TƏVƏSSÜL DUASI HAQQINDA

TƏVƏSSÜL DUASI HAQQINDA

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

Allah Rəsulu buyurmuşdur: "Ümmətimin içində bidətlər meydana gəldikdə alim öz elmini üzə çıxarmalıdır. Kim bunu etməzsə, Allahın lənəti onun üzərinə olsun!”[1]

 

ÇƏRŞƏNBƏ GECƏSİ (ÇƏRŞƏNBƏ AXŞAMI GÜNÜ AXŞAM)

OXUNAN "TƏVƏSSÜL” DUASI HAQQINDA

 ... Bu dua din rəhbərləri ilə (Peyğəmbər və hidayət imamları ilə) heç bir əlaqəsi olmayan tam əsassız bir duadır. Lakin Şeyx Abbas Qummi deyir: "Əllamə Məclisi demişdir ki, bəzi mötəbər kitablarda (?!) Mühəmməd ibn Babuvəyhdən nəql etmişlər ki, bu dua imamlardan gəlib çatmışdır”. Lakin kitabın adını, onun ravisini və hansı imamdan nəql olunduğunu müəyyənləşdirməmişdir!! Həmin dua şiə məzhəbinin "Səhifeyi-səccadiyyə”, onun "Riyazus-salikin” adlı şərhi, İbn Fəhd Hellinin "Uddətud-dai” və Şeyx Bəhainin "Miftahul-fəlah” kimi dualar barəsində yazılmış məşhur kitablarında qeyd olunmamışdır.

Bəli, bu "Təvəssül” duası şücaətli məzhəb yaradanların qondarmalarındandır. "Məfatihul-cinan” kitabının müəllifi işarə etmişdir ki, "Xacə Nəsirəddin Tusinin on iki imam duası” kimi tanınan dua həmin təvəssül duasıdır ki, onu alimlərdən birinin şərhi olan xütbə ilə birləşdirmişlər və Kəfəmi həmin xütbəni "Misbah” kitabının son hissələrində qeyd etmiş və "əl-Bələdul-əmin” kitabında "Məfatih”in təvəssül duasından bir xülasəni "Fərəc” duasının sonunda yerləşdirmişdir. Bilinməlidir ki, Xacə Nəsirəddin Tusi yaltaq, ikiüzlü, hər bir şəraitə uyğunlaşan və şəxsi mənfəətlərinə görə öz fikrini dəyişən bir alim idi və bir müddət yeddi imamçı ismaililərin xidmətində olmuşdu! Hər bir halda Xacə Tusi və onun kimilərin qanun qoymağa haqları yoxdur və Allah onların sözünü höccət hesab etməmişdir.

Duanın mətni də nöqsanlıdır, çünki heç bir imam öz duasında özünə təvəssül etməmişdir! Məsələn, İmam Hüseyn heç vaxt "Ey Əbaəbdillah, ey Hüseyn ibn Əli, ey Şəhid, ey Peyğəmbərin nəvəsi, ey Allahın məxluqat üzərindəki höccəti, ey bizim ağamız və mövlamız, həqiqətən, biz səni vasitə edərək Allaha üz tutduq, şəfaət istədik və Allaha yaxınlaşdıq! Ey Allah nəzdində şərəfli olan, bizə Allah yanında şəfaət et!” – deməmişdir. Yəni özünü çağırmamış və özündən şəfaət istəməmişdir. Yaxud, məsələn hələ babası belə doğulmamış öz kötükcəsini özünə şəfaətçi qərar verməmişdir!! Bu cür duaların qondarılması gülməlidir və ağılsızlığın bir göstəricisidir.

Şeyx Abbas Qummi deyir ki, başqa bir rəvayətə əsasən yuxarıdakı duadan sonra belə deyilməlidir: "Mən sizi vasitə edərək Allaha doğru üz tutdum... Allah nəzdində məni günahlarımdan qurtarın...!!” Şeyx Abbasdan soruşuruq: "Quran oxumamısan? Allahın sual cümləsi şəklində Öz Elçisinə müraciət edib bu məsələni inkar etdiyini görməmisən? Allah buyurur: "... Cəhənnəmdə olanı qurtara bilərsənmi?”[2] Başqa bir ayədə buyurur: "... Axı günahları Allahdan başqa kim bağışlaya bilər? ...”[3] "Ya sin” surəsinin 23-cü ayəsini[4] və günahlardan və günahların əzabından xilas olmağın başqasının yox, məhz Allahın əlində olduğunu buyuran ayələri oxumamısan? Deməli, əgər Allah Rəsulu bəndələri ilahi əzabdan qurtara bilmirsə, imamlar bunu necə edə bilərlər?”

Allah buyurmuşdur ki, möminlər əgər günah etsələr, Allahdan bağışlanma istəyərlər[5] və yaxşı əməllərlə pis əməllərin yuyulmasına çalışarlar[6]. Allah buyurmamışdır ki, onlar dünyadan köçmüş peyğəmbərləri və saleh şəxsləri vasitə qərar verərlər! Həzrət Əli belə ərz edir: "Səndən günahlarımın bağışlanmasını istəyirəm. O günahlar ki, onları Səndən başqa heç kim bağışlaya bilməz”[7]. Həzrət Zeynəlabidin (ə) da belə ərz edir: "... Hacətimi Səndən başqa heç kimdən istəmərəm, günahımı Səndən başqa bağışlayacaq yoxdur. ...”[8]

Həmçinin bu duada ("Təvəssül” duasında) Allah Rəsulu və imamlar "vəsilə” adlandırılmışdır ki, biz bu fikrin batil bir fikir olduğunu bəyan etmişik. Burada təkrar etmirik[9].

Çox təəssüflər olsun ki, xalq şirkə mübtəla olmuşdur, dualarında Allahdan başqasına yalvarıb-yaxarırlar və bu işə çox adət ediblər. Hər nə dəlil gətirirsənsə, bu işdən əl çəkmirlər və onların vəziyyəti Quranın təhdidlə "... Yalnız Allah çağırıldığı zaman inkar edir, Ona şərik qoşulduqda isə iman gətirirdiniz. ...”[10] – deyə buyurduğu şəxslərin vəziyyəti kimidir.

İbadət, o cümlədən dua Allahın göstərişinə uyğun olmalıdır. Allah harada buyruq vermişdir ki, Mənim müqərrəb bəndələrimi çağırın? Allah hər yerdə hazır və nazirdir və bəndələrin qəlbindən tam şəkildə agahdır. Belə bir Allahla əlaqə yaratmaq üçün vasitəyə ehtiyac yoxdur. Allah Rəsulu harada buyurmuşdur ki, kimin bir problemi vardırsa, məni, yaxud nəvələrimi çağırsın və onları vasitəçi seçsin?!

Təvəssül duası oxuyan şəxsdən soruşuruq: "Quranda oxumamısan ki, şəfaət etməyə heç kimin ixtiyarı yoxdur? Və şəfaət etmək yalnız Allahın verdiyi izn və ixtiyarladır? Bilmirsən ki, peyğəmbərlər və imamlar Allahın buyruğunun əksinə iş görmürlər?! Deməli, əgər sən, doğrudan da, şəfaət istəyirsənsə, onda Allahı çağırmalı, Ona yalvarıb-yaxarmalısan və Allah da kimi məsləhət bilsə, sənin üçün şəfaətçi qərar verəcək. Dünyadan köçmüş din böyüklərindən birini özün seçib onu özün üçün şəfaətçi qərar verməməlisən! Sənə şəfaət etməsini istədiyin Peyğəmbər, yaxud İmam sənin günahlarını bilir və sənin halın, xəyalın, sirlərin və fikirlərin haqqında məlumatı var? Peyğəmbər belə öz müasirlərinin gizli əməllərindən xəbərsiz idi[11]. Quranda da buyurulur ki, Allahdan başqa heç bir kəs bəndənin vəziyyətindən və günahlarından xəbərdar deyildir. Ayədə buyurulur: "... Öz qullarının günahlarını Bilən və Görən olaraq elə Rəbbin yetər”[12]. Bəs necə ümid edirsən ki, sənin hansı günaha mürtəkib olduğunu bilməyən İmam sırf ona yaltaqlıq etdiyinə görə gəlib sənə şəfaətçi olsun? Görəsən, bu təvəssül dualarını Peyğəmbər oxumuşdur? Yoxsa, yalnız Kəfəmi, Məclisi və onlar kimi şəxslər oxumuşlar? ...”

P.S. Peyğəmbər buyurmuşdur: "Ey camaat, Allahla heç bir kəs arasında qohumluq əlaqəsi yoxdur, mənfəətin cəlb olunması və zərərin uzaqlaşdırılmasına səbəb olacaq başqa heç bir əlaqə də mövcud deyildir! Bircə əməl istisnadır. Baxın! Heç kəs əsassız iddialar etməsin, heç kəs qəlbində xam arzuya qapılmasın. Məni doğru ilə göndərən Allaha and olsun ki, Allahın rəhməti ilə qarışmış əməldən başqa heç bir şey insanın xilasına səbəb olmaz. Mən özüm də günah etsəydim, süqut edərdim!”[13]

Başqa bir hədisində buyurmuşdur: "Ey Qüreyş camaatı, canlarınızı Allaha satın! Mən Allahdan gələn əzabı sizdən uzaqlaşdıra bilməyəcəyəm”. "Ey Əbdülmüttəlib oğulları, ey Əbdimənaf oğulları, ey Peyğəmbərin qızı Fatimə, ey Abbas ibn Əbdilmüttəlib, ey Peyğəmbərin bibisi Səfiyyə, mən Allahdan gələn əzabı sizdən uzaqlaşdıra bilməyəcəyəm!”[14]

İmam Mühəmmədbaqir (ə) buyurmuşdur: "... Ey Cabir! Allah yanında bəndələrin ən sevimlisi təqvası ən çox olan və Allaha ən çox itaət edən şəxsdir. And olsun Allaha ki, Allaha itaətdən başqa heç bir şeylə yaxınlaşmaq mümkün deyildir. Nə bizdə Cəhənnəmdən qurtuluşa dair bir şey var, nə də bir şəxsdə Allaha qarşı gətirəcək bir dəlil. Kim Allaha itaət edərsə, o bizim vəlimizdir (yəni bizim dostumuzdur). Kim Allaha üsyan edərsə, o bizim düşmənimizdir. Bizim vəlayətimiz (bizə bağlanmaq və dost olmaq) yalnız əməl və vərə (şübhəli şeylərdən belə çəkinmək) ilə əldə edilə bilər (yəni əməli və vərəsi olmayan şəxs Əhli-Beytə dost deyildir)”[15].

 

""Məfatihul-cinan”ın Quranla ziddiyyəti” kitabından, 7-ci fəsil

Müəllif: Əllamə Burqui

Mütərcim və tərtibatçı: Xəyyam Qurbanzadə

"Milli Görüş-Sabiqun” Hərəkatı

www.sabiqun.az

www.muselmanqadin.az

Telegram: https://t.me/sabiqun

 

 


[1] "Mizanul-hikmə”, c. 1, s. 321, "Kafi”dən nəql olunub.

[2] "Zümər”, 19

[3] "Ali-İmran”, 135

[4] "Mən heç Ondan qeyri ilahlar qəbul edərəm?! Əgər Rəhman mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və məni xilas edə bilməzlər”.

[5] "Ali-İmran, 135

[6] "Səbir et! Allah yaxşı iş görənlərin mükafatını zay etməz!” ("Hud”, 114)

[7] "əs-Səhifətul-ələviyyə”, "Min duaihi fil-isticarəti billah”, s. 238

[8] "Səhifeyi-səccadiyyə”, 12-ci dua

[9] Vəsilə iman, təqva, dua və ibadətdən ibarətdir, nəinki müqərrəb şəxslərdən.

[10]  "Mumin”, 12

[11] "Ətrafınızdakı bədəvilər və Mədinə əhalisi içərisində bəzi münafiqlər vardır ki, münafiqlikdə məharət qazanmışlar. Sən onların kim olduğunu bilməzsən, Biz isə onları tanıyırıq. ...” ("Tövbə”, 101)

[12]  "İsra”, 17

[13] "Ziyarət və ziyarətnamə”, s. 233/34

[14] Əbülfütuh Razinin təfsiri, c. 2, "Şüəra” surəsinin təfsiri, s. 141

[15] "Üsuli-kafi”, "Kİtabul-iman vəl-kufr”, "Babut-taəti vət-təqva”, 3-cü hədis