MƏĞRİB VAXTININ DAXİL OLMASINDA ELMİN VƏ ALİMLƏRİN (ÜLƏMANIN) RƏYİ-2

MƏĞRİB VAXTININ DAXİL OLMASINDA ELMİN VƏ ALİMLƏRİN (ÜLƏMANIN) RƏYİ-2

(Elm və şəriətin ölçülərinə uyğun olaraq məğrib (şam) namazının vaxtı)

MÜASİR FƏQİHLƏRİN RƏYİ

Məğrib namazının vaxtının diskin üfüqdən aşağı düşməklə daxil olduğuna qail olan müasir fəqihlərlə həmfikir olan ən görkəmli fəqihlərdən biri Seyid Mühəmmədhüseyn Fəzlullahdır. Ustadı Seyid Xoyi[1], həmçinin Seyid Həkimin[2] söylədiyi fikrə istinad etmiş və şəri qürub (Günəşin şəri baxımdan batmış hesab olunması) haqqında ona verilən suala belə cavab vermişdir: "Bizim fikrimiz Seyid Xoyi, Seyid Həkim və bir çox alimlərin fikri kimidir. O fikir də bundan ibarətdir ki, qürub (Günəşin batması) şərq tərəfdəki qırmızılığın gözdən itməsi ilə yox, Günəşin diskinin üfüqdən aşağı düşməsi ilə həqiqət tapır”[3].

 



 

 

 

 

Sünni dostları olan və ramazan ayında iftar vaxtında onlar iftarlarını 15 dəqiqə tez açdığına görə çətinliklə qarşılaşan və "Onlarla iftar etmək icazəlidir, ya yox?” – deyə ona sual verən şəxslərə belə cavab vermişdir: "Əgər təhqiq edərək Günəşin diskinin itməsinə (yəni üfüqdən aşağı düşməsinə) çatsaq, bizim rəyimizə əsasən iftar icazəlidir. Şərq tərəfdə yaranan qırmızılığın getməsi (yəni insanın başı üstündən keçməsi) haqqında danışılan rəvayətlər Günəşin diskinin itməsinə çatmaq üçün ehtiyat etmək xatirinədir, çünki Günəşin dağın dalında gizlənməsi mümkündür. Belə olduqda şərq tərəfdə yaranan qırmızılığın getməsi yəqinliyə çatmaqla şübhəni aradan qaldırır. Deməli, insan təhqiq edərək diskin itməsinə çatarsa və yer səhra, yaxud dəniz olarsa və diskin üfüqdən enməsini görərsə, qürub hasil olur (yəni Günəş batır). Nəql olunmuş bəzi rəvayətlərdə də deyilir ki, İmam Sadiq (ə) məğrib namazını şərq tərəfdə yaranmış qırmızılıq getməmişdən əvvəl qılardı. Deməli, təhqiq edərək Günəşin diskinin itməsinə çatsaq, insanın iftar etməsi mümkündür[4].

Bəli, Seyid Fəzlullahın fiqhi rəyi budur ki, Günəşin batması (qürub) Günəşin diskinin gözdən itməsi ilə həqiqət tapır, baxmayaraq, Günəş batdıqdan sonra şərq tərəfdə yaranan qırmızılığın aradan getməsinin həqiqət tapması üçün diskin gözdən itməsindən təxminən 15 dəqiqə sonraya qədər namazı təxirə salmaq müstəhəb ehtiyatdır[5].

Dövrün böyük fəqihlərindən olan mərhum Seyid Mühəmməd Hüseyni Ruhaninin[6] də bu barədə fiqhi görüşü belədir. "Minhacus-salehin” adlı fiqh kitabında belə fitva verir: "... Qürub (Günəşin batması) diskin üfüqdən aşağı düşməsi ilə bilinir. Lakin şərq tərəfdə yaranmış qırmızılıq aradan gedənə qədər məğrib (şam) namazının qılınmasını təxirə salmaq müstəhəb ehtiyatdır”[7].

Dövrün böyük və islahatçı müctəhidlərindən olan Əllamə Qərəvi[8] də Günəşin qürub etməsini məğrib namazının və iftarın başlanma vaxtı hesab edir və şərq tərəfdə yaranmış qırmızılığın insanın başı üstündən keçməsindən ibarət olan 15 dəqiqəlik zaman fasiləsinin əsassız bir şey olduğunu deyir. Bu barədə yazdığı "Məğrib kitabı” adlı risaləsinin sonunda belə yazır: "... Qürub (şəri baxımdan Günəşin batmış hesab olunması – X. Q.) məsələsində qeyd olunmuş mütəvatir xəbərlərdən belə məlum oldu ki, imamlar verilən şərhə əsasən Günəşin batmasını məğrib namazının və iftarın vaxtı ilə eyni vaxtda bilir və ona uyğun əməl edirdilər. Qırmızılığın aradan getməsi fikri istinbatın qəti prinsipləri ilə ziddiyyət təşkil edir və qəti mütəvatir xəbərləri görməzlikdən gəlməyə səbəb olur. Buna görə də bu fikir qəbul edilə bilməz və ona tabe olmaq bidət hesab olunur. ... Hətta qırmızılığın aradan getməsinin mötəbər olduğunu açıq-aydın şəkildə ifadə edən bir hədis belə yoxdur. ...”

Şeyx İrəvani[9] də Günəşin diskinin üfüqdən aşağı düşməsinə və şərq tərəfdəki qırmızılığın aradan getməsinə dəlalət edən rəvayətləri müzakirə etmiş və belə bir nəticəyə gəlmişdir: "Şərq tərəfdə yaranmış qırmızılığın aradan getməsinin mötəbər olduğunu sübuta yetirmək üçün istidlal olunan bu bəzi rəvayətlərin dəlalət baxımından tam və dolğun olmadığı, bəlkə, bəzilərinin sənəd baxımından tam olmadığı aydın oldu. Çünki birinci fikrin, yəni diskin gizlənməsi fikrinin rəvayətləri gizlənmənin kifayət etməsinə dəlalət etməkdə daha zahirdir (əzhərdir). Halbuki ikinci fikrin, yəni şərq tərəfdə yaranmış qırmızılığın aradan getməsi fikrinin rəvayətləri belə deyildir və onlar qırmızılığın aradan getməsinin mötəbər olmasında zahirdir. Ürfi qaydaya uyğun olaraq rəvayətlər ziddiyyətli olduqda zahirin əzhərin xeyrinə təvil olunması (yozulması) lazımdır. İkinci fikrin rəvayətlərinin müstəhəbliklə əlaqələndirilərək təvil edilməsi zəruridir”. Məşhurun mövqeyini müzakirə etdiyi vaxt belə deyir: "Gizli deyildir ki, əzhər (yəni daha zahir) olan diskin üfüqdən aşağı düşməsindən danışan rəvayətlərdir və qeyd olunan şey şərq tərəfdə yaranan qırmızılığın aradan getməsini gözləməyin vacib olduğu fikrini irəli sürən şəxsə nisbətdə başa düşülməyən bir sözdür.

Şərq tərəfdə yaranmış qırmızılığın aradan getməsi haqqında danışan rəvayətlərin sayı ondur, halbuki diskin gizlənməsi haqqında danışan rəvayətlərin sayı iyirmidən çoxdur. Onların dəlalət baxımından dolğunluğu daha doğru və daha çoxdur. Diskin gözdən itməsi haqqında varid olan (gəlib-çatan) xəbərlərin təvatür həddinə çatması yaxındır. Biz bunu "Riyaz” əsərində görürük və o kitabda qeyd olunur ki, həmin rəvayətlər qəti olaraq mütəvatirdir. "Camiu əhadisiş-şiə”[10], "Vəsailuş-şiə”[11], "Biharul-ənvar”[12] kitablarında (c. 8) və digər hədis və fiqh toplularında da biz bu hədisləri görürük”.

 

 

HƏDİS NÜMUNƏLƏRİ

İmam Cəfər Sadiqdən məğribin (məğrib namazının) vaxtı haqqında soruşulduqda belə cavab verdi: "Günəşin batması ilə şəfəqin (qərb tərəfdəki qırmızılığın) aradan getdiyi vaxt arasında!”

İmam Sadiq buyurmuşdur: "Günəş batdıqda və onun diski gözdən itdikdə məğrib namazının vaxtıdır!”

İmam Baqir əleyhissəlamdan nəql olunan bir rəvayətdə deyilir: "Peyğəmbər demişdir: "Günəşin diski gözdən itdikdə oruc tutan şəxs iftar edər və namazın vaxtı daxil olar!””

 

NƏTİCƏ

Məğrib namazının vaxtının daxil olması mövzusu ilə bağlı elmi və şəri baxımdan belə bir nəticə çıxarmalıyıq ki, məğrib (Günəşin batışı) diskin gözdən itməsi ilə həqiqət tapır. O gözdən itmə ki, onun mənası bir cəhətdən astronomiya elminə, digər cəhətdən səhih rəvayətlərin təvatürünə və başqa bir cəhətdən isə bir çox fəqihlərin fiqhi görüşünə əsasən aydındır.

Lakin Günəş batdıqdan sonra şərq tərəfdə yaranan qırmızılıq aradan gedən vaxta qədər namazı təxirə salmaq haqqında danışan xəbərlər yalnız yəqinliyin əldə olunmasının həqiqət tapmasını öyrətmək üçün varid olmuşdur. Buna görə də o rəvayətlər bir-birindən fərqlənir; bəzən qırmızılığın aradan getməsi, bəzən qırmızılığın insanın başı üstündən keçməsi, bəzən qırmızılığın dəyişilməsi, bəzən qırmızılığın şərq tərəfdən yaxınlaşması, yəni yeni ortaya çıxması, bəzən bir ulduzun, bəzən isə üç ulduzun görünməsi haqqında danışılır. Bu o deməkdir ki, o rəvayətlər qürub vaxtı, mənası aydın olan qürubla hasil olan məğribin hüdudunu bəyan etmək istəmir və yalnız qürubun (Günəşin batmasının) baş verməsinin əlamətini bəyan etmək üçün sadir olmuşdur. O əlamət ki, onun ortaya çıxması ilə mükəlləfin qürubun baş verməsinə reaksiya göstərməsi, iftar etməsi, məğrib namazını qılması, Ərəfatdan axın etməsi və bunlardan başqa qürubla əlaqədar hökmlər səhih olur. Lakin yəqinliyə çatmaq üçün lazım olan vasitələrin inkişaf etdiyi və Günəşin batışının heç bir şübhə olmadan qəti şəkildə həqiqət tapdığını öyrənmək mümkün olduğu bu müasir dövrdə həmin rəvayətlər vasitəsilə bizə gəlib-çatan ehtiyat tədbirləri üçün heç bir əsas tapmaq mümkün deyildir. Və bu, şərq tərəfdə yaranan qırmızılığın aradan getməsini gözləməklə ehtiyat etməyə çağıran rəvayətlərin yenidən oxunmasına və başa düşülməsinə bir çağırışdır. Ələlxüsus, o rəvayətlərin bəziləri Əhli-Beyt imamlarının dili ilə lənətlənmiş İbn Xəttab Kufidən bizə gəlib çatmışdır.

– Son –

www.bayynat.org.lb

Məqalənin nəşr olunduğu tarix:

h. q. 16 ramazan 1440, m. 21 may 2019

Müəllif: Şeyx Səlah Mərsul

Mütərcim və tərtibatçı: Xəyyam Qurbanzadə

(əlavələr və ixtisarlarla)

 

 

[1] Seyid Əbülqasım Xoyi (v. h. q. 1413 – m. 1993). Mühəqqiq Xoyi dərsdə cəlbedici bəyana və səlis məntiqə malik idi və mövzuları nizamlı, qüsursuz və faydalı şəkildə bəyan edirdi. Tələbə yetişdirməkdə çox müvəffəqiyyət əldə etmişdir. Hal-hazırkı mərcəi-təqlidlərin bəziləri onun tələbələri olmuşlar. Mühəqqiq Xoyi Nəcəfin son güclü mərcəi-təqlidi idi ki, İraka hakim bəəsçilərin illərlə nəzarəti altında qalmışdır. Ondan sonra Nəcəf Hövzəsi dağıldı və Nəcəf fəqihlərinin bir çoxu "BƏƏS” Partiyasının xəbis hakimlərinin əlilə şəhid edildi.

[2] Seyid Möhsün Həkim (v. h. q. 1390 – m. 1970). Fiqh sahəsində "Müstəmsikul-Ürvətil-Vüsqa” adlı böyük və istidlali bir kitabın müəllifidir. Kitab müxtəsər olmasına baxmayaraq, çox dərin və dəqiqdir. Marksistlər barəsində "Kommunizm küfr və ilhaddır” təbirilə verdiyi fitvası məşhurdur.

[3] "Nədvə”, c. 20, s. 489

[4] "Əhli-Beyt məzhəbində namaz və oruc”, s. 343, 344 

[5] "Əhli-Beyt məzhəbində namaz və oruc”, s. 121

[6] Ayətullah Seyid Mühəmməd Hüseyni Ruhani (h. q. 1338, 22 şəban – 1418, 19 rəbiüləvvəl – m. 1920, 9 may – 1997, 25 iyul). O, İranın dini rəhbərlərindən olmuşdur. 1920-ci il 9 mayda Qum şəhərində doğulmuş və 1997-ci il 25 iyulda həmin şəhərdə vəfat etmişdir. Onun cənazəsi öz hüseyniyyəsində torpağa tapşırılmışdır.

1935-ci ildə (15 yaşında ikən) Kərbəlaya mühacirət etmiş və Ayətullah Milaninin elmindən faydalanmışdır. 1937-ci ildə Nəcəfə getmiş və Mühəmmədhüseyn Qərəvi İsfahani (Kompani adı ilə tanınmışdır), Mühəmmədəli Kazımeyni, Mühəmmədrza Ali-yasin, Mühəmmədkazım Şirazi və Seyid Əbülqasım Xoyi kimi alimlərdən bəhrələnmişdir. O, İran İslam Respublikasında illərlə hökumətin əlindən fərari olmuşdur. İllərlə İranın şimalında, Tehranda və Məşhəddə müxtəlif evlərdə məxfi şəkildə yaşamışdır. Seyid Mühəmməd Hüseyni Ruhani 1965-1977-ci illər arasında "Nəcəf Elmi Hövzəsi”ndə Xomeyninin və İslam Hərəkatının ən məşhur müxalifi olmuşdur. Mərcəiyyət hövzəsində İslam Respublikası arxivinin qara səhifələrindən biri də Seyid Mühəmməd Hüseyni Ruhaninin dini rəhbərliyinə təzyiq göstərmək və maneə yaratmaq olmuşdur. Şiə hövzələrinin ənənəvi qaydalarına  uyğun olaraq o mərhum fəqih hicri-şəms təqviminin 70-ci illərində ələmiyyət kursunda olmuşdur. Rejim onun vəsiyyətinə əməl etməyə maneə yaratdığı üçün onun cənazəsi yaşadığı evində dəfn olunmuşdur.

[7] c. 1, s. 141, 475-ci məsələ

[8] Seyid Mühəmmədcavad Qərəvi (Musəvi Qərəvi) (m. 1903, 25 iyul İsfahanın İlvənabad kəndi – 2005, 27 sentyabr). Seyid Qərəvi müctəhidlərdən və müasir yazarlardan olmuş və İnqilabdan əvvəlki və sonrakı illərdə təhlükəsizlik təşkilatları tərəfindən toqquşmalarla qarşılaşmışdır. O, fiqhi kitabların mətnlərilə tanış olduğu vaxtdan etibarən bu fikirdə olmuşdur ki, şiə fiqhi təmizlənməli, yenidən yazılmalı və qəti Sünnə əsasında istidlal edilərək ona əsaslandırılmalıdır. Həmçinin o, İslam dinini Kitab və Sünnədə şərh verildiyi və İslam Peyğəmbərinin buyurduğu kimi xalqa bəyan etməyə və onun dəyişdirilmiş, yaxud təhrif edilmiş bir çox həqiqətlərini qəti dəlillərlə aydınlaşdırmağa və aşkar etməyə çalışmışdır. Seyid Mühəmmədcavad Qərəvi şəri və fiqhi məsələlərin istinbatında yalnız üç əsası qəbul edir: Kitab, Sünnə və Əql. O, icma və şiyanı istinad ediləcək bir əsas qəbul etmir və onun fikrincə icma – istər mühəssəl olsun, istərsə də mənqul – heç vaxt həqiqət tapmamışdır və şiya da ilahi hökmlərdə əsas hesab oluna bilməz. Buna görə də bu iki əsas üzərində bina olunmuş rəyləri tənqid və rədd etmiş və onların Allahın Kitabı və qəti Sünnə ilə ziddiyyətini sübuta yetirmişdir.

[9] Şeyx Baqir İrəvani. Üsuli xəttə mənsub olan fəqih, Qum və Nəcəf hövzələrinin ustadı, yazıçı və "əl-Bəşarə fi şərhi kitabil-icarə” ("İcarə kitabının şərhində müjdə”) kitabının müəllifi. Ayətullah Şeyx Mühəmmədtəqi İrəvaninin (h. q. 1331-1426 – m. 1913-2005) oğlu Şeyx Baqir İrəvani h. q. təqvimilə 1368-ci ildə (m. 1949) Nəcəfdə doğulmuşdur. Klassik dərslərini içində Şeyx Mühəmmədrza Müzəffərin də olduğu bir qrup alimin nəzarəti altında olan mədrəsələrdə oxuyub bitirdikdən sonra Elmi Hövzəyə daxil olmuş, öz təhsilini ciddiyyətlə davam etdirmiş, fiqh və üsul elmlərinin dərsi-xaric (magistr və doktorantura) mərhələsinə çatıb Nəcəf Hövzəsi mərcələrinin dərsində iştirak etmişdir. İran-İrak müharibəsi başladıqdan sonra Qum şəhərinə mühacirət etmiş və ali bakalavr səviyyəsində (sütuhi-ali) hövzə elmlərini tədris etmişdir. Ustadları: Ayətullah Xoyi, Şəhid Seyid Mühəmmədbaqir Sədr, Ayətullah Sistani, Ayətullah Seyid Mühəmmədsəid Həkim.

[10] Ayətullah Bürucərdi öz mərcəiyyəti zamanında fiqhi hədislərin daha yaxşı və daha kamil şəkildə tədvin olunması (sistemləşdirilməsi) üçün bir təklif verdi. Bu iş reallıqda Şeyx Hürr Amilinin "Vəsailuş-şiə” kitabında apardığı işinə yenidən baxış keçirmə, onu islah etmə və təkmilləşdirmə hesab olunurdu.

Bu təklif onun bəzi şagirdləri tərəfindən həyata keçirildi və işin nəticəsində 31 cildlik "Camiu əhadisiş-şiə” ("Şiə hədisləri toplusu”) kitabı meydana çıxdı və tədriclə nəşr olundu. Kitabın müəllifi Şeyx İsmail Müizzi Məlayiri müqəddimədə öz işi üçün 23 imtiyaz sayır ki, onların çoxu "Vəsailuş-şiə” kitabında yoxdur. Onlardan ən əhəmiyyətlisi hədislərin bölünməsindən, yaxud onların yersiz şəkildə tərtib və tənzim olunmasından qaynaqlanan problemlərin ortadan qaldırılmasıdır.

[11] "Təfsilu vəsailuş-şiə ila təhsili məsailiş-şəriə”. Bu kitab Şeyx Hürr Amili adı ilə tanınmış  (v. h. q. 1104 – m. 1693) Mühəmməd ibn Həsən ibn Əlinin əsəridir ki, kütübi-ərbəə və digər 180 kitabın hədislərini fiqhi babların tərtibinə uyğun olaraq özündə ehtiva edir. Bu kitabın hədislərinin cəmi bölünmüş və təkrar olunmuş hədisləri mülahizə etməklə təxminən 36000-ə çatır. "Vəsailuş-şiə”nin iyirmi cildlik komplekti və araşdırılmış və təshih edilmiş otuz cildlik komplekti bütün fəqihlər tərəfindən istifadə olunur və hal-hazırda adət olan yeganə qaynaqdır.

[12] Bu kitab Molla Mühəmmədbaqir Məclisinin əsəridir. Ən mükəmməl şiə hədis kitabıdır və Məclisinin bir qrup şagirdlərinin köməkliyi ilə tərtib olunmuşdur. İşin genişliyi və müəllifin şiə nəzdində nəql olunmuş bütün rəvayətlərin toplanmasına israr etməsi zəif və şazz xəbərlərin o kitaba yol tapmasına səbəb olmuşdur. Müəllifin hədəf və məqsədinə diqqət etsək, bunun təbii bir iş olduğu başa düşülər. Məclisi bəzən bəzi xəbərlərin problemlərini və onların zahiri ziddiyyətini həll etmiş, bəzən isə hədislərin sözləri (ləfzləri), yaxud məzmunları üçün şərh və təfsirlər vermişdir. "Biharul-ənvar”ın 110 cildlik çapından yalnız 77-ci cilddən 101-ci cildə qədəri şəri hökmlərdən danışan hədislərə aiddir.