25 Avqust 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

Syerra-Leone

Rəsmi adı:Syerra-Leone Respublikası
Paytaxtı:Fritoun (Əhalisi: 575.000)
Digər əhəmiyyətli şəhərləri:Koidu, Bo, Kenema, Makeni, Pepel, Kabala.
Sahə:72.000 km2
Əhalisi:6,440,053 (İyul 2009-cu il məlumatları)
Rəsmi dili:İngilis. Xalq arasında Krio, Mende, Tembe, Limba dilləri kimi yerli dillərdə danışılır.
Pul vahidi:Leone




İdarəetmə
Syerra-Leonedə son hərbi çevrilişə qədər tək partiyalı bir respublika sistemi hakim idi. Ölkədəki yeganə siyasi partiya əsasən xristianların hakim olduğu Bütün Xalqlar Konqresidir. Mövcud hərbi rəhbərlik ölkəni Yüksək Dövlət Şurası vasitəsilə idarə etməkdədir. Bu şuranın başçısı eyni zamanda da dövlət başçısıdır. Ölkənin 127 üzvlü bir qanunvericilik məclisi olmaqla bərabər müvəqqəti rejim səbəbindən qanunvericilik məclisi dövrədən çıxarılmışdır. Hərbi rejim konstitusiyanı da böyük ölçüdə təzyiq altına salmışdır. Mövcud hərbi rəhbərlik 1993-cü ildə verdiyi açıqlamada 1996-cı ildə mülki idarəediciliyə keçəcəyini bildirdi. Syerra-Leone BMT (Birləşmiş Millətlər Təşkilatı), İKT (İslam Konfransı Təşkilatı), ABT (Afrika Birliyi Təşkilatı), Qərbi Afrika Ölkələri İqtisadi Birliyi, Afrika Antil və Sakit Okean Müqaviləsi, İngilis Xalqlar Birliyi, BVF (Beynəlxalq Valyuta Fondu), İslam İnkişaf Bankı kimi beynəlxalq təşkilatlara üzvdür.

Coğrafiyası
Qərbi Afrika ölkələrindən olan Syerra-Leone şimaldan və şərqdən Qvineya, cənub-şərqdən Liberiya, cənubdan və qərbdən də Atlantik okeanı ilə əhatə olunmuşdur. Ən yüksək yeri Loma dağları (ən yüksək təpəsinin yüksəkliyi 1948 m.)-dır. Ən əhəmiyyətli çayları Seva, Böyük Skarsis, Kiçik Skarsis, Rokel, Syerra-Leone və s. Bunların xaricində çox sayda kiçikli-böyüklü çaylar mövcuddur. Sahil zolağı daha çox düzənliklərdən ibarətdir. Bu seqmentdə bataqlıqlar və xırda ağaclı kiçik meşələr və kolluqlar çoxluq təşkil edir. İçəriyə doğru getdikcə aralarında bəzi kiçik çayların axdığı təpələrə rast gəlmək olar. Bu təpələrin arasında hündür dağlar da var. Cənubi seqment qismən meşəlikdir. Şimalda isə çayır və otlaq sahələri var. Torpaqlarının 25%-i kənd təsərrüfatı sahəsi, 31%-i otlaq, 29%-i meşə və kolluqdur. Ölkə, ümumiyyətlə, yağışlı bir iqlimə malikdir. Cənub ərazilər daha çox yağışlı olur.

Təbii qaynaqları
Syerra-Leonenin böyük qismi Qərbi Afrika cəngəlliyi əhatəsində yerləşir, cənubda kolluq və palma ağaclı geniş ərazilər vardır. Şimaldakı yüksək və quraqlıq ərazilər mal yetişdirilməsi üçün əlverişli olan otlaqlar mövcuddur. Ölkədə almaz və dəmir mədənləri var. Həmçinin bir miqdar boksit və titanium dioksid də çıxarılmaqdadır.

