi. Təbii ki, İslam dünyasında mövcud problemin dərin kökləri vardır. Dünyada şiə və sələfi müsəlmanların fikir ayrılıqları bu parçalanmanı daha da dərinləşdirirdi. Təbii ki, əvvəlcə bu dəvətə mənfi və müsbət münasibətlər oldu, çünki İslam dünyasında iki əsas məzhəb arasında mövcud olan bu nifrət hissi böyük və uzun ömürlüdür. Bu baxımdan başlanğıcda müsbət mənada dəvətə cürətdə tərəddüdlərin olması təbiidir, çünki bu dəvət İslam dünyasının keçdiyi tarixi mərhələ qarşısında hamını olduqca böyük məsuliyyətə cəlb edir.

Seyidin dialoqa dəvəti az təsirli dəvətlərdən ola bilərdi, çünki eyni vaxtda müsəlmanlar arasında ixtilafı dərinləşdirmək dəvəti də artırdı. Ola bilsin, hər kəs bu və ya digər şəkildə başa düşür ki, vahid İslam mühiti daxilində ortaya çıxan parçalanma ümumislam toxunulmazlıq idealını ciddi-cəhdlə qamçılamaqda davam edir. Bu da İslam dünyasının ictimai, siyasi, iqtisadi, hətta təhlükəsizlik varlığına virusların sirayət etməsinə şərait yaradırdı.

MÜZAKİRƏYƏ AKTİV AURA

İlkin dalğalı müzakirənin bu dəvətin görünüşü, onun ciddiyyəti və məqsədləri haqqında müxtəlif suallar yaratması məlum səbəblərdən yarandı. Bu da öz növbəsində dialoqun ciddi və cavabdeh başlanğıcından xəbər verir. Ola bilsin, dəvət onun mənası, məzmunu və məqsədi ətrafında ciddi müzakirə üçün zəruri mühit və aktiv sahə yaratsın. Bu dəvət və dəvətə maraqlı tərəflər adi deyildir. Bu dəvət üzərində qurulacaq dialoq təbii ki, adi ola bilməz. Burada dəvəti münasib hesab edənlərin, hətta həssaslıq, bəlkə də, ilkin narahatlıq keçirənlərin səmimi niyyətləri qeyd olunur, çünki üzərinə dialoq qurulacaq ilk addım bir-birindən soyumuş, uzaqlaşmış, hərəsi özü üçün inanc sarayları tikmiş, idrak binaları uzaq məsafələrdə yerləşən məzhəblər arasında inam amili yaradacaqdır. Sonralar bu inamın qurulması uzun zaman müsəlmanlara bağlı olan bir dünyaya giriş üçün tərəddüd simvolunu qıracaqdır.

Bəlkə də, demək yersizdir ki, tarixi vahid rəngində İslam məzhəblərinin binalarının tikilməsi bu məzhəblərdə məzhəbçilik xüsusiyyətlərini böyütmüş, bu xüsusiyyətlərə baxışda bir-birinə nifrət edən bəzi qurumlarını həddi aşmağa şövq etmişdir. İslamda nəzər nöqtələri İslamın özünə qarşı böyüməkdə davam etmiş, Quranda və Sünnədə təmsil olunmuş islami mətnlərin daxilinə girmək üçün xüsusi qapılar və adlara ehtiyac vardır. Bu bir həqiqətdir, ola bilsin, onun üzərində ciddi işləmək lazımdır ki, Mühəmməd əleyhissəlamın gətirdiyi, bizim hamılıqla sığındığımız o təmiz dinə birlikdə geri qayıda bilək.

Əksər işlər mənfidir və uzun zamandan bəri yaranmışdır. Hər bir məzhəb daşıyıcıları digər məzhəb daşıcıyıları haqqında müəyyən xüsusi bir obraz yaratmış və bu obraz digər tərəfin inanc, ideya və təsəvvürlərini əhatə edir. Bəlkə də, bütün bu obraz və təsəvvürlərin əksəriyyəti hər iki tərəfin digər tərəfə qarşı xəyal görüntüsüdür. Ola bilsin, bu tərəddüdlərin və xəyalların şişirdilməsi müsəlmanları yaxınlaşdırmaq, onları birləşdirmək istəyən alimlərin qarşısını ala bilmədi.

Şübhə yoxdur ki, İslam məzhəbləri arasındakı ixtilaf uzaq keçmişdən bəri mövcuddur, bunu görməmək mövcud həqiqəti görməmək hesab olunur. Bu ixtilaf uzaq tarixi gedişatdan yaranmış çətin bir məsələdir. Bunun siyasi, etiqadi, hətta sosial səbəbləri vardır. Bəziləri bunu digər tərəfin İslamda həddindən artıq ciddi olması və qarşı tərəfi küfr və yolunu azmaqda günahlandırması ilə əlaqələndirir. Digərləri başqa məzhəblərin rəmz və adətlərini pisləyir, söyür, hətta bir-birinə ləqəblər qoşurlar ki, bu da təəssüf doğurur.

Lakin bu iş bütün ixtilaflı məsələlər ətrafında dialoq və müzakirənin qarşısını almalıdırmı? Cənab Seyid hesab edir ki, bütün bunlar dialoq əldə etmək üçün obyektiv stimul yaratmalıdır. Vahid ümmət övladları arasında uzaqlaşmanın qarşısını almaq üçün yeni bir proyektin qurulması hazırkı siyasi tarixi məqamda ən mühüm islami vəzifələrdəndir.

İslam ümməti düşmənlərinin müsəlmanlar arasındakı ixtilaflara birbaşa daxil olması, məzhəblər arasında mövcud ziddiyyət və gərginlikləri qızışdırmaları, bundan İslam aləminin çökdürülməsi üçün istifadə etmələri dialoq və görüş zərurətlərini daha da artırır.

Böyük qüvvələr təbii ki, bir müsəlman olaraq bizi özümüzdən artıq sevmir. Onlar bizi zəif, gücü tükənmiş, öz düşmənçilik proyektləri qarşısında aciz olaraq parçalanmış görmək istəyərlər. Bir-birimizə mərhəmət əlini uzatmamağımız bizə şər gözü ilə baxan düşmənin sevgisindən daha azmı zərərlidir?

MÜSƏLMANLAR DİALOQA MÖHTACDIRLAR

Buradan çıxış edərək qorxu və həyəcanları dağıdacaq, müsəlmanlar arasında imperializm qarşısında sədd təşkil edəcək inamı yaradan dialoq labüddür. Beləcə bütün müsəlmanların mənafeyi Rəsuli-Əkrəmin sözündə təcəlla edir: «Möminlərin bir-birinə sevgisi və mərhəməti bir bədən kimidir.Əzalardan biri ağrıyarsa, digər əzalarda narahatlıq keçirir» .

Müsəlmanlar bir-birini daha yaxından tanımaq üçün dialoqa möhtacdırlar. Bir-birimiz haqqında həqiqət olmayan təsəvvürlərlə ayrı məzhəb və cərəyanlar olaraq qalmamalıyıq. Yalnız dialoqla bir-birimizi tanıyıb, dinc, yanaşı yaşayıb bir-birimizə mərhəmət göstərəcəyik. Razılaşdığımız təməllər üzərində sevgi və mərhəmət körpüləri tikə bilərik. Fikir ayrılığı və ziddiyyət yaradan cəhətləri neytrallaşdırmalıyıq ki, mübahisə, toqquşma, bəlkə də, döyüşə əsas qalmasın. Bütün bunlar qarşı tərəfi küfr və İslamdan dönüklükdə ittiham etmədən olmalıdır.

Cənab Seyidin dəvəti, şübhəsiz, dialoq və görüş üçün ciddi fürsətdir. Axı kafirlər, habelə materialistlər bir-biri ilə daim dialoq keçirirlər. Əvvəllər kommunistlər də belə etmişlər. Elə isə biz müsəlmanlar nə üçün dialoq və görüş imkanlarına mane olaq?! Biz buna başqalarından daha artıq layiqik? Allah bizim vahid bir ümmət olmağımızı istəmişdir :«Doğrudan da, bu sizin vahid ümmətinizdir. Mən sizin Rəbbinizəm. Mənə ibadət edin!» [1]

Biz inanırıq ki, ümmətin rəhbərləri, alimləri və ziyalıları dialoq ətrafında toplaşsalar, görərlər ki, müsəlmanları bir araya toplayacaq səbəblər onları parçalayacaq səbəblərdən qat-qat çoxdur. Habelə onlar üçün qorxu və həyəcanın reallıqdakından daha artıq olduğu da gözlənilməz ola bilər. Habelə görərlər ki, ittifaq (bu dünyada siyasi və sosial birliklər arasında dövrün tələbidir) əsas çıxış yoludur.

Nə məntiqə və İslama sığar, nə də doğru olmaz ki, bir müsəlman kimi Allahın Kitabı və Peyğəmbərin Sünnəsində inkişaf etmədən qalaq, ayrılıq və parçalanmağa səbəb olan məsələlərdə israr edək. Hamımız bilirik ki, görüş və dialoqun mənfilikləri nə qədər çox olsa da, bir-birimizi küfrdə günahlandıran, bir-birimizi ayrı salan, bir-birimizə şər yaxan qruplar və cərəyanlar olaraq qalmağımızdan çox-çox azdır.

QƏRB VƏ SÜNNİ-ŞİƏ ARASINDAKI İXTİLAFLAR

Tarixən, uzun illər müsəlmanlar bir çox işlərdə ixtilafa varmışlar. Heç öz-özümüzə sual vermişik ki, ixtilaflar bu şəkildə hazırkı dövrdə bizim reallığımızda nə üçün cərəyan edir? Kimsə fərd, qrup, yaxud məzhəb olaraq özündən soruşur ki, nə üçün qərb bu günlərdə əvvəllər görünməmiş şəkildə sünni və şiə arasındakı ixtilaflı məsələləri öyrənməklə məşğul olur? Xüsusilə də, sələfilər və şiələr arasında tədqiqat aparır. Onların mötədil və radikalları haqqında məlumat toplayır. Məgər bilmirikmi ki, dünyada yüzlərlə, hətta minlərlə tədqiqat obyektləri vardır ki, İslamı, onun məzhəblərini öyrənir, bu da İslam etiqadlarını, məzhəblərini bir-birinə mənfi obrazda göstərmək məqsədi daşıyır. Məgər biz bilmirik ki, qrup, tayfa, bölgə, dil məsələləri ilə bağlı İslamın yenidən qarışdırılması elmi xarakter daşımır, əksinə hamımızı əhatə edəcək yeni planların hazırlanması məqsədini güdür? Daha dərinə getmək istəsək, daha artıq öyrənəcəyik. Bu vəziyyət nə bizi, nə Peyğəmbərimizi, təbii ki, nə də yerin və göylərin yaradıcısı olan Rəbbimizi razı salmaz.

Məgər bütün bunlar kifayət qədər mühüm səbəb deyilmi ki, qeydsiz-şərtsiz bir masa ətrafında əyləşək, fikir ayrılıqlarını araşdıraq, problemlərimizi müzakirə edək?! Bunları bizim üçün başqaları etmədən, bizə yeni münaqişə mövzuları yaratmadan biz etməliyik.

Ümmətin daha böyük problemləri üzərində dayanmağımız daha münasib olmazmı? Axı Fələstin problemi, İslam dünyasının əcnəbi cəlladlardın xilas olması, İslam dünyamızın qərb işğallarından azad edilməsi və sair problemlər ümmətin mənafeyinə birbaşa təsir edir.

İslam dünyası orta və yeni tarixi boyunca məzhəblər, cərəyənlar arasında bir çox dialoqların şahidi olmuşdur. Bunların ən gərgini isə sələfilər və şiələr arasındakı dialoqdur, lakin bu dialoqların əksəriyyəti uzaqdan-uzağa baş tuturdu. Hamısı da mənfi, əksər hallarda problemli dialoqlar olmuşdur. Ola bilsin, bu dialoqların keçmişdə inancla kifayətlənməsi onları yaxınlaşdırmağa mane olan ixtilaf içərisində saxlamışdır. Bəlkə də, şiələr və sələfilər eyni səviyyədə uzun zaman öz aralarındakı münaqişə ocağını söndürməyə, əqidə və şəriət ətrafındakı ixtilafın qarşısını almağa bu gün olduğu kimi ehtiyac duymamışlar.

İslam dünyasının vəziyyəti, qərbə açılışı, planları, ideyaların inteqrasiya qloballığı və siyasi bloklar dəyişdikcə, bu gün mövzuya baxış bucağı da fərqlənir. Şiələr və sələfilər arasındakı bu ixtilaf elə həddə çatmışdır ki, hər iki tərəfin siyasi, sosial və iqtisadi təhlükəsizliyini hədə altına alır. Bu qarşıdurma hər yerdə, hər iki tərəfə təhlükə yaratmaqda davam etmiş, xarici amillərin araya girməsi gərginliyi geriyə atan bir amilə çevirmiş, hər iki tərəfin insanlarını çətin vəziyyətə salmışdır. Belə bir vəziyyətdə ittifaq əldə olunmayan məsələlər ətrafında ixtilafı cilovlamaq üçün ən aşağı səviyyədə də olsa, dialoq zəruri hala gəlib çıxmışdır.

Bu hər iki tərəfin məsuliyyət daşıdığı bir işdir və ümumislam toplumunu siyasi, sosial, iqtisadi və təhlükəsizlik tərəfləri ilə birlikdə qorumaq üçün ən vacib şəri məsələyə çevrilmişdir. Regionun və onun xalqlarının gələcəyi, ümumiyyətlə, şiələr və sünnilərin, xüsusilə də, sələfilər və şiələrin (istər sələfi, istər qeyri-sələfi) qarşılıqlı anlayış və ixtilafın tənzimlənməsi sahəsindəki bacarıqlarından asılıdır. Daha dəqiq desək, burada dialoq bütün bunların həyata keçirilməsinə kəfildir. Dialoqun siyahısı və müzakirə işlərinin cədvəli uzun və yorucu ola bilər. Dialoq istiqamətində əməliyyat müxtəlif şəkil ala bilər. Bu işdə ümmətin bütün tərəfləri iştirak edə bilər. Niyə də yox? Lakin mühüm olan başlamağımızdır. Başlanğıc isə o deməkdir ki, qənaətbəxş nəticələrə gətirəcək yolu göstərən kompası əlimizə götürək. Ola bilsin, dialoq bütün ixtilaflı məsələləri həll etməsin, lakin təkidlə deyə bilərik ki, əsas və ən böyük hissəni həll edəcəkdir. Nəhayət, müsəlmanlar parçalandıqları və ittifaqa gələ bilmədikləri üçün Allah qarşısında üzr gətirməyə möhtacdırlar. Onlar bu məsələyə görə həm bu dünyada, həm də axirətdə cavabdehdirlər.

Seyid Fəzlullahın qarşılıqlı tanışlıq, sevgi və mərhəmətə giriş olaraq istədiyi dialoq qarşısında qeyri-real şərtləri bəhanə gətirmək düzgün deyildir. Burada hamının istəyinə uyğun şərtlər aşağıdakılardır:

Sadiq niyyətlərin bolluğu, Quran və Nəbəvi mənbəyə istinad və bu istinadın əsas məzhəb qaydalarına mane olmadan hər kəsə açıq olması. Bunlar müsbət nəticələrə varmağa imkan verməlidir.

Ola bilsin, Seyid Fəzlullah öz şəri-islami məsuliyyətindən çıxış edərək dialoqa dəvət etməklə hamını həyəcanlandırmışdır, lakin bu həyəcan xoş həyəcandır. Biz inanırıq ki, o, bu hərəkətlə vəhdət və yaxınlıq istəyən bütün müsəlmanların qəlbinə sevinc bəxş etmişdir. Müzakirənin geniş təfsilatı vardır ki, bu da Allah-Taalanın köməyi ilə gözlənilən dialoqla həll olunar. Mühüm olan qəlblərin buna hazırlığı və niyyətlərin təmizliyidir.

Tərcümə: Salman Süleymanov

Təshih: Xəyyam Qurbanzadə



[1] "Ənbiya”,92



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun