MƏĞRİB VAXTININ DAXİL OLMASINDA ELMİN VƏ ALİMLƏRİN (ÜLƏMANIN) RƏYİ-1

MƏĞRİB VAXTININ DAXİL OLMASINDA ELMİN VƏ ALİMLƏRİN (ÜLƏMANIN) RƏYİ-1

(Elm və şəriətin ölçülərinə uyğun olaraq məğrib (şam) namazının vaxtı)

Həqiqətən, namaz vaxtlarının açıqlanmasında Günəşin hərəkəti əsas götürülür. Belə ki, Günəş bizim üçün ulduz şəklində işıq olaraq yox, disk şəklində görünür. Bunu belə ifadə edə bilərik ki, Günəş batdıqda onun üst tərəfinin tamamən üfüqün altında gizlənməsi, belə ki, onun büsbütün gözdən itməsi lazımdır. Günəş doğarkən də vəziyyət belədir. Diskin daha çox hissəsi üfüqün altında qalmasına baxmayaraq, onun yalnız üst tərəfinin üfüqdən çıxması kifayət edir. Zəval da[1] belədir. Günəşin mərkəzinin meridiandan keçməsi əsas götürülməlidir.

Buna əsasən məğribi (şam namazının vaxtını) Günəşin mərkəzinin qərb üfüqünə yaxınlaşması ilə ayırd etməyimiz mümkündür. Bu mənada ki Günəşin qərb üfüqünün 18 dərəcə altında olmasını nəzərə almağımız mümkündür ki, bu miqdar ağ şəfəq vaxtının sonudur. Burada fəcr və məğrib vaxtları arasında Günəşin zahiri (görünən) hərəkəti ilə bir əlaqə vardır. Astronomik və elmi baxımdan məğribin başlanğıcı Günəşin üst tərəfinin qərb üfüqünə çatmasıdır.

Astronomiya elmi vasitəsilə əldə edilən hesablama əməliyyatı və şəri baxımdan ümumi şəkildə namaz vaxtlarının Günəşin hərəkətinə (daha doğrusu, Yerin öz oxu ətrafındakı gündəlik hərəkəti ilə Günəş ətrafındakı illik hərəkətinə) bağlı olması bizi mövcud günəş hərəkətinin ayrılmaz olduğu və beş namaza diqqət edərək vaxtların müəyyənləşdirilməsində ona (yəni Günəşin hərəkətinə) diqqətsizlik etməyin qeyri-mümkün olduğu həqiqətinə çatdırır. Lakin bizim burada mövzumuz məğrib namazının vaxtının daxil olması və ələlxüsus iftar (oruc açma) olduğuna görə elmi baxımdan Günəşin diskinin üfüqdən aşağı düşməsi məğribin vaxtının daxil olduğunu göstərir. Biz burada bu məsələni şəri baxımdan da müzakirə etməyə çalışacağıq.

Fəqihlərin rəylərini nəzərinizə çatdırmamışdan əvvəl bir məsələni izah etmək istəyirik ki, biz üç anlayışı ayırd etməyi bacarmalıyıq:

Birinci anlayış: Diskin gizlənməsi, yəni Günəşin diskinin tamamən gözdən itməsi. Buna "istitarul-qurs” deyilir.

İkinci anlayış: Günəş batdıqdan sonra şərq tərəfdə yaranmış qırmızılığın aradan getməsi. Günəş batdıqdan sonra şərq tərəfdə bir qırmızılıq görünür ki, 13-15 dəqiqə davam edir. Bu qırmızılığın aradan getməsini "zihabul-humrətil-məşriqiyyə” adlandırırlar.

Üçüncü anlayış: Günəş batdıqdan sonra qərb tərəfdə yaranmış qırmızılığın aradan getməsi. Şərq tərəfdə yaranmış qırmızılıq aradan getdikdən sonra qərb tərəfdə qırmızılıq yaranır və bir saata yaxın davam edir. Onun aradan getməsini "şəfəqin aradan getməsi” adlandırırlar.

 

FİQHİ RƏY

"Məğrib” sözü "qürub” sözündən tutulmuşdur və o "Günəşin üfüqdən aşağı düşməsi ilə gözdən itməsi”, – deməkdir[2]. Mühəqqiq Hellinin[3] "Mötəbər” adlı fiqhi əsərində belə yazılır: "Günəşin batması ilə məğrib namazının vaxtı daxil olur. Bu fikir ətrafında alimlər icma etmişlər. Onun (yəni məğrib namazının) fəzilətli vaxtının sonu şəfəqin aradan getməsinə qədərdir”[4].

Əllamə Helli "Təzkirə”[5] əsərində belə yazır: "Alimlərin icmasına əsasən Günəşin qürub etməsi ilə məğrib namazının vaxtı daxil olur. Və bizim alimlərimiz Günəşin batmasının əlaməti barəsində ixtilaf etmişlər. ... Onların bəziləri demişdir ki, diskin üfüqdən aşağı düşməsi səhralarda görünür. Abadlığa və dağlara gəlincə divarların başında və dağların zirvələrində Günəş işığından bir şey qalmamaqla onun batdığı məlum olur. Əksər alimlərin hamısının qəbul etdiyi görüş budur”[6]. Ola bilsin ki, bu onların hicri 8-ci əsrdə (m. 14-cü əsrdə), ondan əvvəl və sonra yaşadıqlarına görədir ki, məğribin vaxtının daxil olmasını öyrənmək üçün dəqiq yeni vasitələrə sahib olmamış və bu məqamda səhraları, şəhərləri və dağları bir-birindən ayırmışlar.

Şeyx Tusi belə yazır: "Məğrib namazının vaxtı Günəşin gözdən itməsidir və onun son vaxtı şəfəqin gözdən itməsidir. Şəfəq qərb tərəfdə yaranmış qırmızılıqdır. Günəşin gözdən itməsinin əlaməti budur ki, əgər o (yəni mükəlləf) üfüqü və səmanı özü ilə onlar arasında bir maneə olmadan buludsuz (saf) şəkildə görsə və Günəşin gözdən itdiyini müşahidə etsə, onun batdığı mükəlləfə məlum olar (yəni mükəlləf onun qürub etməsi barəsində yəqinlik əldə etmiş olar). Bizim böyük alimlərimiz arasında şərq tərəfdə yaranmış qırmızılığın aradan getməsinə riayət edən alimlər vardır. Və bu iş əhvətdir! ...”[7] Onun sözlərindən belə başa düşülür ki, o, şərq tərəfdə yaranmış qırmızılığın aradan getməsini gözləməyi müstəhəb ehtiyat bilir. Lakin məğrib namazının vaxtı Günəşin batması ilə daxil olur.

Hicri-qəməri təqvimilə 6-cı əsrin (m. 13-cü əsr) böyük fəqihi olan Qütbüddin Beyhəqi Keydəri özünün "İsbah” əsərində Şeyx Tusinin istifadə etdiyi mətnin özünü əxz etmişdir. Bu onu göstərir ki, bu fiqhi rəy uzun əsrlər boyu böyük fəqihlər arasında yayğın bir rəy olmuşdur.

İbn Əbicümhur əl-Əhsai[8] özünün "Məsalik” əsərində bu məsələni müzakirə etmişdir. O belə yazır: "Qürub (yəni Günəşin batması) Günəşin gözdən itməsi ilə hasil olur, yoxsa əlavə bir şeyə də ehtiyac vardır?” Onun sözünün xülasəsi budur: "Digərləri (yəni digər alimlər) şərq tərəfdəki qırmızılığın aradan getməsini (yəni insanın başı üstündən keçməsini) şərt qoşmuş və onun barəsində rəvayətlərin olduğunu demişlər. Lakin daha qüvvətli görüş budur ki, şərq tərəfdəki qırmızılığın aradan getməsi qürubun (Günəşin batmasının) əlamətidir, qürub deyildir və qürubda şərt də deyildir. Əksinə, maneə və şübhə olduğu yerdə əlamət olaraq müəyyənləşdirilmişdir. Yoxsa, qürub Günəşin gözdən itməsi ilə həqiqət tapır və onun barəsində səhih rəvayətlər vardır”[9].

Fazil Hindi[10] "Kəşfül-lisam” əsərində məsələ ilə əlaqədar olan fikirləri qeyd etdikdən sonra belə bir rəy söyləyir: "Bu barədə ən yaxşı fikir Əbuəlinin fikridir. O belə deyir: "Günəşin batması arada heç bir maneə olmadan onun diskinin gözdən itməsi barəsində yəqinliyin əldə olunmasıdır. Bunun dəlili həmin mütləq (qeydsiz-şərtsiz) xəbərlərdir və o xəbərlərdə bildirilir ki, onun (gözdən itmənin) vaxtı diskin gözdən itməsi, yaxud gizlənməsidir, yaxud Günəşin gözdən itməsi, yaxud onun batmasıdır, çünki Günəş sözü lüğət və ürf baxımdan qırmızılığa yox, diskə aid olan (diskə insiraf edən) bir anlayışdır”[11].

Bu məqamda ən gözəl fikir Mühəqqiq Səbzivarinin[12] özünün "Zəxirə” əsərində dediyi fikirdir: "Kim bütünlüklə bu xəbərlər üzərində düşünərsə və onlar barəsində dərindən fikirləşərsə, bilər ki, o xəbərlərdən bizim seçdiyimiz məna başa düşülür. Həmin xəbərlərin məğribin (məğrib namazının) əvvəlinin diskin üfüqdən aşağı endiyi, yaxud Günəşin batdığı, yaxud diskin gizləndiyi vaxt olduğuna dəlaləti məna baxımdan mütəvatirdir. Sirr deyildir ki, lüğət və ürfə uyğun olaraq o xəbərlərdən başa düşülən məna bizim qeyd etdiyimiz mənadır. Heç bir şəxs o xəbərlərdən "şərq tərəfdə yaranmış qırmızılığın aradan getməsi” mənasını başa düşmür. "Məsumlar (Salam olsun onlara!) vaxtı müəyyənləşdirdilər və onu lüğət və ürf baxımdan nəzərdə tutulan mənaya zidd bir mənanın başa düşüldüyü ibarələrlə (sözlərlə) bu çoxlu mövzularda məhdudlaşdırdılar”, – deyilməsi ağlasığmaz hesab olunur. ...”[13] Onun sözü ən aydın sözdür və ən şiddətli anlaşılmazlığı aradan qaldırmağa zamin olan bir sözdür. "İləl” kitabında Şeyx Səduq[14], İbn Cüneyd[15], "Fiqhur-Rza”[16] kitabında Əli ibn Babuvəyh Qummi[17], əl-Qazı İbnul-Bərrac[18], bəzi məktublarında Seyid Mürtəza, "Mədarik” kitabının müəllifi Seyid Amili[19], "Müstənəd” kitabında Nəraqi[20], "Miftahul-kəramə” kitabının haşiyəsindən çıxan nəticəyə əsasən Bəhrülülum[21], "Məfatih” və "Vafi” kitablarında Mühəddis Kaşani[22], "Biharul-ənvar”da Məclisi[23] və Əhli-Beyt məktəbinin digər fəqihləri də bu fikri söyləmişlər və onların da rəyi bu idi ki, qürub və məğrib namazının, iftarın vaxtının daxil olmasının həqiqət tapması Günəşin diskinin üfüqdən aşağı düşməsi və gizlənməsilə olur. Və şərq tərəfdəki qırmızılığın aradan getməsini gözləmək vacib deyildir, baxmayaraq, onların bəziləri qırmızılığın aradan getməsini gözləməyin müstəhəb ehtiyat olduğunu açıq-aydın şəkildə bildirmişlər.

Xülasətul-kəlam: Baş verdiyi zaman iftar etmək (oruc açmaq) və məğrib namazını qılmaq icazəli olan məğribin vaxtı və Günəşin batması ilə zöhr və əsr namazlarının vaxtının sona çatması barəsində alimlər arasında ittifaq (yekdil fikir) vardır. Lakin onlar qürubun nə ilə həqiqət tapması barəsində ixtilaf ediblər. Gördüyümüz kimi, alimlərin böyük bir qrupunun fikirlərindən belə görünür ki, qürub (batış) diskin üfüqdən aşağı düşməsi ilə həqiqət tapır.

(ardı var)

www.bayynat.org.lb

Məqalənin nəşr olunduğu tarix:

h. q. 16 ramazan 1440, m. 21 may 2019

Müəllif: Şeyx Səlah Mərsul

Mütərcim və tərtibatçı: Xəyyam Qurbanzadə

(əlavələr və ixtisarlarla)

 

 

 

 

[1] Günəşin ən təpə nöqtəsindən qərb üfüqünə doğru meyil etməsi anı

[2] "Muqniə”, s. 93

[3] Nəcməddin Cəfər ibn Həsən Helli. Mühəqqiq Helli, yaxud Mühəqqiqi-Əvvəl (Birinci Mühəqqiq) adı ilə tanınır (v. h. q. 676 – m. 1278). "Mühəqqiq” adı mütləq olaraq ona aiddir. Fiqh elmində "Şərayiul-İslam” ("İslam qanunları”), "əl-Muxtəsərun-nafi” ("Faydalı müxtəsər kitab”) – "Şərayiul-İslam”ın xülasəsidir – və "əl-Mutəbəru fi şərhil-Muxtəsər” (""Müxtəsər”in şərhində mötəbər kitab”) – daha çox işlənən kitabdır – kimi dəyərli kitabların müəllifidir. "Şərayiul-İslam” kitabı şiə hövzələrində dərslik kimi istifadə olunurdu və indi də olunmaqdadır. Bu kitaba çoxlu şərhlər və haşiyələr yazılmışdır.

[4] c. 2, s. 30

[5] Həsən ibn Yusuf ibn Əli ibn Mütəhhər Helli (v. h. q. 726 – m. 1326). Əllamə Helli adı ilə tanınır. "Əllamə” adı mütləq olaraq ona aiddir. Fiqh elmində Mühəqqiq Helli və Əllamə Hellini "Fazilan” ("İki fəzilətli şəxs”) adlandırırlar. Əllamənin 100-ə yaxın əsəri olduğu bilinir. Lakin onun əsərlərinin cəminin iki yüz adda olduğu təxmin edilmişdir. Fiqh elmində ən mühüm kitabları bunlardan ibarətdir: "İrşadul-əzhan ila əhkamid-din” ("Zehinlərin dinin hökmlərinə doğru sövq edilməsi”), "Təbsirətul-mütəəllimin” ("Tələbələrin maarifləndirilməsi”) – bu kitab bəzi hövzələrdə dəsrlik kimi istifadə olunur –, "Qəvaidul-əhkam” ("Hökmlərin qaydaları”), "Təhrirul-əhkam” ("Hökmlərin yazılması”), fiqhi-müqarəndə (müqayisəli fiqhdə) "Təzkirətül-füqəha” ("Fəqihlərin öyüd-nəsihəti”), "Müntəhəl-mətləb” ("Mətləbin sonu”), "Nəhayətul-əhkam” ("Hökmlərin sonu”) və yenilik və misilsiz bir iş olan "Müxtələfuş-şiə” ("Şiənin fərqli və ixtilaflı məsələləri”). "Müntəha”, "Müxtələf”, "Nəhayə” və "Təzkirə” əsərləri istidlali (deduktiv), "Təhrir”, "İrşad” və "Qəvaid” kitabları isə qeyri-istidlali (qeyri-deduktiv) əsərlərdir. Əllamə əhli-sünnə fiqhini əhli-sünnə alimlərindən, fəlsəfəni Xacə Nəsirəddin Tusidən, şiə fiqhini isə müxtəlif ustadlardan, o cümlədən atasından və dayısı Mühəqqiq Hellidən, həmçinin İbn Səiddən öyrənmişdir.

[6] "Təzkirətül-füqəha”, c. 2, s. 310

[7] "əl-Məbsut”, c. 1, s. 74

[8] İbn Əbicümhur Əhsai (v. h. q. təqvimilə 901-ci ildən (m. 1496-cı ildən) sonra). "Əvalil-ləali” adlı bir hədis kitabının müəllifidir. Fiqhdə Şəhid Əvvəlin "əl-Qəvaid vəl-fəvaid” adlı kitabına oxşar "əl-Əqtabul-fiqhiyyə vəl-vəzaifud-diniyyə əla məzhəbil-imamiyyə” ("On iki imamçı şiə məzhəbinə əsasən fiqhi dayaqlar və dini vəzifələr”) adlı bir kitabı vardır.

[9] Həmin mənbə

[10] Bəhauddin Mühəmməd ibn Həsən (v. h. q. 1137 – m. 1725). Bir müddət Hindistanda qaldığı üçün Fazil Hindi adı ilə tanınmışdır. O, "Kəşful-lisam ən qəvaidil-əhkam” ("Hökmlərin qaydaları üzərindən örtüyün açılması”) adlı kitabın müəllifidir ki, bu kitabı yazdığına görə "Kaşifül-lisam” ("Örtüyü açan”) adı ilə tanınmışdır. Mühəddis Nuri öz ustadından nəql edir ki "Cəvahirul-kəlam” kitabının müəllifi Şeyx Mühəmmədhəsən onun fiqhi rəylərinə çox etimad edirdi və onun kitabı olmadıqda "Cəvahirul-kəlam”dan heç nə yazmırdı.

Həmin kitabın müqəddiməsində yazır: "Əqli və nəqli elmləri oxuyub tamamladıqda hələ də həddi-büluğa çatmamışdım”.

[11] c. 3, s. 36

[12] Mühəmmədbaqir Səbzivari (v. h. q. 1090 – m. 1679). "Kifayətul-əhkam” ("Kifayət edən hökmlər”) və "Zəxirətul-məad fi şərhil-İrşad” (""İrşad” kitabının şərhində məad azuqəsi”) adlı kitabların müəllifidir. "Zəxirənin müəllifi” adı ilə tanınmışdır. Mühəqqiq Səbzivari Şeyx Bəhai və Birinci Məclisinin yanında təhsil almış və həm fiqhi, həm də fəlsəfi bir məktəb olan İsfahan məktəbində tərbiyə olunmuşdur. Həm əqli, həm də nəqli elmləri bilirdi. Əbuəlinin "Şifa” əsərinin "İlahiyyat” bölməsinə yazdığı haşiyəsindən onun fəlsəfi şəxsiyyəti aşkar olur.

[13] "Zəxirətul-məad”, c. 2, s. 192

[14] Şeyx Səduq adı ilə tanınan Mühəmməd ibn Əli ibn Babuvəyh (v. h. q. 381 – m. 992). Təxminən iyirmi il atasının tərbiyəsi altında olmuşdur. Onun digər ustadlarından Mühəmməd ibn Həsən ibn Vəlidin adını çəkə bilərik. Şeyx Səduq hədis əhlinin təfəkkür nümayəndəsidir. Şeyx Səduqdan təxminən 200 əsər yadigar qalmışdır. Onun ən mühüm  fiqhi əsərləri bunlardır: "əl-Muqni”, "Mən la yəhzuruhul-fəqih” və "əl-Hidayə”. Rey şəhərində dəfn olunmuşdur.

[15] İbn Cüneyd İskafi (v. h. q. 381 – m. 992). O, Şeyx Mofidin, Nəccaşinin və Şeyx Tusinin şeyxlərindən/ustadlarından olmuşdur. Özündən sonra təxminən 50 əsər yadigar qoymuşdur.

[16] s. 73, s. 103

[17] Əli ibn Babuvəyh (v. h. q. 328, yaxud 329 – m. 941, yaxud 942). Onu və oğlu Mühəmməd ibn Əli ibn Babuvəhyi "Səduqeyn” adlandırırlar. Lakin Şeyx Səduq deyildikdə mütləq şəkildə oğul nəzərdə tutulur. Ata fəqih və fitva sahibi olmuş, oğul da müctəhid mühəddislərdən olmuşdur. Səduqi-Əvvəl Qumda Həzrət Məsumənin pak hərəminin yaxınlığında dəfn olunmuşdur.

[18] "Mühəzzəb”, c. 1, s. 69, "Cəvahirul-fiqh” kitabında da bunu qeyd etmişdir. s. 255

[19] Mühəmməd ibn Əli Musəvi Amili. "Mədarikul-əhkamın müəllifi” kimi tanınmışdır (v. h. q. 1011 – m. 1603). Bu kitab "Şərayiul-İslam” kitabının şərhidir. O, bir çox mövzularda ustadı Müqəddəs Ərdəbili kimi məşhurla müxalifət etmişdir.

[20] Molla Əhməd Nəraqi (v. h. q. 1245 – m. 1830). Seyid Bəhrülülumun, Kaşifulğitanın və atası Molla Mehdinin tələbələrindən və Şeyx Ənsarinin ustadlarından olmuşdur. Atası kimi fəlsəfə, kəlam və riyaziyyatda da güclü idi. "Əvaidul-əyyam fi mühimmati ədillətil-əhkam” ("Hökmlərin dəlillərinin mahiyyətlərində günlərin qazancları”) onun əsərlərindən biridir ki, bir aidəsində (qazancında) vəlayəti-fəqih (fəqihin hakimiyyəti) barəsində ətraflı bəhs etmişdir. Üsuli-fiqh elmində atasının "Təcridul-üsul” kitabına yazdığı şərhdən əlavə "Miftahul-əhkam və mənahicul-üsul” ("Hökmlərin açarı və üsulun metodları”) adlı kitabın da müəllifidir. Onun "Meracus-səadət” kitabı əxlaq elmində yazılmış məşhur bir kitabdır.

[21] Seyid Mühəmmədmehdi Bəhrülülum (v. h. q. 1212 – m. 1798). Əllamə Bəhrülülum adı ilə tanınmışdır. Vəhid Behbəhani və Şeyx Yusif Bəhraninin tələbələrindən və Seyid Cavad Amili, Şeyx Əhməd Nəraqi, Mühəmmədtəqi İsfahani, Seyid Mühəmməd Mücahid, Şeyx Cəfər Kaşifülğita, Seyid Möhsün Ərəci və Şeyx Əsədullah Tustərinin ustadı olmuşdur. Fiqh elmində təharət və namaz mövzularına şamil olan "əd-Dürrətun-Nəcəfiyyə” ("Nəcəf incisi”) adlı mənzum bir əsəri vardır. "əl-Fəvaidül-üsuliyyə” ("Üsuli faydalar”), "əl-Fəvaidül-ricaliyyə” ("Rical elminə aid olan faydalar”) və "əl-Məsabih” kitabları onun fiqh elmində yazdığı digər əsərləridir. Bəhrülülum məqamlarına, seyr və sülukuna görə şiə alimləri tərəfindən fövqəladə ehtiram göstərilən şəxs olmuşdur. Məsumluq dərəcəsinə yaxın olan bir dərəcədə olduğuna inanılır. Ondan çoxlu kəramətlər nəql olunmuşdur. Kaşifülğita öz əmmaməsinin təhtəlhənəyi ilə onun nəleyninin (dabansız yüngül ayaqqabı) tozunu təmizləyərdi.

[22] Molla Möhsün Feyz Kaşani (v. h. q. 1091 – m. 1679). Seyid Macid Bəhrani və Şeyx Bəhainin şagirdi olmuş, hikmət və fəlsəfədə Molla Sədra və Mirdamaddan bəhrələnmişdir. İkinci Məclisi və Seyid Nemətullah Cəzairi onun şagirdlərindəndir. Hədis elmində "Vafi” kitabını, fiqh elmində isə "Məfatihuş-şəraye” ("Qanunların açarları”) kitabını yazmışdır. Onun yüzdən çox əsəri olduğunu qeyd etmişlər.

[23] Mühəmmədbaqir Məclisi (v. h. q. 1110 – m. 1699). Əllamə Məclisi adı ilə tanınır. "Biharul-ənvar”, "Üsuli-kafi”nin şərhində "Miratul-üqul” ("Əqllərin güzgüsü”) və "Təhzibul-əhkam”ın şərhində isə "Məlazul-əxyar” ("Seçilmişlərin pənahgahı”) adlı kitabların müəllifidir. Öz dövründə şeyxülislam olmuş və dini maarifin fars dilində yayılmasında mühüm bir rol ifa etmişdir. Feyz Kaşani və Şeyx Hürr Amili onun ustadlarından, Seyid Nemətullah Cəzairi isə onun şagirdlərindən və "Biharul-ənvar”ın yazılmasında onun yardımçılarından hesab olunurlar.