İqtisadiyyat
Syerra-Leone iqtisadiyyatı əkinçilik, heyvandarlıq və balıqçılığa dayanır. Kənd təsərrüfatı məhsullarının ümumi daxili payı 35%-dir. İşləyən əhalinin 64%-i əkinçilik sahəsində işləyir. Ən çox çıxarılan kənd təsərrüfatı məhsulları düyü, qarğıdalı, qəhvə, kakao, zəncəfil, yer fındığı, yağ palması, paxlalılar, taxıl, manyok, şəkər qamışı, müxtəlif meyvələr, tərəvəzlər, dərman və s. istehsalında istifadə edilən bitkilərdir. Syerra-Leone müxtəlif yeraltı zənginliklərə malikdir. Bunların ən əhəmiyyətlisi almaz, titanium cövhəri, qızıl cövhəri, boksit, dəmir və qiymətli daşlardır. Bununla yanaşı mirvari istehsalı da ölkəyə müəyyən gəlir gətirməkdədir. Mədən gəlirlərinin ümumi daxili payı 6%-dir. Müstəmləkə dövrlərində ölkənin yeraltı sərvətləri Avropaya daşındığına görə, bu gün bu ehtiyatlar azalmışdır. Meşə ilə zəngin sayılan Syerra-Leonedə meşə məhsullarının iqtisadiyyatda böyük rolu var.

Xarici ticarəti
İxrac etdiyi məhsullar almaz, titanium cövhəri, qızıl cövhəri, boksit, dəmir, kakao və palma yağıdır. İdxal etdiyi mallar maşınlar, nəqliyyat vasitələri, neft məhsulları, canlı heyvan, qida maddələri və tekstil məhsullarıdır. Xarici ticarətində birinci sıranı İngiltərə tutmaqdadır. İngiltərədən sonra digər Avropa Birliyi ölkələri, ABŞ və Yaponiya gəlir.

Təhsil
Syerra-Leonedə 1800 ibtidai məktəb, 240 ümumi orta məktəb idarəsi, 20 orta peşə təhsil təşkilatı var. Bu ölkədə təhsil məcburi deyil. Dövlət məktəblərli pulsuzdur. Yalnız çox sayda ödənişli məktəb də var. Bu məktəblər ölkədəki missioner təşkilatlarının əlindədir. Missioner təşkilatları böyük ölçüdə orta və ali təhsil təşkilatlarına da hakimdirlər. Syerra-Leonenin 2 universiteti, 3 ali məktəbi, 4 araşdırma institutu vardır. Oxuma yazma bilənlərin nisbəti 29%-dir.

Əhali və İctimai Həyat
Etnik quruluş
Syerra-Leone etnik ünsürləri birləşdirən bir ölkədir. Əhalisinin ən sıx etnik qrupu 34,5%-lik nisbətə malik olan Mendelərdir. Mendelərin 30%-i müsəlmandır. İkinci sırada 31%-lik nisbətə sahib olan Temnelər gəlir. Temnelərin 35-40%-i müsəlmandır. Üçüncü sırada ölkənin ən qədim qəbilələrindən və 8%-lik bir nisbətə sahib olan Limbalar gəlir. Limbaların 70%-i müsəlmandır. Dördüncü sırada gələnlər 5%-lik nisbətə sahib olan və 50%-i müsəlman olan Kono-Vaylardır. Kono-Vaylardan sonra 4%-lik nisbətə sahib olan Fulanilər gəlir. Fulanilərin 95%-i müsəlmandır. Fulanilərdən sonra 3,5%-lik nisbətə sahib olan Kurankolar gəlir. Kurankoların da yarıya yaxını müsəlmandır. Onlardan sonra gələnlər yenə 3,5% ətrafında bir nisbətə sahib olan və 50%-i müsəlman olan Yalunkalardır. Daha sonra təxminən 3%-lik nisbətə sahib olan və 50%-i müsəlman olan Şerbrolar gəlir. Şerbrolardan sonra 2% nisbətindəki Kisiler gəlir. Kisilerin də yarıya yaxını müsəlmandır. Kisilərdən sonra 1,5% nisbətindəki Susular gəlir. Susuların hamısı müsəlmandır. Qalan əhalini də Bullomlar, Cənubi Asiyalılar, Krimlər, Lukular və Yorubalar kimi dəyişik qəbilələr meydana gətirir.

Din
Dövlətin rəsmi dini yoxdur. Ancaq xalqın 47%-i müsəlmandır. Müsəlmanlar nisbət etibarilə tam əksəriyyəti təşkil etməsələr də, Kamerunda olduğu kimi ölkənin əhalicə ən sıx dini kütləsini meydana gətirməkdədirlər. Əhalinin təxminən 45%-i yerli təbiət dinlərinə inanır. Qalan hissəsi də missioner təbliğatı nəticəsində xristianlığı qəbul edənlərdir.

Tarixi
İslam Syerra-Leoneyə şimaldan gəlmişdir. Şimali Afrikada fəaliyyət göstərən Murabıtlar, İslam dəvətini cənub bölgələrə çatdırma cəhdləri vasitəsilə bugünkü Syerra-Leone torpaqlarına qədər çatmışlar. Bu torpaqlar o zaman Qərbi Sudan olaraq adlandırılırdı. Murabıtların göndərdiyi dəvətçilərin işləri səmərəsini göstərdi. Bununla yanaşı bölgəyə gələn Fulani tacirlərin də bölgə əhalisinin İslamı tanımalarına təsiri olmuşdur. Bunun nəticəsində bölgənin yerli əhalinin bir çox hissəsi İslamı qəbul etdi. Avropalı müstəmləkəçilər bugünkü Syerra-Leone torpaqlarında yaşayan insanları XV əsrin ortalarından sonra rahatsız etməyə başladılar. Bölgəyə ilk gələnlər Portuqaliyalılar oldu. Portuqaliyalılar 1462-ci ildə bu gün Syerra-Leonenin paytaxtı olan Fritounun olduğu yarımadaya gəlib bu yarımadanı getdikcə bir qul ticarəti mərkəzinə çevirdilər. XVIII əsrdə İngilislər də bölgəyə gələrək sahilə yaxın bəzi adaları ələ keçirdilər. İngilislər bölgə ilə maraqlanmaqdan əlavə bir də İngilis Syerra-Leone Şirkəti adında bir şirkət qurdular. Bu şirkət sahilə yaxın bəzi bölgələri satın alaraq oraları Portuqaliyalıların əlindən qaçan kölələrin sığınma yerləri olaraq istifadə etdi. Bugünkü paytaxta "Azadlıq Şəhəri” mənasını verən Fritoun adını verənlər də onlardır. İngilislərin qaçaq kölələrin sığına biləcəkləri etibarlı bölgələr meydana gətirməkdə məqsədləri bölgədə hakimiyyət sərhədlərini genişləndirmək idi. Adı çəkilən şirkət 1802-ci ildə özünü ləğv edərək satın almış olduğu bölgələri İngiltərə rəhbərliyinin əmrinə verdi. Beləcə o bölgələr Fritoun İngilis müstəmləkəsi halına gəldi. İngilislər müstəmləkə halına gətirdikləri yerlərin sərhədlərini hər il genişlədərək 1872-ci ildə şimali Qvineya sərhəddində yerləşən Falabaya qədər uzatdılar. Bununla Fransızların əlində olan bölgənin sərhədlərinə qədər çatdılar. İngilislər ələ keçirdikləri bölgələrdəki islami təşkilatları, məktəbləri və mədrəsələri bağlayır və buralardan İslamın izlərini silməyə çalışırdılar. İngilislərin bölgələri işğal etmələrindən əvvəl, Syerra-Leone sərhədlərinə yaxın bölgədə Qvineya torpaqlarında Futa Calon adında bir islami sultanlıq qurulmuşdu. Bu sultanlıq İslam qaydalarına görə idarə olunur və dövlət başçılarına da imam deyilirdi. Bu sultanlıq müstəmləkəçilərə qarşı uzun illər mübarizə etmiş və müsəlmanların yaşadığı bölgələri müdafiə etmişdi. Futa Calon sultanlığının Syerra-Leonedə İslamın yayılmasında əhəmiyyətli rolu olmuşdur. Futa Calon sultanı Ömər Təkruri əvvəl Fransız işğalçılara, sonra da İngilis işğalçılara qarşı mübarizə aparmışdı. İngilislər işğal etdikləri Syerra-Leonenin daxili bölgələrində bir himayə rəhbərliyi qurdular. Bu rəhbərliyin yerli əhalidən ağır vergilər almaq istədiyi üçün çıxan qiyamlar İngilislər tərəfindən qanlı bir şəkildə yatızdırılmışdı. İngilis rəhbərliyinə qarşı yaranan reaksiyaları sakitləşdirmək məqsədilə 1951-ci ildə ölkədə seçki keçirilməsi nəzərdə tutan bir konstitusiya qüvvəyə qoyuldu. Bununla əlaqədar olaraq 1952-ci ildə seçki keçirilsə də, seçkiyə yalnız xalqın müəyyən bir qismi qatıla bildi. Seçimi Syerra-Leone Xalq Partiyası qazandı. 1957-ci ildə yenidən seçki keçirildi və yenə eyni partiya qazandı. Getdikcə müstəqillik uğrunda hərəkatlar gücləndi və Xalq Partiyasının bu mövzudakı mövqeyini zəif görənlər partiyadan ayrılaraq ayrı siyasi partiyalar qurdular. Bu inkişafların ardından Syerra-Leone, 27 aprel 1961-ci ildə İngiltərədən ayrılaraq müstəqil oldu. Buna baxmayaraq 19 aprel 1971-ci ilə qədər ölkədə İngiltərə kralını, Syerra-Leonenin də kralı kimi qəbul edən bir monarxiya sistemi hakim idi. Göstərilən tarixdə bu rejim buraxılaraq respublikaya keçirildi, amma Syerra-Leone İngilis Millətlər Birliyi üzvü olaraq qaldı.
1954-cü ildə İngiltərə işğalının davam etdiyi sırada baş nazirliyə gətirilən Milton Marqai, 1961-ci ildə ölkənin rəsmi olaraq müstəqiliyini qazandıqdan sonra da bu vəzifəni davam etdirdi. Onun ölümündən sonra qardaşı Albert baş nazir oldu. 1967-ci ildə keçirilən seçkiləri Siaka Stevensin liderliyindəki Bütün Xalqlar Konqresi qazandı və Stevens baş nazir oldu. Ancaq çox keçmədən bir hərbi çevrilişlə rəhbərlikdən uzaqlaşdırıldı. 1968-ci ildə bir zabitlər qrupu tərəfindən Cunta rəhbərliyi yıxılaraq yenidən baş nazirliyə gətirildi. 1971-ci ildə İngiltərə kralını Syerra-Leonenin də kralı kimi qəbul edən sistemə son verilib Respublika sisteminə keçildikdən sonra Stevens prezident seçildi. Bununla birlikdə baş nazirliyi də öz üzərinə götürdü. 1978-ci ildə konstitusiya dəyişikliyi edilərək tək partiyalı sistemə keçirildi və Stevensin partiyası olan Bütün Xalqlar Konqresi ölkənin tək partiyası oldu. Yeni sistem ölkəyə diktatorluq və təzyiq gətirdi. Həmkarlar ittifaqları və siyasi məqsədli bütün təşkilatlar bağlandı. Bu vəziyyət ölkədə qarışıqlıqlara və siyasi sabitsizliyə gətirib çıxardı. 1985-ci ildə prezident seçkisini yeganə namizəd Jozef Saidu Momoh qazandı. Aprel 1992-ci ildə bir hərbi çevriliş edilərək Bütün Xalqlar Konqresinin iqtidarına son verildi. Hələ də dövlət başçılığını davam etdirən Strasser Milli Şura və Yüksək Dövlət Şurası yaradaraq ölkəni idarə etməkdədir.

İslami Hərəkat
Syerra-Leonedə müsəlmanlar ölkə əhalisinin demək olar ki, yarısına yaxın bir qisimini meydana gətirmələrinə baxmayaraq, rəhbərlik əsasən azlıq təşkil edən xristianların əlindədir. Bu da İngilis rəhbərliyinin müstəqillikdən sonra da ölkəni idarə altında tutmağı məqsəd qoyan tətbiqlərindən və siyasətlərindən irəli gəlir. Rəhbərliyin xristianların əlində olması ölkədəki İslami fəaliyyətlər baxımından bəzi çətinliklərə gətirib çıxarmaqdadır. Xüsusilə, təhsil sahəsində müsəlmanlar böyük çətinliklərlə qarşı-qarşıyadır. Təhsil müəssisələri böyük ölçüdə missioner təşkilatların əlindədir. Müsəlmanlar uşaqlarını missionerlərin əlindəki məktəblərə göndərmək istəmir.Onlar öz uşaqlarının təhsil alması üçün bəzi məktəblər və mədrəsələr açmışlar. Əsasən məscidlərin yanında açılan bu təhsil müəssisələri maddi və elmi imkanlardan məhrumdur. Bu təşkilatların bəzilərində yalnız mövsümi təhsil keçirilir. Bəzi müsəlman gənclər təhsil almaq üçün şimaldakı Qvineyaya gedirlər. Ancaq hər kəs buna imkan tapa bilmir. Ölkədə çox sayda məscid var. Bu məscidlər Yüksək İslam Şurasına bağlıdır. Bu şuranın ölkə daxilində 11 şöbəsi var və şura camilərlə əlaqədar xidmətləri, İslami təbliğ və dəvət, İslam mədəniyyəti və dini xidmət işlərini təşkil edir. Bu şuranın yanında ölkədə Müsəlman Tələbələr Birliyi, Yüksək İmamlar Şurası, Müsəlman Gənclər Birliyi, İslami Mədəniyyət Cəmiyyəti, Syerra-Leone Müsəlman Gənclər Milli Birliyi, İslam Xeyriyyə Təşkilatı kimi islami cəmiyyətlər və təşkilatlar var. Mərkəzi Küveytdə olan Afrika Müsəlmanları Şurası da Syerra-Leonedə əhəmiyyətli fəaliyyətlər aparır. Bu təşkilat tərəfindən paytaxt Fritounda qurulmuş olan Qurani-kərim radiosu bütün Qərbi Afrika ölkələrinə yayınlanmaqdadır. Afrika Müsəlmanları Şurasının bu ölkədə və digər Qərbi Afrika ölkələrində məscid və Quran məktəbi inşaası, ehtiyac sahiblərinə yardım və s. kimi bir çox xidməti olmuşdur. Keçmişdə bu ölkədə İslamın yayılmasında əhəmiyyətli rolu olan təsəvvüfi təriqətlər bu gün də varlığını davam etdirməkdədir. Bu ölkədə məşhur olan təriqətlərin başında Ticanilik və Qadirilik gəlməkdədir. Syerra-Leone müsəlmanlarının ən mühüm problemləri missionerlik işləridir. Çox geniş imkanlara sahib olan və dövlət tərəfindən də dəstəklənən missionerlər ölkənin hər tərəfində sıx fəaliyyət icra etməkdədir. Bununla yanaşı müsəlmanların iqtisadi vəziyyətlərinin yaxşı olmaması islami işlərin zəif getməsinə gətirib çıxarmaqdadır. Müstəmləkə dövründəki və müstəqillikdən sonra qəsdli tətbiqlər müsəlmanların əksəriyyətinin kasıblaşmasına gətirib çıxarmışdır. Bir sıra beynəlxalq islami idarələr və Mədinə İslam Universiteti başda olmaq üzrə bəzi islami təhsil təşkilatları Syerra-Leonedəki dini işləri maddi dəstəklə təmin etsələr də, bu, kifayət etmir.
Tərtib etdi: Ağanəsir Əliyev




  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun