25 İyun 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

TÖVHİD VƏ ALLAHA MÜTLƏQ SAYĞI

Rəhman, Rəhim Allahın adı ilə!
Allaha – Aləmlərin Rəbbinə həmd olsun. Peyğəmbərimiz Mühəmməd (s)-ə, onun pak ailəsinə, seçilmiş əshabələrinə və Allahın göndərdiyi bütün peyğəmbərlərə salam olsun! Salam, ey mömin qardaş və bacılarımız! Allahın rəhməti və bərəkəti üzərinizdən əskik olmasın!


HƏYATDA TÖVHİD

Allah-Taala buyurur: «Ey iman gətirənlər! Allahın yasaq etdiyi şeylərdən əməlli-başlı qorunun və yalnız müsəlman olduğunuz halda ölün! …» («Ali-İmran», 102) Bu ayə tövhidin vacibliyindən çıxış edir, çünki tövhid məsələsi insanın hər hansı bir həqiqət kimi əqlini məşğul edən zehni məsələ olmaqla yanaşı, insanın zehni, ruhi və fiziki tərəfi ilə bağlı məsələdir. Biz iman gətiririksə ki, Allah bizim şəriksiz Rəbbimizdir, bu bir növ Allahla bizim aramızdakı münasibətin göstəricisidir. Allah bizi xəlq etmişdir. İbrahim peyğəmbər haqqındakı söhbətdə Quran buna işarə edərək göstərir: «O məni yaratdı, O da hidayət verir» («Şüəra», 78). Yəni O bizi yaratmış, həyatımıza və varlığımıza istiqamət vermişdir. Ağlı yaratdığı zaman ona düşünmək və həqiqətləri dərk etmək imkanı vermişdir. Qəlbi yaratdığı zaman bütün hissiyyatları və duyğuları ona vermişdir. Əzalarımızı yaratmış və onlara saysız vəzifələr vermişdir. Namaz, oruc və həcc kimi ibadətlərlə yanaşı, həyatda cavabdehliyimizlə bağlı vəzifələr də vermişdir. Mənfəətli olanı etməli, ziyanımıza olandan çəkinməliyik. Bu mənada insan Allaha bağlı olaraq qalmaqdadır. Onun bütün varlığı Allaha bağlıdır. Allahın izni olmadan nə bir xeyir, nə də bir zərər tapa bilməz. Dediyi hər hansı bir söz, tutduğu hər hansı bir mövqe Allahdan gizli deyil. İnsan hər bir işdə, hətta psixoloji ehtiyaclarında belə Allaha itaət etməlidir ki, Onun rizasını qazanıb qəzəbindən uzaq olsun, çünki insan varlığı ilə Allaha bağlıdır. Onun həyatı da, ölümü də Allahın əlindədir. Ölümü öz ixtiyarında olmadığı kimi, həyatı da öz ixtiyarında deyil. İnsan aldığı nəfəs, içdiyi su, yediyi qida kimi həyati tələbatlara belə malik deyil. Onun hərəkəti, qəlbinin döyüntüsü, beyninin düşünmə qüdrəti, hətta əlinin tərpəniş ixtiyarı belə Allaha məxsusdur. Hətta Qiyamət günü insan öz əlinə və ayağına hökm edə bilməyəcək: «Bu gün onların ağızlarını möhürləyəcəyik. Etdikləri əməllər barəsində əlləri bizimlə danışar, ayaqları isə şəhadət verər» («Yasin», 65). Buna görə də Allah İbrahim peyğəmbərə, öz missiyasına və eləcə də ondan sonrakı peyğəmbərlərin missiyasına İslam adını verməyi ilham etmişdir.


ALLAHA MÜTLƏQ TƏSLİMİYYƏT

İslam sözü «bütün vücudun Allaha təslim olması» mənasını verir. Allahın əmrindən kənar insanın heç bir işi yoxdur. O, Öz hökmündə əzəli, qəzasında adildir. Allah İbrahim peyğəmbərlə bu barədə belə danışır: «Rəbbi İbrahimə: «Təslim ol!» – dedikdə o: «Aləmlərin Rəbbinə təslim oldum!» – deyə cavab vermişdi». İbrahim və Yəqub bunu (müsəlman olmağı) öz övladlarına vəsiyyət edib hər biri dedi: «Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün din seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!» («Bəqərə», 131-132).

Bu barədə başqa bir yerdə deyilir: «De ki: «Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!» («Ənam», 162-163)

Yəni bu İslam o deməkdir ki, mən onunla bütün varlığımı Allaha təslim edirəm. Bunu isə ilk olaraq mən elan edirəm. Bununla Allah insana necə müsəlman olmağı və onu islamiyyətdən uzaqlaşdıracaq bütün yanlışlardan necə qorunmağı öyrədir. Belə ki, o müsəlman olaraq dünyaya gəlir və müsəlman olaraq ölür. Yusif peyğəmbər bunu belə açıqlayır: «Ey Rəbbim! Sən mənə səltənətdən bir pay verdin, mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri Yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar Sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!» («Yusuf», 101) Yəni Yusif öz islamiyyətində qalmağı və İslamı yaşayaraq ölməyi Allahdan istəyir.


ALLAHIN ƏMRLƏRİNƏ MÜTLƏQ TABEÇİLİK

İslam sözü «Allahın əmr və yasaq etdiyinə mütləq şəkildə tabe olmaq» deməkdir. Artıq bunu Quran ayəsi ifadə etmişdir: «Ey iman gətirənlər! Allahın yasaq etdiyi şeylərdən əməlli-başlı qorunun. …» Yəni Allahın buyuruğu ilə gedin, Ondan qorxun və bütün işlərinizdə təqvalı olun. Yəni Allah istəyir ki, sizə əmr etdiyinə mütləq şəkildə əməl edəsiniz, qadağan etdiyindən isə mütləq şəkildə çəkinəsiniz. Allahın heç bir əmrindən çıxmayın və qadağan etdiyi heç bir işi etməyin ki, yalnız bu halda müsəlman olarsınız. «Allahın yasaq etdiyi şeylərdən əməlli-başlı qorunun» – deyildikdə isə Ona ibadət etmək, Onu bir bilmək və Onun hər bir əmrinə və qadağasına sözsüz itaət nəzərdə tutulur, çünki bunlar İslamı ifadə edir. «Müsəlman olaraq ölün!» Yəni bütün işlərinizdə müsəlman olun. Bu, təqvanı və layiqli əməli göstərir. Bu yolda davam edin. Kimsə sizi İslamdan yayındırmasın. İmkan verməyin ki, ölüm sizi müsəlman olmadığınız halda yaxalasın. Bu sizi müsəlman olaraq ölməyə doğru aparan xətdir.

İbrahim peyğəmbərdən sonra da missiyalar gəldi. Hər bir missiya öz dövrünün İslamı idi, çünki İslam Allaha hər bir əmrində və qadağasında itaət deməkdir. Musanın zamanında Allah Tövratı nazil etdi. Tövrat da İslam yolunu təmsil edirdi. Tövrat da Allahın əmrini və qadağalarını ifadə edir. Habelə İsa Tövratı təsdiq edərək İncili ona əlavə etdi. İncil İsa zamanında İslamı təmsil edirdi. İsanın missiyasını, yaxud Musanın missiyasını qəbul edən İslamı qəbul etmişdir, lakin Musadan sonra gələnlər Tövratı, İsadan sonra gələnlər isə İncili təhrif etdilər. Biz həm Musanın, həm də İsanın missiyasına iman gətiririk, çünki Peyğəmbərimiz onları təsdiq edir. Lakin edilmiş təhriflərə görə Tövrat və İncilin mətninə arxayın deyilik, çünki Allah İncildə İsa peyğəmbərdən sonra Əhməd adlı peyğəmbərin gələcəyi müjdəsini vermişdir. Lakin nə Tövratda, nə də İncildə bu barədə qeyd qalmamışdır.

Məhz buna görə Peyğəmbərin missiyası İslam adlanmışdır, çünki bu missiya bütün missiyaların xülasəsidir və Allahın əmr və qadağalarını ifadə edir.

Beləliklə, İslam sözü İbrahimdən başlamış, ondan sonrakı dinlərdə davam etmişdir. «Atanız İbrahimin milləti kimi Allah sizi müsəlman adlandırdı. …» («Həcc», 78). Çünki Allah İslam sözünü İbrahimə vermişdir.


Allaha – Aləmlərin Rəbbinə həmd olsun.

Allahın rəhməti və bərəkəti üzərinizdən əskik olmasın!


2005/03/29 çərşənbə axşamı toplantısı


Müəllif: Seyid Mühəmmədhüseyn Fəzlullah

Tərcümə etdi: Salman  Süleymanov

Redaktor: Xəyyam  Qurbanzadə






  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun