11 Dekabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

DİGƏRLƏRİNİN NƏZƏRİNDƏ BURQUİ

Buna əlavə olaraq  cavanlıqda təhsil aldığım dövrdə Ayətullah Seyid Kazım Şəriətmədarilə dərs yoldaşı idim və Qumda yaşadığı günlərdə onunla əlaqə saxlayırdım. Güman etmirdim ki, o, insafsızlıq etsin. O, bir müddət "Bir vəlayət dərsi” kitabı ilə əlaqədar bir həddə qədər məni müdafiə etdi. Daha da mühüm olan odur ki, mənim üçün bir təyidiyyə (təsdiq sənədi) yazdı və məni təriflədi və şəri işləri idarə etməyimi icazəli hesab etdi. Hətta "Bir vəlayət dəsri” nəşr olunduqdan sonra da bir müddət susmaq yolunu seçdi. Mən də onunla olan keçmiş münasibətimə diqqət edərək bu mövzuda ona verilən şəri suala onun verdiyi cavabı kiçik bir kart şəklində çap etdirib çoxaltdırdım. Məscidə, yaxud mənzilimizə gələn hər bir şəxsə bu kartlardan verirdim.

Həmçinin Ayətullah Hacc Şeyx Zəbihullah Məhəllati camaatın "Bir vəlayət dəsri” kitabı haqqında verdiyi suala cavab olaraq belə yazır: "Höccətülislam, ədalətli alim Ağayi-Burquinin "Bir vəlayət dərsi” kitabını oxumuşam. Onun əqidəsi səhihdir (doğrudur) və vəhhabiliyi yaymır. Camaatın sözləri ona qarşı töhmətdir. Allahın yasaq etdiyi əməllərdən əməlli-başlı qorunun! O buyurur ki, bu kimi şeirlər doğru deyildir

"Dünya əgər yox olarsa, Əli onu yox edər,

Qiyamət əgər bərpa olarsa, Əli onu bərpa edər!”

 Ərz edim ki, bu şeir doğru deyildir!

 İmza: Məhəllati”

 

Ağayi-Əli Meşkini Nəcəfi də yazır: "Mən – Əli Meşkini "Bir vəlayət dərsi” kitabını mütaliə etdim və onun sağlam əql və din məntiqilə uyğun olan ali məzmunlarından şad oldum.

İmza: Əli Meşkini”

Ağayi-Höccətülislam Seyid Vəhidəddin Mərəşi Nəcəfi yazır: "Allahın adl ilə! Həzrət Ağayi-Əllamə Burqui – Allah onun ali xeyirlərini başımızın üstündən əskik etməsin! – müctəhid, ədalətli və on iki imamçı şiə məzhəbinə mənsub bir şəxsdir. Məşhur sözə əsasən "Bir şəxsin kitabı və əsəri onun əqlinin dəlili və əqidəsinin güzgüsüdür!” O, "Əql və Din” kitabında, yeni nəşr olunmuş "Təracumur-Rical” kitabında, həmçinin digər kitablarında Həzrət Əmirülmöminin Əli (ə) və digər hidayət imamlarının məqam və şanı barəsində çox ali fikirlər yazmışdır. Dəyərli "Bir vəlayət dərsi” kitabını kamil şəkildə oxumamış, öz imanını əlindən vermiş və o böyük şəxsiyyət haqqında zalımanə hökm çıxarmış bir qrup qərəzli, yaxud səbirsiz və təəssübkeş şəxslərin yaratdığı mübahisə və qalmaqalların biz alimlərə və ağıllı insanlara zərrə qədər təsiri yoxdur. Hidayət imamlarının – Allahın salamı olsun onlara! – bir neçə mərcəi-təqliddən ictihad təsdiqi almış bu pak nəslini incidən və eyni zamanda bir nəfər alim və fəqih müsəlmana böyük böhtan və şiddətli iftira atan şəxslərin halına vay olsun! Haqq-Taala buyurmuşdur: "Möminlər arasında çirkin şeylərin yayılmasını istəyən şəxslər üçün dünyada və axirətdə şiddətli bir əzab vardır. Allah bilir, siz bilməzsiniz!”[1]

Şəri-mübinin xadimi: Seyid Vəhiddəddin Mərəşi Nəcəfi

h.q. 1389, zilqədə, m. 1969, h.ş. 1348, 22 dey”

Ayətullah Xoyi məni yaxşı tanıyırdı. Yadımdadır ki, hövzənin xurafatlarına mübtəla olduğum vaxtlarda Nəcəfdə nitq söyləyirdim. O, mənim sözlərimi çox bəyənirdi və məni bu işə təşviq etmək və öz razılığını izhar etmək üçün minbərdən aşağı endikdə ağzımdan öpürdü.

Ağayi-Şahrudi məni daim ruhlandırır və çox tərifləyirdi. Hətta bir zamanlar Nəcəfdə fəlsəfədən təsirlənmiş batil firqələr yaranmışdı və bir qrup tələbələr filosofların kitablarını və fikirlərini öyrənməyə böyük həvəs göstərirdilər. Nəcəf dini rəhbərləri çox vaxt Quran və Sünnə haqqında məlumatları olmadığına görə onların (yəni Quran və Sünnənin) filosofların söylədiyi fikirlərlə təzad təşkil etdiyini bilməyən tələbələr üçün mühazirə oxumağımı xahiş etdilər. Bu məqsədlə Ayətullah Şahrudi öz evinin həyətinə xalça döşətdirdi. Mənə dedi ki, minbərə çıxım və etiqadi məsələləri tələbələrə bəyan edim. Mən də onun istəyini həyata keçirdim və həqiqətləri tələbələr üçün bəyan etdim. O da bütün bunlara görə mənə öz razılığını bildirir və məni hər yerdə tərifləyirdi. Lakin bu son vaxtlarda xurafatlara qarşı qiyam etdikdə məni tanıyan və keçmişimi bilən bütün şəxslər məni tək qoydular, susmağa üstünlük verdilər, bəziləri də mənimlə müxalifətdə oldular.

Şah hökuməti devrildikdən və Ağayi-Xomeyni hakimiyyətə gəldikdən sonra onunla əlaqə yaratmaq istədim, çünki biz otuz il tələbə yoldaşı olmuş və bir hövzədə oxumuşduq. O, məni yaxşı tanıyırdı. Hətta İrana qayıtmamışdan və İranın yeni halı və İrandakı əmmaməlilərin vəziyyəti ilə tanış olmamışdan əvvəl biz bir-birimiz haqqında məlumatlı idik. Böyük oğlu Ayətullah Hacc Seyid Mustafa Xomeyni vəfat etdikdən sonra söylədiyi nitqdə[2] adımı çəkməyə cürət etməsə də, işarə ilə belə demişdir: "Görkəmli alim ağalardan gileyliyəm! Onlar da bir çox işlərdən xəbərsizdirlər. Ola bilsin ki, sadəlövhdürlər. Aparatın yaratdığı çirkin təbliğatın təsiri altında qalır və mübtəla olduğumuz böyük işə qarşı qafil davranırlar. İşin içində onları qəflətə doğru çəkən əllər vardır, yəni problem yaradıb ardınca səs-küy çıxardan əllər vardır. Bir dəfə bir məsələ İranda düzəlməsinə baxmayaraq, vaxtlarını siyasi və ictimai məsələlərdə sərf etməsi lazım olan bütün möhtərəm vaizlər, alimlər və görkəmli şəxsiyyətlər əhəmiyyətsiz işlərlə məşğul olurlar. Belə ki, məsələn Zeyd kafirdir, Əmr mürtəddir və o bir vəhhabidir, – deməklə boş-boş işlərlə məşğul olurlar. Əlli il zəhmət çəkmiş və fiqh bilgisi onların əksəriyyətinin fiqh bilgisindən daha yaxşı və daha dərin olan şəxsə vəhhabi deyirlər. Bu, böyük bir səhvdir. Şəxsiyyətləri özünüzdən uzaqlaşdırmayın, bir-bir kənarlaşdırmayın. "Bu vəhhabidir!”, " O, dinsizdir!” və  "O, nə bilim nədir?!” – deməyin. Əgər bu işləri görsəniz, sizin üçün nə qalır?!”

Adımı eşitdikdə Ağayi-Xomeyni qızıma çox hörmətlə yanaşdı və məktubu alıb özü ilə apardı. Qızım xudahafizləşmək üçün onun ailəsinin yanına içəri qayıtdı. Onun həyat yoldaşı qızıma dedi ki, biz məktubun cavabını Ağadan götürüb sizin üçün Tehrana gətirərik. Bir müddətdən sonra Xanım Səqəfi Tehrana gəldi və qızımın qonağı oldu. Lakin məktubun cavabını gətirməmişdi. Fəqət dedi: "Ağa atanızın məktubuna cavab olaraq dedi ki, Ağayi-Burqui özü müctəhiddir və fikir sahibidir, lakin adamayovuşan və ünsiyyətcil deyildir”.

Ayətullah Taleqani inqilabın əvvəllərində zindandan azad olanda mən onun görüşünə getdim. Söhbət əsnasında başını aşağıya doğru gətirib qulağıma dedi: "Sizin dedikləriniz doğrudur, lakin hal-hazırda bu həqiqətləri deməyimiz məsləhət deyil!” Mən yəqin bilirəm ki, o dünyada onu "Həqiqətləri deməyiniz nə vaxt məsləhətdir?” – deyə sorğuya çəkirlər.

Bilmirəm elan Ağayi-Bazərqanın əlinə çatmışdı, ya yox, hər halda evimdə xəstə olduğum günlərin birində Mühəndis Bazərqan, Doktor Sədr və Mühəndis Təvəssüli mənə baş çəkmək üçün bizim evə gəldilər. Hal-əhval tutduqdan sonra üzümü onlara göstərdim və dedim: "Təqlidin nəticəsini görürsünüz? Mənimlə bu cür rəftar edən şəxs başqalarına kor-koranə təqlid edən bir müqəlliddir və ümumiyyətlə, onlardan belə bir fitva vermələrinin dəlilinin nədən ibarət olduğunu soruşmur. Siz və sizin dostlarınız da axundlara təqlid etməkdən əl çəkin”.

Təvafuqən bir cümə günü başsağlığı vermək üçün Qum əhalisindən olan, bizim qohumlardan hesab edilən və mərcəlik iddiası da edən Ayətullah Feyzin evinə getdim. O gün onun rövzə və dua məclisi var idi. Hər hansı bir təskinedici söz demək və başsağlığı vermək üçün onun xidmətinə gəldikdə mənimlə həmişə mehriban davranmasına baxmayaraq, bu dəfə çox qaşqabaqlı üzlə qarşıladı. Sanki mənə etirazı var idi. Bildirdim ki, bəlkə, nəsə olubmu, övqatınız belə təlxdir? Cavabında buyurdular ki, mənim sizdən heç bir təvəqqem yox idi. Ərz etdim ki, mövzu nədir? Dedi ki, siz məktub yazıb məni təhdid etmisiniz ki, əgər mərcəiyyət məqamı üçün Bürucərdidən başqasını təqdim etsəm, Qum bazarında məni abır-həyadan salacaqsınız. O zaman inandırmağa çalışdım ki, mənim bu məktubdan xəbərim yoxdur. Mümkündürsə, məktubu gətirin, əgər mənim imzam yoxdursa və xətt mənim deyilsə, deməli, o yazılan qondarmadır. Sözlərimə inansın deyə onun üçün and içdim.

Məclis sona çatdıqdan sonra bayıra çıxdım. Heyrətlənmiş halda bu düşüncədə idim ki, mərcəi-təqlidi müəyyənləşdirmək üçün işin içində gizli əl vardır və hadisə heç də mən təsəvvür etdiyim kimi sadə deyildir. Başa düşdüm ki, mərcəiyyət də aktyorlar üçün bir oyuncaqdır. Sonrakı hadisələrdən belə məlum oldu ki, gizli bir əl Ağayi-Bürucərdini mərcəlik məqamına qaldırdı və onun varlığından bəhrələndi.

Hicri-şəms təqvimilə 1328-ci ildə (m. 1949) Əhməd Qəvvamın baş nazir işlədiyi zamanlar  Ayətullah Kaşani seçkilərə müdaxilə etmək istədi ki, ta məclisdə saray tərəfindən təyin olunmuş vəkillərin sayından bir qədər azaltsın. Mən Ayətullah Kaşaninin səmimi dostlarından idim və hər il yayda Tehrana gələndə onun evində qalırdım. Həmin ildə o, mənə buyurdu ki, Xorasana getmək üçün bir maşın kirayə edim. Mən də onun dediyi kimi etdim və biz səfərə hazırlaşdıq. Ağayi-Şeyx Mühəmmədbaqir Kəmreyi və bir də digər iki nəfər şəxs gəldilər. Mən, Ağayi-Kaşani və onun övladlarından biri cəmi altı nəfər birlikdə Məşhədə doğru hərəkət etdik. Dövlət idarələri yolüstü şəhərlərdə Ayətullah Kaşaninin məclis üçün vəkillər təyin etməsindən, namizədlər irəli sürməsindən və xalqı millət üçün xeyirli olan nümayəndələri müəyyənləşdirməyə və seçməyə şövqləndirməsindən narahat olduğu üçün bizim səfərimizdən çox narahat idi və demək olar ki, qorxu hissi keçirirdilər. Buna görə də biz Tehrandan yola düşən andan bütün yolüstü şəhərlər bundan xəbərdar olub bizi qarşılamağa hazırlaşdılar. Digər tərəfdən dövlət orqanları keçdiyimiz şəhərlərin məmurlarına xəbər çatdırmışdı ki, iğtişaş salsınlar və dövlətin Ayətullah Kaşanini Tehrana qaytarması üçün bəhanə yaratsınlar.

O vaxtlar bütün elm əhli siyasətdən və ölkə daxilində baş verən işlərdən kənar idi və bu məsələlərdən uzaqlaşmağa çalışırdılar. Əgər Kaşani, yaxud mənim kimi bir şəxs diktatorluq ilə mübarizə aparsaydıq, o qədər də xalqın diqqətinə məzhər olmurduq. Ümumiyyətlə, İran xalqı və İran dövlətinin özü taleyi xalqla istədiyi kimi davranan qəbirqazanların əlində olan bir qəbristanlıq kimi idi! Kaşani kimi bir şəxs meydanda tək idi və o, çox əziyyətlər çəkdi və həbsxanaya düşdü, amma sonda İranda bir hərəkət və dalğa vücuda gətirə bildi. O zamana qədər, ümumiyyətlə, milli və qeyri-milli bir cəbhə yox idi. Mərhum Müsəddiqi çox az adam tanıyırdı. Kaşani işin başına bir milli şura məclisinin və millətin xeyrini istəyən vəkillərin keçməsi üçün çox səy göstərdi. Buna görə də fitva verirdi ki, gənclərin seçkilərdə iştirak etməsi vacibdir. Bu məqsədlə Livanda həbsxanadan mənə belə bir məktub yazdı ki, Ağayi-Burqui, digər axundlar kimi məscidi dükana cevirmə, xalqı oyatmağa çalış və xalqın "yaxşı axund o şəxsdir ki, millətin vəziyyətilə heç bir işi olmasın və insanlardan uzaqlaşsın” – sözünə qulaq asma. Elə bir iş görün ki, xalq Doktor Müsəddiqi seçsin. O vaxta qədər xalq Müsəddiqin kim olduğunu və nə işlə məşğul olduğunu bilmirdi. Kaşani bütün dostlarına tövsiyə edirdi ki, təmiz və vicdanlı vəkillərə, o cümlədən Müsəddiqə səs verin. Kaşani və onun ardıcıllarının[3] tapşırıqlarına əsasən və söylədikləri nitqlər vasitəsilə camaat Müsəddiqin adını eşitdi, artıq onu bir qədər tanımağa başladı. Seçki vaxtında Kaşaninin müridləri gecənin əvvəlindən sübhə qədər seçki qutularının yanında yatırdılar ki, məbadə Kaşani və Müsəddiqin vəkil olmaması üçün qutunu dəyişdirsinlər. Camaatı təşviq edirdik ki, Kaşaniyə, Müsəddiqə və bu iki nəfərlə eyni yolda addımlayan bir necə nəfərə səs versinlər. Kaşaninin müridlərinin fəaliyyəti nəticəsində bu iki şəxs səs yığdı və Tehranın millət vəkilləri oldular. Dövlət idarələri carəsiz qalıb Kaşanini həbsdən azad etdi və Livandan İrana gətirtdi.

Millət Kaşaninin təyyarə ilə Tehrana gələcəyindən xəbər tutdu. Onun gəldiyi gün yol boyu Mehrabad təyyarə limanından evinin qapısına qədər adamla dolu idi. Biz də həmin vaxt Tehranda ciddi fəaliyyət göstərirdik ki, o, gözəl şəkildə qarşılansın.

 

RZA ŞAHIN CƏNAZƏSİNƏ QUMDA HÖRMƏT GÖSTƏRİLMƏSİNİN VƏ ONUN ORADA DƏFN OLUNMASININ QARŞISININ ALINMASI

Çox çəkmədi ki, Rza şah Mavriki adasında[4] öldü. Onun cənazəsini İrana gətirdilər. Dövlət və Şah təşviq edirdilər ki, xalq onun cənazəsinə hörmət göstərsin və cənazəni böyük bir təşrifat və mərasimlə Qum şəhərində dəfn etsinlər. Cənazəni qarşılamaq üçün Qumun alimlərini və böyük şəxsiyyətlərini dəvət etdilər. Onlar o zaman mərcəi-təqlid olan Ayətullah Bürucərdinin tələbələrlə birlikdə ona cənazə namazı qılmasını istəyirdilər. Ayətullah Bürucərdi rəhbərliyə sığınan alimlərdən biri idi və öz məqamını (mənsəbini) qorumaq üçün heç bir işdən çəkinmirdi. Bundan əlavə, Şahla, saray adamları və millət vəkilləri ilə əlaqəsi var idi. Buna görə də Şahın cənazə namazını qılmağa razılıq verdi.

Mən belə fikirləşdim ki, əgər Şahın cənazəsinə hörmət göstərilsə, onun bütün fəsad işləri öz təsdiqini tapacaqdır. Ona görə də elə bir iş görməliyəm ki, onun cənazəsinə hörmət göstərilməsinə mane olsun. "Fədaiyani-İslam” ("İslam Fədailəri”) adlı bir necə cavan tələbə mənimlə təzə dost olmuşdu. O vaxt təqribən 35 yaşım var idi və "Qum Elmi Hövzəsi”nin müdərrislərindən idim. Yaşları on beşdən iyirmi beşə qədər olan bu gənc fədailər mənimlə dost olmuşdular və mənim evim onların ümid yeri idi. Bu gənclərin bəziləri də məndən dərs alırdılar. Onlarla pəhləvi cənazəsinə hörmət göstərilməsinin qarşısını almaq barədə fikir mübadiləsi apardım. Dedilər ki, siz elan yazın, biz də onu nəşr edək.

Mən elə də etdim. Elan yazdım və o elanda camaatı təhdid etdim ki, kim Şahın cənazəsinə namaz qılsa və onun son mənzilə yola salınmasında iştirak etsə, deməli, o adam dinin ölçülərinə müxalif hərəkət etmişdir və biz onu terror edəcəyik.

Bu elan yayıldıqdan sonra çox yaxşı təsir göstərdi. Cənazə namazına dəvət olunanlar, ələlxüsus Ağayi-Bürucərdi qorxuya düşdülər ki, məbadə təhqirə, yaxud hücuma məruz qalsınlar. Buna görə də elanı nəşr edənləri axtarmaq fikrinə düşdülər. Fədailərin Qumda daimi bir mənzili yox idi, pərakəndə şəkildə fəaliyyət göstərirdilər və çox vaxt Tehranda qalırdılar. Buna görə belə bir işin onlar tərəfindən həyata keçirilməsinə ehtimal verilmirdi. Digər tərəfdən də az ehtimal verilirdi ki, belə bir sərt elanı Seyid Əbülfəzl Burqui Qummi yazmış olsun. Bundan əlavə cənazənin Quma daxil olması çox yaxın idi və hökumətin məsul işçilərinin də fikirləri çox pərişan idi. Cənazə Quma daxil oldu. Lakin ona istənilən kimi hörmət göstərilmədi. Qum "İmam” məscidində fatihə məclisi quruldu. Musa Xoyi adlı bir seyid o məclisdə iştirak etmək istəyirdi. Bizim dostlarımız onu tutdular və başından qan axana qədər heyvan kimi döydülər. İşin bu yerə çatdığını görən dövlət cənazənin Qumda dəfn olunması fikrindən vaz keçdi və cənazə Tehrana aparıldı. Artıq Tehranda nə baş verdi, onu bilmirəm.

(ardı var)

Mütərcim və tərtibatçı: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə



[1] "Nur”, 19

[2] Onun mətni 1359-cu il aban ayının (m. 1980, oktyabr) ilk cümə axşamında buraxılan "Keyhan” qəzetinin 9-cu səhifəsində çap olunmuşdur. 

[3] Onların başında Ayətullah Əbülfəzl Burqui gəlirdi.

[4] Afrikada yerləşən ada dövləti



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun