17 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

ƏLLAMƏ BURQUİ – "BÜTSINDIRAN” ALİM

SEYİD ƏBÜLFƏZL BURQUİ QUMMİNİN

HƏYATINA QISA BİR NƏZƏR

Seyid Əbülfəzl Burqui Qummi (h.q. 1329-1413, h.ş. 1287-1372, m. 1911-1993) dini məsələlərə yenidən baxılmasını tələb edən ruhanilərdən, yaxud həmfikirlərinin dediyi kimi dini islahatçılardan biri olmuşdur.

O, Qum şəhərində və on iki imamçı şiə məzhəbinə mənsub olan bir ailədə anadan olmuşdur. Atası fəqir və zahid bir şəxs idi. Anası Səkinə Sultan Şeyx Qulamrza Qumminin qızı olmuşdur. Burqui on yaşından məktəbə getməyə başlamış, Quranı üzündən oxumağı öyrənmişdir. Sonra təhsilini davam etdirə bilmək üçün şiə aləminin tanınmış alimlərindən olan Şeyx Əbdülkərim Hairinin yanına getmişdir. O, fiqh və üsuli-fiqh elmlərində ixtisaslaşmaq üçün Nəcəfə gəlmiş, üç il orada yaşamış və on iki imamçı şiə məzhəbinin mərcəi-təqlidi Seyid Əbülhəsən İsfahanidən elm kəsb etmişdir. Burqui İrana qayıtmamışdan əvvəl Seyid Əbülhəsən İsfahani onun ictihadını və müctəhid olduğunu təsdiq etmişdir. İrana gələndən sonra, o, dini elmləri tədris və təhqiq etməklə yanaşı siyasi məsələləri də daim izləyirdi. Onun Seyid Əbülqasım Kaşani ilə əlaqəsi var idi. Kaşani sürgündə olduqda Burquinin onunla irtibatı var idi. Kaşani İrana qayıtdıqdan sonra bu münasibət və əlaqə daha da səmimi və geniş şəkil aldı. O, ömrü boyu müsəlmanların cahillik və nadanlığına görə çox məyus olurdu və müsəlman ölkələrinin müstəmləkəyə çevrilməsinin səbəbini xalqın cahil olmasında və onların Quranda buyurulanlara əməl etməməsində görürdü. O, Pəhləvi hökuməti dövründə, həmçinin İslam İnqilabından sonra çox əziyyətlər və əzablar çəkdi. Bir neçə dəfə terrora məruz qaldı. Ona qarşı törədilən növbəti və sonuncu sui-qəsd Burquinin ağır zədə almasına səbəb oldu. O, elə aldığı yaradan da vəfat etdi.

 

BAXIŞ TƏRZİNİN DƏYİŞİLMƏSİ

Burqui dini elmlər zəminində apardığı təhqiqat və mütaliələrindən sonra 45 yaşında iddia etdi ki, mövcud şiə məzhəbində (Diqqət edilsin!) dini mətnlərə zidd olan çoxlu xurafatlar vardır. Onun öz sözünə əsasən o, bu xurafatlarla mübarizə aparmaq üçün çox səy etdi. Daha sonra o, öz fikirlərində islahat apardı. Əli ibn Əbitalibin həddindən artıq böyük göstərilməsi və şişirdilməsi ilə müxalifət etməsi, imamlara təvəssül etməyin sual altına alınması, xümsün yalnız müharibə  qənimətləri üçün məhdudlaşdırılması bu islahatlardan bir neçəsidir. O həmçinin Elmi Hövzəni və bəzi ruhaniləri tənqid atəşinə tutdu. Onun etiqadı bu idi ki, "Quranın təfsirə ehtiyacı yoxdur, çünki təfsir insan təfəkkürünün məhsuludur, halbuki Quran Allahın sözləridir. Hər bir firqə və məzhəb Quranı öz xeyrinə təfsir edir. Lakin ərəb dilini bilməyənlər üçün Quran yaxşı tərcümə olunmalıdır, nəinki təfsir edilməli”.

O, "Məfatihul-Cinanın Quranla Ziddiyyəti” adlı kitabında yazır: "Avam və savadsız müsəlmanlar, hətta alimnümalar (yalançı alimlər) arasında rəvacda olan və alimlərin sükutunun nəticəsində ortaya çıxan xurafatlardan biri də imamların, yaxud onların övladlarının və digər din böyüklərinin qəbirlərindən kəramətlərin və möcüzələrin təzahür etməsinə etiqad edilməsidir, halbuki bu cür etiqadlar tövhid prinsipi və əsl İslam və Quran əqidələri ilə ziddiyyət təşkil edir”.

Mühəmməd ibn Əbdilvəhhab və İbn Teymiyənin "Tövhid” kimi bəzi kitablarını fars dilinə tərcümə etdiyinə və onların fikirlərini müdafiə etdiyinə görə onu vəhhabilikdə ittiham etmişlər. Baxmayaraq ki, Ayətullah Burqui özü bu ittihamı hər vəchlə rədd  etmiş və Əhli-Beyt dostu olduğunu elan etmişdir.

Onun müxaliflərindən bir qrup Burqui və onun həmfikirlərinin əqidələrinin vəhhabi əqidələrinin təsirindən qaynaqlandığına inanırlar və buna görə də onlara "vəhhabi şiələr” deyirlər. Lakin ümumi fikir budur ki, o, ömrünün axırına qədər Əhli-Beyt imamlarına etiqad etmiş və şiə olaraq dünyadan köçmüşdür.

 

ƏSƏRLƏRİ

1. "Bir vəlayət dərsi”

2. "Hafiz sındıran” (Hafizə cavab)

3. "Üsul xəbərlərinin (hədislərinin) Quran və əqllərə ərz edilməsi”

4. "Qurandan bir parıltı”

5. "Qurana görə üsuli-din”

6. "Qəbirlərin ziyarət olunmasında xurafat bolluğu”

7. "Mehdi haqqındakı hədislərin elmi araşdırması”

8. "Məfatihul-Cinanın Quranla ziddiyyəti”

9. "Qurandan dualar”

10. "Nüdbə duası və onun xurafatları”

11. "Faciəli günlər” (öz qələmilə həyatı) və s.

 

ÖZ DİLİNDƏN ƏLLAMƏ BURQUİNİN TƏRCÜMEYİ-HALI

Bu kiçik bəndəyə haqqı və batili dərk etmə gücü əta edən və bizi Özünə doğru hidayət edən Allaha həmd olsun! Bütün həmdlər bizi haqq dinə doğru hidayət edən Allaha məxsusdur! Əgər Allah bizi hidayət etməsəydi, biz hidayət ola bilməzdik. Ey mənim İlahım, Sən Özünü mənə göstərdin. Əgər Sən olmasaydın, mən Sənin nə olduğunu bilməzdim. Qiyamət gününə qədər saysız-hesabsız salam olsun tərifəlayiq elçi Mühəmmədi-Mustafaya və ona gözəl şəkildə tabe olan əshabələrinə və davamçılarına!

Sonra onu demək istəyirəm ki, bir qrup dostlar və həmfikirlər israr etdilər ki, bu həqiri-fəqir[1] Seyid Əbülfəzl İbnur-Rza Burqui öz tərcümeyi-halımı  yazım və onu  yazarkən  öz fikir və əqidələrimi də yazım ki, ta iftiraçılar ölümümdən sonra mənə töhmət vura bilməsinlər. Çünki müqəddəsnümaların (yalançı müqəddəslərin) xurafi əqidələrinə qarşı mübarizə aparan şəxsin düşmənləri də çox olur. Hər hansı bir şəxsi öz əqidələrinə müxalif görən düşmənlər hər cür təkfir[2], təfsiq[3] və töhmətdən peşman olmurlar, əksinə bu işlərin savab və qanuni olduğuna inanırlar!!! Əlbəttə, hədis kitablarında da bu iş üçün qondarma hədislər verilmişdir ki, məlumatı az olan şəxslər o rəvayətləri görsələr, onların səhih olduğuna inanarlar.

Hər bir halda zərrə qədər olsun belə özümü həyat tarixinə malik olan bir şəxs kimi qəbul etmirəm. Lakin dostların israrına cavab vermək üçün onların istəklərini rədd etməməyi lazım bildim. Həyatımın bir hissəsini müxtəsər şəkildə onlar üçün yazıram. Həyatımın müəyyən mərhələləri barədə bəzi əsərlərimdə məlumat verməyimə baxmayaraq, bunun əhəmiyyətli olacağına inandığım üçün məcburən burada da o mətləblərdən bəzilərini təkrar etməli olacam.

 

AYƏTULLAH ƏLLAMƏ BURQUİNİN ƏSİL-NƏSƏBİ

Bildirirəm ki, mən Qumluyam[4] və otuz nəsil ata-babalarım Qumda yaşamışlar. Quma gələn və orada məskunlaşan böyük  babam Musa Mubərqi[5] Həzrət Əli ibn Musa ər-Rzanın oğlu İmam Mühəmmədtəqi əleyhissalamın (9-cu imamın) oğludur. Hal-hazırda onun qəbri Qumda məruf və məşhurdur. Nəsəb silsiləm Musa Mubərqiyə çatdığına görə bizə Burqui deyirlər[6]. Həzrət Rzaya çatdığına görə isə məni Rəzəvi,  yaxud İbnur-Rza (Rzanın oğlu) deyə çağırırlar. Buna görə də şəxsiyyətimi təsdiq edən sənədlərdə "İbnur-Rza” yazılmışdır.

Nəsəb silsiləm və şəcərəm (geneologiya) nəsəblər və şəcərələr haqqında yazılan kitablarda qeyd edildiyi və "Təracumur-Rical"[7] kitabımda da "Əlif” fəslində yazdığım kimi bu cürdür: "Əbülfəzl ibn Həsən ibn Əhməd ibn Rəziyyiddin ibn Mir Yəhya ibn Mir Miran ibn Əmiranil-Əvvəl ibn Mir Səfiyyiddin ibn Mir Əbilqasım ibn Mir Yəhya ibn Seyid Möhsün ər-Rəzəvi ər-Rəis biməşhədir-Rza – dövrünün böyük şəxsiyyətlərindən olmuşdur – ibn Rəziyyiddin ibn Fəxriddin Əli ibn Rəziyyiddin Hüseyn Padşah ibn Əbilqasım Əli ibn Əbiəli Mühəmməd ibn Əhməd ibn Mühəmməd əl-Ərəc (Topal) ibn Əhməd ibn Musa Mubərqi ibn əl-İmam Mühəmməd əl-Cəvad. Allah atalarımdan və məndən razı olsun! Allah məni və onları bağışlasın!”

Atam Seyid Həsən dünya malına qarşı çox etinasız, yoxsul və insanların ən zahidi idi. Qoca yaşında zəif və gücsüz olduğu halda, hətta qış fəslində və şaxtalı havada da işləyərdi. Lakin eyni zamanda cazibəli, şad, gecə ibadətinə qalxan, əhli-ibadət, təvazökar, sadə və səxavətli bir insan idi. Lakin babam Seyid Əhməd mübariz və riyasız  (səmimi, ixlaslı) bir müctəhid idi. O, tənbəkinin haram olmasına fitva verən Mirzayi-Şirazinin şagirdlərindən olmuş və onun diqqətinə məzhər olmuşdur. "Təracumur-Rical”da yazdığım kimi o, ictihad dərəcəsinə çatdıqdan sonra Samərradan[8] Quma qayıtmış və məhəllənin dini və şəri işlərinə rəhbərlik etmişdir. Onun ev əşyaları Salmanın ev əşyaları kimi, həyatı isə Əbuzərin həyatı kimi sadə olmuşdur. O, camaatdan dirhəm və dinar istəmirdi.

 

İBTİDAİ TƏHSİLİ

Hər halda atam dünya malına sahib olmadığına görə bizə təhsil verə bilmədi. Amma mən anamın zəhməti və həyəcanının bərəkəti sayəsində təhsil aldım. Bütün çətinliklərə baxmayaraq, o, ayda məvacib olaraq bir rial müəllimə göndərirdi.

Anam Səkinə Sultan ibadəti sevən, zahidə və çox qənaətcil bir qadın idi. O, "Riyazul-Hüseyni” kitabının müəllifi Hacc Şeyx Qulamrza Qumminin qızı idi və mərhum Hacc Şeyx Qulamhüseyn Vaiz və Hacc Şeyx Əli Mühərrir onun (yəni anamın) qardaşları idilər. "Faidətul-Məmat” kitabını Qulamhüseyn yazmışdır. Hər bir halda anam çox tədbirli qadın idi ki, o, öz övladlarını Allahın köməyi sayəsində çətinlikdən xilas edə bildi. Qıtlıq illərində, yəni Birinci dünya müharibəsində rus ordusu İrana daxil olanda mənim beş yaşım var idi.

Uşaq vaxtı və məktəbə getdiyim illərdə müəllim mənə diqqət göstərmirdi. Digər uşaqların dərsinə qulaq asmaqla az-az oxumağı və yazmağı öyrəndim. O dövr məktəblərdə bir müəllim bütün şagirdlərə bir sinif otağında dərs vermirdi. Hər bir uşağa xüsusi dərs keçirilirdi. Mən müntəzəm surətdə məvacib verə bilmədiyim üçün mənə xüsusi dərs keçirilmirdi. Yalnız digər uşaqların dərs işığında inkişaf edə bildim. Müntəzəm şəkildə dəftər-kağız belə əldə edə bilmirdim. Baqqal və əttar dükanının bir tərəfi ağ olan kağızlarından istifadə edirdim. Lakin eyni zamanda şükür etməliyəm ki, quru və çox xərc tələb edən proqramları olan yeni siniflər yaranmadı, çünki bu yeni proqramları olan məktəbdə hər bir uşağın bir neçə dəftəri və bir neçə kitabı olmalı idi ki, ta onu sinfə buraxsınlar. Mənim kimi ildə bir qələm və bir dəftər ala bilməyən şagird necə elm öyrənə bilərdi?!

 

HÖVZƏ TƏHSİLİ

Fars dili və Quran dərsini təkmilləşdirdiyim günlərdə şiələrin diqqət mərkəzində olan və Ərakda yaşayan Hacc Şeyx Əbdülkərim Hairi Yəzdi adlı bir alim Qum əhlinin dəvətini qəbul edərək bu şəhərdə məskunlaşdı və dini elmləri oxumaq istəyən tələbələr üçün bir hövzə yaratdı. Mənim on iki yaşım var idi. Tələbələrin dərslərində iştirak etmək qərarına gəldim və Qumun köhnə bazarında yerləşən "Rəzəvi” mədrəsəsinə getdim ki, orada özüm üçün bir hücrə hazırlayım və elə orada da dini elmlərin təhsili ilə məşğul olum. Anamın xalası oğlu olan Seyid Mühəmməd Səhhaf adlı bir seyid oranın qəyyumu və idarəçisi idi və mədrəsənin işlərinə nəzarət edirdi. Yaşım az olduğu üçün mənə hücrə vermədilər. Buna görə də mədrəsənin bir kvadrat metr olan dalanının bir guşəsində yerləşən və xidmətçinin öz süpürgəsini və vedrəsini qoyduğu bir eyvanı mənə verdilər. Xadim lütf edib ora bir sınıq qapı da qoydurdu. Mən də ana evindən bir palaz gətirib yerə sərdim və təhsillə məşğul olmağa başladım. Gecə-gündüz o kiçik hücrədə qalırdım ki, məni istidən və soyuqdan qoruya bilmirdi, çünki o qapının çox yarığı var idi. Hər bir halda iki ilə yaxın o kiçik hücrədə qaldım. Bəzən ot-ələf satana, bəzən də bir tacirə şagirdlik edib təhsilimi davam etdirmək üçün kiçik bir büdcə yaradırdım. İstər atam və ya qohumlar, istərsə də Qum əhli tərəfindən elm oxuyub öyrənmək üçün mənə heç bir köməklik edilmirdi. Beləliklə, təsrif[9] və nəhv[10] elmlərini, "Muğni” və "Cami” kitablarını oxudum və imtahan vermək üçün Hacc Şeyx Əbdülkərim Hairinin və tələbələrdən imtahan götürən digər din alimlərinin yanına getdim və imtahanlarımı yaxşı verdim. Belə qərara alındı ki, mənə ayda beş rial məvacib verilsin. Lakin ayda beş rial mənim zəruri xərclərim üçün kifayət etmirdi. Buna görə də bir neçə nəfəri vasitəçi kimi onların yanına göndərdim və onlar da Şeyx Əbdülkərim Hairilə söhbət etdilər. Qərara alındı ki, mənə ayda səkkiz rial verilsin. Belə qərara gəldim ki, səkkiz riala qənaət edim və təhsilimi davam etdirim. Həmin məvaciblə dolana bilmək üçün ayda 4 rial çörəkçiyə verirdim ki, gündə mənə bir girdə yarım arpa çörəyi versin, çünki bir girdə arpa çörəyinin qiyməti rialın onda birinə bərabər idi. Buna görə də hər gün üçün çörəyə üç şahı[11] ayırdım ki, ayda 4 rial yarıma bərabər olurdu. Digər iki rialı da yeməyə ayırırdım, bir batman qaysı qurusu alırdım və bir kisənin içində hücrəmin bir yerinə qoyurdum ki, gündə ondan suya bir doyumluq töküm və ərik suyu və arpa çörəyilə qarnımı doydurum. Səkkiz rialdan yerdə qalan digər bir rial yarımı da hamam xərcləri üçün ayırırdım. Ayda dörd dəfə hamama gedirdim ki, hər dəfə yeddi şahı lazım gəlirdi və bir rial yarıma bərabər olurdu.

Bu minvalla bir müddət təhsilimi davam etdirdim, ta dərsi-xaricə (magistr və doktorantura səviyyəsinə) çatdım, fiqh və üsuli-fiqh elmlərini öyrəndim. Təhsil aldığım müddət ərzində müqəddimatı (hazırlıq dövrünü) oxuyan tələbələrə dərs deyirdim. Beləcə yavaş-yavaş "Elmi Hövzə”nin müdərrisləri arasına daxil oldum. Lazım olan kitablar əlimdə olmadan üsuli-fiqh, fiqh, sərf, nəhv və məntiq dəsrlərini əzbərdən keçirdim.

(ardı var)

Mütərcim və tərtibatçı: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə

 



[1] Yəni heç bir qədir-qiyməti olmayan  yoxsul

[2] Bir şəxsin kafirliyinə hökm vermək

[3] Bir şəxsin fasiqliyinə hökm vermək

[4] Qum Tehranın 147 km. cənubunda yerləşən İran şəhərlərindən biridir. Onu qədim fars padşahları təsis etmişlər və Faruq Əzəmin (r) xilafəti dövründə (h. 21) fəth olunmuşdur. Bu gün Qum şəhəri dünyada ikinci böyük şiə mərkəzi sayılır.

[5] Mubərqi "üzünü örtüklə örtən” mənasını verir.

[6] Burqui sözü  "örtük” mənasını verən "burqu” sözünün nisbi sifətidir.

[7] Bu kitabın birinci cildindən başqa digər cildləri çap olunmamışdır.

[8] İrak şəhərlərindəndir və şiələr güman edir ki, Mehdi orada qeyb olmuşdur.

[9] Fellərin hallanması

[10] Sintaksis

[11] Keçmişdə İranda və Azərbaycanda pul vahidi, beş qəpiklik mis pul



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun