28 Mart 2020









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

(Ramazan orucu haqqında fitvalar, orucun sünnə və adabı)

 

BİRİNCİ DƏRS

 

§ 1. Ramazan orucu haqqında ümumi məlumat

Oruc Allah-Taalanın vacib buyurduğu əməllərdəndir. Onun həm fərd, həm də cəmiyyət üçün böyük faydaları vardır. Allah-Taala orucu müsəlman ümmətinə vacib etdiyi kimi, İslamdan qabaq başqa ümmətlərə də vacib buyurmuşdur. Bu onun çox əhəmiyyətli ibadət olmasını göstərir. Allah-Taala "Bəqərə” surəsinin 183-cü ayəsində buyurur: "Ey iman gətirənlər! Təqva sahibi olasınız deyə (yəni yasaq olunmuş şeylərdən qorunasınız deyə) oruc sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də vacib edildi!”

Hədislərdə deyilir ki, oruc Cəhənnəm atəşinə qarşı qalxandır, bədənin zəkatıdır və oruc tutanın yuxusu ibadət, nəfəsi və sükutu (susması) təsbih (yəni dua), əməli məqbul, duası müstəcab (yəni qəbul olunmuş) və ağzının iyi isə Allahın yanında müşkdən daha ətirlidir.

Sual: Oruc nədir?

Cavab: Oruc sübh azanından Günəş batana qədər Allah rizası üçün orucu pozan işlərdən çəkinməkdir (Bu işlər haqqında məlumat veriləcək).

Sual: Orucun vacib buyurulmasının hikməti və səbəbi nədir?

Cavab: Quran-kərimə nəzər saldıqda belə başa düşülür ki, orucun vacib edilməsinin hikməti və səbəbi insanın təqvaya çatması və təqva sahibi olmasıdır. Allah-Taala buyurub: "Təqva sahibi olasınız deyə oruc sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də vacib edildi!” Ayənin "təqva sahibi olasınız deyə…” hissəsinə diqqət etdikdə belə bir nəticəyə gələ bilirik. Beləcə, orucun əsl məqsədi ortaya çıxır.

Oruc təqva vasitəsi və təqvaya aparan bir yoldur. Oruc məqsəd deyil, məqsəd olan təqvaya çatma vasitəsidir. Oruc təqvanın zəminəsi, təqva isə orucun nəticəsidir. Oruc insanda təqva sahibi ola bilmə gücü yaradan ibadətdir.

Sual: Bəs təqva nədir?

Cavab: Təqva Allahın yasaq etdiyi şeylərdən qorunmaq deməkdir.

Sual: Orucun təqva ilə olan əlaqəsini necə başa düşək?

Cavab: Təqvaya verilən tərifdən belə başa düşülür ki, onu əldə etmək yalnız güclü bir iradəyə sahib olmaqla mümkündür. Güclü bir iradəyə sahib ola bilməyən şəxs, öz ixtiyarının cilovunu əlində tuta və nəfsə xoş gələn günahlardan qoruna bilməz. İradəni isə onun üzərində məşq işi aparmaqla qüvvətləndirmək olar. Bu da nəfsi yemək və içməkdən ibarət olan qarın şəhvətindən və cinsi şəhvətdən çəkindirməklə mümkündür, çünki insanları günaha sürükləyən şəhvətin təməli, mədə və cinsi arzulardır. Əgər insan öz nəfsini müəyyən bir zaman içində (yəni sübh azanından Günəş batana qədər) ən zəruri ehtiyacları olan bu işlərdən məhrum etsə və bu idmanı məşq etsə, tədricən onda günahdan qoruna bilmə gücü yaranar və yavaş-yavaş iradəsinə hakim ola bilmə bacarığı və məharəti formalaşar. Bir sözlə, iradəsi qüvvətlənər və özünü nəfsə cazibədar gələn günahlardan qoruya bilər. Aydındır ki, yemək, içmək və cinsi münasibət kimi icazəli işlərdən çəkinməklə Allahın çağırışına cavab verib güclü iradə nümayiş etdirən bir şəxs üçün günahlardan çəkinməklə Ona itaət etmək daha asan olar.

Həm də nəfsi oruc tutmaqla ac buraxmaq onun insan iradəsinə hakim olma istəyini qırar, ona acizliyini, zəifliyini və möhtac olduğunu göstərər. Ona qul olduğunu bildirər.

Sual: Bildiyimiz kimi, oruc müqəddəs ramazan ayında tutulur. Bu ayı digər aylardan fərqləndirən xüsusiyyətlər hansılardır?

Cavab: Ramazan ayı Quranın nazil olduğu müqəddəs bir aydır. Ramazan ayı elə bir aydır ki, onun günləri günlərin, gecələri gecələrin və saatları isə saatların ən fəzilətlisidir. O ayda insanlar ilahi ziyafətə (qonaqlığa) dəvət olunur və övliyaların (Allah dostlarının) təbəqəsində qərar tuturlar. Bu ayda bir gecə vardır ki, o gecə min aydan daha xeyirlidir. O bir gecə Qədr gecəsidir. Qədr gecəsində mələklər və böyük mələk Ruh Rəbbinin izni ilə hər bir işdən ötrü yerə enərlər. O gecə dan yeri sökülənə kimi salamatlıq və əmin-amanlıqdır.

Sual: Bir müsəlman və mömin ramazan ayını necə dəyərləndirməlidir?

Cavab: Hər şeydən əvvəl oruc tutmasının qarşısını alan bəzi amillər yoxdursa (bunlar haqqında danışılacaq), sədaqət dolu niyyət və pak qəlblə oruc tutmalıdır. Ayələrin mənalarını düşünərək Quran oxumalı (yəni Quran üzərində təfəkkür etməli), Allahdan bağışlanma diləməli, günahlarına görə tövbə etməlidir. Çünki bu böyük ayda ilahi məğfirətdən (bağışlanmaqdan) məhrum olan şəxs, həqiqətən, bədbəxtdir. İmam Sadiq buyurmuşdur: "Kim ramazan ayında bağışlanmasa, gələn ilə qədər bağışlanmaz. Növbəti ramazana qədər yalnız Ərəfatda (Məkkədə Ərəfə günü hacıların durduqları yer) bağışlana bilər”.

Müsəlman və mömin bu ayda ac-susuz qalmaqla qiyamət gününün aclığını və susuzluğunu və yoxsulların aclıqdan hansı hisslər keçirdiklərini xatırlamalıdır. Fəqirlərə və şikəstlərə sədəqə verməli, böyüklərə ehtiram etməli, kiçiklərə qarşı mərhəmətli olmalı, qohumlarla əlaqə yaratmalı, dilini qeybətdən, yalandan, böhtandan, iftiradan və dedi-qodudan, gözünü naməhrəmdən, qulağını başqaları haqqında edilən qeybətə qulaq asmaqdan qorumalı və yetimlərə rəhm etməlidir.

Oruc tutan şəxs qəlbini eyiblərdən, məkr və hiylələrdən təmizləməli, Allaha sığınmalı, gizlində də, aşkarda da Onun yasaq etdiklərindən çəkinməli, Allahdan qorxmalı, oruclu olduğu halda qəlbini Allah üçün hər şeydən boşaltmalıdır.

Əgər bunları edərsə, əməlli-başlı oruc tutmuş və Allahın ona əmr etdiyi şeydə Ona itaət etmişdir.

Cavabın sonunda İmam Mühəmmədbaqirin Peyğəmbərdən nəql etdiyi bu hadisəni söyləyirik ki, bunu bilmək müsəlman üçün çox faydalı olar: "Peyğəmbər oruc tutmuş bir qadının öz cariyəsini söydüyünü eşitdi. Bir yemək gətizdirib, o qadına "Ye!” – dedi. Qadın dedi: "Mən orucam, ya Peyğəmbər!” Peyğəmbər buyurdu: "Cariyəni söydüyün bir halda necə oruc ola bilərsən? Oruc yalnız yeməkdən və içməkdən çəkinmək deyildir. Allah orucu yeməkdən və içməkdən başqa, digər çirkin davranışlar və danışıqlara da pərdə qərar vermişdir. Nə azdır oruc tutan, nə çoxdur ac qalan!”

 

Tərtibatçı: Xəyyam Qurbanzadə



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun