25 Avqust 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

KƏŞMİR

Müsəlman Kəşmir xalqı yardım gözləyir. Asiya qitəsində məskunlaşan bir çox müsəlman xalqı kimi, Kəşmir xalqı da XX yüzilliyin 2-ci yarısını müharibə və münaqişələrlə keçirdi. Kəşmirin təqribən 50 ilə yaxın müddətdə sülh, hüzur və rahat yaşayışdan məhrum olmasının səbəbi işğalçı Hindistan hökumətinin təzyiqləri idi.
Kəşmir qızıl, zümrüd, yaqut və s. zəngin mədən ehtiyatlarına görə dünyanın ən aparıcı bölgələri sırasındadır. Hindistanın işğalı altında olan bu bölgə yüksək dağların üzərində olduğu üçün strateji ərazi hesab edilir. Bu özəlliyə və həmçinin yeraltı təbii sərvətlərə malik olması Kəşmiri tarix boyu bir çox ölkələrin diqqət mərkəzində saxlamışdır. Lakin Kəşmirin həmin ölkələrin maraq dairəsinə düşməsinin başlıca səbəbi onun İslam əqidəsinə mənsub olmasıdır.
Uzun illərdir bölgədəki İslam əleyhinə yönələn fəaliyyətin memarı olan Hindistan hökuməti, eləcə də Rusiya və kommunist ölkəsi Çin müstəqil bir İslam dövləti olmaq və ya Pakistan İslam ölkəsi ilə birləşmək arzusu ilə yaşayan Kəşmirə bu fürsəti vermək niyyətində deyillər. Kəşmir xalqına tətbiq edilən iqtisadi embarqoların, səbəbsiz həbslərin, işgəncələrin başlıca səbəbi xalqın müsəlman olmasıdır. Bununla sözü gedən qüvvələr hər vəchlə həm iqtisadi, həm də siyasi baxımdan güclü bir İslam dövlətinin təşəkkülünün qarşısını almaq məqsədi güdürlər. Eyni zamanda, müsəlman Pakistan dövlətinin embarqolar və beynəlxalq təzyiqlərə məruz qalan Kəşmir xalqına dəstək olmasına da maneə yaradılır.

KƏŞMİR ÜZƏRİNDƏ OYNANAN OYUNLAR
Hindistan yarımadası II Dünya Müharibəsinin sonunadək Böyük Britaniya imperiyasının hökmranlığı altında idi. İngilis istismarçıların bölgədə mövqeyinin getdikcə zəifləməsindən istifadə edən hindistanlı müsəlmanlar ayrı bir dövlətə sahib olmaq istədilər və Pakistan dövlətini yaratdılar. Pakistan və Hindistan arasında əhali mübadiləsi həyata keçirildi. Hindistan ərazisində yaşayan çoxlu müsəlman Pakistana köçürüldü. Lakin əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən "Cammu-Kəşmir” əyaləti hind hökumətinin müdaxiləsi və ingilislərin dəstəyi ilə Hindistanın tərkibində qaldı və Kəşmir xalqı indiyə qədər hind zülmü altında yaşayır.
Kəşmirli müsəlmanlar hind hökumətinə etirazlarını bildirərək müstəqilliklərini tələb edirdilər. Bu tələbə qarşılıq olaraq Hindistan hərbi qüvvələri ölkədə 1947, 1965 və 1971-ci illərdə 3 böyük soyqırım həyata keçirdi. On minlərlə kəşmirli müsəlman öldürüldü, 4 mindən artıq qadın işgəncə və təcavüzə məruz qaldı. Dini maarifləndirmənin qarşısını almaqdan ötrü bu sahədə fəaliyyət göstərən elm ocaqları bağlandı. 1990-cı ildən isə Kəşmirdəki soyqırım və assimilyasiya siyasəti ən amansız şəklini aldı. Səbəbsiz yerə həbs edilən insanlar işgəncə ilə öldürüldü. Evlər ciddi nəzarətə götürüldü, mühafizəsiz insanlara hər cür təzyiqlər edildi, mətbuat və tədris mərkəzləri bağlandı. Hindistan rəhbərliyi təkcə silahlı təcavüzlə kifayətlənmədi. Onlar hətta kənd təsərrüfatı üçün nəzərdə tutulan su hövzələrindən belə müsəlmanlara qarşı işgəncə məqsədilə istifadə etdilər; güclü musson yağışları yağarkən ağzınadək doldurulan su hövzələrini açan hind təcavüzkarları bununla Kəşmir və Pakistanın su altında qalmasına nail oldular ki, nəticədə minlərlə insanın həyatına son qoyuldu, bölgəyə külli miqdarda maddi ziyan dəydi. 1993-cü ilin oktyabr ayında Kəşmirin paytaxtı Sirinaqarda Həzrətbal məscidinə böyük bir həmlə gerçəkləşdirildi. Müsəlman əsgərlərin qərargahı olduğu iddia edilən məscidin fəaliyyəti 1 ay müddətinə donduruldu. Bu müddət ərzində 100-dən çox insan qətlə yetirildi, 300 nəfər günahsız adam həbs edildi. Bölgənin işığı və suyu kəsildi. Lakin bu hələ haqqında danışılan zülmün bir hissəsidir. Bölgədə yerləşdirilən xüsusi cəza tədbirlərinin həyata keçirildiyi düşərgələrdə baş verənlər isə tamamilə insanlığa yad idi. Aşağıda sadalanan faktlar bu düşərgələrdən birini ziyarət edən Türkiyənin "Kanal-7” telekanalının müxbiri Səfər Turanın təəssüratlarından götürülmüşdür. Təkcə bu söylənənlər insanın vicdanını hərəkətə gətirmək üçün yetərlidir. Adı çəkilən müxbirin yazısında düşərgədəki həyat bu şəkildə təsvir edilir: "Ambor” qaçqın düşərgəsi 1990-cı ildə Kəşmirdən qaçan kəşmirlilər üçün yaradılmışdır. Yaşayış şərtləri olduqca ağır və dözülməz idi. Kiçik-kiçik torpaq evlərdə insanlar sanki bir-birinə yapışdırılıb. Daxil olduğumuz birotaqlı evdə yalnız bir çarpayı vardı. Burada neçə nəfər qaldığını soruşduqda dedilər ki, 9 nəfər. Düşərgədə cəmi 1100 nəfərdən ibarət 214 ailə yerləşdirilib. Həyat səviyyəsinin son dərəcə ağır olduğunu görmək üçün torpaqdan düzəldilmiş evlərdən birini görmək kifayətdir. Ümumiyyətlə, evlər 2 çox kiçik otaqdan ibarətdir. Otaqlarda istifadə olunmayan bir neçə su qabı və bir-iki çarpayı var ki, onlara da əgər çarpayı demək olarsa. Küncdə ana qucağında körpəsi ilə oturub. Torpaq üzərində qalanan ocaq üzərində bir qazan gözə dəyir. Amma yeməyə heç nə yoxdur. Utandığımdan heç qazanın qapağını da açmadım, cəsarətim çatmadı. Hansı çadıra daxil olduqsa, nə yemək, nə də yatmaq üçün şərait görmədik. Çadırların birində ortada yerdə balaca, köhnə bir bez parçası sərilmişdi. Məlum idi ki, yataq üçün istifadə olunurdu. "Bu çadırda neçə nəfər qalır?” – deyə soruşduqda "11 nəfər” cavabı aldım. Bayırda yenə qaynayan bir sac qazan vardı”.
Sadalanan bu dözülməz faktlar dünyada müsəlmanlara qarşı edilən zülmlərin sadəcə kiçik bir hissəsidir. Fələstindəki milyonlarla qaçqın və məcburi köçkünün, Kosova savaşı dönəmində qaçqın vəziyyətə düşən 1 milyona yaxın müsəlmanın, yenə yüz minlərlə çeçen-müsəlman qaçqınların, təbii ki, Qarabağdan didərgin salınmışların yaşayış şəraiti bundan heç də fərqlənmir. Bu reallıqlarda Allaha iman edən vicdanlı insanlar üçün çox ibrət vardır. İnsanların imtahan olunmasından ötrü yer üzündə baş verən hər bir hadisə bir hikmət və xeyirə söykənməkdədir. Bu faktlar inananlar üçün Allahın varlığını və Quran əxlaqının gözəlliklərini bütün dünyaya çatdırmanın nə qədər önəmli olduğunu bir daha sübut edir. Bu gerçəklik hər bir inananın üzərində böyük məsuliyyət qoyur. Bu məsuliyyət ondan ibarətdir ki, hər bir iman sahibi insanları pis əməllərdən çəkindirməli, yaxşılığı əmretmə və Allahı inkar edən bütün vasitələrə qarşı fikri, imkanı daxilində fiziki müdaxilə yürütmə vəzifəsini yerinə yetirməlidir. Bunun nəticəsində Allahdan qorxan, vicdanlı insanlar meydana gələcək və bütün zülmlər zaman-zaman yox olacaqdır. İnsanlara zülm edənlər isə etdiklərinin tam qarşılığını həm bu dünyada, həm də axirətdə alacaqlar. Allah bu həqiqəti ayələrindən birində belə izah edir: "Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlar özlərindən əvvəlkilər nə cür rüsvay olmuşlarsa, o cür rüsvay olacaqlar. Biz artıq açıq-aşkar ayələr nazil etdik. Kafirləri alçaldıcı bir əzab gözləyir!
Allah onların hamısını dirildəcəyi gün etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah onların əməllərini (bir-bir) sayıb yazmış, onlar isə etdiklərini unutmuşlar. Allah hər bir şeyə şahiddir!” ("Mücadələ”; 5, 6). Bu mücadilənin təməlini isə hər cür zülmün, münaqişənin və müharibənin qaynağı olan dinsiz fəlsəfə və ideologiyalarla aparılan fikri mübarizə təşkil edir. Barış, sevgi, mərhəmət və bu kimi ülvi dəyərlərə söykənən fədakarlıq insanların vicdanlarını hərəkətə gətirməklə bəşəriyyəti zülmdən xilas edəcəkdir. Belə bir mücadilənin varacağı yekun nəticə isə "Ənbiya” surəsinin 18-ci ayəsində bizə belə çatdırılır: "Xeyr, Biz batili haqla (küfrü imanla) rədd edərik və o, batili yox edər. Batil də dərhal heç olar. (Batil sözlərlə Allaha isnad etdiyiniz naqis) sifətlərə görə vay halınıza!”
Kəşmirdə 50 ildən çoxdur ki, amansız və iyrənc siyasətini rahatca davam etdirən Hindistanın bu zülmünə dünya göz yumur. Bu isə Hindistanın qərbdəki çevrələrdən aldığı açıq və qapalı dəstəyin bir nəticəsi olaraq qiymətləndirilməlidir. Birləşmiş Millətlər Təşkilatının insan haqları, təhlükəsizliyə dair qərarlarının yerinə yetirilməməsi Kəşmirdəki müsəlmanların vəziyyətini daha da ağırlaşdırmışdır. Qərbin maraq dairəsinə daxil olmadığı üçün əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Kəşmirin suverenlik arzusu və Pakistanın buna verdiyi haqlı dəstəyin qarşısı hər vəchlə alınır. Qərb, xüsusilə də Amerika mediyası Hindistanı dəstəkləyir. Diqqət edilərsə, Amerika qəzetləri Kəşmirdəki bu vəhşətə heç bir şey olmamış kimi yanaşır. Məsələyə münasibət bildirəndə isə bu xəbər Hindistana aid bir bölgədəki daxili üsyanın yatırılması kimi qələmə verilir. "Nyu-York Tayms” qəzetinin 1990-cı il 22 yanvar tarixli nömrəsində dərc edilən bir məqalədə yazılanlara diqqət yetirək. Sözü gedən yazıda Pakistanın Kəşmirdəki müsəlman qruplarını dəstəkləməsi ölkədə ictimai-siyasi sabitliyin pozulmasına cəhd kimi vurğulanır. Bu isə pakistanlıların kəskin reaksiyasına səbəb olur. Lakin təkcə Amerika deyil, bütün qərb mətbuatında bu tip yazılara tez-tez rast gəlmək mümkündür.
Son illərdə Hindistan hökuməti bölgədə təzyiq və assimilyasiya fəaliyyətini daha da gücləndirib. Bundan başqa hökumətin nəzarət edə bilmədiyi söylənilən, lakin aralarındakı anlaşmazlığın "danışıqlı savaş” şəklində olduğu hər kəsə məlum "fanatik hindi təşkilatları” vardır ki, həmin qurumlar Babur Şah məscidində törədilən soyqırımlardakı kimi kəşmirli müsəlmanların tamamilə yox edilməsini hədəf seçmişlər. Görəsən, nə üçün Amerika və onun maraqlarına dolayı yolla boyun əyən BMT və eləcə də qərb qüvvələri Kəşmirin bu vəziyyətinə göz yumur, lənətlədiyi terrora dəstək olmağa davam edir? Bu sualların cavabı İslama qarşı dünyanın bir çox ölkələrində mövcud olan lobbilərin məqsədyönlü mənfur fəaliyyətinin təkzibedilməz göstəricisidir. Yekun olaraq deyə bilərik ki, kəşmirli müsəlmanlar 50 ildən artıqdır ki, yalnız Hindistan, yaxud yerli radikal təşkilatlarla deyil, eyni zamanda bunları açıq və gizli şəkildə dəstəkləyən çoxsaylı qərb qüvvələri ilə də mübarizə aparırlar. Qərbin məsələlərə müdaxiləsi xüsusilə təbliğat zəminində daha aydın şəkildə özünü göstərir. Tarixən olduğu kimi, bu gün də kəşmirli müsəlmanlara və digər bölgələrdə yaşayan İslam ümmətinə qarşı edilən zülm və işgəncələr insanlara yanlış formada çatdırılır. Günahsız insanlara edilən zülmlər gizlədilməkdə, sonda isə bütün dünya baş verənlərə seyrçi qismində baxmaqdadır. İnsan hüquqlarını müdafiə təşkilatlarının qəbul etdiyi qətnamələr nəinki icra olunmur, hətta qətnamə sanki yoxmuş kimi ona heç əhəmiyyət belə verilmir. Hind zülmünə qarşı mübarizə aparan, öz torpaqlarında barış və sülh şəraitində yaşamaq üçün mücadilə verən kəşmirlilər dünyaya radikal terrorist qruplar olaraq tanıdılır. Bir az əvvəl qeyd etdiyimiz kimi, qərb mətbuatı Kəşmir və Hindistan arasındakı problemləri Pakistanın müdaxiləsi olmadan qısa müddət ərzində həll ediləcəyi fikrini irəli sürür. Bu baxımdan da problemin başlıca səbəbkarı kimi Pakistan hökuməti göstərilir və məsələnin yalnız qərbin ciddi müdaxiləsi sayəsində həll edilə biləcəyi söylənilir. Əslində bu, sözügedən antiislam lobbilərin Kəşmir siyasətinin yeni cizgisidir. Pakistanı embarqo və terrorist ölkələr siyahısına daxil etmək, qərbin ölkəyə ayırdığı kreditləri kəsmək təhdidləri, onu Kəşmir davasından uzaqlaşdırmaq deməkdir ki, bu da İslam torpağı Kəşmirə təcavüzün davam etdirilməsi anlamına gəlir. Beləcə, yarım əsrə yaxındır ki, hind zülmü ilə qarşı-qarşıya qalan Kəşmir xalqının yeganə arzusu rahatca yaşaya bilmək, müsəlman olduqları üçün zülmə məruz qalmamaq, uşaqlarını barış və təhlükəsizlik şəraitində boya-başa çatdırmaq və bir qarış torpağa sahib olmaqdır. Kəşmirli müsəlmanların qanuni haqlardan məhrum edilməsi, bundan başqa zülm və işgəncələrə məruz qalması, dinsizliyə qarşı mübarizəni gücləndirməyi tələb edir. Bu isə vicdanlı insanların təfəkküründə oyanma meydana gətirmənin nə qədər zəruri və önəmli olduğunu bir daha göstərir. Şübhəsiz, bu hadisələrə vicdanı olan hər bir insanın laqeyd qalması, seyrçi mövqe tutması və özünü görməzliyə vurması mümkün deyil. Haqsızlıqlarla mübarizə, yer üzündə hüzurun, sülh və ədalətin ancaq Quran əxlaqının yaşanması ilə mümkün olacağının bütün insanlara çatdırılması və aşılanması, günümüzün ən önəmli vəzifələrindən biridir. İnananların Allahın yardımı ilə müjdələnməsi, zalımların isə tövbə etmədikləri təqdirdə sonda üzləşəcəkləri aqibət barədə qorxudulmaları da müsəlmanlar üçün bir ibadətdir. Zalımlar ilə iman edənlərin alacaqları fərqli qarşılıq barədə Quran belə xəbər verir: "Şübhəsiz, Biz öz peyğəmbərlərimizə və iman gətirənlərə həm dünyada, həm də şahidlərin şəhadət verəcəyi gündə (qiyamət günündə) yardım edəcəyik!
Elə bir gün ki zalımlara üzrxahlıqları heç bir fayda verməyəcəkdir. O gün onları lənət və axirət yurdunun pis əzabı gözləyir” ("Mumin”; 51, 52).

Mahir Cəbiyev




  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun