25 İyun 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

ŞİƏ-SƏLƏFİ VƏHDƏTİNƏ DOĞRU

Şiə rəhbəri Seyid Mühəmmədhüseyn Fəzlullahın iki İslam məzhəbinin dialoquna çağıran dəvəti diqqət çəkmiş və şiə müsəlmanları ilə sünni-sələfi cərəyanı arasında həqiqi və ciddi dialoqa səsləniş olmuşdur. Bu sələfi cərəyanına «vəhhabilik» adı verilsə də, onlar özlərini israrla sələfi adlandırırlar.
Seyid Fəzlullahın bu addımı heç də gözlənilməz deyil. O, otuz ildir ki, öz xütbələrində, yazılarında və görüşlərində islami vəhdətə və müsəlmanları ayırmağa çalışanlara fürsət verməməyə çağırır. Bir çox ölkələrdə bu sahədə uğur da qazanmışdır.
Seyid Fəzlullahın dəvəti onu izləyənlərin diqqətini cəlb etmişdir. Çünki bu dəvət tarix boyunca aralarında hər hansı dialoq olmayan və ziddiyyətlərin mövcud olduğu iki məzhəb arasında danışıq qapılarını açır. Onun dəvəti iki tərəf arasında ixtilafları aradan götürür və buz dağını əridir.
Seyid Fəzlullah bu dəvətindən sonra sələfi şeyxlərindən ibarət nümayəndə heyətini qəbul etmişdir. Onlar İslam içərisində ideya və rəy ixtilafları qarşısında şiə-sünni birliyinə səsləyən çağırışı alqışlamışlar.
Seyid Fəzlullah heyət qarşısında xüsusilə qeyd etmişdir ki, İslam yarandığı gündən bəri indi ən təhlükəli mərhələsini yaşayır. Çünki Qərb tərəfindən İslamın mahiyyətini sarsıtmaq məqsədi güdən mədəni müharibə aparılır. İslam ölkələri birbaşa işğala məruz qalır. O, müsəlmanların sərvətlərinin soyğunçuluğa düçar olmasına, strateji mövqelərinin ələ keçirilməsinə, Livanda və İraqda baş verənlərə diqqət çəkərək ehtiyatlı olmağa çağırmışdır. ABŞ-ın rəhbərliyi altında olduqca böyük idarələrin və müəssisələrin İslamı məhv etmək üçün qurduqları planlar haqqında danışmışdır.
Seyid Fəzlullah nümayəndə heyətinə müraciət edərək demişdir: «Şiə və ya sünni məzhəbinin öz içərisində ixtilafları olduğu kimi, məzhəblər arasında da əqidəvi və hüquqi ixtilaflar var. Əgər İslama sadiq insanlarıqsa, İslamın möhkəm vücuduna nail olmaq üçün ciddi dialoqa başlamalıyıq».
Heyət isə cavabında Fəzlullaha bildirmişdir: «Sələfi cərəyanı bir çoxlarının fikirləşdiyi kimi təkfirçi (başqa məzhəbləri kafir bilən) cərəyan deyildir. Biz bir-birimizi qarşılıqlı olaraq anlamalı və bunun üçün ən faydalı yollar axtarmalıyıq. Sələfilər və şiələr arasında dialoqa dəvət etməyinizə çox sevindik. Amerikanın İslama qarşı başladığı mübarizə qarşısında bu olduqca vacib işdir».
Bu zaman Seyid Fəzlullah «Müsəlman Qardaşlar Cəmiyyəti»nin rəhbəri Həsən Əl-Bənnanın – Allah ona rəhmət etsin – «İttifaq etdiyimiz şeylərdə əməkdaşlıq etməli, ixtilaf etdiyimiz şeylərdə isə bir-birimizi məzur görməliyik!» fikrinə əsaslanaraq buyurdu: «Qərb düşüncəsinə münasibətdə hamımız cavabdehik, başqaları ilə tanış olmalı, bəzi islami təşkilatların İslama xidmət etməyən hərəkətlərini isə tənqid etməliyik».
Seyid Fəzlullahın sələfi nümayəndə heyəti ilə görüşündən sonra «Nəhar» qəzeti yazırdı: «İki tərəf görüş təşkil edəcək və bu mövzunu davam etdirmək üçün Seyid Fəzlullah bir qrup din xadimləri ilə orada təmsil olunacaq. Bir sıra məsələlərlə yanaşı, sələfilərin şiə əleyhinə mənbələri də müzakirə olunacaqdır».
Seyid Fəzlullah Livandan və kənar yerlərdən bu addımları alqışlayan tərəfdar ordusu ilə qarşılandı. Habelə internet vasitəsi ilə onun dəvəti alqışlandı.
Qeyd olunur ki, 90-cı illərin əvvəllərində Seyid Fəzlullah Tehranda Səudiyyə Ərəbistanı xarici işlər naziri Əmir Səid Feysəllə görüşmüş və təklif etmişdir ki, «İslam Dünyası Rabitəsi» təşkilatı Məkkədə bəzi şiə şeyxlərini qəbul etsin və hər iki tərəf sünni və şiə arasında dialoqun əsasını qoysunlar. Bu zaman Feysəl təklifi alqışlamış, lakin o zamanlar İran və Ərəb ölkələri arasındakı siyasi həssaslıq üzündən təklif həyata keçməmişdir.
Seyid Fəzlullah «Nəhar» qəzetinə bildirdi ki, «İslami dünyamızda bütün məzhəb və cərəyanların elmi əsasa söykənəcəyi yeni iqlim yaradılmalı və ortaya çıxan fikir ayrılığı dəlillərlə müqayisə edilməlidir. Axı İslam dünyası ABŞ, bir çox qərb dövlətləri, o cümlədən «Avropa Birliyi» tərəfindən həm mədəni, həm iqtisadi həmlələrə məruz qalır. Müsəlmanlar arasındakı ixtilaflardan fitnə yaratmaq məqsədilə istifadə olunur. Lakin bu ixtilaflar keçmişin qalıqlarından, tarixi və psixoloji gərginliklərdən başqa bir şey deyildir».
Sonra əlavə etdi: «Biz sübut və dəlillərə söykənən, hər bir tərəfə elmi nəzəriyyəsini ortaya qoyma imkanı verən sakit və şüurlu dialoqa çağırırıq. Artıq reaksiyalar görmüşəm. Livandan və bir çox Ərəb ölkələrindən insanlar qəbul etmişəm və bu dəvətin reallığa çevrilməsi mexanizmini tərtib etməkdə razılaşmışıq».
Seyid Fəzlullah İranın mövqeyi haqqındakı suala belə cavab verdi: «İranda vəhdət və məzhəblərarası yaxınlıq üzərində işləyən bəzi alimlərlə əlaqələr yaratmış və bildirmişəm ki, vəhdət istiqamətində səylər kifayət qədər olmadığından bəzən bir-birimizi aldadırıq».
«Bu dəvətə müsbət cavablar almısınızmı?» sualına belə cavab verdi: «Bəli, sünni və şiə şəxsiyyətlərindən müsbət cavablar almışam. Məqsəd isə yeni reallığa qədəm qoyub müsəlmanları hədələyən təhlükənin qarşısını almaqdır».
İzləyənlər gündən-günə anlayırlar ki, dini rəhbər Seyid Fəzlullah öz düşüncələrində təriqətçilik və problem yaratmaq siyasətindən uzaqdır. Əksinə, dialoqa, vəhdətə və bir-birini qəbul etməyə öz çağırışlarında israrlıdır, sağlamlığı bahasına olsa belə öz missiyasını davam etdirmək fikrindədir.
Rizvan Uqeyl
«Nəhar» qəzeti, 23.08.2007
Məlumat S. M. Fəzlullahın www.bayynat.org.lb
ünvanlı internet saytından götürülmüşdür.
«Fitrət»- 2008, 1(15)



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun