RAMAZAN AYININ ƏVVƏLİ VƏ SONUNUN TƏSBİT EDİLMƏSi

RAMAZAN AYININ ƏVVƏLİ VƏ SONUNUN TƏSBİT EDİLMƏSi

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

RAMAZAN AYININ ƏVVƏLİ VƏ SONUNUN TƏSBİT EDİLMƏSİ[1]

  1-ci sual: Röyəti-hilal nə deməkdir? Bunun dini həyatımızdakı yeri nədir?

  Cavab: Röyəti-hilal yeni Ayın görünməsi deməkdir. Həzrət Peyğəmbər buyurmuşdur: "Biz ümmi bir ümmətik. Yazmaq və hesablamaq nə olduğunu bilmirik. Ay bu qədər və bu qədərdir. Yəni ay iyirmi doqquz, yaxud otuz gün olur”[2]. Başqa bir hədisində isə buyurmuşdur: "Ayı gördükdə oruc tutun, Ayı gördükdə isə orucu pozun (yəni orucu yeyin, bayram edin!) Əgər bir maneə üzündən Ay görünməzsə, şəban ayını otuz gün olaraq tamamlayın!”[3] Röyət "görmək” deməkdir. Peyğəmbərimiz (s) oruca başlamağı və onu sona çatdırmağı Ayın görünməsi ilə əlaqələndirdiyi üçün "röyəti-hilal” oruc ibadətinin başlanmasını və sona çatmasını göstərən işarə və zaman ölçüsü olmuşdur. Görmək (röyət) həqiqi və hökmi deyə iki hissəyə ayrılır. Qərb üfüqündə bir maneə (bulud, duman və s.) olmadığı üçün gözlə və ya yaxınlaşdırıcı cihazla (teleskopla) görmək "həqiqi olaraq görmək”dir. Üfüqdə bulud və başqa bir maneə olduğu üçün əvvəlki ayı otuza tamamlayaraq oruca başlamaq, yəni hilalın görünməsinin mümkün olmasını görmə yerinə qoymaq isə "hökmi olaraq görmək”dir. Rəsulullah ümmətinin ilk çağını (bu çağda oxuma-yazma və hesablama bilgisinin yayğın olmadığını) nəzərə alaraq hər bir kəsin hər bir şərt içində başa düşüb tətbiq edə biləcəyi sadə ölçülər vermişdir. "Biz yazmaq və hesablamaq nə olduğunu bilmirik” sözü ogünkü vəziyyəti ifadə edir. Bu söz "davamlı olaraq müsəlmanların yazma və hesablama bilməz bir cəmiyyət olacağı” şəklində izah edilə bilməz, çünki vaqiə (reallıq) bunun əksini göstərir. Buna görə ümmət içində oxuyub yazma və hesab bilgisi inkişaf edər və yayılarsa, ""doğrudan görmə” yerinə Ayın görünməsinin mümkün olacağı yer və zamanları elm və hesablama ilə təsbit edərək əvvəlcədən elan etmə görmə yerinə keçərmi?” sualı ortaya çıxır. Bu suala bir çox alim kimi bizim də verəcəyimiz cavab müsbətdir. Əslində hökmi röyət hədis ilə sabitdir. Bu da mahiyyəti etibarilə hökmi röyətdir. Çünki elm və hesablama ilə təsbit edilən məsələ hilalın nə vaxt, harada – bir maneə olmasa, – görünməsinin mümkün olmasından ibarətdir.

  2-ci sual: Türkiyədə səlahiyyətli məqamların ramazanın başlanğıcı haqqında əvvəlcədən hazırlanmış təqvimlərə əsaslanan təsbitləri qəbul edilə bilərmi? Və nə üçün?

   Cavab: Türkiyədə səlahiyyətli məqamlar Kandilli Rəsədxanası ilə Dini İşlər İdarəsidir. Bir qanunla qəməri aylarının əvvəlinin təsbit edilməsi vəzifəsi rəsədxanaya verilmişdir. Dini İşlər İdarəsi də burada təsbit edilənləri elan edir.

  Bu məsələni təsbit etdikdən sonra sualınıza verəcəyim cavab "Bəli, qəbul edilə bilər”, – şəklində olacaqdır, çünki

  a) Rəsədxananın qurucusu Fatin xoca eyni zamanda bir İslam alimidir. Bu şəxs qəməri ayların əvvəlini təsbit edərkən astronomiyanı şəri ölçülərə tabe edən prinsiplər qoymuş, bu prinsiplər inkişaf etdirilərək bu günə qədər rəsədxana tərəfindən tətbiq olunmuşdur. Astronomiyaya görə, Ay ilə Günəşin eyni zamanda batmağa başladıqları zamana ictima (qovuşma) zamanı deyilir və qəməri ay bu qovuşmadan digərinə qədər davam edib tamamlanır. Dinə görə, ictima zamanını və ondan sonrakı günü ayın əvvəli olaraq qəbul etmək mümkün deyildir, çünki ictima günü Ayın görünməsi mümkün deyildir. İctimadan sonrakı günün axşamında da hər vaxt Ay görünmür. Dinə görə, ayın əvvəli Ayın gözlə görünməsinin mümkün hala gəldiyi axşamın sonrakı günüdür. Fatin xoca qəməri ayların əvvəlini ictimaya görə deyil, Ayın görünməsinin mümkün hala gəlməsinə görə tənzimləmiş, hesablamalarını buna görə aparmışdır. Yəni xocanın qoyduğu prinsip hökmi röyətə uyğun gəlir və bu vəziyyətdə bir maneə olmadığı təqdirdə həqiqi röyətin də həqiqət tapması mümkündür.

  b) Dini İşlər İdarəsi 1974-cü ildə, Rəsədxana, İ.Y.Texniki Elmlər (Fən) Fakültəsi və Xəritəçəkmə Baş İdarəsinin səlahiyyətli şəxsləri ilə silsilə toplantılar tərtib etmiş, bu toplantılarda İslam dünyasında dini günlərin əvvəli və sonu mövzusunda meydana çıxan ixtilafı və fərqi aradan qaldıracaq tədbirləri təsbit etmişdir. O cümlədən Fatin xocanın Ayın ilk görünəcəyi və qərbdəki yer olaraq təsbit etdiyi Mərakeşdəki bir təpə tərk edilmiş, bunun yerinə dünyanın harasında olursa-olsun ramazan hilalının ilk görünə biləcəyi yer əsası gətirilmişdir. Bundan əvvəl heç bir yerdə hilalın görünməsi mümkün olmayacağına görə heç bir yerdə ramazan və bayram daha əvvəl başlamayacaqdır. Sonra başlamasının qarşısını almaq üçün də əksər fəqihlərin qəbul etdikləri "ixtilafi-mətaliə etibar etməmə” hökmü mənimsənilmişdir. Bununla İslam dünyasının bir yerində hilal göründükdə başqa yerdə – Şərqdən Qərbə qədər müxtəlif bölgələrdə – hilalın görünüb-görünməməsindən asılı olmayaraq ramazan və bayramın başlamasının zəruri olduğu hökmü nəzərdə tutulur. 1978-ci ildə İstanbulda toplanan "İslam millətlərarası röyəti-hilal” konfransı da bu hökm və qərarı mənimsəmişdir. Dini İşlər İdarəsi təqvimini bu əsaslara görə hazırlayır, dini gün və bayramları buna görə elan edir. Bu üsul elmə və dinə uyğun olduğu üçün mötəbərdir və qəbul edilə biləcək mahiyyətdədir.

  3-cü sual: Bu mövzuda bu vaxta qədər nə üçün bir görüş birliyinə varılmamışdır?

  Cavab: Bunun səbəbi 1978-ci ildə İstanbulda "Qəməri ayların əvvəlinin təsbit edilməsi” mövzusunda keçirilən elmi konfransın qərarlarını imzalayan bir neçə ölkənin həmin qərarlara tabe olmamasıdır.

 27-30.11.1978-ci il tarixində on doqquz ölkə və üç təşkilatdan 41 nümayəndənin iştirakı ilə keçirilən bu konfransda astronomiya və din alimləri ayrı və bərabər toplantılar, mübahisə və müzakirələr aparmış, nəticədə ittifaqla aşağıdakı maddələri də ehtiva edən qərarlar qəbul etmişlər:

  a) İstər adi gözlə, istərsə də müasir elmin müşahidə metodları ilə olsun əsas olan Ayın görünməsidir (röyəti-hilal).

  b) Astronomların hesablama ilə təsbit etdikləri qəməri ayların əvvəlinə dini baxımdan etibar edilə bilməsi üçün onların özlərinin bu təsbitlərini hilalın Günəş batdıqdan sonra – görünməyə mane olan faktorların olmaması vəziyyətində – gözlə görünə biləcək şəkildə üfüqdə felən mövcud olması əsasına istinad etdirmələri lazımdır ki, bu da "hökmi röyət” deyilən görmədir.

  c) Hilalın görünə bilməsi üçün müəyyən bir yer şərt deyildir. Yer üzünün hər hansı bir bölgəsində hilalın görünməsi mümkün olarsa, buna istinad edərək ayın başladığına hökm etmək doğrudur. İslam dünyasında dini birlik və bərabərliyi təmin edə bilmək üçün röyət Məkkeyi-Mükərrəmədə qurulacaq rəsədxana tərəfindən elan edilməlidir. Sonrakı maddədə müştərək təqvim hazırlanması qərara alınmışdır. Buna görə də Türkiyə, Tunis, Əlcəzair, Səudiyyə Ərəbistanı, İrak, Qətər, Küveyt və Misirdən seçilən üzvlərin təşkil etdiyi təqvim komissiyasının periodik (dövri) olaraq toplanıb fəaliyyət göstərməsi qərara alınmışdır.

  Həm elmə, həm də dinə uyğun olan bu qərara başda Səudiyyə Ərəbistanı olmaqla bir neçə ölkə israrla tabe olmur. Uzun fəaliyyətlərdən sonra əldə edilən birlik bəzi ölkələr tərəfindən əqli bir əsas göstərilmədən felən pozulur. Bunlara sual verildiyi zaman "Biz röyətə görə hərəkət edirik”, – deyə cavab verirlər. "Məzkur qərar da röyəti əsas götürmüşdür, bundan əvvəl hər hansı bir yerdə Ayın görünməsi mümkün deyildir”, – deyildiyi vaxt "Biz onu-bunu bilmirik. Bizdə bir müsəlman Ayı gördüm”, – deyə məhkəməyə müraciət edərsə, hakim bunu qəbul etmək və ayın əvvəlinin gəldiyinə hökm etməyə məcburdur. Biz də hakimin qərarına tabe olarıq”, – deyə cavab verirlər. Belə görünür ki, idarəçiliyə və rəhbərliyə toxunmadığı üçün belə bir tətbiqə və qərara tabe olaraq "şəriəti tətbiq edir görünmək” bu ölkələrin işinə yarayır.

 4-cü sual: Başqa bir ölkədə görünməsi Türkiyədə yaşayan müsəlmanları nə qədər maraqlandırır?

  Cavab: Qəbul edilən qərara tabeçilik göstərilsəydi, Yer üzündə Ayın ilk görünə biləcəyi yer tək olduğu üçün bütün İslam dünyası eyni gündə oruca başlayacaq, eyni gündə bayram keçirəcəkdi. Bu qərara tabe olmayanlar təfriqəyə səbəb olurlar. Türkiyədə yaşayan müsəlmanlar Dini İşlər İdarəsinin elanına tabe olmalı və heç olmasa, qərara tabe olan ölkələrlə birlikdə Türkiyədə birlik təmin olunmalıdır. Ramazanı və bayramı daha əvvəl elan edən ölkələrə tabeçilik göstərilməməlidir, çünki

  a) İslam elmin qəti olaraq "olmaz”, – dediyinə "olar”, "imkansız”, – dediyinə "mümkündür”, – deməz. Təsbit edilən prinsiplərə görə, konfrans qərarlarına uyğun ayın əvvəli elanından öncə Ayın görünməsi elmi baxımdan qeyri-mümkündür. Felən də görünməmişdir. Birlikdə aparılan müşahidələr bu nəticəni təsdiq edir.

 

  b) Hənəfilərə görə, hava açıq olduqda Ayı bir-iki şəxs yox, insana xatircəmlik verəcək bir cəmiyyətin görməsi lazımdır. Halbuki hənbəli və şafei məzhəblərinə görə, bir-iki şəxsin "gördüm”, – deməsi yetərlidir. Türkiyədə yaşayan müsəlmanların çoxu hənəfidir, açıq havada bir-iki şəxsin "Ayı gördüm”, – deməsinə baxmayaraq, digər insanların görməməsi hənəfilərə görə, "röyətin sabit olmadığını” göstərir.

  c) Öz ölkə və bölgəsində Ay görünmədiyi üçün oruca başlamayan, yaxud bayram etməyən müsəlman günahkar olmaz. Çünki bir çox müctəhid bölgələr arasında gün fərqinin ola biləcəyi və hər bölgənin öz röyətini əsas götürməsi lazım olduğunu müdafiə etmişlər. Fərqli gündə tutulan oruc və keçirilən bayram bu ictihada uyğun gəlir və buna tabe olan müsəlmana "sən günah etdin”, – deyilə bilməz. Lakin müsəlmanlar arasına təfriqə salan, onları din və ibadət mövzusunda şübhəyə qərq edən, başqaları oruc tutarkən orucu pozub bayram keçirən, camelərdə bayram namazı qılmağa çalışan şəxslərə "sən fitnə çıxarır, günah edirsən”, – deyilə bilər.

  Hədəf İslam dünyasında birliyi təmin etmək olmalı, bu hədəfə çatıncaya qədər də hər bir ölkə öz daxilində birliyə riayət etməlidir. Birlik bu qədər əhəmiyyətli olmasaydı, İslam dini ona bu qədər önəm verməz, birliyi təmin etmək üçün bölgə fərqinə etibar etmədən bir gündə oruca başlanması və bayram keçirilməsi hökmünü verməzdi.

  ç) Namaz vaxtları da Kitab və Sünnədə Günəşin hərəkəti, işıq və görmə vəziyyətlərilə əlaqələndirilmişdir. Fəcr, zəval, kölgənin əşyaya nisbətdə onun bir və ya iki misli olması, Günəşin batması və şəfəq namaz vaxtlarını göstərən əlamətlərdir. Bu gün demək olar ki, bütün müsəlmanlar namazlarını bu əlamətləri müşahidə edib təsbit edərək yox, təqvimə baxaraq, azana qulaq asaraq qılırlar. Müəzzinlər də azanlarını təqvimə baxaraq oxuyurlar. Günəşin hərəkətini və buna görə işıq və kölgə vəziyyətini hesablayaraq təqvim hazırlamaqla Ayın hərəkətini hesablayıb ayın əvvəlinin təqvimini hazırlamaq arasında elmi və şəri baxımdan bir fərq yoxdur. Orucumuzu açarkən də yenə də təqvimə baxır, Günəşin batmasını buradan öyrənirik. O halda ikili standartı tərk edib mötəbər təqvimlərə və elanlara tabe olmaq ən tutarlı və möhkəm yoldur.

 

 

 

[1] "Zaman” qəzetinin apardığı reportajdır. 1987-ci il

[2] Buxari, "Soum”, 13

[3] Buxari, "Soum”, 11