25 Avqust 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

VƏHDƏT NƏDİR

Vəhdət birlik, bütövlük, bölünməzlik deməkdir. Vəhdət bərabərlik və yekdillik içində olmaqdır. Müxtəlif ideologiya və əqidələrə sahib olan insanların ortaq nöqtələrdə birləşmələri, müştərək nöqtələrdə eyni görüş və strategiyanı izləmək üçün birləşmələridir. Vəhdət bəzilərinin başa düşdüyü kimi insanın öz fikrindən vaz keçib başqasının fikrini qəbul etməsi demək deyil. Bir qrupun özünü yox edib başqa bir qrupa qoşulması da deyil. Bir məzhəbin, bir ideologiyanın öz əqidəsindən dönüb başqa bir əqidə və ideologiyanı qəbul etməsi də deyil.

Dünyanın hər hansı bir nöqtəsində, bir ölkədə və ya bir bölgədə bir neçə quruluş və əqidə ola bilər. Onların nə vaxt ortaya çıxdığı və necə meydana gəldikləri vəhdəti meydana gətirmək baxımından önəmli deyil. Eynilə bugünkü siyasi partiyalar kimi, hər bir cəmiyyətdə bəzi islami hərəkatlar, məzhəb və əqidələr tarixi baxımdan bəzilərindən əvvəl yaranmışdır. Lakin bu, heç bir zaman haqq olmağın ölçüsü ola bilməz. Heç bir quruluş, hərəkat və ya məzhəb: "Mən haqqam, məndən başqaları batildir”, – deyə bilməz. Eynilə bir hərəkata, bir fikri axıma və bir məzhəbə mənsub olan kütlənin say baxımından çoxluğu da haqqın ölçüsü ola bilməz. Quran "Çoxluq və tarixi öncəlik haqqın ölçüsüdür”, – nəzəriyyəsinin məqbul olmadığını rədd etməklə yanaşı, Peyğəmbərin Sünnəsi, imamların tarixi, həyat tərzi və sözləri də bunu isbat edir.

"Hərəkatların və fikri axımların necə və nə vaxt ortaya çıxdığının heç bir əhəmiyyəti yoxdur”, – dedikdə zamanın rolunu inkar etmək istəmirik. Bir fikri hərəkatın ortaya çıxmasında zaman və məkanın son dərəcə təsirli olduğu inkar edilə bilməz. Lakin zaman baxımından qabaqlama və ya müəyyən bir bölgədə yaranması haqqın ölçüsü deyil. Bir hərəkatın və fikri axımın meydana gəlməsində ən önəmli nöqtə onun yaranmasının səbəbidir. Bu fikri axım, bu məzhəb və hərəkat nə üçün meydana gəldi? Nə üçün ortaya çıxdı? Başqa axımlarla fərqi nədir? Başqalarından fərqli bir xüsusiyyətə malikdirmi? Digərləri ilə ortaq nöqtələri vardırmı? Hansı siyasətə və strategiyaya sahibdir? Kimlər tərəfindən qurulmuşdur? Hədəf və məqsədləri nədir? Xitab etmək istədiyi cəmiyyət kimlərdən ibarətdir? Başqalarına baxış tərzi necədir? Hər bir islami hərəkat, fikri axım, məzhəb və ideologiya bu sualları özünə verməli və başqalarını tanımaq və hər biri ilə vəhdət yarada bilmək üçün onlar haqqında bu sualların cavabını tapmalıdır.

Vəhdət müxtəlif fikir və əqidələrə sahib axımların, məzhəblərin və ideologiyaların öz hədəf və fikirləri istiqamətində bəzi ortaq və müştərək nöqtələrdə bərabər hərəkət edib eyni strategiyanı izləyə bilmək üçün fikir mübadiləsi aparıb yekdillik içində olmağa deyilir. Bu tərifdən sonra başa düşülür ki, vəhdət maddi bədənlərin bir araya gəlməsi, insanların quru basabas meydana gətirməsi deyil. Vəhdət bədənlərin yox, qəlblərin bir olması, ortaq və müştərək nöqtələrdə fikirlərin və düşüncələrin bir olmasıdır. Elə isə insanların başqa-başqa hərəkatlarda yer alması, müxtəlif axım və məzhəblərə bağlı olması vəhdət meydana gətirməyə maneə deyil, əksinə yaradacaqları vəhdət ən gözəl vəhdət və birlik olacaqdır. Müxtəlif axımlar və məzhəblərə mənsub olmaları, onların ayrılıq və təfriqə içində olmalarına səbəb olmamalıdır. Lakin fikir birliyi meydana gətirilməzsə və müştərək nöqtələrdə yekdillik təmin olunmazsa, fərdlər arasında mənəvi bağlılıq yoxdursa, bir axımın və bir məzhəbin çətiri olsalar da, vəhdət və birlik içində deyillər, ixtilaf və təfriqədədirlər. Bir cəmiyyət və hərəkat içində olmaları bəzi mənfəət və çıxarlar üzündən olmuşdur. Onları bir yerə toplayan fikir birliyi və mənəvi bağlılıq deyil, bəzi zahiri və maddi amillərdir. Belə bir cəmiyyət qətiyyən irəliyə doğru addım ata bilməz, təkamülə yetişməz. Ya zamanın şərtləri ilə uyğunlaşa bilməyib yox olacaq və ya varlığını davam etdirə bilmək üçün rəngdən-rəngə bürünəcəkdir.

VƏHDƏTİN ZƏRURƏTİ

Vəhdətin və birliyin zərurəti və əhəmiyyəti haqqında danışmaq və yazmaq boş yerə vaxt itirmək, deyilənləri və yazılanları təkrarlamaq olar. Bu mövzu ilə bağlı istər alimlər, istərsə də xalq kütlələri və cəmiyyət arasında elə gizli bir nöqtə yoxdur ki, ta onu açıqlamağa çalışaq. Quran ayələri, hədislər və tarixi gerçəklər vəhdətin cəmiyyətdəki təsirini və təfriqənin gətirə biləcəyi zərərləri bəyan etmişdir. Bu zərərlər o qədər açıq-aydın şəkildədir ki, onları başa düşməmək üçün kor, kar və ağılsız olmaq lazımdır. Bəzi ayələri təbərrük olaraq zikr edirik.

Quranın üzərində ən çox dayandığı mövzulardan biri də vəhdətdir. Həqiqi vəhdət əməldə görünən, tətbiq edilən və bir bədən kimi olan birlik və bərabərlikdir. Sözdə və heç bir əməli tərəfi olmayan şüardan ibarət vəhdət deyil. Müsəlmanlar əllərindəki imkanlar ölçüsündə islami vəhdəti meydana gətirməli və təfriqədən qaçmalıdırlar. Allah-Taala insanları bir-birindən fərqli yaratmışdır; fərqli irq, dil, coğrafiya və qövmə sahib olaraq yaratmışdır. Bizi vəhdət və birliyi təmin etməyə və təfriqədən qaçmağa dəvət etməsindən başa düşülür ki, müsəlmanlar islami vəhdəti yarada bilərlər. Əks təqdirdə Allah vəhdətə əmr etməz və təfriqəyə yasaq qoymazdı. Allah-Taala islami vəhdəti necə yaratmağın yollarını da göstərmişdir. Vəhdəti necə qurmaq lazım olduğunu öyrətdiyi kimi, təfriqədən necə xilas olmağı və onun zərərlərini də bəyan etmişdir. Vəhdətin faydalı cəhətlərini açıqladığı kimi, vəhdətə mane olan ünsürləri də göstərmişdir.

Vəhdət zahiri bir müqavilə, insanların bir-birinə verdikləri qarşılıqlı bir söz deyil. Vəhdət insanların qəlblərinə yerləşməsi vacib olan, onların fitrətindən qaynaqlanan bir qardaşlıq bağıdır. İnsanın fitrəti ilahi din (nizam) üzərində yaradıldığı üçün insan Quran ayələrini bu fitrəti üzərində dəyərləndirməli və ona yönəlməlidir.

1. "Hamınız bir yerdə Allahın ipindən möhkəm yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi neməti xatırlayın ki, siz bir-birinizə düşmən ikən O, sizin qəlblərinizin arasında ülfət yaratdı və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan ibarət olan bir uçurumun kənarında ikən O, sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, bəlkə, haqq yola yönəlmiş olasınız!”[1] Allah-Taala bu ayədə bir neçə məqamı bəyan edir.

a) "… Allahın ipindən möhkəm yapışın!...”; Allahla qulları arasında bir bağın olduğunu, insanları Allaha qovuşduran bir vasitə olduğunu xatırladır. Bu bağın bir tərəfi Allahın əlində, digər tərəfi qulların arasında olan ip olduğunu bəyan edir. Bu ip və bağ Quran, din və Peyğəmbərdir. Kim bu ipdən yapışarsa, yəni dinə, Peyğəmbərə və Qurana tabe olarsa, mütləq Allaha qovuşacaq və xilas olacaqdır.

b) "Hamınız bir yerdə Allahın ipindən möhkəm yapışın!”; Ayədə Allah-Taala Öz ipindən hamılıqla yapışmağı əmr edir. Müsəlmanların Allahın ipindən ayrı-ayrı və qruplar halında yox, bərabər şəkildə yapışmaları lazım olduğunu bəyan edir. "Hər bir kəs özü üçün qapı açıb müxtəlif iplərdən yapışaraq irəliləməyə çalışmasın”, – deyir. Həm bir ipdən yapışın, həm də hamılıqla yapışın, yəni Allah yolunda bərabər irəliləyin, bərabər düşünün və bir-birinizə yardım edərək hərəkət edin. Bir-birinizin əlindən tutaraq haqq yolunda irəliləyin, bir iş görərkən bir-birinizlə məsləhətləşərək vahid məqsədə doğru birlikdə addımlayın. Ayrı-ayrı yol tutmayın.

c) "Bir-birinizdən ayrılmayın!”; Ayə təfriqəyə düşməyi qətiyyətlə yasaq edir. Haqq yolda olanların arasına fitnə və təfriqə salanlar çox olar. Müsəlmanları parçalayıb onları bölmək istəyənlər, onların qardaşlıq və vəhdətini pozmaq cəhdində olan düşmənlər həmişə olacaq. Müsəlmanlar düşmənlərini yaxşı tanımalıdırlar. Quran bizə düşməni də tanıtdırır; biri dinidir, onlar Quranı yox etmək istəyən, müsəlmanların haqq yolla getmələrinə mane olan, müsəlmanların vəhdət və birliyini pozub, onları təfriqəyə salaraq istismar etmək istəyən kafir, müşrik və imperialistlərdir. Digəri isə bizimlə eyni dinə inanan, eyni kitabı qəbul edən, eyni qibləyə doğru namaz qılan və eyni Peyğəmbərin ümməti olduğunu deyən, lakin bizimlə yola getməyib araya təfriqə salan şəxslərdir.

Quran bizim üçün bunların hər birinə qarşı ayrı-ayrı vəzifələr təyin etmişdir. Hər ikisinə qarşı eyni mübarizə yolu təyin etməmişdir.

Birinci qrupa və düşmənə qarşı, yəni küfrə, nifaqa və şirkə qarşı döyüşməyi və cihad etməyi əmr etmişdir. Düşməni yox edənə qədər mübarizə aparılması lazım olduğunu təyin etmişdir. Quranda cihad haqqında danışan ayələrin hamısı bu düşmənə aiddir. Kafir, müşrik və münafiqlərə qarşı savaşmağı və onların yox olub yer üzünə Allahın dini hakim olana qədər cihad etməyi əmr edir.

Lakin ikinci qrupa qarşı mübarizə isə çox fərqlidir. Allah-Taala çox fərqli bir metod və yol göstərmişdir. Bu ikinci qrup insanlarla mübarizədə düşməni yox etmək və onlarla vuruşaraq, onları məğlub etməyə çalışmanın yerinə aradakı düşmənçiliyi yox etməyə dəvət edir, müsəlman qardaşlarımızla aramızdakı kini, düşmənçiliyi və küskünlüyü yox etməyi əmr edir. "Yaxşılıqla pislik eyni ola bilməz! Sən pisliyi yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!”[2] Göründüyü kimi, Allah-Taala buyurur ki, aranızdakı kini, düşmənçiliyi və küskünlüyü yox etməyə çalışın. Bizimlə müxalif olan şəxsin dostumuz olmasını istəyiriksə, onunla vəhdət yaratmaq istəyiriksə, onunla savaşmağı, onun əleyhinə işləməyi, onu yox etməyi və özümüzə boyun əydirməyə çalışmağı tərk edib, onunla gözəl davranaraq aradakı pislik və düşmənçiliyi yox etməklə mükəlləf olduğumuzu başa düşürük. Əlbəttə, bu, çətin bir işdir və hamının görə biləcəyi bir iş deyildir. Quran bunu belə bəyan edir: "Bu (xislət) yalnız səbir edənlərə verilir və yalnız böyük qismət sahiblərinə əta olunur! Əgər sənə Şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, Allah Eşidəndir və Biləndir!”[3]

Əgər bu ayəyə əməl edilərsə, eyni dinə və məzhəbə sahib olan eyni kitabı oxuyub, eyni qibləyə yönələn müsəlmanlar aralarındakı düşmənçiliyi, kini və küdurəti və təfriqəni yox edərək, qəlb rahatlığı ilə qardaşcasına bir-birinin yanında dayanıb vəhdətə mane olan amilləri və çətinlikləri yox edəcəklər və Allahın ipindən hamılıqla möhkəm yapışacaqlar.

ç) "... Allahın sizə verdiyi neməti xatırlayın ki, siz bir-birinizə düşmən ikən O, sizin qəlblərinizin arasında ülfət yaratdı və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. ...”

Vəhdət dünyəvi mənfəətlər üçün və dünyada bir güc əldə edə bilmək üçün insanların bir araya yığışması, zahiri bir müqavilə bağlamaları və fiziki bədənlərin bir yerə toplanması deyildir. Ayədə də bildirildiyi kimi qəlblərin bir olması, fitrətdən qaynaqlanan qardaşlıq bağı və insanları bir hədəf istiqamətində haqq yolda birləşdirən qəlb birliyidir. Qəlbləri bir-birinə yaxınlaşdıran ülfətdir. Allah-Taala ayədə bildirir: "… İlahi neməti xatırlayın ki, siz bir-birinizə düşmən idiniz…” Əgər insanlar dünyəvi mənfəətləri və nəfsani arzuları üçün hərəkət edərsə, həmişə savaş halında yaşayacaqlar, qəlblərində bir-birinə qarşı düşmənçilik güdəcəklər. Allah-Taala müsəlmanların arasına rəhmət toxumları əkib onların qəlblərini uzlaşdırdı, qəlblərində ülfət yaradıb onların qardaş olmalarını təmin etdi. Allah bunu böyük nemət adlandırır. Vəhdətin, qardaşlığın və möminlərin arasındakı şəfqətin və məhəbbətin onlara verilmiş nemət olduğunu xatırlayıb anmalarını istəyir.

Müsəlmanlar arasındakı vəhdət və qardaşlığı yalnız Allah təmin edə bilər. "Allah onların qəlbləri arasında ülfət yaratdı. Əgər sən yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, onların qəlbləri arasında ülfət yarada bilməzdin. Lakin Allah onların arasında ülfət yaratdı, çünki O, Əzizdir, Həkimdir!”[4] Ayədə açıq-aydın bildirilir ki, dünya malı, maddi imkanlar insanlar arasında mərhəmət, qəlblərdə ülfət və könüllərdə sevgi və məhəbbət yarada bilməz. Ümumiyyətlə, heç bir maddi güc müsəlmanlar arasında vəhdəti təmin edə bilməz. Maddi və dünyəvi imkanlar bədənləri bir-birinə yaxınlaşdıra bilər, lakin quru izdiham yaranmasına səbəb olar, həqiqi vəhdəti əsla təmin edə bilməz. Həmçinin qəlblərində könül bağı olan və aralarında ülfət və qardaşlıq yaranmış bir cəmiyyətin fərdləri bir-birinə qarşı mərhəmətli, düşmənlərə qarşı isə nifrətli olacaqlar.

"… Onunla (Peyğəmbərlə) birlikdə olanlar kafirlərə qarşı şiddətli, öz aralarında isə mehribandırlar…”[5] Müsəlmanlar bu vəhdəti yarada bilsələr, artıq heç bir güc onları məğlub edə bilməz, onların birliyini və bərabərliyini pozub aralarına təfriqə sala bilməz.

2. "... Bir-birinizlə çəkişməyin, yoxsa zəifləyər və gücdən düşərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir!”[6] Bu şərafətli ayədə vəhdət məsələsi başqa baxımdan bəyan edilir. Vəhdətin olmadığı bir cəmiyyətdə təfriqənin zərər və təhlükələri açıqlanır. Allaha və Rəsuluna itaət edilmədikdə ixtilaf qaçılmaz olacaq. Aranızda bir ixtilaf və ya fikir ayrılığı olarsa, "çəkişməyin” – deyə əmr verilir. İxtilafı həll etmə yoluna gedin, əvvəlki ayədə bildirildiyi kimi ixtilafı öz aranızda həll edin. "… Qarşılaşdığınız pisliyi yaxşılıqla dəf edin!” Əgər həll edə bilməsəniz, digər bir ayədə bildirildiyi kimi Allaha və Rəsuluna müraciət edilməlidir. "Ey iman gətirənlər! Allaha, Rəsula və sizdən olan əmr sahiblərinə itaət edin! Əgər bir şey barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır”[7].

Müsəlmanlar Allaha, Rəsula və əmr sahiblərinə (Əhli-Beyt imamlarına) itaət etsələr, heç vaxt ixtilafa düşməzlər. İxtilafa düşdükləri anda Allaha və Rəsula müraciət etməsələr, ilahi hökmləri öz aralarında hakim qərar verməsələr, yaxud ixtilaf edən tərəflərdən hər hansı biri aradakı düşmənçilik və küskünlüyü gözəl bir şəkildə dəf etmək üçün çalışmasa, əgər bir-birini günahlandırsalar, müsəlmanların vəhdət və birliyinin pozulmasına səbəb olub, təfriqə çıxmasına şərait yaradacaqdır. Allah-Taala bunun nəticəsini bəyan edir: "Bir-birinizlə çəkişməyin, yoxsa zəifləyər və gücdən düşərsiniz”.

Həzrət Əli (ə) buyurur: "Həqiqətən, Allahın dinində bir-birinizə qardaşsınız. Aranızda heç bir şey təfriqə meydana gətirməz. Aranızdakı ixtilaf və təfriqə məqampərəstlik hissindən və qəlbinizin çirkin olmasından qaynaqlanır”.

Həzrət Əli müsəlmanlar arasındakı ixtilafın qaynağını iki kəlmə ilə bəyan edir: məqampərəstlik və qəlbin təmiz olmaması. Hər bir müsəlman öz nəfsinə müraciət etməli və qəlbinə nəzarət etməlidir. Əgər müsəlmanların vəhdətinə mane olan bu iki amildən biri vardırsa, məqam və mövqe sevgisi və dünyaya bağlılıq vardırsa, onu yox etməyə çalışmalı, yaxud qəlbi təmiz deyildirsə, müsəlman qardaşlarına qarşı qəlbində məhəbbət və sevgisi yoxdursa və o qəlbi günah və üsyan, nəfsani istək və arzularla doldurmuşdursa, onu təmizləməlidir.

Vəhdətin əhəmiyyətini, faydasını və təfriqənin zərərlərini ayələr işığında qısa şəkildə açıqlamağa çalışdıq…

VƏHDƏT ÜÇÜN NƏ ETMƏK LAZIMDIR

Vəhdət və birliyə dəvət edən şəxs dəvət etdiyi insanlarla ortaq cəhətləri olduğu kimi bəzi mövzularda ayrı olduğunu da qəbul etmişdir. Əgər fərq olduğunu qəbul etmirsə, vəhdətə dəvətin mənası yoxdur. Vəhdətə dəvət edən şəxs bəzi nöqtələrə diqqət yetirməlidir:

a) Vəhdət meydana gətirmək istədiyi insanların, təşkilatların və ya məzhəbin hədəflərini, düşüncələrini və ideoloji sistemini bilməlidir. Dəvət etdiyi insanların, təşkilatların və məzhəblərin hədəfi nədir? Düşüncə tərzi nədir? Siyasət və strategiyası nədir? Prinsipləri nədən ibarətdir? Xülaseyi-kəlam, o hərəkatı, o fikri axımı, o məzhəbi və o məşrəbi tanımalıdır. Əgər vəhdət yaratmaq istədiyi şəxslərin kimliyini tanımazsa, boş yerə şüar vermiş olar, çünki vəhdət yaratmaq istədiyi insanlar əsasən onunla eyni hədəfə sahib olmaya bilərlər, yaxud strateji və siyasi xətt üzərində hərəkət etməyə bilərlər. Çünki eyni hədəf uğrunda çalışmayıb təməl fikirlərdə ayrı olan insanların, təşkilatların və axımların vəhdəti mümkün deyil. Elə isə vəhdət üçün ən önəmli şərt tərəflərin bir-birini tam şəkildə tanımasıdır.

b) Eyni hədəfə sahib olan insanların və islami hərəkatların vəhdətindən söz gedirsə, yəni bir-birinin hədəf və məqsədlərini tanıyıb vəhdət yaratmağı məsləhət biliblərsə, bu vaxt bir-birinin müştərək nöqtələrini təsbit etməlidirlər, hansı nöqtələrdə birləşirlər? Ortaq nöqtələri hansılardır? Bunların hamısı bilinməlidir.

Belə bir sual verilə bilər. Əgər bunların hədəfi birdirsə, belə olan təqdirdə bunlar birdirlər, hər bir şeyləri ortaqdır, ayrılıq nöqtələri yoxdur. Elə isə nə üçün müştərək nöqtələri müəyyənləşdirməlidirlər? Bəli, doğrudur! Lakin hədəfi bir olan təşkilat və hərəkatlar təməl məqsədlərdə birdirlər, amma təfərrüatda, siyasətdə, metod və strategiyada fərqləri ola bilər. Ona görə də əvvəl ortaq nöqtələri müəyyənləşdirilməli və hara qədər bərabər olacaqları bilinməlidir. Əks təqdirdə bir-birini günahlandıracaq və ittiham edəcəklər. Hətta bir-birini kafir, münafiq və xain elan etmə mərhələsinə belə çata bilərlər.

Ortaq nöqtələr müəyyənləşdiyi kimi, eyni şəkildə ayrılıq nöqtələri, bərabər hərəkət edə bilməyəcəkləri sahələr, fikir ayrılıqları, metod fərqliliyi və onları bir-birindən ayıran xüsusiyyətlər müəyyənləşdirilib qarşılıqlı sayğı göstərilməlidir. Bu ayrılıq nöqtələrinə görə bir-birini ittiham edib günahlandırmaqdansa, onları bəhanə edib bir-birinə qarşı çıxmaqdansa, fikir və düşüncələrini bir-birinə zorla qəbul etdirməkdənsə, bu həqiqətləri qəbul edib qarşılıqlı sayğı və hörmət içində olmalıdırlar.

c) Bir-birini yaxşı tanıdıqdan, hədəflərini bildikdən, ortaq və ayrılıq nöqtələrini təsbit etdikdən sonra son mərhələ qət edilməlidir. Əvvəl ixtilaflı nöqtələri aradan qaldırmağa çalışmalıdırlar. Quran və hədislər işığında ixtilafları yox etməlidirlər. Bu ixtilaf və ayrılıq nöqtələri dinə və imana zərər verəcək yönlərdə deyildirsə, yalnız metod, strategiya və siyasət baxımındandırsa, o zaman fikirlərə qarşılıqlı ehtiram göstərib ortaq nöqtələrə yönəlməlidirlər. Müştərək dəyərlərdə müşavirə və fikir mübadiləsi edərək, ortaq bir yolla getmək lazımdır. Əgər ayrılıq nöqtələrinin həll edilməsində israr edilərsə, bu, ortaq nöqtələrin də ayrılıq nöqtələrinə çevrilməsinə təfriqə və qarşıdurmanın ortaya çıxmasına səbəb olacaq. Nəticədə vəhdətə dəvət "qəbul olunmayacaq duaya "Amin!” – demək” və yaranmayacaq bir vəhdət üçün şüar verməkdən o tərəfə keçə bilməz.

VƏHDƏT HANSI SAHƏLƏRDƏ OLMALIDIR

Dünyadakı müsəlmanlar müxtəlif məzhəb və əqidələrə sahib olduqlarına görə, eyni məzhəb və əqidəyə sahib olan müsəlmanların müxtəlif təriqət, məşrəb və quruluşların əsasında, əqidələrini yaşamağa çalışdıqlarına görə, yaxud müxtəlif siyasət və strategiyaya sahib olduqlarına görə, vəhdət yaratmaq istədikləri məqamda vəhdət yaradacaqları sahələr müəyyənləşməlidir. Vəhdət adı altında müsəlmanlardan istifadə edilməməli və İslamın nəzərə aldığı vəhdət onlara səhv tanıtdırılmamalıdır. Əsrlərdən bəri müsəlmanların vəhdət yarada bilməmələrinin səbəblərindən biri də müsəlmanlara islami vəhdətin həqiqi mənasının başa salınmamasıdır. Bu kontekstdə vəhdətin mərhələləri də müəyyənləşməlidir.

1. ƏQİDƏ VƏ ETİQADDA VƏHDƏT

İnsanın həyatına dəyər verən, həyatına məna qazandıran, fərdi və ictimai həyatına istiqamət verən onun etiqad və əqidəsidir. Əqidə və etiqad insanın şəxsiyyətini formalaşdırır. Allah-Taala Quran-kərimdə vəhdət üçün nazil etdiyi ayələrdə əqidə və imanda bir olmağa dəvət edir. Tək olan Allaha, ilahi hökmlərin təbliğçisi Rəsulullaha və qiyamət gününə iman etməyi əmr edir. Allaha qulluq etməyə, nazil etdiyi dinə tabe olmağa çağırır. Digər tərəfdən Allahdan başqa bir şeyə ilah deyə ibadət etməyi və Ondan başqasına ibadət etməyi yasaq edir. Həm vəhdətə dəvət etdiyi ayələrdə, həm də təfriqəni yasaq etdiyi ayələrdə "Tövhid”ə dəvət edir. Ayələr müsəlmanları əqidə və etiqadda tövhidanə bir imana sahib olmağa çağırır. Bu ayələrin Məkkədə nazil olduğuna diqqət edilərsə, ümumilikdə etiqadi və imanın təməllərini bəyan edən ayələr olduğunu görərik. Ümumiyyətlə, ayələrin müsəlmanlar arasında etiqadi mövzuların xaricindəki fikir ayrılıqlarını rədd etmədiyini görmək mümkündür. Rəsulullah da heç bir zaman fikir ayrılıqlarını təfriqə və fitnə olaraq qiymətləndirməmişdir.

Müsəlmanların bu sahədəki vəhdətini iki şəkildə bəyan edə bilərik: biri müsəlmanların etiqad və əqidələrinin təməllərini təşkil edən və bütün müsəlmanların ortaq olduqları tövhid, nübüvvət (peyğəmbərlik) və məad (ruhun cismə qayıtması günü) və dinin digər dəyişilməz vacibatına imanda vəhdət, digəri isə bu imanın təməllərinin praktiki əməli göstəricisi olan ibadi və Allahın əməldə müsəlmanlardan birlikdə etmələrini istədiyi işlərdə vəhdət.

İslami vəhdət istər tövhid düşüncəsinin tələbi olaraq iman və etiqadda olsun, istərsə də ilahi əmrin tələbi olaraq əməldə, ibadətdə olsun ümumi şəkildə və külli halındadır. Lakin əqidəvi və nəzəri məsələlərin tətbiqdə əmələn yerinə yetirilən şəri hökmlərin təfərrüatına baxdıqda, müsəlmanların bu məsələləri idrak və qavramasında fərqlər olduğu görünər. Yəni ixtilafların çoxu imanın əsas və təməllərində yox, təfərrüatındadır. Məzhəblər arasındakı fərqlər də bu nöqtələrdədir. Müsəlmanlar məzhəblərin fərqli düşünmələrinə səbəb olan təfərrüat məsələlərin dalınca düşdüklərinə görə, təfriqə və ixtilaf xəstəliyinə tutulublar və vəhdət yarada bilmirlər. Bu təfərrüatlar haqqında da vəhdət meydana gətirmək istədiklərinə və bunu bacara bilmədiklərnə görə, bu sahədəki fikir ayrılıqlarını təfriqə olaraq dərk edirlər. Bəzilərinin fikrinə görə, islami vəhdətin varlığı o zaman məqbul sayıla bilər ki, bütün məsələlərdə, hətta təfərrüatda da eyni cür düşünülsün və eyni əqidə yaşansın. Belə bir düşüncə nəticəsində tarix boyu olduğu kimi bu gün də müsəlmanlar bir-birini təkfir etməkdən (yəni küfrdə ittiham etməkdən), özləri kimi inanmayanları sapqınlıqda və zəlalətdə görməkdən qurtula bilməmişlər. Onlara görə, məzhəb və firqələrin bir-biri ilə təfərrüatda ixtilafları olduğu üçün heç biri haqq ola bilməz, çünki haqq birdir. Buna görə hər bir kəs öz əqidə və məzhəbini haqq və digərlərini isə batil bilir. Əgər müsəlmanlar bir məzhəbin, yaxud əqidənin təfərrüatını imanın təməli və digərlərini isə batil olaraq dərk edərlərsə, o zaman öz məzhəbləri içindəki fərqli görüşə sahib olan alim və müctəhidlərin də bəzilərinin küfrünə, görüşlərinin batilliyinə və bəzilərinin də haqq olduğuna hökm vermələri lazımdır, çünki fəqih və müctəhidlərin fiqhi məsələlərdə və digər bəzi mövzuların təfərrüatında fərqli görüşlərə sahib olduğunu bilirik. Halbuki müsəlmanların qeydsiz-şərtsiz qəbul etmələri lazım olduğu və fikir bildirmə səlahiyyəti olmadığı etiqadi və şəri məsələlərin təfərrüatında fəqihlərin fikir ayrılıqları və fərqli fitvaları, ixtilaf və təfriqə deyildir və fəqihlər də bir-birinin batilliyinə və küfrünə fitva verməyiblər. Əlbəttə ki, İslamın, Quranın əleyhinə verilən fitva və görüşlər kim tərəfindən verilirsə-verilsin, xəyanətdir və batildir. Onların cavabını vermək də yenə fəqihlərin vəzifəsidir.

2. FİKİRDƏ VƏHDƏT

Allah-Taala insanlara daxili höccət (dəlil) olaraq ağıl vermişdir. İnsanlar onlara verilən bu ağıl ilə dünya işlərini nizamladıqları kimi haqq yolu tapıb hidayətə qovuşurlar. Allah-Taala ağlı insanlar arasında paylaşdırmışdır. Lakin hər insan eyni qabiliyyət və istedada sahib deyil. Hər kəs ona verilən ağlı eyni ölçüdə istifadə edə bilməz. Hər bir insan qabiliyyəti və tutumu nisbətində ondan yararlanır. Ümumiyyətlə, ağlından yaxşı istifadə edib, hər hansı bir şəxsin başa düşdüyü bir şeyi başqa bir şəxs başa düşməyə bilər. Hadisələri dəyərləndirmə baxımından insanlar bir hadisəni müxtəlif şəkillərdə izah edə bilərlər. Heç kim "Mənim izahım doğrudur. Başqa fikirlər batildir” – deyə bilməz. Əlbəttə ki, bu cür müxtəlif izah və idraklar dini mövzularda olarsa və ya yalnız təfərrüatda olarsa, doğru və məqbul olar, dinin əsllərində (üsuli-din) və dəyişməz hökmlərində insanların belə bir haqqı yoxdur.

İki insanın bir mövzuda tamamilə eyni cür düşündüyünü demək olmaz, bir hadisəni tamamilə eyni şəkildə dəyərləndirdiklərini iddia etmək olmaz. Heç şübhəsiz, fikir ayrılıqları olan nöqtələr vardır. Bu fikir ayrılıqlarının olması birinin haqq, digərinin batil olduğunu göstərməz. Onlar arasında təfriqə olduğu mənasını verməz. İnsanların məlumatları, bilgiləri və başa düşmə qabiliyyətləri fərqli olduğuna görə, bir məsələni dərk etmələri və hadisələrə yaxınlaşma tərzləri fərqli olacaq. Düşüncə tərzi və istedadları fərqli olduğu üçün hər mövzuda eyni cür düşünmələri mümkün deyil.

İnsanların fikri vəhdətini, yəni hər mövzuda eyni cür düşünmək, eyni görüşü mənimsəmək və heç bir fikir ayrılığının olmamasını təmin etməyə çalışmaq məntiqli bir fikir olmadığı kimi, insanın fikir azadlığını məhdudlaşdırmaq, düşünmə qabiliyyətini əlindən almaqdır, çünki insanların fərqli düşündüyünə, başqa-başqa qabiliyyətlərə sahib olduğuna və elmi səviyyələrinin nəticəsi olaraq hadisələri başqa cür dəyərləndirdiklərinə diqqət etsək, bu fikri vəhdəti təmin etməyin imkansız olduğu başa düşüləcəkdir. Fikri vəhdəti meydana gətirmək istəsək, bir cəmiyyətdə bir fikirdən başqa, bütün fikirləri atmalıyıq. Belə bir şey hər bir kəsin öz görüşünün doğru olduğunu qəbul edib, başqalarını batil və yanlış bilməsinə səbəb olacaq. Bir insanın öz fikrinin haqq olduğunu iddia edib meyar olması lazım olduğunu deməsi düşünüldükdə bu iddianın təfriqə və fitnəni nə qədər dərinləşdirdiyi görünəcəkdir. Fikri vəhdət dedikdə insanların bütün mövzularda eyni cür düşünmələri, hadisələri eyni şəkildə dəyərləndirmələri, müxtəlif və fərqli düşüncələrin olmaması lazım olduğunu nəzərdə tuturuq. Bunu da qeyd edək ki, fikir mübadiləsi etmək, müsəlmanların və İslamın məsləhəti üçün müştərək bir fikrə varmaq, yardımlaşma və dialoq halında olmaq ayrı bir mövzudur. Qarşıda onun haqqında danışacağıq.

Bəli, fikri vəhdət və bütün insanların eyni cür düşünmələri və hadisələri eyni şəkildə dəyərləndirmələri imkansız olduğu kimi, Allah-Taala da insanlardan belə bir vəhdət istəmir. Peyğəmbər (s) və onun Əhli-Beyti də öz sözlərində belə bir vəhdətə dəvət etmirlər. Bu məqamda buna diqqət etmək lazımdır ki, bir insan öz fikrini haqqın ölçüsü olaraq görüb, insanları özünə tabe olmağa dəvət edə bilməz. İnsanın başqalarını özünə doğru dəvət etməsi, adı nə olursa-olsun, özünü allahlaşdırmaq mənasını verir. Belə bir vəhdət yalnız peyğəmbərlərə və imamlara aiddir. Məsumluq məqamına sahib olan peyğəmbərlər və imamlar Allah-Taaladan aldıqları elm sayəsində bütün hadisələrin, düşüncə və fikirlərin başlanğıcından sonuna qədər bütün zərər və məsləhətini, doğru və səhv, haqq və batil olmasını bildiklərinə görə, bütün mövzularda eyni cür düşünər, eyni cür qərara gələr, əsla fikir ayrılığına düşməzlər və heç bir mövzuda ixtilaf etməzlər. Ona görə peyğəmbərlər və imamların fikri vəhdəti vardır. İmam Xomeyni bu barədə buyurmuşdur: "Əgər 124000 peyğəmbər bir yerdə yaşasaydılar, ən kiçik mövzuda belə ixtilafa və fikir ayrılığına düşməzdilər”. Lakin insanlar belə bir vəhdəti yarada bilmədikləri üçün onlardan belə bir şey istənilmir. Əgər biri belə bir vəhdət istəyirsə, bu fikri deyil, özünə tabe olmağa çağırmaqdır. Əgər fikir və düşüncə ayrılığını təfriqə olaraq dəyərləndirirsə, bu, özünü tək haqq görməsindən qaynaqlanır. Bu da ən böyük zülmətlərdən biridir. Qısa şəkildə belə deyə bilərik: fikirdə vəhdət, hədəf istiqamətində – istər külli və ümumi məsələlərdə olsun, istərsə də cüzi və təfərrüat məsələlərdə olsun – fikir və düşüncələrin heç bir fərq olmadan bir olmasıdır. Əlbəttə, bu vəhdət növünün insanlardan bu mərhələdə istənilməməsi yalnız zamanla bağlı bir məsələdir. Əgər insanlar kamil iman və kamil ağıl dərəcəsinə çatarlarsa, bu vəhdət yarana bilər.

3. FİKİR BİRLİYİ

Dediyimiz kimi, insanların əqli səviyyələri, ağıllarından istifadə etmə qabiliyyəti müxtəlif və fərqli olduğuna və fərqli formada elmə və məlumata sahib olduqlarına görə, onlar fərqli düşünür və hadisələri fərqli dəyərləndirirlər. Bu, insanın həyatının və dünyəvi həyatın həqiqətləridir. "Fikir birliyi” bir qrup insanların bir hədəf istiqamətində bir strategiya müəyyənləşdirib bir siyasət və metodu izləyib, hədəfə çatmaq üçün ortaq bir görüş ətrafında toplanmasıdır. Cəmiyyətdəki fərdlərin fikrinə müraciət edilərək və ayrı-ayrı şəxslərlə müzakirə edilərək ən sağlam və ən doğru nəticəyə varmaq üçün bir görüş ətrafında birləşməsidir.

Eyni əqidəyə sahib olan, eyni məzhəb və eyni islami hərəkatda yer alan müsəlmanlar təməldə bir olduqlarına görə, təfərrüat və təfsilatda fərqli fikirlərə sahib olsalar da, hədəf istiqamətində fikir birliyinə vara bilərlər. Müxtəlif düşüncə və fikirlərdən yararlanmaq həm düzgün qərar verməyi təmin edər, həm də o, cəmiyyətin təkamülünə səbəb olar.

Müxtəlif görüşlərdən yararlanmaq, fikir mübadiləsi aparmaq və cəmiyyətdə hər bir kəsin fikrinə sayğı göstərmək fərdlərin bir-birinə olan etimadını artırar və hədəfə çatma yolundakı maneələri və təfriqə vasitələrini yox edər. Fərdlərin bir-birinin fikirlərindən yararlanaraq hədəfə çatmaq üçün bir metod və strategiya müəyyənləşdirmələri onların müvəffəqiyyətə çatmalarını təmin edər. Birinin özündən üstün gördüyü başqa bir şəxsin fikrini mənimsəməsi fikir birliyinin bir parçasıdır. Lakin fərdlərin fikrinə müraciət etmədən insanın öz fikrini həyata keçirməyə çalışması nə adlanırsa-adlansın, istibdad və diktatorluqdur. Əgər bir şəxsin təyin etdiyi metod və strategiya ilə hərəkət edilərsə, hədəfə çatmamaq bir yana qalsın, inhisar və təfriqə də yaranar. Bu vaxt yaradılan islami hərəkat və izlənən hədəf yerinə fərd sivriləşər və ön plana çıxar. O fərdin yox olması ilə həmin hərəkat və hədəf də ortadan qalxar. Cəmiyyətdə təfriqə və fitnə daha da çoxalar. Bu cür hərəkatlarda fikir birliyi yarana bilməyəcəyi kimi, belə bir hərəkat islami və ideoloji yox, fərdi və şəxsi hərəkatdır. Fikir birliyi fərdlərin müxtəlif fikirlərinə hörmət edərək, fərdlərin müxtəlif metod və strategiyalarından yararlanaraq, hədəf istiqamətində birlikdə qərara gəlib, mübarizə aparmaqdır. Lakin fikir və metod fərqliliyi təfriqə ünsürü sayılmadan.

4. SİYASİ VƏHDƏT

Bu gün müsəlmanları daxildən gəmirən təfriqə xəstəliyidir. Müxtəlif məzhəb və təriqətlərə mənsub olmalarına baxmayaraq, öz aralarında bir siyasi vəhdət yaratmış olsaydılar, İslam aləmi bu gün bu vəziyyətə düşməyəcəkdi. Təfərrüatdakı məzhəbi ayrılıqları – fiqhi və etiqadi mövzulardakı ayrılıqları gündəliyə çıxarıb, bir-birinə hücum etməsəydilər, müsəlmanlar parça-parça olmazdı. Müsəlmanlar bir-birinə qardaş gözü ilə baxıb, İslamın məsləhəti üçün ixtilaflı mövzuları kənara qoysaydılar, bir-birini təkfir etmək (kafir bilmək), münafiq və sapqın elan etməkdənsə, güclərini birləşdirsəydilər, bu gün İslam düşmənləri müsəlmanların toxunulmazlıqlarına dil uzada, İslam torpaqlarına təcavüz edə və müsəlmanların yeraltı və yerüstü sərvətlərini istismar edə bilməyəcəkdilər. İslam torpaqları da bu imperialistlərin kölələrinin əlində İslam düşmənlərinin qalasına çevrilməyəcəkdi.

Müsəlmanların həyata keçirmələri lazım olan ən önəmli vəhdət siyasi vəhdətdir. İslama, Qurana və müqəddəs məkanlara təcavüz edən imperialistlərə qarşı gücləri birləşdirmək və tam birliyə nail olmaq lazımdır. İmperialistlərin hədəfi tövhid əqidəsinin təməllərini yox etmək və bu əqidəyə sahib olan insanları özlərinə qul etməkdir. Müsəlmanlar hansı irqə sahib olursa-olsunlar və hansı məzhəbə mənsub olursa-olsunlar bilməlidirlər ki, istismarçıların hədəfi bütün müsəlmanlardır. İmanın təməllərində bir olan, bir kitaba inanan, bir qibləyə doğru yönələn, bir Peyğəmbərin ümməti olan və tövhid şüurunu hakim etmək istəyən müsəlmanlar ayrılıq və fərqli fikirləri kənara qoyub, bu prinsiplər ətrafında birlik yaratmalıdırlar. Sünni-şiə vəhdəti sünnilərin öz məzhəblərini tərk edib şiə, şiələrin də öz əqidələrini tərk edib sünni olması deyil. Vəhdət hər bir kəsin öz etiqad və əqidəsini qoruyaraq ortaq düşmənə qarşı gücləri birləşdirmək, çiyin-çiyinə verərək imperialistlərə qarşı Quranı, müqəddəs torpaqları, İslamı və tövhid düşüncəsini qorumaqdır.

Müsəlmanların düşməni müxtəlif məzhəb və fikrə sahib olan müsəlman deyildir. Bu gün imperialistlər sünnili-şiəli bütün müsəlmanları hədəfə almışdır.

Müsəlmanlar imperialistlərin körüklədikləri fitnə və təfriqə atəşini söndürmək üçün əl-ələ versələr, İslam düşmənləri arzu və məqsədlərinə çata bilməyəcəklər.

Müsəlmanın dostu yalnız müsəlmandır. Möminlərin vəlisi yalnız möminlərdir. "Ey iman gətirənlər! Nə Mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun! ...”[8]"Ey iman gətirənlər! Yəhudiləri və xristianları dost tutmayın! ...”[9] ayələri müsəlmanlara düşməni tanıtdırır. Müsəlmanlar dünyəvi mənfəətlər üçün imperialistlərlə əlaqə qurub, onlarla əməkdaşlıq etməsəydilər, bu gün bu şəkildə zülm, işgəncə və istismara məruz qalmayacaqdılar. …

5. KİMİNLƏ VƏHDƏT

İslami mübarizədə ən önəmli məsələlərdən birinin vəhdət olduğunu bilirik. Vəhdətin mənasını, qisimlərini və meydanını anlatmağa çalışdıq. İslami vəhdətin həyata keçə bilməsi üçün ən əhəmiyyətli mövzulardan biri də "Kiminlə vəhdət”ə gediləcəyi məsələsidir. Vəhdətə gediləcək insan hansı xüsusiyyətlərə sahib olmalıdır? Kim: "Gəlin vəhdət yaradaq” – deyərsə, müsbət cavab vermək lazımdırmı? Kiminlə gəldi vəhdətə getmək olarmı? İslamın məsləhətini diqqətə almadan dialoqa girərək vəhdət və birlik yaradılmalıdırmı?

Bu sualların müxtəlif cavabları ola bilər. Hər halda bu sualları cavablandırmaq lazımdır. Vəhdət yaratmaq istədiyimiz şəxslərdə və islami hərəkatlarda aşağıda deyilən xüsusiyyətlər olmalıdır:

Həqiqətən, vəhdət istəyində olduğunu sözü və fəaliyyətilə göstərməlidir; bir şəxs, yaxud hərəkat haqqında cəmiyyətdə müəyyən mənfi hökmlər vardırsa, o hökmlərin yox olması lazımdır. İnsanların zehnindəki səhv təsəvvürün aradan getməsi lazımdır. Vəhdət adı ilə insanları özünə tabe olmağa və öz hakimiyyəti altına almağa dəvət edirsə, vəhdətdən sui-istifadə edir. Vəhdət yaratmaq istədiyimiz şəxs insana və cəmiyyətə etimad göstərməli və səmimi olmalıdır. Qarşılıqlı etimadın hasil olması lazımdır.

Vəhdət yaratmaq istədiyimiz şəxs təşkilatla eyni hədəfə sahib olmağımız lazımdır; islami vəhdət yaratmaq istədiyimiz şəxslərin cəmiyyətdə islami kimlikləri olmalıdır. Cəmiyyətdə fasiq, münafiq islami dərdi olmayan insanlarla vəhdət yaratmaq olmaz. Bu həm İslama, həm vəhdət yaratmaq istəyən təşkilat şəxslərə zərbə vurar. Hədəfləri müsəlmanların hədəfləri ilə eyni olmayanlar islami məktəbə xidmət hədəfi olmayanlar, vəhdətə dəvət olunurlarsa, onların qeyri-islami hədəfləri olduğunu göstərir. Deməli, onlar müsəlmanlardan istifadə etmək müəyyən məqsədlərə çatmaq istəyirlər. Əgər bu cür insanlar vəhdətə dəvət edilərsə, əvvəl İslama dəvət edilməli, sonra vəhdətə dəvət edilməlidir.

Vəhdətə dəvət edən şəxs fədakar olmalıdır; islami vəhdətin təmin olunması üçün əvvəl dəvətçinin özünün fədakarlıq etməsi lazımdır. Əgər yalnız qarşısındakı insandan fədakarlıq gözləyərsə, bu vəhdət həyata keçməz. "O, fədakarlıq etməzsə, mən fədakarlıq etmərəm. Əvvəl o fədakarlıq etsin”, – deyə düşünmək vəhdətin həyata keçməsinə mane olan faktorlardan biridir. Müsəlman bir şəxs islami vəhdət üçün hər cür fədakarlığı etməyə hazır olmalıdır. Şəxsi çıxarlarından fikirlərindən vəhdət qardaşlıq xatirinə vaz keçə bilməlidir.

Yaradılacaq vəhdətdən sui-istifadə edilməməlidir; həm daxili, həm xarici təbliğatda vardığımız birlik bərabərlik hədləri aşılmamalıdır. "Vəhdəti özü yaratmış hamını da öz ətrafında toplamışdır”, – imici yaradılmamalıdır. Yəni islami vəhdətin yaradılmasında şəxsi çıxarlar güdülməməlidir.

Vəhdət yaratdığımız qurum, təşkilat ya şəxslərin fikirlərinə hörmət edilməli, mənimsənilməyən fikirləri gündəliyə çıxarılıb etimadsızlıq şəraiti yaradılmamalıdır; bir-birinə baxışları müsbət olmalıdır. Bir quruma qarşı müsbət baxılmırsa, onunla vəhdət yaratmaq mümkün olmaz. Yaxud ona müsbət baxmayan onu qanuni bilməyən birinin vəhdəti qəbul edilməməlidir.

NƏTİCƏ

İslami vəhdət haqqında apardığımız bu qısa araşdırma yazının vəhdət və birlik istəyənlər üçün faydalı olmasını arzulayırıq.

Göründüyü kimi islami vəhdət üçün bədənlərin yox, qəlblərin bir olması lazımdır. Quran müsəlmanlardan vəhdətin özünü və həqiqətini istəyir, saxta və zahiri birliyi yox. Bunu həyata keçirmək üçün də, həqiqətən, böyük cəhd və fədakarlıq etmək lazımdır. Quranın "Fussilət” surəsinin 35 və 36-cı ayələrində buyurulur: "Bu (xislət) yalnız səbir edənlərə verilir və yalnız böyük qismət sahiblərinə əta olunur! Əgər sənə Şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, Allah Eşidəndir və Biləndir!” Ayədə bildirildiyi kimi vəhdət yaratmaq üçün hər bir kəs fədakarlıq edə bilməz, bunu yalnız səbirli olanlar, ağıldan nəsibi olanlar və Şeytanın vəsvəsələrindən Allaha sığınanlar edə bilərlər.

İslami vəhdəti yarada bilmək üçün əvvəl vəhdəti nəzəri olaraq bilmək lazımdır. Daha sonra isə əməli olaraq vəhdəti yaratma yolları araşdırılmalıdır. Əks təqdirdə indiyə qədər olduğu kimi vəhdət adı altında aparılan fəaliyyətlər ixtilaf və təfriqəyə səbəb olacaqdır. Təfriqə salan və vəhdəti pozan əsla tanınmayacaq, ancaq hamı bir-birini günahlandıracaq. Və bunun zərərini İslam, müsəlmanlar və cəmiyyət görəcəkdir. Peyğəmbər (s)-in buyurduğu: "Dünyanı sevmək bütün xətaların başıdır!” – hədisini hamı özünə örnək alıb nəfsani arzularını bir tərəfə qoyarsa və islami vəhdət üçün fədakarlıq edərsə, müsəlmanların vəhdəti həyata keçəcəkdir.

Hidayətə tabe olanlara salam olsun!

"MİLLİ GÖRÜŞ” JURNALI



[1] "Ali-İmran”, 103

[2] "Fussilət”, 34

[3] "Fussilət”, 35, 36

[4] "Ənfal”, 63

[5] "Fəth”, 29

[6] "Ənfal”, 46

[7] "Nisa”, 59

[8] "Mumtəhinə”, 1

[9] "Maidə”, 51



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun