25 Avqust 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

XƏBƏRSİZ OLDUĞUMUZ İSLAM DİYARI: FİLİPPİN

Böyük bir informasiya cəhaləti içində yaşayırıq. Sürətli kommunikasiya, hərtərəfli rabitə ilə dünyanı kiçik bir kənd halına gətirməyin mümkünlüyü bəzən hər şeydən xəbər tutmaq kimi başa düşülür. Lakin məsələ heç də belə deyil. Tam əksinə, bu amildən gerçəklərin və göz önündə baş verənlərin gizlədilməsi üçün istifadə olunur desək, heç də yanılmarıq. Əslində içi müxtəlif əşyalarla doldurulmuş bir otaqda, sanki göz önündə duran bir şeyi axtarıb tapmamaq kimi bir hal yaşayırıq. Bu zaman xətaları seçib üzə çıxarmaq fürsətini əldən qaçırır və həqiqəti ayırd edə bilmir, çarəsiz halda özümüzü informasiya potensialını ələ keçirmiş şəbəkənin ixtiyarına buraxırıq. Lakin əhəmiyyətinə varmadan. Sanki haramı rahatlıqla qəbul etmələri kimi, bu informatik yönləndirmə də çox rahat həzm edilir. Məsələn: filippinlilər desək, nə gəlir ağlınıza? Uzaq Şərqi Asiyada bir ölkə olduğunu, bəlkə də, bilərsiniz. Yenə də, bəlkə, Markosu da xatırlaya bilərsiniz. Yaxud da mediya nümayəndələri tərəfindən yönləndirilmişiksə, Markosun həyat yoldaşı haqqındakı lazımsız məlumatlarla da zinətlənmiş görünə bilərik: Qadının vaxtilə gözəl bir kraliça olması, bir zaman fotomodel və manekenlik etməsi, Markosun ağlını başından alması, diktatorla evlilik məcarası və qarderobunu dövlət xəzinəsinin pulları ilə yüzlərlə cüt ayaqqabı ilə doldurması… kimi. Halbuki filippinlilər əsl həqiqətdə müsəlmanlaşmış, xüsusilə, iki adası (Sulu və Mindanao) son dövrlərə qədər İslamın hakimiyyətini və dövlətləşməsini yaşatmış bir ölkədir. İstanbulun fəthindən 3 il əvvəl – 1450-ci ildə əsası qoyulan Sulu dövləti XX əsrədək müstəqilliyini qorumağa cəhd göstərmişdir. Müasir dövrümüzdə adı çəkilən bu iki adada hələ də müsəlmanlar çoxluq təşkil edirlər. Müsəlmanlardan çox-çox illər sonra portuqaliyalılar, ispanlar, ingilislər, ruslar və nəhayət amerikalılar buraya xristianlığı gətirmiş və hakim etmişlər. İslam dini və müsəlmanlar nə üçün bu qədər geriləmiş, onlar isə irəliləmişlər?
Həqiqət harada, dünya harada? Biz özümüz haradayıq?

* * *
Rəsmi adı "Filippin Cümhuriyəti”. Filippin dilində "Respublika Filippinas”. Sakit okeanda 7100 kiçik adaları özündə cəmləşdirən bir ölkə. Adaları Luzon, Visaya və Mindanao adası olaraq üç qrupa ayırmaq olar. Ən böyükləri şimalda Luzon, cənubda isə Mindanaodur. Ölkəyə tropik iqlim hakimdir. Cənubi Çin dənizinə baxan qərb sahillərində hər il bir dəfə quru, bir dəfə də yağmurlu iki (dörd deyil) mövsüm yaşanır. Quru mövsüm dekabr-may ayları arası, yağmurlu mövsüm isə ilin digər aylarına təsadüf edir. Ən yaxşı və əlverişli hava şəraitinə dekabr-aprel aylarında rast gəlmək olar. Ölkədə kənd təsərrüfatı aparıcı sahələrdən hesab olunur. Burada 220 heyvan, 500 quş növü aşkar edilmişdir. Münbit torpaq sahələrinə malikdir. Filippində əsasən düyü, çəltik istehsalı üstünlük təşkil edir. Şəkər istehsalı və ixracı xüsusilə qeyd edilməlidir. Mineral ehtiyatlarla zəngin bir ölkədir. Filippinlilərin Malay irqinə məxsus ataları Asiyanın cənub-şərqindən, müasir dövrdə İndoneziyanın yerləşdiyi bölgədən gəlmişlər. Ölkədə çinli, ispan və hind əsilli milli azlıqlar da yaşayırlar. Yerli xalq isə aytalar, ya da baluqalar adı ilə də tanınan neqritolar idi. Filippinlilərdə 70-75 civarında ləhcə leksikonu vardır. Bu dillər ümumilikdə 8 qrupda cəmlənmişdir. Filippinlilərin İslamiyyətlə ilk təması IX-X əsrlərə təsadüf edir. Bu təmas Qızıl dənizdən Çin dənizinədək uzanan və həmin dövrdə əsasən müsəlmanların nəzarətində olan beynəlxalq dəniz ticarətinə qoşulması ilə daha da möhkəmlənməyə başlayır. Elə o zamanlarda da müsəlman ərəb tacirlər ədviyyat və bu kimi başqa malları almaq və Borneodan Çinə etdikləri səfər çərçivəsində qonaq olmaq üçün bəzi Filippin adalarına gəlirdilər. Sulunun tarixi mənbələri Tuan (hosa) Mesaika adlı bir ərəbin Solo adasına gəldiyini və burada hakim sinfə mənsub bir ailənin qızı ilə evlənərək bütlərə tapan yerli xalqa İslam dinini qəbul etməkdə böyük pay sahibi olduğunu bildirir. Ancaq bu mövzuda hər hansı bir tarix göstərilmir. İslamın Suluya gəlişi ilə əlaqədar ilk tarixi abidə Tuan Makbalu adında bir müsəlmana mənsub olduğu hesab edilən 1310-1311-ci illərə aid məzar daşıdır. Həmin mənbələr Kərim əl-Məhdum adında ərəb bir övliyanın dəvətçi qismində 1380-cı ildə adıçəkilən əraziyə gələrək yerli idarəçi strukturların icazəsi ilə Sulunun digər adalarını gəzib İslamı yaydığını və Tubiq-İndanqan şəhərində bir məscid tikdirdiyini bildirir. XV əsrin əvvəlində Raca Baquinda Əli adında Sumatralı müsəlman bir şahzadə kiçik donanması ilə Suluya gəlmiş, hakim zümrədən yerli bir kraliça ilə evlənərək buranı və ətrafındakı digər adaları idarə etməyə başlamışdır. Onun ölümündən sonra idarəçiliyi ələ keçirən Şərif Əbu Bəkr əl-Haşim Sulu Sultanlığının əsasını qoymuşdur (1450). Beləcə siyasi güc qazanan İslamiyyət qısa müddət ərzində Sulunun ətraf ərazilərinə də yayılmışdır.
Mindanao adasında İslamın yayılması Şərif Mühəmməd Kabunqsuvanın adı ilə bağlıdır. XVI əsrin əvvəlində Malay yarımadasından bu ərazilərə gələn Şərif Mühəmməd, həmin bölgəyə daha əvvəllər gəlmiş digər dəvət olunanlarla birlikdə yerli təlimatçılarla əməkdaşlıq edərək fəthlər, diplomatiya və evlilik yolu ilə bölgədəki xalqı müsəlman etmiş, daha sonra Mindanau adasında Maquindanao Sultanlığını qurmuşdur (1515). Elə həmin əsrin 80-ci illərində Sulu Sultanlığı və filippinlilərin cənubdakı Ternate Sultanlığı kimi dövlətlərlə əməkdaşlığın genişlənməsi sülalələr arasında evlilik bağlarının qurulması və ərəb, borneolu, ternateli dəvət edilənlərin bölgəyə gəlməkləri ilə İslamiyyəti bir az da gücləndirdi. Xüsusilə, XVIII yüzilin əvvəllərində ispanların müstəmləkəçilik və xristianlaşdırma fəaliyyətlərinə cavab olaraq Maranao bölgəsində İslamın yayılmasını qeyd etmək yerinə düşər. İslam Filippin adalarının cənubunda barış və sülh şəraitində yayılmışdır. Adalarda yayılmağa başlayan İslam dini özü ilə yeni siyasi və ictimai təmərküzləşmə modelini gətirmiş, hətta ölkənin bütün əhalisi islamlaşma prosesinə daxil olmuşdur. Lakin ispanların bölgəyə gəlişi İslamın mövqeyinin güclənməsi və daha sürətlə yayılmasına mane oldu. İspanların bu ərazilərdə ilk dəfə peyda olması portuqaliyalı səyyah Magellanın adı ilə bağlıdır. İspanlar onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə 1521-ci ildə buralara qədər gəldilər. Bir neçə uğursuz səfərlərdən sonra 1542-ci ildə həmin ərazilərə gələn səyyah Ruy Lopez de Villalobus adalara həmin dövrün şahzadəsi və gələcəyin İspaniya kralı II Felipenin şərəfinə Filippin adını verdi. Bundan sonra bölgədə katolikləşdirmə siyasəti təbliğ edilməyə başlandı. Onu qeyd etmək lazımdır ki, Mindanau və Suludakı müsəlmanlar heç zaman bütövlükdə İspaniyanın hökmranlığı altına girmədilər. İspanların məqsədi adaları xristianlaşdırmaq və özlərinə məxsus mədəniyyəti aşılamaq idi. Müsəlmanların İslama və öz mədəniyyətlərinə sadiq qalmaları, fasiləsiz müqavimət göstərmələri xristianlaşdırma səylərini boşa çıxardı. Müsəlman təbliğatçıların məlum bölgələrə girməsi və fəaliyyət göstərməsi qadağan edildi. İspanlar buna məhəl qoymayan müsəlmanların cəzalandırılması və hətta məscidlərin sökülməsi kimi tədbirlərin icrasına başladılar. Bu səbəbdən ispan istilahı ilə Moro (müsəlman) müharibələri adı ilə tarixə düşən və 3 əsrdən artıq davam edən bu savaşlardan qaynaqlanan düşmənçilik hələ də davam edir. Müsəlmanlar ispanların təbiri ilə "juramentado enemiqo”, yəni "ölənə qədər savaşacağına and içmiş düşmən” olaraq adlandırılmışdı. 1898-ci ildə İspan-Amerikan müharibəsinin yekununda bütün Filippin Amerika Birləşmiş Ştatlarının hakimiyyətinə keçdi. Amerikan ordusu sülhü təmin etmək, qaçaqçılıq, quldurçuluq, qul ticarətinin qarşısını almaq və imperialist dövlətlər üçün xarakterik olan digər bəhanələr adı altında hərbi əməliyyatlara başladı. Bunlardan ən dəhşətlisi və amansızı minlərlə müsəlmanın soyqırımı ilə nəticələnən "bud dajo” (1906) əməliyyatı idi. 1915-ci ildə Sulu sultanı II Camal əl-Kiram idarəsi altında olan bölgələrin idarəçilik hüququnu rəsmən Amerika Birləşmiş Ştatlarına təslim etdi. Lakin özlərini xristian Filippin xalqından ayrı görən müsəlmanlar Banqsa Moro ("müsəlman camaat”, Morolar) adını siyasi anlamda hallandırmağa başladılar. Filippin müstəqilliyə nail olmaq mücadiləsi ilə yanaşı İslam dəyərlərinin hakim olduğu bir müstəqil dövlət qurma yolunda səylərini davam etdirdi. 1946-cı ilin 4 iyulunda müstəqillik elan ediləndən sonra müsəlmanlar özlərini "Olum, yoxsa ölüm?” prinsipi önündə hazır gördülər. Müsəlmanların yaşadıqları bölgələrdə mütəmadi olaraq xristianlaşma siyasətinin aparılması, zaman-zaman müsəlmanların azalmasına gətirib çıxardı. Təhsilsiz, yardımsız, işsiz, bir sözlə, məqsədyönlü şəkildə zəif və aciz vəziyyətə gətirilən müsəlmanlar artıq çox məyus olmuşdular. 1968-ci ildə Coreqidorda 30 müsəlman əsgərin hərbi intizamı pozması bəhanəsi ilə qətl edilməsi, 1971-ci ildə içərisində 70 nəfərin olduğu məscidin qapadılaraq insanların diri-diri yandırılması, amansızlığın kulminasiyası idi. Hadisələrin belə gərgin məcrada davam etməsi 1972-ci ilin oktyabrında ölkədə qapalı rejim idarəçiliyinin elan edilməsilə yekunlaşdı. Beləcə, ümid yalnız gələcəyə idi. Müsəlmanlar bir müddət Filippin Universitetində Nur Misuarinin rəhbərliyi altında "More National Liberation Front”u (MNLF, Moro Milli Azadlıq Cəbhəsi) qurdular (1969) və bu qurum çox keçmədən İslam Konfransı Təşkilatının (İKT) dəstəyini qazandı. 1976-cı ildə MNLF ilə hökumət təmsilçiləri müsəlmanların yaşadığı 13 vilayəti özündə birləşdirən muxtar bölgənin qurulmasını şərtləndirən Tripoli anlaşmasına imza atdılar. Hökumətin sonradan bu vilayətlərin sayını məhdudlaşdıraraq 10-a çatdırması, ixtilaf və qarşıdurmaların yenidən alovlanmasına səbəb oldu. Bundan ehtiyat edən hökumət nümayəndələri bir qədər mərhəmət nümayiş etdirib dini bayram günlərini rəsmi tətil elan etdi. Müsəlmanların ictimai həyatı ilə əlaqədar, xüsusilə, dini təhsilin təmin edilməsi istiqamətində tədbirlər təşkil edildi. Müsəlmanlara idarəçilik orqanlarında vəzifələr verildi. 1981-ci ildə Müsəlman İşləri Nazirliyi yaradıldı. Daha sonra bu qurum 1984-cü ildə Office of Muslim Affairs and Cultural Communities (Müsəlman İşləri və Mədəni Komitələr Mərkəzi) adı altında fəaliyyət göstərməyə başladı. İslam Qurtuluş Cəbhəsi adında ikinci bir təşkilatın qurulması ilə filippinlilərin müstəqillik uğrunda mübarizəsində canlanma müşahidə olundu. Həm də bu təşkilat MNLF təşkilatı ilə birləşərək birgə mübarizə aparmağa qərar verdilər. Hazırda filippinlilər İslamı daha sərbəst şəkildə yaşamaq imkanına malik olsalar da, İslam dövləti qurmaq istiqamətində mübarizə dayanmayıb. Fəqət İslam dünyası və müsəlmanlar Kipr, Fələstin, Bosniya, Çeçenistan, Əfqanıstan və İrakdakı gərginliyə, o cümlədən müsəlman dövlətlərin yeraltı, yerüstü sərvətlərinə göz dikən imperialist dövlətlərin yürütdüyü soyuq müharibə ilə elə məşğuldurlar ki, nə Filippin, nə də oradakı müsəlmanları düşünmək iqtidarında deyillər.
Tərtib etdi: Mahir Cəbiyev





  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun