14 Noyabr 2018









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək
MİSİR "DARUT-TƏQRİB” MÜƏSSİSƏSİ

"Darut-Təqrib” müəssisəsi şiə ilə əhli-sünnə arasında ittifaq və ittihad yaratmaq məqsədilə Mühəmmədtəqi Qummi və onun fikri tərəfdarları tərəfindən hicri-qəməri təqvimilə 1366-cı il 30 rəbiüləvvəldə (m. 1947) yaradılmışdır. Bu məqaləni yazmaqda məqsəd bu müəssisə, onun fəaliyyəti və bərəkətləri haqqında oxucuları tanış etməkdir. Bu araşdırmanın mühüm kəşflərinə əsasən həmin müəssisə maarif işləri sahəsində maraqlı nailiyyətlər əldə etmişdir. Belə ki, İslam dünyasının bu iki böyük məzhəbinin – sünni və şiə məzhəblərinin alimlərini elmi və fiqhi mövzuları müzakirə etməkdə bir-birilə üz-üzə gətirmişdir.

Hər bir din və məzhəbin daxili ixtilafları onun məhv olmasının ən mühüm amillərindən hesab olunur. Buna görə də əqlin və nəqlin hökmünə əsasən bir dinin ardıcılları lazımsız mübahisələri və ixtilafları kənara qoymalı, qəbul etdikləri müştərək dəyərlər əsasında bir-biri ilə yanaşı yaşamağa davam etməlidirlər.

Tərbiyə görmüş və qayğıkeş müsəlman alimlər müsəlmanlar arasında vəhdətin varlığının zərurətini dərindən düşünməklə məzhəblər arasında yaxınlaşma yaratmaq baxımından mərkəzlərin yaradılması fikrində olmuşlar və indi də bu, davam etməkdədir. Baxmayaraq ki, həmişə müxaliflər də olmuşdur. Bu arada Misirdə təsis olunmuş "Darut-Təqrib” müəssisəsi ən təsirli mərkəzlərdən biridir ki, bu sahədə ilk addımı atmış və İslam dünyası üçün çoxlu nailiyyətlər əldə etmişdir. Biz bu araşdırmada sizi həmin müəssisənin fəaliyyəti ilə daha ətraflı tanış edəcəyik.

"DARUT-TƏQRİB”İN YARADICISI

"Darut-Təqrib”in banisi Höccətülislam Mühəmmədtəqi Qummi olmuşdur. O, hicri-şəms təqvimilə 1289-cu ildə (m. 1910) Qum şəhərində dindar bir ailədə – üzvləri camaat tərəfindən etimadlı qəbul edilən və onların arasındakı ixtilafları və problemləri düzəldən və aradan qaldıran bir ailədə dünyaya göz açmışdır.

O, uşaqlıqdan istedadlı olmuş və gəncliyində dini elmləri tamam öyrənmiş və ustadlıq dərəcəsinə çatmışdır. Onun ən yüksək keyfiyyətlərindən biri də bu idi ki, o, ərəb, ingilis və fransız dillərinə mükəmməl şəkildə yiyələnmişdi. Ona görə də müxtəlif elmi qaynaqlara baş vura bilirdi.

O, İslam dünyasının problemlərini görür və İslam cəmiyyətini müstəmləkəçilərin şərindən xilas etmək üçün bir gün bir hərəkat yaradacağını düşünürdü. Onun inamına görə islahatın, müstəmləkəçilərin əllərinin kəsilməsinin və onların hiylə və fırıldaqlarının nəticəyə çatmamasının ən mühüm yollarından biri sünni və şiə olmasından asılı olmayaraq müxtəlif İslam cəmiyyətlərinin ittihad və birliyidir. Buna görə də cavanlıq illərindən etibarən İslam firqələri və məzhəbləri arasında bağlılıq yaratmaq üçün əməli yollar axtarışında olmuşdur ki, o vaxtlar bunun qeyri-mümkün bir iş olduğu qəbul olunurdu.

O, öz fikrini həyata keçirmək üçün 27 yaşında əhli-sünnənin ən böyük dini bazalarından biri olan Misirə doğru hərəkət etdi və öz fəaliyyətini başladı.

Mühəmmədtəqi Qummi öz hərəkətinin başlanğıcında iki mühüm məsələyə diqqət etdi:

– Misir və İran dövlətləri arasında siyasi problemlərə diqqət etməmək.

– Məzhəblərarası yaxınlaşdırma (təqrib) fikrini nizama salmaq üçün əhli-sünnənin böyük alimlərini və müftilərini inandırmaq.

O, dərin düşüncə və fikir, islami mətnlərə daha yüksək səviyyədən baxmaq, məntiq, elmi deduksiyalar, dirayət (bilik), iti görmə, İkinci dünya müharibəsini qənimət bilməklə bu mühüm sahədə addım atdı və Misir alimləri də onun fikirlərini və xalis niyyətini başa düşmək və onu dəstəkləməklə ona yaxınlaşdılar. O, 1947-ci ildə əl-Əzhərin və şiə məzhəbinin bir qrup böyük alimlərin köməkliyi ilə, ələlxüsus Ayətullah Bürucərdinin məsləhəti ilə Misirdə "Darut-Təqrib” müəssisəsinin əsasını qoydu və 25 il ərzində aparılan xalisanə fəaliyyətlər nəticəsində İslam dünyasında böyük fikri dəyişikliklər yaratmağa müvəffəq oldu ki, o günə qədər heç bir islahatçı bu işi yerinə yetirə bilməmişdi.

Mühəmmədtəqi Qummi özünün məzhəblərarası yaxınlaşdırma fəaliyyətlərini davam etdirmək üçün 1982-ci ildə Fransaya getdi. O artıq hiss edirdi ki, Fransada İslamı təbliğ etmək və yaymaq üçün zəmin vardır. Buna görə də ömrünün axırına qədər orada yaşadı və təqrib (yaxınlaşdırma) fəaliyyətlərini davam etdirdi.

O, cəhalət və təəssüblə bir ömür mübarizə apardıqdan sonra hicri-şəms təqvimilə 1369-cu il şəhrivər ayında (6-cı ay) (m. avqust 1990) Paris şəhərində 80 yaşında qəza nəticəsində həyata gözünü yumdu.

Onun pak bədəni şəhrivər ayının 16-da Parisdən Tehrana gətirildi və Rey şəhərində İmamzadə Abdullahda ailə məqbərəsində dəfn olundu. Onun pak nəşinin üzərinə mərmər bir daş qoyulmuşdur ki, onun da üstündə heç bir yazı və nişanə yoxdur.

Bir çox ölkələr, o cümlədən Livan Əllamə Qummi vəfat etdiyinə görə öz ölkəsində bir günü ümumi matəm günü elan etdi.

"TƏQRİB” CƏMİYYƏTİNİN HİMAYƏDARLARI

Sünni və şiə alimlərinin bir qrup görkəmli və təlim görmüş şəxsiyyətləri təqribçilərin məzhəblərarası yaxınlaşdırma, müştərək prinsiplərdə birləşməni ehya etmə və vəhdət düşüncəsi yaratma fəaliyyətlərini elmi, fikri və bəzən də maddi baxımdan dəstəkləyirdilər. Bu böyük şəxsiyyətlər aşağıdakılardan ibarətdir:

1. İrandan on iki imamçı şiə məzhəbinin məşhur və misilsiz dini rəhbəri Ayətullah Bürucərdi (Qum şəhəri)

2. İrandan on iki imamçı şiə məzhəbinin adlı-sanlı dini rəhbəri Ayətullah Mühəmmədhüseyn Ali-Kaşifulğita (Nəcəfi-Əşrəf)

3. Livandan on iki imamçı şiə məzhəbinin məşhur dini rəhbəri Ayətullah Seyid Əbdülhüseyn Şərəfəddin

4. Misirdən əl-Əzhər Universitetinin sabiq rəisi Şeyx Mustafa Məraği. (Şeyxlik müddəti: 1928-1930. İkinci şeyxlik müddəti: 1935-1945. Məzhəbi: hənəfi)

5. Misirdən əl-Əzhər Universitetinin sabiq rəisi Şeyx Mustafa Əbdürrəzzaq. (Şeyxlik müddəti: 1945-1947)

6. Misirdən əl-Əzhər Universitetinin sabiq rəisi Şeyx Əbdülməcid Bişri. (Şeyxlik müddəti: 1950-1951. İkinci şeyxlik müddəti: 1952-1952)

7. Misirdən əl-Əzhər Universitetinin sabiq rəisi Şeyx Mahmud Şəltut. (Şeyxlik müddəti: 1958-1963)

8. Misirdən əl-Əzhər Universiteti "İslam Hüququ Fakültəsi”nin rəisi Mühəmməd Mədəni

Bunlardan başqa on iki imamçı şiə məzhəbinin böyük alimləri, Misir əl-Əzhər Universitetinin başçıları və əhli-sünnənin böyük liderləri vəhdətçilik düşüncəsinin himayədarlarından və "Təqrib Cəmiyyəti”nin fikri dəstəkçilərindən olmuşlar. Şeyx Həsən əl-Bənna, böyük İslam mücahidi Muhyiddin Quleybi Tunisi, Mühəmmədcavad Muğniyə, Qumdan Seyid Sədrəddin Sədr, Hicazdan Şeyx Mühəmməd Sürur Səbban, İsfahandan Şeyx İsmayıl Nəcəfi, Simnandan Şeyx Mühəmmədsaleh Hairi Mazandarani, Qumdan Mühəmmədtəqi Xansari "Təqrib Cəmiyyəti”ni dəstəkləyənlərdən olmuşlar.

Onu da demək lazımdır ki, Ayətullah Bürucərdi Mərkəzin təsisçilərindən olmasa da, işin əvvəlindən "Darut-Təqrib” müəssisəsinə fikri və maddi yardım etmişdir. Ayətullah Vaizzadə Xorasani deyirdi: "Mərhum Qummini dəfələrlə Qumda onun mənzilində görmüşdüm. Mərhum Qummi onunla görüşməyə gəlirdi. Ayətullah Bürucərdi neçə illər sonra əl-Əzhərin şeyxi ilə məktublaşma qapısını açdı. Onun və əl-Əzhərin o vaxtki şeyxi Əbdülməcid Səlimin məktubları "Risalətul-İslam” jurnalında çap olunmuşdur”.

Cənab Vaizzadə Xorasani belə hesab edirdi ki, çox ehtimal ki, Ayətullah Bürucərdinin vəfatından sonra artıq heç kim "Darut-Təqrib”ə maliyyə yardımı etmədiyinə görə mərkəzin, həmçinin "Risalətul-İslam” jurnalının fəaliyyəti dayandı. Belə bir fikir söylənilir ki, Ayətullah Bürucərdi məzhəblərarası yaxınlaşdırma məsələsinə və onun mərkəzinə çox diqqət göstərərdi və öz dərslərinin mövzularında "Darut-Təqrib”, onun üzvləri və təsisçiləri haqqında çox danışardı.

Ayətullah Vaizzadə Xorasani nəql edir ki, bir gün Ayətullah Bürucərdi Şeyx Əbdülməcid Səlim haqqında buyurdu: "Allah ona rəhmət eləsin! Nə vaxt Kərbəla faciəsi haqqında söhbət düşsəydi, çox təsirlənərdi və deyərdi: "Bu faciə İslamın ətəyində bir rüsvayçılıq ləkəsidir ki, heç bir vasitə ilə onu təmizləmək mümkün deyil!”[1]

Ayətullah Bürucərdi alimlərin fikirlərinə xüsusi əhəmiyyət verərdi. Buna görə də bəhsin mövzusuna daxil olan məsələlərdə əvvəl sünni alimlərinin fikirlərini müzakirə edər, sonra şiə alimlərinin fikirlərinə və nəzəriyyələrinə diqqət edərdi.

Ayətullah Bürucərdinin islami vəhdət barəsində aydınlaşdırıcı və nəzəri bir bəyanı yoxdur və onun məzhəblərin yaxınlaşmasına olan diqqətini və təmayülünü onun təsirləri, mövqeləri və məktubları əsasında kəşf edə bilərik ki, əsasən bunları görkəmli rəhbərlər "Cəmaətut-Təqrib beynəl-Məzahibil-İslamiyyə” ("İslam Məzhəbləri arasında Yaxınlaşdırma Cəmiyyəti”) və Misirdəki əl-Əzhər Universiteti ilə münasibətində müzakirə etmişdir.

"DARUT-TƏQRİB”İN MİSİRDƏ TƏSİS OLUNMASININ SƏBƏBLƏRİ

Əvvəldə deyildiyi kimi Əllamə Mühəmmədtəqi Qummi Ayətullah Bürucərdinin yolgöstəriciliyilə əhli-sünnənin birləşdiyi mərkəz olan Misiri məzhəblərarası yaxınlaşdırmanın müraciət yeri olaraq seçdi və "Darut-Təqrib”i orada təsis etdi. Lakin onu da etiraf etməliyik ki, həqiqətdə Misirin maarif mühiti şiə ilə sünni arasında qarşılıqlı anlaşma və dostluq yaranmasına hazır idi. Bunu sübut edən dəlilləri aşağıdakı bəndlərdə izah edək:

1. Misir xalqı açıq-aşkar digər müsəlman qardaşlar, o cümlədən on iki imamçı şiələrlə qarşılıqlı anlaşmaya və yaxınlaşmaya çox təmayül edirdi və İran İslam İnqilabının qələbəsindən sonra bu təmayül daha da artdı.

2. Malik Əştər kimi Əhli-Beytə bağlı olanların bir çoxunun qəbirlərinin Misirdə olması bu ölkənin xalqının digər islami ölkələrin xalqlarından daha çox Əhli-Beytə məhəbbət təzahür etdirməsinə səbəb olmuşdur.

3. Tarixi baxımdan şiələr vasitəsilə Misirdə Fatimi dövlətinin qurulması və misirlilərlə vəhhabilər arasındakı tarixi düşmənçilik məzhəblərarası yaxınlaşdırma düşüncəsinin düşmənləri qarşısında bir sədd rolunu oynamışdır. Məhz buna görə vəhhabilər Misirdə çox cəhd etsələr də, şiə əleyhinə olan təxribatçı fikirləri yaymağa müvəffəq ola bilməmişlər.

4. Yuxarı Misirdə (Səid məntəqəsi), ələlxüsus Qina və Əsvan qubernatorluqlarında İmam Cəfər Sadiqə bağlı olan "Cəafirə” adlı bir qrup vardır ki, onlar məzhəblərarası yaxınlaşdırma düşüncələrinə sahibdirlər və sünni müsəlmanlarla qardaşcasına birlikdə yaşayırlar. Misirdə iki milyon cəafirə vardır.

5. Misirdə Həzrət Əlinin tərəfdarlarından olan "sufi firqəsi” də həmişə əhli-sünnə alimlərilə gözəl elmi həmkarlıq etmişdir. Xalqın Əhli-Beytə bağlılığından xəbərdar olan Misir sufi hərəkatının rəhbərləri həmişə özlərinin maarifpərvər fəaliyyətlərilə vəhhabiliyin təfriqə yaradan təlimlərinin inkişafına mane olmuşlar.

"Buhrə”lərin (İsmailiyyə firqəsidir), sufilərin, cəafirənin və digər Əhli-Beyt tərəfdarı olan qrupların varlığı bir tərəfdən və Şeyx Mahmud Şəltut və Kəvakibi kimi bəzi Misir alimlərinin açıq və işıqlı təfəkkürü də digər tərəfdən Misirdə məzhəblərarası yaxınlaşdırma düşüncələrinin inkişafına səbəb olmuşdur. Baxmayaraq ki, vəhhabilərin Əbdünnasirin dövründən sonra başlayıb bu günə qədər davam edən fəaliyyətləri də həmişə məzhəblərarası yaxınlaşdırma düşüncəsinin inkişafı ilə mübarizə aparmışdır. Nəticə olaraq onu deyə bilərik ki, Mühəmmədtəqi Qummi bütün bu amilləri nəzərə almaqla Misirə getmiş və oranı özünün məzhəblərarası yaxınlaşdırma fikirlərinin müraciət məkanı olaraq seçmişdir.

MİSİR "DARUT-TƏQRİB” MÜƏSSİSƏSİNİN

TƏSİS OLUNMASI VƏ ONLARIN MÜXALİFLƏRİ

"Darut-Təqrib” müəssisəsi Şeyx Şəltut, Əbdülməcid Səlim, Mustafa Məraği və s. kimi bir çox sünni və şiə alimlərinin əməkdaşlığı və xüsusilə şiənin aliməqamlı dini rəhbəri Ayətullah Bürucərdi, Şeyx Mühəmmədhüseyn Ali-Kaşifulğita, Seyid Əbdülhüseyn Şərəfəddin Musəvi və s-nin göstərişi və təklifi ilə Mühəmmədtəqi Qummi tərəfindən təsis olundu. Bu hadisə elə bir dövrdə baş verdi ki, bir tərəfdən cəhalət və məlumatsızlıq, digər tərəfdən də təfriqə yaradan siyasətlər Əhli-Beyt dostu olan yüz milyonlarla müsəlmanı şiənin gözündə kiçik bir əqəliyyət formasında nasibi (Əhli-Beyt düşməni) kimi tanıtdırmışdı. Eyni vaxtda imamət və xilafət məsələsini qoruyub saxlamaqla bütün üsullar və prinsiplərdə əhli-sünnə ilə eyni yolda olan on milyonlarla şiə müsəlmanı unudulmuş kiçik firqə libasında qulat[2] kimi tanıtdırmışdı. Həmçinin o dövrdə firqə və məzhəb təəssübkeşliyi özünün ən yüksək nöqtəsinə çatmışdı və demək olar ki, heç kimin islahatçılıq etməyə cürəti və cəsarəti yox idi. Mühəmmədtəqi Qummi islahat addımını atmamışdan əvvəl əməkdaşlıq üçün lazım olan mühiti yaratdı və bir həddə qədər camaatın fikrini məzhəblərarası yaxınlaşdırma islahatçı hərəkatı üçün hazırladı. Ümumi olaraq bu müəssisənin formalaşma mərhələləri aşağıdakılardan ibarətdir:

1. Müqəddimə və hazırlıq mərhələsi.

2. Yaranma və üzəçıxma mərhələsi.

3. İcra mərhələsi.

Müqəddimə və hazırlıq mərhələsi 1938-ci ildən başladı və Mühəmmədtəqi Qummi həmrəyliyə dəvət baxımından əvvəl Misirə getdi və əl-Əzhər Universitetində Şeyx Mühəmməd Mustafa Məraği ilə görüşdü və həmin görüşdə bu şeyxin müsəlmanlar arasında vəhdətin yaranmasında nə qədər maraqlı olduğunu kəşf etdi və ondan əməkdaşlıq etməyi tələb etdi.

Mustafa Mərağinin əl-Əzhərdə mühüm rolu və vəzifəsi olduğuna görə birbaşa məzhəblərarası yaxınlaşdırma məsələsini müzakirə etmə addımını ata bilmirdi. Lakin Mühəmmədtəqi Qummi üçün zəmin hazırladı və o da əl-Əzhər Universitetində çıxış etdi və digər tərəfdən açıq və geniş fikrə malik olan tacirlərlə əlaqə qurmağı bacardı.

Sonrakı mərhələdə Mühəmmədtəqi Qummi "Darut-Təqrib Cəmiyyəti”ni formalaşdırdı və məsuliyyəti başlarında Şeyx Mustafa Mərağinin gəldiyi bir qrup İslam böyüklərinin çiyinlərinə qoydu. Mustafa Məraği o dövrün şərtlərinə görə "Darut-Təqrib”in bir üzvü kimi tanınmağı məsləhət bilmədi və buna görə də Şeyx Əbdülməcid Səlimi seçdi.

"Darut-Təqrib”in təsis olunması xəbəri yayıldıqdan sonra təəssübkeş şəxslər həyəcan və çaxnaşma yaratdılar və Misirin o dövrdəki hakimlərinin fikirlərini təşvişə saldılar. Şeyx Mustafa Məraği bu vaxt əməkdaşlıq və ittifaq fikri qarşısındakı öz borcunu əda etdi və iftiralara, mövcud müşküllərə qarşı lazım olan şəkildə müqavimət göstərdi. Mühəmmədtəqi Qummi onun barəsində belə deyir: "... Əgər bu imanlı şəxsin müdafiəsi olmasaydı, bu ideyanın işi həmin ibtidai mərhələdə sona çatacaqdı. ...”[3]

Ondan sonra sünni və şiə alimləri arasında yeni bir fəsil açıldı. Şeyx Əbdülməcid Səlim şiə alimləri, o cümlədən Ayətullah Bürucərdi ilə məktublaşma qapısını açdı[4] və Misir əl-Əzhər Universitetini dörd məzhəbin inhisarından çıxardı və şiə məzhəbinin bir çox hökmləri ilk dəfə Misir dövlətinin qanununa daxil oldu.

Şeyx Şəltut başqa bir böyük sünni alimidir ki, ömrünün axırına qədər "Darut-Təqrib” müəssisəsində fəaliyyət göstərdi və dəyərli xidmətlər etdi. O, belə bir təklif verdi ki, şiə və sünnini firqə, yaxud tayfa adlandırmaqdansa, hamısını "İslam Məzhəbləri” adlandırmaq daha münasib olar.

Onun məzhəblərarası yaxınlaşdırma hərəkatına göstərdiyi ən böyük və ən mühüm xidmətlərdən biri də onun tarixi fitvası olmuşdur. Həmin fitvada digər əhli-sünnə məzhəbləri ilə yanaşı on iki imamçı şiə məzhəbi adı ilə tanınan cəfəri məzhəbinə tabe olmağın caiz olduğunu elan etmişdir.

Şeyx Şəltutun fitvası sadir olduqdan sonra bir çox alimlər onun üçün problemlər yaratdılar və onun sünni məzhəbindən çıxıb şiə məzhəbinə təmayül etdiyinə qail oldular. Lakin Şeyx Şəltut geniş qəlblə onların bütün etirazlarına cavab verdi və məzhəblərarası yaxınlaşdırmanı və şiə məzhəbinin hökmlərini müdafiə etdi.

Ondan sonra 1947-ci ilin fevralında (h. q. 30 rəbiüləvvəl 1366) təşkil olunmuş bir iclasda on altı maddəlik bir qanun "Darut-Təqrib”də müxtəlif məzhəblərin alimlərinin yekdilliyi ilə qəbul olundu.

İlk maddədə bu islami heyət "Cəmaətut-Təqrib beynəl-Məzahibul-İslamiyyə” ("İslam Məzhəbləri arasında Yaxınlaşdırma Cəmiyyəti”) adlandırıldı. İkinci maddədə isə heyətin hədəf və məqsədləri, üçüncü maddədə isə hədəf və məqsədə çatmağın vasitələri və imkanları bəyan olunmuşdur. ...[5]

İslam alimlərinin başladığı məzhəblərarası yaxınlaşdırma hərəkatının davam etməsi nəticəsində düşmənlər də sakit oturmadılar və onların əleyhinə öz həmlələrini və sui-qəsdlərini başladılar ki, onların ən mühümü vəhhabilər idi. Onlar Misir xalqını on iki imamçı şiə məzhəbinin fiqhi və əqli səviyyəsindən uzaqlaşdırmaq üçün şiəliyə qarşı müqavimət göstərməyə başladılar. Fikirləri bu idi ki, Misir alimlərinin və Misir xalqının vəhdətçi təmayüllərini sapqınlığa doğru çəksinlər.

O vaxt özünün tabe olunan dövlət nümayəndəliyi ilə Fələstinə, İordaniyaya və İraka hakimlik edən ingilis siyasətçiləri şiə və sünni arasındakı yaxınlaşdırmadan və həmrəylikdən qorxuya düşdülər və İsaf Nəsasibi adlı şəxsi "Doğru İslam” adlı kitab yazmağa və onu tez bir zamanda nəşr etdirməyə təhrik etdilər. O, özünün muzdlu və təfriqə yaradan qələmilə bütün İslam məzhəblərinə müraciət edərək belə elan etdi: "Siz heç biriniz müsəlman deyilsiniz. Müsəlman yalnız mənəm. Vəssəlam!” O günlərdə müstəmləkəçilər və təfriqəçilər müsəlmanların bir-birindən xəbərsiz olmasından istifadə edib "Parçala, hökm sür!” siyasətini həyata keçirə bildilər və işi elə bir nöqtəyə çatdırdılar ki, hal-hazırda bəzi marionetka dövlət başçıları sonda qəsbkar İsrail rejiminin zillətini rəsmi olaraq tanıdılar.

Digər tərəfdən bir çox alimlər məzhəblərarası yaxınlaşdırma məsələsinin Mühəmmədtəqi Qummi tərəfindən müzakirə olunması və "Darut-Təqrib” müəssisəsinin təsis olunması ilə müxalifət edib Mühəmmədtəqinin hərəkətini bütün sünnilərin şiələşməsinə və digər məzhəblərin boğulmasına doğru bir hərəkət kimi qələmə verdilər. Məsələn, Doktor Nasir əl-Qaffari öz kitabında Mühəmmədtəqi Qumminin hərəkəti barəsində bu əqidəni ortaya qoyur ki, guya o, təqiyyə və tövriyə pərdəsini cırıb müsəlmanları açıq şəkildə on iki imamçı şiə məzhəbinə dəvət etmişdir. Qaffari inanır ki, "Darut-Təqrib” "Şiənin əhli-sünnə ilə heç bir fərqi yoxdur” sözü ilə Şeyx Şəltutu aldatmış və ondan cəfəri məzhəbinə tabe olmağın icazəli olması barəsində fitva verməyi tələb etmişdir[6].

Bütün hiylələrə və yaradılan təfriqələrə baxmayaraq, Misir "Darut-Təqrib” müəssisəsi 25 il ərzində müsəlmanlar arasında vəhdət istiqamətində böyük xidmətlər həyata keçirdi ki, onun səmərəsi və bərəkəti bu günə qədər heç kimə gizli deyildir və biz qarşıda ona işarə edəcəyik.

Çox təəssüflər olsun ki, bəzi ərəb-İslam (!) ölkələrinə hakim olan siyasi şərait, hökumətlərin dəyişilməsi və əksər ölkələrdə islami hərəkatların boğulması, İslam-ərəb ölkələrindəki məzhəblərarası yaxınlaşdırmanın qabaqcıllarının vəfatı səbəbilə bu islahatçı hərəkat, ələlxüsus onun Qahirədəki mərkəzi durğunluğa düçar oldu, sonra isə tamamilə fəaliyyətini dayandırdı. Keçən əsrin dördüncü rübündə bu hərəkat heç cür fəaliyyət göstərə bilməmişdir.

İranda İslam İnqilabının qələbəsindən sonra Tehranda "Dünya İslam Məzhəbləri arasında Yaxınlaşdırma Cəmiyyəti”nin təsis olunması və orada bir qrup İslam məzhəbləri alimlərinin iştirakı ilə yeni bir hərəkat başladı. Lakin çox təəssüflər olsun ki, orada əl-Əzhər Universitetinin olmaması və fəal Misir alimlərinin iştirak etməməsi cəmiyyətin zəif bir nöqtəsi idi ki, onun mənfi izləri və təsiri bütün zəminlərdə tam şəkildə müşahidə olunurdu[7].

Bu gün bir çox alimlər və dini mərkəzlər yenidən Misir "Darut-Təqrib” müəssisəsini bərpa etmək istəyir və keçmişdən daha çox yayılmış müstəmləkəçilərin hiylə və fitnələri qarşısında müsəlmanların vəhdət və ittihadının yaranması üçün onu (yəni "Darut-Təqrib” müəssisəsini) zəruri hesab edirlər.

"Əd-Düstur” qəzetinin verdiyi məlumata əsasən Misir "Vəqflər Nazirliyi” əsası Şeyx Şəltut və iranlı Ayətullah Qummi tərəfindən qoyulmuş İslam məzhəbləri – sünnilik və şiəlik arasında yaxınlaşdırma komitəsinin yenidən bərpa olunmasını istəmişdir.

Seyid Hadi Xosrovşahi bu barədə yazır: "Mən şəxsən bu əqidədəyəm ki, Misir və əl-Əzhərin olmaması ilə biz bütün dünya müsəlman millətləri qarşısında öz vəzifəmizi kamil şəkildə yerinə yetirə bilmərik”[8].

"DARUT-TƏQRİB”İN MÜVƏFFƏQ OLMASININ AMİLLƏRİ

"Darut-Təqrib”in müvəffəq olmasının ən mühüm amilləri aşağıdakılardır:

a) Allahın diqqəti və lütfü.

b) Hərəkatın məntiqli və rasional olması. "Darut-Təqrib” camaatın diqqət mərkəzində olan mütəfəkkir əqlləri və dini şəxsiyyətləri qane etməyə və məntiq və elmi istidlallarla (deduksiyalarla) onları bir yerə yığmağa səy etdi ki, ta elmi sübutlarla ixtilafları həll edə bilsin. "Risalətul-İslam” jurnalının elm əhlinin repreduktoru olaraq nəşr edilməsi bu mövzunu təsdiq edir.

c) İslamın böyük və bir nömrəli alimlərini bu çağırışa qoşmaq.

ç) Onun siyasətlə qarışmaması. Bu mərkəzin müvəffəq olmasının ən mühüm sirlərindən biri də onun siyasətlə qarışmaması idi. Bu, "Darut-Təqrib”in siyasi fəaliyyətlə məşğul olmaması mənasında yox, onun heç bir siyasi partiya və qruplaşmaya bağlı olmaması mənasında başa düşülməlidir.

Yenə də öz iddiamızı isbat etmək üçün sonrakı mövzularda işarə edəcəyimiz elmi bir jurnal olan "Risalətul-İslam” jurnalına əsaslanırıq. Bu jurnalda heç bir dövlət mədh olunmamışdır. Mühəmmədtəqi Qummi müxtəlif dövlətlərin hökuməti zamanında dövrün hakimi ilə danışığa girər və jurnalın bitərəf olmasını və onun partiyalar və dövlətlərə siyasi bağlılığının olmamasını tələb edər, məntiq və istidlalla onları razı salardı.

Məhz buna görə İkinci dünya müharibəsi zamanında bir çox jurnallar müvəqqəti olaraq öz fəaliyyətlərini dayandırmalarına baxmayaraq, bu jurnal öz işini davam etdirə bildi.

d) Hərəkatın qrup şəklində olması. "Darut-Təqrib” hərəkatı müsəlmanların ittihad və ittifaqını yaratmaq üçün qrup şəklində və ictimai formada fəaliyyət göstərirdi. Buna görə də Mustafa Məraği vəfat etdikdə Şeyx Əbdülməcid Səlim onun yolunu davam etdirdi və bu bayrağı qoruyub saxladı.

e) Əhli-sünnə müftisi Əbdülməcid Səlimin yardımları və Şeyx Şəltutun fitvası.

ə) Müsəlmanların gözündə ən dəyərli universitet olan əl-Əzhər universitetinin seçilməsi.

f) O dövrün siyasi mövqeyindən bəhrələnmək. "Darut-Təqrib”in təsis olunması Osmanlı hökumətinin süquta uğraması və böyük müstəmləkəçi dövlətlərin İkinci dünya müharibəsindən yorulması ilə eyni vaxta təvafüq etdi və alimlər bu mövqedən çox bəhrələndilər.

g) İslam məzhəblərinin azad tribunası kimi "Risalətul-İslam” jurnalının varlığı.

"DARUT-TƏQRİB”İN FƏALİYYƏTLƏRİ

"Darut-Təqrib” müəssisəsi müsəlmanlar arasında vəhdətin inkişaf etməsi istiqamətində çoxlu maarifpərvər və siyasi addımlar atmışdır. Aşağıda onların bəziləri barədə məlumat vermək istəyirik:

1. Maarif sahəsində fəaliyyətləri.

Bu müəssisənin ən mühüm maarif fəaliyyətləri aşağıdakılardan ibarətdir:

1.1. "Risalətul-İslam” jurnalının nəşr edilməsi. Bu jurnal h. q. təqvimilə 1368-ci ildən (m. 1949) nəşr edilməyə başlamış və öz işini h. q. təqvimilə 1392-ci ilə (m. 1972) qədər davam etdirmişdir. Rüblük jurnal idi. Cəmi 60 nömrəsi çap olunmuşdur.

"Dünya İslam Məzhəbləri arasında Yaxınlaşdırma Cəmiyyəti” onun tam dövrəsini 15 cilddə ofset üsulu ilə "Böyük Rəhbərlik Məqamı”nın əmri ilə yenidən çap etmişdir.

Bu jurnal azad və bitərəf kürsü idi ki, nəşr olunduğu illər ərzində haqqı öz işinin meyarı qərar vermişdi və məzhəblərarası yaxınlaşdırma kimi böyük bir hədəf, yəni "məzhəblərarası yaxınlaşdırma fikrini ehya etmək və müsəlmanların qəlbləri arasında ülfət yaratmaq” üçün addım atırdı.

İslam dünyasının alimləri və mütəfəkkirləri bu jurnal vasitəsilə öz fikirlərini bir-birinə çatdırır, fikir mübadiləsi aparır və İslam və İslam məzhəblərinin doğru təqdimatını həyata keçirirdilər.

Bu jurnal aşağıdakı ümumi istiqamətlərdə fəaliyyət göstərən rüblük bir jurnal idi.

a) Əqidəvi mövzular və məsələlər

b) Qurana aid mövzular və məsələlər

c) Fiqhi mövzular və məsələlər

ç) Ədəbi mövzular və məsələlər

Bu ümumi istiqamətlər də öz növbəsində cüzi (hissəvi) istiqamətlərə bölünürdü ki, bu məqalədə onlar haqqında danışmağa imkan yoxdur.

Ümumiyyətlə, "Risalətul-İslam” jurnalı müsəlmanlar arasında ittihad və ittifaqın inkişaf etməsinin ən mühüm amillərindən biri hesab olunur. Belə ki, Şeyx Şəltut bu jurnalın təqdimatında deyir: "İstərdim ki, "Risalətul-İslam” jurnalının rolunu şərh edəm ki, öz missiya vəzifəsini necə yaxşı yerinə yetirdi və öz məqalələri və bəhsləri ilə ona yardım edən müxtəlif məzhəblərin alimlərinin fikir və düşüncələrinin nəşr olunma mərkəzi idi. Belə ki, hamı onun nəşr olunmasının intizarında idi. Onun nömrələri şiə və sünni kitabxanalarına zinət verirdi. Onun maarifindən qərblilər də şərqlilər kimi faydalanırdılar”.

1.2. Şiəliyin və onun etiqadlarının digər məzhəblərə tanıtdırılması.

Bu iş şiənin fiqhi məsələlərinin və həmçinin şiə alimlərinin bəzi kitablarının çap və nəşr olunması ilə həyata keçirildi. Onlar aşağıdakılardn ibarətdir:

a) "Hədisi-səqəleyn risaləsi”. "Hədisi-səqəleyn” "Risalətul-İslam” jurnalının ikinci ilində 4-cü nömrədə çap olundu. Bu hədis mütəvatir sənədlərlə nəql olunmuşdur. Bəzi hədisşünas tədqiqatçıların dediklərinə əsasən hədisi-səqəleyn Ənəs ibn Malik, Ömər ibn Xəttab, Əmr ibn As, Səd ibn Əbivəqqas, Əbdürrəhman ibn Ouf və s. kimi 33 əshabə və həmçinin 19 nəfər tabein vasitəsilə nəql olunmuş və əhli-sünnənin 300 nəfər məşhur alimi öz kitablarında bu rəvayəti nəql etmişlər[9].

b) "əl-Həcc ələl-məzahib” ("Məzhəblərdə həcc”). On iki imamçı şiə məzhəbinə yönəldilən əsas etirazlardan biri də həcc məsələsi idi ki, düşmənlərin çirkin təbliğatları nəticəsində müsəlmanlar belə fikirləşirdilər ki, şiələrin həcci yalnız Kərbəla və Nəcəfdə həyata keçirilir. Buna görə də ilk dəfə on iki imamçi şiə və zeydi məzhəblərinin nümayəndələri şafei, maliki, hənbəli və hənəfi məzhəblərinin nümayəndələri ilə birləşib həccin hökmləri və həcc mərasimində yerinə yetirilən ibadətlər (mənasiki-həcc) barəsində "əl-Həcc ələl-Məzahib” adlı bir kitab yazdılar. Səudiyyə dövləti həmin kitabın çap olunmasına etiraz etdiyinə görə "Müsəlman Qardaşlar Cəmiyyəti” onu qəzetin böyük bir vərəqində çap etdi. Xalq bu kitabı oxumaqla başa düşdü ki, şiə məzhəbi də İslamdan ayrı deyildir və onun həcc ibadətlərinin üsulları və rüknləri digər dörd sünni məzhəbi ilə müştərəkdir.

c) "Əl-Müxtəsərun-Nafiu fi fiqhil-imamiyyə” ("On iki imamçı şiə fiqhində faydalı müxtəsər kitab”). Bu kitabın müəllifi Əbülqasım Nəcməddin Cəfər ibn Həsən Hellidir (Mühəqqiq Helli. d. h. q. 602/ m.1206, v. h. q. 676/ m. 1278). Əhli-sünnə məzhəbinin böyük alimləri bu kitabı mütaliə etdikdən sonra başa düşdülər ki, üsulda (əsas prinsiplərdə) on iki imamçı şiənin fiqhi ilə əhli-sünnənin fiqhi arasında o qədər də fərq yoxdur, çünki şiə alimlərinin islami hökmləri istinbat etmək (kəşf etmək) üçün müraciət etdikləri bir çox qaynaqlar, yəni Quran və Peyğəmbər Sünnəsi şiə ilə sünni arasında müştərək olan qaynaqlardır. Mövcud ixtilaf rəy və nəzərdə olan ixtilafdır (yəni çıxarışla əlaqədar olan ixtilafdır).

ç) "Təzkirətul-Füqəha” ("Fəqihlərin öyüd-nəsihəti”). Bu kitabın müəllifi böyük şiə alimi Əllamə Hellidir (d. h. q. 648/ m. 1251, v. h. q. 726/ m. 1326). Əhli-sünnə alimləri "əl-Müxtəsərun-Nafi” kitabını mütaliə edib onunla tanış olduqdan sonra şiənin istidlali (deduktiv) bir fiqh kitabının axtarışında idilər ki, ta şiə və sünni fiqhinin nəzəriyyələri arasındakı yaxın nöqtələri tapa bilsinlər. "Təzkirətul-Füqəha” kitabı onların hədəfləri istiqamətində ən yaxşı kitab oldu.

d) "Vəsailuş-Şiə” (Kitabın əsl adı: "Vəsailuş-Şiə fi təhsili məsailiş-şəriə” (Şəriət məsələlərinin əldə edilməsində şiənin vasitələri)). Dəyərli fəqih Mühəmməd ibn Həsən Hürr Amili (d. h. q. 1033/ m.1624, v. h. q. 1104/ m. 1693) tərəfindən yazılan, Həzrət Mühəmmədin məsum imamlar yolu ilə nəql olunan hədislərini, göstərişlərini, hökmlərini və sünnələrini ehtiva edən bu kitab əhli-sünnənin şiənin istidlali (deduktiv) fiqhi ilə daha çox tanış olması məqsədilə Mühəmmədtəqi Qummi tərəfindən nəşr olundu.

1.3. Məhərrəm ayında Aşura mərasiminin keçirilməsi. Uzun illər Misirdə Aşura günü bayram kimi qeyd olunurdu. Bu çirkin adətin hansı hökumət və siyasət tərəfindən həyata keçirildiyi məlum deyil. Lakin sonralar mərhum Şeyx Şəltut və onun dostları qədimdən qalmış bu çirkin siyasəti aradan qaldırmaq üçün bir il Aşura günü əl-Əzhərdə İmam Hüseyn adına əzadarlıq mərasimi keçirdilər.

2. Siyasi fəaliyyətlər.

Baxmayaraq ki, bu mərkəz siyasi baxımdan heç bir partiyaya və qrupa bağlı deyildi, lakin müstəmləkəçilər və sünni ilə şiə arasında təfriqə yaradan güclər qarşısında müsəlmanlararası ittihad və ittifaq istiqamətində çoxlu siyasi fəaliyyətlər aparmışdır.

"Darut-Təqrib” müəssisəsinin böyüklərinin əqidəsi bu idi ki, müxtəlif dövlətlərin yürütdüyü siyasətlər nifaqın və müsəlmanlar arasındakı ayrılığın ən mühüm amilidir. Onlar deyirdilər: "Bizi siyasət ayırdı, siyasət də birləşdirəcəkdir!” Buna görə də "Darut-Təqrib”in proqramlarından biri də daxili və xarici düşmənlər qarşısında siyasi fəaliyyət aparmaqdan ibarət idi.

Sünni ilə on iki imamçı şiə arasında ixtilaf yaradan ən mühüm mövzulardan biri də islami xilafət və siyasi rəhbərlik məsələsidir ki, bir qrup onu Əhli-Beytin xüsusi haqqı kimi qəbul etdiyi bir halda, digər bir qrup onu başqaları üçün isbat edib Əhli-Beytin haqqı olduğunu inkar edir və Əhli-Beyti yalnız sevməklə kifayətlənirlər. Bu özü də (yəni Əhli-Beyti sevmək məsələsi) iki məzhəb arasındakı müştərək dəyərlərdən hesab olunur.

Bu barədə Ayətullah Bürucərdinin fikri o idi ki, hal-hazırda belə bir məsələnin müzakirə olunması faydasızdır və müsəlmanlar arasında ixtilaf və düşmənçilik yaranmasının amilidir, çünki hal-hazırda xilafət mövcud deyildir ki, onun həqqaniyyəti və ya ədəmi-həqqaniyyəti (haqqa uyğun olmaması) barəsində bir-birimizlə mübahisə edək. Olanlar keçmişə aiddir və bu dövrdə mövzu artıq bağlanmışdır. Bu gün müsəlmanlar üçün faydalı olan, həm keçmişdə, həm də gələcəkdə onların ehtiyac duyduğu məsələdə dinin hökmlərini hansı mənbədən əxz etmələrini bilmələridir. Allahın Kitabı hamının üzərində ittifaq etdiyi bir mənbədir. Peyğəmbər də öz Əhli-Beytini (itrətini, sülaləsini) mütəvatir bir hədis olan hədisi-səqəleyndə hökmlərin müraciət qaynağı kimi göstərmişdir ki, bu hədis əhli-sünnə alimləri tərəfindən nəql olunmuş və onların kitablarında da öz əksini tapmışdır[10].

Bu hədis Ayətullah Bürucərdinin göstərişi, Əbdülməcid Səlim və Şeyx Mahmud Şəltutun təsdiqi ilə "Darut-Təqrib” tərəfindən çap edilmiş və nəşr olunmuşdur.

Aşağıda "Darut-Təqrib”in bəzi siyasi fəaliyyətlərini sizin nəzərinizə çatdırırıq:

2.1. Şeyx Şəltutun İran şahı tərəfindən İsrailin rəsmi dövlət kimi tanınması ilə bağlı söylənilən fikirlərə etirazı və onu şayiə adlandırması. Hicri-qəməri təqvimi ilə 1380-cı ildə (m. 1961) bütün dünyada belə bir şayiə yayıldı ki, İran şahı İsraili və qəsbkar sionizmi rəsmi olaraq tanımışdır. əl-Əzhər Universitetinin şeyxi Şeyx Mahmud Şəltut bu işdən çox narahat oldu və Ayətullah Bürucərdiyə teleqram göndərməklə ondan şahla söhbət etməyi və bu barədə bir iş görməyi xahiş etdi. O, xatırlatdı ki, bütün xalqa bəlli olmuşdur ki, biz bir-birimizin dostuyuq və İslam bayrağını yüksəklərə qaldırmaq və müsəlmanlar arasında vəhdət yaratmaq üçün cihad və təlaş içindəyik.

Çox təəssüflər olsun ki, bu teleqram Ayətullah Bürucərdiyə çatanda o, xəstə olduğu üçün yataqda idi və huşu üstünə gəldikdən sonra buyurdu: "Fikrim vardı ki, məktub yazıb Şeyx Şəltutdan ixtilafı aradan qaldırmağın səbəblərini hazırlamalarını istəyim”.

Yerinə yetirilən müntəzəmliklə Şeyx Şəltuta belə bir məktub yazıldı. Şahənşah cavab verdi ki, İran hökuməti tərəfindən İsrail dövlətinin rəsmi tanınmasına dair heç bir şey sadir olmamışdır, gələcəkdə də belə bir iş görmək niyyəti yoxdur və o, dünyanın bütün nöqtələrində yaşayan müsəlmanların məsləhətini istəyir.

2.2. İslam konqresləri ilə əməkdaşlıq etmək və o konqreslərdə iştirak etmək. Pakistan kimi bəzi ölkələr İslamın hökmranlığını müdafiə etmək və anlaşılmazlıqları aradan qaldırmaq üçün konqreslər keçirirdilər ki, "Darut-Təqrib” onlarla yaxın əməkdaşlıq edirdi. Bu tədbirlərdə iştirak edən üzvlər belə bir nəticəyə gəldilər ki, İslam dünyasının ixtilaflı məsələlərinin həll olunmasını "Darut-Təqrib Cəmiyyəti”nə tapşırsınlar. Bu qəraragəlmələrdə Şeyx Mühəmməd Şəriətin təklifi ilə Bəqi qəbiristanlığının və Peyğəmbərin qəbri kənarındakı Əhli-Beyt və əshabə qəbirlərinin vəziyyətinin yoxlanılması konqres üzvləri tərəfindən "Darut-Təqrib” müəssisəsinə tapşırıldı ki, onun əsasında Bəqi qəbiristanlığının ətrafına bir divar çəkildi[11].

"DARUT-TƏQRİB”İN FAYDALARI VƏ BƏRƏKƏTLƏRİ

İlahi nur heç vaxt sönmədiyinə görə müstəmləkəçilərin, daxili və xarici müxaliflərin bütün hiylələrinə və sui-qəsdlərinə baxmayaraq, bu ilahi hərəkatın müqəddəs nuru bütün dünyaya yayıldı və "Darut-Təqrib”in təsis olunmasından yetmiş il keçməsinə baxmayaraq, onun bərəkətləri və faydaları hamıya aşkardır. Burada onların bəzilərinə işarə edirik:

1. Dini alimlərin birləşməsi. "Darut-Təqrib Cəmiyyəti”nin faydalarından biri də budur ki, bu islami mərkəzin fəaliyyətindən sonra din alimlərinin birliyi möhkəmləndi və bu birlik bu günə qədər də davam etməkdədir. Müxtəlif məzhəblərin alimləri tədbirlərdə mütəmadi olaraq fikir mübadiləsi aparır və problemlərin həll olunması üçün yollar göstərirlər.

2. "Fiqhi-müqarən”in tədris olunması. "Darut-Təqrib”in atdığı faydalı və bərəkətli addımların ən mühümlərindən biri də əl-Əzhərin sabiq rəisi böyük ustad Şeyx Məhəmməd Mustafa Məraği tərəfindən fiqhi-müqarən kürsüsünün yaradılması və Misir əl-Əzhər Universitetində ictihad qapısının açılması olmuşdur.

Fiqhi-müqarən belədir ki, tədqiqatçılar keçmiş fikirlərin təsiri altında bu, yaxud o məzhəbə zidd getmədən fiqhi nəzəriyyələri və rəyləri araşdırmalıdırlar.

Bu məqsədlə tədqiqatçılar tədqiqata başlamamışdan əvvəl öz məzhəbi paltarlarını çıxarmalıdırlar ki, ta müxtəlif İslam məzhəblərinin sözləri və rəyləri arasında heç bir təəssübkeşliyə qapılmadan onların ən gözəlini dəlillə intixab edə bilsinlər.

3. Bütün dünyada islami yığıncaqlar və oturumların tərtib olunması. Mühəmmədtəqi hərəkatının ən mühüm faydalarından və bərəkətlərindən biri də məzhəblərin bir nömrəli alimlərinin iştirakı ilə hazırkı əsrdə islami yığıncaqların iclaslarını və konfranslarını tərtib etmək olmuşdur ki, onlardan biri də Vaşinqtondakı "Şimali Amerikada İllik İslami Yığıncaq Oturumu”dur. Bu yığıncaq 1963-cü ildə təsis olunmuşdur. Onu təsis etməkdə məqsəd müsəlmanların cəmiyyəti ilə Amerika cəmiyyəti arasındakı əlaqələri yaxşılaşdırmaq olmuşdur.

İngiltərədə, Türkiyədə, Tailandda, Şri-Lankada təşkil olunan iclasları da mühüm iclaslar kimi göstərmək olar.

4. "Dünya İslam Məzhəbləri arasında Yaxınlaşdırma Cəmiyyəti”nin yaradılması. "Dünya İslam Məzhəbləri arasında Yaxınlaşdırma Cəmiyyəti”nin təsis olunmasının ildönümündə bu mərkəzin təsis olunduğu vaxtdan 11 il sonraya qədər onun Baş Katibi, sonra da onun Ali Şurasının üzvü olan Mühəmməd Vaizzadə Xorasani bu beynəlxalq cəmiyyətin təsis olunması barəsində belə demişdir:

"Böyük Rəhbərlik Məqamı islami vəhdət məsələsi üzərində çox israrla dayandığına görə 1369-cu ildə bu cəmiyyətin yaradılması barəsində bəndənizə göstəriş verdi, çünki mənim "Darut-Təqrib”lə uzun müddət əlaqəm olmuşdur. ... Əllamə Qummi həmin dövrdə Parisdə yaşayırdı. O, mərkəzin təsis olunmasından xəbər tutduqda çox sevindi. Bu cəmiyyəti təsis etmək üçün nizamnamə yazdıq və idarə heyəti seçdik ki, ona mərhum Seyid Mühəmmədbaqir Həkim başçılıq edirdi. Ayətullah Təsxiri, Ayətullah Cənnəti və Ayətullah Şahrudi də bu heyətin üzvləri olmuşdur. ... Böyük alimlər cəmiyyətimiz tərəfindən keçirilən "Beynəlxalq Vəhdət Həftəsi” konqresində iştirak etdilər. Əlbəttə ki, bu mərkəzin büdcəsi Böyük Rəhbərlik Məqamının idarəsi tərəfindən təmin olunurdu. Bu mərkəz əvvəl bir evdə fəaliyyətə başladı”.

5. Azərbaycanda "Fitrət” jurnalının təsis olunması. Çox böyük sevinc hissi ilə deyə bilərik ki, doğma vətənimizdə vəhdət təmayüllü bir mətbu orqan təsis edilərək (müxtəlif sınaq və çətinliklərə baxmayaraq) fəaliyyət göstərmişdir.

Aylıq fikir jurnalı olan "Fitrət” mühüm və aktual mövzuları, xüsusilə də vəhdət fikirlərini cəmiyyətə olduğu kimi doğru, düzgün şəkildə çatdıran məşhur informasiya vasitəsi idi.

Bu mətbu orqan 2005-ci ildə ilahiyyatçı Xəyyam Qurbanzadənin təşəbbüsü ilə təsis edilmiş və həmin ildən vəhdətə çağırış istiqamətində fəaliyyət göstərməyə başlamışdır. Jurnal tutduğu mövqeyə görə həm sünnilər, həm də şiələr arasında xüsusi rəğbətlə qarşılanırdı. Bu da təbii bir haldır, çünki bu jurnal bir məzhəbi yox, bütöv bir ümməti təmsil edirdi.

Bir ümmət jurnalı kimi fəaliyyət göstərmək həm çətin, həm də bəziləri tərəfindən qəbuledilməz olur. Lakin bəziləri bu jurnalı qəbul etməməklə yanaşı, hətta onun əleyhinə təbliğat da aparırdılar. Vəhdətçi insanların fikirlərinə görə qarşılaşdıqları problemlər, keçirdikləri ağır mərhələlər və yaşadıqları sıxıntılı günlər belə mövqeli bütün insanlar üçün yad deyil.

Allaha sonsuz həmd-sənalar olsun ki, ümmət jurnalı olan "Fitrət”in adı və mövqeyi ölkə xaricində də eşidilirdi. Onu sevdirən ən üstün cəhət məzhəbindən asılı olmayaraq bütün insanlara həqiqi mənəviyyat aşılaması, müsəlmanları vəhdətə çağırması, məsələlərə daha real və obyektiv yanaşması idi.

Jurnalın prioritet mövzusu olan vəhdətə həsr olunmuş məqalə və araşdırmalara dair bir neçəsini nümunə kimi göstərmək olar:

1. Ayətullah Şeyx Vaizzadə Xorasaninin vəhdət mövzusunda söylədiyi mühazirələrin toplandığı kitab ilahiyyatçı Xəyyam Qurbanzadə tərəfindən tərcümə edilərək jurnalın bir neçə sayında hissə-hissə dərc edilmişdir.

2. Dr. Fəthi Şəqaqinin "Sünnilik və şiəlik süni bir münaqişədir” adlı kitabçası Anar İmanzadə tərəfindən tərcümə edilərək jurnalda dərc edilmişdir.

3. "73 firqə hədisi”nin saxta bir hədis olması ilə bağlı Anar İmanzadənin araşdırmasını özündə birləşdirən "Ümməti parçalayan hədis” adlı məqalə jurnalda dərc edilmişdir.

4. Ayətullah Seyid Musa Sədrin vaxtilə Livanın sünni müftisi olan Şeyx Həsən Xalidə vəhdət ilə əlaqədar yazdığı məktub Anar İmanzadə tərəfindən tərcümə edilərək "Tarixi vəhdət məktubu” adlı başlıqla jurnalda dərc edilmişdir.

5. İlahiyyatçı Ceyhun Qədirovun "Millətçilik, yoxsa Ümmətçilik” adlı məqaləsi jurnalda dərc edilmişdir.

6. İlahiyyatçı İsmayıl Daneşin "İmam Əli (ə)-ın islami vəhdət məsələsində xəlifələrlə davranışı” adlı məqaləsi Heydərəli İbrahimi tərəfindən tərcümə edilərək jurnalda dərc edilmişdir.

7. Şəhid Həsən əl-Bənnanın "Nə millətçilik, nə beynəlmiləlçilik yalnız İslam qardaşlığı” adlı məqaləsi Xəyyam Qurbanzadə tərəfindən tərcümə edilərək jurnalda dərc olunmuşdur.

8. Ayətullah Seyid Mühəmmədhüseyn Fəzlullahın buzları və ixtilafları əridəcək "Şiə-Sələfi vəhdətinə doğru” dialoq çağırışı jurnalda dərc edilmişdir.

"Fitrət” jurnalı redaksiya heyəti on iki imamçı şiə məzhəbinə mənsub olmasına baxmayaraq, onlar mütəəssib məzhəbçilik buxovunun içindən ayrılıb, güclü bir ümmət fikrinin həyata keçirilməsi üçün jurnalın demək olar ki, hər sayında əhli-sünnə, yaxud da sələf alimlərinin fikrinin ehtiva olunduğu məqalələr, tərcümələr və ya əsərlər dərc edirdilər. Digər məzhəb (sünni və ya sələf) mənsubları da bundan ibrət almalı, öz mətbuat orqanlarında, keçirdikləri ümumi tədbirlərdə şiə məzhəbinə də yer ayırmalıdırlar ki, vəhdət istəyi əməldə təzahür etmiş olsun.

"Fitrət” jurnalının dəyişilməz bir devizi olan: "Nə millətçilik, nə beynəlmiləlçilik yalnız İslam qardaşlığı!” şüarı da jurnalın vəhdət yönümlü olmasını göstərən faktlardandır. (Anar İmanzadənin "Vəhdət Fəaliyyəti” məqaləsindən)

"Fitrət” jurnalı 2009-cu ildən etibarən bəzi səbəblərə görə öz fəaliyyətini dayandırmışdır. Hal-hazırda bu missiyanı "Fitrət” jurnalının davamı olaraq "Milli Görüş-Sabiqun” Hərəkatının mətbu orqanı olan "Milli Görüş” jurnalı həyata keçirir.

NƏTİCƏ

Bu yazının nəticələri aşağıdakılardan ibarətdir:

1. "Darut-Təqrib” müəssisəsi Mühəmmədtəqi Qummi tərəfindən m. 1947-ci ildə (h. ş. 1325) Misirdə yaradılmışdır.

2. Şiə və sünni məzhəblərinin bir qrup böyük alimləri, məsələn şiədən Ayətullah Bürucərdi, Ayətullah Kaşifulğita, əhli-sünnədən isə Şeyx Şəltut və Şeyx Mustafa Məraği bu müəssisənin fikri dəstəkçilərindən idi.

3. Şiə ilə sünni arasındakı ixtilaflar, həmçinin bir-birinin elmi məsələlərindən məlumatsızlıq bu müəssisənin yaradılmasını vacib və gərəkli edən səbəblərdəndir.

4. "Darut-Təqrib” müəssisəsi istər maarif sahəsində, istərsə də siyasi cəhətdən böyük işlər görmüşdür. Müəssisənin fəaliyyət dairəsi çox geniş olmuşdur. "Risalətul-İslam” jurnalının nəşr olunması, şiəliyin tanıtdırılması və Misirdə Aşura mərasiminin keçirilməsi buna bir misal ola bilər. Bu fəaliyyətlərin bir nəticəsidir ki, Şeyx Şəltut on iki imamçı şiə məzhəbinə əsasən əməl etməyin icazəli olmasına dair öz tarixi fitvasını vermişdir.

5. "Darut-Təqrib Cəmiyyəti” İslam dünyasına çox bərəkətlər ərməğan etmişdir. Bunlardan din alimlərinin birləşməsini, fiqhi-müqarənin tədris olunmasını və islami konqreslərin və oturumların tərtib olunmasını buna misal göstərmək olar.

Müəllif: Nəfisə Dəhban

Mütərcim: Xəyyam Qurbanzadə



[1] Vaizzadə Xorasani, "Ayətullah Bürucərdinin Həyatı”, s. 373

[2] "Həddi aşmaq” mənasını verən "qülüvv” ("ğülüvv”) kökündən alınmış "qali” ("ğali”) "həddi aşan, təyin edilmiş həddi keçən” mənasını verir. "Həddi aşanlar” mənasını verən "qaliyyə” ("ğaliyyə”) və ya "qulat” ("ğulat”) İslama mənsub olduqlarını iddia etdikləri halda dinin zəruri məsələlərindən birini və ya bir neçəsini inkar edən və ya inkarla nəticələnən bir tərzdə təvilə (yozuma) sapan qruplara deyilir. Qulatlar əsasən Əli və onun övladları barəsində mübahisə edib həddi aşmış və onları insanlıq mərtəbəsindən çıxarıb Allahlıq mərtəbəsinə qaldırmışlar. İmamlardan hər hansı birini ilaha bənzətdikləri kimi, İlahı da insana bənzətdikləri görünmüşdür. On iki imamçı şiə alimləri imamları ilahlaşdıran qulatların şiə olmasını qətiyyətlə təkzib etmiş və yekdilliklə onların küfrünə fitva vermişlər.

[3] Əbdülkərim Biazar Şirazi, "İslam Məzhəblərinin Birliyi”, s. 44, 45

[4] Həmin məktub və onun cavabı Əbdülkərim Biazar Şirazinin "İslam Həmrəylik Dinidir” kitabının 99 və 100-cü səhifələrində qeyd olunmuşdur.

[5] Bu on altı maddə Müslim Təhurinin "Məzhəblərarası Yaxınlaşdırmanın Carçıları 6, Əllamə Mühəmmədtəqi Qummi” adlı kitabının 107-112-ci səhifələrində kamil şəkildə bəyan olunmuşdur.

[6] Nasir ibn Abdullah ibn Əli əl-Qaffari, "Məsələtut-Təqrib beynə əhlis-sünnə vəş-şiə”, s. 180-183

[7] "İslam Məzhəbləri arasında Dəyirmi Masa”, s. 45, Hadi Xosrovşahi

[8] "İslam Məzhəbləri arasında Dəyirmi Masa”, s. 62, Hadi Xosrovşahi

[9] Mühəmməd Mühəmmədi Reyşəhri, "Kitab və Sünnədə Əhli-Beyt”, s. 125, 127

[10] "Ayətullah Bürucərdinin həyatı”, Mühəmməd Vaizzadə Xorasani, s. 366-373

[11] "Əməkdaşlığın Mehi” ("Milli Birlikdən İslami Birliyə Qədər”), s. 281, Seyid Hüseyn İshaqi



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ




11

free counters

Sabiqun 2011-2017 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 55) 505-05-99
Site by: azDesign.ws

Facebook

Youtube

Telegram
Yeniliklərə abunə olun