17 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

Şeyx Abbas Qummi bilmir ki, Peyğəmbər buyurmuşdur: "Ey camaat, Allahla heç bir kəs arasında qohumluq əlaqəsi yoxdur, mənfəətin cəlb olunması və zərərin uzaqlaşdırılmasına səbəb olacaq başqa heç bir əlaqə də mövcud deyildir! Bircə əməl istisnadır. Baxın! Heç kəs əsassız iddialar etməsin, heç kəs qəlbində xam arzuya qapılmasın. Məni doğru ilə göndərən Allaha and olsun ki, Allahın rəhməti ilə qarışmış əməldən başqa heç bir şey insanın xilasına səbəb olmaz. Mən özüm də günah etsəydim, süqut edərdim!”[1] Və bilmir ki, Peyğəmbər buyurmuşdur: "Ey Qüreyş camaatı, canlarınızı Allaha satın! Mən Allahdan gələn əzabı sizdən uzaqlaşdıra bilməyəcəyəm”. "Ey Əbdülmüttəlib oğulları, ey Əbdimənaf oğulları, ey Peyğəmbərin qızı Fatimə, ey Abbas ibn Əbdilmüttəlib, ey Peyğəmbərin bibisi Səfiyyə, mən Allahdan gələn əzabı sizdən uzaqlaşdıra bilməyəcəyəm!”[2]

Diqqətli olaq ki, duanı toxuyan şəxs "Onlar vasitəsilə ... Sənə yaxınlaşıram. ...” cümləsi ilə müşriklərin öz məbudları və şəfaətçiləri barəsində dedikləri həmin sözü deyir. Quran onları təhdid edərək buyurmuşdur: "Bil ki, xalis din ancaq Allaha məxsusdur. Allahdan başqasını özlərinə dost tutanlar: "Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” – deyirlər. Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində onların arasında hökm verəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!”[3]   

Həmçinin deyir ki, mən, Mühəmmədin dini və Sünnəsi, Əlinin dini və Sünnəsi və vəsilərin dini və onların Sünnəsi üzərində Allaha iman gətirmişəm!! Halbuki aydındır ki, Əlinin və digər vəsilərin dini Peyğəmbərin dini olmuşdur. Bundan əlavə İslam dinində bir Sünnədən artıq sünnə yoxdur ki, o da Peyğəmbərin Sünnəsidir. Əli əleyhissəlamın özünün sünnəsi olmamışdır, əksinə o, Peyğəmbərin Sünnəsinə tabe olmuşdur. Bundan da əlavə cahil qondarmaçı naşılıq etmiş və digər imamlar üçün də sünnələrin olduğuna qail olmuş və başa düşməmişdir ki, imamların (ə) və vəsilərin sünnəsi (həyat tərzi) Əlinin sünnəsi (həyat tərzi) olmuşdur ki, yuxarıda qeyd etdiyimiz kimi Əlinin özünün sünnəsi olmamışdır, əksinə Peyğəmbərin Sünnəsinə tabe olmuş, "Sünnə Rəsulullahın getdiyi yoldur, bidət isə ondan sonra meydana çıxan işlərdir!”[4] buyurmuş və beləcə bizə başqa bir sünnə tanıtdırmamışdır.

İndi isə "İftitah” duasına qayıdaq və bu duanın hansı kitabdan nəql olunduğuna diqqət edək. Həmçinin diqqət edək ki, Həzrət Həsən Əskərinin övladının olmasına dair mötəbər bir dəlil yoxdur, qalmışdı hələ onun demaqoq[5] bir şəxs olan naibi olsun.

İkincisi: Həmin naib də bu duanı İmamdan əxz etdiyini deməmişdir.

Üçüncüsü: Duanın mətnində də qeyri-düzgün mətləblər vardır ki, məzhəb yaradan saxtakar dükan sahiblərinin saxtakarlığı olduğunu ortaya çıxarır. Məsələn, Həzrət Əlini (ə) "böyük xəbər” adlandırmışdır ki, biz bilirik ki, o Həzrət "Səhifeyi-ələviyyə”də bazar ertəsi gününün duasında belə buyurur: "Məni böyük xəbərdən agah edən və onu mənə tanıtdıran Allaha həmd olsun!”[6] Hal-hazırkı kitabda da bu sözün batil olduğunu aydınlaşdırmışıq. Yaxud bu dua o Həzrəti "ən böyük nişanə” ("Ayətül-kübra”) adlandırmışdır. Halbuki Quran-kərim belə bir ayə və nişanə tanıtdırmamışdır. Digəri də odur ki, Əmirülmömininin (ə) böyük övladları barəsində deyir: "... Bunlar bəndələrin üzərində Sənin höccətlərindir. ...” Halbuki bu fikir "Peyğəmbərlərdən sonra heç bir höccət yoxdur”[7], – deyən Qurana müxalifdir. Həmçinin Həzrət Əlinin "... Peyğəmbərimiz Mühəmmədlə Onun (Allahın) höccəti (dəlili) tamamlandı. ...”[8] sözünə də müxalifdir. Bundan da əlavə duanı qondaran şəxsin nəzərdə tutduğu mənada imamət məsələsinin şəri dəlili yoxdur və sənədinin vəziyyətini bildiyimiz sırf bur dua ilə Allah tərəfindən təyin olunmuş imaməti sübuta yetirmək olmur.

"İftitah” duası çox-çox yaxşı başlanmışdır və onun mətləbləri (180-ci səhifənin 6-cı sətrinə qədər) elədir ki, heç bir Allahpərəst – qalmışdı hələ müsəlman olsun – onunla müxalif deyildir və rahatlıqla onu qəbul edir. Beləcə, duanı qəbul etdirən şəxs özünün saxta məzhəbini və həmin sətrin ardınca gələn xurafatı qəbul etdirmək üçün zəmin hazırlamışdır! Buna görə də ehtiyatlı olmalıyıq və mötəbər olmayan, yaxud qondarılmış hədislərdə və dualarda gördüyümüz bəzi səhih mətləblərə aldanmamalıyıq, səhihi səhih olmayandan ayırmalıyıq. Allah müvəffəqiyyətin sahibidir! Bu duada Allahdan öz qəlbinə şəfa verməyi və qəlbinin qəzəbini aradan aparmağı istəmişdir?! İndi soruşmaq lazımdır ki, kimə qarşı qəlbində qəzəb vardır? Allahdan istəmək lazımdır ki, bu cür duaları ortaya çıxaran, yaxud yayan kinli düşmənləri hidayət etsin. Bu duada imamları on iki nəfərlə məhdudlaşdırmışdır. Halbuki İslam dini inhisari bir din deyildir ki, onun imamları və rəhbərləri altı, yaxud yeddi, yaxud on iki nəfərlə məhdudlaşmış olsun. Əksinə, rəhbərlik şərtlərini özündə daşıyan, Kitab və Sünnəni bilən və ona əməl edən hər bir şəxs ümmətə imamlıq vəzifəsini öz öhdəsinə götürə bilər. Necə ki Quran-kərim Rəhman Allahın iman vəsflərini özündə daşıyan bəndələrini imamətə layiq bilmiş və onların belə deyə biləcəklərini buyurmuşdur: "... Bizi müttəqilərə imam et!”[9] Küfr imamları barəsində belə buyurmuşdur: "... Küfr imamları ilə vuruşun. ...”[10] Məgər küfr imamları on iki nəfərdir ki, iman imamları da on iki nəfər olsun? Və buyurmuşdur: "Bir gün bütün insanları öz imamları ilə birlikdə çağıracağıq. ...”[11] Dünya xalqı yalnız on iki firqədən ibarətdir ki, on iki imama sahib olsunlar? Əksinə, minlərlə firqəyə bölünmüşlər ki, hər biri öz imamı ilə məşhur olacaq. Allah-Taala bütün peyğəmbərləri imam qərar vermiş və buyurmuşdur: "Biz onları əmrimizlə hidayət edən imamlar etdik. ...”[12] Məkkədə nazil olmuş bir surədə Fironun müasiri olmuş mömin müstəzəfləri (binəsibləri) digər müstəzəflər üçün imam qərar vermiş və buyurmuşdur: "... Onları imamlar və varislər edək”[13]. İmam Sadiq də "Kafi” kitabının birinci babında[14] buyurmuşdur: "İki şey höccətdir (dəlildir): birinci höccət zahiri höccətdir ki, peyğəmbərlərdən ibarətdir. İkinci höccət batinidir ki, əqldən ibarətdir”. Lakin "İftitah” duasında özündən höccət uydurmuş və məhdudlaşdıraraq 12 nəfəri höccət qərar vermişdir! Deməli, bu cür olan hər bir dua, yəni höccət uyduran hər bir dua öz etibarını itirir və məzhəb uyduranların qondardığı bir şeydir. Necə ki dəfələrlə demişik ki, Allah Özü imanın və dinin əsaslarını kamil şəkildə bəyan etmiş[15], Allah Rəsulu (s) da Qurana uyğun olaraq "İman nədir?” – deyə ona sual verən şəxsə: "Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə və ölümdən sonra dirilişə iman gətirməkdir!” – deyə cavab vermişdir. İman haqqında soruşan Əbuzərə o Həzrət "Bəqərə” surəsinin 177-ci ayəsini tam şəkildə oxumuşdur[16]. Peyğəmbərin oxuduğu ayə belədir: "Yaxşı əməl heç də üzünüzü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə iman gətirən ... şəxsdir. ...” Mülahizə olunduğu kimi, əgər lazım olsaydı, Allah "höccətlər”, yaxud "imamlar” kəlməsini "peyğəmbərlər” kəlməsinə ətf etməkdən (bağlamaqdan) çəkinməzdi. (Düşün!) Şərafətli ayənin davamı belədir: "Yaxşı əməl sahibi əslində ... (Allaha) məhəbbəti yolunda malını qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yolçuya, dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə və cihad zamanı səbir edənlərdir. Doğru olanlar məhz onlardır. Müttəqilər də elə onlardır!” Lazımdır ki, möhtərəm oxucu Allah Rəsulunun (s) Əbuzərə oxuduğu bu şərafətli ayənin üstündən sadəliklə keçməsin və onun üzərində düşünsün. Bəli, "İftitah” duasına qayıdaq:

Bu duada höccət uydurduqdan sonra "gözlənilən ədalət” üçün ağlamış və zırıldamışdır ki, o gəlsin və elə etsin, belə etsin. Halbuki Allah bütün xalqı ədaləti bərqərar etmək üçün qiyam etməyə və addım atmağa dəvət etmiş və "Gözləyin!” – deyə buyurmamışdır. Quranda belə oxuyuruq: "Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə göndərdik. Biz onlarla birlikdə kitab və ədalət tərəzisi nazil etdik ki, insanlar ədalətlə rəftar etsinlər”[17]. Allah ayədə "İmam Mehdi ədalətlə rəftar etsin!” – deyə buyurmamışdır. Bunlar oturub gözləyirlər ki, Allah qiyam edən və ədaləti bərqərar edən bir şəxsi göndərsin. Bu, əvvəlkilərin bizim üçün miras qoyduğu zay və xurafi fikirlərindəndir. Bir çox hədislərin də dəlaləti budur ki, həmin gözlənilən şəxs (yəni İmam Mehdi) qətl edəcək və qan tökəcəkdir! Bu cür duaların məzhəb uyduranların qondarması olduğu məlum olduğu üçün "Məfatih”in harasında belə bir dua olarsa, biz "İftitah” duasının ona da şamil olduğuna hökm edir və onu qondarma hesab edirik. Məsələn, Qədr gecələrinin (Əhya gecələrinin) müştərək əməllərində (4-cü əməl, s. 221) nəql etmişdir ki, Allaha höccət olmaları barəsində möhkəm şəri dəlil olmayan on iki höccəti and verir və guya yalnız Seyid ibn Tavus onu nəql etmişdir. Həmçinin ramazan ayının 23-cü gecəsi üçün iki zəif şəxsdən[18] bir dua nəql etmişdir. Dua belədir: "Ey Allahım! Öz vəli bəndən Həsənin övladı Höccət üçün – Sənin rəhmətin olsun ona və atalarına – bu saatda və bütün saatlarda vəli (köməkçi) və qoruyucu, rəhbər və yavər, bələdçi və gözətçi (göz) ol! O vaxtadək ki insanların rəğbəti ilə onu yer üzündə məskunlaşdırasan və onu orada uzun müddət bəhrələndirəsən!” Əziz oxucu, nə dediyinə yaxşı diqqət et! Allah Quranda buyurmuşdur: "Allah iman gətirənlərin vəlisidir (hamisidir) ...”[19], "... Allah möminlərin vəlisidir!”[20] Fikir verin Allah möminlərin "vəli”si olduğu bir halda "vəlisi ol!” – deməyə nə ehtiyac vardır? Necə ki Allah-Taala buyurmuşdur: "Bu, sizin Rəbbiniz hər şeyin xaliqi olan Allahdır. Ondan başqa heç bir ilah yoxdur! ...”[21] Buna əsasən "Filankəs üçün Xaliq və Rəbb ol!” – deməyə nə ehtiyac vardır?! Həm də Allaha müraciət edərək "filankəsə göz, yaxud casus ol!” – demək duada ədəbə ziddir və bilikli mömin Allahla bu cür söhbət etmir. Allah Rəsulundan (s) nəql olunmuş mötəbər dualarda belə bir ifadə işlənməmişdir. Çox təəssüflər olsun ki, işləri idarə edənlər bu duanı radioda təkrar edirlər və bir nəfər də "bu duanın mənası nədir?” – deyə soruşmur. Bəli, "İftitah” duasında xurafatçıların sözünə əsasən uşaqlıqda qeyb olmuş qaib İmamı Allahın "vəliyyi-əmr”i (işin sahibi) adlandırmışdır. Halbuki o, möminlərin işinin vəlayətini (idarə olunmasını) öhdəsinə götürməmişdir. Belə olduqda bu duanın sənədi nədir? Bu vəliyyi-əmr (iş sahibi) hansı işi yerinə yetirmişdir? Bir ölkəni islah etmişdir? Kafirlərə təlim verib onları doğru yola istiqamətləndirmişdir? Xəstəxana, yaxud bir məktəb tikmişdir! Bu duada qaib İmam barəsində belə deyir: "... Allahım! Onun vasitəsilə dinini və Peyğəmbərinin Sünnəsini aşkar et, belə ki, yaradılmışlardan birinin qorxusundan haqq və həqiqətdən heç bir şey insanlara gizli qalmasın. ...” (!!!)

Əvvəla, mümkündürmü ki, İmam xalqdan qorxduğuna görə haqqdan bir şeyi gizlətsin? Əvvəlki imamlar belə edirdilər? Görəsən, duanı qondaran şəxs nə toxuduğunu başa düşmüşdür? İkincisi, bir şəxs Allahın Kitabını və Rəsulun Sünnəsini aşkar etmək istəsə, məzhəb ixtira edənlər və bidətçilər hay-küy qaldırıb mane olurlar və düşmənçilik edirlər. Bəli, duada "Allahım! Onun vasitəsilə Öz dinini aşkar et!” – deyilir. Lakin bir şəxs dinin və tövhidin həqiqətlərini aşkar etmək istəsə, həmin dua oxuyanlar onunla düşmənçilik edir və onu öldürməyə təşəbbüs göstərirlər. Necə ki mən Allahın Kitabından bəzi həqiqətləri aşkar etdikdə onlar məni susdurmaq üçün birləşdilər, minlərlə iftira atdılar və töhmət vurdular, o cümlədən dedilər: O vəhhabidir. Halbuki mən vəhhabi deyiləm, yaxud heç bir məzhəbə mənsub deyiləm, bəlkə, müsəlmanam. Bunlar diqqət etmirlər ki, onların duaları və yalvarışları əməllərinə ziddir. Biz Allahdan onların hidayət olunmasını istəyirik. Allahdan istəyirik ki, millətimizi Quranın düşmənlərinin şərindən və xurafatçıların hiyləsindən xilas etsin, onları oyatsın və onlara xurafatdan nicat versin. Amin, ya Rəbbəlaləmin!

183-cü səhifədə üçüncü əməl olaraq ramazan ayının səhərləri üçün bir dua qeyd etmişdir ki, şəriətin dua etmək barəsindəki ümumi izninə əsasən onu oxumağın heç bir problemi yoxdur. Bu hissənin dördüncü duası "Əbuhəmzə Sumali (=Sabit ibn Dinar) duası” adı ilə məşhur olan bir duadır ki, çox yaxşı duadır. Lakin bizim fikrimizə əsasən kamil əminliklə nəql olunmamışdır, məzhəb yaradanlar ona müdaxilə etmiş və iki yerdə "şərafətli ziyarətgahlar və kəramətli yerlər” başlığı altında Peyğəmbərin (s) və imamların (ə) qəbirlərinin ziyarət olunmasını duaya əlavə etmişlər! Çünki hal-hazırkı kitabda "Ziyarət və ziyarətnamə” kitabından nəql olunaraq deyilmişdir ki, Peyğəmbəri-əkrəmin, Həzrət Əlinin, Həzrət Həsən və Hüseynin (ə) qəbirləri hicrətin birinci əsrində məzar olmamışdır ki, ta Həzrət Zeynəlabidin (ə) Allahdan onların qəbirlərinin ziyarət olunmasını istəsin! (Düşün!) Gizli qalmasın ki, mən bu duanı və bu hissənin beşinci duasından səkkizinci duasına qədər olan dualarını çox sevirəm. Onları dəfələrlə oxumuşam və iman qardaşlarına və bacılarına da tövsiyə edirəm. Allah müvəffəqiyyətin sahibidir! Əlbəttə, bir şərtlə ki, onların tərcüməsini əldə etsinlər və onların mənalarından istifadə etsinlər. Yoxsa, mənaları bilinməyən cümlələrin oxunmasının oxucu üçün heç bir faydası yoxdur.

Ramazan ayının günlərinin əməllərindən yeddinci duanın da sənədi yoxdur və heç bir imama aidiyyatı yoxdur. Görəsən, cənab Kəfəmi necə başa düşmüşdür ki, qırx illik günahlar onun oxunması ilə bağışlanır?! Doqquzuncu əməldə Şeyx Mofiddən nəql etmişdir ki, hər gün Peyğəmbərə yüz dəfə salavat göndərmək ramazan ayının sünnələrindəndir. Bu çox yaxşı bir işdir. Yadıma Məclisinin nəql etdiyi bir hədis düşdü: "Kim Mühəmməd və ali-Mühəmmədə salavat göndərərsə, Allah onun üçün yüz yaxşılıq yazar. Kim Peyğəmbərə və onun Əhli-Beytinə salavat göndərərsə, Allah onun üçün min yaxşılıq yazar!” Ali-Mühəmməd o Həzrətin Əhli-Beytindən başqadır ki, onlara salavat göndərməyin savabı Əhli-Beytə salavat göndərməyin savabından azdır?! Burada lazımdır ki, "al” sözünün mənası aydınlaşsın. Bil ki, "al” sözünün şəri mətnlərdə bir neçə mənası vardır ki, onunla nəyin nəzərdə tutulduğu cümlədəki qərinə ilə başa düşülür. O cümlədən şəxsin Əhli-Beyti (ev əhli), ailəsi və xanədanı mənasını verir. Necə ki Quran buyurur: "... Onun içində ... Musa və Harun nəslindən (xanədanından) qalan şeylər vardır. Onu mələklər gətirəcək. ...”[22] "... Sənə və Yəqub nəslinə (xanədanına) də nemətini tamamlayacaqdır. ...”[23] "Allah Adəmi, Nuhu, İbrahim ailəsini və İmran ailəsini aləmlər üzərində seçilmiş etdi. Onlar biri digərindən törəmiş bir nəsil idilər. ...”[24] "... Siz ey Davud ailəsi! Şükr edin!”[25] "(Mələklər belə cavab verdilər: "Biz günahkar bir tayfaya göndərilmişik. Yalnız Lutun ailəsindən başqa! Biz sözsüz ki, onların hamısını xilas edəcəyik! Ancaq zövcəsi istisna olmaqla” ...”[26]

"Al” sözünün başqa bir mənası "bir şəxsin ardıcılları, tərəfdarları”dır. Məsələn, Quranda işlənən "Ali-Firon” ifadəsi ilə[27] yalnız onun övladı və ailəsi yox, onun ardıcılları və tərəfdarları nəzərdə tutulur. Həmçinin Həzrət Sadiqdən onun belə buyurduğu nəql olunmuşdur: "Biz və şiəmiz artıq ona (yəni "al”a) daxil olduq”. Buna əsasən bütün şiələr hamısı Ali-Mühəmməddir[28]. Həmçinin namazların və onun kimi işlərin salavatlarında qeyd olunan "Ali-Mühəmməd” ilə Allah Rəsulunun həqiqi ardıcılları və onun ümmətinin təqvalı şəxsləri nəzərdə tutulur ki, onlara salam göndərilir. Buna əsasən Ali-Mühəmməd İslam ümmətinin digər pak şəxslərinə şamil olduğu kimi Həzrət Əliyə (ə) və o Həzrətin hər bir mömin övladına, yaxud onun nəslindən olan hər bir pakqəlbli şəxsə də şamil olur. Allah da Quran-kərimdə Peyğəmbərə (s) və həmçinin onun ardıcıllarına salavat göndərmiş və buyurmuşdur: "Onlara Rəbbi tərəfindən salavatlar və rəhmət vardır. ...”[29] Buyurmuşdur: "Sizi zülmətdən nura çıxarmaq üçün sizə salavat (rəhmət) bəxş edən Odur. Mələkləri də sizin üçün rəhmət (salavat) dilərlər. ...”[30] Həmçinin Öz Elçisinə göstəriş vermişdir ki, möminlərə salavat göndərsin (yəni onlar üçün dua etsin): "... Onlara salavat göndər (yəni onlardan ötrü dua et!) ...”[31] İmam Zeynəlabidin "Səhifeyi-Səccadiyyə”nin dördüncü duasında belə ərz edir: "... Allahım, bu günümüzdən qiyamət gününə qədər gələcək tabeinə, onların həyat yoldaşlarına və soylarına salavat (rəhmət) göndər. ...” İyirmi birinci duada belə ərz edir: "... Allahım, Mühəmməd və onun alinə salavat göndər və mənə onlarla birlikdə olmağı nəsib et və məni onların yardımçısı qərar ver! ...”

Əlbəttə, fiqh kitablarında, zəkat və sədəqə bablarında "Ali-Mühəmməd” deyildikdə, hədislərdən və dəlillərdən başa düşüldüyü və həmçinin fəqihlərin də dediyi kimi Əlinin, Cəfərin, Üqeylin (Əqilin), Abbasın, Harisin və s.-nin övladları, yəni Bəni-Haşim nəzərdə tutulur. Lakin bəzilərinin "Ali-Mühəmməd” ilə yalnız Həzrət Zəhra və Əlini – Allahın salamı olsun onlara! – və onların on bir övladını nəzərdə tutmaları və "Ali-Mühəmməd”i yalnız onlarla məhdudlaşdırmaları dəlilsiz bir fikirdir. Möhtərəm oxucu diqqət etməlidir ki, bizim xalqımız bir tərəfdən hər gün "Əllahummə salli əla Mühəmməd və ali-Mühəmməd”, – deyir, digər tərəfdən isə Peyğəmbərin Quranda mədh olunmuş və əziz tutulmuş[32] bir çox ardıcıllarını mürtəd və Əlinin ilahi xilafətinin qəsbkarı hesab edir və onlara qarşı olan düşmənçiliyə yer verirsiniz. (Ciddi şəkildə düşün!)

(ardı var)

Müəllif: Əllamə Burqui

                                       Mütərcim: Xəyyam Qurbanzadə

[1] "Ziyarət və ziyarətnamə”, s. 233/34

[2] Əbülfütuh Razinin təfsiri, c. 2, "Şüəra” surəsinin təfsiri, s. 141

[3] "Zümər”, 3

[4] "Biharul-ənvar”, c. 2, s. 266, h. 23

[5] Öz məqsədinə çatmaq üçün hər cür yalan vədlər, yaxud böhtan və s. ilə adamların instinktinə qəsdən təsir edən şəxs

[6] "Ziyarət və ziyarətnamə”, s. 286

[7] "Nisa”, 165

[8] "Nəhcülbəlağə”, 90-cı xütbə, 41-ci hissə

[9] "Furqan”, 74

[10] "Tövbə”, 12

[11] "İsra”, 71

[12] "Ənbiya”, 73

[13] "Qəsəs”, 5

[14] "Əql vəl-cəhl”, h. 22

[15] "Bəqərə”, 177, "Nisa”, 136

[16] Əbdürrəzzaqın "Müsənnəf” əsəri, c. 11 s. 127, 128, h. 20107, 20110

[17] "Hədid”, 25

[18] Onlardan biri vaqifi olan Fəzzal ailəsindəndir, digəri isə qulat olmuş Mühəmməd ibn İsa ibn əl-Əbiddir.

[19] "Bəqərə”, 257

[20] "Ali-İmran”, 68

[21] "Mumin”, 62

[22] "Bəqərə”, 248

[23] "Yusuf”, 6

[24] "Ali-İmran”, 33, 34

[25] "Səbə”, 13

[26] "Hicr, 58-60

[27] "Bəqərə”, 49, 50, "Ənfal”, 52, "İbrahim”, 6 və s. ...

[28] "Vəsailuş-şiə”, c. 4, "Əbvabuz-zikr”, b. 42, h. 11

[29] "Bəqərə”, 157

[30] "Əhzab”, 43

[31] "Tövbə”, 103

[32] Bu mövzuda "İttihadın ana xətti” kitabını oxumaq çox faydalıdır, bəlkə, zəruridir.



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun