TƏQLİD HAQQINDA ŞƏRİ SUALLARA CAVABLAR

TƏQLİD HAQQINDA ŞƏRİ
SUALLARA CAVABLAR

TƏQLİD HAQQINDA ŞƏRİ

SUALLARA CAVABLAR

\"\"Təqlidə aid bir çox məsələlərin bu dövrdə mükəlləflərin qarşılaşdığı bir şey olduğunu nəzərə alaraq, idarəmizə daxil olan bəzi şəri sualların məzmununu cavabları ilə birlikdə nəşr etməyin faydalı olduğuna inanırıq. İnanırıq ki, bununla ümumi fayda əldə olunar və ölüyə təqlid etməkdə davam etməyin (yəni baqi qalmağın) hökmlərinə və ona aid olan bəzi qaranlıq məsələlərə işıq salmış olarıq.
Sual: Təqlid etdiyi müctəhid vəfat etdikdən sonra ona təqlid etməyi davam etdirməkdə (yəni ona baqi qalmaqda) mükəlləf nəyə əsaslanmalıdır?
Cavab: Ölüyə təqlid etməyi davam etdirmək məsələsində diri dini rəhbərə müraciət vacibdir.
Sual: Ölüyə təqlid etməyi davam etdirməyin şəri yolu nədir?
Cavab: Ölüyə təqlid etməyi davam etdirmək üçün mükəlləf ya müəyyən bir diri dini rəhbərə müraciət etməli, ya da diri müctəhidlərdən müəyyən birinə müraciət etməsə də, onların fiqhi rəyinin ittifaqına və birliyinə əsaslanmalıdır.
Sual: Ölüyə təqlid etməyi davam etdirmək vacibdir, yoxsa icazəlidir?
Cavab: Əgər mükəlləf vəfat etmiş mərcənin ələm olmasına etiqad edirsə, bəzi fəqihlər deyirlər ki, bu surətdə ölüyə təqlid etməyi davam etdirmək vacibdir.
Sual: İbtidadan ölüyə təqlid etməyə başlamaq icazəlidirmi?
Cavab: Bəzi fəqihlərə görə ibtidadan ölüyə təqlid etməyə başlamaq icazəlidir. Mükəlləf həmin fəqihə müraciət edərsə, ibtidadan ölüyə təqlid etməyə başlaması icazəli olar.
Sual:Təqlid üçün müraciət olunan dini rəhbərin ələm olması şərtdirmi?
Cavab: Ələmliyin şərt olması barəsində mübahisə vardır. Bir çox fəqihə görə təqlid üçün müraciət olunan şəxsdə bu bir şərt kimi sübuta yetməmişdir.
Sual: Dini rəhbər Seyid Mühəmmədhüseyn Fəzlullahın mərcəi-təqlid üçün ələmliyin şərt olması barəsindəki fikri nədir?
Cavab: Dini rəhbər Əllamə Seyid Mühəmmədhüseyn Fəzlullah ələmliyi şərt olaraq görmürdü. Fəqihlər arasında mütləq ələm şəxsin varlığının reallığı yoxdur.
Sual: Cənab Seyidin müqəllidlərinin onun vəfatından sonra ona təqlid etməyi davam etdirmələri icazəlidirmi? Bu necə olmalıdır?
Cavab: Cənab Seyidə təqlid etmiş şəxsin ona təqlid etməyi davam etdirməsi bu iki yoldan biri ilə icazəlidir:
a) Ölüyə təqlid etməyi davam etdirməyin icazəli olmasında onun fitvasını əxz etmək üçün müəyyən bir diri dini rəhbərə müraciət etməli,
b) yaxud müəyyən diri dini rəhbərə müraciət etməsə də, Cənab Seyidə təqlid etməyi davam etdirmək üçün ölüyə təqlidi davam etdirməyin icazəli olması məsələsində diri fəqihlərin fiqhi rəyinin ittifaqına əsaslanmalıdır.
Sual: Cənab Seyidə təqlid etməmiş şəxsin vəfatından sonra ona təqlid etməsi icazəlidirmi?
Cavab: Vəfatından əvvəl cənab Seyidə təqlid etməmiş şəxs ibtidadan ölüyə təqlid etməyin icazəli olmasına fitva verən camiuş-şərait (bütün şərtləri özündə cəmləşdirən) diri bir dini rəhbərə müraciət edərək Seyidin vəfatından sonra ona təqlid etməyə başlaya bilər. Və belə bir dini rəhbər (yəni ibtidadan ölüyə təqlid etməyin icazəli olmasına fitva verən dini rəhbər) vardır.
Sual: Cənab Seyidin müqəllidlərinin ona təqlid etməyi davam etdirmələri vacibdirmi?
Cavab: Əgər mükəlləf Cənab Seyidin ələmliyinə inanırsa, bir qrup fəqihlərin rəyinə əsasən ona təqlid etməyi davam etdirmək vacibdir.
Sual: Müasir məsələlərin hökmü nədir?
Cavab: Müasir məsələlərdə diri dini rəhbərə müraciət olunmalıdır.
Sual: Yeni məsələlər barəsində Cənab Seyidin fikirləri vardırmı?
Cavab: Cənab Seyid özünün fiqhi rəyləri ilə yeni ortaya atılmış müxtəlif məsələləri əhatə etmişdir. Belə ki, yaxın müddət ərzində mükəlləf diri dini rəhbərə müraciət etmə ehtiyacı hiss etməyəcəkdir.
Sual: Qəməri ayların əvvəllərinin sübuta yetməsi məsələsi diri müctəhidə müraciət edilməsi vacib olan müasir məsələlərdən hesab olunur?
Cavab: Ramazan ayının və bayramın başlanması kimi qəməri ayların əvvəllərinin sübutu müasir məsələlərdən hesab olunmur, əksinə Cənab Seyidin müqəllidləri bu barədə onun rəyinə tabe olmağı davam etdirməlidirlər.
Cənab Seyid Mühəmmədhüseyn Fəzlullahın dini-şəri idarəsi
Tərcümə: Xəyyam Qurbanzadə