28 Mart 2020









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək
  Malkolmun anası yenidən ərə getməyə hazırlaşsa da, onu özünə arvad etmək istəyən kişi belə böyük ailəni maddi baxımdan təmin edə bilməyəcəyini görüb, onunla evlənməkdən imtina etmişdi. Bu hadisə onsuz da çox ağır həyat şərtlərinin təzyiqinə məruz qalmış qadını bir az da psixoloji tənəzzülə doğru sürüklədi. "Ailə Rifah” cəmiyyəti hər dəfə bu ailəyə baş çəkərkən ananın vəziyyətinin ailəni təmin etməyə kifayət etmədiyinin daha çox fərqinə varır və ailəni dağıdaraq uşaqları onları təmin etməyə qadir olan ailələrə verməyin gərəkli olduğuna hər dəfə daha çox inandırmağa çalışırdılar. Dövlət elə belə də etdi, uşaqların hamısı onları maddi və mənəvi baxımdan təmin etməyə qadir olan ailələrdə yerləşdirildi. Ana isə müalicə olunsun deyə Kalamazudakı ruhi xəstələr üçün ayrılmış xəstəxanaya göndərildi. Malkolm övladlığa verildiyi ailəni sevirdi, lakin artıq məktəbdən uzaqlaşmağı və çalışaraq pul qazanmağı da öz qarşısına məqsəd qoymuşdu. Məhz bu məqsədlə o, bir dəfə sinfə daxil olarkən başından papağını çıxartmadı. Müəllimi isə bu hərəkətinə görə ona "dayan” deyənə qədər sinifdə hərəkət etmə cəzası verdi. Malkolm müəllimi yazı taxtasında yazı yazdığı vaxt onun stolunun üzərinə knopka qoydu və müəllimin stola əyləşməsi ilə qışqırtısının ətrafa yayılması bir oldu. Malkolm məktəbdən qovuldu, lakin hadisələr onun cızdığı plan üzrə inkişaf etmədi. Məktəb müəlliminə qarşı törətdiyi hərəkət onu məhkəmə kürsüsünə gətirib çıxartdı. Məhkəmənin qərarı ilə Malkolm islah evinə göndərildi. Ancaq bundan əvvəl onun bir müddət müşahidə məntəqəsində qalması lazım idi. Malkolm Lansinqdən təxminən 23 km. aralıda yerləşən Masona gələrək burada orta məktəbin ikinci sinfindən öz təhsilini davam etdirməyə başladı. İslah müəssisəsi ona işləməsi üçün bir yer də tapmışdı, belə ki o, bir qəlyanaltıda qabları yuyaraq öz yaşayışını təmin edə bilərdi. Bu tapıntı onu çox sevindirmişdi. Artıq həyat ona zövq verməyə başlamışdı. Təhsil sahəsində də günbəgün uğurlarını artırırdı, sinfin ən bacarıqlı şagirdi idi. Hətta sinif yoldaşları bir çətinlikləri olduqda ona müraciət edirdilər. Malkolm öz siniflərində şagirdlərə rəhbərlik vəzifəsindən qaynaqlanan öhdəlikləri də çox məsuliyyətlə yerinə yetirirdi. Dərslərdən ən çox ingilis dilini bəyənirdi, çünki bu dərsi tədris edən müəllim onlara həyatda müvəffəqiyyət qazanmağın yollarından və öz həyat təcrübələrindən həvəslə danışardı. Bir gün müəllim ondan soruşdu: "Nə olmağı düşünürsən?” O isə düşünmədən belə cavab verdi: "Vəkil olmaq istəyirəm”… Dialoqun davamı isə sizə məlumdur. Artıq səkkizinci sinifdə oxuyarkən islah evinin məmurları onun nümunəvi bir şagirdə çevrilməsini dəlil gətirərək azad olunmasını təmin etdilər. Malkolm yenə başqa bir ailənin himayəsinə veriləcəkdi ki, Bostonda yaşayan bacısı onu öz yanına dəvət etdi. Təhsilinin onu arzuladığı məsləyə qovuşdura bilməyəcəyini nəzərə alan Malkolm həmin ilin sonunda bacısının yanına gedir. Bostonda ilk bir ay ərzində heç bir iş tapa bilməyən qəhrəmanımız daha sonra bilyard salonunda Şoti adlı yerlisi ilə tanış olur və Şoti də ona Dövlət Balet Salonunda ayaqqabı boyaçısı işi tapır. Getdikcə işin sirlərinə daha yaxından bələd olan Malkolmun gəliri də artmağa başlayır. Şoti və onun dostları ilə oturub-durması Malkolmun tiryək, narkotik vasitələrə, alkoqolla tanışlığına zəmin yaradır. Ümumiyyətlə, Boston həyatı onun ömrünün mənfi yaşam tərzi üzərində köklənməsi üçün keçid dövrünü təmsil etdi. Bacısı da onun yaşamının günbəgün daha da uçuruma yönəldiyini görüb onun üçün yeni iş yeri axtarışına çıxdı. Tezliklə o, şirniyyat mağazasında ofisiant kimi çalışmağa başladı. Lakin bu iş də onluq deyildi. Bacısı Ellanın gedib-gəldiyi kilsənin digər bir ziyarətçisi vasitəsilə Malkolma Boston-Nyu-York qatarında iş tapıldı. Bu iş Malkolmdan çox ciddi məsuliyyət tələb edirdi. O, qatarda ona tapşırılan xidməti işləri səliqəli və səhvə yol vermədən yerinə yetirməli idi. O, Nyu-Yorkun Harlem məhəlləsini olduqca çox bəyənmişdi. Malkolm burada özünü təhlükəsiz hiss edir və dincələ bilirdi. Harlem zənci məhəlləsi idi. Malkolm buranın sakinləri olan gözəl, səliqəli və mədəni həyat tərzi sürən zənciləri müşahidə edərək çox gözəl hisslər yaşayırdı. O, 1942-ci ildə 17 yaşında bir şikayətçinin tələbilə qatardan qovuldu. Artıq Harlemdə yaşamağı ciddi şəkildə qərarlaşdırmış Malkolm özünə barların birində yeni iş tapmışdı. Onun yeni işinə ciddi yanaşması açıq-aşkar hiss olunurdu, məhz bu amil ona rəğbət yaradırdı. Həmin bar Harlemin sürücülərin, narkotika ticarətçilərinin və oğruların toplaşdığı bir neçə barından biri idi. Malkolmun sözü ilə desək: "Həyat məktəbi” idi… Bir müddətdən sonra Malkolm da anaşalı siqaret satmağa başladı və bu ticarət ona çox böyük mənfəət qazandırdı. O, cinayətkar dairələrdə də sadiq, etimadlı bir şəxs olaraq tanınmağa başladı. Malkolm əldə etdiyi pulu son qəpiyinə qədər öz bosuna təqdim etdiyindən o, həm də etibarlı bir sima kimi rəğbət qazanmışdı. Malkolmun müştəriləri içində kimlər yox idi ki?! Özünün də söylədiyi kimi: "... Ən sanballı müştərilərim keşişlər, təhlükəsizlik orqanı işçiləri, ictimai yardım qurumlarının mənsubları və başqalarının həyatını idarə etməkdə böyük rolları olan mühüm insanlar idi”. Narkotika polisi artıq onun izinə düşmüş, lakin üzərində heç bir şey tapa bilmədiklərinə görə onu həbsə sala bilmirdilər. Ancaq polisin də belə narkotika ticarətçilərini həbs etmə metodu var idi: Əhalinin sıx olduğu məkanlarda onların cibinə narkotik maddə qoyaraq birdən-birə onu saxlayar, ciblərini yoxlayar və onların yaşadıqları evlərin hər hansı bir güşəsinə narkotika yerləşdirərək evə qəfil baxış keçirərdilər. Malkolm bütün bunları nəzərə alaraq tez-tez evinin yerini dəyişməyə məcbur olurdu. Bir dəfə dostlarından biri ona ağıllı məsləhət verdi. Ona təklif etdi ki, səyahətə çıxsın və bu yolla da izini azdırsın. Malkolm da əvvəllər dəmir yolu şəbəkəsində işlədiyi üçün pulsuz səyahət kartına malik idi. O, orkestr qruplarına qoşularaq ABŞ-ın bütün şərq sahillərini gəzib dolaşdı və səyahəti, bəlkə də, ABŞ tarixində ilk səyyar narkotik maddə ticarətçisinə çevrildi. Orkestrin ifaçıları əvvəllər də onun müştəriləri olduqlarından bu fəaliyyət Malkolm üçün heç bir çətinlik yaratmırdı. Sonra nədənsə verdiyi ani bir qərarla narkotika satışına son qoydu. Elə həmin zaman kəsiyində hərbi xidmətə çağırılan Malkolmun həyatında yeni qayğılı dönəm başladı. Ancaq o, ABŞ-da yaşayan digər zəncilər kimi əsgərliyə getməmək üçün bütün yolları sınaqdan çıxaracaqdı. Ağlının yerində olmadığını sübut etməklə və yaxud həblər qəbul edərək daxili orqanlarını xarab etməklə qara dərililər orduya qatılmamağa can atırdılar. Çünki qara rəngli həyat onları həyatda olduğu kimi orduda da addım-addım təqib edirdi. Malkolm da özünü ruhi xəstəliyə sahib olmaq üçün dəridən-qabıqdan çıxdı və sonda öz arzusuna nail oldu. 
  ABŞ-da hətta universitet bitirmiş zəncilər belə il ərzində 5000 dollar qazana bilirdilər ki, bu da ağların il ərzində qazandığından 5-6 dəfə az idi. Bu isə onları daha asan pul qazanma yolları axtarıb tapmağa sürükləyirdi ki, bunun da ən məhsuldar yolu müxtəlif cinayətlər vasitəsilə gəlir əldə etmək idi. Bostonda öz oğru şəbəkəsini quran Malkolmun Nyu-Yorkdan uzaqlaşmasına səbəb bir yerdə lotoreya biletləri satdığı insanla aralarında problemlərin yaranması olmuşdu. Onun cinayətkar dəstəsinə üç kişi və ağ dərili bir neçə qız daxil idi. Həmin qızlar zəncilərin evlərində qulluqçuluq işləri görmək adı ilə daxil olur, şöhrətpərəst burjua qadınlarının sərvətlərini ona-buna göstərmələrindən yararlanaraq, onları saxladıqları yeri müəyyənləşdirir və işlədikləri evlərin sxemlərini çəkərək Malkolma təqdim edirdilər. Nəticədə isə cinayətkar dəstənin digər üzvləri onlara təqdim edilən plan əsasında evi soyub-talayırdılar. Əldə etdiklərini satışa çıxarır, bəyəndikləri şeyləri isə özləri üçün saxlayırdılar. Malkolm da özü üçün gözəl bir saat saxlamışdı ki, həmin saatdan şəhərdə yalnız bir neçə nəfərdə var idi. Onu təmir üçün saatsaza təqdim etdiyi zaman polisin keçirdiyi əməliyyat tədbiri nəticəsində həbs olundu və 1946-cı ildə yoldaşı Şoti ilə birlikdə Çarlztaun əyalət həbsxanasına salındılar. Malkolmun o zaman heç 21 yaşı belə tamam olmamışdı. Həbsxanada keçirdiyi ilk il onun üçün çox ağır oldu. Narkotiklərlə əlaqəsini kəsdiyi üçün bədənini dözülməz ağrılar bürümüşdü və ona kömək etmək istəyən həm həbsxana psixiatrı, həm də keşiş Malkolmun qəzəbinə tuş gəlirdilər. Hətta kamerada tez-tez təkbaşına saxlanılırdı. Çünki o, həbsxana məmurlarına itaət etməməklə yanaşı, ağrıları qalxdığı zaman saxlandığı kameranın altını üstünə çevirirdi. Hər dəfə təkadamlıq kameraya salınanda Malkolm "İncil”i və tanrını söyürdü. Buna görə də məhbus yoldaşları onu "İblis” ləqəbilə çağırırdılar. Lakin həbsxanada Bimbi adlı yoldaşının dinsizliyə qarşı söhbətindən sonra Malkolm müqəddəs hesab olunan dəyərlərə bir də təhqirlə yanaşmadı.
(ardı var)
Orxan Abdullah 



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun