28 Mart 2020









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

ƏLLAMƏ BURQUİNİN CANINA QƏSD EDİLMƏSİ

… Bəli, azad olduqdan sonra yenidən öz vəzifəmə, yəni xurafatların təmizlənməsi, islami vəhdətin yaranması, avam xalqın oyanması və geniş kütlənin İslam həqiqətlərilə tanış olması üçün zəruri hesab etdiyim kitabların yazılması və tərcümə edilməsi işinə yenidən başladım. Çünki bilirdim ki, çox fürsətim yoxdur. Onu da bilirdim ki, mollalar məni rahat buraxmayacaqlar, yenidən müxtəlif bəhanələrlə məni axtarıb tapacaqlar. Buna görə də mənbələrin və lazımlı kitabların çatışmazlığına və fiziki cəhətdən bədənimin zəif olmasına baxmayaraq, tam tələskənliklə "Mehdi hədislərinin elmi şəkildə araşdırılması”, ""Məfatihul-cinan”ın Quran ayələri ilə ziddiyyəti”, "Bütsındıran, yaxud "Üsul” xəbərlərinin Qurana və əqllərə ərz edilməsi”, ""Müraciat” kitabının tənqid edilməsi” (ərəb dilində), "Bidət əhlinin rədd edilməsində Sünnənin yol göstərməsi” adı ilə İbn Teymiyənin "Minhacus-Sünnə” əsərinin müxtəsər tərcüməsi, Şafiinin "Əhkamul-Quran” əsərinin tərcüməsi, "Beş məzhəbə əsasən fiqh” əsərinin tərcüməsi və "Cəfəri məzhəbinin İslam və Quranla ziddiyyəti” və s. kimi kitabların yazılması ilə məşğul oldum.

H. ş. təqvimilə 1365-ci il (m. 1987) və mollaların hökumətinin bərqərar olunmasının 8-ci ili idi ki, ondan əvvəlki illərdə olduğu kimi xalqı zor və hiylə ilə müharibəyə aparırdılar. Onlar davamlı olaraq təbliğ edirdilər ki, əqidə, məslək yolunda ölən, həlak olan xalq özləri islami cihada hazırlaşmış və ölümün istiqbalına gedirlər. Heç kimin "Belə deyildir”, – deməyə cürəti yox idi. Demək lazımdır ki, İran fəqirlikdən, qıtlıqdan, bahalıqdan, zülm və sitəmdən ibarət olan yandırıcı bir cəhənnəm idi.

Bu günlərdə "Mehdi hədislərinin elmi şəkildə araşdırılması” adlı bir kitab yazdım. O kitabda Quran ayələrinə və əqlə əsaslanmaqla bildirdim ki, "yol göstərmək”, yaxud "idarə etmək” mənasını verən imamətin hər bir məzhəb sahiblərinin bir qrupla məhdudlaşdırdığı bir, yaxud bir neçə nəfərlə məhdudlaşdırılması doğru deyildir. Bəlkə, küfr imamlarının sayı məhdud olmadığı kimi iman imamlarının sayı da məhdud deyildir. Əllamə Məclisi, Şeyx Səduq, yaxud Kuleyni kimi şəxslərin öz kitablarında qeyd etdikləri və imamları on iki nəfərlə məhdudlaşdırdıqları xəbərlərin və hədislərin, həmçinin İmam Həsən əl-Əskərinin oğluna aid qeyd etdikləri hədislərin hamısını araşdıraraq sübuta yetirmişəm ki, o hədislər və xəbərlər tamamilə saxtadır, bir-birinə ziddir və qeyri-düzgündür.

Bu kitabın bir nüsxəsi "islami” dedikləri respublikada işləri idarə edən mollaların əlinə düşdü. Bu xidməti təqdir etmək yerinə, yaxud bir yerdə nəyisə səhv demişəmsə, cavab vermək və səhvimi dəlil göstərməklə isbat etmək əvəzinə, mənim öldürülməyimə fitva verdilər. Dörd nəfərdən çox məmuru məni öldürmək üçün evimə göndərdilər. Onlardan üçü qürubdan əvvəl gəldilər və bir neçə məsələ barədə soruşub cavab aldılar. Mənim onların sual vermək üçün yox, mənzilimin giriş-çıxış yolu haqqında məlumat əldə etmək, məni öldürmək planını hazırlayıb gecə qayıtmaq üçün gəldiklərindən xəbərim yox idi.

Hər halda həmin gecə – 1986-cı ilin iyun ayının 19-u, cümə axşamı günü (h. ş. 29 xordad 1365-ci il) axşam saat 8-9 arası bizim mənzilimizə gəlir və qapını döyürlər. Evdə Ağayi-Salxorde adlı bir qonağım var idi. O, qapını açır. Lakin qapını açan kimi dərhal onu tuturlar. Motosikletdə gözləyən iki nəfər silahlı şəxs onu motosikletə mindirib özlərilə aparırlar. Mənzilə başqa bir şəxs daxil olur və mən işa namazının ikinci rükətində olduğum bir halda mənə doğru gəlir və tapança ilə mənim mərcəyimi nişan alıb atəş açır və qaçıb canını qurtarır. Mənim onun gəlməsindən xəbərim olmamışdı. Birdən hiss etdim ki, başımı od tutdu. Sanki başımda bomba partladı. Qan mərcəyimdən axdığına və səccadəm qana bulandığına görə namazı sındırdım və özümü mənzilin ayaqyolusuna çatdırdım. Bu zaman bir nəfərin "İş tamam oldu”, – dediyini eşitdim.

Həmin an ayaqyolunda halsız olaraq yerə yıxıldım və səksən yaşımda bədənimdən xeyli miqdarda qan xaric oldu. Axan və boğazıma gedən qan şayəd iki litr, bəlkə də, çox idi. Arxa otaqda bizim evimizdə xidmətçilik edən qadın tapançanın səsini eşitdikdə tez özünü yetirdi. Gəlib mənim vəziyyətimi gördü. Tələsik gedib bizim yaşayış yerimizin yuxarısında ikinci və üçüncü mərtəbədə məskunlaşmış qonşuları çağırdı.

Ola bilsin ki, qonşular qorxularından kömək edə bilmədilər. Çarəsiz qadın evdən çölə qaçır və bizim xeyirxah qonşumuz Ağayi-Ümidvara xəbər verir. "Ağanı öldürdülər”, – deyə fəryad edir. Ağayi-Ümidvar həyat yoldaşı və övladları ilə yanıma gəldi. İnsafən mənə kömək etdilər. Bu zaman Ağayi-Ümidvar telefonla Tehrandakı bir neçə dostuna xəbər vermək üçün səy göstərir. Lakin onlardan bəzisinin telefonu ya məşğul göstərir, ya da cavab vermirlər. Bəzilərinin isə, ümumiyyətlə, telefonu yox idi. O, polis idarəsinə də xəbər verir.

Hər halda polis idarəsinin məmurları gəlib öz maşınları ilə məni mənzilin yaxınlığındakı "Şəhriyar” xəstəxanasına apardılar. Oranın təchizatı olmadığına görə məni "Luğmanud-Dövlə” xəstəxanasına yerləşdirdilər. Məni orada müayinə və müalicə etdilər.

(ardı var)

"Faciəli günlər” kitabından

Mütərcim: Xəyyam Qurbanzadə


  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun