Ramazan dərsləri 7-ci dərs: Orucun sünnə və adabı

Ramazan dərsləri 7-ci dərs: Orucun sünnə və adabı

SƏKKİZİNCİ DƏRS

 

§ 1. Orucun sünnə və adabı

 

– Səhur (səhər) yeməyi

Həzrət Peyğəmbər (s): "Səhur yeməyi yeyin, çünki səhurda bərəkət vardır!”[1] – deyə buyurmuşdur. Buna görə gecənin sonuna doğru imsakdan (sübh azanından) əvvəl oyanıb bir şey yemək və içmək sünnədir. Bunun ruh və bədən üçün faydaları vardır. Kiçik bir xurma dənəsi, yaxud bir qurtum su ilə də olsa, səhuru (səhər yeməyini) tərk etmək olmaz. Ən fəzilətli səhər yeməyi səviq[2] və xurmadır. Səhər yeməyinin təxirə salınması, vaxtın sonuna (yəni sübh namazına) yaxın yeyilməsi Peyğəmbərin (s) tövsiyəsi və əshabənin adətlərindəndir.

 

– İftar etmək

Peyğəmbər (s) oruclu olduqda Günəş batdığı vaxt bir neçə yaş xurma, bu yoxdursa, quru xurma yeyər, bu da yoxdursa, bir neçə qurtum su içər, sonra məğrib (şam) namazını qılardı. İftarın həmçinin şirin meyvə, nabat[3] və isti sudan hər biri ilə açılması da gözəl olar.

Oruclu şəxs iftarını açıb namazını qıldıqdan sonra yemək yeməyə oturmalı, yeməyini rahat bir şəkildə yeməlidir. Lakin namazdan əvvəl yemək hazırdırsa, əvvəl yeməyini yeməli, sonra namazını qılmalıdır. Bu, Peyğəmbərimizin tövsiyəsidir.

 

– İftar duası

"Oruclu şəxsin iftar əsnasında etdiyi bir dua vardır ki, geri çevrilməz”[4] hədisinə əsasən iftardan əvvəl dua etmək sünnədir. O dualardan biri də budur: "Allahım, Sənin üçün oruc tutdum, Sənin rizqinlə iftarımı açdım və Sənə təvəkkül etdim”.

Rəvayət olumnuşdur ki, Əmirülmöminin Əli əleyhissəlam iftarını açmaq istədikdə belə deyərdi: "Allahın adı ilə! Ey Allahım, Sənin üçün oruc tutduq, Sənin rizqinlə orucumuzu açdıq. Onu bizdən qəbul et. Həqiqətən Sən, Eşidənsən, Bilənsən!”

Birinci loxmanı götürdükdə belə deyilməlidir: "Rəhman, Rəhim Allahın adı ilə! Ey bağışlaması bol olan Allah, məni bağışla!”

 

– Fəqirlərə yardım etmək və Quran oxumaq

Hər bir zaman comərd və fəqirlərə qarşı mərhəmətli olan Peyğəmbərin (s) bu xüsusiyyətləri ramazan ayında zirvə nöqtəsinə çatardı. Nemət, lütf və ehsanı əsən külək kimi hamıya çatardı. Ramazanın hər gecəsində Cəbrail onu ziyarətə gələr, qarşılıqlı Quran oxuyardılar.

Saleh qullar və Sünnə aşiqləri ramazan ayında fəqirlərə yardım etməli, Quran-kərimi də ən azı bir dəfə xətm edərək bu sünnəni ehya etməyə (yaşatmağa) çalışmalıdırlar. Peyğəmbərimiz ələlxüsus ramazanın son on günündə gecələr daha çox ibadət edər, ailəsini də bunun üçün oyandırardı. Quran-kərimin "min aydan daha xeyirli” olduğunu ifadə etdiyi Qədr gecəsi son on gecənin birindədir və bu gecənin 23-cü gecə olduğu daha qüvvətli ehtimaldır. Son on gecənin, əgər mümkün deyildirsə, ən azı 23-cü gecənin əhya edilməsi bu böyük fürsətin dəyərləndirilməsini də təmin edəcəkdir.

Tərtibatçı: Xəyyam Qurbanzadə


[1] Buxari, "Soum”, 20, Müslim, "Siyam”, 45

[2] Qovut – qəhvə və şəkər, yaxud əzilmiş qənd və hil ilə qarışdırılıb çox vaxt matəm mərasimlərində yeyilən püstə və ləbləbi unu

[3] Şəffaf kristal şəklində şəkər

[4] İbn Macə