25 Avqust 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

MÜHƏMMƏDCAVAD MUĞNİYƏ (II HİSSƏ)

YENİLİKÇİ FƏQİH
(MODERNİST FƏQİH)
DÖRDÜNCÜ FƏSİL
MƏZHƏBLƏRİN YAXINLAŞDIRILMASI
Mühəmmədmehdi Şəmsəddin deyir:
"Bizim düçar olduğumuz bu fitnəkar böhranda (İsrailin Livana hücumu) Şeyx Mühəmmədcavad Muğniyənin ən mühüm nigarançılığı Milli Vəhdət, İslami Vəhdət və Livanın Cənubu idi”[29].
Şeyx Mühəmmədcavad Muğniyə İslamın vəhdəti üçün böyük səy göstərirdi. O, hər imkan düşəm kimi əhli-sünnənin dini alimləri ilə müzakirələr aparır və söhbət edir və vəhdətin yollarını axtarırdı. Miladi 1960-ci ildə Dəməşqdə Şeyx Mühəmməd Əbuzöhrə ilə görüşdü. 1970-ci ildə isə Doktor Mustafa Mahmud onun görüşünə gəldi[30].
Ayətullah Muğniyə əl-Əzhərin mərhum şeyxi Şeyx Nəmmam və Şeyx Şərbasi ilə də görüşmüşdü. Eləcə də bir dəfə Qum şəhərində Şeyx Həsrinin qonağı olmuşdu[31].
 
MİSİRDƏ
Ayətullah Muğniyə islami məzhəblər arasında yaxınlıq yaratmaq məqsədi ilə ilk dəfə hicri-qəməri tarixi ilə 1382-ci, miladi 1963-cü ildə Misirə səfər etdi. Öncə İmam Hüseynin müqəddəs məqbərəsini ziyarət etdi. Sonra isə Həzrət Zeynəbin pak qəbrinin ziyarətinə, daha sonra isə əl-Əzhər məscidini görməyə getdi.
Əl-Əzhər məscidində Muğniyə ilə məscidin pişnamazı arasında çox maraqlı bir söhbət baş verdi. Möhtərəm oxucular, həmin söhbəti sizin diqqətinizə çatdırmaq istəyirik:
Şeyx Mühəmmədcavad Muğniyə əl-Əzhər məscidinin pişnamazından əl-Əzhər Universitetinin şəklini ona verməsini xahiş etdi. Məscidin pişnamazı dedi: "Kəbə birdir, əl-Əzhər də bir dənədir”. Muğniyə dedi: "Və Allah da yeganədir. Buna əsasən bizim üç üsulumuz var; Allah, Kəbə, əl-Əzhər. Necə ki, məsihilər deyirlər”.
Sonra Ayətullah Muğniyə ona dedi:
– Şiəlik haqqında bir şey bilirsənmi?
O dedi:
– Onlar azğındırlar.
– Onların azğın olduğunu haradan bildin?
– Elə deyirlər.
– Mən deyirəm sən azğınsan. Sən mənim sözümü rədd edə bilərsən?
Bu zaman məscidin pişnamazı iki əlini də açıb dedi:
– "Fatihə” surəsini oxu. Şeyx də onunla birgə "Fatihə” surəsini oxudu. Sonra isə imamcamaat məscidə getdi[32].
 
MİSİR ALİMLƏRİ İLƏ GÖRÜŞ
Şeyx Mühəmmədcavad Muğniyə əl-Əzhər Universitetini, Qahirəni, Eyn Şəmsi və eləcə də "Darul-Kutub”u təftiş etdi.
Sonra əl-Əzhərin o zamankı şeyxi Şeyx Mahmud Şəltutla görüşdü. Onların arasında vəhdət və onun yollarının araşdırılması haqqında söhbət oldu.
Əlbəttə, Şeyx Şəltutla onun arasında olan köhnə tanışlıq hicri-qəməri tarixi ilə 1368-ci ilə təsadüf edir. Şeyx Şəltut "Darut-Təqrib Beynəl-Məzahib”in ("Məzhəblərarası Yaxınlıq Cəmiyyəti”) təsisçilərindən və islami vəhdətin carçılarından biri sayılırdı. Onun şiə alimləri arasında sevilməsinin səbəbi şiə fiqhinə əməl etməyin caiz olması fitvasını verməsinə görə idi. Elə o zamandan bəri o iki şəxsiyyət arasında məktublaşma baş verdi. Bu isə onların islami məzhəblərin vəhdəti ilə bağlı fikirlərinin yaxınlığının nişanəsi idi.
Lakin onun hüzuri surətdə görüşü Muğniyənin Misirə getdiyi zaman hicri-qəməri tarixi ilə 1382-ci ildə baş verdi. O, bu haqda belə yazır: "Şəltutun evinə getdim. Məni qarşıladı və xoş gəldin dedi. Şiəlik haqqında söz açılan zaman o dedi: "Şiələr əl-Əzhəri təsis etdilər və çox qısa zamanda şiə məzhəbi və elmləri əl-Əzhərdə tədris olunurdu, ta o zamana qədər ki, bu məzhəbin gücü yetənləri ondan imtina edib əl-Əzhəri o gözqamaşdırıcı nurdan və onun faydalarından məhrum etdilər”. Mən ona dedim: "Şiə alimləri sizi möhtərəm sayırlar, çünki sizin dinə xidmətlərinizin qiymətini bilirlər. Sizin heç bir məzəmmətdən qorxmadan haqq və ədaləti bəyan etmə cürətinizə pərəstiş edirlər”. Ona dedim: "Şiələr Peyğəmbərdən sonra xilafəti İmam Əlinin haqqı olaraq görürlər. Lakin İslamın zərərinə və təfriqəyə səbəb olmasın deyə ixtilaf yaratmırlar. Necə ki, İmam Əli belə demişdi”. O, məclisdə oturanlara dedi: "Sünnilər bu həqiqətdən xəbərsizdirlər”[33].
ŞİƏLİYİN TOXUNULMAZLIĞINI MÜDAFİƏ
Məzhəblərarası yaxınlaşmanın möhkəmləndirilməsinin yollarından biri də hər məzhəbə məxsus alimlərin digər məzhəbin hökm və əqidələrindən xəbərdar olmasıdır. Diqqətinizə çatdırılan bir nümunədən Misirin imamcamaatlarından birinin şiə haqqında yürütdüyü fikrin şahidi olduq. Həqiqət budur ki, camaatın çoxu və hətta əhli-sünnə alimlərinin bəziləri şiəliyin həqiqətlərindən xəbərsizdirlər. Yalnız təəssübkeşlikləri, yaxud da eşitdikləri şayiələr ucbatından şiələrlə düşmənçilik edirlər, baxmayaraq ki, bütün məzhəblərin hədəfləri eynidir, bu isə kamala yetişmək və Allaha yaxınlaşmaqdır.
Şeyx Mühəmmədcavad Muğniyənin adətlərindən biri bu idi ki, hər zaman ittihamlar qarşısında şiənin toxunulmazlığını müdafiə edirdi. Məhz bu işi ilə o, məzhəblərarası yaxınlaşmanın əsasının həqiqətini möhkəmləndirirdi. Belə ki, bir kitaba rədd yazdığı zaman məlum olurdu ki, həqiqət tamam başqa şeydir və şiənin belə şübhələrə və xürafatlara etiqadı yoxdur.
Şeyx Mühəmmədcavad Muğniyə Muhibbuddin əl-Xətibin yazdığı "Kitabul-Xututul-Ərizə”yə cavab yazan ilk şəxs idi. Bu kitab Misir ölkəsində şiənin ziddinə nəşr edilən ilk kitablardan biri idi. Şeyx Mühəmmədcavad Muğniyə bu cavabı yazdığı üçün çoxlu sayda təhdid məktubları alırdı.[34] Lakin o, bir dəfə də olsun narazılıq etmədi və həqiqəti aşkar edənədək bu yoldan dönmədi. O, heç bir zaman azdırıcı kitablar yazmaqla şiəyə qarşı dəhşətli ittihamlar vurmaq istəyənlərin qarşısında əyilmədi.
 
BEŞİNCİ FƏSİL
XÜSUSİYYƏTLƏR
ƏHLİ-BEYT EŞQİ
Muğniyə Əhli-Beyt elminin dəyərini özünə əsas götürərək bütün yazılarında mənbənin əslinə, yəni Əhli-Beytə müraciət etdi. O, bu barədə yazır: "And içirəm ki, mən müxtəlif köhnə və yeni, Şərqə və Qərbə məxsus kitablar oxudum və fikirlərlə tanış oldum. Belə qərara gəldim ki, insanların dərdinə dəyən şeyin əsası daha maraqlı və kamil surətdə bizim İslamın, xüsusən də Əhli-Beytin mətləbləri arasında və özəlliklə də İmam Əlinin və onun övladlarının, İmam Sadiqin (ə) kəlamlarında görünür”[35].
 
İMAM HÜSEYNƏ XÜSUSİ MƏHƏBBƏT
Şeyx Mühəmmədcavad Muğniyə ilə İmam Hüseyn (ə) arasında xüsusi bir əlaqə vardı. Onun qələmindən çıxan bir çox əsərlər İmam Hüseynə həsr edilmişdi. Eyni zamanda Həzrətin özəllikləri haqda xüsusi bir kitab dərc etmişdi. O, çıxış və söhbətlərində həmişə əziz İmamdan danışırdı. Demək olar ki, hər il Aşura günü miladi tarixi ilə 1968-ci ilədək o böyük şəxsiyyətdən şəfaət diləyi ilə İmam Hüseyn (ə)-ı ziyarət edirdi[36].
 
XATİRƏLƏRİ
Şeyx Mühəmmədcavad Muğniyənin sevdiyi adətlərindən biri də bu idi ki, bəzən öz xatirələrini qeyd edərdi. O, özü bu barədə deyir: "Mən Nəcəfi-Əşrəfdə dərs oxuduğum zaman özüm üçün kiçik bir dəftər tutmuşdum ki, gördüklərim və ya oxuduqlarım haqqında bəzi şeyləri oraya qeyd edəm. Bu, mənim bu günədək – 50 ilə yaxındır ki, adətimdir.
Dəftərimin ilk səhifəsini Allahın adı ilə başladım və bu ayəni qeyd etdim: "Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!”[37] Və bu ayə bu günədək mənim şüarımdır”[38].
 
MUĞNİYƏNİN XATİRƏLƏR KİTABI
"Təcaribu Mühəmmədcavad Muğniyə bi qələmihi”[39] adlı bu kitab Beyrutun "Darul-Cavad” müəssisəsində nəşr edilmişdir. Bu kitab Şeyx Mühəmmədcavadın oğlu Əbdülhüseyn Muğniyə tərəfindən tərtib olunmuş, onun vəfatından sonra çapa verilmişdir.
Ərəb yazıçılarından biri olan Cavad Əli Kəssar bu kitab haqqında belə yazır: "Bu kitab bir neçə dəfə oxunmağa layiq olan bir kitabdır. Lakin bu, fikirlərinin dərinliyinə görə deyil, əksinə onda cərəyan edən insani ruhiyyənin dərinliyinə görə olmalıdır”[40].
Muğniyənin oğlu "Təcaribu Mühəmmədcavad Muğniyə bi qələmihi” kitabının müqəddiməsində yazır:
"Öncə istədim ki, bu kitabı atamın sağlığında "Darul-Cavad” nəşriyyatı vasitəsilə nəşr etdirim. Lakin atam bunu etməyə mənə mane oldu. Bəlkə də, bunda bir hikmət varmış”[41].
Övladı tərəfindən yazılan bu kitabın tərtib olunması beş ilə araya-ərsəyə gəldi, çünki onun Nəcəfdən ömrünün axırına qədər olan xatirələri burada öz əksini tapırdı.
 
ALTINCI FƏSİL
ƏSƏRLƏRİ
QÜDRƏTLİ YAZIÇI
Orijinal mənbələri tapıb onları günün tələblərinə uyğun bir şəkildə bəyan etmək bacarığına sahib olan bir yazıçı millət arasında xüsusi bir mövqeyə sahibdir. Mühəmmədcavad Muğniyənin müxtəlif kitabların yazılışında müvəfəqiyyət qazanmasının səbəblərindən biri də onun dərin mütaliə etməsi idi. O, həmişə mütaliə ilə məşğul idi: "Mən çox oxuyub az yazmağı sevirəm. Hətta yazmağı heç sevmirəm. Yalnız yazmaqdan başqa çarəm qalmadığı bir zamanda yazıram. Əgər vücudumda nəyi isə hiss etsəm (ki, insanlar bunu bilməlidirlər), onu insanlara bildirmədiyim müddətdə (yazmadıqca) rahatlıq tapa bilmirəm. Mən oxumaq və mütaliə etməyin yanğısı ilə yaşayıram və bunların gündəlik məşğuliyyətim olmasını çox sevirəm”[42].
Bəli, Şeyx Mühəmmədcavad Muğniyənin əsas məşğuliyyəti yalnız mütaliə etmək və yazı yazmaq idi. O, bəzən gün ərzində 4 saat yatmaqla kifayətlənir, mütaliə və araşdırma ilə məşğul olurdu. Bəzən də yazı onu o qədər məşğul edirdi ki, hətta 48 saat belə yatmırdı.
Onun bir çox əsərləri vardır ki, onların əksəriyyəti tərcüməçilər tərəfindən fars dilinə çevrilmiş və xalqın istifadəsinə verilmişdir. Bu da öz növbəsində onun əsərlərinin cazibəsinin və dərinliyinin bariz nişanəsidir.
Əsərlərinin əksəriyyətini şiənin əqidələri, Əhli-Beytin həyatı və Quran təfsiri təşkil edir.
Onun əsərlərinin xüsusiyyətlərindən biri də adətən müxtəsər və yığcam şəkildə yazması, kitablarının cibə yerləşəcək qədər kiçik ölçüdə olması idi. Bir gün Ustad Muğniyədən soruşdular ki, nə üçün siz böyük, ağır və bahalı kitabları buraxıb kiçik formalı cib kitabçalarına üstünlük vermisiniz. O zaman ustad belə cavab vermişdi: "Bir gün Beyrutun küçələrinin birindən keçirdim, gördüm bir cavan əlində sandiviç yeyə-yeyə digər əlində cib kitabçası tutub oxumaqla məşğuldur. Əgər kitab böyük olsaydı, belə istifadə edilə bilməzdi”[43].
O, Bəstaninin məşhur "Dairətul-Məarif” ("Ensiklopediya”) kitabının təkmilləşdirilməsinə də köməklik etmişdi. Onun özü bu barədə deyir: "Böyük ustadım – Livan Universitetinin rektoru Fuad Əhzam Bəstani məndən Peyğəmbərin Əhli-Beytinin həyatından bəhs edən bir fəsil yazmağı xahiş etdi ki, özünün kamal və fəzilətlərinə görə ən yüksək zirvəyə yüksəlmiş görkəmli şəxsiyyətlərin qiymətli əsərlərinin əksəriyyətinə yer vermiş olduğu "Dairətul-Məarif”in birinci hissəsində nəql etsin”.
Onun əsərləri aşağıdakılardan ibarətdir:
1. "əl-Vadul-Hazir fi Cəbəli-Amil” ("Cəbəli-Amilin hazırkı vəziyyəti”).
2. "əl-Fusuluş-Şəriyyə əla Məzhəbil-İmamiyyə” ("On iki imamçı şiə məzhəbinə əsasən şəri fəsillər”).
Bu kitab şiə məzhəbi nöqteyi-nəzərindən nikah, naməhrəm qadınlar, mehr, nəsəbin (soyun) hökmləri, nəfəqə (yaşamaq üçün lazım olan pul və ya şey), talaq, irs və şəhadət mövzusunda fiqhi mübahisələrə şamil olur.
3. "Məəş-Şiətil-İmamiyyə” ("On iki imamçı şiə ilə”).
4. "İsnaəşəriyyə və Əhlul-Beyt” ("On iki imamçılıq və Əhli-Beyt”).
5. "Əhlul-Beyt” ("Əhli-Beyt”).
Bu kitab Seyid Cəfər Ğəzban tərəfindən "Nübuvvət Xanədanı” adı altında tərcümə edilmiş və "Yeni Ay” jurnalı nəşriyyatı tərəfindən hicri şəmsi tarixi ilə 1341-ci ildə ilk dəfə nəşr olunmuşdur.
Mühəmmədcavad Muğniyə bu əsərdə də özünün digər əsərlərində olduğu kimi şiəliyin orijinal və zəngin mənbələrindən istifadə etmişdir. O, bu kitabda 26-dan çox mənbəni mütaliə mövzusu kimi seçmişdir. Onlardan, məsələn "Kəşful-Ğummə”, "Biharul-Ənvar”, "Şərhi-İbn Əbilhədid” və başqalarını göstərmək olar.
O, kitabın müqəddiməsində mübarək "Ənam” surəsinin 83-cü ayəsinin nəqlinə əsasən İmam Həsən və İmam Hüseyni müqəddəs İslam Peyğəmbərinin pak zürriyyəsi hesab etmiş və İmam Şafeidən nəql etmişdir: "Mənə dedilər ki, sən rafizi (şiəyə verilən addır) olmusan. Dedim ki, rafizilik heç bir zaman mənim din və əqidəm olmamışdır. Lakin, şübhəsiz, mən ən üstün öndər və rəhbəri çox sevirəm. Əgər Ali-Mühəmmədə (Peyğəmbər Əhli-Beytinə) olan məhəbbətim rafizilik sayılarsa, Allaha and olsun ki, mən Allahın ən böyük rafizi olan bəndələrindənəm…”
Muğniyə bu kitabda Əhli-Beytin həyatından bəhs etməklə bərabər onların qəzavət və hekayələrinə də işarə etmişdir[44].
6. "əl-İslamu Məəl-Həyat” ("Həyatla birlikdə İslam”).
Bu kitab dörd hissəyə ayrılmışdır. Onun birinci hissəsi tövhid, məad, Allah və qul haqqı barədədir. İkinci hissədə müqəddəs İslam dininin ictimai məsələləri ilə bağlı söhbət açılır. Üçüncü hissədə İslam şəriətinə işarə edilir. Dördüncü hissədə isə alimlərin övladları barədə söylənilən müxtəlif fikirlərdən bəhs edilir.
O, bu kitabda öz həyatı ilə bağlı çox qısa məlumat vermişdir. Özü bunun səbəbini belə göstərir: "Öz həyatım haqqında təqribən 80 səhifəlik bir kitab yazdım və adını "Muzəkkiratu-Qaz” ("Qazının Xatirələri”) qoydum. Onu nəşr etdirməyi qərara aldım. Lakin peşman oldum, çünki düşündüm ki, bəlkə də, orada faydalı bir şey yoxdur.
Amma bu kitabda öz həyatım barəsində bir xatirəni bəyan etmək qərarına gəldim, çünki oxucular hər zaman müəllifin həyatını öyrənməyə can atırlar”[45].
7. "əl-Mərə” ("Qadın”).
8. "Beynəllah vəl-İnsan” ("Allahla insan arasında”).
9. "İsnaəşəriyyə” ("On iki imamçılıq”).
10. "Əllahu vəl-Əql” ("Allah və Ağıl”).
Bu kitab "Əllah vəl-İnsan” ("Allah və İnsan”) adlı bir kitabda bəyan edilən Mustafa Mahmudun fikirlərinin inkarı əsasında yazılmış və hicri-qəməri tarixi ilə 1378-ci ildə nəşr olunmuşdur. Sonralar Əliəkbər Səba onu tərcümə etmişdir.
11. "ən-Nubuvvətu vəl-Əql” ("Peyğəmbərlik və Ağıl”).
12. "əl-Axirətu vəl-Əql” ("Axirət və Ağıl”).
Yuxarıda adı çəkilən kitabda yalnız fəlsəfi cəhətdən çətin və anlaşılmayan terminləri ilə kifayətlənməməyə səy edilmişdir. Əksinə, məadın isbatının dəlilləri və ona olan etiqadın nəticələrinin aydın şəkildə zikr olunmasına və yüngül, rəvan təhqiq edilməsinə çalışmışdır.
Bu kitab Kamil Xeyirxah tərəfindən "Ağıl nöqteyi-nəzərindən məad” adı altında çap olunmuşdur[46].
13. "əl-Məhdiyyul-Muntəzəru vəl-Əql” ("Gözlənilən Mehdi və Ağıl”).
Sonda adlarını qeyd etdiyimiz bu dörd kitab eləcə də bir cilddə "əl-İslamu vəl-Əql” adı altında nəşr edilmişdir.
"əl-Məhdiyyul-Muntəzəru vəl-Əql” kitabı İbrahim Vəhid Damğani və Əzizullah Həsəni Ərdəkani tərəfindən "Zəmamdare-Ayənde” ("Gələcək Hakim”) adı altında tərcümə olunmuşdur.
O, kitabın müqəddiməsində kitablarını kiçik ölçüdə çap etdirməsinin səbəbləri barədə yazır:
1. Bu kitab İslamdan uzaq düşüb xəbərsiz qalan gənclərin tanışlığı üçündür, çünki bizim və gənclərin uzaqlaşmasının yeganə səbəbi onların İslam həqiqətlərini tanımamasıdır. Məhz bu bixəbərlik toqquşma ilə nəticələnir. Lakin əgər bizim cavan nəsil bu həqiqətlərdən xəbərdar olsalar, xoş təəssürat yaranacaqdır.
2. Cavanları kitab oxumağa ruhlandıran ən yaxşı yol ehtiyac duyduqları mətləbləri asanlıqla əldə etmələridir. Bu iş isə yalnız kiçik kitabların nəşr olunması ilə təşəkkül tapa bilər. Belə ki, qəzet kimi hər dəqiqə, hər an avtobusda, yataqda və s… onlardan istifadə etmək imkanı əldə edilir.
14. "əl-Fiqhu ələl-Məzahibil-Xəmsə” ("Beş məzhəbə əsasən fiqh”).
15. "əl-Həccu ələl-Məzahibil-Xəmsə” ("Beş məzhəbə əsasən həcc”).
Yuxarıda adları qeyd olunan iki kitab birlikdə bir cilddə "əl-Fiqhu ələl-Məzahibil-Xəmsə” adı altında nəşr edilmişdir.
16. "əz-Zəvacu vət-Təlaqu ələl-Məzahibil-Xəmsə” ("Beş məzhəbə əsasən evlənmə və boşanma”).
17. "əl-Vəsaya vəl-Məvaris ələl-Məzahibil-Xəmsə” ("Beş məzhəbə əsasən vəsiyyətlər və miraslar”).
O, bu kitabda irs, varislik, vəsiyyət və s. mövzuları məzhəbin nəzəriyyəsinə əsasən təhqiq etmişdir[47].
18. "əl-Vəqf vəl-Hicr ələl-Məzahibil-Xəmsə” ("Beş məzhəbə əsasən vəqf və hicr”).
Bu üç kitab birlikdə bir cilddə cəmləşdirilərək "əl-Əhvaluş-Şəxsiyyə ələl-Məzahibil-Xəmsə” adı altında çap olunmuşdur.
19. "Məfahimu İnsaniyyə fi Kəlimatil-İmam Sadiq” ("İmam Sadiqin sözlərində insani anlayışlar”).
Bu kitabda isə cəmiyyətin ehtiyac duyduğu müxtəlif mövzular haqqında danışılır. Məsələn, kamillik yolu, İslam nöqteyi-nəzərində dilənçilik, arzu, haqq tələbedicilərin izzəti, lənət etmək və söyüş söymək, xeyirxah övlad və s.
Bu kitab "Mərdane-pak əz nəzəre-Emam Sadeq (ə)” adı altında Mustafa Zəmani tərəfindən tərcümə edilmişdir.
20. "Əliyyun vəl-Quran” ("Əli və Quran”).
Bu qiymətli kitab Sadiq Ərəbani tərəfindən "Xorşide-İman” ("İman Günəşi”) adı ilə Dəhsəra nəşriyyatında nəşr olunmuşdur. Bu kitab bir dəfə şəmsi 1345-ci ildə, ikinci dəfə isə şəmsi 1380-cı ildə çapa verilmişdir.
Müəllif öz mətləblərinin müqqəddiməsində mübarək "Nisa” surəsinin 66-cı ayəsinə işarə edərək bu kitabın mətləbini məzhəbi təəssübkeşlik üzündən təsvir etmədiyini təkidlə qeyd edir. O deyir: "Və sonra möhtərəm oxucularımın nəzər diqqətinə çatdırdığım kitab mövzusu imamət və əqldən ibarət olması qərara alınan "İslam əqidələri silsiləsindən” dördüncü kitabdır. Lakin onun adını "Əli və Quran” qoydum, səbəbi də İbn Həcərin "əs-Səvaiqul-Muhriqə” kitabını oxumağım oldu. İbn Abbas deyir: "Quranda elə bir ayə yoxdur ki, Əli (ə) onu yaymamış olsun. Bu isə onun həqiqi dəyər və qiymətə malik olmasına səbəb olmuşdur. Allah-Taala Əlinin olmadığı yerdə hər an Peyğəmbər əshabələrini məzəmmət edir. Əli heç bir zaman həqiqi adil və anlayışlı insanların söyüş hədəfinə məruz qalmamış, hər zaman yaxşılığı ilə yad edilmişdir.
Eləcə də İbn Əsakir deyir: "Allahın kitabında Əli haqqında nazil olan heç kim haqqında nazil olmamışdır. Onun haqqında nazil olan ayələrin sayı üç yüzə çatır”[48].
21. "Fəzailul-İmam Əli” ("İmam Əlinin fəzilətləri”).
22. "Əliyyun vəl-Fəlsəfə” ("Əli və fəlsəfə”).
23. "İmamətu Əliyyin vəl-Əql” ("Əlinin imaməti və ağıl”).
24. "əl-Huseynu fil-Quran” ("Quranda Hüseyn”).
Bu kitab "Şəhadət, Hüseyn, Quran” adı altında Möhsün Bəhbəhani tərəfindən tərcümə və nəşr edilmişdir.
25. "Duvəluş-Şia fit-Tarix” ("Tarixdə şiə dövlətləri”).
Şeyx Mühəmmədcavad Muğniyə bu kitabda şiə dövlətlərinin tarixi haqqında danışır. O, Məğribdəki İdrisilər hökumətini, Deyləmdəki Ələviləri, İrakdakı Buveyhiləri, Misirdəki Fatimiləri, Suriyadakı Həmədaniləri, İrandakı Səfəviləri şərh edir.
Bu kitab "Əmirülmöminlər və Azərbaycan, Tarixdə şiə dövlətləri” adı ilə Mühəmməd Ayətullahi tərəfindən tərcümə edilmiş, hicri şəmsi tarixi ilə 1359-cu ildə nəşr olunmuşdur. Tərcüməçi bu kitabı üç hissəyə ayırmışdır. Birinci hissədə özünün əmirülmöminlər və Azərbaycan haqqında olan silsilə məqalələrini çap etdirmiş, ikinci hissədə "Duvəluş-Şia fit-Tarix” kitabının tərcüməsini zikr etmişdir. Üçüncü hissədə isə Seyid Mühəmməd Muhit Təbatəbaidən həmin mövzuya dair bir haşiyə nəşr olunmuşdur.
Bu kitab eləcə də Mühəmməd Bəhreyni Kaşmiri tərəfindən "Doləthaye-Şie dər tule-tarix” ("Tarix boyunca şiə dövlətləri”) adı ilə nəşr edilmişdir.
26. "əş-Şia vəl-Hakimun” ("Şiə və hakimlər”).
Bu kitab "Daru Məktəbətil-Hilal” və Beyrutun "Darul-Cavad” nəşriyyatları tərəfindən çap edilmişdir. Onun beşinci çapı miladi tarixi ilə 1981-ci ildə nəşr olunmuşdur.
Mühəmmədcavad Muğniyə kitabın müqəddiməsində bir sual verərək deyir: "Deyilənə görə şiə hakimiyyətdə istibdadı (zülmü) təsdiqləyir”. Və bu sualın cavabında deyir: "Şiə hakim üçün bir sıra şərtlər müəyyən etmişdir. Bunlardan biri də onun elm və əməlində xətalardan arınmış, məsum olmasıdır. Yaxud elə bir kəs olmalıdır ki, onun elminə və ictimai fəaliyyətinə görə məsum onun hakimiyyətindən razı olsun. Demək ki, bu şərtləri əldən verdiyi təqdirdə din və Allah adına millətə hakimiyyət etməyə haqqı yoxdur. Yalnız millət adına hakimiyyət etmək ixtiyarı vardır. Budur şiə əqidəsi. Hakim zalım və fasiq olarsa da belə, ona üsyan edilməməlidir, – deyən əhli-sünnənin əqidəsinin tam əksi olan bir əqidə. …”
Mövzusuna görə kitab bir neçə hissəyə bölünmüşdür. Məsələn, Peyğəmbər dövründə və ondan sonra müsəlmanların ixtilafı. İkinci hissə: İmam Əlinin dövründə şiə və Müaviyə, İmam Əlidən sonra şiə və Müaviyə, Bəni-Mərvan, Bəni-Abbas, Mənsur və Ələvilər.
Bu kitab Mustafa Zəmani tərəfindən tərcümə olunmuş və hicri şəmsi tarixi ilə 1346-cı ildə "Tarixe-Xuləfaye-Bəni-Uməyye və Bəni-Abbas” ("Bəni-Üməyyə və Bəni-Abbas xəlifələrinin tarixi”) adı ilə, h.ş. 1347-ci ildə isə "Şie və zəmamdarane-xudsər” ("Şiə və inadkar hakimlər”) adı altında nəşr edilmişdir.
27. "Məəş-Şiətil-İmamiyyə” ("On iki imamçı şiə ilə”).
Bu kitab miladi 1955-ci ildə birinci dəfə, 1956-cı ildə isə ikinci dəfə "Məktəbətul-Əndəlus” nəşriyyatında çapa verilmişdir.
Ədib bu kitabda şiələrə qarşı olan şübhələri rədd edərək şiəni və şiəliyi tanıdır.
O, əl-Əzhər alimləri tərəfindən bəyan edilən bəzi ittihamlara qarşı təəssüfünü bildirərək deyir: "Biz şiə əleyhinə atılan iftiraların cavabını "Ürfan” və "Risalətul-İslam” jurnalında bəyan etmişik. Eləcə də dəfələrlə anlaşmada rəğbət, müştərək düşmən əleyhinə sözdə birlik və bütün qüvvələrin toplanması haqqında mətləbləri nəzərə çatdırdıq. Lakin bəzilərindən başqa əksəriyyət öz təəssübkeşliklərində təkid edirlər, çünki hegemonluq məhz belə istəyir”[49].
28. "İsnaəşəriyyə və Əhlul-Beyt” ("On iki imamçılıq və Əhli-Beyt”).
Adından da göründüyü kimi bu kitabda başdan-başa Əhli-Beyt nurunun həyatından bəhs edilir.
29. "əş-Şia vət-Təşəyyu” ("Şiə və şiəlik”).
Müəllif şiəlik haqqında yazılan kitabları belə bəyan edir: "Şeyx Mofidin "Əvailul-Məqalat”, "ən-Nukətul-İtiqadiyyə” əsərləri, Şərif Mürtəzanın "əş-Şafi” əsəri, Şeyx Səduqun "əl-Əqaid” əsəri, Əllamə Hellinin "Şərhu Təcrid və Kəşful-Fəvaid” əsəri, Kaşiful-Ğitanın "Əsluş-Şia va usuluha” əsəri və s…”
Şeyx Mühəmmədcavad Muğniyə bu qiymətli əsərdə Allah Rəsulundan (s) sonrakı dövrdə İmam Əlinin (ə) imamət məqamını isbat etmiş və imamətin şərtlərini zikr etdikdən sonra bu qiymətli xəzinənin məhz Əmirülmöminin Əliyə (ə) məxsus olduğunu qeyd etmişdir.
Eyni zamanda şiəni lüğəvi baxımdan təhqiq edərək bu mövzuya aid olan hədislərə işarə edir və şiənin qollara bölünməsini, onların yaranma səbəblərini araşdırır.
O, bu kitabda əşairə və mötəzilə barədə şiənin əqidəsi, vəd edilmlş Mehdi və şiə vasitəsi ilə İslam elmlərinin əsasının qoyulması barəsində və s. danışır.
Kitabın sonunda isə dünya müsəlmanları və şiələr haqqındakı statistik məlumatlardan və onların coğrafi mövqelərindən söhbət açır.
Qeyd etmək lazımdır ki, yuxarıda adları çəkilən üç kitab birləşdirilərək bir cilddə "əl-Şia fil-Mizan” adı altında Beyrutda "Darul-Cavad” və "Darut-Təyyaril-Cədid” nəşriyyatlarında çap edilmiş, hicri-qəməri tarixi ilə 1409-cu ildə isə onuncu dəfə nəşr edilmişdir.
"əş-Şia vat-Təşəyyu” adı ilə Seyid Şəmsəddin Mərəşi tərəfindən tərcümə olunmuşdur.
30. "Fiqhul-İmam Cəfəris-Sadiq” ("İmam Cəfər Sadiqin fiqhi”).
Bu kitab altı fəsildə üç cilddə nəşr edilmişdir. Kitab hicri-qəməri tarixi ilə 1385-ci ildə 5000 lirə miqdarında mükafat almışdır.
31. "ət-Təfsirul-Kaşif” ("Təfsiri-Kaşif”).
Təfsir 7 cilddə ərəb dilində yazılmışdır. Bu görkəmli müəllifin tərtib etmə üsulu belədir; o, ilk öncə ayəni zikr etmiş, sonra onu qrammatik cəhətdən lüğət və kəlmələrin hərəkələrinə ayırmış, daha sonra ayənin mənası xatırladılmış, bütün bunlardan sonra isə ayə bütöv şəkildə şərh edilmişdir. Bu təfsir bir neçə dəfə Beyrutda çap edilmişdir.
Muğniyə bu təfsiri təqdim etməklə özünün əsl hədəfinin müasir dünyanın ehtiyaclarını cavablandırmaqda və yeni nəslin qane edilməsində görürdü. O, bunu "lovni-iqnai” kəlməsi ilə ifadə etmişdir. Bunun isə mənası "şübhə və etirazların həlli” deməkdir. O, təfsirin müqəddiməsində aydın şəkildə Quranın əzəmətini, əsrin, eləcə də yeni nəslin ümid və ehtiyaclarını, təfsirin yazılma hədəflərini, təfsirçinin tərzini və təfsirin yazılma səbəbini və məqsədini bəyan etmişdir. Təfsirçinin bəyan etmə tərzi bunlardan ibarətdir; başlanğıcda çətin sözləri mənalandırır, izah edir, sonra qrammatik cəhətdən nöqtə və erabları izah edir, bütün bunlardan sonra isə ayənin mənasını və nazil olma səbəbini göstərir. Digər ayələrdən kömək məqsədilə istifadə edildiyi, Qurana və müqəddəs Əhli-Beytin (ə) hədislərinə, Quran təfsirinə müraciət edildiyi və bu sahədə böyük səylə çalışdığı göstərilir.
Ayə haqqında olan mövzuları açıqlayan bəhsləri bəyan edir. Bu bəhslərin bəzi hallarda tarixi, bəzən etiqadi, yaxud əxlaqi cəhətləri təhlil edilir. O, ayələr arasında əlaqələndirmə babında aydın şəkildə deyir: "Mən ayə və surələrin uyğunlaşdırılmasına razı deyiləm və iyirmi ildən artıq bir müddətdə nazil olan və elə bu səbəblə də tərtib olunmayan bir kitabı bir-biri ilə növünə görə əlaqələndirməyin və ahəngdarlıq baxımından uyğunlaşdırmağın mənası yoxdur”.
Bu təfsir ilk dəfə olaraq 7 cilddə Beyrutda "Darul-Elm lil-Mollayin” tərəfindən miladi 1968-ci ildə çap olunmuşdur. Ondan sonra da dəfələrlə həmin naşir tərəfindən çapa verilmişdir.
Müəllif əsərdə tarixin bəzi işğalçı siyasətçilərinin ideya və əməllərini araşdırmışdır. Məsələn, bu təfsirdə təkidlə qeyd edilən Leninin əməlləri və Marksın fikirləri kimi. ...
O, bu barədə deyir: "Mənim "Təfsiri-Kaşif”də Lenin və Marksın adlarını qeyd etməyim bəzilərinin etirazına səbəb olmuşdur. Əslində onlar düşünmürlər ki, Firon və Hamanın adı Quranda dəfələrlə çəkilmişdir.
32. "Təfsiri-Mubin”.
Şeyx Mühəmmədcavad Muğniyə təfsirin müqəddiməsində bu kitabı yazmaqda məqsədinin nə olduğunu belə bəyan edir: "Bu təfsir kitabı çox müxtəsərdir. Burada təfsirçilərin fikirləri arasında müqayisə və araşdırma, ətraflı müzakirələr görünmür, çünki bunu yazmaqda məqsəd Quran oxucuları üçün qısa izahat verməkdir. Oxucular məhz bunun sayəsində qeyd edilən mətləbləri düzgün şəkildə dərk edə bilərlər”.
Təfsirçinin bu təfsirdə bəyanetmə üsulu belədir; hər ayə zikr edildikdən sonra ədəbi, tarixi, etiqadi və əxlaqi qeydləri ayə və surələrin ümumi açıqlamasının kənarında bəyan edir. Ayənin izahında öncə söylədiyini bir daha təkrar etmir.
Nəşriyyatçılar və kitabdan istifadə edənlər üçün asanlaşdırma məqsədi ilə mövzuların ortasında Quran səhifələrini yerləşdirmişdir. Bu təfsir rəhl üstü və müxtəlif kiçik kitabçalar şəklində çap edilmişdir. Belə olduğu üçün çox yaxşı qarşılanmış, istifadə olunmuş və dəfələrlə çapa verilmişdir. İranda "Besət” nəşriyyatı "Dəlilul-Ayatil-Quraniyyə və Duaye-Emam Səccad (ə)” adlı əlavə ilə onu dərc etmişdir.
33. "Min hunə və hunəkə” ("Oradan-Buradan”).
34. "əl-Kəmmiyyətu vəd-Dibill”.
Bu kitab çap edilməmişdir. Onun xülasəsi "Min hunə və hunəkə” kitabında "əl-Kəmmiyyət” başlığı altında bəyan edilmişdir.
35. "əl-Əhkamuş-Şəriyyə lil-Məhakimil-Cəfəriyyə” ("Cəfəri məhkəmələri üçün şəri hökmlər”).
36. "Fəlsəfətut-Tovhid vəl-Vəlayə” ("Tövhid və vəlayətin fəlsəfəsi”).
Bu kitab Qumda "Darut-Təbliğil-İslami” Mətbuat Mərkəzində çap edilmişdir.
Mühəmmədcavad Muğniyə bu kitabı aşağıda qeyd edilən müxtəlif fəsillərə ayırmışdır;
Fəlsəfətut-Tovhid, Fəlsəfətul-İxtiyar, Fəlsəfətun-Nubuvvə, Fəlsəfətul-Vəlayə, Fəlsəfətul-Məad.
37. "Min zə va zək”.
38. "Təfsirus-Səhifətis-Səccadiyyə” ("Səhifeyi-Səccadiyyənin təfsiri”).
39. "Təcaribu Mühəmmədcavad Muğniyə bi qələmhi” ("Öz qələmi ilə Mühəmmədcavad Muğniyənin təcrübələri”).
40. "Min asari Əhlil-Beyt”.
41. "Dəlilul-Məvali linnəbi və Alihi”.
42. "Min vəhyil-İslam”.
43. "İsrailiyyat” ("Yəhudi rəvayətləri”).
44. "Nəzəratun fit-Təsəvvuf” ("Təsəvvüf haqqında nəzəriyyələr”).
Yuxarıda adı çəkilən bu kitab "Sufizmə baxış və sufilərin kəramətləri” adı ilə Möhsün Bəhbəhani tərəfindən tərcümə və nəşr edilmişdir.
45. "Məalimul-Fəlsəfətil-İslamiyyə” ("İslam fəlsəfəsinin səciyyələri”).
"Məalimul-Fəlsəfətil-İslamiyyə” kitabı səfsətəçilərin nəzəriyyəsi baxımından və onların ərəbi və islami əsərlərdən tutmuş imamət bəhsində dinin siyasətdən ayrı olması etiqadının rəddinə qədər olan təsirindən və fəlsəfə bəhslərindən ibarət bir məcmuədir.
Müəllifin özü kitabının aşağı səhifələrində belə yazır: "Bu əsər İslam fəlsəfəsində bəhs edilən mətləbləri, istər insanla bağlı olan, istərsə də, təbiətə aid, yaxud təbiətdən xaric olan mövzuları bizə öyrədir. Bu kitabda İslamın fəlsəfi əqidələri və isbat üçün əqidələrin özündən götürdükləri dəlillər – uzatmaq və dolaşdırmaqdan uzaq bir metodla – izah edilir. Kəlam elminin yaranması, müsəlmanları fəlsəfəni qəbul etməyə vadar edən amillər və sonda siyasi ixtilaflarla nəticələnmə, sonralar bütün firqə və məzhəblərin ondan asılı olduğu dərəcədə bu məsələlərin müqəddəs əqidənin ixtilafına və ehtiramına səbəb olması… Bu kitab bütün bu nöqtələri aydınlaşdırır”.
Əsərdə həm də sufizmin müsəlmanlar arasında yaranmasının səbəb və amilləri bəyan edilir. Kitabın müqəddiməsində yazır: "Bu kitabı yalnız filosoflar və böyük ustadlar üçün yazmamışam. İslam fəlsəfəsi tələbələri üçün hazırladım ki, bu sahənin mövzuları və terminləri ilə tanış olsunlar. Bunun aydınlaşdırılması yolunda çox böyük səylər göstərdim… Kitabı danışıq dilində yazdım və kəlmələrin gözəlliyinə və redaktəsinə bağlanmadım. Başqalarından daha aydın və daha rəvan şərh gördüyüm zaman – sadəlik və asanlığı nəzərdə tutulur – ondan istifadə etdim.
Bu kitabın üslubu və tərzi haqqında idi. Lakin tanınma və məsələlərin əslinə sahib olma baxımından heç bir şərqşünasa, yaxud cavan adama etimad etmədim, əksinə Tusi, Helli, İyci və Qusçi kimi ilkin mənbədən ilham aldım”[50].
Bu kitab Mühəmmədrza Ətai tərəfindən "Xotute-bərcostei əz fəlsəfe və kəlame-Eslami” adı altında "Astane-Qodse-Rəzəvi” nəşriyyatında çap edilmişdir.
Kitabın son səhifəsində mündəricat, terminlər, kitab və jurnalların adları qeyd edilmişdir.
46. "əl-Məcalisul-Huseyniyyə” ("Hüseyn məclisləri”).
O deyir: "Hər dövrdə şəfəq saçan şiə alimlərinin əzəməti qarşısında insan baş əyir. Və elm tarixi ilə onların tarixinin qırılmaz tellərlə bağlılığı vardır. Bütün bunların sirri, Əhli-Beyt məktəbindən, onların hikmət və hidayətindən başqa bir şey deyildir. Əlavə etməliyik ki, imamət tarixi öz əqidəsi, fiqhi və ədəbi ilə Əhli-Beytin həmin dövlət tarixidir. Onların kitabları Peyğəmbərin sözləri, müqəddəs imamların və onların övladlarının mədhləri ilə doludur. Bu səhifələr də Ali-Peyğəmbərdən olan xatirələrdən sayılır. Mən öz ömrümdən bir qədərini həmin iş üçün sərf etdim və bundan böyük ölçü də tanımıram”.
Müəllif bu kitabda Aşura gününün amilləri, ağlamağın fəlsəfəsi, Aşura və İmam Hüseyn (ə) haqqında şiə etiqadlarını bəyan edir. Bu kitabı oxumaq olduqca faydalıdır.
Yuxarıda qeyd edilən kitab "ət-Tədhiyə” adlı ilə də çap edilmişdir. Bu kitab "Şiə və Aşura” adı ilə Firuz Hərirçi tərəfindən tərcümə olunmuşdur[51].
47. "Məə bətələti Kərbəla” ("Kərbəlanın qəhrəman qadını ilə birlikdə”).
Bu kitab və "əl-Tədhiyə” kitabı, yaxud "əl-Məcalisul-Huseyniyyə” ilə birlikdə bir cilddə "əl-Huseyn və bətələtu Kərbəla” adı altında çap edilmişdir.
48. "Məə uləmain-Nəcəfil-Əşrəf” ("Nəcəfi-Əşrəf alimləri ilə birlikdə”).
Bu kitab Salman və Əbuzərin həyat yolu haqqında məlumatla başlayır. Sonra isə Əban ibn Təğlib kimi bəzi ravilərin həyatından danışılır. Bütün bunlardan sonra Sahib Cəvahir, Şeyx Mürtəza Ənsari, Mühəmmədsaleh Mazandarani və s… kimi Nəcəfi-Əşrəf alimlərinin həyatını bəyan edir.
49. "Hazihi Hiyəl-Vəhhabiyyə” ("Budur vəhhabilik”).
Əsər "Budur vəhhabi məzhəbi” adı ilə Seyid İbrahim Seyid Ələvi tərəfindən tərcümə edilmiş, "Qədir” nəşriyyatı tərəfindən Tehranda nəşr olunmuşdur.
Bu kitab həqiqətdə onun həcc səfəri haqqındadır. O, həcc mərasimi əsnasında Səudiyyə dövlətinə məxsus bəzi dövlət və məzhəb adamları ilə əlaqə saxlamış, bir çox vəhhabi qərəzkarların və yanlış düşünənlərin üzündən pərdələri qaldırmışdır.
Yazıçı möhkəm bir məntiqə və hadisələrin mənbələrinə istinad edərək vəhhabilərin şiələrə qarşı yürütdükləri cəfəngiyatları rədd edirdi. Eyni zamanda Səudiyyə dövlətinin vəziyyətini də tənqid hədəfinə çevirmişdi. Çox səlis şəkildə göstərirdi ki, o ölkə heç də deyildiyi kimi islami dövlət deyil[52].
Yuxarıda qeyd edilən kitabın müsbət cəhətlərindən biri də budur ki, orada vəhhabilik firqəsinin rəhbəri Mühəmməd ibn Əbdülvəhhabın tərcümeyi-halı yazılmışdır. Eləcə də, ətraflı şəkildə Səud nəsli haqda məlumat vermiş və onların hər birini tək-tək tanıtmış və yığcam şəkildə şərh etmişdir.
O, bu kitabı yazmaqda məqsədinin vəhhabilərin mənasız danışıqları qarşısında şiəliyin toxunulmazlığını müdafiə etməkdə görür və təkid edərək buyurur ki, əgər bu təmayülçü fikirlər vəhhabi cəmiyyətinə təsiredici mövqedə olmasaydı, mən yenə də hər şeyə göz yumardım. Lakin "Gərək şiə tövbə etsin, əks təqdirdə öldürüləcəkdir və s…” kimi sözləri cəmiyyətdə yayırdılar[53].
O, başqa bir yerdə deyir: "Mən bu kitabda vəhhabiliyi onların öz kitablarında qeyd edildiyi kimi vəsf etmişəm. Amma mənim vəhhabilərin əqidələrini rədd etməklə bağlı istifadə etdiyim üsul onların ziddiyyətli, təzadlı sözlərini və fikirlərini nəzərə çatdırmaqdan, fəsadlarını və mənəvi pozğunluqlarını ifşa etməkdən ibarət idi. Mən öz yazılarımda tətbiqi metoddan istifadə etmişəm.
Bütün sözlərimin kökü və məntiqimin mahiyyəti ondan ibarətdir ki, hər bir şeyi onların özlərinə məxsus olan kitab və risalələrdən əldə etmişəm”[54].
Müəllif əsərin başqa bir yerində Səudiyyə dövlətinin onun əsərlərinə olan münasibətlərini bu cür bəyan edir: "Səudiyyə dövləti üzərində mənim adım olan hər hansı bir kitabın girişini qadağan etmişdi. Bu əmrin yeganə səbəbi isə mənim İslam və müsəlmanlar əleyhinə hiyləgərliyə əl atan kəslərin, Peyğəmbər və onun Əhli-Beytinə kin bəsləyənlərin qarşısında möhkəm dayanmağım və müdafiəyə hər an hazır olmağım idi”[55].
50. "Min Zəvayəl-Ədəb” ("Ədəb guşələrindən”).
51. "Usulul-İsbat fi Fiqhil-Cəfəri” ("Cəfəri fiqhində isbatın metodları”).
52. "Səfəhatun livəqtil-Fərağ” ("Boş vaxtın səhifələri”).
Hər kəs öz həyatında bir çox asudə zamanlar əldə edir. Ələ düşmüş belə fürsətlərdən düzgün istifadə etmək fikrin inkişafına və insanın hidayətinə bais olur.
Şeyx Mühəmmədcavad Muğniyə də özünün asudə vaxtlarında əlini qələmə atar, hər dəfə bir mövzu barədə məqalə yazardı. Etiqadi, kəlami, ictimai və siyasi məsələlər zəminində olan bu məqalələr sonralar yuxarıda qeyd edilən adla bir kitab şəklində nəşr edildi[56].
53. "İlmu usulil-fiqh fi saubihil-cədid” ("Yeni libasında üsuli-fiqh elmi”).
Kitabın adından da göründüyü kimi bu kitab üsuli-fiqh elmi barəsində danışır. O, bütün alimlərin şivəsinə uyğun olaraq mövzuya kəlmələrin müzakirəsi ilə başlamış, üsul elmində şiə əqidələrinin bəyanı zamanı bəzi hallarda əhli-sünnə nəzəriyyələrini də qeyd etmişdir. Bu kitab kiçik kitabça şəklində olub, 456 səhifədən ibarətdir. O, kitabın müqəddiməsində yazır: "Burada ən dərin və çətin fikirlərin asan və rəvan dildə bəyan edilməsinə səy edilmişdir”.
54. "Fəlsəfətul-Məbdə vəl-Məad” ("Məbdə (Başlanğıc) və məadın (qayıdışın) fəlsəfəsi”).
O, bu kitabda məbdə (başlanğıc) və məadı fəlsəfi nöqteyi-nəzərdən tədqiq etmişdir.
55. "əl-Xumeyni vəd-Daulətul-İslamiyyə” ("Xomeyni və İslam dövləti”).
Bu kitab isə "Darul-Elm lil-Mollayin” tərəfindən Beyrutda miladi 1979-cu ildə 184 səhifəlik məktublar şəklində nəşr olunmuşdur.
Bu kitabda Şeyx Mühəmmədcavad Muğniyənin fiqh sahəsində tədqiq edilməyə layiq olan yenidən baxılmış fikirlərinin əhəmiyyəti aydınlaşır. Muğniyə əsərdə İran İslam İnqilabının müdafiəsində öz həyəcan və təlaşını izhar etmişdir. Heç bir mühafizəkarlığı olmadan birbaşa İslam İnqilabının böyük rəhbərinə (İmam Xomeyniyə) hörmətini bildirir.
56. "Məzahibu və mustələhatun fəlsəfiyyə” ("Məzhəblər və fəlsəfi terminlər”).
57. "Fəlsəfətul-Əxlaq fil-İslam” ("İslamda əxlaqın fəlsəfəsi”).
58. "əl-Vucudiyyətu vəl-Ğəsəyan” ("Varlıq və ürək bulanması”).
59. "Qəyyimu Əxlaqiyyətin fi Fiqhil-İmamis-Sadiq” ("İmam Sadiqin fiqhində əxlaqın dəyəri”).
60. "əl-Muxtəsərul-Camiu fi Fiqhi Cəfəris-Sadiq” ("Cəfər Sadiqin fiqhində əhatəli müxtəsər kitab”).
Muğniyə bu kitabı bitirmədən dünyadan köçmüşdür.
Onun kitabları "Əqliyyati-İslamiyyə”, "Fəlsəfati-İslamiyyə” məcmuələrində də nəşr edilmişdir.
Şeyx Mühəmmədcavad Muğniyənin yuxarıda qeyd edilən əsərlərindən əlavə, onun müxtəlif mövzularda və növbənöv məqalələri ayrı-ayrı nəşriyyatlarda çap olunmuşdur.
 
(ardı var)
Müəllif: Mehdi Əhmədi
Mütərcim: Ruhəngiz Müzəffər qızı Həşimova
Təshihatçı: Xəyyam Əliağa oğlu Qurbanzadə
Redaktor: Əfruzə Həsən qızı Həsənova
Korrektor: Məhbubə Hüseynbala qızı Kərimzadə

______________________________________________

[29] "Əndişehaye-seyasiye-Moğniye”, Müqəddimə
[30] "Şie dər Mesr əz əsre-Emam Əli ta Emam Xomeyni”, Saleh əl-Vərdani, Mütərcim: Qasim Muxtari, Çap və nəşr mərkəzi "Sazmane-Təbliğate-Eslami”, Birinci çap, h. ş. 1376, s. 144
[31] "Şie dər Mesr”, s. 150
[32] "Şie dər Mesr əz əsre-Emam Əli ta Emam Xomeyni”, Saleh əl-Vərdani, Mütərcim: Qasim Muxtari, Çap və nəşr mərkəzi "Sazmane-Təbliğate-Eslami, Birinci çap, h. ş. 1376, s. 144
[33] "Qolşəne-Əbrar”, c. 3, "Məğaleye-Şeyx Mohəmmədcəvad Moğniye”, Be nəğl əz "Təcarebe-Mohəmmədcəvad Moğniye”, s. 301
[34] "Şie dər Mesr”, s. 145
[35] "Mərdane-pak əz nəzəre-Emam Sadeğ”, s. 20
[36] "Mühəmmədcavad Muğniyə həyatuhu və mənhəcuhu fit-Təfsir”, s. 52-53
[37] "Qaf”; 18
[38] "Min Əlamil-Mufəssirin Mühəmmədcavad Muğniyə”, s. 16
[39] "Öz qələmi ilə Mühəmmədcavad Muğniyənin təcrübələri”
[40] "Min Əlamil-Mufəssirin Mühəmmədcavad Muğniyə”, Cavad Əli Kəssar, səh. 16
[41] Həmin mənbə
[42] "Golşəne-Əbrar”, c. 3, "Məğaleye-Şeyx Mohəmmədcəvad Moğniye”, Be nəğl əz "Təcarebe-Mohəmmədcəvad Moğniye”; s. 38
[43] "Mərdane-pak əz nəzəre-Emam Sadeğ”, s. 16
[44] "Xanədane-Nobovvət”, Mütərcim: Seyid Cəfər Ğəzban, s. 41
[45] "əl-İslamu Məəl-Həyat”, s. 278
[46] "Məad əz nəzəre-əğl”, Kamil Xeyirxahın tərcüməsi, "Həqqe-Beyn Mətbuat Müəssisəsi”, "Elmiyyeye-Qum” çapı
[47] "əl-Vəsaya vəl-Məvaris ələl-Məzahibil-Xəmsə”, "Məktəbətul-Əhliyyə”, Beyrut
[48] "Xorşide-İman”, Müqəddimə
[49] "Məəş-Şiətil-İmamiyyə”, s. 69
[50] "Xotute-bərcostei əz fəlsəfe və kəlame-Eslami”, Mütərcim: Mühəmmədrza Ətai, "Astane-Qodse-Rəzəvi” nəşriyyatı, h.ş. 1364, s. 10
[51] "Şie və Aşura”, Firuz Hərirçinin tərcüməsi, "Pədide” nəşriyyatı, h.ş. 1344, s. 12
[52] "İn əst ayine-vəhhabiyət”, s. 7
[53] Həmin mənbə, s. 8
[54] Həmin mənbə, s. 13
[55] "İn əst ayine-vəhhabiyət”, s. 84
[56] "Səfəhatun livəqtil-Fərağ”, "Darul-Kitabil-İslami” nəşriyyatı, Beyrut, h.q. 1399

 



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun