RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!  

SEYİD ƏBÜLFƏZL BURQUİ QUMMİNİN

HƏYATINA QISA BİR NƏZƏR

Seyid Əbülfəzl Burqui Qummi (h.q. 1329-1413, h.ş. 1287-1372, m. 1911-1993) dini məsələlərə yenidən baxılmasını tələb edən ruhanilərdən, yaxud həmfikirlərinin dediyi kimi dini islahatçılardan biri olmuşdur.

O, Qum şəhərində və on iki imamçı şiə məzhəbinə mənsub olan bir ailədə anadan olmuşdur. Atası fəqir və zahid bir şəxs idi. Anası Səkinə Sultan Şeyx Qulamrza Qumminin qızı olmuşdur. Burqui on yaşından məktəbə getməyə başlamış, Quranı üzündən oxumağı öyrənmişdir. Sonra təhsilini davam etdirə bilmək üçün şiə aləminin tanınmış alimlərindən olan Şeyx Əbdülkərim Hairinin yanına getmişdir. O, fiqh və üsuli-fiqh elmlərində ixtisaslaşmaq üçün Nəcəfə gəlmiş, üç il orada yaşamış və on iki imamçı şiə məzhəbinin mərcəi-təqlidi Seyid Əbülhəsən İsfahanidən elm kəsb etmişdir. Burqui İrana qayıtmamışdan əvvəl Seyid Əbülhəsən İsfahani onun ictihadını və müctəhid olduğunu təsdiq etmişdir. İrana gələndən sonra, o, dini elmləri tədris və təhqiq etməklə yanaşı siyasi məsələləri də daim izləyirdi. Onun Seyid Əbülqasım Kaşani ilə əlaqəsi var idi. Kaşani sürgündə olduqda Burquinin onunla irtibatı var idi. Kaşani İrana qayıtdıqdan sonra bu münasibət və əlaqə daha da səmimi və geniş şəkil aldı və o, “Məscidi-Qozəri-Dəftəri-Vəzir”ə (“Maliyyə Naziri Mirza Hidayətullahın Keçidi Məhəlləsi”nin məscidinə) pişnamaz təyin olundu. O, ömrü boyu müsəlmanların cahillik və nadanlığına görə çox məyus olurdu. Müsəlman ölkələrinin müstəmləkəyə çevrilməsinin səbəbini xalqın cahil olmasında və onların Quranda buyurulanlara əməl etməməsində görürdü. O, Pəhləvi hökuməti dövründə, həmçinin İslam İnqilabından sonra çox əziyyətlər və əzablar çəkdi. Bir neçə dəfə terrora məruz qaldı. Ona qarşı törədilən növbəti və sonuncu sui-qəsd Burquinin ağır zədə almasına səbəb oldu. O, elə aldığı yaradan da vəfat etdi.

BAXIŞ TƏRZİNİN DƏYİŞİLMƏSİ

Burqui dini elmlər zəminində apardığı təhqiqat və mütaliələrindən sonra 45 yaşında iddia etdi ki, mövcud şiə məzhəbində (Diqqət edilsin!) dini mətnlərə zidd olan çoxlu xurafatlar vardır. Onun öz sözünə əsasən o, bu xurafatlarla mübarizə aparmaq üçün çox səy etdi. Daha sonra o, öz fikirlərində islahat apardı. Əli ibn Əbitalibin həddindən artıq böyük göstərilməsi və şişirdilməsi ilə müxalifət etməsi, imamlara təvəssül etməyin sual altına alınması, xümsün yalnız müharibə qənimətləri üçün məhdudlaşdırılması bu islahatlardan bir neçəsidir. O həmçinin Elmi Hövzəni və bəzi ruhaniləri tənqid atəşinə tutdu. Onun etiqadı bu idi: “Quranın təfsirə ehtiyacı yoxdur, çünki təfsir insan təfəkkürünün məhsuludur, halbuki Quran Allahın sözləridir. Hər bir firqə və məzhəb Quranı öz xeyrinə təfsir edir. Lakin ərəb dilini bilməyənlər üçün Quran yaxşı tərcümə olunmalıdır, nəinki təfsir edilməli”.

O, “Məfatihul-cinanın Quranla ziddiyyəti” adlı kitabında yazır: “Avam və savadsız müsəlmanlar, hətta alimnümalar (yalançı alimlər) arasında rəvacda olan və alimlərin sükutunun nəticəsində ortaya çıxan xurafatlardan biri də imamların, yaxud onların övladlarının və digər din böyüklərinin qəbirlərindən kəramətlərin və möcüzələrin təzahür etməsinə etiqad edilməsidir, halbuki bu cür etiqadlar tövhid prinsipi və əsl İslam və Quran əqidələri ilə ziddiyyət təşkil edir”.

Mühəmməd ibn Əbdilvəhhab və İbn Teymiyənin “Tövhid” kimi bəzi kitablarını fars dilinə tərcümə etdiyinə və onların fikirlərini müdafiə etdiyinə görə onu vəhhabilikdə ittiham etmişlər. Baxmayaraq ki, Ayətullah Burqui özü bu ittihamı hər vəchlə rədd  etmiş və Əhli-Beyt dostu olduğunu elan etmişdir.

Onun müxaliflərindən bir qrup Burqui və onun həmfikirlərinin əqidələrinin vəhhabi əqidələrinin təsirindən qaynaqlandığına inanırlar və buna görə də onlara “vəhhabi şiələr” deyirlər. Lakin ümumi fikir budur ki, o, ömrünün axırına qədər Əhli-Beyt imamlarına etiqad etmiş və şiə olaraq dünyadan köçmüşdür.

ÖZ DİLİNDƏN ƏLLAMƏ BURQUİNİN TƏRCÜMEYİ-HALI

Bu kiçik bəndəyə haqqı və batili dərk etmə gücü əta edən və bizi Özünə doğru hidayət edən Allaha həmd olsun! Bütün həmdlər bizi haqq dinə doğru hidayət edən Allaha məxsusdur! Əgər Allah bizi hidayət etməsəydi, biz hidayət ola bilməzdik. Ey mənim İlahım, Sən Özünü mənə göstərdin. Əgər Sən olmasaydın, mən Sənin nə olduğunu bilməzdim. Qiyamət gününə qədər saysız-hesabsız salam olsun tərifəlayiq elçi Mühəmmədi-Mustafaya və ona gözəl şəkildə tabe olan əshabələrinə və davamçılarına!

Sonra onu demək istəyirəm ki, bir qrup dostlar və həmfikirlər israr etdilər ki, bu həqiri-fəqir[1] Seyid Əbülfəzl İbnur-Rza Burqui öz tərcümeyi-halımı yazım və onu yazarkən öz fikir və əqidələrimi də yazım ki, ta iftiraçılar ölümümdən sonra mənə töhmət vura bilməsinlər. Çünki müqəddəsnümaların (yalançı müqəddəslərin) xurafi əqidələrinə qarşı mübarizə aparan şəxsin düşmənləri də çox olur. Hər hansı bir şəxsi öz əqidələrinə müxalif görən düşmənlər hər cür təkfir[2], təfsiq[3] və töhmətdən peşman olmurlar, əksinə bu işlərin savab və qanuni olduğuna inanırlar!!! Əlbəttə, hədis kitablarında da bu iş üçün qondarma hədislər verilmişdir ki, məlumatı az olan şəxslər o rəvayətləri görsələr, onların səhih olduğuna inanarlar.

Hər bir halda zərrə qədər olsun belə özümü həyat tarixinə malik olan bir şəxs kimi qəbul etmirəm. Lakin dostların israrına cavab vermək üçün onların istəklərini rədd etməməyi lazım bildim. Həyatımın bir hissəsini müxtəsər şəkildə onlar üçün yazıram. Həyatımın müəyyən mərhələləri barədə bəzi əsərlərimdə məlumat verməyimə baxmayaraq, bunun əhəmiyyətli olacağına inandığım üçün məcburən burada da o mətləblərdən bəzilərini təkrar etməli olacağam.

AYƏTULLAH ƏLLAMƏ BURQUİNİN ƏSİL-NƏSƏBİ

Bildirirəm ki, mən Qumluyam[4] və otuz nəsil ata-babalarım Qumda yaşamışlar. Quma gələn və orada məskunlaşan böyük babam Musa Mubərqi[5] Həzrət Əli ibn Musa ər-Rzanın oğlu İmam Mühəmmədtəqi əleyhissəlamın (9-cu imamın) oğludur. Hal-hazırda onun qəbri Qumda məruf və məşhurdur. Nəsəb silsiləm Musa Mubərqiyə çatdığına görə bizə Burqui deyirlər[6]. Həzrət Rzaya çatdığına görə isə məni Rəzəvi, yaxud İbnur-Rza (Rzanın oğlu) deyə çağırırlar. Buna görə də şəxsiyyətimi təsdiq edən sənədlərdə “İbnur-Rza” yazılmışdır.

Nəsəb silsiləm və şəcərəm (genealogiya) nəsəblər və şəcərələr haqqında yazılan kitablarda qeyd edildiyi və “Təracumur-rical“[7] kitabımda da “Əlif” fəslində yazdığım kimi bu cürdür: “Əbülfəzl ibn Həsən ibn Əhməd ibn Rəziyyiddin ibn Mir Yəhya ibn Mir Miran ibn Əmiranil-Əvvəl ibn Mir Səfiyyiddin ibn Mir Əbilqasım ibn Mir Yəhya ibn Seyid Möhsün ər-Rəzəvi ər-Rəis biməşhədir-Rza – dövrünün böyük şəxsiyyətlərindən olmuşdur – ibn Rəziyyiddin ibn Fəxriddin Əli ibn Rəziyyiddin Hüseyn Padşah ibn Əbilqasım Əli ibn Əbiəli Mühəmməd ibn Əhməd ibn Mühəmməd əl-Ərəc (Topal) ibn Əhməd ibn Musa Mubərqi ibn əl-İmam Mühəmməd əl-Cəvad. Allah atalarımdan və məndən razı olsun! Allah məni və onları bağışlasın!”

Atam Seyid Həsən dünya malına qarşı çox etinasız, yoxsul və insanların ən zahidi idi. Qoca yaşında zəif və gücsüz olduğu halda, hətta qış fəslində və şaxtalı havada da işləyərdi. Lakin eyni zamanda cazibəli, şad, gecə ibadətinə qalxan, əhli-ibadət, təvazökar, sadə və səxavətli bir insan idi. Lakin babam Seyid Əhməd mübariz və riyasız (səmimi, ixlaslı) bir müctəhid idi. O, tənbəkinin haram olmasına fitva verən Mirzayi-Şirazinin şagirdlərindən olmuş və onun diqqətinə məzhər olmuşdur. “Təracumur-rical”da yazdığım kimi, o, ictihad dərəcəsinə çatdıqdan sonra Samərradan[8] Quma qayıtmış və məhəllənin dini və şəri işlərinə rəhbərlik etmişdir. Onun ev əşyaları Salmanın ev əşyaları kimi, həyatı isə Əbuzərin həyatı kimi sadə olmuşdur. O, camaatdan dirhəm və dinar istəmirdi.

İBTİDAİ TƏHSİLİ

Hər halda atam dünya malına sahib olmadığına görə bizə təhsil verə bilmədi. Amma mən anamın zəhməti və həyəcanının bərəkəti sayəsində təhsil aldım. Bütün çətinliklərə baxmayaraq, o, ayda məvacib olaraq bir rial müəllimə göndərirdi.

Anam Səkinə Sultan ibadəti sevən, zahidə və çox qənaətcil bir qadın idi. O, “Riyazul-hüseyni” kitabının müəllifi Hacc Şeyx Qulamrza Qumminin qızı idi və mərhum Hacc Şeyx Qulamhüseyn Vaiz və Hacc Şeyx Əli Mühərrir onun (yəni anamın) qardaşları idilər. “Faidətul-məmat” kitabını Qulamhüseyn yazmışdır. Hər bir halda anam çox tədbirli qadın idi ki, o, öz övladlarını Allahın köməyi sayəsində çətinlikdən xilas edə bildi. Qıtlıq illərində, yəni Birinci dünya müharibəsində rus ordusu İrana daxil olanda mənim beş yaşım var idi.

Uşaq vaxtı və məktəbə getdiyim illərdə müəllim mənə diqqət göstərmirdi. Digər uşaqların dərsinə qulaq asmaqla az-az oxumağı və yazmağı öyrəndim. O dövr məktəblərdə bir müəllim bütün şagirdlərə bir sinif otağında dərs vermirdi. Hər bir uşağa xüsusi dərs keçirilirdi. Mən müntəzəm surətdə məvacib verə bilmədiyim üçün mənə xüsusi dərs keçirilmirdi. Yalnız digər uşaqların dərs işığında inkişaf edə bildim. Müntəzəm şəkildə dəftər-kağız belə əldə edə bilmirdim. Baqqal və əttar dükanının bir tərəfi ağ olan kağızlarından istifadə edirdim. Lakin eyni zamanda şükür etməliyəm ki, quru və çox xərc tələb edən proqramları olan yeni siniflər yaranmadı, çünki bu yeni proqramları olan məktəbdə hər bir uşağın bir neçə dəftəri və bir neçə kitabı olmalı idi ki, ta onu sinfə buraxsınlar. Mənim kimi ildə bir qələm və bir dəftər ala bilməyən şagird necə elm öyrənə bilərdi?!

HÖVZƏ TƏHSİLİ

Fars dili və Quran dərsini təkmilləşdirdiyim günlərdə şiələrin diqqət mərkəzində olan və Ərakda yaşayan Hacc Şeyx Əbdülkərim Hairi Yəzdi adlı bir alim Qum əhlinin dəvətini qəbul edərək bu şəhərdə məskunlaşdı və dini elmləri oxumaq istəyən tələbələr üçün bir hövzə yaratdı. Mənim on iki yaşım var idi. Tələbələrin dərslərində iştirak etmək qərarına gəldim və Qumun köhnə bazarında yerləşən “Rəzəvi” mədrəsəsinə getdim ki, orada özüm üçün bir hücrə hazırlayım və elə orada da dini elmlərin təhsili ilə məşğul olum. Anamın xalası oğlu olan Seyid Mühəmməd Səhhaf adlı bir seyid oranın qəyyumu və idarəçisi idi və mədrəsənin işlərinə nəzarət edirdi. Yaşım az olduğu üçün mənə hücrə vermədilər. Buna görə də mədrəsənin bir kvadrat metr olan dalanının bir guşəsində yerləşən və xidmətçinin öz süpürgəsini və vedrəsini qoyduğu bir eyvanı mənə verdilər. Xadim lütf edib ora bir sınıq qapı da qoydurdu. Mən də ana evindən bir palaz gətirib yerə sərdim və təhsillə məşğul olmağa başladım. Gecə-gündüz o kiçik hücrədə qalırdım ki, məni istidən və soyuqdan qoruya bilmirdi, çünki o qapının çox yarığı var idi. Hər bir halda iki ilə yaxın o kiçik hücrədə qaldım. Bəzən ot-ələf satana, bəzən də bir tacirə şagirdlik edib təhsilimi davam etdirmək üçün kiçik bir büdcə yaradırdım. İstər atam və ya qohumlar, istərsə də Qum əhli tərəfindən elm oxuyub öyrənmək üçün mənə heç bir köməklik edilmirdi. Beləliklə, təsrif[9] və nəhv[10] elmlərini, “Muğni” və “Cami” kitablarını oxudum və imtahan vermək üçün Hacc Şeyx Əbdülkərim Hairinin və tələbələrdən imtahan götürən digər din alimlərinin yanına getdim və imtahanlarımı yaxşı verdim. Belə qərara alındı ki, mənə ayda beş rial məvacib verilsin. Lakin ayda beş rial mənim zəruri xərclərim üçün kifayət etmirdi. Buna görə də bir neçə nəfəri vasitəçi kimi onların yanına göndərdim və onlar da Şeyx Əbdülkərim Hairilə söhbət etdilər. Qərara alındı ki, mənə ayda səkkiz rial verilsin. Belə qərara gəldim ki, səkkiz riala qənaət edim və təhsilimi davam etdirim. Həmin məvaciblə dolana bilmək üçün ayda 4 rial çörəkçiyə verirdim ki, gündə mənə bir girdə yarım arpa çörəyi versin, çünki bir girdə arpa çörəyinin qiyməti rialın onda birinə bərabər idi. Buna görə də hər gün üçün çörəyə üç şahı[11] ayırdım ki, ayda 4 rial yarıma bərabər olurdu. Digər iki rialı da yeməyə ayırırdım, bir batman qaysı qurusu alırdım və bir kisənin içində hücrəmin bir yerinə qoyurdum ki, gündə ondan suya bir doyumluq töküm və ərik suyu və arpa çörəyilə qarnımı doydurum. Səkkiz rialdan yerdə qalan digər bir rial yarımı da hamam xərcləri üçün ayırırdım. Ayda dörd dəfə hamama gedirdim ki, hər dəfə yeddi şahı lazım gəlirdi və bir rial yarıma bərabər olurdu.

Bu minvalla bir müddət təhsilimi davam etdirdim, ta dərsi-xaricə (magistr və doktorantura səviyyəsinə) çatdım, fiqh və üsuli-fiqh elmlərini öyrəndim. Təhsil aldığım müddət ərzində müqəddimatı (hazırlıq dövrünü) oxuyan tələbələrə dərs deyirdim. Beləcə yavaş-yavaş “Elmi Hövzə”nin müdərrisləri arasına daxil oldum. Lazım olan kitablar əlimdə olmadan üsuli-fiqh, fiqh, sərf, nəhv və məntiq dərslərini əzbərdən keçirdim.

DİGƏRLƏRİNİN NƏZƏRİNDƏ BURQUİ

Buna əlavə olaraq cavanlıqda təhsil aldığım dövrdə Ayətullah Seyid Kazım Şəriətmədarilə dərs yoldaşı idim və Qumda yaşadığı günlərdə onunla əlaqə saxlayırdım. Güman etmirdim ki, o, insafsızlıq etsin. O, bir müddət “Bir vəlayət dərsi” kitabı ilə əlaqədar bir həddə qədər məni müdafiə etdi. Daha da mühüm olan odur ki, mənim üçün bir təyidiyyə (təsdiq sənədi) yazdı və məni təriflədi və şəri işləri idarə etməyimi icazəli hesab etdi. Hətta “Bir vəlayət dərsi” nəşr olunduqdan sonra da bir müddət susmaq yolunu seçdi. Mən də onunla olan keçmiş münasibətimə diqqət edərək bu mövzuda ona verilən şəri suala onun verdiyi cavabı kiçik bir kart şəklində çap etdirib çoxaltdırdım. Məscidə, yaxud mənzilimizə gələn hər bir şəxsə bu kartlardan verirdim.

Həmçinin Ayətullah Hacc Şeyx Zəbihullah Məhəllati camaatın “Bir vəlayət dərsi” kitabı haqqında verdiyi suala cavab olaraq belə yazır: “Höccətülislam, ədalətli alim Ağayi-Burquinin “Bir vəlayət dərsi” kitabını oxumuşam. Onun əqidəsi səhihdir (doğrudur) və vəhhabiliyi yaymır. Camaatın sözləri ona qarşı töhmətdir. Allahın yasaq etdiyi əməllərdən əməlli-başlı qorunun! O buyurur ki, bu kimi şeirlər doğru deyildir!

“Dünya əgər yox olarsa, Əli onu yox edər,

Qiyamət əgər bərpa olarsa, Əli onu bərpa edər!”

Ərz edim ki, bu şeir doğru deyildir!

İmza: Məhəllati” 

Ağayi-Əli Meşkini Nəcəfi də yazır: “Mən – Əli Meşkini “Bir vəlayət dərsi” kitabını mütaliə etdim və onun sağlam əql və din məntiqilə uyğun olan ali məzmunlarından şad oldum.

İmza: Əli Meşkini”

Ağayi-Höccətülislam Seyid Vəhidəddin Mərəşi Nəcəfi yazır: “Allahın adı ilə! Həzrət Ağayi-Əllamə Burqui – Allah onun ali xeyirlərini başımızın üstündən əskik etməsin! – müctəhid, ədalətli və on iki imamçı şiə məzhəbinə mənsub bir şəxsdir. Məşhur sözə əsasən “Bir şəxsin kitabı və əsəri onun əqlinin dəlili və əqidəsinin güzgüsüdür!” O, “Əql və din” kitabında, yeni nəşr olunmuş “Təracumur-rical” kitabında, həmçinin digər kitablarında Həzrət Əmirülmöminin Əli (ə) və digər hidayət imamlarının məqam və şanı barəsində çox ali fikirlər yazmışdır. Dəyərli “Bir vəlayət dərsi” kitabını kamil şəkildə oxumamış, öz imanını əlindən vermiş və o böyük şəxsiyyət haqqında zalımanə hökm çıxarmış bir qrup qərəzli, yaxud səbirsiz və təəssübkeş şəxslərin yaratdığı mübahisə və qalmaqalların biz alimlərə və ağıllı insanlara zərrə qədər təsiri yoxdur. Hidayət imamlarının – Allahın salamı olsun onlara! – bir neçə mərcəi-təqliddən ictihad təsdiqi almış bu pak nəslini incidən və eyni zamanda bir nəfər alim və fəqih müsəlmana böyük böhtan və şiddətli iftira atan şəxslərin halına vay olsun! Haqq-Taala buyurmuşdur: “Möminlər arasında çirkin şeylərin yayılmasını istəyən şəxslər üçün dünyada və axirətdə şiddətli bir əzab vardır. Allah bilir, siz bilməzsiniz!”[12]

Şəri-mübinin xadimi: Seyid Vəhidəddin Mərəşi Nəcəfi

h.q. 1389, zilqədə, m. 1969, h.ş. 22 dey 1348”

Ayətullah Xoyi məni yaxşı tanıyırdı. Yadımdadır ki, hövzənin xurafatlarına mübtəla olduğum vaxtlarda Nəcəfdə nitq söyləyirdim. O, mənim sözlərimi çox bəyənirdi və məni bu işə təşviq etmək və öz razılığını izhar etmək üçün minbərdən aşağı endikdə ağzımdan öpürdü.

Ağayi-Şahrudi məni daim ruhlandırır və çox tərifləyirdi. Hətta bir zamanlar Nəcəfdə fəlsəfədən təsirlənmiş batil firqələr yaranmışdı və bir qrup tələbələr filosofların kitablarını və fikirlərini öyrənməyə böyük həvəs göstərirdilər. Nəcəf dini rəhbərləri çox vaxt Quran və Sünnə haqqında məlumatları olmadığına görə onların (yəni Quran və Sünnənin) filosofların söylədiyi fikirlərlə təzad təşkil etdiyini bilməyən tələbələr üçün mühazirə oxumağımı xahiş etdilər. Bu məqsədlə Ayətullah Şahrudi öz evinin həyətinə xalça döşətdirdi. Mənə dedi ki, minbərə çıxım və etiqadi məsələləri tələbələrə bəyan edim. Mən də onun istəyini həyata keçirdim və həqiqətləri tələbələr üçün bəyan etdim. O da bütün bunlara görə mənə öz razılığını bildirir və məni hər yerdə tərifləyirdi. Lakin bu son vaxtlarda xurafatlara qarşı qiyam etdikdə məni tanıyan və keçmişimi bilən bütün şəxslər məni tək qoydular, susmağa üstünlük verdilər, bəziləri də mənimlə müxalifətdə oldular.

Şah hökuməti devrildikdən və Ağayi-Xomeyni hakimiyyətə gəldikdən sonra onunla əlaqə yaratmaq istədim, çünki biz otuz il tələbə yoldaşı olmuş və bir hövzədə oxumuşduq. O, məni yaxşı tanıyırdı. Hətta İrana qayıtmamışdan və İranın yeni halı və İrandakı əmmaməlilərin vəziyyəti ilə tanış olmamışdan əvvəl biz bir-birimiz haqqında məlumatlı idik. Böyük oğlu Ayətullah Hacc Seyid Mustafa Xomeyni vəfat etdikdən sonra söylədiyi nitqdə[13] adımı çəkməyə cürət etməsə də, işarə ilə belə demişdir: “Görkəmli alim ağalardan gileyliyəm! Onlar da bir çox işlərdən xəbərsizdirlər. Ola bilsin ki, sadəlövhdürlər. Aparatın yaratdığı çirkin təbliğatın təsiri altında qalır və mübtəla olduğumuz böyük işə qarşı qafil davranırlar. İşin içində onları qəflətə doğru çəkən əllər vardır, yəni problem yaradıb ardınca səs-küy çıxardan əllər vardır. Bir dəfə bir məsələ İranda düzəlməsinə baxmayaraq, vaxtlarını siyasi və ictimai məsələlərdə sərf etməsi lazım olan bütün möhtərəm vaizlər, alimlər və görkəmli şəxsiyyətlər əhəmiyyətsiz işlərlə məşğul olurlar. Belə ki, məsələn Zeyd kafirdir, Əmr mürtəddir və o bir vəhhabidir, – deməklə boş-boş işlərlə məşğul olurlar. Əlli il zəhmət çəkmiş və fiqh bilgisi onların əksəriyyətinin fiqh bilgisindən daha yaxşı və daha dərin olan şəxsə vəhhabi deyirlər. Bu, böyük bir səhvdir. Şəxsiyyətləri özünüzdən uzaqlaşdırmayın, bir-bir kənarlaşdırmayın. “Bu vəhhabidir!”, “O, dinsizdir!” və  “O, nə bilim nədir?!” – deməyin. Əgər bu işləri görsəniz, sizin üçün nə qalır?!”

Adımı eşitdikdə Ağayi-Xomeyni qızıma çox hörmətlə yanaşdı və məktubu alıb özü ilə apardı. Qızım xudahafizləşmək üçün onun ailəsinin yanına içəri qayıtdı. Onun həyat yoldaşı qızıma dedi ki, biz məktubun cavabını Ağadan götürüb sizin üçün Tehrana gətirərik. Bir müddətdən sonra Xanım Səqəfi Tehrana gəldi və qızımın qonağı oldu. Lakin məktubun cavabını gətirməmişdi. Fəqət dedi: “Ağa atanızın məktubuna cavab olaraq dedi ki, Ağayi-Burqui özü müctəhiddir və fikir sahibidir, lakin adamayovuşan və ünsiyyətcil deyildir”.

Ayətullah Taleqani inqilabın əvvəllərində zindandan azad olanda mən onun görüşünə getdim. Söhbət əsnasında başını aşağıya doğru gətirib qulağıma dedi: “Sizin dedikləriniz doğrudur, lakin hal-hazırda bu həqiqətləri deməyimiz məsləhət deyil!” Mən yəqin bilirəm ki, o dünyada onu “Həqiqətləri deməyiniz nə vaxt məsləhətdir?” – deyə sorğuya çəkirlər.

Bilmirəm elan Ağayi-Bazərqanın əlinə çatmışdı, ya yox, hər halda evimdə xəstə olduğum günlərin birində Mühəndis Bazərqan, Doktor Sədr və Mühəndis Təvəssüli mənə baş çəkmək üçün bizim evə gəldilər. Hal-əhval tutduqdan sonra üzümü onlara göstərdim və dedim: “Təqlidin nəticəsini görürsünüz? Mənimlə bu cür rəftar edən şəxs başqalarına kor-koranə təqlid edən bir müqəlliddir və ümumiyyətlə, onlardan belə bir fitva vermələrinin dəlilinin nədən ibarət olduğunu soruşmur. Siz və sizin dostlarınız da axundlara təqlid etməkdən əl çəkin”.

Təvafüqən bir cümə günü başsağlığı vermək üçün Qum əhalisindən olan, bizim qohumlardan hesab edilən və mərcəlik iddiası da edən Ayətullah Feyzin evinə getdim. O gün onun rövzə və dua məclisi var idi. Hər hansı bir təskinedici söz demək və başsağlığı vermək üçün onun xidmətinə gəldikdə mənimlə həmişə mehriban davranmasına baxmayaraq, bu dəfə çox qaşqabaqlı üzlə qarşıladı. Sanki mənə etirazı var idi. Bildirdim ki, bəlkə, nəsə olubmu, ovqatınız belə təlxdir? Cavabında buyurdular ki, mənim sizdən heç bir təvəqqem yox idi. Ərz etdim ki, mövzu nədir? Dedi ki, siz məktub yazıb məni təhdid etmisiniz ki, əgər mərcəiyyət məqamı üçün Bürucərdidən başqasını təqdim etsəm, Qum bazarında məni abır-həyadan salacaqsınız. O zaman inandırmağa çalışdım ki, mənim bu məktubdan xəbərim yoxdur. Mümkündürsə, məktubu gətirin, əgər mənim imzam yoxdursa və xətt mənim deyilsə, deməli, o yazılan qondarmadır. Sözlərimə inansın deyə onun üçün and içdim.

Məclis sona çatdıqdan sonra bayıra çıxdım. Heyrətlənmiş halda bu düşüncədə idim ki, mərcəi-təqlidi müəyyənləşdirmək üçün işin içində gizli əl vardır və hadisə heç də mən təsəvvür etdiyim kimi sadə deyildir. Başa düşdüm ki, mərcəiyyət də aktyorlar üçün bir oyuncaqdır. Sonrakı hadisələrdən belə məlum oldu ki, gizli bir əl Ağayi-Bürucərdini mərcəlik məqamına qaldırdı və onun varlığından bəhrələndi.

Hicri-şəms təqvimilə 1328-ci ildə (m. 1949) Əhməd Qəvamın baş nazir işlədiyi zamanlar Ayətullah Kaşani seçkilərə müdaxilə etmək istədi ki, ta məclisdə saray tərəfindən təyin olunmuş vəkillərin sayından bir qədər azaltsın. Mən Ayətullah Kaşaninin səmimi dostlarından idim və hər il yayda Tehrana gələndə onun evində qalırdım. Həmin ildə o, mənə buyurdu ki, Xorasana getmək üçün bir maşın kirayə edim. Mən də onun dediyi kimi etdim və biz səfərə hazırlaşdıq. Ağayi-Şeyx Mühəmmədbaqir Kəmreyi və bir də digər iki nəfər şəxs gəldilər. Mən, Ağayi-Kaşani və onun övladlarından biri cəmi altı nəfər birlikdə Məşhədə doğru hərəkət etdik. Dövlət idarələri yolüstü şəhərlərdə Ayətullah Kaşaninin məclis üçün vəkillər təyin etməsindən, namizədlər irəli sürməsindən və xalqı millət üçün xeyirli olan nümayəndələri müəyyənləşdirməyə və seçməyə şövqləndirməsindən narahat olduğu üçün bizim səfərimizdən çox narahat idi və demək olar ki, qorxu hissi keçirirdilər. Buna görə də biz Tehrandan yola düşən andan bütün yolüstü şəhərlər bundan xəbərdar olub bizi qarşılamağa hazırlaşdılar. Digər tərəfdən dövlət orqanları keçdiyimiz şəhərlərin məmurlarına xəbər çatdırmışdı ki, iğtişaş salsınlar və dövlətin Ayətullah Kaşanini Tehrana qaytarması üçün bəhanə yaratsınlar.

O vaxtlar bütün elm əhli siyasətdən və ölkə daxilində baş verən işlərdən kənar idi və bu məsələlərdən uzaqlaşmağa çalışırdılar. Əgər Kaşani, yaxud mənim kimi bir şəxs diktatorluq ilə mübarizə aparsaydıq, o qədər də xalqın diqqətinə məzhər olmurduq. Ümumiyyətlə, İran xalqı və İran dövlətinin öz taleyi xalqla istədiyi kimi davranan qəbirqazanların əlində olan bir qəbiristanlıq kimi idi! Kaşani kimi bir şəxs meydanda tək idi və o, çox əziyyətlər çəkdi və həbsxanaya düşdü, amma sonda İranda bir hərəkət və dalğa vücuda gətirə bildi. O zamana qədər, ümumiyyətlə, milli və qeyri-milli bir cəbhə yox idi. Mərhum Müsəddiqi çox az adam tanıyırdı. Kaşani işin başına bir milli şura məclisinin və millətin xeyrini istəyən vəkillərin keçməsi üçün çox səy göstərdi. Buna görə də fitva verirdi ki, gənclərin seçkilərdə iştirak etməsi vacibdir. Bu məqsədlə Livanda həbsxanadan mənə belə bir məktub yazdı ki, Ağayi-Burqui, digər axundlar kimi məscidi dükana cevirmə, xalqı oyatmağa çalış və xalqın “Yaxşı axund o şəxsdir ki, millətin vəziyyətilə heç bir işi olmasın və insanlardan uzaqlaşsın” – sözünə qulaq asma. Elə bir iş görün ki, xalq Doktor Müsəddiqi seçsin. O vaxta qədər xalq Müsəddiqin kim olduğunu və nə işlə məşğul olduğunu bilmirdi. Kaşani bütün dostlarına tövsiyə edirdi ki, təmiz və vicdanlı vəkillərə, o cümlədən Müsəddiqə səs verin. Kaşani və onun ardıcıllarının[14] tapşırıqlarına əsasən və söylədikləri nitqlər vasitəsilə camaat Müsəddiqin adını eşitdi, artıq onu bir qədər tanımağa başladı. Seçki vaxtında Kaşaninin müridləri gecənin əvvəlindən sübhə qədər seçki qutularının yanında yatırdılar ki, məbada Kaşani və Müsəddiqin vəkil olmaması üçün qutunu dəyişdirsinlər. Camaatı təşviq edirdik ki, Kaşaniyə, Müsəddiqə və bu iki nəfərlə eyni yolda addımlayan bir neçə nəfərə səs versinlər. Kaşaninin müridlərinin fəaliyyəti nəticəsində bu iki şəxs səs yığdı və Tehranın millət vəkilləri oldular. Dövlət idarələri çarəsiz qalıb Kaşanini həbsdən azad etdi və Livandan İrana gətirtdi.

Millət Kaşaninin təyyarə ilə Tehrana gələcəyindən xəbər tutdu. Onun gəldiyi gün yol boyu Mehrabad təyyarə limanından evinin qapısına qədər adamla dolu idi. Biz də həmin vaxt Tehranda ciddi fəaliyyət göstərirdik ki, o, gözəl şəkildə qarşılansın.

(ardı var) 

 Tərtibatçı və mütərcim:

 Əbuəbdirrəhman Xəyyam Qurbanzadə

[1] Yəni heç bir qədir-qiyməti olmayan yoxsul

[2] Bir şəxsin kafirliyinə hökm vermək

[3] Bir şəxsin fasiqliyinə hökm vermək

[4] Qum Tehranın 147 km. cənubunda yerləşən İran şəhərlərindən biridir. Onu qədim fars padşahları təsis etmişlər və Faruq Əzəmin (r) xilafəti dövründə (h. 21) fəth olunmuşdur. Bu gün Qum şəhəri dünyada ikinci böyük şiə mərkəzi sayılır.

[5] Mubərqi “üzünü örtüklə örtən” mənasını verir.

[6] Burqui sözü  “örtük” mənasını verən “burqu” sözünün nisbi sifətidir.

[7] Bu kitabın birinci cildindən başqa digər cildləri çap olunmamışdır.

[8] İrak şəhərlərindəndir və şiələr güman edir ki, Mehdi orada qeyb olmuşdur.

[9] Fellərin hallanması

[10] Sintaksis

[11] Keçmişdə İranda və Azərbaycanda pul vahidi, beş qəpiklik mis pul

[12] “Nur”, 19

[13] Onun mətni 1359-cu il aban ayının (m. 1980, oktyabr) ilk cümə axşamında buraxılan “Keyhan” qəzetinin 9-cu səhifəsində çap olunmuşdur.

[14] Onların başında Ayətullah Əbülfəzl Burqui gəlirdi.