25 Avqust 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

FƏLƏSTİN – İSLAM ÜMMƏTİNİN YARALI YERİ

Bu gün sionist İsrail rejiminin işğalı altında olan və bir hissəsinin muxtariyyəti irəli sürülən Fələstin Orta Şərqin tam mərkəzində 26.350 kv.km sahəyə malik bölgənin adıdır. Fələstinin ən önəmli özəlliyi müsəlmanların ilk qibləsi Qüdsün bu ərazidə yerləşməsi, tövhid tarixindəki rolu və statusu ilə əlaqədardır. Quran-kərimdə də adı çəkilən bir çox peyğəmbərə doğma vətən olan Fələstin əsrlər boyu davam edən haqq-batil savaşının canlı şahididir. 1999-cu ilin statistikasına əsasən fələstinlilərin ümumi sayı 5 milyon 447 min nəfərdir. Əhalinin 40%-i Fələstində, 60%-i isə digər ərəb ölkələrində pərakəndə şəkildə sürgün həyat keçirir.

İSLAM TARİXİNDƏ FƏLƏSTİN
Mədinədə qurulan İslam dövlətinin şimala doğru sərhədlərinin genişlənməsi ilə müsəlmanlar Fələstin torpaqlarına da yönəldilər. İlk dəfə 1-ci xəlifə Əbubəkr, Fələstin üzərinə iki kiçik dəstə göndərdi. Daha sonra 634-cü ildə Xalid ibn Vəlidin rəhbərliyi altında İslam ordusu Rəmlə ərazisi yaxınlığında Bizans ordusu üzərində qazandığı zəfər sayəsində Qüds istisna olmaqla, Fələstin torpaqlarının böyük bir hissəsini fəth etdi. Qüdsün fəthi isə 638-ci ildə 2-ci xəlifə Ömər ibn Xəttabın hakimiyyəti dövründə həyata keçirildi. Şəhərin açarlarını təslim alarkən Xəlifə Ömər Qüds xalqına tam bir din azadlığı veriləcəyini və insanların hüzur içində yaşayacaqlarını yazılı şəkildə vəd etdi. Bu zəfərdən sonra Fələstin 1097-ci ilə qədər müsəlmanların hakimiyyəti altında qaldı. Müsəlmanlar arasında süni ixtilaflardan bacarıqla istifadə edən xristianlar XI əsrin sonlarında xaç yürüşləri ilə 40 gün sürən şiddətli müharibənin sonunda adıçəkilən bölgəni ələ keçirdilər. Bölgənin xaçpərəstlərin nəzarətinə keçməsi ilə müsəlmanlara qarşı soyqırım başladı və qısa müddətdə ümumilikdə 70 min müsəlman vəhşicəsinə qətlə yetirildi. 3-4 il sürən cihad və vəhdət hazırlığından sonra həmin ərazidə yaşayanlara divan tutan Xaç işğalına, nəhayət, 1186-cı ildə Səlahəddin Əyyubi son qoydu.
Osmanlı Sultan Səlimin 1516-cı ildə Misirə səfəri dönəmində Fələstin torpaqları Osmanlı dövlətinin tərkibinə keçdi və ərazi 1918-ci ildə ingilislər tərəfindən işğal edilənə qədər əhali barış və hüzur içində yaşadı.

İMPERİALİST DƏZGAHIN FƏALİYYƏTƏ
KEÇMƏSİ VƏ İŞĞALIN BAŞLANMASI
1896-cı ildə siyasi sionizmin banisi hesab edilən Teodor Hertsl bir yəhudi dövlətini yaratmağın vacib olduğu fikrini ortaya atdı, lakin bu zaman Hertsl özünə çoxlu tərəfdar toplaya bilmədi. Bir il sonra İsveçrədə toplanan "Birinci sionizm konqresi”ndə yəhudi dövlətini qurmaq məqsədi güdən bir neçə qərar qəbul edildi. Bunlardan bəzisini misal göstərmək olar: "Fələstin Allah tərəfindən yəhudilərə verilmiş torpaqlardır, Fələstinə yəhudi köçünü yerləşdirmək zəruridir. Bütün bu planları gerçəkləşdirmək üçün isə digər ölkələrin dəstəyi təmin olunmalıdır”.
Hələ XX əsrin astanasında Hicaz əmiri Şərif Hüseynin böyük bir ərəb imperatorluğu yaratmaq xəyalı onu Osmanlı dövlətinə qarşı ingilislərlə əməkdaşlığa sövq etmişdi. Bu əməkdaşlıq sayəsində I Dünya Müharibəsi dönəmində Osmanlıya qarşı ingilislərlə birgə müharibə aparan Şərif Hüseyn ingilislərin bölgəni işğal etməsinə yardımçı oldu. Beləcə bölgədə müstəmləkə maraqları güdən İngiltərənin dəstəyi təmin olundu. 1904-cü ildə Hertsl öldü, lakin onun təməlini qoyduğu sionizmin ana xətti – imperialist bir mərkəzin idarəsində və onun maraqlarına xidmət edən bir yəhudi dövləti qurma ideyası dəyişmədi. Lakin yəhudilərin əksəriyyəti bu ideya ilə barışmır, haqqında danışılan dövləti qurmaq fəaliyyətindən kənarda qalır, Fələstini bir vətən olaraq görmürlər. Sionist təşkilat və qurumların maddi dəstəyi sayəsində köç edən 120 min yəhudinin çoxu sonradan geri qayıdır. Bütün bunlara baxmayaraq, ideyanın gerçəkləşdirilməsi istiqamətində fəaliyyət davam edirdi. 1917-ci il Balfur deklarasiyasının imzalanması ilə İsrail dövlətinin yaradılmasının ilk addımı atıldı. İngilislərin Hüseynlə gizli əməkdaşlıq etmələri də əslində Balfur deklarasiyası adı altında sionistlərə vəd verilən "suveren bir yəhudi dövləti” layihəsinin gerçəkləşdirilməsi məqsədini daşıyırdı. Fələstin yəhudilər üçün "milli ocaq” elan edilir və bunun yerli xalqın varlığına xələl gətirməyəcəyi bildirilir. Həm köç edən yəhudilərə dəstək olmaq, həm də Fələstində torpaq satın almaqdan ötrü xüsusilə amerikalı sionistlərin dəstəyi ilə "milli yəhudi fondu” təşkil edilir. Satın alınan torpaqlar yəhudilərin kollektiv malı qəbul edilir və beləcə həmin torpaqların başqa birisinə satılması və kirayə edilməsinin qarşısı alınır. Sionistlərin Fələstin torpaqlarının bir hissəsini ələ keçirmək səyləri daha əvvələ – Osmanlı sultanı II Əbdülhəmidin hakimiyyəti illərinə təsadüf edir. Bölgəni əvvəlcə pulla almağı düşünən sionistlər bunun müqabilində Osmanlının bütün xarici borclarını ödəməyi öhdəyə götürdülər. Lakin bölgədən yəhudilərə torpaq satmanın gələcəkdə hansı fəsadlarla nəticələnəcəyini əvvələcədən hiss edən II Əbdülhəmid təklifi sərt şəkildə rədd etdi. Osmanlıdan bu yolla bir şey qopara bilməyən sionistlər bu dəfə dövrün böyük qüvvəsi ingilislərlə əməkdaşlıq etməyi qərara aldılar. Osmanlı dövlətini yıxmaq və ya zəiflətmək üçün hər fürsəti dəyərləndirən ingilislər pul cəhətdən korluq çəkməyən sionistlərin əməkdaşlıq təklifinə müsbət yanaşaraq onlara kömək etməyi öhdələrinə götürdülər. 1916-cı ildə Fransa, İngiltərə və Rusiya arasında imzalanan "Sikos-Piçot” traktatına görə Orta Şərq adıçəkilən ölkələr arasında bölündü. Anlaşmanın Fələstinlə əlaqədar maddəsində yazılırdı: "Digər ortaq dövlətlərin, Hicaz əmirinin razılığı alındıqdan sonra bu bölgədə beynəlxalq idarəçilik üsulu yaradılacaqdır” . Gizli anlaşmadakı "beynəlxalq idarəçilik üsulu yaradılacaqdır” sözünün mənası əslində ingilislərlə sionistlər arasında gizli əməkdaşlığı ifadə edən Balfur deklarasiyasında daha yaxşı anlaşılırdı. "Böyük İngiltərə krallığı hökuməti Fələstində yəhudi xalqı üçün milli bir dövlət qurulmasını məmnuniyyətlə qarşılayır” . Zaman-zaman ingilis işğalı və köçlərin başlaması Fələstin torpaqlarında müsəlmanların ciddi etiraz və narazılığına səbəb olur. Bu isə ingilis və sionist qüvvələrin ara-sıra müsəlmanlara qarşı güc tətbiq etməsi ilə nəticələnir. Bütün bunlara etiraz əlaməti olaraq 1920-ci il aprelin 27-də Məscidi-Əqsada təxminən 40 min nəfərlik böyük izdiham toplaşır. Həmin ilin martında ilk silahlı toqquşmalar baş verir və münaqişədə 7 yəhudi öldürülür. Qüdsə köçürülən yəhudilərlə müsəlmanlar arasında silahlı toqquşmalar günlərlə davam edir. Artıq təşkilatlanmağa başlayan yəhudi köçkünlər silahlı qruplaşmalar yaradırlar. 1920-ci ildə 10 min nəfər üzvü olan ilk sionist terror təşkilatı "Haqana” yaradılır. Bununla yanaşı "İrqun”, "Lahome”, "Herut” və "Ştern” kimi digər qanlı terror qurumlarını da göstərmək olar ki, həmin silahlı təşkilatlar "Deyr-Yasin”, "Sa-sa”, "Belediis şeyh” adlı kənd və qəsəbələrdə yüzlərcə günahsız insanları vəhşicəsinə qətlə yetirməkdən çəkinmir və sistemli olaraq soyqırımlar həyata keçirirlər.
1929-cu ildə Sürix şəhərində keçirilən konfransda "Milli yuva” yəhudi dövləti olaraq qeyd edilir. Hitlerin Almaniyada hakimiyyətə gəlməsi ilə başlayan yəhudi soyqırımından istifadə edən sionistlər köçürülmə prosesini sürətləndirməyə çalışırlar. 1936-cı ildə yəhudi immiqrantlarının sayının ingilislərin təyin etdiyi həddi aşması fələstinlilərə qarşı silahlı təcavüzün artması ilə nəticələnir. Təcavüzün miqyasından təşvişə düşən İngiltərə, həmçinin bölgədə gücünü və nüfuzunu itirməkdən qorxuya düşərək yəhudilərin bu ərazidə çoxalmasının qarşısını almaqdan ötrü yəhudilərin ordu qurmalarının da əleyhinə çıxır. Lakin artıq gec idi. "İrqun” və "Haqana” təşkilatları çoxdan soyqrımlara başlamışdılar. Beləcə II Dünya Müharibəsinin sonunadək bölgədə 27 il sürən toqquşmalar minlərlə müsəlmanın qətlinə səbəb olur. Müharibənin sonuna yaxın Orta Şərqdə gücünü və nüfuzunu itirən İngiltərə krallığı mövqeyini gündən-günə güclənən yeni imperialist qüvvə olan Amerika Birləşmiş Ştatlarına təslim edir.
1946-cı ildə ABŞ-da seçkilərdə qalib gələn Truman Fələstində iki dövlətin qurulmasını dəstəklədiyini bildirdi. İngiltərə 1947-ci ildə məsələni Birləşmiş Millətlər Təşkilatına həvalə edərək bölgədən çəkildi. Elə həmin il BMT Fələstin torpaqlarının ərəb və yəhudilər arasında bölüşdürülməsinə dair 181 saylı qətnaməni təsdiq etdi. 1948-ci ilin mayında ingilislərin bölgədən tam çıxması ilə İsrail dövləti elan edildi və qurulduğu andan da birinci Ərəb-İsrail müharibəsi başlandı.
Qətnaməyə əsasən, "Fələstin planı” bölgədə 2 müstəqil dövlət qurulmasını və Qüdsün beynəlmiləl bir şəhər olmasını nəzərdə tuturdu, lakin bütün bunlar oyun idi. Diqqət yetirək:
1. Əhalinin cəmi 31%-i yəhudi olduğu halda, Fələstin torpaqlarının münbit, əlverişli 55%-i Yəhudi dövlətinə, 45%-i isə ərəblərə verildi. Ərazidə etnik təmizləmə və köçürülmə siyasətinə ara verilməsə də, bölgədə yenə ərəblər üstünlük təşkil edirdilər.
2. Yəhudilərə ayrılan torpağın 90%-i və narınciyə ağaclarının 87%-i rəsmən fələstinlilərə aid idi. Bu sərvətlərin itirilməsi isə Fələstin tərəfinin iqtisadi inkişafının iflasa uğraması və yəhudi dövlətindən, eləcə də digər ölkələrdən asılı olması anlamına gəlirdi.
3. Bu qərar 3 milyon 200 min fələstinli məcburi köçkünün ölkələrinə qayıtmasını nəzərdə tutsa da, İsrail tərəfi buna yol vermədi, əksinə sionist terroru 750 min fələstinlini doğma yurd-yuvasından didərgin saldı. Kənd və qəsəbələr viran edildi, əhalisi didərgin salındı, müqavimət göstərənlər qətlə yetirildi. Uşaqlı-qadınlı 254 nəfərin qətlinin gerçəkləşdirildiyi "Deyr-Yasin” soyqırımı törədilən cinayətlərdən yalnız biri idi. Soyqırımı "İrqun” terror təşkilatı ilə İsrailin xüsusi hərbi dəstələri yerinə yetirdilər. BMT-nin qərarından 6 ay sonrakı vəziyyətə nəzər salaq. Sionistlər Qüdsü iki hissəyə böldülər və İordaniya ilə paylaşdılar. Fələstinin 77%-ni işğal etdilər. 340 kənd, qəsəbə və şəhər dağıdıldı, əhalinin 70%-i sürgün olundu. Fələstinlilərin kütləvi şəkildə məhv edildiyi həmin il "Nakbah”, yəni fəlakət adı ilə anılmağa başlandı. Fələstinin tarixinə qanlı səhifələrlə yazılmış həmin ilyarımda sürgün edilən fələstinlilərin yerinə 648 min yəhudi yərləşdirildi. 1948-1956-cı illərdə 5 minə yaxın fələstinli doğma yurdlarına qayıtmağa çalışarkən böyük çətinliklərlə üzləşdilər. Sionist İsrailin gözü doymur, fələstinlilərə qalan 23%-lik ərazidə də işgəncə və zülm davam edirdi. Han Yunusda 275, Rəfahda 3 fələstinli öldürüldü. Kibya qəsəbəsində 45 ev bombalandı, onlarla qadın və uşaq qətlə yetirildi. İsrail bütün təcavüzləri özlərini müdafiə bəhanəsi ilə ört-basdır etməyə çalışsa da, istəyinə nail ola bilmirdi. Dünya ictimaiyyəti sionist İsrailin vəhşiliklərini görür, onların bu cinayəti pərdələməyə çalışmaları isə heç bir nəticə vermirdi. İsrail beynəlxalq arenada sarsılmış mövqeyini bərpa etmək üçün yeni taktika ilə Misirə casuslar göndərərək vəziyyəti qarışdırmağı planlaşdırdı. Ərəblər haqqında dünya ictimaiyyətində mənfi rəy yaratmaq üçün terrorçular Qahirə və İskəndəriyyədəki İngilis və Amerika konsulluqlarını, mədəniyyət attaşelərini və digər mühüm mərkəzləri bombaladılar. Ancaq baş verənlər BMT tərəfindən qınandı. Elə bu dönəmdə Misirin İsrailə qarşı fədailəri mübarizəyə qalxınca və bu mücahidlərin Nasirin rəhbərliyi altında daha da güclənməsi Misirin işğalını gündəmə gətirdi. Nasir dərhal təhlükəli fanatik kimi qələmə verildi. Tarixə və bu günümüzə nəzər salsaq, bu vəziyyətin şahidi olarıq. Amerika və Qərbin maraq və mənafelərinə uyğun olmayan hər hansı bir ideoloji hərəkat, yaxud bu hərəkata liderlik edən Fidel Kastro, Ayətullah Xomeyni, Ən-Nasir, Səddam Hüseyn kimilər ictimaiyyətə qeyri-rasional, təhlükəli, fanatik kimi tanıdılır. Bu hal indi də davam edir. 1956-cı ildə İngiltərə ilə Misir arasında yaranan Süveyş böhranı İsrailin Misirə daxil olması üçün bəhanə oldu. Beləcə II Ərəb-İsrail Müharibəsi başladı. İsrailin müharibəyə müdaxiləsi daha çox ingilislərə dəstək vermək məqsədi daşıdığından, bu dəfə yəhudilər torpaq və ərazi zəbt edə bilmədilər. Ancaq 1967-ci ildə Ərəb-İsrail arasında baş verən və əvvəlkilərlə müqayisədə daha şiddətli olan növbəti müharibə yəhudilərin xeyrinə başa çatdı. Daha öncə birlikdə İsrailə üç cəbhədən hücum etməyə, onun qüvvəsini sarsıtmağa qərar verən Suriya və İordaniya vədlərinə xilaf çıxdılar. Beləliklə, hava müdafiəsindən demək olar ki, tamamilə məhrum olan Misir üçün savaş fiasko ilə nəticələndi. Müharibədən öncə məhv ediləcəyi söylənən İsrail bir həftə ərzində Misirə məxsus bütün Sina yarımadasını, Suriyanın Colan bölgəsi və İordaniyanın qərbi Seria ərazisini işğal etdi. Bu savaşda itirilən torpaqları geri almaqdan ötrü Misir, Suriya və İordaniyanın 1973-cü ildə başladığı müharibə yenidən ərəb ölkələrinin məğlubiyyətilə yekunlaşdı. Bu məğlubiyyətdən sonra, 1964-cü ildən fəaliyyət göstərən Fələstinin azadlığı və suverenliyi uğrunda mübarizə aparan FQT (Fələstin Qurtuluş Təşkilatı) strukturunda köklü dəyişiklik etmək zərurətini ortaya çıxardı. Bu təşkilatı İsrail və ABŞ-dan başqa, bütün ölkələr Fələstin xalqının təmsilçisi kimi tanıdı. Lakin beynəlxalq ictimaiyyətin məsələyə bu cür yanaşması da İsrailin təcavüzünün qarşısını almaq və torpaqların sahibinə qaytarılması üçün kifayət etmədi.
Bütövlükdə Fələstini xilas etmək bir yana, İsrailə güzəştə getdikləri torpaqlarını belə, geri ala bilməyən ərəb rejimləri sonda çarəni sionistlərlə anlaşmaqda gördü. Bu istiqamətdə ilk addımı Misirin dövlət başçısı Ənvər Sədat atdı. 1978-ci ildə ABŞ-ın xarici işlər naziri Henri Kissingerin müşayiəti ilə imzalanan "Kemp Devid” sazişi ilə Misir işğalçı İsraili dövlət olaraq tanıdı. Nəticədə Fələstinin satışı anlamına gələn bu siyasi manevr müqabilində Misir Sina yarımada¬sını geri alaraq digər müsəlman dövlətlərinə qarşı yönələn zülmə seyrçi mövqeyində qalmağı üstün tutdu. Bu zaman FQT İordaniyada çox geniş fəaliyyət göstərirdi. 300 min fələstinli qaçqının məskunlaşdığı Livanda da mübarizə davam edirdi. Sionist rejim Livana mühacirət etmiş fələstin mücahid dəstələrini oradan çıxarmaq məqsədilə bu ölkə ərazisində "Xristian şimal Livan ordusu” yaratdı. Bu ordu FQT-ə qarşı müharibə aparırdı. Həmin dövrdə Yəhudi dövlətinin müdafiə naziri Ariel Şaron hər vəchlə FQT-nin nüfuzunu aşağı salmağa çalışır, sanki heç bir səbəb yoxmuş kimi müqavimət hərəkatını yalnız bu qurumla bağlayırdı. Baş nazir Begin və müdafiə naziri Ariel Şaron Livan ərazilərini zəbt edib FQT-ni zəiflətmək və Beyrutda İsrail yönlü bir hökumət qurmaq planı hazırlayırdılar. Beləliklə, 1978-ci ildə İsrail Livanın cənub hissəsini işğal edərək Fələstin vətəndaşlarının məskunlaşdığı Sabra və Satilla qaçqın düşərgələrində böyük bir soyqırım baş verdi. Hazırda İsrailin baş naziri vəzifəsində çalışan Ariel Şaron adlı terroristin rəhbərliyi altında həyata keçirilən soyqırımda təxminən min nəfər bir gecədə öldürüldü. FQT-nin düşərgələri bombalandı. Yalnız 1981-ci ildə ABŞ-ın məsələyə müdaxilə etməsilə atəşkəs elan olundu. Bu ərəfədə Londonda İsrail səfirliyinə bir hücum edildi. İsrailin səbirsizliklə gözlədiyi də elə bu idi. Şaronun əmri ilə sionist ordu Beyruta girdi. Yəhudi dövlətinin indiyədək törətdiyi ən qanlı əməliyyatda 10 min nəfər qətlə yetirildi. Bundan əlavə, Sabra və Satilladakı qaçqın düşərgələrə soxulan silahlı qruplar bir neçə gün ərzində 3 min fələstinli qadın və uşağı qətlə yetirdilər. Bu hadisə İsrail ictimaiyyətində belə tarixin ən böyük qanlı hadisələrindən biri kimi qələmə verildi. Şaron vəzifəsindən istefaya göndərilsə də, başqa bir hökumət strukturunda fəaliyyətini davam etdirdi.
1987-ci ildə Fələstinin tarixində yeni era başladı. 1989-cu ildə FQT Fələstin dövlətini elan etdi. Yenə də bütün dünya dövlətlərinin tanıdığı Fələstini İsrail və ABŞ rədd etdi. 1991-ci ildə ərəb dövlətləri, nəhayət, "Kemp-Devid” sazişində casarət edə bilmədiyi addımı gerçəkləşdirdilər. SSRİ-nin süqutu ilə dünya siyasətində vahid liderə çevrilən ABŞ-ın təzyiqlərinə boyun əyən ərəb ölkələrinin başçıları İspaniyanın paytaxtı Madriddə bir araya gələrək Orta Şərq sülh prosesinə başladılar. Bu prosesə yalnız Suriya qoşulmadı. 1967-ci ildən bəri işğal altındakı Colan torpaqlarını geri almağa səy göstərməməsi Suriyanın sülhə imza atmaq niyyətində olmadığını göstərir. Bu görüşlərdə fələstinlilər artıq FQT tərəfindən təmsil olunmur, onun təmsilçiləri İordaniya nümayəndə heyətinin tərkibində iştirak edirdilər. Lakin danışıqlar nəticə vermədi və İsrailin sionist strategiyası dəyişmədi. Həmin ərəfədə Norveçin paytaxtı Osloda FQT-İsrail arasında gedən gizli danışıqların sonu onunla yekunlaşdı ki, 1993-cü ildə Yasir Ərəfat sionistlərlə sülh müqaviləsi imzalayaraq aralarındakı savaşa son qoydu. Müqavilədən Fələstinə dırnaqarası fayda verən yalnız Ərafatın Fələstinin təmsilçisi kimi tanınması oldu. Beləliklə, FQT-nin bacarmadığı mücadiləni artıq Həmas (Fələstin İslam Azadlıq hərəkatı) davam etdirirdi. Sionistlərin artan təzyiqləri Həmas və Hizbullahın daha da güclənməsinə səbəb oldu. Həmas və Hizbullahın sionistlərə qarşı güclü təzyiq və müqaviməti nəticəsində 1999-cu ildə İsrail hökuməti ordularını işğal olunmuş Livanın cənub hissəsindən geri çəkməyə məcbur oldu.
Fələstin xalqı bu gün də sionistlərə qarşı torpaqlarının işğalçı rejimdən azad olması uğrunda mübarizə aparır. İsrail dövlətinin Qəzzə ərazisindən geri çəkilməsinin səbəbinə gəlincə; onların bu siyasi manevrini barış yolunda bir addım atması kimi deyil, bunu sadəcə Livanın cənubundakı məğlubiyyətin təkrarı kimi xarakterizə etmək lazımdır. İşğalçı sionistlər onları həm Livandan, həm də Qəzzə zolağından geri çəkilməyə vadar edən bir silahlı mücadilə və qətiyyətli müqavimətlə üzləşməsəydilər, oranın əsl sahiblərini yurd-yuvalarından çıxarmaq üçün zülmün miqyasını tədricən artıracaq və beləliklə, yeni torpaqlara nail olacaqdılar. Sionist işğalçılar və onların arxasında duran imperialist güclər də daxil olmaqla hər kəs bilməlidir ki, müqəddəs Fələstin torpağı işğal kirindən təmizlənən günədək haqlı mübarizə də davam edəcək. Bu mücadiləyə könül verənlər dəyərini də zatən işin əvvəlində nəzərə almış və "əş-şəhadətu fi səbilillah əla əmanina: Allah yolunda şəhid olmaq ən böyük təmənnamızdır” , – demişlər. Bu şüar bütün Həmasın hərbi əsgərlərinin qəlblərində yaşatdıqları həqiqətdir. "İnnəhu la cihad nasrun əv istişhad: bu elə bir cihaddır ki, ya zəfər, ya da şəhadətlə nəticələnər”. Bu mübarizəyə ixlas və səmimiyyətlə könül verənlər Uca Allahın "Allah yolunda cihad edən və heç bir qınayanın qınamasından qorxmayan bir qövm” ("Maidə”; 54) sözündə qəsd edilənlərdən olmanın qeyrəti ilə yaşayanlardır. Sionistlərin Livandan, eləcə də Qəzzədən çəkilməyə məcbur edilməsi çağdaş imperializmin və onun himayəsində olan güclərin savaş texnologiyasının ixlas və qətiyyət qarşısında məğlubiyyətidir. Bu baxımdan imperializmin "qılıncımızın dalı da kəsir, qabağı da” kimi qorxu yaradan psixoloji savaşı kimsənin ümidlərini qırmamalıdır. Unutmaq lazım deyil ki, ümid həyatdır və "xouf və rəca” (qorxu və ümid) arasında olmaq imanın özü, möminin isə əlamətlərindəndir. Qorxu arxayınlaşmamaq, hər şeyə nail olduq deyə düşünüb təhlükəni nəzərə almaqdan ötrü lazımdır. Qorxu və ehtiyatın hər zaman zəruri olduğunu Qadir Allah Hüneyn müharibəsində də möminlərə açıq şəkildə göstərdi və vəhy yolu ilə də əmr və tövsiyələrini bildirdi. Ümid isə əzmi, qətiyyəti qorumaq, bir sözlə, canlılığı və diriliyi sürdürə bilmək üçün lazımdır ki, bunun da Quran-kərimdə dəlilləri mövcuddur:
" Ey iman edənlər! Əgər siz Allaha (onun dininə və Peyğəmbərə) yardım etsəniz, o da sizə yardım göstərər və sizi sabitqədəm (cihadda möhkəm və qüvvətli) edər” ("Mühəmməd”; 7).
"Allahın dərgahına qayıdacaqlarına inananlar dedilər: "Neçə dəfə olub ki, az bir dəstə Allahın izni, iradəsi ilə çox dəstəyə qalib gəlib. Allah səbir edənlərlədir”. Onlar Calut və əsgərləri ilə qarşılaşdıqları zaman isə Allaha doğru yönələrək: "Ey Rəbbimiz, bizə bollu səbir və ayaqlarımıza qüvvət ver! Bizə kafir qövm üzərində qələbə qazandır!” – deyə istəklərini bildirdilər.
Nəhayət, onlar Allahın iradəsi və köməyi ilə Calut və onun qoşununu məğlub etdilər” ("Bəqərə”; 249–251).
"Əgər siz yara aldınızsa, o biri (kafir) dəstə də buna bənzər yara aldı. Biz bu günləri (bu hadisələri) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirənləri başqalarından ayırd etsin və içərinizdən şəhidlər seçsin. Allah zülmkarları sevməz” ("Ali-İmran”; 140).
Mahir Cəbiyev





  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun