28 Mart 2020









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

İKİNCİ BAB

BİRİNCİ FƏSİL

  Bu fəsil rəcəb ayının fəziləti və əməlləri barəsindədir. Bu fəslin əvvəlində "Vəsailuş-şiə”[1] kitabından Peyğəmbərə atılmış bir böhtan nəql etmişdir. Guya o Həzrət buyurmuşdur: "Agah olun! Rəcəb Allahın elə bir ayıdır ki, o ayda Allahın rəhməti ümmətin üzərinə yağır (şəhri-əsəbb). O, əzəmətli bir aydır. ... Hörmət və fəzilət baxımından aylardan heç bir şey ona bərabər ola bilməz. ... Agah olun! Rəcəb Allahın ayı, şəban mənim ayım, ramazan isə ümmətimin ayıdır. ...” Halbuki həmin "Vəsail” kitabında Həzrət Əlinin belə buyurduğu nəql olunmuşdur: "Rəcəb mənim ayım, şəban Allah Rəsulunun ayı, ramazan isə Allahın ayıdır!”[2] Bundan əlavə Şeyx Abbas Qummi özü üçüncü fəsildə[3] ramazan ayının ayların ən fəzilətlisi olduğunu qeyd etmişdir!! Şeyx Abbas bu sətirləri yazdıqda fikirləşmirdi ki, necə mümkün ola bilər ki, rəcəb ayı ayların ən şərəflisi və ramazan ayı ilə bir səviyyədə olsun? Axı Quran-kərim ramazan ayında nazil olmuşdur, Qədr gecəsi bu aydadır, Peyğəmbər bu ayda Hira dağına gedir və ibadət edirdi, bu ayda oruc tutmaq vacib olmuşdur, Quranda yalnız bu ayın adı çəkilmişdir, müsəlmanların iki böyük bayramından biri bu bərəkət dolu ayın sona çatması münasibətilə əlaqədar olaraq keçirilir, hətta bizim xalqımız bu ayda məscidlərdə namazlardan sonra bu duanı oxuyub Allah-Taalaya belə müraciət edirlər: "... Və bu, bütün aylardan böyük, kəramətli, şərafətli və fəzilətli qərar verdiyin bir aydır. ...” Şeyx Abbas özü də bu duanı "Məfatih”in "Ramazan ayının müştərək əməlləri” hissəsində[4] qeyd etmişdir. Həmçinin Nəccaşinin, barəsində "Çox etimadlıdır!” – dediyi Haris ibn Müğeyrə Nəzridən nəql etdiyi şəban ayının son gecəsi və ramazan ayının ilk gecəsinə aid bir duada[5] belə deyilir: "Allahım, insanlar üçün hidayət və hidayətin və haqla batili bir-birindən ayırmanın açıq-aşkar dəlilləri olaraq qərarlaşdırılan Quranın nazil olduğu bu mübarək ay artıq gəlmişdir”.

  Bu fəsildə rəcəb ayında oruc tutmaq üçün əcaib-qəraib savablar qeyd olunmuşdur ki, qalilərin qondarmalarıdır və imamların sözləri deyildir. 130-cu səhifədə belə yazır: "Şeyx Tusi "Misbahul-mütəhəccid” əsərində rəvayət etmişdir ki, bu tövqi[6] böyük şeyx Əbucəfər Mühəmməd ibn Osman ibn Səidin (İmam Mehdinin ikinci naibi) əlilə Müqəddəs Nahiyədən (İmam Mehdidən) xaric olmuşdur”(!) Şeyx Tusi Mühəmməd ibn Osmandan 200 il sonra yaşamışdır. Daha yaxşı olardı ki, özü ilə Mühəmməd ibn Osman arasındakı raviləri tanıtdıraydı. Lakin hər halda bu tövqinin ravilərindən biri Əhməd ibn Mühəmməd ibn Abdullah əl-Əyyaş əl Cövhəridir[7] ki, onu "Ziyarət və ziyarətnamə” kitabında 86-cı sayla tanıtdırmış və bu tövqinin şübhələrini qeyd etmişik. Burada təkrar etmirik. Çox təəccüblüdür ki, Şeyx Abbas Qummi bu minacatı və sonrakı iki minacatı elə bir şəxsdən nəql etmişdir ki, Nəccaşi, Şeyx Tusi, İbn Davud, Əllamə Helli və "Vəcizə” kitabının müəllifi (Şeyx Bəhai) və s. kimi rical alimləri onu zəif ravi hesab etmişlər! Şeyx Abbas Qummi "Səninlə onlar arasında tək bir fərq odur ki, onlar Sənin qulların və məxluqlarındır!!!” cümləsini yazdıqda[8] fikirləşmirdi ki, necə ola bilər ki, Allahla Onun bəndələri arasında bir fərq yoxdur? Halbuki Allah vacibul-vücud, Qədim və zatən ehtiyacsızdır, Onun bəndələri isə mümkünül-vücud, hadis, möhtac və məhduddurlar! Ey ağıllı və müdrik oxucu, bu cahil qondarmaçılar bizə Özü kimi birini yaratmış və Özünün bəzi məxluqatından heç bir fərqi olmayan bir Allah tanıtdırmışlar!!!

  Bu minacatda Allah-Taala üçün "məqamlar”a qail olmuşdur!!! Halbuki Quran-kərimdə Allah üçün heç vaxt "məqam” cəm şəklində zikr olunmamış və həmişə tək halda qeyd olunmuşdur[9]. Çünki Allahın tənəzzül etməyən, dayanmayan və inkişaf etməyən əzəmətli və böyük bir məqamı vardır. Çünki Allah ən böyük və ən uca məqama sahibdir ki, o məqamdan üstünü təsəvvür olunmur və ilahi sifətlərdə dəyişiklik yoxdur. Buna əsasən Allah üçün "məqamlar”a qail olan xurafi rəcəb duası doğru deyildir.

  Əgər, həqiqətən, bu dua "Nahiyə”dən (İmam Mehdidən) sadir olmuşdursa, belə bir Nahiyəyə etiqad edən aldanmışların vay halına! Çox təəssüflər olsun ki, "Nahiyə” (İmam Mehdi) adı ilə nə istəyiblərsə, sadir etmiş, avam xalqı vahiməyə salmış və qara camaatdan qorxan alimlərin ağzını bağlamışlar. Bir şəxsin də "Sizdən iddiadan başqa bir şey görməmişik. Göstərdiyiniz mətləblərin, həqiqətən, İmamdan olduğunu haradan bilək? Biz İmamın əl yazısını görməmişik axı, ta sizin mətləblərinizin yazıldığı yazını İmamın əl yazısı ilə qarşılaşdırıb müqayisə edək. Hansı əsasa görə sizin iddialarınızı qəbul etməliyik? Ələlxüsus təqdim etdiyiniz bilgilər çox vaxt Qurana uyğun gəlmir!” – deyə sual verməsinə imkan verməmişlər.

  131-ci səhifədə Əbülqasım Hüseyn ibn Ruhdan "Nahiyə”dən (İmam Mehdidən) südur olması iddiası ilə iki məktub qeyd olunmuşdur ki, onların ravisi də Əhməd ibn Əyyaşdır. Gizli deyildir ki, Hüseyn ibn Ruh çox səyyar və rəngarəng bir şəxs olmuşdur. Şeyx Abbasın sözü ilə desək, müxaliflərlə o qədər yaxşı münasibət qururdu ki, dörd məzhəbdən hər biri iddia edirdi ki, o bizdəndir və hər tayfa onun onlara mənsub olmasına görə iftixar edirdilər. ... Şiələr malları ona təslim edirdilər[10]. Tutaq ki, İbn Ruh təqiyyə etmək istəyirdi, hər bir məzhəbə mənsub olduğunu göstərməyə ehtiyac yox idi. Bəlkə, məzhəblərdən birini, məsələn maliki, yaxud şafei, yaxud əvzai və s. məzhəbi seçməklə özünü təhlükədən qoruya bilərdi. (Düşün!)

  Yeddinci ziyarətnamənin mətninin də tövhid və İslamla heç bir əlaqəsi yoxdur və məlun və sapqın müfəvvizə[11] firqəsinin qondarmalarından olduğu görünür. Şirklə qarışmış bu ziyarətin bir hissəsində belə deyilir: "Mən sizdən istəyirəm, sizə həvalə edilmiş şeylərdə sizə ümid edirəm və əvəz vermək (mükafat vermək) sizə aiddir. Sizin vasitəçiliyinizlə sınıq sümüklər birləşir, xəstə şəfa tapır, bətnlər əskildir və artırır!! ...”

  Əziz oxucu, Allah Özü barəsində buyurmuşdur: "Allah hər bir dişi məxluqun (bətnində) nə daşıdığını, bətnlərin nəyi əskildib, nəyi artıracağını bilir. Hər şey Onun yanında müəyyən bir ölçü ilədir. O, qeybi də, aşkarı da Biləndir. Böyükdür, Ucadır!”[12]

  Həzrət Əli (ə) da buyurmuşdur: "Həqiqətən, qeyb elmi yalnız qiyamətin nə vaxt qopacağının bilinməsi və Allahın Öz sözündə saydığı bu şeylərdir: "Həqiqətən, o saatı (qiyamətin qopacağı vaxtı) ancaq Allah bilir. Yağışı göydən O yağdırır, bətnlərdə olanı O bilir. Heç kəs səhər nə kəsb edəcəyini, heç kəs harada öləcəyini bilməz. ...”[13] Allah sübhanəhu taala bətnlərdə olanların oğlan, yaxud qız olduğunu bilir. ... Bu, Allahdan başqa heç bir kəsin bilmədiyi qeyb elmidir. ...”[14]

  Lakin çox təəssüflər olsun ki, bu duanı qondaranlar yalançı Əli sevgisi iddiası ilə bu ilahi xüsusiyyətlərin Onun bəndələrində olduğuna qail olmuşlar!!! Şeyx Abbas Qummi öz kitabında bu ziyarətnaməni yazdıqda fikirləşməmişdir ki, peyğəmbərlər, o cümlədən Peyğəmbəri-əkrəm (s) özlərinə nə bir xeyir, nə də bir zərər verə bilmədikləri halda[15] bu işlərin Peyğəmbərə, yaxud onun nəvələrinə həvalə olunması necə mümkün ola bilər? Şeyx Abbas Qummi sapqın müfəvvizə firqəsinin batil əqidələrindən xəbərsiz idi və bilmirdi ki, imamlar onları Allahın düşməni hesab etmişlər? Bilinsin ki, 5-ci və 6-cı rəcəb ziyarəti kimi bu ziyarətin ravisi də İbn Əyyaş Cövhəridir və əlbəttə ki, ondan bundan daha yaxşı ərməğan gözləmək olmaz!

  Çox təəssüflər olsun ki, dəfələrlə şahidi olmuş, yaxud eşitmişəm ki, axundlar xalqı öz hacətlərini imamlardan (ə) istəməyə dəvət edir və deyirlər ki, nə istəyirsənizsə, yaxud hər bir çətinliyin həll olunmasını bu xanədandan, Peyğəmbərin Əhli-Beytindən istəyin! Və xalqı "Məfatihul-cinan”a və şirklə qarışmış rəcəb ziyarətinə doğru yönəldirlər!!! Halbuki "Məfatihul-cinan” kitabının bir çox mətləblərinin heç bir vəchlə şəri etibarı yoxdur.

  132-ci səhifədə xurafatçı İbn Tavusdan bir dua nəql etmişdir ki, o da həmin duanı Mühəmməd ibn Zəkəvandan rəvayət etmişdir![16] İbn Tavusla İbn Zəkəvan arasında azı 500 il fasilə vardır və bu ikisi arasındakı ravilər məlum deyildir. Belə bir rəvayət mərfu[17] və etibarsızdır. Məməqani ricalının nəqlinə əsasən[18] bu duanın ravilərindən biri Mühəmməd ibn Əli əl-Bərsidir ki, qulat olmuşdur və Mühəmməd ibn Zəkəvana müttəsil olan ravi isə məşhur kəzzab Mühəmməd ibn Sinandır[19].

  İndi isə rəvayətin mətnini araşdıraq. Rəvayətdə deyilir: "Ey ... hər şərə görə qəzəbindən arxayın (əmin) olduğum varlıq ...” Bu fikir Quranın bu ayəsinə ziddir: "Onlar Allahın onlara möhlət verdiyinə əmin idilərmi? Allahın möhlət verdiyinə ziyana uğrayanlardan başqa heç kəs əmin ola bilməz!”[20]

Allah Öz Elçisinə buyurmuşdur: "De: "Əgər mən Rəbbimə asi olsam, böyük günün əzabından qorxaram”[21]

  134-cü səhifədə əsassız qürurlandırıcı xəbərlər toplamışdır. O cümlədən deyir ki, kim bir haram ayın[22] cümə axşamı, cümə və şənbə günlərində oruc tutarsa, Allah onun üçün doqquz yüz illik ibadətin savabını yazar[23]. Yəni onun savabı Qədr gecəsində yerinə yetirilən ibadətin savabından da çoxdur!!!

  Yaxud 19-cu əməldə ağlı zəif olan (zəiful-əql) İbn Tavusun "İqbalul-əmal” kitabından xurafi və əsassız bir hədis nəql etmiş, lakin şayəd xəcalət çəkib hədisi tam şəkildə qeyd etməmişdir! Məzkur hədisdə "Salman namazı” adlı bir namaz haqqında danışılır. Belə ki, kim rəcəb ayı gecələrindən bir gecədə 10 rükət namaz qılıb hər bir rükətdə "Həmd” surəsi, bir dəfə "Kafirun” surəsini və üç dəfə "İxlas” surəsini oxuyarsa, Allah onun hər bir günahını bağışlayar, namazının hər bir rükəti üçün 60 illik ibadətin savabını yazar və oxuduğu hər bir surəyə görə Cənnətdə ona mirvaridən bir qəsr əta edər, ona həmin ildə oruc tutmuş, namaz qılmış, həcc və ümrə ziyarətlərini yerinə yetirmiş və cihad etmiş şəxsin mükafatını verər və növbəti ilə qədər onun üçün hər gün bir həcc və bir ümrənin savabını yazar. Namazını sona çatdırmamış Allah onu bağışlayar. Namazını sona çatdırdıqda ərşin altından bir mələk ona nida edib deyər ki, ey dost, öz işini yenidən başla (?!) ki, Allah-Taala səni Cəhənnəm atəşindən azad etmişdir. Allah həmin il onu namaz qılanların zümrəsinə daxil edər. Əgər həmin il ölərsə, şəhid olaraq ölər, Allah onun dualarını müstəcab edər, hacətlərini verər, qiyamət günündə onun əməl dəftərini sağ əlinə verər və onunla Cəhənnəm atəşi arasında yeddi xəndək fasilə salar[24]. Bilinməlidir ki, Şeyx Abbas Qummi rəcəb ayının ilk gününün beşinci əməli olaraq da "Salman namazı” adlı bir namaz qeyd etmişdir ki, həmin namaz üçün də həmin əcaib-qəraib savablara oxşar fikirlər qeyd olunmuşdur. Orada da "Məfatih”in müəllifi onları qeyd etməmiş, yaxud öz abır-həyasını qoruyub saxlamışdır[25]. Məgər Şeyx Abbas bilmir ki, İslam dinində ibadətlər tövqifidir[26] və möhkəm şəri dəlil olmadan Kəfəminin, yaxud Məclisinin, yaxud İbn Tavusun və onlar kimilərin nəql etməsi bəhanəsilə bir işi ibadət olaraq xalqa tanıtdırmaq olmaz?!!! Mən bilmirəm ki, Şeyx Abbasın təqvası necə bir təqva olmuşdur!

  Bu xəbərdə qeyd olunur ki, bu namazı münafiqlər qılmırlar! Bu surətdə lazım idi ki, Peyğəmbər bu namazı hamıya öyrədəydi ki, ta hamı nifaqdan nicat tapaydı, nəinki bir sənədsiz rəvayət formasında bizim əlimizə çataydı!

  Bəli, dediyimiz kimi kitabın bu hissəsində aldadıcı xəbərlər yazmışdır ki, hər bir kəs filan müstəhəb əməli yerinə yetirərsə, Allah onun bütün günahlarını bağışlayar! Məsələn, 136-cı səhifədə belə yazır: Kim rəcəb ayının əvvəlində, ortasında və sonunda qüsl edərsə, anasından doğulduğu gündə olduğu kimi, öz günahlarından çıxar!!! Halbuki bu xəbərin sənədi yoxdur!!![27] Yaxud 139-cu səhifədə İmam Sadiqdən bir namaz nəql etmişdir ki, hər kim rəcəb ayının 13, 14 və 15-ci gecələrində həmin namazı qılarsa, onun şirkdən başqa bütün günahları bağışlanar[28]. Əgər belə olarsa, hər bir günahkar hər bir günaha mürtəkib olub sonra rəcəb ayında qüsl edib, yaxud namaz qılıb günahlardan pak ola bilər!!!

  "Üsul xəbərlərinin Qurana və əqllərə ərz edilməsi”[29] kitabında dediyimiz kimi bu cür hədislər mərduddur (rədd edilmişdir), qürur və üsyanın səbəbidir. Hər bir günahkar tövbə etməlidir, yoxsa tövbəsiz onun əməli məqbul deyildir. Çünki Allah buyurmuşdur: "Həqiqətən, Allah yalnız müttəqilərdən qəbul edər!”[30]

  135-ci səhifədə "Rəğaib gecəsinin əməli” olaraq bir qrup məcahil (tanınmayan ravilər) bir hədisi Peyğəmbərə nisbət vermişlər ki, o hədisin heç bir etibarı yoxdur. "Rəcəb ayının ilk gecəsinin əməlləri”ndə Əbülxəttabın[31] tərəfdarlarından olmuş Musa ibn Əşyəmdən bir dua nəql etmişdir. Biz bu ravini "Üsul xəbərlərinin Quran və əqllərə ərz edilməsi” kitabında[32] tanıtdırmışıq. 136-cı səhifədə də Əbülbəxtəri Vəhəb ibn Vəhəb adlı xəbisdən bir xəbər nəql etmişdir! Biz onu "Ziyarət və ziyarətnamə” kitabında tanıtdırmışıq[33].

  Bizim Şeyx Tusi və onun kimi alimlərimiz rical elmində kitablar yazmış və o kitablarda bir çox raviləri zəif, kəzzab, qali və məchulul-hal (vəziyyəti bilinməyən) hesab etmişlər. Lakin digər kitablarında həmin zəif və kəzzab ravilərdən hədislər və dualar nəql etmiş və onların xurafatlarını və batil fikirlərini nəşr etmişlər!!! Bizim fəzilətli qardaşımız cənab Qələmdaranın sözü ilə desək, onlar mikrobları tanıtdırıb xalqı onlardan çəkindirən, lakin həmin mikrobları özləri xalqa iynə ilə vuran həkim kimidirlər!!! Bizim alimlərimiz zəif ravilərin hədislərini nəql etməklə dini çirkləndirmiş və müsəlmanları da giriftar etmişlər!!!

(ardı var)

"Məfatihul-cinanın Quranla ziddiyyəti” kitabından

Müəllif: Əllamə Burqui

Mütərcim: Xəyyam Qurbanzadə

[1] c. 7, s. 352, "Biharul-ənvar”, c. 92, s. 26

[2] c. 7, s. 356 (?!!!)

[3] s. 170

[4] s. 175

[5] s. 169

[6] Tövqi – İmamın öz dəsti-xətti ilə yazdığı və imzaladığı məktub

[7] "Səmat” duasını da həmin ravi nəql etmişdir. "Bir vəlayət dərsi” kitabının 92-93-cü səhifələrinə də baxa bilərsiniz.

[8] "Rəcəb ayının ümumi əməlləri”, 5-ci əməl

[9] "İbrahim”, 14, "Rəhman”, 46, "Naziat”, 40

[10] "Müntəhəl-amal”, c. 2, s. 507, 508

[11] Şeyx Səduq onları lənətləmişdir. Müfəvvizənin müşrikliyinə hökm olunmuşdur. İmam Rza əleyhissəlamdan qulat və müfəvvizə haqqında soruşduqda dedi: "Qulatlar kafir, müfəvvizə isə müşrikdir. Kim onlarla bir yerdə oturarsa, yaxud onlarla dostluq edərsə, yaxud onlarla bir yerdə yemək yeyərsə, yaxud onlarla bir yerdə bir şey içərsə, yaxud onlarla münasibətlərini davam etdirərsə, yaxud onları evləndirərsə, yaxud onlardan biri ilə evlənərsə, yaxud onlara aman verərsə (onların təhlükəsizliyini təmin edərsə), yaxud onlara əmanət edərsə, yaxud onların sözünü təsdiq edərsə və yaxud da sözdə onlara yardım edərsə, Allahın, Onun Elçisinin və biz Əhli-Beytin vəlayətindən xaric olar!” ("Üyunu Əxbarir-Rza”, "Babu ma caə ənir-Rza fi vəchi dəlailil-əimməti vər-rəddi ələl-ğulat vəl-müfəvvizə lənəhumullah”, 4-cü hədis)

[12] "Rəd”, 8, 9

[13] "Loğman”, 34

[14] "Nəhcülbəlağə”, 128-ci xütbə

[15] "Əraf”, 188, "Yunis”, 49, "Cinn”, 21

[16] "Rəcəb ayının ümumi əməlləri”, 8-ci əməl

[17] Raviləri silsiləsində bir, yaxud bir neçə ravisi qeyd olunmayan rəvayətə mərfu rəvayət deyilir.

[18] c. 3, s. 116

[19] Onu "Üsul xəbərlərinin Qurana və əqllərə ərz edilməsi” (s. 270) kitabında tanıtdırmışam.

[20] "Əraf”, 99

[21] "Ənam”, 15

[22] Haram aylar bunlardan ibarətdir: rəcəb, zilqədə, zilhiccə və məhərrəm

[23] Xəbərin davamını Şeyx Abbas Qummi nəql etməmişdir. Xəbərin davamı belədir: "Allah namazın hər rükəti üçün əlli min illik namazın savabını yazar və həmin şəxs Cənnətdə siddiqlərlə birlikdə sakin olar və dünyadan köçməmişdən əvvəl Cənnətdəki öz yerini görər!!!” ("Vəsailuş-şiə”, c. 7, s. 348)

[24] "İqbalul-əmal”, s. 630, "Vəsailuş-şiə”, c. 5, s. 230, "Biharul-ənvar”, c. 95, s. 380

[25] Məzkur hədisi görmək üçün Şeyx Tusinin "Misbahul-mütəhəccid” (Ənsari Zəncaninin çalışması ilə) kitabına müraciət edin. s. 752, 753, "Vəsailuş-şiə”, c. 5, s. 231, 232

[26] İnsan ağlının yol tapa bilmədiyi və Müqəddəs Qanunvericinin bəyanına bağlı olan hər bir hökm, yaxud mövzuya tövqifi deyilir. Məsələn namaz, oruc, zəkat, həcc və s. 

[27] "İqbalul-əmal”, s. 628, "Vəsailuş-şiə”, c. 2, s. 959

[28] "İqbalul-əmal” kitabının nəqlinə əsasən (s. 655) bu rəvayəti deyən Əhməd ibn Əbileyla mühməldir (tanınmır, adı rical kitablarında qeyd olunmamışdır, yaxud qeyd olunmuşdursa da, onun metodu, əqidəsi və məramı bəyan olunmamışdır) və onun vəziyyəti məlum deyildir.

[29] s. 52, 7-ci bənd

[30] "Maidə”, 27

[31] "Xəttabiyyə” firqəsi ona mənsubdur.

[32] s. 217

[33] s. 161, 62-ci say



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun