11 Dekabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

QURAN AYƏLƏRİ İŞIĞINDA ÜSULİ-DİN

 

MÜƏLLİF: AYƏTULLAH SEYİD ƏBÜLFƏZL İBNUR-RZA BURQUİ QUMMİ

MÜTƏRCİM: ƏBUƏBDİRRƏHMAN XƏYYAM QURBANZADƏ

REDAKTOR: ƏFRUZƏ HƏSƏN QIZI HƏSƏNOVA

KORREKTOR: MƏHBUBƏ HÜSEYNBALA QIZI KƏRİMZADƏ

OPERATOR: RABİƏ XƏYYAM QIZI QURBANZADƏ

 

MÜQƏDDİMƏ

Bütün həmdlər bizi haqq dinə doğru hidayət edən Allaha məxsusdur!

Əgər Allah bizi hidayət etməsəydi, biz hidayət oluna bilməzdik!

Bilin ki, səhih (doğru) və məqul (ağlauyğun) din odur ki, onun üsulları və əsasları bürhan (dəlil, sübut) və mədrəkə (sənədə) əsaslanmış olsun və ona aydın dəlil göstərilsin, nəinki keçmişdə yaşayanların sözləri. Çox təəssüflər olsun ki, İslam alimləri üsulların (dinin əsaslarının) və əqidələrin araşdırılması və dəlillə ələ gətirilməsi lazım olduğuna inanmalarına və bu mövzuda təqlidi (fikri dəlilsiz qəbul etməyi) caiz bilməmələrinə, hətta fəqihlərin risalələrində bu mətləb qeyd olunmasına baxmayaraq, İslam iddiaçılarının hər birindən "Sizin üsuli-dininiz neçədir və sənədiniz nədir?” – deyə soruşsan, cavabında ya aciz qalırlar, yaxud da öz fikirlərilə dəlillər gətirir və öz əqllərilə sübut sayırlar. Onlardan soruşuruq:

– Saydığınız bu üsuli-dini və sayı Allah və Onun Rəsulu nə üçün bəyan etməmişdir?

– Nə üçün bu, səmavi kitabda, yəni Quranda müəyyən olunmamışdır?

– Gecə-gündüz qıldığı namazda ən azı 10 dəfə "Bizi doğru yola yönəlt!”[1] deyən və öz Allahından hidayət istəyən ümmi Peyğəmbəri nə üçün Allah üsuli-dinə doğru hidayət etməmişdir? Nə üçün onun üçün və onun əshabəsi üçün sayı siz tərəfdən açıqlanan üsuli-dini bəyan etməmişdir? Və qoymuşdur ki, ta onun ümməti min ildən sonra gəlib fikirləşsin və hər bir kəs öz ağlı ilə İslam, yaxud məzhəb üçün müxtəlif üsullar (əsaslar) ortaya çıxarsın?

– Sizin dediyiniz üsuli-din nəyə əsasən doğrudur? Allah tərəfindən təsdiq olunmuşdurmu? Niyə başqaları (yəni əks məzhəblər) bu cür demirlər? Başqalarının əqli yoxdur? Yalnız siz ağıllısınız?

Bu məsələdə hər hansı bir şəxsin fikirləşdiyini, kor-koranə təqliddən və təəssübdən əl çəkdiyini və araşdırma apardığını görmədim. Bir gün dostlarımızdan biri həmin sualları verdi və belə təklif irəli sürdü ki, bizim səmavi kitabımız Quran olduğuna və müsəlmanların ehtiyac duyduğu məsələləri bəyan etdiyinə görə mütləq üsuli-dinin sayı da Quranda zikr olunmalı və Allah-Taala höccəti tamamlamaq üçün onu bəyan etməlidir. Siz Quran ayələrinə uyğun olaraq onların işığında üsuli-dini yazın ki, ta təvafüqən insaflı şəxslər tapılsalar və araşdırma aparsalar, sizin yazınızı görüb nəşr etdirsinlər.

Mən bu tələbi qanuni, bəlkə də, islami və insani bir vəzifə bildiyimə görə bu kitabçanı yazıram. Lakin heç də ümid etmirəm ki, təəssübkeş və xurafatlar içində qərq olmuş ümmət bu yazını oxusun. Yalnız öz vəzifəmi yerinə yetirmək istəyirəm ki, ta Allahın hüzurunda məsul olmayım. Mən bu kitabçanı hamı üçün asan və rəvan yazıram. ...

 

QURANIN HİDAYƏTİ İLAHİ HİDAYƏTDİR

Allah-Taala "Bəqərə” surəsinin 38-ci ayəsində buyurur: "... Kim Mənim hidayətimə tabe olarsa, onun heç bir qorxusu yoxdur və o, qəmgin olmaz”.

"Ta ha” surəsinin 123-cü ayəsində buyurur: "... Kim Mənim hidayətimə tabe olarsa, nə yolunu azar, nə də bədbəxt olar!”

Bu ayələr istər cahil olsun, istərsə də alim hamıya şamil edilir. Məlum olur ki, müsəlmanlar ilahi və qurani hidayətə tabe olmadıqlarına görə bədbəxt olmuş və tənəzzül etmişlər. Bütün insanlar öz hidayətlərini (doğru yollarını) Qurandan öyrənməklə mükəlləfdirlər. Aşağıdakı başlıqlarda bu mövzuya aid olan ayələr qeyd olunacaq. Peyğəmbər buyurmuşdur: "Kim Qurandan başqa, bir şeydən hidayət istəyərsə, Allah onu zəlalətə düçar edər!”

 

QURANIN HİDAYƏTİ HAMI ÜÇÜNDÜR, XÜSUSİ DEYİLDİR

Quranın bir çox ayələrində qeyd edilmişdir ki, bu kitabın hidayəti istər alim olsun, istərsə cahil, istər imam (pişnamaz) olsun, istərsə də məmum (iqtida edən) bütün xalq üçündür, alimlərə və ya imamlara məxsus deyildir. Quran hamıya xitab edir. Belə ki, bir çox ayələrdə "Ey insanlar!” – deyə buyurur. Allah-Taala "Bəqərə” surəsinin 159-cu ayəsində buyurur: "Nazil etdiyimiz açıq-aşkar dəlilləri və hidayəti kitabda insanlara bəyan etdiyimizdən sonra gizlədənlərə həm Allah, həm də bütün lənət edənlər lənət edər!”

"Xalqdan gizlətmək” o deməkdir ki, ayəni göstərməsin və ya "siz camaat bunu başa düşməzsiniz”, – desin. Halbuki Quran ayələrində Allah bütün insanlara və möminlərə müraciət edir.

Allah-Taala "Bəqərə” surəsinin 185-ci ayəsində buyurur: "... Ramazan ayı elə bir aydır ki, insanları hidayət edən, hidayətin və haqla batili bir-birindən ayırmanın açıq-aşkar dəlilləri olan Quran o ayda nazil olmuşdur. ...”

Quranın bütün ayələrində "Ey insanlar!”, yaxud "bütün insanlara bir açıqlama və bəyan”, ya da "bütün insanlar üçün bir hidayət”, yaxud da "insanlar üçün açıq-aşkar dəlillər” və ya "insanlığa bir açıqlama” ifadələri işlənmişdir.

Allah-Taala "Bəqərə” surəsinin 187-ci ayəsində belə buyurur: "... Təqva sahibi olsunlar deyə Allah Öz ayələrini (dəlil və nişanələrini) insanlara bu cür açıqlayır!”

"Ali-İmran” surəsinin 3-4-cü ayələrində buyurulur: "Sənə özündən əvvəlkiləri təsdiq edən kitabı haqq olaraq O nazil etdi. Tövratı da, İncili də O endirdi. Daha öncə insanları hidayət etmək üçün. Furqanı da O nazil etdi. ...”

"Ali-İmran” surəsinin 138-ci ayəsində buyurulur: "Bu, insanlar üçün bir bəyan (açıqlama), müttəqilər üçün isə bir hidayət və öyüddür”.

Ayədə "alimlər üçün bir hidayətdir”, yaxud "Peyğəmbər və İmam üçün bir hidayətdir”, – deyə buyurulmur.

"Nisa” surəsinin 173-cü ayəsində buyurulur: "Ey insanlar! Sizə Rəbbiniz tərəfindən dəlil gəlmişdir. Biz sizə aydın bir nur endirdik”.

"Yunus” surəsinin 57-ci ayəsində buyurulur: "Ey insanlar! Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana bir şəfa, möminlərə hidayət və rəhmət gəlmişdir!”

Həmin surənin 108-ci ayəsində buyurulur: "De: Ey insanlar! Artıq Rəbbinizdən sizə haqq gəlmişdir. ...”

"İbrahim” surəsinin 52-ci ayəsində buyurulur: "Bu, (Quran) insanlar üçün elə bir təbliğdir ki, onunla həm qorxsunlar, həm Allahın tək (vahid) bir ilah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar!”

"İbrahim” surəsinin 25-ci ayəsində buyurulur: "... Allah insanlar üçün belə misallar çəkir ki, düşünüb ibrət alsınlar!”

"İsra” surəsinin 89-cu ayəsində deyilir: "Biz bu Quranda insanlar üçün hər cür misal çəkib onlara izah etdik. Lakin onların əksəriyyəti küfrdən başqa bir şeyə razı olmadı”.

Həmin surənin 106-cı ayəsində buyurulur: "İnsanlara aramla oxuyasan deyə, Biz Quranı hissələrə ayırıb göndərdik. Biz onu tədricən nazil etdik”.

"Həcc” surəsinin 73-cü ayəsində buyurulur: "Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq asın! ...”

"Rum” surəsinin 58-ci ayəsində buyurulur: "Biz bu Quranda insanlar üçün hər cür misal çəkdik. ...”

"Zumər” surəsinin 41-ci ayəsində buyurulur: "Biz kitabı insanlar üçün sənə haqq olaraq (bir məqsədə dayanaraq) nazil etdik. ...”

"Casiyə” surəsinin 20-ci ayəsində deyilir: "Bu (yəni Quran), insanlar üçün açıq-aşkar dəlillər (bəsair), yəqinliklə inanan qövm üçün də hidayət və rəhmətdir!”

"Mühəmməd” surəsinin 3-cü ayəsində buyurulur: "... Allah insanlara özlərinə dair məsəlləri belə çəkir!”

"Həşr” surəsinin 21-ci ayəsində buyurulur: "... Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünələr”.

Yüz belə ayə vardır ki, o ayələrdə Quranın hamı üçün hidayət və rəhmət olduğu, bütün xalqın onun müxatəbi olduğu və onun məxsus bir qrupa aid olmadığı açıq və aydın bir şəkildə bildirilir. Əgər kitab müşkül və anlaşılmaz olsaydı, Allah hamıya müraciət etməz və hamını onu başa düşmək və ona əməl etməklə vəzifələndirməzdi. İttifaqən Allah Rəsulunun əshabəsinin əksəriyyəti, bəlkə, hamısı institut bitirməmişdi və ruhani də deyildilər, təhsil almayan şəxslər idi. Lakin onların hamısı Quranı başa düşdülər, dünya izzətini və axirət şərafətini Quran vasitəsilə əldə etdilər.

Əgər "Quran ərəb dilindədir. Əcəmin oxumamış avam adamları onu necə başa düşsünlər?” – deyə sual verilsə, cavab olaraq deyərik ki, əgər istəsələr, ehtiyacları olan bəzi ayələrin tərcümələrini oxuya və öz zehinlərinə həkk edə bilərlər. Biz iddia etmirik ki, hər bir kəs səy etmədən və çalışmadan Quranı başa düşür. Biz deyirik ki, hər kəs səy göstərsə, yaxud bir neçə ay bir az sərf-nəhv elmlərini və ərəb dilinin qrammatikasını oxusa, Quranla tanış ola bilər. Az müddətdə ingilis dilinin qrammatikasını oxuyan şəxs onların kitabları ilə tanış ola bilirsə, deməli, bu da mümkündür.

õõõõõ

Quran asan ərəb dilində bir kitab olduğu üçün hər bir kəs səy göstərə və ehtiyac duyduğu bəzi ayələri mümkün qədər öyrənə bilər.

Ümumiyyətlə, ilahi kitablarla fəlsəfi və ya elmi kitablar arasındakı fərq budur ki, peyğəmbərlər və onların kitabları oxumamış olmalarına baxmayaraq, bütün xalq üçündür. Lakin alimlərin elmi kitabları isə alimlərə, elmi və xüsusi terminləri olan o elmin aid olduğu məktəbin şagirdlərinə məxsusdur. Buna görə də məsələn: İbn Sinanın kitablarını onun şagirdlərindən və onun istilahlarından xəbərdar olan şəxslərdən başqa, heç kəs başa düşmür. Lakin Allahın kitabı hamı tərəfindən başa düşülə bilən bir kitabdır və başa düşülməlidir də.

 

TƏƏCCÜB

Allah Elçisinin əshabələrinin əksəriyyəti, bəlkə də, hamısı oxumamış şəxslər olmuşlar. Lakin buna baxmayaraq, Quranı başa düşdülər. Amma bizim alimlərimiz deyirlər ki, Quranı bir imam təfsir etmədən heç kəs başa düşməz. Halbuki Quran hər bir təfsirdən daha aydın və ilahi kəlam, hər bir imamın kəlamından daha aşkardır, çünki Allah hər bir alimdən daha aydın danışan, fəsahət və mətləbləri çatdırmaqda ustadlığı daha çoxdur. Əgər siz İmam, yaxud qeyri-imam adı ilə bizə gəlib çatmış təfsirlərə baxsanız, görərsiniz ki, onlar Qurandan daha çətindir və həm də xurafatla qarışmışdır. Və Quranın bir çox həqiqətlərini təfsir adı altında zay etmişdirlər. Hər bir firqə öz istəyinə uyğun olaraq Quranı elə təfsir etmişdir ki, ümmətin ixtilafına səbəb olmuşdur və xalqı milli (qövmi) ədavətə və kinə, təfriqəyə dəvət etmişlər. Quran vəhdətə dəvət edir və İslam dini də vahid və bölünməzdir. Lakin təfsirlər yüz məzhəbə dəvət etmişdir.

Bizim iddiamız budur ki, Quranın, ümumiyyətlə, təfsirə ehtiyacı yoxdur. Lakin hər hansı bir dildə danışan xalqın Quranı yaxşı başa düşə bilməsi üçün onu həmin dilə düzgün tərcümə etmək lazımdır. Tərcümə təfsirdən başqa bir şeydir. İş elə bir yerə gəlib çatmışdır ki, rəhbərlik məqamı iddia edənlərdən biri radioda deyirdi ki, Quranı hər bir kəs başa düşmür və kim Quranı başa düşdüyünü iddia edərsə, cəhalətə qərq olmuş və batmışdır. Bu vasitə ilə camaatı Quranın hidayətindən uzaqlaşdırmışlar. Onların sözü Allah kəlamına ziddir və Quranla düşmənçilikdir ki, "Qəmər” surəsində bu barədə təkrarən buyurmuşdur: "And olsun ki, Biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq. ...”[2]

Hətta yəhudilər və xristianlar belə Quranla belə bir düşmənçilik izhar etməmiş və Quranın heç kim tərəfindən başa düşülmədiyini deməmişlər. Biz bu müzakirəyə göz yumub deyirik: laəqəl (ən azı) Allah Öz dininin əsaslarını Öz bəndələri üçün Quranda bəyan etmiş olmalı və neçə yüz ildən sonra kiminsə gəlib öz fikrilə Onun dini üçün əsaslar (üsullar) ixtira etməsinə imkan verməməlidir. Və Allahın dinin əsaslarını bəyan etməməsi də mümkün deyil. Deməli, dərindən düşünülməli və diqqət edilməlidir ki, ta Quranın üsuli-dinlə əlaqədar nə buyurduğu görünə bilsin. Biz deyirik ki, Quran dəfələrlə üsuli-dini bəyan etmişdir ki, bunlar aşağıdakı fəsillərdə öz əksini tapacaqdır.

 

QURANIN İMAN VƏ ƏMƏLLƏ ƏLAQƏDAR AYƏLƏRİ

Bilmək lazımdır ki, üsuli-din iman və etiqada, füruüddin isə iş və əmələ aiddir. Üsuli-dinlə füruüddin arasındakı fərq yalnız budur.

Quran hər ikisinə dəvət etmişdir. "Bəqərə” surəsinin 25-ci ayəsində buyurulur: "İman gətirən və saleh əməllərlə məşğul olan şəxslərə müjdə ver: onlar üçün altından çaylar axan cənnətlər vardır. ...”

Həmin surənin 82-ci ayəsində buyurulur: "İman gətirən və saleh əməllərlə məşğul olanlar isə cənnətlikdirlər və orada əbədi olacaqlar”.

"Ali-İmran” surəsinin 57-ci ayəsində deyilir: "İman gətirib saleh əməllərlə məşğul olanlara gəldikdə isə (Allah) onların mükafatlarını tamamilə verəcəkdir. ...”

"Əsr” surəsinin 2-3-cü ayələrində buyurulur: "... İnsan ziyan içindədir! Yalnız iman gətirən və saleh əməllərlə məşğul olan ... şəxslərdən başqa!”

Buna görə də Allahın istədiyi imanın nəyə və neçə şeyə inanmaqdan ibarət olduğunu bəyan edirik:

 

QURANA GÖRƏ İSLAMDA İKİ ŞEYƏ

İMAN GƏTİRMƏK KİFAYƏTDİR

Quran bir neçə ayədə iki şeyə iman gətirməyin dünya və axirət xoşbəxtliyi üçün kifayət etdiyini bildirmişdir. Həmin o iki əlamət dinin iki əsası (əsli) olmuşdur. Onlar da Mübdi və məada, yəni Allaha və qiyamət gününə, yəni tövhidə və məada iman gətirməkdir. "Bəqərə” surəsinin 62-ci ayəsində buyurulur: "İman gətirənlərdən (müsəlmanlardan), yəhudiləşmiş şəxslərdən, xaçpərəst və sabiilərdən Allaha və axirət gününə iman gətirən və saleh əməllə məşğul olanların mükafatları Rəbbin yanındadır. Onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər”.

Allah-Taala Quranın bu ayəsində Allaha və axirət gününə iman gətirməyin mükafat, savab və əzabın uzaqlaşdırılması üçün kifayət etdiyini bildirmişdir. "Maidə” surəsinin 69-cu ayəsi də bu məsələ barəsində danışır. "Bəqərə” surəsinin 126-cı ayəsində Həzrət İbrahim bu iki əsasa iman gətirmiş şəxs barəsində dua etmiş və demişdir: "Yadına sal ki, İbrahim: "Ey Rəbbim, buranı təhlükəsiz və asudə bir şəhər et, əhalisinə, Allaha və axirət gününə inananlarına cürbəcür meyvələrdən ruzi ver!” – deyə dua etdikdə Allah: "Kafir olanı az bir müddət faydalandırar, sonra onu atəşin əzabına sürükləyərəm. Ora nə pis varılacaq bir yerdir”, – deyə buyurdu”.

Həmin surənin 232-ci ayəsində buyurulur: "... Bu, sizin Allaha və axirət gününə iman gətirənlərinizə verilən bir nəsihətdir. ...”

Həmin surənin 264-cü ayəsində Allaha və axirət gününə iman gətirməyən şəxs məzəmmət olunmuşdur: "Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla sərf edən, Allaha və axirət gününə iman gətirməyən bir şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxartmayın. ...”

"Ali-İmran” surəsində gecə saatlarında Allahın ayələrini oxuyan, səcdə edən, Allaha və axirət gününə iman gətirən şəxslər təriflənmiş və belə buyurulmuşdur: "Onların hamısı eyni deyil. Kitab əhli içərisində düzgün (sabitqədəm) yol tutan insanlar da vardır ki, onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar. Onlar Allaha və axirət gününə iman gətirirlər. ...”[3]

Onları salehlərdən saymışdır ki, hər namazda "əs-Səlamu əla ibadillahissalihin”[4], – deyərək onlara salam vermək lazımdır. "Maidə” surəsinin 69-cu ayəsində də onlar təriflənmiş və "Tövbə” surəsinin 18 və 19-cu ayələrində[5] iman, fəzilət və hidayətin əsasının Allaha və axirət gününə iman gətirməkdən ibarət olduğunu bildirmiş və buyurmuşdur ki, məscidləri təmir etmək haqqı onlara aiddir.

Həmin surənin 99-cu ayəsində Allaha və axirət gününə iman gətirmiş bədəviləri tərifləmiş, onların ilahi rəhmətə nail olacaqlarını bildirib buyurmuşdur: "Bədəvilər içərisində elələri də vardır ki, Allaha, axirət gününə iman gətirir, xərclədiklərini Allaha yaxınlıq və Peyğəmbərin dualarına nail olmaq üçün vəsilə sayırlar. Bilin ki, bu, onlar üçün yaxınlaşmağa bir səbəbdir. Allah onları Öz mərhəmətinə nail edəcəkdir. Həqiqətən, Allah Qəfurdur (Bağışlayandır), Rəhimdir (rəhm Edəndir)!”

"Yusuf” surəsinin 37-ci ayəsində Həzrət Yusif "... Mən Allaha iman gətirməyən və axirəti də inkar eləyən bir qövmün dinini tərk etdim!” – deyərək bu iki əsasa inanmayanları kafir adlandırmışdır. Allah-Taala "Mücadələ” surəsinin 22-ci ayəsində "(Ya Peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla – öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə – dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onları bir ruhla (iman, hidayət nuru ilə) dəstəkləmişdir. (Allah) onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər (Allahın dininə kömək edən kimsələrdir). Bilin ki, Allahın firqəsi – məhz onlar nicat tapıb (əbədi) səadətə qovuşanlardır” – buyuraraq Allaha və axirət gününə iman gətirən bir tayfanı çox böyük saymışdır.

İndi isə məsələyə əqli baxımdan yanaşaq:

(ardı var)



[1] "Fatihə”, 6

[2] "Qəmər”, 17

[3] "Ali-İmran”, 113, 114

[4] "Allahın saleh bəndələrinə salam olsun!”

[5] "Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirənlər ... təmir edə bilərlər. ... Məgər siz hacılara su verməyi və Məscidülhəramı təmir etməyi Allaha və axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Onlar Allah yanında eyni olmazlar. ...” 



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun