FƏCR TÜLU ETDİKDƏN SONRA (SÜBH NAMAZINDAN SONRA), YAXUD GÜNƏŞ BATDIĞI VAXT YEYƏNLƏRİN HÖKMÜ

FƏCR TÜLU ETDİKDƏN SONRA (SÜBH NAMAZINDAN SONRA),
YAXUD GÜNƏŞ BATDIĞI VAXT YEYƏNLƏRİN HÖKMÜ

FƏCR TÜLU ETDİKDƏN SONRA (SÜBH NAMAZINDAN SONRA),
YAXUD GÜNƏŞ BATDIĞI VAXT YEYƏNLƏRİN HÖKMÜ

Müqəddəs ayın bu günlərində möminlərin qarşılaşdığı məsələlərdən biri də fəcrin tülu etmədiyini zənn edərək, yaxud unudaraq və ya qafil davranaraq (diqqətsizlik, etinasızlıq), ya da bunlardan başqa digər səbəblərə görə, yaxud oruc tutmuş şəxsin Günəşin batdığını zənn edərək yemək yeməsi və hər iki vəziyyətdə sonra xəta və səhvin aydın olması məsələsidir.

Məsələ ilə bağlı fitva idarələrindən biri belə hesab edir ki, fəcrin tülu etmədiyini zənn edərək fəcrdən əvvəl, yaxud Günəşin batdığını zənn edərək qürubdan əvvəl yeyən sonra xətası aydın olan şəxs əksər fəqihlərə görə qəza tutmalıdır.

Bəzi alimlər belə hesab edirlər ki, əgər insan fəcrin tülu etmədiyini zənn edərək yesə, sonra fəcrin tülu etdiyi ona aydın olsa, həmin şəxsdən heç bir şey tələb olunmur, çünki o, zamanı və vaxtı dəqiq bilməmişdir, ona görə də məzurdur, qəza tutması da lazım deyildir. Deyilənə görə bu fikir Peyğəmbərdən rəvayət olunmuş bəzi hədislərdən öyrənilir.

Bir çox alimlərin fikri budur ki, gecənin davam etdiyini zənn edərək fəcr tülu etdikdən sonra yeyən və içən şəxs əgər tutulan oruc vacib orucdursa, qəza tutmalıdır, əgər tutulan oruc müstəhəb orucdursa, qəza vacib deyil, müstəhəbdir.

Seyid Xoyi belə hesab edir ki, oruc tutan şəxs fəcrin tülu etdiyini tədqiq etmədən və dəlilsiz olaraq onun tülu etməsindən sonra orucu batil edən işləri yerinə yetirərsə, kəffarəsiz qəza vacib olar. Əgər ortada fəcrin tülu etməsinə dair dəlil olarsa, qəza və kəffarə vacibdir. Əgər fəcrin tülu etməsini tədqiq edib gecənin davam etməsi fikrində olarsa, qəza tutması vacib deyil. Bu, ramazan ayı orucuna aid edilən hökmdür. Ondan başqa müəyyən, yaxud qeyri-müəyyən vacib oruca, yaxud müstəhəb oruca gəlincə daha qüvvətli fikir budur ki, oruc mütləq olaraq batildir[1]. ...

Seyid Xomeyni hesab edir ki, fəcrin tülu etməsini tədqiq etməmişdən əvvəl orucu batil edən işləri yerinə yetirən şəxsə kəffarəsiz qəza vacib olar. Fəcrin tülu etməsini tədqiq etsə və fəcrin tülu etməsinə zənn, yaxud əhvətə (müstəhəb ehtiyata) əsasən şübhə etməklə gecənin davam etməsinə yəqinliyi olmasa, yenə hökm həmin formada həyata keçirilir (yəni kəffarəsiz qəza vacibdir). Baxmayaraq tədqiqdən sonra zənnin hasil olması ilə qəzanın vacib olmaması daha qüvvətli görüşdür. Belə ki, tədqiq etsə və gecənin davam etməsi barəsində yəqinlik əldə etdikdən sonra yesə və onun əksi sonradan aydın olsa, deməli, orucu düzgündür. Bu hökm ramazan ayı orucuna şamil edilir. Orucun digər qisimlərinə gəlincə zahir budur ki, fəcr tülu etdikdən sonra yeyilərsə, oruc mütləq olaraq batil olur, hətta dəqiqləşdirilsə və gecənin davam etməsi barəsində yəqinlik əldə edilsə belə[2].

Dini rəhbər Seyid Fəzlullah isə bu barədə belə deyir: "Mükəlləfin fəcrin tülu etməsini bilməyənə qədər yeməyi və içməyi davam etdirməsi icazəlidir. Hətta fəcrin tülu edib-etməməsinə şübhə etməklə belə yeməsi və içməsi icazəlidir. Bu barədə dəqiqləşdirmə aparması vacib deyil. Əgər işi bilməməsi davam etsə və sonra həqiqət ona aydın olmasa, orucu davam etsə, onun üzərində heç bir şey yoxdur. Əgər gün ərzində fəcr tülu etdikdən sonra yediyi və içdiyi ona aydın olsa, orucunun batil olmasına və sonra qəza tutmasının lazım olduğuna hökm olunar. O, günahkar deyildir və boynunda kəffarə də yoxdur.

Əgər şübhə etdikdə tədqiq etsə və vaxtı yoxlasa və gecənin davam edib fəcrin tülu etmədiyinə inanaraq yesə və içsə və sonra fəcrin tülu etdiyi aydın olsa, orucu səhihdir və boynunda heç bir şey yoxdur. Əgər fəcrin tülu etdiyinə inansa və buna baxmayaraq qəsdən, yaxud etinasız yanaşaraq orucu batil edən işləri icra etsə, orucu batildir, qəza tutmalı və kəffarə verməlidir. Səhvinin və gecənin davam etməsinin aydın olması istisnadır ki, bu surətdə boynunda heç bir şey yoxdur. ...

Qürub vaxtını (Günəşin batması vaxtını) pozmaq məsələsinə gəldikdə isə oruc tutanın Günəşin batışını aydınlaşdıran mötəbər bir dəlilə etimad etdikdən və əmin olduqdan sonra orucu batil edən işləri yerinə yetirməsi icazəlidir. Günəşin batdığını yəqin etsə, sonra gündüzün davam etdiyi ona aydın olsa, orucu davam etdirməsi vacibdir və ehtiyatən oruc tutmasının heç bir qorxusu olmamasına baxmayaraq, onun boynunda hər hansı bir günah yoxdur. Əgər gündüzün davam etdiyinə yəqin etsə, sonra dəlilə zidd hərəkət edib orucunu yesə və gündüz həqiqətdə davam etsə, orucu batildir, qəza tutub kəffarə verməsi vacibdir. Lakin qürub vaxtının daxil olmasının aydınlaşması istisnadır ki, bu surətdə boynunda heç bir şey yoxdur.

Lakin tədqiq etməyə qadir olduğu halda ona etinasız yanaşarsa və gecənin daxil olduğunu zənn edib orucunu yeyərsə, sonra gündüzün davam etdiyi aydın olarsa, əgər səmada buludların sıxlığından qaynaqlanan qaranlıq olarsa, onun orucu səhihdir və onu Günəşin batmağına qədər davam etdirməlidir. Boynunda heç bir şey yoxdur.

Əgər qaranlıq buludlardan başqa digər səmavi səbəblərdən qaynaqlanarsa, vacib ehtiyata əsasən onun orucu batildir. Vacib ehtiyata əsasən qəza tutub kəffarə verməsi də vacibdir. Əgər qaranlıq səmada olan səbəbdən, nə buluddan, nə də başqa bir şeydən qaynaqlanmasa, onun orucu batildir, qəza tutub kəffarə verməlidir. ...

Əgər səmada qaranlıq olmasa və qürubun həqiqət tapmasına şübhə etsə, sonra tədqiq etmədən orucu yesə, sonra gündüzün davam etdiyi aydın olsa, yenə də orucu batildir və qəza tutub kəffarə verməsi vacibdir. Diqqət etmək lazımdır ki, bu məsələdə orucun batil olmasına hökm verilən mövzularda gün əsnasında orucu batil edən işlərdən əl götürmək müstəhəb ehtiyatdır.

Orucun növlərinin fərqlənməsilə kəffarənin vacibliyi də fərqlənir. Məsələn, əgər oruc tutan şəxs fəcr tülu etdikdə qəsdən imsak vaxtını pozarsa, belə ki, onun əlində fəcrin tülu etməsinə dair dəlil olduğu bir halda, o dəlilə zidd hərəkət edib orucu batil edən işləri yerinə yetirərsə və felən (yəni həqiqətdə) onun tülu etdiyi aydın olarsa, ramazan ayı orucunda kəffarə vermək vacibdir, halbuki onun qəzasında kaffarə vacib deyil, çünki qəza orucunda zöhrdən əvvəl ixtiyari bir halda qəsdən orucu batil edən işləri icra etmək və orucu pozmaq icazəlidir. ...

Müstəhəb orucun növlərinə gəlincə gün ərzində qəsdən orucu yemək icazəlidir. Buna görə də bu işi yerinə yetirən şəxsin qəza tutub kəffarə verməsi vacib deyildir[3]. ...





[1] Seyid Xoyi, "Oruc Kitabıˮ ("Kitabus-Saumˮ)

[2] "Təhrirül-Vəsiləˮ, "Kitabus-Saumˮ

[3] "Fiqhuş-Şəriəˮ, c. 1, s. 471