28 Mart 2020









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

ÜÇÜNCÜ DƏRS

 

§ 1. Orucun vacib və düz olmasının şərtləri

Sual: Oruc tutmaq kimlərə vacibdir?

Cavab: Orucun insana vacib olması üçün aşağıdakı şərtlərin olması zəruridir:

1. Oruc tutan müsəlman olmalıdır. Kafirə oruc tutmaq vacib deyil, tutsa da qəbul olunmaz.

2. Oruc tutan şəxs oruc tutmaq üçün yetkinlik yaşına çatmalıdır. Mübarək ramazan ayının orucu bütün oğlan və qız mükəlləflərə – ümumi qayda baxımından – orta hesabla hicri-qəməri təqvimilə təxminən on üç yaşında (miladi təqvimi ilə 12 yaş 7 ay 20 günlüyündə) vacibdir. Bəzi rəvayətlərdə də orucda hər ikisinin həddi-büluğa çatmasının adi yaşının 13 olduğu qeyd olunmuşdur. Buna görə də ənənəvi fiqhə əsasən qızların oğlanlardan altı il əvvəl (h. q. təqvimilə 9 yaşında) oruc tutmasının özü də (!) qızlar üçün yolverilməz bir məcburiyyətdir. Buna əsasən qızlar üçün doqquz, oğlanlar üçün 15 yaş fikirlərinin və fitvalarının heç bir əsası yoxdur.

Əgər on üç yaşından əvvəl mükəlləf olsa, yəni oğlan uşağıdırsa, möhtəlim olsa (yəni yuxuda ondan sperma xaric olsa), yaxud övrətin yuxarısı qarnın aşağısında qasıq üzərində qalın tüklər bitsə, qız uşağıdırsa aybaşı görməyə başlasa və oruc tutma gücünə sahib olmasa, ona oruc tutmaq vacib deyildir ki, "Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər. ...”[1]. Lakin oruc tutma gücünə sahib olsa, oruc tutması vacibdir. Əgər on üç yaşı da keçsə və yenə də nə çətinlik, nə də zərər vəziyyətində oruc tutma gücünə sahib olmasa, oruc tutması vacib deyil. Bir sözlə, orucda mükəlləfin fiziki güc və qüdrəti və digər qüvvələri də əsas şərtdir.

Sual: Hicri-qəməri təqvimilə on üç yaşı tamam olmayan, yaxud on üç yaşı tamam olmamışdan əvvəl həddi-büluğun yuxarıda deyilən fiziki əlamətləri təzahür etmədiyinə görə həddi-büluğ olmayan, lakin oruc tutma gücünə sahib olan uşağın oruc tutmasının hökmü nədir?

Cavab: Oruc tutması vacib deyil, lakin savab qazanmaq üçün oruc tutarsa, əməli düz olar, qəbul olunar və ona savab yazılar.  

3. Qadına orucun vacib olması üçün o, sübh azanından Günəş batana qədər heyz (aybaşı) və nifas qanından pak olmalıdır. Heyz və nifas halında olan qadının oruc tutması vacib deyil. Əgər oruc tutarsa, orucu düz deyil.

Sual: Əgər oruc tutmuş bir qadından gün əsnasında heyz və yaxud nifas qanı gələrsə, onun orucu pozularmı?

Cavab: Bəli, onun orucu pozular və həmin gün oruc tuta bilməz. Sonra onun qəzasını tutmalıdır.

Səhih bir rəvayətdə ramazan ayında Günəş batmamışdan əvvəl aybaşı görməyə başlayan qadın haqqında soruşulduqda İmam Cəfər əs-Sadiq belə cavab verdi: "Aybaşı görməyə başladıqda orucunu yeyər!”[2]

Əbdürrəhman ibn Həccac deyir: "Əbülhəsəndən (İmam Musa əl-Kazimdən) "O bu günü sona çatdırmalıdır, yoxsa orucunu yeməlidir?” – deyə əsrdən sonra doğan qadın haqqında soruşdum”. Belə cavab verdi: "Orucunu yeyər və bu günün qəzasını tutar!”[3]

Sual: Əgər qadın ramazan ayında gecə heyz, yaxud nifas qanından təmizlənərsə və qan kəsilərsə, nə etməlidir?

Cavab: Qadının sübh azanına qədər qəsdən heyz, nifas və ələlxüsus istihazə halında qalması heç vaxt orucu batil etmədiyinə və bu iş də haram olmadığına görə qadın ramazan ayında gecə (sübh azanından əvvəl) heyz, yaxud nifas qanından təmizlənərsə və qan kəsilərsə, oruc üçün qüsl etməsi vacib deyildir. Niyyət edib orucunu tutmalıdır və orucu düzdür. Qılacağı sübh namazı üçün qüsl etməsi vacibdir 

Sual: Əgər qadın gecə qanın kəsilməsini bilməsə və bunu sübh azanından sonra bilsə necə?

Cavab: Niyyət edib orucunu tutmalıdır və orucu səhihdir (düzdür).

Sual: Bəs qadın gün ərzində heyz, yaxud nifas qanından təmizlənərsə, həmin günün orucunu tutmalıdırmı?

Cavab: Qadının həmin günün orucunu tutması vacib deyil. Sonra o günün qəzasını tutmalıdır.

4. Orucun vacib və düz olması üçün mühüm olan şərtlərdən biri də orucun insan üçün zərərli olmamasıdır, yəni tutulan oruc insan üçün zərərlidirsə, bu halda orucu yemək (yəni orucu tutmamaq) vacibdir.

Sual: Orucun zərərli olması deyildikdə nə başa düşülür?

Cavab: Orucun insan üçün zərərli olması deyildikdə aşağıda deyilən halların ortaya çıxması başa düşülür:

– Orucun insanda mədə və bağırsaq yarası, böyrək ağrısı, qan azlığı kimi xəstəliklərin yaranmasına səbəb olması;

– mövcud olan xəstəliyin şiddətlənməsinə səbəb olması;

– onun sağalmağının gecikməsinə, yaxud da xəstəliyin ağrısının artmasına səbəb olması.

Bu zərərlərin dərhal üzə çıxması ilə tutduğu oruca görə gələcəkdə yaranması arasında heç bir fərq yoxdur.

Sual: Tutulan orucun insan üçün zərərli olması haqqında insanda dəqiq tibbi məlumatın olması lazımdırmı?

Cavab: Xeyr, dəqiq tibbi məlumatın olması şərt deyil. Yalnız insanın daxilində zərərin qorxusunu yaradan zənn və ehtimalın olması kifayətdir.

Sual: Səfərdə oruc tutmağın hökmü nədir?

Cavab: Zərər, yaxud çətinlik olmadan imkan surətində müsafirin də başqa şəxslər kimi oruc tutması vacibdir. Orucun tərk olunması üçün istisna mövzu hesab olunan xəstəlik kimi, səfər də yalnız zərər, yaxud çətinlik olaraq orucun yeyilməsinə səbəb ola bilər, vəssəlam. Səfər o cəhətdən xəstəliklə eyni kateqoriyaya daxil edilir ki, keçmişdə oruc halında edilən səfərlər xəstəliyin yaranmasına səbəb olurdu, yoxsa hər bir səfəri xəstəlik kateqoriyasına daxil edə bilmərik. Hal-hazırkı müasir səfərlərdə çox vaxt insan öz evindən də rahat olur. Bu hökmün əsası "Allah sizin üçün ağırlıq (üsr, zərər) deyil, yüngüllük istər. ...”[4] şərafətli ayəsidir ki[5], bu ayəyə görə vətəndə çətinlik orucun tutulmasına maneədir və hər bir səfərdə onun asan olması orucun tutulmasının səbəbidir (yəni səfərdə oruc tutmaq asan olarsa, mütləq tutulmalıdır).

Ümumiyyətlə, oruc üçün üzr olaraq müəyyənləşdirilmiş xəstəlik və səfər bu iki vəziyyətdə qarşıya çıxan çətinlik, yaxud zərərə görədir. Bu prinsipə əsasən yalnız bu iki vəziyyətdə (zərər, yaxud çətinlik) oruc vacib deyildir. Əlbəttə, bir surətdə ki, çətinlik, yaxud zərər qeyri-ixtiyari olsun, yaxud məcburi olduğu surətdə onları (yəni çətinliyi, yaxud zərəri) aradan qaldırmaq mümkün olmasın.

Sual: Ramazan ayında səfərə çıxmaq icazəlidirmi?

Cavab: Oruc tutmağın haram olduğu müsafirət, məsələn mükəlləfin zərər və çarəsizliyə (iztirar və məcburiyyətə) giriftar olub zorla oruc tutma gücünü əldən verəcəyini bildiyi müsafirət mübarək ramazan ayında mükəlləf üçün icazəli deyil. Lakin bərabər, yaxud daha üstün bir zərurətin qarşıya çıxması istisnadır. Buna əsasən ramazan ayında orucdan qaçmaq, yaxud zəruri olmayan və ya daha az zərurəti olan hər bir başqa məqsəd üçün oruc tutmaq zərər gətirən müsafirət bütünlüklə haramdır.

 

Tərtibatçı: Xəyyam Qurbanzadə



[1] "Bəqərə”, 286

[2] "Vəsailuş-şiə”, "Kitabus-soum”, "Orucu səhih olan şəxslər” babı, 25-ci fəsil, 2-ci hədis

[3] "Vəsailuş-şiə”, "Kitabus-soum”, "Orucu səhih olan şəxslər” babı, 26-cı fəsil, 1-ci hədis

[4] "Bəqərə”, 185

[5] Bu ayədən əvvəlki ayələrdə əvvəl oruc bütün mükəlləflərə vacib edilmişdi: "... Oruc sizə vacib edildi!” ("Bəqərə”, 183) Sonra oruc xəstəlik və səfər vaxtı haram olmuşdur ki, səbəbi sonrakı ayədə zikr olunmuş və buyurulmuşdur ki, çətinlik olduqda oruc tutmaq daha xeyirlidir və nəhayət, Allah sizin üçün yüngüllük istər, ağırlıq (çətinlik, zərər) istəməz. Nəticədə əgər oruc çətinlik yaradarsa, qatlaşılmaz olarsa, vacib deyil, əksinə müstəhəbdir. Əgər zərərli olarsa, haramdır və bu iki surətdən qeyrisində vacibdir. Buna görə də çətinlik, yaxud zərər vəziyyəti istisna olmaqla bu arada səfər və xəstəliyin heç bir rolu yoxdur. Əgər işin içində çətinlik, yaxud zərər olmasa, bəlkə, asanlıqla oruc tuta bilsə, oruc tutmaq vacibdir. Və qeyri-ixtiyari çətinlik və dözülməzlik surətində müstəhəbdir. Doğrudurmu ki, çətinlik və dözülməzlik olduğu surətdə vətəndə oruc tutmaq müstəhəb olsun, lakin heç vaxt çətinliyin belə olmadığı səfərdə oruc tutmaq haram olsun? Və bu özü mühümün əhəmdən (daha əhəmiyyətlidən) önə atılmasıdır ki, çətinlik və dözülməzlik surətində oruc tutmaq müstəhəbdir, lakin asanlıq olduğu surətdə sırf səfərə görə oruc tutmaq haramdır. Təyəmmüm mövzusunda da "su tapmadığınız zaman” ifadəsini ("Nisa”, 43, "Maidə”, 6) xəstəlik və səfərdən ("Nisa”, 43) sonra gətirmişdir. Şübhəsizdir ki, yalnız su tapa bilmədiyiniz səfər nəzərdə tutulur. Oruc mövzusunda da səfərin xəstəliyə əlavə olunması səfərdə orucun həmin zərərli olması səbəbilədir və səfərin özünün heç bir mövzusu yoxdur. ... ("Yeni tovzihil-məsail” risaləsi, "Oruc” fəsli, § 6. Haram oruc, 411-ci məsələnin haşiyəsi, Ayətullah Mühəmməd Sadiqi Tehrani)



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun