28 Mart 2020









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

BƏRAƏT GECƏSİ, NİMEYİ-ŞƏBAN VƏ İMAMİ-ZƏMANIN

MÖVLUDU MƏRASİMLƏRİNİN KEÇİRİLMƏSİ BİDƏTDİR

Bərat "insanın məsuliyyətdən xilas olması və cavabdehliyinin olmaması” mənasını verən ərəbcə bəraət kəlməsinin türkcələşmiş formasıdır. Şəban ayının on beşinci gecəsində müsəlmanların Allahın əfvi və bağışlaması ilə günah yükündən qurtulacağı ümid edilərək bu gecəyə Bərat gecəsi deyilmişdir[1].

Bərat gecəsinin fəziləti ilə əlaqədar olaraq Hz. Peyğəmbərdən nəql edildiyi bildirilən bir neçə rəvayət vardır. Bu hədislər "Kütübi-Sittə”dən ("Altı Kitab”dan) Tirmizi və İbn Macənin "Sunən” ("Sünnələr”) əsərlərində qeyd olunmuşdur.

Tirmizinin əsərində qeyd olunan hədis belədir: "Aişədən rəvayət edildiyinə görə o, belə demişdir: "Bir gecə Rəsulullahın (ə) yanımda olmadığını görərək çölə çıxdım və onu Bəqi qəbiristanlığında tapdım. Dedi: "Allah və Rəsulunun sənə haqsızlıq etmələrindən qorxurdun?” Dedim: "Ey Allahın Elçisi, xanımlarından birinin yanına getdiyinizi zənn etdim”. Dedi: "Həqiqətən, Allah şəban ayının yarısında yaxın səmaya (dünya səmasına) nazil olar (enər) və Kəlb qəbiləsinin qoyunlarının tüklərinin sayından[2] daha çox olan günahları və ya günahkarları bağışlayar!”[3]

İmam Tirmizi bu hədisi nəql etmiş, lakin aşağısında belə bir açıqlama vermişdir: "Əbuisa (Tirmizinin adıdır) dedi ki: "Aişədən nəql edilən bu hədisi sadəcə sənəddə adı keçən Həccacdan gələn bu yol ilə tanıyırıq. Mühəmmədin (İmam Buxarinin adıdır) bu hədisin zəif hədis olduğuna hökm etdiyini eşitmişəm. O demişdir ki, sənəddə adı keçən Yəhya ibn Əbikəsir Ürvədən, Həccac ibn Ərtat da Yəhya ibn Əbikəsirdən hədis eşitməmişdir”.

Göründüyü kimi, bu hədisi kitabında nəql edən Tirmizi şəxsən özü hədisin zəif olduğunu xocası İmam Buxaridən nəql etmişdir. Açıqlama hissəsində də göründüyü kimi, sənəddə adı keçən ravilər bu hədisi bir-birindən eşitməmişlər.

İbn Macə də kitabında həmin hədisi nəql etdiyi üçün yuxarıda deyilənlər onun üçün də keçərlidir. Lakin İbn Macə Bərat gecəsi ilə əlaqədar olaraq bundan başqa iki hədis də nəql etmişdir. Bunlardan biri belədir:

"Əli ibn Əbitalibdən rəvayət edildiyinə görə Peyğəmbər belə buyurmuşdur: "Şəban ayının on beşinci gecəsi olduqda o gecə ibadətə qalxın. Və o gecənin gündüzünü (on beşinci günü) oruc tutun, çünki o gecə Günəş batdıqda Allah-Taala dünya səmasına nazil olar və o andan fəcr tülu edənə qədər: "Məndən bağışlanmaq istəyən yoxdurmu, Mən onu bağışlayım? Məndən ruzi istəyən yoxdurmu, Mən ona ruzi verim? Bir bəlaya mübtəla olan yoxdurmu, mən onu bəladan xilas edim? Elə olan yoxdurmu, belə olan yoxdurmu, onlara da istəklərini verim?” – deyər”[4]. 

İbn Macənin "Sünən” əsərini araşdıran Mühəmməd Fuad Əbdülbaqi hədisin açıqlamasında belə deyir: "Əl-Heysəmi "Məcməuz-Zəvaid” adlı kitabında sənədində adı keçən İbn Əbisəbrəyə görə bu hədisin zəif olduğunu söyləmişdir. Mühəddislərdən Əhməd ibn Hənbəl və Yəhya ibn Məin də həmin İbn Əbisəbrənin hədis uydurduğunu söyləmişlər”.

İbn Macədəki digər hədis isə belədir: "Əbumusa əl-Əşərinin peyğəmbərimizdən rəvayət etdiyinə görə peyğəmbərimiz buyurmuşdur: "Həqiqətən, Allah-Taala şəban ayının on beşinci gecəsi (qullarına rəhmətlə) baxar və hamını bağışlayar. Yalnız müşriki, yaxud kinli insanı bağışlamaz”[5]. 

Bu hədisin açıqlamasında Mühəmməd Fuad Əbdülbaqi yenə "Məcməuz-Zəvaid” adlı əsərində bu hədisin sənəddə adı keçən Abdullah ibn Ləhiəyə görə zəif olduğunu bildirmişdir. Sindi isə sənəddə adı keçən İbn Ərzəbin Əbumusa əl-Əşəri ilə qarşılaşmadığını demişdir.

Göründüyü kimi, Bərat gecəsi ilə əlaqədar nəql edilən hədislər zəif hədislərdir. Rəvayət zəncirində adı keçən bəzi ravilər bir-birini görməmiş, görsələr də belə bir-birindən hədis eşitməmişlər. Bəzi ravilərin də hədis qondardığı ifadə olunmuşdur. Bütün bunlar göstərir ki, bu gecə ilə əlaqədar olduğu deyilən bu hədislərə əməl edilə bilməz. Necə ki "Əhkamul-Quran” kitabının müəllifi müfəssir Əbubəkr İbnul-Ərəbi Bərat gecəsinin fəziləti haqqında bir tək sağlam hədisin gəlib bizə çatmadığını, ümumiyyətlə, bu mövzu ilə əlaqədar olaraq hədis deyə dillərdə dolaşan sözlərə etibar edilməməsi lazım olduğunu demişdir[6]. Ən doğrusu da budur. Yaxşısını Allah bilir!

Həqiqətən də, Hz. Peyğəmbərin və kəramətli əshabələrin bu gecəni ehya etmək üçün məscidlərdə toplaşdıqları, xüsusi dualar etdikləri, bu gün Türkiyədə, Azərbaycanda və digər İslam ölkələrində olduğu kimi bu gecəyə məxsus olan namaz qıldıqları barəsində bizə bir tək rəvayət belə gəlib-çatmamışdır.

Bəziləri "Duxan” surəsinin "Dərgahımızdan bir əmrlə (buyuruqla) hər bir hikmətli iş o gecə ayırd olunur. ...”[7] ayələrinə baxaraq o gecənin şəban ayının on beşinci gecəsi olan Bərat gecəsi olduğunu demişlər. Buna əsaslanaraq da Allahın o gecədə qulların ruzilərini bölüşdürdüyünü, əcəllərini təyin etdiyini və sonrakı şəban ayının on beşinə qədər baş verəcək bütün hadisələri təqdir etdiyini, ümumiyyətlə, bu gecə edilən dua və ibadətlərin mütləq qəbul ediləcəyini iddia etmişlər. Beləcə, Hz. Peyğəmbər və əshabəsinin yerinə yetirmədiyi və bu gecəyə məxsus olan bəzi ibadətlər ortaya çıxmışdır. Halbuki Allah-Taala o surədə belə buyurur: "Rəhman, Rəhim Allahın adı ilə! Ha, Mim! Açıq-aydın kitaba and olsun ki, Biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən, Biz qorxuduruq! Dərgahımızdan bir əmrlə (buyuruqla) hər bir hikmətli iş o gecə ayırd olunur”[8]. 

Göründüyü kimi, Allah işlərin bölüşdürüldüyü gecənin Quranın endirildiyi gecə olduğunu bildirir. Quranın da şəban ayının on beşində deyil, ramazan ayında və Qədr gecəsində nazil olduğu bu ayələrdə açıq şəkildə ifadə edilmişdir: "(O sayı müəyyən olan günlər) ramazan ayıdır. Ramazan ayı elə bir aydır ki, insanları hidayət edən və hidayətin və haqla batili bir-birindən ayırmanın açıq-aşkar dəlilləri olan Quran o ayda nazil olmuşdur. ...”[9]  

"Həqiqətən, Biz onu Qədr gecəsi nazil etdik! ...”[10] 

Alimlərin böyük əksəriyyəti də "Duxan” surəsində haqqında danışılan "mübarək gecə”nin Qədr gecəsi olduğunu demişlər. Əbubəkr İbnul-Ərəbi bu barədə belə demişdir: "Bu ayədə haqqında danışılan mübarək gecənin Qədr gecəsi deyil, başqa bir gecə olduğunu iddia edənlər Allaha böyük bir iftira atmış olurlar!”[11]

Bir də Bəraət gecəsi ilə əlaqədar olaraq xalq arasında "Bəraət gecəsi namazı” və ya "səlatul-xeyr” olaraq tanınan bir namaz haqqında danışılır. 100 rükət olan bu namazın hər rükətində "Fatihə” və on dəfə "İxlas” surəsinin oxunmasının lazım olduğu deyilir[12]. "Qaynaqların izah etdiyinə görə Bərat gecəsinə aid xüsusi bir namaz yoxdur. Qəzzali bu gecə hər rükətində "Fatihə”dən sonra on bir "İxlas” oxunmaq surətilə qılınacaq yüz rükət və ya hər rükətində "Fatihə”dən sonra yüz "İxlas” oxunan on rükət namazın çox savabı olduğuna dair bir rəvayət nəql etdiyi halda[13], "İhyau Ülumid-Din”dəki hədisləri tənqid edən Zeynəddin əl-İraqi ilə Nəvəvi bunun əslinin-kökünün olmadığını demişlər. Bu namazın bir bidət olduğunu qeyd edən Nəvəvi bu mövzuda "Qutul-Qülub” və "İhyau Ülumid-Din”də yer alan rəvayətə aldanılmamasını deyir[14]. Əli Qari də bu rəvayətin uydurma olduğunu izah edərək Bərat gecəsi namazının h. q. təqvimilə 400-cü ildən (m. 1010) sonra Qüdsdə ortaya çıxdığını qeyd edir. Bu namazın ilk dəfə h. q. təqvimilə 448-ci ildə (m. 1056) Qüdsdə Məscidi-Əqsada qılındığına və zaman-zaman xalq arasından yayılaraq sünnə kimi qəbul edildiyinə dair bir rəvayət də nəql edilir”[15].

Şiə məzhəbinin də "Məfatihul-Cinan” kimi bəzi kitablarında şəban ayının 15-ci gecəsinin fəziləti barəsində əqlə və Qurana zidd olan rəvayətlər gətirilir və İmam Baqirin belə buyurduğu nəql olunur: "... Bu elə bir gecədir ki, Allah onu biz Əhli-Beyt üçün qərarlaşdırmışdır, necə ki Qədr gecəsini peyğəmbərimiz üçün qərarlaşdırmışdır. ...” Əvvəla soruşmaq lazımdır ki, məgər İmama vəhy gəlir ki, Allah onun üçün bir gecə qərarlaşdırsın? İkincisi də odur ki, Qədr gecəsi bütün müsəlmanların, hətta müsəlmanların imamlarının gecəsidir. Artıq onlar (imamlar) üçün məxsus bir gecənin qərarlaşdırılmasına ehtiyac yoxdur.

Həmin kitabın 163-cü səhifəsində yazılır: "İmami-Zəman (Həzrət Mehdi) hicrətin 255-ci ilində bu gecənin səhərində Samərrada doğulmuşdur”. Halbuki Əllamə Məclisi "Biharul-Ənvar” kitabında onun doğumu üçün başqa gecələr yazmışdır. 51-ci cildin 16-cı səhifəsində yazır: "Ramazan ayının cümə gecəsində doğulmuşdur”. 19-cu səhifədə yazır: "Bibisi Həkimədən rəvayət olunmuşdur ki, ramazan ayının 15-ci gecəsində doğulmuşdur”. 23-cü səhifədə yazır: "Ramazan ayının 24-də doğulmuşdur”. 15-ci səhifədə 8 şəbanda doğulduğunu nəql etmiş, 25-ci səhifədə şəban ayının 3-də doğulduğunu demiş, 24-cü səhifədə isə rəbiüləvvəl ayının 9-da doğulduğunu demişdir!!! Əllamə Burqui bütün bu rəvayətlərin ravilərin qondarmaları olduğunu qeyd edir[16]. Həm də Allah Quranın harasında bu İmami-Zəmanı bizə tanıtdırmışdır? Aşağıdakı ayələri oxumamısınız?

"... Heç bir həqiqi bilgiyə dayanmadan insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran kəsdən daha zalım kim ola bilər? Həqiqətən, Allah zalım tayfanı hidayət etməz!”[17]

"... Şeytanın izi ilə getməyin! Həqiqətən, o, sizinlə açıq-aşkar düşməndir. O sizə ... Allaha qarşı bilmədiklərinizi deməyi əmr edər”[18].

Həmin səhifədə yazılır: "Bu gecənin ən fəzilətli əməli İmam Hüseyn əleyhissəlamı ziyarət etməkdir və bu əməl günahların bağışlanmasına səbəb olur. Kim 124.000 peyğəmbərin onunla (yəni ziyarətçi ilə) əl-ələ görüşməsini istəyirsə, bu gecə İmam Hüseyni ziyarət etsin. İmam Hüseyni ən azı belə ziyarət etmək olar ki, həmin gecə evin damına çıx, sağ və sol tərəfə bax, sonra başını asimana tərəf tut və bu kəlmələri oxumaqla onu ziyarət et: "Salam olsun sənə, ey Əbaəbdillah! Salam, Allahın rəhməti və bərəkəti sənin üzərinə olsun!” Kim harada olsa və hər hansı bir vaxt o Həzrəti bu şəkildə ziyarət edərsə, onun üçün həcc və ümrənin savabı yazılar!!!” Haqqında bir çox Quran ayəsi nazil olan həccin əhəmiyyəti evin damında deyilən iki cümlə qədərdir?!!! Əgər belədirsə, zəhmət çəkib həccə niyə gedirik?!!! İki cümləni deməklə özümüzü xilas edək də!!!

"Qəndil Gecələri” məqaləsindən

(Bir qədər dəyişikliklə)

d-r: Yəhya Şenol

                                                                               
                                                                                Tərtibatçı: Xəyyam Qurbanzadə


[1] "Bərat Gecəsi”, DİE, İstanbul, 1992, c. 5, s. 475, Xalid Ünal

[2] Çoxluğu ifadə etmək üçün istifadə olunan ifadə

[3] "Tirmizi”, "Siyam”, 39

[4] "İbn Macə”, "İqamət”, 191

[5] "İbn Macə”, "İqamət”, 191

[6] "Əhkamul-Quran”, 2-ci nəşr, 1968, c. 4, s. 1678, "Duxan” surəsi, 2-ci ayənin təfsiri, Əbubəkr İbnul-Ərəbi

[7] "Duxan”, 4, 5

[8] "Duxan”, 1-5

[9] "Bəqərə”, 185

[10] Qədr”, 1

[11] Həmin mənbə, c. 4, s. 1678, İbnul-Ərəbi

[12] "Böyük İslam Elmihalı”, İstanbul, 1986, s. 188, Ömər Nəsuhi Bilmən

[13] "İhya”, 1, 203

[14] "əl-Məcmu”, 4, 56

[15] "İhya”, "əl-Məcmu” və "əl-Əsrarul-Mərfuə” kimi qaynaqlardan nəql olunmuşdur. "Bərat Gecəsi”, DİE, c. 5, s. 475, Xalid Ünal

[16] Əllamə Burquinin "Üsul xəbərlərinin Qurana və əqllərə ərz olunması”, (623-cü səhifədən 641-ci səhifəyə, 794-cü səhifədən 808-ci səhifəyə qədər) və "Mehdi hədislərinin elmi araşdırılması” kitablarına müraciət olunsun.

[17] "Ənam”, 144

[18] "Bəqərə”, 168, 169



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun