25 Avqust 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

SEYİD FƏZLULLAHIN FİQH MƏKTƏBİNDƏN NADİR MİRVARİLƏR

SİQARET... VƏ ŞƏRİ RƏY

Siqaret çəkmək bütün insanlar arasında yayılmış ümumi bir məşğuliyyətdir. Diqqət çəkən cəhət odur ki, siqaret yeni nəsillər arasında geniş yayılmağa başlamışdır. Görürsən ki, hələ erkən yaşlarından uşaqlar bu mənfi vərdişə qurşanır, onun tibbi və psixoloji zərərlərinə diqqət yetirmirlər. Siqaret eyni vaxtda kişilər və qadınlar arasında yayılan ictimai bir fəlakətdir. Xüsusilə siqaret çəkilən yerlər, kafelər, nargilə (sulu qəlyan) satılan yerlərin çoxluğu, bunların evlərə ayaq açması, hətta kəndlərə gedib çıxması son zamanlar sıx müşahidə olunur. Fikri buna da yönəltmək lazımdır ki, ailədə siqaret çəkməyənlər də siqaret tüstüsü ilə zəhərlənirlər.

Aşağıda siqaret barədə şəri rəylərə toxunacağıq. Bəzi alimlər belə hesab edirlər ki, siqaret və sulu qəlyan çəkmək haramdır. Fikirlərini əsaslandırmaq üçün Quranın bu ayəsini dəlil gətirirlər: "Ey iman gətirənlər, ... özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı Rəhimdir (mərhəmətlidir)!”[1] Artıq tibb elmində sübut olunmuşdur ki, bunlar insan üçün zərərlidir, zərərli olan hər şey isə haramdır.

Başqa bir ayə də bu işin haram olmasının dəlili kimi göstərilir: "Allahın sizə dolanmaq üçün bəxş etdiyi mallarınızı səfehlərə verməyin. ...”[2] Allah mallarımızı səfehlərə verməyi yasaq etmişdir. Şübhə yoxdur ki, malın tütün və qəlyanın alınmasına xərclənməsi təbzirdir (yəni malın mənasız yerə sağa-sola səpələnməsidir) və zay edilməsidir. Buna görə də bu ayənin dəlaləti ilə yasaq edilmişdir. Sünnəyə görə Rəsulullah malın bu məşrübatlarda (qəlyan və siqaretlər) zay edilməsini və onlara xərclənməsini yasaq etmişdir. Peyğəmbər buyurmuşdur: "Zərər vermək və zərərə zərərlə müqabilə etmək (qarşılıq vermək) yoxdur!” Bu şeylərin qəbul edilməsi zərərin yaranmasına səbəb olur.

Bəzi alimlər belə hesab edirlər ki, siqaret çirkin bir şey (xəbis) olduğuna və çoxlu ziyanı olduğuna görə haramdır. Allah öz bəndələrinə yalnız təmiz təamları və içkiləri mübah qılmış və çirkin şeyləri isə haram etmişdir. Allah-Taala buyurmuşdur: "... (O Peyğəmbər) ... onlara təmiz nemətləri halal, çirkin şeyləri haram qılar. ...”[3] Siqaretin bütün növləri (yəni hər növ siqaret tipli vərdişlər) zərərli olduğuna və asılılıq yaradan maddələr ehtiva etdiyinə görə çirkin şeylərdən hesab olunur.

Yenilikçi dini rəhbər Seyid Mühəmmədhüseyn Fəzlullah siqaret barəsində fitvasında deyir: "Uzun illərdir siqaret və sulu qəlyan və s. bu kimi vərdişlərə aludə olmağın haram hesab edildiyinə fitva vermişik, çünki bunlar təhlükəyə, yaxud böyük zərərə yol açır. Tibb sahəsindəki bütün ekspertlər bunu təsdiq edir. Bizim fitvamızın əsası "cana zərər vurmağın haram olması” prinsipinə əlavə olaraq Allahın bu sözüdür: "Səndən xəmr və məysir haqqında soruşanlara de: "Bu ikisində ismi-kəbir (böyük zərər) və insanlar üçün mənfəətlər (dünya mənfəətləri) vardır. Lakin ikisinin də zərəri mənfəətlərindən daha böyükdür. ...”[4] Yəni zərəri mənfəətindən daha çox olan nə varsa, o, haramdır”.

Seyid hesab edir ki, təsəlli tapmaq və sakitləşmək məqsədilə, yaxud insanlar onu təklif etdikdə (məsələn, qonaq etmək) belə siqaret çəkmək haramdır. Seyid qəti şəkildə bildirir ki, istər təsəlli tapmaq məqsədilə olsun, istərsə də başqa məqsədlə, haram haramdır və haramda mütləq olaraq nəzakət və ədəbə yer yoxdur. Siqaretə təzə başlayanla çoxdanın aludəçisi olan arasında da fərq yoxdur.

Əllamə Seyid Fəzlullah həmçinin hesab edir ki, siqaret çəkməyin iki günahı vardır: biri insanın öz haqqına qarşı günahıdır, çünki o, ağciyərlərini yandırır və onu xərçəng təhlükəsi altına atır. İkinci günah odur ki, ətrafda oturanlar da siqaretin zərərli tüstüsündən zəhərlənirlər. Seyid təkcə siqaret çəkməyi deyil, onu satmağı da haram etmişdir, çünki o, halal mənfəəti (faydası) olmayan bir şeydir. Bir şeylə ticarət etməyin qanuni (şəri) olması üçün ticarət edilən malın halal olması lazımdır, belə ki, ondan halal mənfəət şəklində faydalanmaq icazəli olsun[5].

Biz, məsələn siqaret çəkməyi haram hesab edirik, çünki o, zərərlidir və bədənə zərər vuran hər bir şey haramdır. Bir çox alimlər belə hesab etmirlər, çünki onlar təhlükə ilə nəticələnəcək zərəri haram zərər hesab edirlər. Bəzi insanlar vardır ki, elə zənn edirlər ki, onlar siqaret çəkməyə öyrəşiblər və bizə təqlid etdikləri halda onu tərgitməyi bacarmırlar. Belə şəxslərə deyirəm ki, bu məsələdə məndən başqasına müraciət edə bilərsiniz.

Lakin burada bir çox diqqət yetiriləsi məsələlər var ki, həmin məsələlərdə təbizə icazə vermirəm ki, təbiz[6] fitvanı hörmətdən salan hiyləyə icazə verməyə çevrilməsin[7].



[1] "Nisa”, 29

[2] "Nisa”, 5

[3] "Əraf”, 157

[4] "Bəqərə”, 219

[5] "İstiftaat”

[6] Bəzi məsələlərdə bir müctəhidə, digər məsələlərdə isə başqa bir müctəhidə təqlid etməyə təbiz deyilir.

[7] "Bəyyinat”, "Fikir və Mədəniyyət” qəzeti, "Fiqhi məsələlər” bölməsi, 182



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun