CÜMƏ QÜSLÜNÜN HÖKMÜ

(Əllamə Sadiqi Tehraninin fitvalarına əsasən)

Cümə qüslü vacib qüsllərdəndir, ələlxüsus cümə namazında iştirak edən şəxslər üçün. Bu fikrin tərəfdarlarından biri də məhrum Şeyx Səduqdur. Şeyx Mofid də "Muqniə” əsərində onu vacib bir sünnə hesab etmişdir. Və bu özü də qüsl ayələrinin və bəzi səhih rəvayətlərin mütləq tələbidir. Cümə qüslünü vacib hesab edən səhih və çoxlu rəvayətlər qarşısında onun vacib olmamasının, yəni müstəhəb, yaxud müstəhəbbi-müəkkəd (ciddiyyətlə tövsiyə olunmuş müstəhəb) olmasının əksər müctəhidlər tərəfindən qəbul edilməsinin bu hökmün pozulmasında heç bir rolu yoxdur[1].

İmam Rza əleyhissəlamdan cümə günü qüsl etmək barəsində soruşulduqda belə cavab verdi: "Hər bir kişiyə və qadına – istər qul olsun, istərsə də azad insan olsun – vacibdir!”[2]

İmam Cəfər Sadiq (ə) buyurmuşdur: "Həzərdə (səfərdə olmadıqda) kişilər və qadınlar cümə günü qüsl etməlidirlər. Kişilər səfərdə də qüsl etməlidirlər. Qadınların isə səfərdə qüsl etməsi vacib deyildir”[3]. 

İmam Sadiqdən nəql olunan digər rəvayətdə buyurulur ki, səfərdə qadınların cümə qüslünü tərk etməsinə su az olduğuna (yəni su qıt olduğuna) görə icazə verilmişdir[4].

Buradan belə nəticə çıxır ki, əgər səfərdə su qıtlığı olmazsa, qadınların da səfərdə cümə qüslü verməsi vacibdir.

Peyğəmbərin (s) Həzrət Əliyə (ə) belə vəsiyyət etdiyi rəvayət olunmuşdur: "Ey Əli! İnsanların hər yeddi gündən bir qüsl etməsi vacibdir. Suyu öz gününün qüvvəsini (yəni yeməyini) satıb həmin gün ac qalmaqla almağa məcbur olsan belə, hər cümə qüsl et! Həqiqətən, cümə günü qüsl etməkdən böyük Sünnə yoxdur”[5].

İmam Sadiq (ə) cümə günündə qüsl etməyin səbəbi haqqında demişdir ki, ənsar özlərinin su daşıyan dəvələri və malları ilə işləyirdilər. Cümə günündə məscidə gəlirdilər. Camaat onların qoltuqlarının altından və bədənlərindən gələn iydən əziyyət çəkirdi. Allah Rəsulu onlara qüsl etməyi əmr etdi və onunla (yəni o əmrlə) Sünnə vaqe oldu (yəni Allah Rəsulunun əmri ilə cümə qüslü Sünnəyə çevrildi)”[6].

İmam Sadiqdən (ə) onun belə dediyi rəvayət olunmuşdur: "Cümə günü qüsl etməyi yalnız fasiq bir şəxs tərk edər!”[7]

Digər vacib və müstəhəb qüsllər kimi cümə qüslündən sonra da dəstəmaz almağa ehtiyac yoxdur ki, "Hansı dəstəmaz qüsldən daha çox pak və pakedicidir?” hədisi[8] bütün qüsllərə şamil edilir[9].

Cümə qüslünün əvvəl sübh azanından zöhrə (yəni zöhr azanına) qədər yerinə yetirilməsi vacibi-əvvəlidir (yəni ilk vacibdir)[10]. Onun ilk vaxtının fəcri-sadiq tülu etdiyi vaxt (yəni sübh namazı daxil olduqda) olması barəsində heç bir ziddiyyət yoxdur və Zürarə və Füzeylin səhih rəvayəti də ona dəlalət edir: "İmam Sadiqə dedik: "Fəcrdən sonra qüsl etsəm, cümə üçün kifayət edir?” İmam: "Bəli!” – deyə cavab verdi[11].

Cümə qüslü cümə gününün zöhründən sonra cümə günü Günəş batana qədər vacibdir. Ondan sonra əgər məzur (üzrlü şəxs) cümə axşamı gününün fəcrindən cümə günü fəcr tülu edənə (sübh azanına) qədər cümə qüslünün vacib qəzasını yerinə yetirə bilməmişdirsə, şənbə günü Günəş batana qədər onun qəzası mükəlləfə vacibdir[12].

Cümə qüslü edən əsnada, yaxud ondan sonra insandan hədəsi-əsğər (dəstəmazı batil edən işlər) xaric olarsa, onun təkrarən yerinə yetirilməsi vacib deyil və qüsl batil olmur[13]. Lakin namaz üçün dəstəmaz almaq vacibdir.

 

CÜMƏ QÜSLÜ NECƏ YERİNƏ YETİRİLİR

Cümə qüslünün yerinə yetirilmə qaydası ilə cənabət qüslünün yerinə yetirilmə qaydası arasında heç bir fərq yoxdur. Fərq yalnız niyyətdədir. "Allah rizası üçün cümə qüslü edirəm” şəklində niyyət edilir.

Cümə qüslü verərkən aşağıdakı duanı oxumaq müstəhəbdir: "Şahidlik edirəm ki, Allahdan başqa İlah yoxdur və Onun şəriki də yoxdur və şahidlik edirəm ki, Mühəmməd Onun qulu və Elçisidir. Ey Allahım! Mühəmməd və onun Alinə (tərəfdarlarına) salam və salavat göndər və məni tövbəkarlardan və təmizlənmişlərdən qərar ver!” Kim bu duanı oxuyarsa, bu cümədən digər cüməyə qədər pak olar[14]. Yəni günahları təmizlənər, yaxud onun əməlləri mənəvi təmizlik üzərində vaqe olar və qəbul olunar.

 

MÜTƏRCİM VƏ TƏRTİBATÇI: XƏYYAM QURBANZADƏ



[1] Əllamə Sadiqi Tehrani, "Yeni tovzihil-məsail” risaləsi, s. 106

[2] "Vafi”, c. 7, "Kitabut-təharə vət-təzəyyün”, "Əbvabul-ğüsl”, b. 38, h. 1, müə: Feyz Kaşani

[3] "Vafi”, c. 7, "Kitabut-təharə vət-təzəyyün”, "Əbvabul-ğüsl”, b. 38, h. 3, müə: Feyz Kaşani

[4] "Vafi”, c. 7, "Kitabut-təharə vət-təzəyyün”, "Əbvabul-ğüsl”, b. 38, h. 4, müə: Feyz Kaşani, "Hidayə”, "Cümə gününün qüslü” babı, s. 102

[5] "Müstədrəkul-vəsail”, "Əbvabul-əğsalil-məsnunə”, b. 3, h. 9

[6] "Vafi”, c. 7, "Kitabut-təharə vət-təzəyyün”, "Əbvabul-ğüsl”, b. 38, h. 24, müə: Feyz Kaşani

[7] "Müstədrəkul-vəsail”, "Əbvabul-əğsalil-məsnunə”, b. 4, h. 2

[8] "Vəsailuş-şiə”, c. 2, s. 248, b. 34, h. 4

[9] Əllamə Sadiqi Tehrani, "Yeni tovzihil-məsail” risaləsi, 201-ci məsələ, s. 106

[10] Əllamə Sadiqi Tehrani, "Yeni tovzihil-məsail” risaləsi, 202-ci məsələ, s. 106

[11] "Vəsailuş-şiə”, "Əbvabul-əğsalil-məsnunə”, b. 11, h. 1

[12] Əllamə Sadiqi Tehrani, "Yeni tovzihil-məsail” risaləsi, 202-ci məsələ, s. 106

[13] Seyid Mühəmmədhüseyn Fəzlullah, "Fiqhuş-şəriə”, c. 1. s. 183, m. 417 

[14] "Vəsailuş-şiə”, "Əbvabul-əğsalil-məsnunə”, b. 12, h. 1





Bu yazını ÇAP ET

.