28 Mart 2020









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

MÜQƏDDİMƏ

Kortəbii təqlidi inkar etdiyimizə görə bizə etiraz edirlər. Bəli, biz kortəbii ənənəvi təqlidi inkar edir və İslam dinində belə bir təqlidin olmadığını və sonradan ortaya çıxarıılmış bir bidət olduğunu deyirik. Çünki təqlid "qiladə” (xalta) sözündəndir. Qiladəni (xaltanı) heyvanın boynuna keçirib onu özlərilə istədikləri səmtə aparırlar. Kor-koranə təqlidi vacib bilən şəxslər sanki xalqı heyvan təsəvvür etmiş və xalq da onların müqəllidləri olaraq belə bir alçaqlığı qəbul edib özlərini fikir müstəqilliyindən məhrum etmiş, sənədsiz və əsassız itaət yolunu seçmişdir. Allah belə hərəkətləri məzəmmət etmiş və buna görə də təqlidin bütün qisimlərini – ata-babalara[1], dini böyüklərə, ağalara və alimlərə[2] kor-koranə təqlid etməyi batil hesab etmişdir. Lakin çox təəssüflər olsun ki, bizim dindarlarımız (ələlxüsus, şiələr) təqlidin təsiri və bu sahədə ciddi araşdırmaların olmaması nəticəsində bu məsələnin mahiyyətindən və yuxarıda qeyd olunan ilahi ayələrdən xəbərsizdirlər.

Buna qarşılıq olaraq "Milli Görüş-Sabiqun” hərəkatı ixtilaflı məsələlərdə, yəni zəruri və qəti olmayan məsələlərdə Quran fəqihinə, yəni Qurana və qəti Sünnəyə əsasən fitva verən və fəaliyyət göstərən alimə müraciət edib fikri ondan yəqinlik ifadə edən qəti dəlillərlə aydınlaşdırılmış şəkildə əxz etməyin tərəfdarı və müdafiəçisidir. Yəni müctəhidə şüurlu şəkildə təqlid etməyin tərəfdarıdır. Hərəkat İslam alimlərinin dinin təlim edilməsindəki böyük rolunu əsla inkar etmir. Ayətullah Əsədullah Xərqani, Seyid Möhsün əl-Əmin, Ustad Heydərəli Qələmdaran Qummi, Əllamə Qərəvi, Əllamə Burqui, Əllamə Şeyx Sadiqi Tehrani, Əllamə Şeyx İsmail Ali-İshaq Xoini Zəncani, Ayətullah Şəriət Səngəlci Tehrani, d-r Yusif Şiar Təbrizi, Ayətullah Mühəmməd ibn Mühəmməd Mehdi Xalisi İraqi, Seyid Mühəmmədhüseyn Fəzlullah, Seyid Əbülqasım Xoyi və Şeyx Mühəmmədcavad Muğniyə kimi alimlərin fiqh və digər islami elmlərdə yazdıqları müdəlləl (dəlillə isbat olunmuş) əsərlər hərəkatın əsaslandığı və istinad etdiyi əsas mənbələr hesab olunur. Lakin hərəkat "... ("Ya Peyğəmbər!”) Bəndələrimə müjdə ver! O kəslərə ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. ...”[3] ayəsinə istinad edərək müəyyən bir məsələ barəsində bu islahatçı alimlər tərəfindən təqdim olunan fikirlər arasında ən gözəlini (dəlili ən qüvvətli olanını) tərcih edib ona tabe olur.

Aşağıdakı məqaləni oxumaqla siz hərəkatın təqlid anlayışı haqqında qısa və ətraflı şəkildə məlumat ala biləcəksiniz. Nəzərinizə çatdıraq ki, məqalə bizə cahilanə şəkildə etiraz edən məzhəbçilərə cavab olaraq yazılmışdır. 

    

TƏQLİD

 "MİLLİ GÖRÜŞ-SABİQUN”

HƏRƏKATININ TƏQLİD ANLAYIŞI

Fiqhin tarixinə ötəri baxış onu göstərir ki, təqlid məsələsi, onun səbəbi və keyfiyyəti barəsindəki mübahisə və münaqişələrin kifayət qədər uzun bir keçmişi vardır. Ola bilsin ki, təqlid məsələsini ən mühüm və ən əsas fiqhi mövzulardan biri adlandırmaq olar, çünki dinin və şəri hökmlərin başa düşülməsinin əsası və bazası dinin üsullarının və ikinci dərəcəli hökmlərinin dərk və qəbul olunmasının keyfiyyətinə bağlıdır. Həmçinin "təqlid” dindarlığın və dinşünaslığın əsasını və bünövrəsini formalaşdırır.

Qədim dövrlərdən bəri fəqihlər arasında yayılmış fikir bu olmuşdur ki, dinə iman gətirmiş şəxsin hökmün və fitvanın verilməsinin keyfiyyətini və səbəbini araşdırmağa ehtiyacı yoxdur, əksinə soruşmadan və səbəbini öyrənmədən sırf müctəhidə tabe olmalıdır. Lakin İslam fiqh tarixində, ələlxüsus şiə fiqh tarixində elə görkəmli şəxsiyyətlər olmuşdur ki, məlumatsız, dəlilsiz və sübutsuz şəkildə edilən təqlid mövzusunu tənqid etmişlər. Müasir dövrdə Əllamə Seyid Mühəmmədcavad Qərəvi, Əllamə Seyid Əbülfəzl İbnurrza Burqui və Əllamə Şeyx Mühəmməd Sadiqi Tehrani bu cərəyanın məşhur simalarından hesab olunurlar. Ayətullah Qərəvinin fikri budur ki, mükəlləfin vəzifəsi hər bir hökm və fitvanı Kitaba, Sünnəyə və Əqlə əsaslandırılmış şəkildə qəbul etməkdən ibarətdir. Bu yalnız üsuli-dinə aid deyildir, əksinə digər fəri məsələlərdə də caridir. Onun əqidəsi budur ki, hökmün süduru (yəni hökmün verilməsi) Kitabdan və qəti Sünnədən gətirilən dəlillərin göstərilməsi ilə olmalı, həmçinin bəşərin elm və əqlinə əsaslanmalıdır. Başqa cür fitva vermək icazəli deyil. Buna görə də ictihad da bu üç əsas prinsip (əsl) üzərində möhkəmlənməlidir. Onun bu barədəki nəzəriyyələri müfəssəl surətdə yazılmış və qısa məzmunu Ayətullah Bürucərdinin risaləsinə yazdığı şərhin müqəddiməsində qeyd olunmuşdur.

Alimlər dini mövzuları təqlid baxımından iki hissəyə bölmüşlər: birinci hissəyə daxil olan məsələlər ümmət arasında barəsində ittifaq və icma edilmiş məsələlərdir. Onları bilmək bütün möminlərin vəzifəsidir və bu məsələlərdə təqlidə ehtiyac yoxdur, çünki bütün fəqihlər eyni cür fikir bildirmiş və bildirməkdədirlər. Namazın və orucun vacib olması, gözəl əxlaq, günahlardan çəkinmək məsələləri ki, bu mövzularda təqlid yoxdur. İkinci hissəyə daxil olan məsələlər isə nə dinin açıq-aşkar məsələlərindəndir, nə də hamının barəsində icma etdiyi mövzulardan. Əksinə, onlar barəsində ixtilaflar mövcuddur. Bu cür məsələlərdə məsələnin həqiqətini alimlərdən əxz etmək lazımdır. Eyni zamanda onlar da məsələni dəlil-sübutla bəyan etməlidirlər. (Diqqət edilsin!) Lakin bir çox sünni və şiə fəqihləri bildirmişlər ki, fəqih bu cür mövzularda (yəni ixtilaflı məsələlərdə) öz zənni və gümanı ilə fitva verə bilər. Lakin digər alimlərə görə mükəlləf fəqihin zənninə tabe ola bilməz, əksinə fəqih məsələni yəqinlik ifadə edən qəti dəlillərlə aydınlaşdırmalıdır. Əllamə Burqui zənnə və gümana tabe olmağı kortəbii təqlidin (yəni dəlilsiz olaraq müctəhidin göstərişinə əməl etməyin) zərərlərindən hesab edib onun qadağan edilməsi barəsində belə yazır: "Zənn və gümana tabe olmaq İslam dinində şiddətlə qadağan edilmiş və Allah tərəfindən buna yasaq qoyulmuşdur. "Yunus” surəsinin 36-cı ayəsində buyurulur: "Onların əksəriyyəti ancaq zənnə uyar. Lakin zənn haqdan heç bir şey ifadə etməz! ...” "Nəcm” surəsinin 28-ci ayəsində buyurulur: "... Zənn haqdan heç bir şey ifadə etməz!” Ayənin ərəb dilində qeyri-müəyyən olan "şey” kəlməsi inkarın siyaqında (sözün gəliş və üslubunda) ümumi mənanı ifadə edir. Yəni dinin heç bir işində zənn və güman kifayət etməz və insanı haqqa çatdırmaz. Halbuki bütün müctəhidlər və fəqihlər öz fitvalarını zənni bilirlər (yəni zənnə əsaslandığını deyirlər). Özlərinin "Məalim”, "Qəvanin”, "Rəsail” və digər kitablarında zənnin dəlil olması (höcciyyəti-zənn) fəslində belə yazırlar: "İctihad şəri hökmə nisbətdə zənnin əldə olunmasında fəqihin öz gücünü sərf etməsidir”. Yenə də fəqihlər özləri qeyd etmişlər ki, müctəhidin zənni hökmünü müqəllidin qəbul etməsi vacibdir. Onlar bu barədə yazırlar: "Bu hökm zənnimlə əldə etdiyim bir şeydir. Zənnimlə əldə etdiyim hər bir şey Allahın hökmüdür!”[4] Buna görə də müctəhidə təqlid etmək zənn və gümana tabe olmaqdır. Halbuki Allah bunu nəhy (yasaq) etmişdir: "Bilmədiyin (yəni sənin üçün barəsində elm hasil olmayan) bir şeyin ardınca getmə! ...”[5] Nəhy də bu işin haram edildiyini ifadə edir”.          

Ayətullah Qərəvi "Fəqihin zənni və onu fiqhdə işlətməsi barəsində” adlı xüsusi kitabda Allahın Kitabından, Peyğəmbərin və hidayət imamlarının sözlərindən irəli gələn dəlillərə və sübutlara istinad edərək zənnin höcciyyətinə (yəni dəlil olmasına) qail olanların əsaslarını araşdırmış və tənqid etmişdir. O əsaslardan biri budur ki, zənnin höcciyyətinə qail olanlar deyirlər ki, Qeybət dövründə elm qapısı bağlıdır. Buna görə də zənnə tabe olmaqdan başqa çarəmiz yoxdur. Halbuki belə bir fikir heç bir əqli və nəqli dəlilə əsaslanmır. Bəlkə də, qeyri-mümkündür, çünki bu cür fikirlər peyğəmbərlərin bəsəti (insanları dinə dəvət etməyə başlaması) və kitabların nazil edilməsi kimi ilahi hədəf və məqsədə ziddir. Özünün son din olduğunu (yəni xatəmiyyətini) elan edən və İslam Peyğəmbərindən sonra heç bir dinin və peyğəmbərin gəlməyəcəyini deyən haqq din bir çox hökmlərini mübhəm (qeyri-müəyyən) və məchul (naməlum) buraxa bilməz və ümmətin ehtiyac həddinə qədər onları bəyan etməli və aydınlaşdırmalıdır. Bu mənaya dəlalət edən çoxlu Quran ayələri vardır ki, onların sayı dörd yüzdən artıqdır. O ayələrdə hər bir məsələnin bəyanının zənn və şübhəyə yox, elmə əsaslanması lazım olduğu bildirilir.

Həqiqət budur ki, etiqadlar, əxlaq və əməllər üçün qəti şəri dəlillər mövcuddur. Buna əsasən məsələlərə nisbətdə Kitabdan, qəti Sünnədən və heç bir şübhə (müsəlləm) yaratmayan üsullardan əxz olunmuş dəlillərə əsaslanmaqla istinbat və istixrac (çıxarış) etmək lazımdır. Lakin bir mövzuda Allahın Kitabı və Peyğəmbərin Sünnəsi tərəfindən bir hökm gəlib çatmamışdırsa, o mövzuda möminin heç bir vəzifəsi (təklifi) yoxdur. Həqiqətdə məsələlərdə fiqh alimləri arasındakı ixtilaf onların əksəriyyətinin fəqihin zənnini dəlil bilməsindən qaynaqlanır. Onlar  deyirlər ki, müqəllidlər fəqihin xəbəri-vahidə (mütəvatir olmayan xəbərə) əsaslanan zənninə əməl etməklə mükəlləfdirlər. Bəzi fəqihlər isə bu cür məsələlərdə yalnız elmi əsas və höccət hesab etmiş və təkidlə bildirmişlər ki, belə bir elm Allahın Kitabı, mütəvatir rəvayətlər, yaxud Qurandan sübutu (şahidi) olan səhih rəvayətlər üzərində möhkəmlənməlidir. Bu ixtilaf qədimdən günümüzə qədər şiə fəqihləri arasında mövcud olmuşdur, lakin müxtəlif mərhələlərdə gah qüvvətlənmiş, gah da zəifləmişdir.

İxtilaflı məsələlərdə də müctəhidi yalnız bu yolla tanımaq olar və ümumi olaraq hər bir mükəlləfin vəzifəsi budur ki, hər bir məsələ barəsində qəti elm tapsın, hətta belə bir elm asanlıqla əldə olunmasa da. Buna görə də hər bir şəri məsələdə öz hökmünə və fitvasına qəti dəlilləri əlavə edən bir fəqihə tabe olmaq lazımdır. (Diqqət edilsin!) Bu barədə Şeyx Sadiqi Tehraninin fitvası belədir: "Mükəlləflərə vacibdir ki, imkan daxilində (bacarıqları nisbətində – X.Q.) ilahi hökmləri araşdırsınlar və təqlid etdikləri müctəhidlərdən dəlil istəyib qane olsunlar. "Bilmədiyin (yəni sənin üçün barəsində elm hasil olmayan) bir şeyin ardınca getmə! ...”[6] ayəsi kor-koranə və məlumatsız şəkildə tabeçilik və təqlid yolunu ümumi olaraq hamının üzünə bağlamışdır ki, müsəlman şəxs hər nə qədər islami məsələlərdə məlumatsız olsa da, buna baxmayaraq, müzakirə olunan məsələlərdə tabeçiliyi agahlıqla olmalıdır”[7].

Əgər mükəlləfin belə bir fəqihə əli çatmasa, onu tapmaq üçün çalışmalıdır. Əgər müəyyən səbəblərə görə təqlid etməkdə (fitvaya dəlilsiz olaraq tabe olmaqda) çarəsiz və naəlac qalarsa, Quranı bilən, Qurana və qəti Sünnəyə əsasən fitva verən və fəaliyyət göstərən müctəhidə təqlid etməlidir.

Bütün məsələlərdə və hökmlərdə müəyyən bir fəqihə tabe olmağın da heç bir zərurəti yoxdur. Buna görə də şəxs hər bir məsələdə o xüsusi məsələni hökm barəsində elmin yaranmasına səbəb olan qəti dəlillərə istinad etməklə bəyan edən bir fəqihə tabe ola bilər. Məsələn on məsələni on Quran fəqihinə müraciət edib öyrənə və o fikirlər arasında ən gözəlinə, yəni dəlili ən qüvvətli olanına tabe ola bilər. Əgər bir fəqih hər hansı bir mövzu barəsində yalnız öz zənni ilə fitva versə və istinbat etsə, digər bir fəqih isə həmin mövzuda məsələnin hökmünü qəti dəlillərə əsaslanmaqla Allahın Kitabından, mütəvatir hədisdən və şübhəsiz (müsəlləm) üsullardan çıxarsa, insan əqli ikinci fəqihə tabe olmağın zərurətini qəbul edir. Həqiqətdə təfəkkür və təəqqülün (düşünmənin) müdaxiləsi olmadan sırf tabeçilik və təqlidin heç bir əsası yoxdur və İslamın metodu da bu cür olmamışdır. Əksinə, İslam dini insanı hər bir məsələni digər elmlər kimi, elmi və qəti şəkildə qəbul etmək və ona əməl etməklə vəzifələndirmişdir. Buna görə də mükəlləfə vacibdir ki, hər bir məsələdə həmin məsələ barəsində elmə malik olan və həmçinin kifayətedici dəlil gətirən hər bir müctəhidin sözünə əməl etsin. İstər həmin müctəhid məşhur olsun, istər olmasın. İstər ölü olsun, istərsə də diri. Heç bir fərq etməz, çünki Mühəmmədin (s) halalı qiyamət gününə qədər halal, haramı da qiyamət gününə qədər haramdır. Buna əsasən də şəri hökmlər zamana tabe deyildir. Əgər Kitab və Sünnəyə əsaslansa, yerinə yetirilməlidir.

Lakin bəzi mövzularda Qanunverici tərəfindən bir hökm gəlib-çatmasa, Kitabdan, Sünnədən və Əqldən əxz olunmuş qəti dəlilin tələbi olaraq mömin insanın heç bir mükəlləfiyyəti yoxdur və özü qərara gəlməkdə azaddır. Əmirülmöminin Əli (ə) buyurmuşdur: "Həqiqətən, Allah sizin üçün vacib əməllər təyin etmişdir. O vacibatları zaye etməyin. Sizin üçün hədlər müəyyənləşdirmişdir, o hədləri aşmayın. Sizə bəzi şeyləri yasaq etmişdir, onların ehtiramını sındırmayın. Sizin üçün bəzi şeylər barəsində susmuş və danışmamışdır. Onun bu sükutu heç də unutqanlıqdan qaynaqlanmır. Buna görə də özünüzü zəhmətə salmayın!”[8] 

Bütün bu deyilənlərə əsasən "Milli Görüş-Sabiqun” hərəkatının etiqadı budur ki, camaat dini məsələləri imkan dairəsində elmi dəlillərlə öyrənməli və daim onlara əməl etməlidirlər. Çünki İslam təlim (öyrətmə) və təəllüm (öyrənmə) dinidir. Allah Rəsulu (s) buyurmuşdur: "Elm öyrənmək hər bir müsəlmana vacibdir!” Haqq-Taala "Cumuə” surəsinin 2-ci ayəsində buyurmuşdur: "Ümmilərə özlərindən Rəsul (Elçi) göndərən Odur. Əvvəllər haqq yoldan açıq-aşkar azmış olsalar da, Rəsul onlara Allahın ayələrini oxuyar, onları (günahlardan) təmizləyər, onlara Kitabı və hikməti təlim edər”. Bu ayəyə uyğun olaraq Rəsulun vəzifəsi elm və hikmət öyrətməkdən ibarətdir. Alimlər də Allahın Elçisinə iqtida etməlidirlər, nəinki təlim və təəllüm yerinə xalqı kortəbii təqlidə məcbur etməlidirlər. Məgər dəlili başa düşmədən fitvanı qəbul etmək elmdir? Yuxarıda qeyd etdiyimiz kimi, ənənəvi fiqh məktəbinə mənsub olan müctəhidin rəyi zənnə dayanır. Zənnə söykənən rəyi qəbul etmək elm deyildir. Təlim və təəllüm bir şeyi sənədlərdən və dəlildən əxz etməkdir, lakin təqlid isə rəyi sənədsiz və dəlilsiz qəbul etməkdir. Deməli, təlim və təəllüm təqliddən ciddi şəkildə fərqlənir. Əli əleyhissəlam "Nəhcülbəlağə”nin kəlamlarında buyurmuşdur: "İnsanlar üç qrupa bölünürlər: rəbbani alimlər, nicat yolunu tapmaq üçün elm öyrənənlər və külək hansı səmtə əssə, o yana əsən, elmin nuru ilə işıqlanmamış, möhkəm bir dəstəkdən yapışmamış və hər qışqıranın səsinə tabe olan ağıldan kəm alçaq insanlar”[9]. 

İndi isə biz müqəllid olan şəxslərdən soruşuruq: "Siz bu qrupun hansına daxilsiniz? Nə üçün özünüzü elmin nuru ilə işıqlandırmayıb üçüncü qrupda qalmısınız? Nə üçün öz İmamınızın sözünü qəbul etmirsiniz?”

Allah-Taala "Rəd” surəsinin 19-cu ayəsində buyurur: "(Ya Rəsulum!) Rəbbindən sənə nazil edilənin (Quranın) haqq olduğunu bilən kimsə korla eyni ola bilərmi?...”

Ey təqlid əhli! Siz Quran ayələrini bilirsiniz, ya korsunuz? İmam Sadiq öz əshabəsinə belə buyurmuşdur: "Allahın dinində təfəqqüh edin (yəni kamil bəsirət və dərin düşüncə sahibi olun) və bədəvi (nadan çöl ərəbi) olmayın. Kim dində dərin düşüncə sahibi olmazsa, Allah qiyamət günündə ona rəhmət gözü ilə baxmaz və onun əməlini qəbul etməz!” Yüzlərlə belə rəvayətlərdə bildirilir ki, dini öyrənmək lazımdır, nəinki təqlid etmək. İslam dini elm öyrənməyi vacib hesab etmiş və bunun qarşısında təqlidi məzəmmət edib onu Allahdan başqasına ibadət və şirk hesab etmişdir. "Ali-İmran” surəsinin 79-cu ayəsində buyurulur: "Heç bir kəsin haqqı yoxdur ki, Allah ona kitab, hikmət və nübüvvət (peyğəmbərlik) bəxş etdikdən sonra o, insanlara: "Allahı buraxıb mənə qul olun!” – desin. Əksinə, o: "Öyrətdiyiniz və öyrəndiyiniz kitabın sayəsində rəbbani (Allahpərəst) olun!” – deyər”.

 

NƏTİCƏ

Yuxarıda deyilənlərə əsasən bir daha deyirik ki, "Milli Görüş-Sabiqun” hərəkatı "ixtilaflı (qeyri-zəruri və qeyri-qəti) məsələlərdə alimə müraciət edib onun dəlil-sübutla bəyan edilmiş fitvasına tabe olmaq” mənasını verən şüurlu təqlidi yox, "cahilin alimə müraciət edib dəlilsiz olaraq onun göstərişinə əməl etməsi” mənasını verən kortəbii ənənəvi təqlidi inkar edir. Çünki kor-koranə təqlid müctəhidin əmr etdiyi loğmaları – istər ləzzətli xörək loğmaları olsun, istərsə sarı bəlğəm olsun – çeynəmədən udmağa məcbur olmaq deməkdir. Kortəbii ənənəvi təqlidin insan üçün bir çox haram edilmiş işlərdən daha çox zərərləri vardır və biz onlardan bəzilərini sizin nəzərinizə çatdırırıq:

– insan  zənn və gümana tabe olur,

– insan şəxslərin rəyinə tabe olur. Bu da İslam dinində batil bir işdir, çünki Allahdan başqa, heç kimin rəy və fikir sadir etməyə haqqı yoxdur.

– İnsan cəhalət və küfr içində qalır,

– insanın fikir və düşüncəsi tənəzzülə uğrayır,

– insan haqqı batildən və yaxşını pisdən ayıra bilmir,

– insan alçalır və heç olur,

– insan məsuliyyət və cavabdehlik duyğusunu itirir,

– acgöz və müftəxor din alimlərinin dini dükan yaratmasına səbəb olur və s.

Buna görə də biz hər bir hökm və fitvanı Kitaba, Sünnəyə və Əqlə əsaslandırılmış şəkildə qəbul edirik, vəssəlam!

 

Hərəkatın Rəhbəri tərəfindən tərtib olunmuş məqalə

Şuranın üzvləri qarşısında oxunmuş və məqalənin

                       nəşrinə və xalq arasında yayılmasına yekdilliklə

 razılıq verilmişdir.

h. q. 22 rəbiüləvvəl 1440, m. 30 noyabr 2018

www.sabiqun.az

www.muselmanqadin.az


[1] "Maidə”, 104

[2] "Əhzab”, 66-68

[3] "Zümər”, 17,18

[4] "Rəsail”, "Qəvanin” və digər üsul kitablarının "Zənnin dəlil olması” ("Höcciyyəti-zənn”) fəslinə müraciət olunsun.

[5] "İsra”, 36

[6] "İsra”, 36

[7] "Yeni tovzihul-məsail” risaləsi, "İctihad və təqlid” fəsli, 4-cü məsələ

[8] "Nəhcülbəlağə”, 105-ci kəlmə

[9] 147/1



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun