25 Avqust 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

ŞİƏ VƏ VƏLAYƏTİ-FƏQİH

(1-ci müsahibə)

Seyid Mühəmmədhüseyn Fəzlullah: "Şiənin əksəriyyəti vəlayəti-fəqih nəzəriyyəsini qəbul etmir!”

Livanlı şiə mərcə Ayətullah Fəzlullah ilk dəfə ərəb şiələrin İrana tabe olduqları yönündəki ittihamların tamamilə zalımanə və haqsız ittihamlar olduğunu bildirərək, şiələr içərisində İrana tərəfdar olanlar olduğu kimi, müxalif olanların da olduğunu göstərdi. Mübahisələrin və etirazların məzhəbi zəmindən uzaq tutulması lazım olduğunu bildirən Seyid Fəzlullah problemlərin daha çox siyasi və ictimai sahədə olduğuna diqqət çəkdi.

Seyid Fəzlullah bəzilərinin şiələr haqqında Amerika tərəfdarı olma ittihamını rədd edərək Amerika ilə çox strateji əlaqələr quran bir çox sünni olduğunu, bu səbəblə problemin məzhəb dairəsinin xaricində olduğunu söylədi.

Şiə düşüncəsi ilə əlaqədar bir çox suala cavab verən livanlı alim, ələlxüsus, dini rəhbərlik, ərəb-şiə dini rəhbərliyinin varlığının iranlılar tərəfindən təhdid edilməsi kimi mövzularda ağırlaşarkən vəlayəti-fəqih, Hizbullah və onun ətrafında qoparılan fırtınalar haqqında danışdı.

CƏBƏLİ-AMİL

Əbdüləziz Qasım:Cənab Fəzlullah, sualımı Livandakı Cəbəli-Amildə elmi fəaliyyətlərin sona çataraq Nəcəf və Quma keçməsi mövzusu ilə başlamaq istəyirəm. Bunun səbəbləri nədir?

Seyid Fəzlullah:Cəbəli-Amilin tarixdə Səfəvi dövləti ilə heç bir zaman əlaqəsi olmamışdır, çünki Səfəvi dövləti Livana, hətta Suriyaya qədər çata bilmə gücünə sahib deyildi. Cəbəli-Amil məktəbi qədimdən bəri bir fiqh, üsuli-fiqh, ədəbi və mədəni mövzularda müsəlman-şiə alimlər yetişdirən bir mərkəz idi. Bu alimlər elm üçün hicrət edir və sahib olduqları mədəni imkanlarını bir çox ölkələrə aparırdılar. Hətta Hindistana və İrana gedən Cəbəli-Amil alimləri də vardı. Şeyx Bəhai, Hürr Amili, Mühəqqiq Kərəki bunlardan hesab olunur. Qatı məzhəbi baxış tərzi səbəbi ilə bölgədə qalan və heç bir yerə getməyən alimlər də vardı.

Şəhid Sani (İkinci Şəhid) ləqəbi ilə tanınan Zeynəddin Cəbi Bələbək mədrəsəsində şiə məzhəbi ilə yanaşı digər dörd sünni məzhəbini də tədris edir, Misirə və digər ölkələrə əhli-sünnə fiqhini öyrənmək üçün gedirdi, çünki Cəbəli-Amildəki şiələr məzhəbi baxımdan xaricə qapalı şiələr deyildi, əksinə müsəlman şiə alimlərindən öyrəndikləri kimi müsəlman sünni alimlərindən də öyrənirdilər.

Lakin iqtisadi olan və olmayan şərtlərin təsiri nəticəsində Nəcəf daha ön plana çıxdı. Müəyyən bir dönəmdən sonra Nəcəf alimlərinin yanında dərs almağa başladılar, lakin Səddam Hüseyn Nəcəfdəki "Elmi Hövzə”ni müsadirə etdikdən sonra tələbələr Quma getməyə başladılar.

Əbdüləziz Qasım:Üzr istəyirəm, Cənab Seyid… Siz: "Səfəvi dövləti ilə Cəbəli-Amildəki şiə alimləri arasında bir əlaqə yoxdur”, – söyləyəndə bu mənim üçün sürpriz oldu. Tarixi qaynaqlarda Səfəvi dövlətinin İranı şiələşdirmək istədikdə Cəbəli-Amil alimlərindən yardım istədiyi və buralardan alim gətirdiyi yazılmışdır.

Seyid Fəzlullah:Səfəvi dövlətinin öz iqtidarını Cəbəli-Amil bölgəsinə qədər gətirə bilmədiyini nəzərdə tuturam, lakin bəzi Cəbəli-Amil alimləri İrana getdi və Səfəvi dövləti də onlardan istifadə etdi, ancaq məsələ o alimlərin dövlət tərəfindən İrana dəvət olunmasından ibarət deyildi.

Əbdüləziz Qasım:Bu da mənim təkrarən xüsusilə Cəbəli-Amildə, ümumilikdə isə Livanda şiə elm hərəkatının nə üçün zəiflədiyi haqqında sual verməyimi zəruri edir.

Seyid Fəzlullah:Həqiqətən, çox böyük imkanlara sahib olan "Qum Elmi Hövzəsi”nin güclənməsi ilə birlikdə belə bir şeyin olması təbiidir. Buna görə də insanlar, ümumiyyətlə, Quma gedib sonra da Cəbəli-Amilə və Livana qayıdırdılar, lakin buna baxmayaraq, Cəbəli-Amildə Qumda təhsil almamış Seyid Möhsün əl-Əmin, Şeyx Mühəmmədcavad Muğniyə, Şeyx Hakim Məruf, Şeyx Abdullah Nemət və Mühəmmədmehdi Şəmsəddin kimi alimlər də vardı. Bu şəxslərin hamısı Nəcəfi-Əşrəfdə təhsil almış, istər mədəni, istərsə də fiqhi planda təsirləri olmuşdur, lakin keçən dövrdə Nəcəf müsadirə olunduqda Qumun qapıları dini tələbələrin üzünə açıldı.

ƏRƏB DİNİ RƏHBƏRLƏR

Əbdüləziz Qasım:Yaxşı, sizcə ərəb şiələr içərisində mərcəlik məqamında alimlərin olmamasının səbəbi budurmu? Müasir şiə dini rəhbərlərə nəzər saldıqda ərəb olanların sayının bir, yaxud ikidən artıq olmadığını, buna qarşılıq yerdə qalan bütün dini rəhbərlərin ərəb olmayan ünsürlərdən ibarət olduğunu görürük.

Seyid Fəzlullah:Daha öncə də söylədiyim kimi, Cəbəli-Amil üləması tarix boyunca islami elmlərdə İranda belə dini rəhbərlik rolunu ifa etmişdir. Hətta bu alimlərin kitabları dini hövzələrdə oxutdurulmuş və indi də oxunmaqdadır. Dini rəhbərlik isə ümumi olaraq, istər əhli-sünnə, istərsə də, şiələrdə milli ünsürlərdən təsirlənməmişdir. Buna görə də problem etnik məsələdən qaynaqlanmır. Bir başqa ifadə ilə desək, ərəb olub-olmamaq burada təsiredici faktor deyildir. Məsələnin özünə məxsus tarixi kökləri vardır. Burada əsas olan elmi məharətdir.

Əbdüləziz Qasım:Lütfən məni bağışlayın, lakin bu məsələ üzərində bir qədər dayanmaq istəyirəm. Məqsədim İslamda olmadığını açıqca deyə biləcəyimiz millətçilik etmək deyil, lakin sizə belə sual vermək istəyirəm. Milyonlarla şiə ərəb müsəlman qarşısında sizdən başqa tanınmış bir tək ərəb şiə dini rəhbərin belə olmamasını başa düşə bilmirəm. Hətta sizin dini rəhbərliyiniz məsələsində də Nəcəf və Qumda bir anlaşılmazlıq oldu. Qumdakılar sizin mərcəliyinizi qəbul etmədilər.

Seyid Fəzlullah:Çox yayqın olmamaqla bərabər ərəb mərcələr də olmuşdur. Məsələn, Şamda yaşayan və hicri XIV əsrdə vəfat edən Seyid Möhsün əl-Əmin bunlardan biridir. O, Dəməşqdəki "Ərəb Elmi Cəmiyyəti”nin üzvü idi. Bir çox kitabları da vardır.

Məsələ mərcəliyin daha çox maddi imkana ehtiyac hiss etməsindən qaynaqlanır. Buna görə də mərcə olmaq istəyənlər imkanların daha qıt olduğu Livana deyil, daha yaxşı imkanların olduğu Quma və Nəcəfə üz tutdular. Mən də bu məqamda Nəcəfə gedib oradakı mərcələrlə dostluq etmişdim. Nəcəfdəki şərtlər mənim islami-dini rəhbərliyimlə əlaqədar bazisin (altqurumun) yaranmasına yardımçı oldu. Qaldı ki mənim müqəllidlərim yalnız Ərəb ölkələri, yaxud da Livanla məhdudlaşdırıla bilməz. Pakistan, Hindistan və İranda da mənə təqlid edənlər vardır.

DİNİ RƏHBƏRLİK KOMPLEKSİ

Əbdüləziz Qasım:Siz mənə çəkinmədən istədiyimi soruşa bilmək imkanını verdiniz. Buna görə də bəzilərinin gündəmə gətirdiyi və hətta bəzi şiələrdən eşitdiyim bir sıra məsələlər haqqında sizə sual vermək istəyirəm. Əcəba, cənab Seyid Mühəmmədhüseyn Fəzlullah ərəb olması və İrandakı mollaların da təsir etməsi üzündən bu mövzuda müəyyən bir müqavimətlə qarşılaşdımı?

Seyid Fəzlullah:Məsələni daha həssas bir şəkildə ələ almaq istədikdə bunu demək lazımdır ki, İrandakı bütün mollalar mənə qarşı mənfi bir vəziyyətdə dayanmadılar. Əksinə, Nəcəfdə də mənim mərcə olmağıma qarşı çıxan ərəb mollalar oldu. Məsələnin mərcəlik mövzusunu bilməyən insanlara qarmaqarışıq görünən bəzi cəhətləri vardır. Bir çox tarixi, fiqhi və kəlami (teoloji) ictihadlar mövzusunda bəzilərinin çox da xoşnud olmadığı düşüncələrə sahib oldum. Onlardan fərqli düşünməyim, onlar tərəfindən sanki məzhəbin təməllərinə qarşı çıxırmışam kimi bir düşüncənin yaranmasına yol açdı.

Əbdüləziz Qasım:Yenə bu mövzunu ələ almağa davam edəcəyəm, cənab Fəzlullah! Mənim kimi şiə cəmiyyətinin xaricində olan şəxslər sizin ərəb və şiə bir dini rəhbər olmağınız nöqteyi-nəzərindən müqəllidlərinizin ərəblərdən olması lazım olduğunu düşünür, lakin baxdıqda Körfəz ölkələrində, Qüteyfdə, yaxud Küveytdə və İranda sizin müqəllidlərinizi görmürük. Əksəriyyət ya Sistaniyə, ya da Şiraziyə təqlid edir.

Seyid Fəzlullah:İranda, Səudiyyə Ərəbistanda, Bəhreyndə, Omanda, B.Ə.Ə-də və Küveytdə mənə təqlid edən və sayı heç də az olmayan bir cəmiyyət vardır. Bəlkə, sayları çox olmaya bilər, lakin var.

COĞRAFİYA VƏ MƏZHƏBİ SİMPATİYA

Əbdüləziz Qasım:İranlı mütəfəkkir Əli Şəriəti "Ələvi şiəliyi və Səfəvi şiəliyi” adlı əsərində deyir ki, Səfəvi dövləti fars millətçiliyi ilə şiə məzhəbinin qarışığından ibarətdir. Şəriəti İran kimliyi vurğusunun bu anlayışda hakim olduğunu, əcəmin ərəblərdən üstün olduğu anlayışının təbliğinə cəhd edildiyini söyləyir. İran şiə dini rəhbərlərinə nisbətən ərəb şiə dini rəhbərlərinin az olması bu düşüncənin yayqınlaşmasından qaynaqlana bilərmi?

Seyid Fəzlullah:Səfəvilik ünsürünün mövzu ilə əlaqədar olduğunu düşünmürük, lakin dini rəhbərlik rəqabətində çəkişmələrin olduğu bəzi məsələlər, məncə, daha çox təsirlidir. Bu isə yeni bir şey deyil. Dünyəvi (sekularist) məqamlarda və hətta sünni dini rəhbərlikdə belə bəzi çəkişmələr yaşanır. Biz, sıravi hənbəlilərin, malikilərin və şafeilərin bilmədiyi nə qədər sərt tarixi çəkişmələrin olduğunu bilirik. Belə ki, bəzi fəqihlər keçmişdə hənəfilərin şafeilərlə evlənməsini haram edən fitvalar vermişlər. Bunlar hər yerdə meydana gələ biləcək növdən mövzular olub, bəzisi hissi, bəzisi isə hissi olmayan bəzi fikri mövzuların da təsiri ilə güc qazanmış ola bilər.

Lakin düşünmürəm ki, səfəvilik siyasi yönü ilə şiələrin yaşadıqları vaqiəyə (hadisəyə) təsir etmiş olsun. Məsələn, İran bir dövlətdir ki, onun əhalisinin əksəriyyəti fars, əqəliyyəti isə ərəbdir. Orada böyük bir milli azlıq olan kürdlər də vardır. Məsələn, farslarla türklər (azəri türkləri) arasında etnik toqquşmanın olduğunu izah edən bir çox insan vardır. Eyni ilə ərəblərin yaşadıqları bölgədə də bir cəhətdən milli yön, digər yöndən məzhəbi yön qazanan psixoloji çöküntülər, yaxud da işləri daha da içindən çıxılmaz hala gətirən bəzi hadisələr bunda təsirli ola bilər.

Əbdüləziz Qasım:Dini rəhbərlik məsələsində rəqabət olduğunu düşünürük, cənab Fəzlullah! Dini rəhbərlik məsələsinin təsbit olunmasında İranın rolu olduğunu düşünürük. Dini rəhbərliyə Seyid Sistaninin gətirilməsi İranda qərara alındı. Sualım çox sadədir: "Seyid Sistaninin ələmlik məsələsi nə üçün sizin əleyhinizə həll edildi?”

Seyid Fəzlullah:Əvvəla, mən təqlid üçün müraciət olunan müctəhidin ələm olmasını şərt bilmirəm, çünki ələmliyin mötəbər və şərt olması barəsində mənim əlimdə dəlil yoxdur. Önəmli olan ictihad qabiliyyəti və alimlik mövzusunda uzun bir təcrübəyə sahib olmaqdır. Bütün dünyada filan mövzuda dünyanın ən elmli insanını tapmaq mümkün deyildir. Bir mövzuda bir müctəhidi üstün görərkən, başqa bir mövzuda başqa bir müctəhidi üstün görmək mümkündür.

Əbdüləziz Qasım:Cənab Fəzlullah, bu mövzu ilə yaxından maraqlanan şəxs livanlı şiələri onların barəsində bir araşdırma apararaq onları iranlı, qüteyfli, küveytli, yaxud da Körfəz ölkələrindəki məzhəbdaşları ilə müqayisə etdikdə aralarında, ələlxüsus məzhəbə bağlılıq məsələsində böyük fərq olduğunu görər. Coğrafiyanın bunda bir rolu vardırmı?

Seyid Fəzlullah:Aralarında böyük fərq vardır, çünki Livan dini olaraq böyük bir zənginlik içərisində və hər bir məzhəb və dinin digəri ilə əlaqələr içində olduğu bir ölkədir. Həm də Livanda mədəni, siyasi və dini sahələrdə azadlıq vardır. Həmçinin Livan Qərbin Şərqə və Şərqin də Qərbə pəncərəsidir. Buna görə də bütün Ərəb və İslam ölkələrindən fərqlənir. Bu qarşılıqlı təsir və iç-içə yaşama özü ilə bərabər onların məzhəbi təəssüb içində olmamalarını gətirmişdir. Müsəlmanlarla xristianlar, xristianlarla müsəlmanlar arasında böyük bir qarşılıqlı təsirin olduğunu da görürük. Hətta şiələrlə sünnilər arasındakı evliliyin 40% və 50% səviyyəsində olduğu da bir həqiqətdir. Bu qarşılıqlı təsirin təbii nəticəsi olaraq mədəni və dini yığılma olaraq inkişaf etmiş insanlar bu mövzularda digər bölgələrə nisbətən daha çox yumşaqlıq göstərir. Ərəb və İslam dünyasının bir çox tərəfində istər sünnilərdə, istərsə də şiələrdə donuqluğun və bir növ içə qapanmanın olduğunu bilirik.

Əbdüləziz Qasım:Yaxşı, mənim coğrafiyanın rolu barəsində söylədiklərimə nə deyirsiniz? Həccac dövrünün insanları sərtlik və güzəştə getməməklə tanınırdılar. Hətta bundan da irəli gedərək tarixdə İrakın ancaq diktator bir şəxs tərəfindən idarə edilə biləcəyi mövzusunda bəzi görüşlər önə sürülmüşdü.

Seyid Fəzlullah:Bu, coğrafi bir xüsusiyyət ola bilər. Əslində bir Körfəz ölkəsindəki vəziyyət başqa bir Körfəz ölkəsindəki vəziyyətdən daha fərqli ola bilər. Məsələn, ABŞ və Avropaya gedən gənclərlə digərlərinin hadisələrə baxışı eyni olmur. Həmçinin tarixi amillərin də rolu ola bilər. Bəhreyndə mövcud olan sıxıntılar və problemlərə baxmayaraq, bu mövzunu araşdırdıqda bu ölkədəki şiəliyin digər bölgələrdəki şiəliyə nisbətən fərqli olduğunu görürük. Məsələn, Bəhreyn Körfəz bölgəsi içərisində ilk parlament quran və bunun açılışını edən ölkədir, lakin bu parlament sonra ləğv edilmişdir. Həmçinin Bəhreyn ədəbiyyat və şeir müstəvisində elmi və mədəni bir ölkədir. Var olan zənginliklər bu baxımdan psixoloji yığıntılar, yaxud da siyasi, məzhəbi və s. kimi amillərlə əlaqədar ola bilər. Bu, ölkədən ölkəyə dəyişən bir vəziyyətdir.

ŞİƏLƏR KİMƏ BAĞLIDIRLAR

Əbdüləziz Qasım:Orta Şərqə hakim olan və müharibə ab-havasının hakim olduğu bir dövrdə yaxşıca müəyyənləşən məsələ şiələrin vəlayəti (tabeçiliyi) məsələsidir. Şiələr kimə bağlıdır? Dövlətə, yoxsa üləmaya? Əcəba, ələlxüsus Körfəz ölkələrində yaşayan şiələrin probleminin buradan qaynaqlanması mümkündürmü?

Seyid Fəzlullah:Şiələr üçün dini və məzhəbi baxımdan hər hansı dövlətə bağlılıq haqqında danışıla bilməz. Şiələr İran barəsində də fərqli düşünürlər. Onu dəstəkləyənlər olduğu kimi, ona qarşı çıxanlar da vardır. Şiələri İrana bağlı insanlar kimi təqdim etmək böyük bir haqsızlıqdır. Sünnilərdə də buna oxşar vəziyyət yoxdurmu? Səudiyyə Ərəbistanı və Körfəz ölkələrindəki vəziyyət də bundan ibarətdir. Şiələr vətənlərinə bağlı insanlardır. Livanda İsrailə qarşı döyüşən Hizbullah deyildirmi?

Əbdüləziz Qasım:Cənab Fəzlullah, sabiq Baş Katibin etirafı ilə bu hərəkat doğrudan İrana bağlılığını elan etmişdir. Bunu deyən şəxsən liderləridir.

Seyid Fəzlullah:Bu hərəkat vəlayəti-fəqihə inanan, lakin Livanın mənafeləri üçün mübarizə aparan bir partiyadır. Bir çox Ərəb və İslam ölkəsi ABŞ-la ittifaqdadır. Buna əsaslanaraq bütün sünnilərin Amerika tərəfdarı olduğunu deyə bilərikmi? Bu, düzgün olmaz. Siyasi oyunlar nəticəsində bəziləri çıxıb şiələrin İrana bağlı olduqlarını və bu ölkənin mənafeyi üçün çalışdıqlarını deyir. Hizbullah Livana məxsus bir hərəkatdır. Hizbullahın içində Livana bağlı olmayan bir tək şəxs də belə tapa bilməzsiniz. Bu hərəkata İran və Suriya başqa cəhətdən yardım edir, lakin Hizbullah eyni zamanda Livanı işğaldan xilas edən bir hərəkatdır. Məsələn, iraklı şiələr İrana simpatik hisslərlə baxa bilmirlər.

Əbdüləziz Qasım:Oxucularda bu yazıları oxuyarkən çaşqınlıq yarana bilər. Biz bu an iki tabeçilik (vəlayət) arasındayıq. Bir yandan İrana, bir yandan da üləmaya tabeçilik. Açıq şəkildə belə bir sual verirəm: "Livan və Körfəz ölkələrindəki şiələr vəlayəti-fəqihin hər mövzunu əhatə edən vəlayət olduğunu deyən Seyid Əli Xaməneiyə tabeçilik göstərir. Bunlar kimə tabedirlər?”

Seiyid Fəzlullah: Körfəz, yaxud da Livan şiələri ilə əlaqədar hər hansı bir sorğu vardırmı? Mən Körfəz ölkələrindəki şiələrin mühüm bir hissəsinin Nəcəfdəki üləmaya və Qumdakı bəzi mərcələrə təqlid etdiyini bilirəm. Hətta vəziyyət, həqiqətən, sualda soruşulduğu kimi olsa belə təqlid məsələsi fiqhi və şəri bir bağlılıqdır, siyasi bir məsələ deyildir.

VƏLAYƏTİ-FƏQİH

Əbdüləziz Qasım:Bu çərçivədə sualın əvvəlinə qayıtsaq mənə elə gəlir ki, daha yaxşı olar. "Xomeyninin gətirdiyi vəlayəti-fəqih nəzəriyyəsi şiə fiqhində bir ictihaddır”, – dediniz. Üləmanın uzun illər siyasətdən uzaq olması ilə birlikdə onları təkrarən siyasətə qoşmağa çalışan bir ictihaddır. Qısa olaraq bunu və bu mövzu ilə bağlı fikir və görüşlərinizi bizə açıqlaya bilərsinizmi?

Seyid Fəzlullah:Şiənin əksəriyyəti vəlayəti-fəqih nəzəriyyəsini qəbul etmir… Lakin buna qarşılıq digər hər hansı bir nəzəriyyə kimi bu nəzəriyyə də fiqhi-ictihadi bir nəzəriyyədir. Bu nəzəriyyə şiələrin vətənlərinə bağlılığı düşüncəsi ilə təzad təşkil etmir, çünki bu nəzəriyyə alimə yalnız şəri baxımdan bağlılığı təmsil edir. Əhli-sünnənin hər hansı məzhəb imamından sadir olan fitvaya, yaxud ictihadlara bağlılığının vətənlərinə olan bağlılıqları ilə heç bir əlaqəsi olmadığı kimi, şiələrdə də belədir. Önəmli olan budur ki şiələr və sünnilər vətənlərinə bağlı olarkən bunu Allahdan başqa ibadət olunan büt halına gətirməməlidirlər. Vətənə bağlılıq demək orada ədalətin hakim olacağı bir məkan, yeraltı və yerüstü zənginliklərini qəsb etmək və izzət, qürur və azadlıqlarını əllərindən almaq istəyən istismarçılara qarşı müqavimət göstərdikləri və ona qarşı mübarizə apardıqları bir yurd deməkdir, çünki Allah-Taala insanların müsəlmanlardan olsa da belə hər bir şəxsdən zülmü inkar etmələrini və kafirlərdən olsa da belə ədalətin səbəblərinə sarılmalarını istəmişdir.

Buna görə də şiələrin və sünnilərin vətənlərinə bağlılığı məsələsi məzhəbi bir məsələ deyil, orada-buradakı təəssübkeşliklərlə və təəssübkeş (fonatik) şəxslərlə əlaqəlidir. Vəlayəti-fəqih məsələsi ilə əlaqədar problemə gəlincə bu mövzu bəzilərinin"Adil müctəhidin hakim olduğu torpaqlarda təmsil etdiyi bir idarə sistemidir”, – deyə biləcəkləri bir ictihaddır. Eyni şəkildə sünnilər də bəzi əmirlərinə mütləq bir şəkildə beyət edirlər. Onların bu beyətləri başqa ölkələrdə yaşayan dindaşlarına, yaxud məzhəbdaşlarına olan bağlılıqlarına mane olurmu?

Əbdüləziz Qasım:Məsələn, mən Bəhreyndə gənclərin təhrik edilməsi və qarışıqlıqların meydana gətirilməsi ilə əlaqədar Şəriətmədarinin dediklərini misal olaraq göstərəcəyəm. Bu hadisələr necə izah edilməlidir?

Seyid Fəzlullah:Bəhreyn məsələsi ayrı bir mövzudur. Bu ölkədə şiələr tarix boyunca özlərini cəmiyyətdən təcrid edilmiş hiss etmişlər. Şiələrin hamısı din alimi deyildir. Bir hissəsi də siyasətçidir. Bu çərçivədə idarəçiliyin vətəndaşlar arasındakı say tarazlığını qura bilmək üçün xaricdən sünnilərin gətirilməsi məsələsinin gündəmdə olduğunu düşünürlər. Bu siyasi bir məsələ olub, məzhəbi baxımdan ələ alınmaması lazım olan bir məsələdir. Məsələyə siyasi yöndən yanaşdıqda insanlar bu mövzuda fərqli görüşlərə sahib ola bilərlər. Hər hansı bir hakim və hər hansı bir idarə sistemi haqqında danışa bilərlər. Problem siyasidir, məzhəbi deyildir.

Əbdüləziz Qasım:Lakin, cənab Seyid, bunlar şiddətin, yandırıb-yaxmağın, yaxud da piketlərin bəhanəsi ola bilərmi?

Seyid Fəzlullah:Bu üsul hər yerdə vardır. O dövr mən bu ölkədəki şiddətə qarşı olduğumu açıqlamış və bunun haram olduğunu elan etmişdim. Hətta divarlara yazı yazmağın belə haram olduğunu demişdim, çünki o evin sahibi bundan narazı ola bilər. Bir müddət əvvəl çevrəyə zərər verdiyi və insanlara əziyyət verdiyi üçün təkər yandırmağın da haram olduğu fitvasını vermişdim.

Əbdüləziz Qasım:Şiə ərəblərə bir nəsihətiniz vardırmı?

Seyid Fəzlullah:Mənim fikirlərimə etibar edən insanlara bölgəmizdəki siyasi vəziyyətin gərgin olduğunu, buna görə də məsələnin şiəlik və sünniliklə heç bir əlaqəsi olmadığını, əksinə məsələnin bir çox cəhəti ilə siyasi olduğunu bildirmək istəyirəm. Beynəlxalq istismarın hərəkətlərini müşahidə edib onlara qarşı necə mübarizə aparacağımızı öyrənməli və bu sahədəki məsuliyyətlərimizi yerinə yetirməliyik. Mən şiələrin öz vətənlərinə münasibət və hərəkətləri aydınlaşdırıldıqda onların vətənlərinə ən bağlı insanlar olduğunun ortaya çıxacağına inanıram.

AMERİKALILARIN ŞİƏLƏRƏ VƏDİ

Əbdüləziz Qasım:Amerikanın Körfəz ölkələrində şiə kartından istifadə etmə və buradakı sabitliyi sarsıtma oyununa bir çox şiə gəlmiş olur. Onlar belə düşünürlər ki, Amerika canavarı mərhəmətə gəlmişdir və şiələrin bu bölgədəki istəklərini həyata keçirəcəkdir. Siz bu barədə nə düşünürsünüz?

Seyid Fəzlullah:Şiələr Amerikanı bir nömrəli düşmən bilirlər.

Əbdüləziz Qasım:Bağışlayın, cənab Seyid, bütün şiələr bu fikirdədir?

Seyid Fəzlullah:ABŞ, İraklı şiələri Səddamın zülmündən xilas edəcəyinə dair onları inandırmış olsa da belə şiələrin əksəriyyəti ABŞ-a müxalifdir. Səddamla bağlı tarixi məlumatları oxuduqda görürük ki, o minlərlə şiəni edam etmişdir. "əl-Cəzirə” telekanalına verdiyim müsahibədə İrakda Amerika işğalına qarşı müqavimət göstərən şiələrin olduğunu söyləmişdim.

Əbdüləziz Qasım:Şiələrin Amerikaya müxalif olduğunu söylədiniz, lakin Amerikada yaşayan müxalif xain şiələr var və öz ölkələrinə qarşı təhrik etmək üçün Amerika Konqresinə gedirlər və vətənlərinə qarşı düşmənçilik edirlər. Belə olarmı?

Seyid Fəzlullah:Sünni dünyasında böyük məsul şəxslər vardır ki, Amerika ilə birlikdə hərəkət edirlər və Amerikanın böyük rəsmi şəxsləri onları ziyarət edirlər. Buş bölgəyə gəldi və Körfəz ölkələrini İrana qarşı təhrik etməyə çalışdı. Bu məsələdə sünni və yaxud şiə şəxsiyyətlər barəsində danışa bilmərik. Bu siyasi bir məsələdir və bu və ya digər məzhəbi təmsil etmir.

BİR DAHA VƏLAYƏTİ-FƏQİH HAQQINDA

Əbdüləziz Qasım:Bir daha vəlayəti-fəqih məsələsinə qayıdaq. Bu nəzəriyyəyə bir çox şiə aliminin inanmadığını və bunu dəstəkləmədiyini dediniz. Bu mövzu bu qədər bəsitdirmi?

Seyid Fəzlullah:Məsələn, mən bu nəzəriyyəni dəstəkləmirəm.

Əbdüləziz Qasım:Lakin siz bu nəzəriyyə üzərində qurulmuş böyük bir dövlətlə əksfikirlisiniz.

Seyid Fəzlullah:Mən deyirəm ki, vəlayəti-fəqihin icraçı hakimiyyət mənasında olması zəruri deyildir. Seyid Əbülqasım Xoyi və Seyid Möhsün Həkim də məsələyə bu şəkildə inanırlar. İctihadi nəzəriyyə baxımından vəlayəti-fəqihin inkar olunması hakimin fəqih olmasının zəruri olmaması məsələsindən qaynaqlanır, nizamın islami olmamasından yox[1].

Başqa bir ifadə ilə desək, biz deyirik ki, ictihadi və mədəni bir vaqiə olan fiqh (yəni İslam qanunvericiliyi) icraçı orqanla əlaqədar olan vəlayətdən (icraçı hakimiyyətdən) ayrılır. Bəzən bu ikisi (yəni fəqihlik və icraçılıq) bir şəxsdə də cəm ola bilər. Lakin (icraçılıqda) əsas olan iki şərtdir; birincisi rəhbərlik bacarığı, təcrübə və ləyaqət; ikincisi, idarəçilikdə İslam qanunvericiliyinə söykənmək.

Əbdüləziz Qasım:Üzr istəyirəm, cənab Seyid, Xomeyni inqilabından sonra etdikləriniz bu dediklərinizlə düz gəlmir. Xomeynini təbrik etdiniz və İran rəhbərliyi ilə davamlı olaraq əlaqədəsiniz. Hər il də İrana gedirsiniz.

Seyid Fəzlullah:Doğrudur. Mən şaha qarşı idim. İranda alimlər və ziyalılar vardır. Mənim ora getməyim son dərəcə təbiidir.

FƏZLULLAH VƏ MUSA SƏDR

Əbdüləziz Qasım:Livan mövzusuna təkrarən qayıtsaq, Mühəmmədhüseyn Fəzlullahı nə Livanda şiə hərəkatını meydana gətirən Musa Sədr hərəkatında, nə də "Ali Şiə Məclisi Şurası”nda görürük. Bunun səbəbi nədir?

Seyid Fəzlullah:Mənim Musa Sədrlə son dərəcə yaxın və dərin bir əlaqəm var idi. Nəcəfdə birlikdə oxumuşduq, orada da ən yaxın dostum idi. Livana gəlincə də bu dostluq davam etdi. Buna görə də bəzi mövzuda fikir ayrılıqlarımız istisna olmaqla əlaqələrimiz çox yaxşı idi. Lakin "Şiə Məclisi” hekayəsinə gəlincə, daha əvvəl də söylədim; nə namizəd olacam, nə də səs verəcəm, çünki mən şiələrin sünnilərlə birlikdə islami məclis qurmalarının zərurətinə inanıram. Mən bunu Musa Sədrə də təklif etdim, ancaq o mənə dedi ki, rəsmi məqamlarda bəzi böyük sünni şəxsiyyətlər bunu qəbul etmir.

Əbdüləziz Qasım:Hizbullahla əlaqələriniz barəsində deyilir ki, bu təşkilatın mənəvi liderisiniz.

Seyid Fəzlullah:Hizbullahla və hər hansı başqa bir partiya ilə heç bir rəsmi və təşkilati əlaqəm yoxdur, lakin ümumi olaraq islami fəaliyyət və hərəkatlara fikri dəstək verirəm. Hizbullah da bu hərəkatlardan biridir. Ələlxüsus İsrailə qarşı müqavimət göstərdiyinə görə onu dəstəkləyirəm. Müqavimət mənim üçün dəyişməyən sabit dəyərlərdən hesab olunur.

Əbdüləziz Qasım:Hizbullahdan danışdınız və dediniz ki, bu hərəkat vəlayəti-fəqihə inanır və eyni zamanda Livanın mənafeyi üçün mübarizə aparır. Livanın mənəfeyi Hizbullahın tabe olduğu Vəliyyi-Fəqihin təcrübələri və istiqaməti ilə ziddiyyət təşkil etsə, Hizbullah İmam Mehdinin naibliyini edən Vəliyyi-Fəqihin təlimlərindən kənara çıxa bilərmi?

Seyid Fəzlullah:Bu sualı Hizbullaha verin, mən başqalarının yerinə cavab verə bilmərəm.

HİZBULLAH VƏ İRAN

Əbdüləziz Qasım:Sizin nəzərinizə İranın sabiq daxili işlər naziri Əliəkbər Möhtəşəmi Purun İranda nəşr olunan "Şərq” qəzetinə 2006-08-03 tarixində verdiyi açıqlamaları çatdırmaq istəyirəm. Bu bəyanında Möhtəşəmi Pur Hizbullah kadrlarının İrak müharibəsində İranlıların yanında döyüşdüyünü ifadə etmişdir. Bununla bərabər "Ərəbistan Milli Partiyası” Seyid Həsən Nəsrullaha göndərdiyi məktubunda partiya üzvlərinin İran rejiminə qarşı üsyana qalxan Əhvaz xalqının üsyanının yatızdırılmasında iştirak etməməsini istəmişdi. Bu məktub hələ də həmin partiyanın internet saytında vardır. Bu, Hizbullahın İrandan təlimat aldığının önəmli bir dəlili deyildirmi?

Seyid Fəzlullah:Yaxşı, mən də sənə bir sual verim; sən İrandakı müsəlmanlara qarşı İrak rejiminin yanında döyüşən sünnilər haqqında nə fikirləşirsən?! Bəs ABŞ-ın yardımı ilə azğın Səddam rejiminə 36 milyard dollar yardım edən Körfəz ölkələri haqqında nə düşünürsən? Bəzilərinin şiələrə etmək istədiyi kimi bütün bunları sünnilərin və Körfəz ölkələrində yaşayanların hamısının üzərinə ata bilərikmi? Şiələrin İsrailə qarşı apardıqları uğurlu mübarizəsində 2000 və 2006-cı illərdə İsrailin özünün etirafı ilə sionistlərə məğlubiyyəti dadızdırmaları haqqında nə deyərdin? Fələstini işğal edən İsraili tanıyan böyük sünni rəsmiləri haqqında nə düşünürsən? Sözün qısası, məsələ siyasi bir məsələdir. Kimisə qınamaq üçün məzhəbi mövzulardan istifadə edilməməlidir.

Əbdüləziz Qasım:Yaxşı, siz Hizbullahın Livana məxsus bir partiya olduğuna inanırsınız, bəs partiya içində qabaqcıl sünni şəxsiyyətlərin olmadığını, yaxud sünnilərin bu partiyaya daxil olmadığının səbəbini necə açıqlaya bilərsiniz? Əgər Hizbullah Livana məxsus və vətənsevər bir partiyadırsa, məzhəbi təbiətinin səbəbi nədir?

Seyid Fəzlullah:Belə bir sual vermək də mümkündür; Nə üçün "Müsəlman Qardaşlar Cəmiyyəti”ndə, yaxud başqa təşkilatların sıralarında şiə müsəlmanlar yoxdur? Bunlar ərəb və İslam ölkələrindəki siyasi reallığın problemlərindən qaynaqlanan məsələlərdəndir.

31/08-2008

Tərcümə: Salman Süleymanov

Təshih: Xəyyam Qurbanzadə

[1] Yəni cəmiyyətə hakim olan nizam islami nizam olmalıdır, lakin belə bir nizamda nizamı icra edən şəxsin fəqih, başqa bir ifadə ilə desək, ruhani olması zəruri deyil – X.Q.



  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun