Müsafir namazı?! (Sadiqi Tehraninin fitvalarına uyğun olaraq)

Müsafir namazı?! (Sadiqi Tehraninin fitvalarına uyğun olaraq)

MÜSAFİR NAMAZI?!

332-ci məsələ: Namazın keyfiyyətindən, yaxud onun başqa bir vacibatından azaltmaq bir surətdə doğrudur ki, daha mühüm bir zərurət qarşıya çıxsın ki, daha mühüm zərurətin aradan qaldırılması ölçüsündə ya namazın keyfiyyətindən azaldılır (yəni onun zahiri keyfiyyəti dəyişilir), ya da onun bəzi başqa vacibatları tərk olunur. Məsələn, Rəsulullahın (s) müharibə məntəqələrində yerinə yetirdiyi camaat namazı. Canın qorunması namazın keyfiyyətinin tamamlanmasından daha vacib olduğuna görə canın qorunması üçün namazın keyfiyyətindən azaldılmalıdır. Çünki qorxu vaxtı namazın qısaldılması onun kəmiyyətinə və rükətlərinin sayına yox, yalnız keyfiyyətinə şamil edilir. Lakin bəzi mövzular istisnadır ki, qarşıda onun haqqında izah veriləcək. Çünki namaz qılan şəxs o surətdə (yəni qorxu olduğu surətdə) hərəkət vaxtı vacib namazı bütün rükətləri ilə davam etdirə bilər. Və "Bəqərə” surəsinin "Əgər (bir təhlükədən) qorxsanız, piyada gedə-gedə və ya minik üstündə qılın. ...”[1] ayəsi qorxu vaxtı bütünlüklə namazın keyfiyyətindən azaldılmasını əmr etmişdir.

Lakin bizim zamanımızda bu cür hadisələr çox az baş verir. Çünki hal-hazırda müharibələr üzbəüz olmur ki, ta belə bir zərurət baş versin. Buna görə də müsafirət nə qədər uzun olsa da, nəinki yalnız namazın rükətləri azalmır, bəlkə, keyfiyyəti də azalmamalıdır. Və bu hökmün mənbəsi bu şərafətli ayədir: "Səfərbər olub cihada çıxdığınız vaxt kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazın (keyfiyyətindən) qısaltmaq sizə günah hesab edilməz. Həqiqətən, kafirlər sizin açıq düşməninizdir”[2]. Sonra müharibədə əziz Peyğəmbərin (s) namaz qılmasını qeyd etdikdən sonra buyurur ki, arxayınlığa çıxdıqda isə ("Nisa”, 103) namazı zahiri keyfiyyətini dəyişdirmədən/azaltmadan qılın. Buna görə də minlərlə kilometr səfərə çıxsan da, arxayınlıqda (rahat olduğun halda) və təhlükə olmadıqda heç cür azaltmaq yoxdur.

333-cü məsələ: Özün zərurətə səbəb olmamısansa, namazın bəzi vacibatlarını tərk etməyin və onları başqa bir şəkildə yerinə yetirməyin bəzən vacib, bəzən də caizdir. Əgər namazda ayaq üstə dayanmaq (qiyam etmək) dözülməz və qatlaşılmazdırsa, otura bilərsən, əgər zərərlidirsə, mütləq oturmalısan (yəni oturmağın vacibdir) və ya uzanmış halda namaz qılmalısan. Bu məqamda da namazın keyfiyyətindən azaltmaq zərurət halındadır.

334-cü məsələ: Namazın digər vacibatlarının azaldılması yalnız daha əhəmiyyətli ilə (əhəmm ilə) mühüm arasında təqəddümün (önə keçmənin) olduğu zərurət surətində icazəlidir. Belə ki, əgər namazda kəsir olmasa, insan üçün təhlükə yarana bilər. Bu vəziyyətdə təhlükənin ortadan qaldırılması ölçüsündə bu azaltma (zahiri keyfiyyət nöqteyi-nəzərindən azaltma) həyata keçirilməlidir. Yoxsa, ən mühüm ilahi vacibatlardan olan namazdan nəyinsə azaldılmasının bir səbəbi yoxdur.

335-ci məsələ: Namazın digər vacibatlarının azaldılması ilə əlaqələndirilməsi mümkün olan yerdə – ki əvvəl bu çox baş verirdi – namazın qısaldılması haqqında danışan rəvayətlər qəbul edilmişdir. Əgər rükətlərin azaldılması mövzusundadırsa, ələlxüsus, boğulan və onun kimi şəxslərin namazıdır ki, namazın vacibatlarını azaltmaqla öz vəzifəsini namaz niyyəti ilə həyata keçirər və hətta bəzən məsələn, atəşdə yandığına, yaxud suda boğulduğuna və namazın heç bir vacib əməlini yerinə yetirməyə heç bir fürsəti olmadığına görə bir təkbir deməklə imkan surətində əlləri qulaqların müqabilinə qaldırar və namaz niyyəti ilə yalnız təkbirətül-ehram deyər və sonra canını Allaha təslim edər. Həmin təkbir bir namazdır. Namazın bu rəqəminə istilahda "boğulan şəxsin namazı” deyilir. Rəsulullahın (s) müharibədə qıldığı camaat namazı da yalnız məmumların namazının rükətlərinin keyfiyyətinin dəyişdirilməsi ilə həyata keçirilmişdir, nəinki rükətlərinin sayının azaldılması ilə. Bu iki surətdən qeyrisində heç vaxt qəbul edilə bilməz, çünki Quranın nəssinə ziddir. Quranın açıq-aşkar nəssinə zidd olan icma, yaxud şöhrət də qəbul edilə bilməz. Rəsulullahın dörd rükətlik namazları bir səfərdə iki rükət qıldığı nəql olunan təxminən beş hədis də Quranın nəssinə ziddir və heç vaxt qəbul edilə bilməz. Digər rəvayətlər də təhlükəli səfərlərə aiddir və namazın keyfiyyətindən azaltmaq mənasını verir, vəssəlam. Buna əsasən rükətlərdə qəsr etməyin, özü də yalnız dördrükətli namazları çox ağır hesab edib iki hissəyə bölməyin Quranda və Sünnədə heç bir dəlili və əsası yoxdur. Olanlar yalnız fitvalar, icmalar və şöhrətlərdir ki, bunların da Quranın müqabilində heç bir şəri etibarı olmamış və indi də yoxdur.

Ümumiyyətlə, namazın rükətlərinin, yaxud keyfiyyətinin azaldılmasında heç bir səfərin heç bir rolu yoxdur və işarə olunduğu kimi, yalnız qorxudur ki, onun ortadan qaldırılması ölçüsündə namazın keyfiyyətindən azalır, vəssəlam! "Əgər (bir təhlükədən) qorxsanız, piyada gedə-gedə və ya minik üstündə qılın” ayəsi tamam şəkildə onu sübuta yetirir. Əgər səfər öz-özlüyündə özünün müəyyən həddində namazın rükətlərinin qısaldılmasına səbəb olsaydı, Quranda iki dəfə qeyd olunan qorxuya görə olması daha layiqli olardı. Lakin mütləq olaraq səfərdə namazın qəsr qılınmasına nisbətdə Quranda bir işarə belə yoxdur. Bu nə hökmdür ki, daha vacib olanının həmişə müqəddəm və müəyyən olduğu iki vacib arasında önə keçmədə çox mühüm bir vaciblə bir qeyri-vacib arasında önə keçmədə bu qeyri-vacib də o müəyyən vacibə müqəddəm və hakim olsun. Namazın müəyyən bir vacib, səfərin isə nə vacib, nə də müəyyən olmadığı məsələsinin təsəvvürü belədir. Lakin ağalar (müctəhidlər) həmin qeyri-vacib və qeyri-müəyyən bir iş vasitəsilə heç bir dəlil və təqəddüm (önə keçmə) olmadan sırf heç bir zərəri və təhlükəsi olmayan səfər ucbatından orucun və namazın sındırılmasına fərman verirlər. Əgər belə fərz edək ki, önə keçmə də var idi, daha layiqli olardı ki, ən azı ziyarət və səyahət səfərlərində namazın və orucun kamil olduğu ən əhəmiyyətlisi barəsində fikir bildirəydilər. Lakin çox təəssüflər olsun ki, bir çox başqa şəri məsələlərdə olduğu kimi, bu məsələdə də ağalar əksinə əməl etmiş və xətaya düşmüşlər.

Nəhayət, şiə və sünni fitvalarının əksinə olaraq ərz edirik ki, qorxu, yaxud başqa bir zərurət olmadan heç vaxt namazın rükətlərindən, yaxud keyfiyyətlərindən azaltmaq olmaz. Ümumiyyətlə, namazda vacibatlardan azaltmaq yalnız qorxu, təhlükə və zərər kimi bir zərurət halında mümkündür, vəssəlam. Necə ola bilər ki, sırf müəyyən bir səfərdə namazın rükətlərinin, özü də yalnız dördrükətli namazlardan iki rükətin azaldılması və orucun da yeyilməsi vacib olsun?! Haşa və kəlla!

336-cı məsələ: Cana görə qorxu zəminəsi – ki namazın keyfiyyətinin tərk olunmasına səbəbdir – heç cür qorxunun təsəvvür olunmadığı müsafirətlərə bərabərdir?!!! Bu mənada ki, sırf 44 kilometrlik qısa, yaxud, hətta min kilometrlik və artıq müsafirətlərlə heç bir qorxu olmadan dördrükətli namazlardan onun iki rükəti də mütləq azaldılmalıdır?!!! Can qorxusu və onun kimi işlər ölçüsündə namazdan azaltmaq vacib olduğu kimi adi müsafirətlərdə də heç bir qorxu olmadan namazdan azaltmaq vacibdir?!!! Bu surətdə əgər hər iki vəziyyətdə bu azaltma vacib olarsa, bəs şərafətli ayədəki " ... Kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa ...” cümləsinin rolu nədir?

Bu özü islami hökmlər, sünni və şiə alimləri arasına nüfuz edib böyük bir şöhrət qazanmış ən əcaib-qəraib fitvalardan biridir. Belə ki, adi səfərlərdə dördrükətli namazların rükətlərini azaltmağı dinin zərurətlərinin bir hissəsi hesab etmiş və dinin rüknü (əsası) və yəqinliyin sütunu hesab olunan namazı heç bir zərər və çətinlik olmadan, heç bir zərurət və qorxu olmadan çox vaxt həzərdən daha çox rahatlığı olan yalnız sırf səfərə görə qəsrə fitva verməklə çox ağır hesab etmiş və onu ikiyə bölmüşlər.  Biz "Müsafirlər” kitabçasında, "Nisa” surəsinin 101-ci ayəsinin təfsirində və şərafətli "əl-Fürqan” təfsirində bu barədə ətraflı şəkildə müzakirə aparmış və öz qurani fikirlərimizi ortaya qoymuşuq. Həqiqət axtarışında olanlar bu mənbələrə müraciət etsinlər[3].

"Yeni tovzihul-məsail” risaləsi

Müəllif: Əllamə Sadiqi Tehrani

Mütərcim: Xəyyam Qurbanzadə

 

 

 


[1] "Bəqərə”, 239

[2] "Nisa”, 101

[3] Müsafir namazının hökmündə müxtəsər şəkildə şiə və sünni alimləri arasında beş ixtilaf mövcuddur ki, "Müsafirlər” kitabında bütünlüklə müzakirə olunmuşdur.