28 Mart 2020









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

Bəli, o məclisdə həmin axund qaneedici bir cavab vermədi və nahar vaxtı çatdığı üçün həmin məclis heç bir faydalı nəticə olmadan sona çatdı. Mənzilə çatdıqda Əbudavudun "Sünən” əsərini götürdüm və həmin axundun işarə etdiyi rəvayətləri mütaliə etdim. Gördüm ki, güman etdiyim kimi o düz danışmamışdır və həmin rəvayətlər bizim sözümüzü təsdiq edir. Burada hədisləri Əbudavudun "Sünən” əsərinin 3-cü cildindən "Kitabul-əyman vən-nüzur” ("Andlar və nəzirlər”) kitabından nəql etməklə gətiririk ki, ta oxucular özləri hökm versinlər:

3312-ci hədis: "... Bir qadın Peyğəmbərin (s) yanına gəlib dedi: "Ey Allahın Elçisi, mən nəzir etmişəm ki, sənin başın üzərində dəf vurum”. Dedi: "Öz nəzirinə əməl et!” Qadın dedi: "Mən nəzir etmişəm ki, filan məkanda – cahiliyyət dövründə orada qurban kəsirdilər – qurban kəsəm”. Peyğəmbər soruşdu: "Sənəm üçün?” Qadın: "Yox!” – deyə cavab verdi. Peyğəmbər soruşdu: "Büt üçün?” Qadın yenə də "Yox!” – deyə cavab verdi. Peyğəmbər (s) dedi: "Öz nəzirinə əməl et!”

3313-cü hədis: "Peyğəmbərin zamanında bir kişi nəzir etmişdi ki, "Buvanə” məntəqəsində bir dəvə kəssin. Peyğəmbərin yanına gəlib dedi: "Mən Buvanədə bir dəvə qurban kəsməyi nəzir etmişəm”. Peyğəmbər soruşdu: "Orada ibadət edilən cahiliyyət bütlərindən bir büt var idi?” Onlar "Yox!” – deyə cavab verdilər. Peyğəmbər soruşdu: "Orada bütpərəstlərin bayramından bir bayram keçirilirdi?” Onlar "Yox!” – deyə cavab verdilər. Peyğəmbər dedi: "Öz nəzirinə əməl et ki, Allaha üsyan xüsusunda nəzirə əməl edilməz və Adəm oğlunun sahib olmadığı şeydə nəzirə əməl edilməz!”

Sonrakı iki hədisdə də Allah Elçisi əgər Allah ona bir oğul verərsə, Buvanə məntəqəsində çox sayda qoyun kəsəcəyini nəzir etmiş şəxsdən soruşdu: "Orada bütlərdən bir şey vardırmı? Orada bir büt vardırmı? Yaxud orada cahiliyyət bayramlarından bir bayram keçirilirmi?” Yox cavabını eşitdikdə buyurdu ki, Allah üçün nəzir etdiyin şeyi həyata keçir.

Mülahizə olunduğu kimi İslam dini Allahdan başqası üçün – yuxarıdakı hədislərdə "sənəm” adlandırılmışdır – qurban kəsməyi caiz bilmir. Əvvəldə də deyildiyi kimi müşriklərin heykəlləri və bütləri mücəssəmə idi və mələkləri və onların böyüklərini yada salırdı. Onlar yalnız taxta, daş və filiz üçün ibadət əməlləri yerinə yetirmirdilər. İslamın böyük şəxsiyyətləri də "Allahdan başqası” ünvanının ümumiliyindən kənar deyildirlər və onlar üçün nəzir, qurban kəsmək və təvaf kimi ibadət əməlləri yerinə yetirmək olmaz. (Ciddi şəkildə düşün!)

Bu hissə sona çatmamışdan əvvəl həqiqət axtarışında olan oxucunun həmin axundun özünü həddindən artıq çətin vəziyyətdən xilas etmək üçün "Zümər” surəsinin 3-cü ayəsinin qəti dəlaləti barəsində dəlilsiz bir iddia toxuduğuna və onun dediyinin əksinə olaraq müşriklərin öz məbudlarını yaxınlaşdırıcı (müqərrib) hesab etdiklərinə və yalanlarının yalnız öz məbudlarının yaxınlaşdırıcı və şəfaətçi olması iddiasından ibarət olmasına xatircəm olması üçün "əl-Mizan”ın müəllifi Əllamə Təbatəbainin "Əhqaf” surəsinin 28-ci ayəsinin zeylində yazdığı fikri burada qeyd edirik: ""Qurban” kəlməsi "onun vasitəsilə yaxınlıq axtarılan hər bir şey” mənasını verir. Bu sözün zəmini məzəmmət etmək və danlamaqdır ki, buyurur: "Nə üçün öz ilahları – qəbul etdikləri o xəyali ilahlar onlara kömək etmədilər? Halbuki bir ömür o ilahların dərgahına ibadət etdilər ki, onları Allaha yaxınlaşdırsınlar. Necə ki özləri belə buyururdular: "... "Biz onlara bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” ...”[1]  "Əksinə onlardan uzaqlaşıb qeyb oldular”, yəni ilahlar "əhli-qura”nın gözündən itdilər. Təsəvvür etdikləri üluhiyyət və übudiyyət əlaqəsi kəsildi. Bəli, müşriklər ümid edirdilər ki, ilahlar bir ömür pərəstişin mükafatı olaraq müsibətlər və çətinliklər vaxtında onlara yardım edəcəklər. İlahların müşriklərdən uzaqlaşıb qeyb olmaları onların təsəvvür və ümidlərinin batil olmasının kinayə ilə ifadə olunmasıdır”.

"Mənhəcus-Sadiqeyn” təfsiri də "Zümər” surəsinin 3-cü ayəsinin zeylində müşrikləri həqiqi nemət verənə, yəni Allaha nisbətdə nankor və ilahların şəfaəti iddiasında yalançı hesab etmişdir.

"Nümunə” təfsirində "Əhqaf” surəsinin 28-ci ayəsinin zeylində belə yazılır: "Ayə onları məzəmmət etmiş və bu bəyanla onları şiddətli şəkildə məhkum etmişdir ki, onları Allaha yaxınlaşdırır zənni ilə Allahdan başqa qəbul etdikləri məbudlar nə üçün o çətin və həssas anlarda onların yardımına tələsmədilər?!

Həqiqətən, əgər bu məbudlar haqqdırlarsa, bəs nə üçün o həssas mövqelərdə öz ardıcıllarına kömək etmədilər? Onları qorxulu əzabların əlindən xilas etmədilər? Bu özü onların əqidəsinin batil olmasına möhkəm bir dəlildir ki, bu qondarılmış məbudları öz bədbəxt günlərinin pənahgahı hesab edirdilər. ... Və ayənin sonunda deyir ki, onların yalanının nəticəsi bu idi və iftira atdıqları şey ... bu həlakət və bədbəxtlik, bu dərdli əzablar və hadisə vaxtında məbudların qeyb olması onların yalanlarının, təsəvvürlərinin və iftiralarının nəticəsi idi”.

Şeyxut-taifə də (Şeyx Tusi) "Tibyan”da "Zümər” surəsinin təfsirində yazmışdır ki, heykəllərə ibadət edən kafirlər "Bir onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik, – deyirdilər. Ayədəki "zülfa” sözü İbn Zeydə görə "yaxınlıq”, Sədiyyə görə "məqam, mənzilət” mənasını verir. "Övliya” kəlməsi "vəliyy” sözünün cəmidir. "Başqalarına yardım etmək üçün onların işini yoxlayan şəxs” mənasını verir. "Yalançı, nankor olan kimsə”[2] barəsində yazmışdır ki, "kazib” (yalançı) o şəxsdir ki, Allahın heykəlləri müqərrib hesab etməyin lazım olduğunu[3] buyurduğunu yalandan Allaha nisbət vermiş, Allahın ona əta etdiyi nemətlərə qarşı nankor davranmış, ibadətdə ixlası inkar etmiş və imana doğru hidayət olunması istənilməmişdir.

Təfsir kitablarında "Zümər” surəsinin 3-cü ayəsinin zeylində bir rəvayət gətirmişlər ki, burada onu nəql edirik: "Peyğəmbər buyurmuşdur: "Həqiqətən, Allah-Taala Qiyamət günündə Özündən başqa Günəş, yaxud Ay, yaxud bunlardan başqa ibadət olunan bütün şeyləri gətirəcək. Sonra hər bir insandan ibadət etdiyi şey barəsində soruşacaq və Ondan başqasına ibadət edən hər bir şəxs deyəcək: "Ey bizim Rəbbimiz, biz onlara yalnız bizi Sənə yaxınlaşdırmaq üçün ibadət edirdik”. Peyğəmbər dedi: "Allah-Taala mələklərə deyəcək: "Onları və onların ibadət etdiklərini atəşə aparın. Bircə Mənim istisna etdiklərimi aparmayın. "... Məhz onlar Cəhənnəmdən uzaqlaşdırılmış olacaqlar””[4].

Bəli, sonralar eşitdim ki, həmin axund dərs məclislərində, yaxud minbərdə həmin sözləri cavan, yaxud avam tələbələrə deyir və onları aldadırdı. Dostlardan biri vasitəsilə ona bir məktub göndərdim və bildirdim ki, əgər xeyirli niyyətin vardırsa, gərək mənim, yaxud mənim kimi şəxslərin etirazlarını da müzakirə edəsən və dəlil-sübutla onların əsassız və qeyri-düzgün olduğunu sübut edəsən. Yoxsa, sənin bu işin elmi ədalətə ziddir və demaqoqluqdur. Allahdan qorxmursan ki, təkbaşına qazının yanına gedirsən? O, mənim məktubuma cavab vermədi, lakin öz sözlərindən də əl çəkmədi. Axundlarla keçirdiyim uzun illər ərzində dəfələrlə mənim üçün sübuta yetmişdir ki, onların əksəriyyəti haqq və həqiqətin arxasınca getmirlər. Müvəffəqiyyətin sahibi Allahdır və bütün həmdlər Ona məxsusdur.

Axundların təəssübkeşliyi və haqqla müxalifətçiliyi ona münhəsir deyildir. Başqa bir nümunə cavan tələbələrdən biridir ki, hərdənbir bizim təfsir dərslərimizdə iştirak edir və müxtəlif suallarla bizim sözlərimizə etiraz edirdi. Məlum idi ki, bizim əqidələrimizi, yaxud Hövzənin xurafatlarını qəbul etməkdə tərəddüddə idi. Bir gün xəstə olduğum vaxt mənim görüşümə gəldi və söhbət əsnasında mənə dedi: "Siz vəhhabilər kimi Quranın bütləri çağırmağı yasaq etməsini bütləri çağırmayan müsəımanlar barəsində ümumiləşdirirsiniz. Bu ümumiləşdirmə barəsində sizin dəliliniz nədir? Məsələn Allah buyurur: "... Sizin Ondan başqa dua etdikləriniz bir çəyirdək qabığına[5] belə (yəni heç bir şeyə) sahib deyillər. Əgər siz onlara dua etsəniz (onları çağırsanız, onlara yalvarıb-yaxarsanız), sizin duanızı eşitməzlər; eşitsələr də, sizin imdadınıza çata bilməzlər. Özləri də qiyamət günü sizin şirkinizi danacaqlar. ...”[6]

Məlumdur ki, onların bir çəyirdək qabığına belə sahib olmaması, yəni onların mütləq şəkildə heç bir şeyə sahib olmaması nəzərdə tutulur. Çox aydındır ki, bütlər heç bir şeyə sahib deyildilər. Lakin Peyğəmbəri-əkrəm, ya Əmirülmöminin (ə) belə deyildirlər. Sizin etiqadınız budur ki, Peyğəmbərin hal-hazırda heç bir vəchlə malikiyyəti yoxdur?! O Həzrət Allah yanında ən ali məqamlara sahib deyildir?! Allah yanında ruzi yemir və öz ruzisinə sahib deyildir?! O böyük şəxsiyyət "... Onlara ruzi əta olunur”[7] ayəsinin predmeti deyildir?! Bədr, Ühüd şəhidlərini və Allah yolunda şəhid olmuş bütün şəhidləri Allah yanında ruzi yeyən diri varlıqlar hesab etmirsiniz?! Siz onları yüksək dərəcələrin sahibi və əta olunan ruzilərin maliki hesab etmirsiniz?! Bəs necə olur ki, bütləri yox, əksinə məqamları şəhidlərdən də üstün olan Peyğəmbəri və imamları çağıran müsəlmanlara bütpərəstlərə müraciət olaraq nazil olmuş ayələri aid edirsiniz?

Bu gəncin şübhəsini cavablandırmamışdan əvvəl ondan soruşdum: "Siz Ayətullahil-üzma Seyid Möhsün Həkimi tanıyırsınız?” O: "Bəli!” – deyə cavab verdi. Ona "O, necə bir alim olmuşdur?” – deyə sual verdim. Onu bir müctəhid, məşhur və aliməqamlı dini rəhbər, İrakda "Elmi Hövzə”nin böyük ustadı olaraq çox təriflədi. Hətta onun xanədanını və ailəsini mədh edib dedi ki, onun övladları İrak hökumətinə qarşı mübarizə aparırlar və s. Bildim ki, o, mərhum Həkimə qarşı çox nikbindir. Yataqda oturduğum və kitablarım bizim ətrafımızda otağın taxçalarının üzərində olduğu üçün özümün "Əhkamul-Quran” kitabımı ona göstərdim və ondan onu mənim üçün gətirməyini istədim. O, yerindən qalxdı, kitabı taxçadan götürdü və mənə verdi. Kitabı aldım və ona dedim ki, əgər sizə Ayətullah Həkimin sünni, bəlkə də, vəhhabi olduğunu desələr, inanarsınız? "Heç vaxt! Bu nə sözdür danışırsınız? Gün kimi aydındır ki, o şiənin böyük dini rəhbərlərindən olmuşdur”, – deyə cavab verdi. Bu vaxt "Əhkamul-Quran” kitabını açdım və kitabın vərəqləri arasına qoyduğum kitabçanı çıxarıb ona verdim və "Oxu”, – dedim. Bu kitabçanın adı "Həkimin həqiqətə zidd olan fikirləri” ("Əbatilul-Həkim”) idi və kitabçanın üzərində yazılmışdı: "Vəhhabi məzhəbinin yayılması, dinin zəruri hökmlərinin inkarı”. Bu kitabçada Ayətullah Həkimi Dəccal, vəhhabiliyi yayan şəxs adlandırmışdılar[8]. Həmin gənc kitabçanı gördükdə və vərəqlədikdə mat qaldı və təəccübləndi. Bir müddət nə deyəcəyini bilmədi. Nəhayət, belə dedi: "Bu kitabçanın bizim bəhsimizlə nə əlaqəsi vardır?!” Dedim: "Bu kitabçanın bizim bəhsimizlə heç bir əlaqəsi yoxdur. Lakin öz gözünlə gördün ki, şiənin aliməqamlı rəhbəri hesab etdiyin alimi bir qrup Nəcəf axundu Dəccal və vəhhabi adlandırmışdır. Mən bu işi görməklə yalnız istədim ki, sizə başa salım ki, hər bir töhmət və iftiraya görə vahiməyə düşməməli və məğlub olmamalıyıq. Məzhəblərin – istər şiə olsun, istərsə də sünni – bir çox alimləri öz səliqə və adətlərinə müxalif olan bir fikirlə qarşılaşdıqları vaxt müxalif şəxsi sapqın bilir və onu öz məzhəbindən çıxmış hesab edirlər. Əgər şiə olsalar, öz rəyinə müxalif olan şəxsi vəhhabi, sünni və vəlayətsiz, əgər sünni olsalar, müxalif şəxsi şiə və rafizi hesab edirlər! Halbuki ən yaxşı iş odur ki, qarşı tərəfin rəyinin əsassız və qeyri-düzgün olduğunu sübuta yetirmək üçün dəlil və sənəd göstərsinlər. Buna əsasən mühüm olan budur ki, biləsən.

Əvvəla, bizim sözümüzün vəhhabilərin sözünə oxşayıb-oxşamamasının bir əhəmiyyəti yoxdur. Həmçinin əgər bir sünni bir mövzuda mənə: "Şiələr kimi danışırsan”, – desə, ona da deyərəm ki, mənim sözümün şiənin sözünə oxşaması məsələsinin bir əhəmiyyəti yoxdur, mühüm olan budur ki, iddiamın dəlil və sənədinə baxmalıyıq.

İkincisi, "Elmi Hövzə”nin axundlarından eşitdiyin bu şübhə çox zəifdir və dəfələrlə öz dərs məclislərimdə bu çaşdırmanın (müğalətənin) batil olduğunu bəyan etmişəm. Yəqin siz eşitməmisiniz. Lakin sizin məndən ümumiləşdirməyə dair dəlil istəməyiniz çox yaxşı bir işdir. İndi öz dəlilimi bəyan edirəm. Birincisi budur ki, diqqət etməliyik ki, biz farsdillilərin "milk” və "malik” sözləri barəsindəki təsəvvürü Quran dilində mövcud olan şeylə tam şəkildə uyğun gəlmir. Əgər Allahın Kitabına müraciət edilsə, görərik ki, malikiyyət və ondan düzəldilmiş sözlər – ki ərəb dilində – "məlk”, "mülk”, və "milk” məsdərindən düzəldilmişdir və "mülkiyyət üzərində təsərrüf etmək gücü və qüdrəti və onun barəsində iradənin işlənməsi” mənasını verir – Quran-kərimdə təsəvvür etdiyindən daha çox geniş mənada işlənmişdir. Məsələn, fars dilində deyirəm: "Mən dəst darəm” ("Mənim əlim vardır”), yaxud "Mən darəndeyi-dəstəm” ("Mən ələ malikəm”), yaxud şayəd belə deyərəm: "Mən maliki-dəsti-xişəm” ("Mən öz əlimə sahibəm/malikəm”). Lakin ərəb dilində bu mövzuda belə deyirik: "Ləhu yədun”. (Hərfi tərcümə: "Onun üçün əl vardır”. Yəni "Onun əli vardır”). Prinsipcə "Fulanun yəmliku yədən” ("Filankəs ələ sahibdir/malikdir”) deyilir. Başqa bir ifadə ilə desək, prinsipcə ərəb dilində "malik olmaq” (farsca "daştən”) üçün "mələkə-yəmliku” felindən istifadə olunmur, lakin "malik olmaq”dan bir çox məna nəzərdə tutulması istisnadır. Məsələn, Quranda buyurulur: "... Biz sənə verdiyimiz vədə Öz ixtiyarımızla (ərəbcədə "məlk” sözü işlənib) xilaf çıxmadıq. ...”[9] Mülahizə olunduğu kimi burada "məlk” sözü "malik olmaq” mənasını vermir. Yaxud buyurulur: "... Onlar Onun hüzurunda heç bir söz deməyə qadir olmazlar”[10]. Bu ayədə də "yəmlikunə” feli "malik olmaq” mənasını vermir. Ümumiyyətlə, "danışmaq” mülkiyyət ola bilməz, ta ona malik olmaq mümkün olsun. Yaxud Səba məlikəsi barəsində "Mən onlara padşahlıq edən bir qadın gördüm. ...”[11] deyilirsə, bütün Səba xalqının Bəlqisin qulamı və kənizi olması nəzərdə tutulmur, bəlkə, onun onların ixtiyar sahibi olduğu, onların işində təsərrüf etdiyi və onlar barəsində qərara gəldiyi nəzərdə tutulur. Məhz həmin səbəbə görə xalqın işində təsərrüf edən padşaha "məlik” deyilir. Yaxud əgər "... öldürməyə, həyat verməyə və yenidən diriltməyə gücləri çatmayanlar ...”[12] buyurulursa, aydındır ki, öldürmək, yaxud həyat vermək, yaxud ölüləri yenidən diriltmək mülkiyyət olan işlər deyildir, bəlkə, bu cür işlərin Allahdan başqasının gücü və ixtiyarında olmadığı nəzərdə tutulur. Quran-kərim əmanət formasında bir şəxsin ixtiyarında qərar tutan bir şey barəsində, həmin şəxs onun "malik”i hesab olunmamasına baxmayaraq, "mələkə-yəmliku” felini işlətmiş və buyurmuşdur: "... Açarları əllərinizdə olan evlərdə ...”[13] Siz bilirsiniz ki, Allah Rəsulunun zamanında cihada gedən mücahidlər öz evlərinin açarlarını əmanət olaraq cihaddan müaf tutulmuş bir qrup şəxsə verirdilər ki, onların evlərinə nəzarət etsinlər. Buna görə də onlar "malik” deyildilər, lakin sahiblər olmadığı müddət ərzində evin ixtiyarı onlarda idi.

Üçüncüsü: Əgər mən sağlamlığa sahib olsam, yəni sağlam olsam, "sağlamlığa malik” deyiləm, onun "vacid”iyəm, yəni onu özümdə daşıyan şəxsəm. Yaxud əgər gözəlliyə sahib olsam, yəni gözəl olsam, "gözəlliyin maliki” deyiləm, bəlkə, onun "vacid”iyəm, yəni onu özümdə daşıyan şəxsəm. Buna görə də sağlamlığı, yaxud gözəlliyi sizə ötürə bilmərəm, yaxud sizi ondan məhrum edə bilmərəm. (Düşün!) Həmin müqayisəyə əsasən əgər mən qiyamətdə ali məqamlara sahib olaramsa, o dərəcələrin və məqamların "vacid”iyəm, yəni onları özümdə daşıyan şəxsəm, lakin həmin dərəcələrin maliki deyiləm və o dərəcələri sizə verə bilmərəm. Lakin Allah onların Malikidir və o sifəti, yaxud hər bir sifəti istədiyi hər bir şəxsə verə, yaxud ondan ala bilər. Buna əsasən mülkiyyət qabiliyyəti olmayan işlərdə "malik” sözünün mənası "vacid” sözünün mənasından başqadır. Bizim fikrimizə əsasən ən ali dərəcələrə sahib olan Allah Rəsulu (s) o dərəcələrə vaciddir, yəni o dərəcələri özündə daşıyan şəxsdir, o dərəcələrin maliki (yiyəsi, sahibi) deyildir. (Ciddi şəkildə düşün!) Əlbəttə ki, o dərəcələri, yaxud onun bir hissəsini sizə, yaxud mənə verə bilməz, yaxud sizin və ya mənim dərəcələrimi bizdən ala bilməz. Allah heç kimə belə bir izn verməmişdir.

Əgər Quran "Çağırdığınız məbudlarınızın mütləq şəkildə malikiyyəti yoxdur”, – buyurmuşdursa, bu o deməkdir ki, onlar ixtiyar sahibi deyildirlər. Bu mənanın onların çoxlu məqamlara və dərəcələrə vacid olması mənası ilə heç bir ziddiyyəti yoxdur. Axundların çaşdırması budur ki, "vacid” və "malik” sözlərini bir-birindən fərqləndirməkdə özlərini cahilliyə vururlar ki, ta xurafatları himayə edə və avamları da aldada bilsinlər. Çünki bir çox insan ərəb dilində "malik” sözünün bir çox mövzularda "ixtiyar sahibi” mənasını verdiyini bilmir.

Dördüncüsü: Quran buyurmuşdur ki, peyğəmbərlər vəfatlarından sonra fani dünyadan bixəbərdilər. "Maidə” surəsinin 117-ci ayəsində buyurulur: "(İsa əleyhissəlam deyəcək:) ... Nə qədər ki onların arasında idim, onların üzərində gözətçi mən idim. Məni öldürdükdə onların üzərində nigahban (gözətçi) ancaq Sən Özün oldun. ...” Haqqında danışdığımız ayədə[14] də buyurulur: "... Sizin duanızı eşitməzlər ...” Çünki baqi aləmə getmişlər və fani aləmdə deyildirlər. Əgər sırf taxta və daş bütlər nəzərdə tutulsaydı, "sizin duanızı eşitməzlər” cümləsinin qeyd olunmasının zərurəti olmazdı, çünki müşriklər onların heykəllərinin danışmaq, eşitmək, görmək və bizim kimi iş görmək gücü də olmadıqlarını bilirdilər[15]. Lakin Quran onlar barəsində belə əlavə etmişdir: "... Eşitsələr də, sizin imdadınıza çata bilməzlər. Özləri də qiyamət günü sizin şirkinizi danacaqlar. ...”[16]

Əgər onlar taxta, filiz və daş kimi cansız varlıqlara ibadət edirdilərsə, cansız varlığın şüuru və eşitmə gücü yoxdur axı, ta qiyamət günündə müşriklərin şirkini dansınlar. Cansız varlıqların eşitmə ehtimalı bütünlüklə qəbuledilməzdir. Lakin ayədə qeyd olunan bu təsəvvür bizə bildirir ki, müşriklər bütlər onların heykəli və xatırladıcısı olan şəxsləri çağırırdılar və onlar qiyamətdə müşriklərin onlar və onların heykəli barəsində etdikləri işləri danacaqlar.

Beşincisi: Siz Qum alimlərinin yazdıqları "əl-Mizan” və "Nümunə” təfsirlərində də oxumusunuz ki, müşriklər sırf taxta, yaxud bir filizdən düzəldilmiş mücəssəməyə (heykələ) ibadət etmirdilər. Bəlkə, onları mələklərin, cinlərin, peyğəmbərlərin, saleh şəxslərin və müqəddəs varlıqların heykəli, təzahürü (görüntüsü) və xatırladıcısı hesab edirdilər. Buna əsasən saleh şəxslər və mələklər də özlərində uca məqamları və dərəcələri daşıyırdılar (yəni onlara "vacid” idilər). Sizin etiqadınız budur ki, yalnız Peyğəmbəri-əkrəm (s) və Əmirülmöminin (ə) ali dərəcələrin daşıyıcısıdırlar və Allah yanında onlara ruzi əta olunur? Digər peyğəmbərlərin, salehlərin, mələklərin ... məsələn, kilsədə heykəlləri qoyulan, həyatın çətin anlarında xristianların qeydsiz-şərtsiz (namüqəyyəd) formada çağırdıqları və Quran-kərimin barələrində "bir çəyirdək qabığına belə (yəni heç bir şeyə) sahib deyillər”, – deyə buyurduğu Həzrət Məsih və Həzrət Məryəmin Allah yanında heç bir dərəcəsi və məqamı yoxdur və Allah yanında onlara ruzi əta olunmur?!

Quran müşriklərin şəfaətçiləri barəsində belə buyurur: "Yoxsa onlar Allahdan başqasını şəfaətçi etdilər? De: "Onlar heç bir şeyə sahib olmadıqları (yəni heç bir ixtiyarları olmadığı) və heç bir şey qanmadıqları halda (yenə onları şəfaətçi seçirlər?)”[17] Onlar öz dərəcələrinə sahib deyildilər (vacidi-dərəcat) deyildilər və öz hiss və sifətlərinə sahib deyildilər?!!

Buna əsasən siz Quranın Allahdan başqasını namüqəyyəd (qeydsiz-şərtsiz) formada çağırmağı yasaq etməsini Ərəbistanın cahiliyyət dövrünün bütləri ilə məhdudlaşdırmağınıza dair dəlil gətirməlisiniz. Bizim fikrimizə əsasən Quranın yasağı "Allahdan başqası” başlığı ilə ümumi xarakter daşıyır və yalnız taxtadan və daşdan düzəldilmiş bütlərə məxsus deyildir. Çünki peyğəmbərlər övliyalar, övsiyalar, mələklər, cinlər və s. "Allahdan başqası”nın ümumi aidiyyatından xaric deyildirlər. Buna görə də Qurana tabe olan şəxs muğayat olmalıdır ki, Allahdan başqası üçün Quranın yasağının şamil olduğu bir iş görməsin. Başqa bir ifadə ilə desək, bizim ümumiləşdirməyimiz yox, sizin xüsusiləşdirməyiniz dəlilsizdir. (Düşün!)

Bəli, o cavan daha bizim yanımıza gəlmədi. Lakin eşitdim ki, orada-burada mənə böhtan atır. Təəssübkeşlikdən Allaha sığınıram!

Bu sətirləri yazdığım vaxt bu şərafətli ayə yadıma düşdü. Allah-Taala buyurur: "Kim Allahla yanaşı başqa bir ilaha dua edərsə, – bunun üçün onun heç bir dəlili yoxdur – onun hesabı Rəbbinin yanındadır. Həqiqətən, kafirlər nicat tapmazlar!”[18]

Diqqət etmək lazımdır "Bunun üçün onun heç bir dəlili yoxdur” cümləsi mövsuf olan "ilah” kəlməsi üçün sifətdən sonra sifətdir. Yəni bu cümlə özündən əvvəlki sifəti vəsf edir. Başqa bir ifadə ilə desək, Quran ki "... Allahla yanaşı heç kəsə dua etməyin (yalvarıb-yaxarmayın)!”[19] buyurub duanı ibadət sayıb "... O sizə yalnız Onun Özünə ibadət etmənizi əmr etmişdir. ...”[20] və bir neçə dəfə inkar mənasında soruşub "... Məgər Allahla yanaşı başqa bir ilahmı var? ...”[21] buyurub dəlili olmayan şeyə ibadəti yasaq etmişdirsə[22], əlbəttə, demək istəmir ki, "Allahdan başqası” iki növdən ibarətdir; dəlili olan (vacidi-bürhan) və dəlili olmayan (faqidi-bürhan). Bəlkə, deyir ki, "Allahdan başqası”nın bütünlüklə dəlili yoxdur. (Ciddi şəkildə düşün!) və "Onun hesabı Rəbbinin yanındadır” cümləsi şərtin cavabıdır, təhdid üçündür. Müsəlman şəxs bu ayəyə ciddi şəkildə diqqət etməlidir.

Mənim fikrimcə axundların dəlili olmadığına görə çarəsizlikdən çaşdırmaya, səfsətəyə, hay-küyə və şantaja müraciət edirlər. Təəssübkeşlikdən Allaha sığınırıq!

"Məfatihul-cinanın Quranla ziddiyyəti” kitabından

Müəllif: Əllamə Burqui

Mütərcim: Xəyyam Qurbanzadə

 

=SON=



[1] "Zümər”, 3

[2] "Zümər”, 3

[3] Ola bilsin "Əraf” surəsinin 28-ci ayəsinə işarə etmişdir.

[4] "Ənbiya”, 101, "Nurus-səqəleyn”, c. 4, s. 475

[5] Ərəbcə bir kəlmə olan "qıtmir”, xurma çəyirdəyinin üzərindəki çəkiyə gəlməyəcək yüngüllükdə olan incə membrana (pərdəyə) verilən addır.

[6] "Fatir”, 13, 14

[7] "Ali-İmran”, 169

[8] "Əbatilil-Həkim” kitabçasını Nəcəfi-Əşrəf elmi heyəti səkkiz səhifədə cib kitabçası şəklində, ərəb-fars dillərində və 2 rial qiymətində çap etmişdir və 15 mövzuda Ağayi-Həkimin "Mustəmsikul-ürvətil-vüsqa” kitabının 1-ci cildindəki fikri ilə şəri dəlil və əsas qeyd etmədən müxalifət etmişdir. Bu kitabçanın 7-ci səhifəsində belə yazılmışdır: "Avamlara – qalmışdı hələ seçilmiş adamlar (xəvass) olsun – gizli deyildir ki, Seyid Möhsün Həkim tərəfindən verilən fitvalar müqəddəs İslam dinində bir bidətdir, Həzrət Mühəmmədin (s) şəriətinin zəruri hökmlərinin inkarıdır, dinin əsaslarında şübhə etməkdir və vəhhabilərin məzhəbinin yayılmasıdır”. (!!!)

[9] "Ta ha”, 87

[10] "Nəbə”, 37

[11] "Nəml”, 23

[12] "Furqan”, 3

[13] "Nur”, 61

[14] "Fatir”, 13, 14

[15] "Sonra yenə də öz küfrlərinə qayıdaraq: "Axı sən bilirsən ki, bunlar danışmırlar!” – dedilər”. ("Ənbiya”, 65)

[16] "Fatir”, 14

[17] "Zümər”, 43

[18] "Muminun”, 117

[19] "Cinn”, 18

[20] "Yusuf”, 40

[21] "Nəml”, 62, 64

[22] "Ali-İmran”, 151, "Ənam”, 81, "Əraf”, 33, "Həcc”, 71



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun