25 Avqust 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

CIĞIR AÇAN VƏ HƏDƏF GÖSTƏRƏN RƏHBƏR: NƏCMƏDDİN ƏRBAKAN

Bütün dövrlərdə insanlıq tarixinin gedişatına yol göstərən və böyük dəyişikliklərə şərait hazırlayan liderlər, peyğəmbərlər, alimlər və mütəfəkkirlər olmuşlar. Tövhid və ədalətə inanan öndərlərin başlamış olduqları dəyişikliklər yer üzünün əmin-amanlığı və islahı üçün mühit hazırlamışdır. Bu dəyişikliklərə inkişaf deyirik, çünki inkişafın fiziki ölçüsü ətraf mühitin abadlaşdırılaraq insan üçün faydalı şəklə salınmasıdır. İnkişafın bəşəri ölçüsü isə insanın təhsil alıb ürfan sahibi olaraq haqq və ədalət elminə qovuşmasıdır. İnkişaf etmiş ürfanlı insan başqasının haqq və hüququnu tapdalamayan, özünün də haqq və hüququnun tapdalanmasına icazə verməyən insandır. Başqasının haqq və hüququnu tapdalamaq – zülümdür. Öz haqq və hüququnun tapdalanmasına icazə vermək isə zülmə dəstək olmaqdır.
Peyğəmbərlər insanları tövhid və ədalətə dəvət edərək onların haqq və ədalət barədə anlayışlarını inkişaf etdirmişlər. Bütün peyğəmbərlərin insanlığı dəvət etdikləri İslam dini yer üzünü abadlaşdırmaq və islah etməyin yol xəritəsidir. Peyğəmbərləri rəhbər qəbul edən İslam alimləri, mütəfəkkir və liderləri elmlə hidayəti birləşdirdikləri üçün fərasət, bacarıq, dönməzlik və səbir sifətlərinə malik olmuşlar. Onlar peyğəmbərləri rəhbər qəbul edərək tarixin gedişini dəyişdirən cığırlar açmış və bəşəriyyətin üfüqünü genişləndirən hədəflər müəyyənləşdirmişlər. Onlar elmdə doğru olanların önə çıxmasına, əxlaqi məsələlərdə yaxşılıq və gözəlliklərin yayılmasına, iqtisadi sahədə qaynaqların məhsuldar istifadə edilərək faydalı mal və xidmətlərin istehsalına, siyasətdə isə ədalətin bərqərar edilməsini məqsəd kimi qəbul etmişlər. Onlar yer üzünün abadlaşdırıılması və islah edilməsində rəhbər olmuşlar.
Zalımlaşan və ya zalımların fikirləri ilə razılaşmayan ziyalılar, mütəfəkkir və öndərlər isə yer üzünü savaşlar və döyüşlərlə təhrik etmiş, əyriliklərə zəmin hazırlamışlar. Onlar da böyük dəyişikliklərə yol açmışlar. Onların yol açdığı dəyişikliklər inkişaf sayıla bilməz, çünki zalımlar tərəfindən baş verən bu dəyişikliklər müharibələrə və haqsızlıqlara gətirib çıxarmışdır. Hidayətlə dəstəklənməyən bilik elmdə gerçəklərin yanlış istiqamətlənməsinə, əxlaqi mövzularda pislik və çirkinliklərin yayılmasına, iqtisadi sahədə israfa yol açan faydasız mal və xidmətlərin istehsalına, siyasətdə isə haqsızlıqların, təzyiq və zülmün yayılmasına zəmin hazırlayacaq. Bu cür biliklər tarix boyunca yer üzünü təhrif edən müharibə və münaqişələrə yol açmış, sosial həyatda isə hər cür mənfiliklərə səbəb olmuşdur.
 
1. HİDAYƏTLƏ ELMİ BİRLƏŞDİRƏN ALİM OLARAQ NƏCMƏDDİN ƏRBAKAN
"Milli Görüş” hərəkatının öndəri, möhtərəm Prof. Dr. Nəcməddin Ərbakan mənə ən çox təsir göstərən elm şəxsiyyətidir.
O, 42 il ərzində həm siyasi liderim, həm də daima dərs aldığım Xocam olmuşdur. Yoldaşlarımla birlikdə apardığımız "Ədalətli Quruluş” mübarizəsində o hər zaman bizə yol göstərmişdir. Biliklərimiz tövhid və ədalət çərçivəsində haqq və ədalət mərkəzli bir sistemin "Ədalətli Quruluş”un inkişafına gətirib çıxardı. Elmin hidayətlə birləşməsinin bir insanın şəxsiyyətində meydana gətirdiyi dəyişiklik və inkişafı hörmətli Ərbakan Xocamızın şəxsində gördüm və şahid oldum. Alimin hidayətlə necə peyğəmbərlərin varisi olduğunu onun cihadında gördüm. İslam mütəfəkkirlərinin fikrinə görə alim sadəcə hərtərəfli biliyə malik olan insan demək deyildir. Alim elmini və biliyini həyatına tətbiq etmək üçün cihad edən bir mücahiddir. Ərbakan Xocamız inandıqlarını elmi ilə gücləndirdi. Onun düşüncəsi imanı üzərində qurulmuşdu. O, söylədikləri ilə inandığı və elmi ilə sübut etdiyi gerçəkləri anladırdı. İzah etdiklərini həyata keçirə bilmək üçün mübarizə aparırdı. O, inandığı kimi düşünürdü. Düşündüyü kimi danışırdı. Danışdığı kimi də yaşamağa çalışırdı. O, əqidədə, fikirdə, söz və əməllərində birliyi təmin etməyə çalışdığı üçün insanı kamala çatdıran aşağıdakı keyfiyyətlərə sahib idi:
 
a) HİDAYƏT
Hidayət Allahın insana bəxş etdiyi ən böyük lütfdür. Hidayət tövhid və ədalətə imanla qazanılan bir xüsusiyyətdir. Hidayət sahibi olan insan elmdə doğru ilə yanlışı, əxlaqda yaxşı ilə pisi, gözəllə çirkini, iqtisadiyyatda faydalı ilə zərərli olanı, siyasətdə ədalət və zülmü ayırd etmə bacarığına sahib olur. Elmdə doğruları önə çıxarmaq, əxlaqda yaxşı və gözəli yaymaq, iqtisadiyyatda sərvətləri israf etmədən faydalı və yararlı olan nədirsə, onu istehsal etmək, siyasətdə isə ədaləti təmin etməyə çalışır.
Ərbakan Xocamız elmini hidayətlə birləşdirən bir alim idi. Elmi işlərimizdəki nöqsan və səhvləri məntiqi təhlillər və riyazi üsullarla dərhal aşkar edib ortaya çıxarardı. Bitirdiyimizi hesab etdiyimiz bir çox işlərimizi onun etdiyi xəbərdarlıqla yenidən yazardıq. O, işlərimizdəki ziddiyyət və uyğunsuzluqları dərhal hiss edərdi.
 
b) FƏRASƏT
Hidayətlə elmi birləşdirənlər "fərasət” sahibi olurlar. Hadisələrin səbəb və nəticələrini dəyərləndirərək baş verənlərin tərkibini qavrayırlar. Hansı yol və metodların insanı hədəfə çatdıracağını hiss edirlər. Keçən hadisələri təhlil edərək gələcək haqqında dəqiq proqnoz verirlər. Fərasət sahiblərini aldatmaq və tovlamaq çətindir, çünki onlar güclü dəlillər tapır və istifadə edirlər. Fərasət sahibi olan möminlər hidayət ölçülərinə əsaslanaraq hadisələri təhlil edirlər. Allah Rəsulunun ifadəsi ilə desək: "Möminin fərasətindən çəkinin, çünki o, Allahın nuru (hidayəti) ilə hadisələri görür və dəyərləndirir”.
Möhtərəm Ərbakan Xocamız fərasət sahibi olan bir mömin idi. O, sionizmin şeytani plan və hiylələrini dərhal başa düşər və bizə də ətraflı şəkildə başa salardı. Tarixdə meydana gələn hadisələrin arxa planını onun bizə öyrətdiyi ölçülərlə başa düşərdik. Son əlli ildə onun nəzərə aldığı hadisələr eyni ilə meydana gəldi. Zaman və hadisələr həmişə onun sözlərini təsdiq etdi. Zalımlar onu aldada bilmədi. O, bizə və millətimizə həqiqətlərin başa düşülməsini təmin edən yol və metodlar öyrətdi.
 
c) DİRAYƏT
Tövhid və ədalət əqidəsi möminlərə haqq və ədaləti müdafiə etməkdə dirayət qazandırır. Hədəflərinə çatmaqda heç bir təhdid və çətinlik onlara mane ola bilməz. Həyatlarının hər saniyə və dəqiqəsini məqsədlərinə çatmaq üçün dəyərləndirirlər. Onlar dünyəvi mövqe və məqamları aşmış insanlardır. Onlar üçün mövqe və məqam inandıqları hədəfə çatmağı təmin etdiyi təqdirdə məna ifadə edir. Yalnız və yalnız Allahdan qorxar və Ona sığınarlar. Zalımların basqı və zülmü onların hədəflərinə çatmaq cəhdini azaltmaz, əksinə artırar. Onlar qınayanların qınamasına əsla əhəmiyyət verməzlər.
Ərbakan Xoca inandığı həqiqətləri başa salmaq və həyatını o həqiqətlərə görə nizamlama dirayətinə sahib bir rəhbər və lider idi. Zalım və quldurların ortaya çıxardığı maneələr onun əzmini heç bir zaman azaltmadı. Bəzən hadisələr bizi qorxudar və çəkindirərdi. Ona qulaq asdıqdan sonra mübarizə əzmi və cəhdimiz artardı. Haqq bildiyimiz hədəfə doğru getməkdən həzz duyar və xoşbəxt olardıq. O, hər bir işimizdə bizə həmişə ümid verdi, əzmimizin artması və qətiyyətli addım atmağımız üçün rəhbərlik etdi. Onun lüğətində ümidsizlik sözü yox idi.
 
ç) SƏBAT
Səbat ayağı yerə sağlam basmaq və səndələməməkdir. Ayaqlarını yerə sağlam basanları qarşıdan gələn çətinliklər və fəlakətlər yırğalaya bilməz. Hər bir vəziyyətdə yerlərində dimdik dayanarlar. Mövqelərini tərk etməzlər. Dayanarlar, istirahət edərlər, lakin yenə yola davam edərlər, çünki onlar yalnız güc və qüvvət sahibi olan Allaha güvənərlər. Onların Vəkili Allahdır. Allahı özlərinə vəkil seçənləri kim və hansı güc mübarizələrindən vaz keçirə bilər ki?! Səbat zəfərə doğru gedən yolun kompasıdır. O kompasın göstərdiyi istiqamətə doğru gedənlər gec-tez müzəffər olurlar. Quran yer üzünü abadlaşdıracaq və islah edəcək nizamı quracaq möminlərə belə xitab edir: "Ey iman gətirənlər! Əgər siz Allaha yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm edər”[1].
Ərbakan Xocamız inandığı mübarizəyə xidmət edərkən həmişə sabitqədəm oldu. Dəfələrlə yolunu kəsdilər. Lakin o, mübarizəsində sabitqədəm oldu. Güzəştə getmədi. Həqiqətləri başa salmaqda qorxuya qapılmadı. Allah da haqq və ədaləti müdafiə mübarizəsində onu sabitqədəm etdi. Zalımların zülmü onu öz ideyalarına xidmət etməkdən çəkindirə bilmədi.
 
d) SƏBİR
Səbir hər cür çətinlik və məşəqqət altında hədəfə çatmaq üçün yola davam etməkdir. Çətinliklərə qatlanaraq hədəfdən vaz keçməmək əzmi və iradəsidir. Səbir çətinlik və sıxıntılara qarşı müqavimət göstərərək hədəfə çatma əzm və iradəsinə sahib olmaqdır. Həzrət Loğmanın oğluna tövsiyə etdiyi səbir hədəf və qayəli səbirdir. "Oğlum! Namaz qıl, əmrun bil-məruf və nəhyun ənil-münkər et, sənə üz verəcək müsibətlərə səbir et. Həqiqətən, bunlar əzm tələb edən işlərdəndir!”[2]
Ərbakan Xocanın hər cür təzyiq və haqsızlığa qarşı səbir və sabitqədəmliyi, ictimai həyatda haqlının haqqını qoruyacaq və nemət-külfət paylaşdırılmasında ədaləti təmin edəcək "Ədalətli Quruluş”u yaratma qayəsinə yönəlmişdi. O, bu məqsədə çatmaq üçün cəhd etdi. İrqçi və istismarçı mərkəzlərin təzyiqlərinə qarşı səbir etdi. Təcavüzkarların təcavüzlərinə əhəmiyyət vermədən haqq bildiyi yolla getməyə davam etdi. "Səbir edən zəfər əldə edər”, – hədisini özünə şüar etdi. Onu əbədi aləmə yola salan milyonlarla insan onun mübarizəsində əldə etdiyi zəfəri təsdiq etdi.
Ərbakan Xocamız yuxarıda bildirilən xüsusiyyətlərə sahib olduğu üçün digər İslam alimləri kimi yol göstərən və cığır açan bir lider idi.
 
II. HƏDƏF GÖSTƏRƏN LİDER
OLARAQ NƏCMƏDDİN ƏRBAKAN
Ərbakan Xocamız bir elm adamı olmaqdan əlavə, böyük hədəflər göstərən bir lider idi. O, türk xalqına və bütün insanlığa aşağıdakı üç hədəfi göstərmiş və bütün ömrünü bu üç hədəfin həqiqət tapması üçün sərf etmişdir. Ona görə cihad aşağıda deyiləcək hədəflərin həyata keçirilməsi istiqamətində söz və fəaliyyətlərdən ibarətdir. Hər bir mömin bu üç hədəfin həqiqət tapması üçün bütün maddi, fiziki və mənəvi imkanlarından istifadə etməlidir.
 
a) YAŞANA BİLƏN BİR TÜRKİYƏ
Onun əsas hədəflərindən biri Türkiyənin "Yaşana Bilən Bir Ölkə” vəziyyətinə gətirilməsi idi. Ona görə hər bir mömin insanın öz ölkəsini yaşana bilən bir ölkə vəziyyətinə gətirməsi onun əsas vəzifəsidir. Onun qərarlaşdırdığı yaşana bilən Türkiyə aşağıda müəyyənləşdirilən sahələrdə inkişafının təmin edilməsi ilə gerçəkləşdirilə biləcək:
– Türkiyədə hər sahədə hər bir kəsin haqqı və azadlığı kamil şəkildə qorunmalıdır. Heç kimə qarşı haqsızlıq edilməməlidir. Ölkə sülh və həmrəyliyin hakim olduğu barış yurduna çevrilməlidir.
– Hər bir kəsin canı, fikri, etiqadı, şəxsiyyəti, irz və namusu, mal və mülkü əmniyyətdə olmalıdır. Hər bir kəs mütləq əməyinin qarşılığına sahib olmalıdır. Özbaşına idarəçilik deyil, hüquqi və şəri idarəçilik əsas olmalıdır. Ona görə şəriət haqlı olanın haqqının qorunduğu, hüququn üstünlüyünün təmin edildiyi bir nizamdır. Bu nizamda hakimlərin haqları deyil, haqlı olan hər bir şəxsin haqq və hüququ qorunacaq, özbaşına idarəçilikdən hüququn üstün olduğu idarəçiliyə keçiriləcək.
– Türkiyədə tərcih azadlığı təmin olunmalıdır. Heç kimin düşünmə, inanma, təşəbbüs və siyasi azadlığına girov qoyulmamalıdır.
– Türkiyədə əxlaqi və mənəvi dəyərlər qorunmalıdır; təhsilin hər mərhələsində bu dəyərlər insanlarımıza öyrədilməlidir.
– Türkiyə milli hərəkətverici qüvvələrini hərəkətə gətirərək inkişaf etməlidir.
– İnkişaf nəticəsində əldə olunan nemətlər ədalətli şəkildə bölüşdürülməlidir.
– Türkiyə insan hüquqları və demokratiya baxımından nümunəvi bir ölkə olmalıdır.
 
b) YENİDƏN BÖYÜK TÜRKİYƏ
Ərbakan Xocamızın hədəf olaraq göstərdiyi Yenidən Böyük Türkiyənin inşası aşağıda müəyyənləşdirilən hədəflərə çatmaqla gerçəkləşdirilə biləcək:
– Türkiyə millətin dünyagörüşünü və dəyər ölçülərini əks etdirən milli bir konstitusiya ilə idarə edilərsə, "Yenidən Böyük Türkiyə”yə çevriləcəkdir.
– Türkiyə Respublikası tam mənası ilə hüquqi bir dövlət olmalıdır. Hər sahədə özbaşınalığa son qoyulmalıdır. Dövləti zülm deyil, ədalət böyüdüb ömrünü uzadar.
– Türkiyə qabaqcıl texnologiyaya malik olmalı, yeni istehsal vasitələri istehsal etməli və onu ixrac etməyi də həyata keçirməlidir.
– Türkiyə qərbdən şərqə, şimal, orta və cənub avtomobil yolu və sürətli dəmiryolu şəbəkəsi ilə təchiz olunmalıdır.
– Türkiyədə yayğın sənayeləşmə sürətlə inkişaf etdirilməlidir. Türkiyənin inkişafdan geri qalan bölgələri və bununla bağlı problemləri olmamalıdır.
– Yenidən Böyük Türkiyənin universitetləri yeni elmi biliklərə yiyələnməli və yeni texnologiya istehsal etməlidir. Universitet təşəbbüskarlara müşavirlik etməli, təhsil xidmətləri ilə yanaşı istehsalı artıran layihələr tərtib etməli və bu sahədə təşəbbüs göstərənlərə təqdim olunmalıdır. Elm istehsal sahələrinə tətbiq edilməlidir.
– Yenidən Böyük Türkiyədə dövlət xalqa xidmət edən "Xidmətkar” bir quruma çevrilməlidir. Dövlət təzyiq vasitəsi olmaqdan çıxarılmalıdır. Xidmətdə və nemət-külfət bölüşdürülməsində ədaləti təmin edən bir qurum olmalıdır.
– Yenidən Böyük Türkiyə elmdə, texnologiyada, sənətdə, mədəniyyətdə, hüquqi əsaslara üstünlük verməkdə və demokratiyada nümunəvi bir ölkə olmalıdır.
 
c) YENİ BİR DÜNYA
Ərbakan Xocamız bir elm adamı və siyasi lider olaraq mövcud dünya nizamının dayandığı irqçi və istismarçı məntiqini ən yaxşı bilən və açıqlayan bir rəhbər idi. Ona görə güc tətbiq etməyi haqq-ədalət yolu kimi qəbul edən mövcud dünya nizamı bəşəriyyətə son dörd yüzillikdə müharibə və qarşıdurmadan başqa heç bir şey gətirmədi. Bu dünya nizamı bəşəriyyətə hüzur və xoşbəxtlik gətirə bilməz. Buna görə də bu nizam mütləq bəşəriyyətin ortaq cəhdi və mübarizəsi ilə dəyişdirilməlidir. Onun yerinə haqq və ədaləti əsas götürən ədalətli "Yeni Bir Dünya” qurulmalıdır. Onun təklif etdiyi dünya nizamı aşağıdakı xüsusiyyətlərə və qurumlara sahib olmalıdır:
 
1. YENİ BİR DÜNYANIN SÖYKƏNDİYİ ƏSAS PRİNSİPLƏR
Yeni Bir Dünya aşağıdakı əsas prinsiplərə görə inşa edilməlidir:
– Müharibə deyil, sülh;
– Qarşıdurma deyil, dialoq;
– İkili standart deyil, ədalət;
– Üstünlük deyil, bərabərlik;
– Təzyiq və hökm etmək deyil, insan haqları, azadlıq və demokratiya əsas götürülməlidir.
 
2. YENİ BİR DÜNYANIN TƏŞKİLATİ QURULUŞU
Yeni Bir Dünya aşağıda müəyyənləşdirilən təşkilati quruluşa sahib olmalıdır;
– Qlobal səviyyədə texnoloji əməkdaşlığı təmin edən qurumlar yaradılmalı və texnologiya istismara deyil, bəşəriyyətin rifahına xidmət etməlidir.
– Yeni bir pul vahidinə keçilməlidir. Bu pulun qarşılığı dəqiq müəyyənləşdirilməlidir. İnsanlıq qarşılığı dəqiq bəlli olmayan dollarla istismar edilməkdən xilas olmalıdır.
– Qlobal səviyyədə əməkdaşlığı və həmrəyliyi təmin edəcək yeni bir dünya bankı qurulmalıdır. Bu bank yoxsulluq və səfalət probleminin həll olunması üçün yeni layihələr hazırlamalıdır.
– Haqq və ədalət mərkəzli yeni bir pul fondu yaradılmalıdır. Bu fondun məqsədi istismarı aradan qaldırmaq olmalıdır. İmkanlı şəxslər yoxsullara və ehtiyacı olanlara kömək etməlidir.
– Yaradılacaq qlobal mədəniyyət təşkilatı, hüququn üstünlüyünü və bölüşdürmədə ədalətin əhəmiyyətini təmin edən dəyərlərin öz əhatə dairəsini genişləndirməsinə zəmin hazırlamalıdır.
– Qlobal səviyyədə doğru məlumatların və xəbərlərin yayılmasını təmin edəcək media quruluşları yaradılmalıdır.
– Yeni Dünya Nizamı qadın haqlarının qorunmasını təmin edəcək qurumların yaradılmasını qərarlaşdırmalıdır. Bu qurumlar qadın haqlarının və ailə müəssisələrinin qorunmasına zəmin hazırlamalıdır.
– Yeni Dünya Nizamı qlobal inteqrasiyanı həyata keçirməlidir. Bu məqsədlə Ərbakan Xocamızın quruluşunda önəmli rol oynadığı D-8 təşkilatı yaxın gələcəkdə bütün müsəlman ölkələrinin iştirak etdiyi D-60 təşkilatına çevriləcəkdir. Gələcəkdə bütün məzlum millətlərin iştirakı ilə D-160 qurulacaq və haqq-ədalətə söykənən qlobal bir inteqrasiya təmin olunacaqdır. Beləcə, dünyada başda əmək olmaqla sərmayə, texnologiya, mal və xidmət cərəyanı sərbəst olacaq. Bu dünyada heç kimə zülm edilməyəcəkdir. Dünya qaynaqlarının ədalətli bölgüsünə zəmin hazırlanacaqdır.
 
NƏTİCƏ
Prof. Dr. Nəcməddin Ərbakan hər bir fani kimi bu dünyada yaşadı. Ölkəsinə, İslam dünyasına və bəşəriyyətə böyük xidmətlər göstərdi. Əcəli tamam olduqda hər bir insan kimi əbədi dünyaya köç etdi və rəhməti-Rəhmana qovuşdu. O, elminə əməl edən mömin bir alim olaraq Türkiyədə və İslam dünyasında kütlələrin oyanıb ayağa qalxmasına zəmin hazırlayan fikirləri müdafiə etdi. Yeni cığırlar açdı və böyük hədəflər göstərdi.
Hidayət, fərasət və dirayət sahibi olan alimlərin özündən sonra miras qoyduğu ən böyük sərvət müdafiə etdikləri prinsiplər, açdıqları cığırlar və göstərdikləri hədəflərdir. Ərbakan Xocanı sevənlər onun sahib olduğu prinsiplərə tabe olacaqlar, açdığı cığırda yeriyəcəklər və göstərdiyi hədəfləri həqiqətə çevirməyə çalışacaqlar. Mütləq onun qərarlaşdırdığı kimi Türkiyə "Yaşana Bilən Bir Ölkə” olacaq. Millət öz dünyagörüşü və dəyər ölçülərini ifadə edən "Milli Görüş” prinsiplərinin ətrafında bütünləşərək "Yenidən Böyük Türkiyə”ni inşa edəcəkdir. Türkiyənin rəhbərliyi altında ədalətli "Yeni Bir Dünya” qurulacaqdır.
Prof. Dr. Arif Ərsoy
 


[1] "Mühəmməd”; 7
[2] "Loğman”; 17



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun