Ramazan dərsləri 4-cü dərs: Orucun niyyəti və orucu pozan işlər

Ramazan dərsləri 4-cü dərs: Orucun niyyəti və orucu pozan işlər

DÖRDÜNCÜ DƏRS

 

§ 1. Orucun niyyəti

Sual: Oruca necə niyyət edilir?

Cavab: "Allah rizası üçün oruc tuturam”, – şəklində niyyət edilməlidir.

Sual: Ramazan ayının orucu üçün nə vaxt niyyət edilməlidir?

Cavab: Ramazan ayının niyyətinin vaxtı sübh azanındadır. Bu o deməkdir ki, insan sübh azanına qədər oruca niyyətlənməlidir. "Niyyət sübh azanı vaxtında olmalıdır”, – deyildikdə belə başa düşülməməlidir ki, bu vaxt niyyət etmək üçün insan oyaq olmalıdır, əksinə axşam yuxudan əvvəl də bunu etmək kifayətdir. Əgər yuxu sübh azanından sonraya qədər davam etsə, niyyət düzgündür.

 

BEŞİNCİ DƏRS

 

§ 1. Orucu pozan işlər

Sual: Orucu pozan işlər hansılardır?

Cavab: Orucu pozan işlər aşağıdakılardır:

– Az və çox olmasından asılı olmayaraq, yemək və içmək;

– Cinsi yaxınlıqda olmaq;

– Cinsi əlaqədən başqa işlər, məsələn onanizm, yaxud təxəyyüllər, ya da müşahidələr vasitəsilə məninin (spermanın) xaric olması;

– Allah və Rəsula qəsdən yalan nisbət vermək. Yəni sözündə yalançı olduğunu bildiyi halda "Həqiqətən, Allah, yaxud Rəsul (s) belə demiş, yaxud belə əmr ermişdir”, – deyə hədis rəvayət etmək, yaxud hədis yazmaq. Allah-Taalaya, peyğəmbərlərə və hidayət imamlarına yalan nisbət vermək əslində orucu batil etmədən əvvəl imanı batil edir. İstər Allahı və Peyğəmbəri təkzib et, istərsə də onlara yalan nisbət ver. Hər ikisi Allah sübhanəhu taalaya iftira etməkdir və bir neçə ayəyə əsasən küfrdür. Lakin bu yalan nisbət vermələr qəsdən və inad üzündən olmasa, əksinə nadanlıq, cahillik və ya qəzəb üzündən olsa, orucu batil etmir.

Sual: Fiqh kitablarında və mərcəi-təqlidlərin (dini rəhbərlərin) əməli risalələrində başqa işlərin də orucu pozan (batil edən) işlər olması haqqında fitvalar vardır və onlar aşağıdakılardan ibarətdir:

1. Müalicə üçün olsa da, vacib ehtiyata əsasən maye ilə imalə etmək

2. Çarəsizlikdən olsa da, vacib ehtiyata əsasən qəsdən qusmaq

3. Qatı tozu udmaq

4. Başı bədənlə, yaxud bədənsiz suyun altına aparmaq

5. Sübh azanına qədər cənabətli, heyzli və nifaslı qalmaq

Bunlar haqqında izah verə bilərsinizmi?

Cavab: Başlayaq maye ilə imalə etməkdən. Axar (maye halında olan) şeylərlə imalə etmək haram olmasına baxmayaraq, oruc halında bu işlərin orucu batil etməsi haqqında əldə heç bir dəlil yoxdur. Həmçinin zərurət halında qəbizliyi aradan qaldırmaq və onun kimi şeylər üçün edilən imalələr də orucu batil etmir və haram da deyildir.

Qusmağa gəlincə yemək və içməyin qarşı nöqtəsi olan qusmaq da qəti olaraq orucu batil etmir, çünki bir-birinə zidd olan və bir-birinə qarşı olan yemək-içmək və qusmağın hər ikisinin orucu batil etməsi mümkün deyildir. Necə ki yemək və yeməmək, içmək və içməmək, cinsi münasibətə girmək və girməmək, Allah və Rəsula yalan nisbət vermək və verməmək, bunlar bir-birinə qarşı olan anlayışlardır və buna görə də hər ikisinin orucu batil etməsi mümkün deyildir. Qusmaq yeməyin ziddidir və onun orucu batil edən işlərdən olmasına dair əlimizdə bir dəlil olmamasından əlavə bu ziddiyyətin özü[1] qusmağın yemək və içmək kimi heç vaxt orucu batil edən bir iş olmamasına dair aydın bir dəlildir.

Qatı tozu udmağın orucu batil edən işlərdən olmasına gəlincə tüstü və toz barəsində onların oruc üçün yasaq olmaları barəsində dəlilin olmamasına əlavə Quran bir tərəfə qalsın, mötəbər bir xəbərdə də onun caizliyinə hökm olunmuşdur. Əmr ibn Səidin Həzrət Rzadan nəql etdiyi müvəssəq hədis buna dəlalət edir: "Öd ağacı (Hindistanda bitən və yandırıldıqda xoş iy verən ağac) və onun kimi bir şeyin tüstüsünü içən, çəkən və tüstü boğazına daxil olan oruc tutan şəxs haqqında soruşdum. Cavab verdi: "Heç bir vaxt heç bir maneəsi yoxdur!” Oruclu şəxsin boğazına daxil olan toz haqqında soruşduqda buyurdu: "Heç vaxt heç bir maneəsi yoxdur”.

Oruclu ikən başı bədənlə, yaxud bədənsiz suyun altına salmaq (irtimas) haram olmasına baxmayaraq, yuxarıda qeyd etdiyimiz kimi oruc halında bu işin orucu batil etməsi haqqında əldə heç bir dəlil yoxdur. İbn Babuvəyh (Şeyx Səduq) "əl-Hidayə” kitabında irtiması orucu batil edən işlərdən hesab etmir. "İstibsar” əsərində Şeyx Tusi, Seyid Mürtəza, Fazil və oğlu, Mühəqqiq Sani və Şəhid Sani irtiması orucu batil edən işlərdən hesab etməyən fəqihlərdəndir. Şeyx Tusi yazır: "Mənim irtimas üçün qəza, yaxud kəffarəyə dəlalət edən bir hədisdən xəbərim yoxdur”. Bütün sünni fəqihləri də irtiması orucu batil edən işlərdən hesab etmirlər.

Sübh azanına qədər qəsdən cənabət, heyz və nifas halında qalmağa gəlincə bilmək lazımdır ki, Quran-kərim yemək və içmək kimi, cənabəti və cinsi münasibəti də sübh azanına çox az bir zaman (bir neçə an) qalmış vaxta qədər halal bilmişdir[2]. Bu mövzuda Peyğəmbərdən (s) və hidayət imamlarından (ə) nəql olunmuş və ayəyə uyğun gələn rəvayətlər də bu hökmü təsdiq edir. Bu hökmə zidd olan rəvayətlər də ayəyə və birinci qrup rəvayətlərə zidd olduğuna görə qəbuledilməzdir. Buna görə də sübh azanına yaxın cünub olmaq (yəni cinsi münasibətə girmək), yaxud sübh azanına qədər qəsdən cənabət halında qalmaq heç vaxt orucu batil etmir və bu iş haram da deyildir. İmam Rza (ə)-dan "Ramazan ayında boynuna cənabət halı gələn və sübhə qədər (sübh azanına qədər) qəsdən yatan şəxsin üzərində nə vardır?” – deyə soruşulduqda İmam buyurdu: "Bunun ona heç bir zərəri yoxdur və bu, atam Musa əl-Kazimin dediyi məsələdir. O demişdir: "Aişə dedi ki, həqiqətən, Peyğəmbər – Allahın salamı ona və ailəsinə olsun! – möhtəlim olmadan sırf cinsi yaxınlıqla cünub olduğu bir halda sübhə çıxdı”[3].

Yuxarıda da qeyd etdiyimiz kimi, zahir budur ki, heyz, nifas və ələlxüsus istihazə qüslünün də hökmü belədir.

Orucu batil edən işlərin yalnız cinsi münasibətdə olmaq, yemək və içməkdən ibarət olduğunun dəlili bu şərafətli ayədir: "Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq (yəni onlarla cinsi əlaqəyə girmək) sizə halal edildi. ... İndi onlarla yaxınlıq edin və Allahın sizin üçün yazdığını istəyin. Sizin üçün fəcrin ağ sapı qara sapından fərqlənincəyə qədər yeyin və için; sonra gecəyə qədər orucu tamamlayın. ...”[4] Görürük ki, bütün gecə boyu yeməyin və içməyin vaxtı sübh azanından çox az bir zaman əvvələ qədər olduğu kimi, cinsi münasibət də belədir. Deməli, orucu batil edən bu üç iş sübh azanına qədər caizdir və sübh azanından əvvəl baş vermiş cənabət halı heç vaxt orucun düz olmasının maneəsi deyildir.

Deməli, deyilənlərə əsasən yalnız üç, yaxud dörd şey orucu batil edir və onun dördüncüsü – Allah-Taalaya, peyğəmbərlərə və hidayət imamlarına yalan nisbət vermək – əvvəl orucun düz (səhih) olmasının əsas şərti olan imanı batil edir. Sonra orucu batil edən işlər zümrəsindən hesab olunan digər işlərə dair[5] nəinki yalnız əlimizdə bir dəlil yoxdur, bəlkə, oruc ayəsində orucu batil edən işlər bu üç işlə təxsis olunur və bəzi rəvayətlərdə onlarla məhdudlaşmasına dair bir neçə dəlil mövcuddur.

Sual: İynə vurdurmaq orucu pozurmu?

Cavab: Xəstənin qidalanması üçün yox, dərmanın bədənin başqa yerlərinə tez bir zamanda çatmasını təmin etmək üçün dərman məqsədilə vurulan iynə orucu pozmur.

Sual: Ağızda yığılmış tüpürcəyin, – istər az olsun, istərsə də çox – udulması orucu pozurmu?

Cavab: Tüpürcəyin udulması orucu pozmur.

Sual: Oruclu şəxs ağzını yaxalaya bilərmi?

Cavab: Oruclu şəxs suyu boğaza çatdırmamaq şərtilə ağzını yaxalaya bilər, lakin dəstəmazdan başqa vəziyyətdə boş yerə ağzı yaxalamaq məkruhdur (yəni bəyənilməyən bir işdir).

Sual: Oruc tutmuş şəxs qulağına, gözünə, burnuna dərman tökə bilərmi?

Cavab: Dərmanın dadının yemək borusunda hiss olunmasına baxmayaraq, qulağa və gözə dərman tökməyin heç bir qorxusu yoxdur, lakin dərmanın damcı şəklində buruna tökülməsinə gəlincə onunla oruc pozular.

Sual: İnsan xəstəliyini müalicə etmək istəyirsə, anus dəliyinə şam daxil edə bilərmi?

Cavab: Bəli, tibbi şamların istifadəsi orucu pozmaz. Hətta maye halında olmayan başqa məlhəmlərdən də istifadə etmək orucu pozmaz.

Sual: Oruc tutmuş kişi öz tənasül üzvünü və oruc tutmuş qadın uşaqlıq yolunu imalə edə bilərmi?

Cavab: Bəli, imalə edə bilərlər və oruc pozulmaz.

Sual: Əgər gəyirincə oruclu şəxsin mədəsindən ağız boşluğuna qida gələrsə, hökm nədir?

Cavab: Əgər özündən asılı olmayaraq, yaxud diqqətsizlikdən qida yenidən udulsa, oruc pozulmaz, lakin qida boğaz boşluğuna çatdıqda onu tüpürə biləcəyi bir halda ixtiyari olaraq qəsdən udsa, orucu pozular.

Sual: Oruclu olan ər-arvad gecə cinsi əlaqəyə girə bilərmi?

Cavab: Gecələr cinsi yaxınlıq icazəlidir. "Bəqərə” surəsinin 187-ci ayəsində buyurulur: "Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. …”

Sual: Orucu pozan işlər orucu nə vaxt pozur?

Cavab: Orucu pozan işlərlə oruc o zaman pozulmuş olur ki, bilərək və qəsdən edəsən.

Sual: "Bilərək”, – deyildikdə nə nəzərdə tutulur?

Cavab: "Bilərək”, – deyildikdə görülən işin orucu pozan bir iş olduğunun bilinməsi nəzərdə tutulur. Əgər insana çatdırılan şeyi yaxşı başa düşmədən, yaxud öyrəniləcək şəxs olmadığına görə öyrənə bilmədiyinə görə, bəzən də öyrənməyə diqqət edilmədiyinə görə, məsələn cinsi əlaqənin orucu pozan bir iş olduğunu bilməyən şəxs bu işlərdən birini görərsə, orucu pozulmaz.

Sual: "Qəsdən”,  – deyildikdə nə nəzərdə tutulur?

Cavab: "Qəsdən”, – deyildikdə işin diqqətli və şüurlu şəkildə yerinə yetirilməsi nəzərdə tutulur. Deməli, qafilcəsinə və səhvən, yaxud unutqanlıqla qəsdsiz və diqqətsiz orucu pozan işləri yerinə yetirən şəxsin orucu pozulmur.

Sual: Oruc tutmuş şəxsin hansı işləri yerinə yetirməsi məkruhdur?

Cavab: Oruclu şəxsin aşağıdakı işləri yerinə yetirməsi məkruhdur, yəni bəyənilməyəndir:

qadını əlləmək, öpmək və mazaqlaşmaq;

zəifləməyə səbəb olarsa, qan aldırmaq; zəiflik yaratmazsa, ziyanı yoxdur.

xoşiyli hər bir bitkini iyləmək; xoşiyli ətirlərlə ətirlənmək məkruh deyil.

əyində olan paltarı islatmaq;

qadının suda oturması;

maye halında olmayan dərmanla imalə etmək;

zərurət halı istisna olmaqla diş çəkdirmək, yaxud hər hansı bir səbəbə görə ağzı qanatmaq;

yaş çubuqla diş sürtmək;

dəstəmazdan başqa boş yerə ağzı yaxalamaq;

məsumlar barəsindəki mərsiyə mədhiyyələr (qəsidələr) istisna olmaqla şeir demək;

 

Tərtibatçı: Xəyyam Qurbanzadə



[1] Yəni yemək anlayışı ilə zidd bir anlayış olması

[2] "Bəqərə”, 187

[3] "Camiu əhadisiş-şiə”, c. 9, s. 208

[4] "Bəqərə”, 187

[5] Məsələn, müalicə üçün olsa da, vacib ehtiyata əsasən maye ilə imalə etmək, çarəsizlikdən olsa da, vacib ehtiyata əsasən qəsdən qusmaq, qəsdən böyük hədəs (heyz, nifas və cənabət halı) üzərində qalmaq və sübh azanına qədər qüsl etməyi tərk etmək, başı bədənlə, yaxud bədənsiz suyun altına salmaq, qəsdən qatı və qeyri-qatı tozu udmaq