RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!  

RZA ŞAHIN CƏNAZƏSİNƏ QUMDA HÖRMƏT GÖSTƏRİLMƏSİNİN VƏ ONUN ORADA DƏFN OLUNMASININ QARŞISININ ALINMASI

Çox çəkmədi ki, Rza şah Mavriki adasında[1] öldü. Onun cənazəsini İrana gətirdilər. Dövlət və Şah təşviq edirdilər ki, xalq onun cənazəsinə hörmət göstərsin və cənazəni böyük bir təşrifat və mərasimlə Qum şəhərində dəfn etsinlər. Cənazəni qarşılamaq üçün Qumun alimlərini və böyük şəxsiyyətlərini dəvət etdilər. Onlar o zaman mərcəi-təqlid olan Ayətullah Bürucərdinin tələbələrlə birlikdə ona cənazə namazı qılmasını istəyirdilər. Ayətullah Bürucərdi rəhbərliyə sığınan alimlərdən biri idi və öz məqamını (mənsəbini) qorumaq üçün heç bir işdən çəkinmirdi. Bundan əlavə, Şahla, saray adamları və millət vəkilləri ilə əlaqəsi var idi. Buna görə də Şahın cənazə namazını qılmağa razılıq verdi.

Mən belə fikirləşdim ki, əgər Şahın cənazəsinə hörmət göstərilsə, onun bütün fəsad işləri öz təsdiqini tapacaqdır. Ona görə də elə bir iş görməliyəm ki, onun cənazəsinə hörmət göstərilməsinə mane olsun. “Fədaiyani-İslam” (“İslam fədailəri”) adlı bir neçə cavan tələbə mənimlə təzə dost olmuşdu. O vaxt təqribən 35 yaşım var idi və “Qum Elmi Hövzəsi”nin müdərrislərindən idim. Yaşları on beşdən iyirmi beşə qədər olan bu gənc fədailər mənimlə dost olmuşdular və mənim evim onların ümid yeri idi. Bu gənclərin bəziləri də məndən dərs alırdılar. Onlarla pəhləvi cənazəsinə hörmət göstərilməsinin qarşısını almaq barədə fikir mübadiləsi apardım. Dedilər ki, siz elan yazın, biz də onu nəşr edək.

Mən elə də etdim. Elan yazdım və o elanda camaatı təhdid etdim ki, kim Şahın cənazəsinə namaz qılsa və onun son mənzilə yola salınmasında iştirak etsə, deməli, o adam dinin ölçülərinə müxalif hərəkət etmişdir və biz onu terror edəcəyik.

Bu elan yayıldıqdan sonra çox yaxşı təsir göstərdi. Cənazə namazına dəvət olunanlar, ələlxüsus Ağayi-Bürucərdi qorxuya düşdülər ki, məbada təhqirə, yaxud hücuma məruz qalsınlar. Buna görə də elanı nəşr edənləri axtarmaq fikrinə düşdülər. Fədailərin Qumda daimi bir mənzili yox idi, pərakəndə şəkildə fəaliyyət göstərirdilər və çox vaxt Tehranda qalırdılar. Buna görə belə bir işin onlar tərəfindən həyata keçirilməsinə ehtimal verilmirdi. Digər tərəfdən də az ehtimal verilirdi ki, belə bir sərt elanı Seyid Əbülfəzl Burqui Qummi yazmış olsun. Bundan əlavə cənazənin Quma daxil olması çox yaxın idi və hökumətin məsul işçilərinin də fikirləri çox pərişan idi. Cənazə Quma daxil oldu. Lakin ona istənilən kimi hörmət göstərilmədi. Qum “İmam” məscidində fatihə məclisi quruldu. Musa Xoyi adlı bir seyid o məclisdə iştirak etmək istəyirdi. Bizim dostlarımız onu tutdular və başından qan axana qədər heyvan kimi döydülər. İşin bu yerə çatdığını görən dövlət cənazənin Qumda dəfn olunması fikrindən vaz keçdi və cənazə Tehrana aparıldı. Artıq Tehranda nə baş verdi, onu bilmirəm.

ƏLLAMƏ ƏMİNİNİN “ƏL-QƏDİR” KİTABININ MÜTALİƏ OLUNMASI VƏ AYƏTULLAH BURQUİNİN ONUN BARƏSİNDƏ FİKRİ

Həbsxanada olarkən Əllamə Əbdülhüseyn Əmini Təbrizinin bir neçə il əvvəl oxuduğum “əl-Qədir” kitabını yenidən mütaliə etdim. Səmimiyyətlə və təəssübsüz olaraq deyim ki, “bu kitabda Ağayi-Əmininin işi Qədir hədisinin isnadına yalnız bir neçə sənəd əlavə etməkdən ibarət olmuşdur”, – deyənlər doğru demişlər. Bu kitab avam, yaxud az məlumatlı və qeyri-mütəxəssis şəxsləri aldada bilər, amma az-çox məlumatı olan, özü də ədalətli olan insanların yanında o qədər də dəyərli kitab deyildir. Lakin elm əhlinin də təəssübkeşliklə, yaxud avamları aldatmaq niyyəti ilə bu kitabı tərifləməsi və ona hörmət göstərməsi istisnadır. Mənim fikrimcə, ustadımız Ayətullah Seyid Əbülhəsən İsfahani doğru fikirləşirdi. Ondan bu kitabın çap xərclərinin beytülmaldan (vücuhi-şəriyyədən) ödənməsi barəsində icazə istənildikdə razılaşmamış və belə cavab vermişdir: “Şeir kitabı(!)nın çap olunması üçün imammalından xərcləmək ola bilsin ki, o böyük şəxsiyyəti (yəni İmamı) razı salmasın”.

Bu kitabın bir çox istinadları (sənədləri) İslamın əvvəli ilə möhkəm bağlılığı olmayan etibarsız mənbələrdən götürülmüşdür ki, bu iş təhqiqatçıların nəzərində heç də inanıla biləcək bir səviyyədə deyildir. Onun bəzi ehticacları (dəlil və sübut gətirmələri) da bundan əvvəl cavablandırılmışdır, lakin o, utanmadan yenidən onları zikr etmişdir. Güman edirəm ki, elm əhli öz daxilində bilir ki, “əl-Qədir” kitabı ilə məzhəbin xeyrinə mühüm bir iş görmək olmaz. Məhz bu səbəbə görədir ki, bu kitabın bu gün işlərin cilovunu əlində tutan tərəfdarları və məddahları heç bir vəchlə icazə vermirlər ki, farsdillilər tərəfindən istifadə edilməsi mümkün olan Heydərəli Qələmdaranın yazdığı “Şahrahi-İttihad və bərrəsiye-nüsusi-imamət” (“İttihadın ana xətti və imamət mətnlərinin araşdırılması”) adlı kitabı, yaxud Hind yarımmaterikinin şiə alimlərindən olan Mühəmməd Əbdüşşəkur Ləkhnəvi (Lakhnaulu) adlı alimin yazdığı “Baqiyati-salihat” (“Savabı əbədi qalan saleh işlər”) adlı kitabı, yaxud Şah Vəliyyullah Əhməd Dəhləvinin övladı Əbdüləziz Dəhləvi tərəfindən yazılmış “Töhfeyi-isnaəşəriyyə” (“On iki imamçı şiə məzhəbinin töhfəsi”) kitabı, yaxud Ağayi-Əbdürrəhman Sərbazinin Qumdakı “Dər Rahi-Həqq və Üsuli-Din” (“Haqq və Üsuli-Din Yolunda”) müəssisəsinə xitabən yazdığı “Razi-dəliran” (“Qorxmazların sirri”) adlı müxtəsər kitabçası və mənim tərəfimdən tərcümə olunmuş “Rəhnəmudi-Sünnət dər rəddi əhli-bidət” (“Bidət əhlinin rədd olunmasında Sünnənin yol göstərməsi”) kitabı və s. kimi kitablar tərcümə olunsun. Hətta bu kitabların adının xalq tərəfindən eşidilməsinə belə icazə vermirlər. Halbuki qərəzkar olmasaydılar və haqq tərəfdarı olsaydılar, xalqın həm “əl-Qədir”in, həm də adını yuxarıda çəkdiyim kitabların tərcümələrini oxumasına icazə verərdilər ki, artıq xalq onları bir-birilə müqayisə edə bilsin, alimlərə onların mövzuları barəsində suallar verə bilsin, fikirləri müqayisə etdikdən sonra haqqı batildən ayırsın və ən gözəl fikrə tabe olsun. Yalnız bu surətdə “… (“Ya Peyğəmbər!”) Bəndələrimə müjdə ver! O kəslərə ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. …”[2] ayəsinə əməl etmiş olarlar. Lakin nə özləri belə edir, nə də başqalarına bu cür hərəkət etməyə imkan verirlər. Əksinə, bizim kimi düşünən insanların cavabını ya silaha əl atmaqla, yaxud da həbs etməklə verirlər!!

ƏLLAMƏ BURQUİNİN USTADLARI

  1. Ağayi-Xansari
  2. Şeyx Əbdülqasım Kəbir Qummi
  3. Hacc Şeyx Mühəmmədəli Qummi Kərbəlai
  4. Ağayi-Mirza Mühəmməd Samərrai
  5. Ağayi-Seyid Mühəmməd Höccət Kuhkəməri
  6. Hacı Şeyx Əbdülkərim Hairi
  7. Hacc Seyid Əbülhəsən İsfahani
  8. Ağayi-Şahabadi və digər alimlər …

Təhsil aldığı ustadların bir çoxu onun üçün ictihad təsdiqnaməsi yazmışlar. Onlar aşağıdakılardır:

  1. Mühəmməd ibn Rəcəbəli Tehrani Samərrai
  2. Hacc Böyükağa (Ağabozorg) Tehrani
  3. Əbdünnəbi Nəcəfi İraqi Rəfəsi
  4. Ayətullah Seyid Əbülqasım Kaşani
  5. Seyid Əbülhəsən İsfahani
  6. Ağayi-Nəcəfi adı ilə tanınan Şihabəddin Mərəşi
  7. Şeyx Əbdülkərim Hairi
  8. Ayətullah Seyid Mühəmməd Höccət Kuhkəməri

Bu iki şəxsin (Ayətullah Hairi və Ayətullah Höccətin) icazənaməsinin əslini əsgərlik məsələsində mükəlləfiyyətimi müəyyənləşdirmək üçün o dövrün Mədəniyyət Nazirliyinə təhvil verdim. Məncə, bu iki icazənamə həmin nazirliyin arxiv sənədləri arasında mövcud olmalıdır.

ƏLLAMƏ BURQUİNİN KİTABLARININ SİYAHISI

Mən çox məqalə və kitabların müəllifiyəm: Yazdığım əsərlərin çoxu çap olunmuşdur. Bəzilərini isə İran İnqilabından sonra çap etdirə bilmədim. Onların əksəriyyətinin əlyazması vardır. Lakin bir hissəsi də ya oğurlanmış (!), ya da əmanət olaraq aparılıb, amma geri qaytarılmamışdır. Aşağıda öz əsərlərimin adlarını yazıram ki, kimin imkanı olarsa, bəsirətim açıldıqdan sonra yazdığım həmin kitabları tapıb mütaliə etsin, onların sayını çoxaltsın, yaxud Allah rizası üçün onların mövzularını öz din qardaşlarına çatdırsın.

  1. “Ayələrin güzgüsü, yaxud Quran mövzularının bələdçiliyi”[3]. Bu əsər dəfələrlə “İqbal” nəşriyyatı tərəfindən çap olunmuşdur.
  2. “Söz xəzinəsi – İmam Həsənin (ə) sözləri”.
  3. “Seyiduş-Şühədanın aforizmləri”.
  4. “Cövhərlər xəzinəsi – İmam Baqirin (ə) sözləri”.
  5. “Həqiqətlər xəzinəsi – İmam Sadiqin (ə) sözləri”.
  6. “Gövhər xəzinəsi, yaxud Peyğəmbərin (s) 1500 kəlamı”.
  7. “Xaliq və məxluqun haqqının bəyan olunmasında hüquq risaləsi”.
  8. “Əql və din nöqteyi-nəzərindən eşq və aşiq”.
  9. “Şeir və musiqi və onun məsləhətləri və fəsadları”.
  10. “Saqqalın və bığın hökmü”. Bu kitaba yenidən baxılmalı və bütünlüklə islah olunmalıdır, çünki onu hövzə xurafatlarına mübtəla olduğum dövrdə yazmışam.
  11. “Ariflərin və sufilərin əqidələri”. Bu kitabda islami əqidələrlə ariflərin və sufilərin əqidələri arasında olan 52 fərqi siyahı formasında bəyan etmişəm. Bir dəfə nəşr olunmuşdur.
  12. “On iki imamçı şiə məzhəbinin əqidələri”. Bəsirətim açılmamışdan əvvəlki dövrdə yazılmışdır.
  13. “Şeyxiyyə təriqətinin əqidələri və onun İslamla ziddiyyəti”. Bir dəfə çap olunmuşdur.
  14. ““Əl-Əvasim vəl-qəvasim” kitabının tərcüməsi”.
  15. ““Kifayətül-üsul” kitabına haşiyələr”.
  16. ““Həmədani namazı” kitabına haşiyələr”.
  17. ““Əl-Məkasibul-mühərrəmə” kitabına haşiyələr”.
  18. Hədis kitablarına haşiyələr.
  19. “Əbussəlt Hirvinin vəziyyətləri barəsində rəzəvi töhfə”.
  20. Şeyx Səduqun “Tövhid” əsərindən bir hissə tərcümə.
  21. “Vəsailuş-şiə” kitabından bir hissə tərcümə.
  22. “Peyğəmbərdən 40 hədis”.
  23. “İstidlali fiqh”.
  24. “Psixologiyadakı incəliklər”.
  25. “Əxlaq məcmuəsi”.
  26. “Öyüd-nəsihət məcmuəsi”.
  27. “Əziz övlad üçün ağıllı nəsihət”.
  28. “Qabaqcıllıq risaləsi”.
  29. ““Muxtar Səqəfi”nin tərcüməsi”.
  30. “Cəbr və təfviz”.
  31. “İrs cədvəlləri”.
  32. “Möminlərin məclisləri”.
  33. “Kəsrəviyə cavab”.
  34. “Sərf və nəhvdə min beytlik qəsidə”. Ərəb dilindədir.
  35. “Allahın adları barəsində mənzum əsər”.
  36. ““Camiud-dürus” əsərinin tərcüməsi”.
  37. ““Şübəhat” kitabının tərcüməsi”.
  38. “Qadınların tərcümeyi-halları”. Üç cilddir.
  39. “Şəxsiyyətlərin tərcümeyi-halları”[4]. On cilddir. Yalnız bir cildi çap olunmuşdur. Onun yazılması hövzə xurafatlarına mübtəla olduğum dövrə aid olduğu üçün yerdə qalan cildlərinin çap edilməsi fikrindən daşındım. Lakin onun bəzi hissələrində xurafat yoxdur. Həmçinin onun Seyid Camaləddin Hüseyni Əsədabadinin həyatına və mücahid alim Ayətullah Şeyx Fəzlullah Nurinin tərcümeyi-halına aid olan hissəsi 122 səhifəlik müstəqil kitab şəklində rotator vasitəsilə çap olunmuş və dostlar arasında paylaşdırılmışdır.
  40. ““İyirmi üç il” kitabına müxtəsər bir cavab”. Bu kitabı Ağayi-Doktor Hüseyn Səduqinin istəyilə yazmışam. Yazı tamamlandıqdan sonra mütaliə üçün ona göndərmişəm. Lakin təəssüflər olsun ki, o, hökumət işçiləri tərəfindən həbs olundu və zindana atıldı. Həmin kitabın əlyazmasının da aralarında olduğu onun şəxsi kitabxanası və məqalələri zəbt edildi (sekvestr), hətta azadlığa buraxıldıqdan sonra kitabları və məqalələri ona qaytarılmadı (!!). Beləliklə, bu kitab əldən çıxdı.
  41. “İslamda mütənin haram edilməsi”.

Nəzərinizə çatdırım ki, 14-cü bənddən 41-ci bəndə qədər adı çəkilən əsərlərim çap olunmamışdır.

  1. Mühəmmədcavad Muğniyənin “Beş məzhəbə əsasən fiqh” kitabının tərcüməsi. Bu kitabı müqayisəli fiqh olaraq və Ağayi-Kazım Purcəvadinin istəyilə tərcümə etdim ki, onun adı ilə nəşr olundu. Əlbəttə, bu kitaba yazdığım əlavə qeydlər və izahlar itmişdir! O, bəzi cümlələri və terminləri də dəyişdirmişdir.
  2. “Quran hökmləri”. Bu kitab bir neçə dəfə “Ətayi” nəşriyyatı tərəfindən nəşr olunmuşdur. Bu kitabda şərafətli Quranın ayələrinə istinad etməklə fiqhi hökmləri bəyan etmişəm.
  3. “Qədir xütbəsinin araşdırılması”. Bir qrup şəxs “Şəriət Nəşriyyat Ocağı” başlığı altında Peyğəmbərdən (s) nəql etməklə “Qədir Xütbəsi”ni nəşr etdi. Mən də ona bir tənqidi məqalə yazdım ki, o da h. ş. təqvimilə 1353-cü ildə (m. təxminən 1974) “Göy Qurşağı” jurnalının yeddinci ilinin 1-ci və 2-ci saylarında çap olundu. Sonra bu məqalə müstəqil olaraq da çap olundu. D-r Meyməndinəjad məqalənin əvvəlində belə yazmışdır: “Xütbəni nəşr edənlərin məntiqi istidlalları vardırsa, qoy yazsınlar, biz də çap edəcəyik. Əgər cavabları yoxdursa, jurnalın oxucuları olunan etirazları qəbul olunmuş tələqqi edəcəklər”.
  4. ““Müraciat” əsərinin tənqidi və ona cavab”. Əsər ərəb dilində yazılmışdır.
  5. “Qurandan bir parıltı”. Bu kitab 1500 səhifədən artıqdır. Bəzi ayələrin şəni-nüzulunun (nazil olma səbəblərinin) bəyan olunması və şərafətli ilahi ayələrin müxtəsər şəkildə izah olunması ilə birlikdə, demək olar ki, Quran-kərimin tərcüməsini əhatə etmişdir. İki cilddə və böyük bir kitab şəklində çap olunmuşdur. Bu kitabın müfəssəl müqəddiməsi də ayrı-ayrı 12 kitabça formasında müstəqil olaraq və sonra bir yerdə də çap olunmuşdur.
  6. “Yeni yalan, yaxud təslis və tövhid”.
  7. “İslam Respublikası Hökuməti”. İran İnqilabının qələbəsindən bir qədər əvvəl çap olunmuşdur. Naşir öz səliqəsilə onun cildi üzərinə Ayətullah Xomeyninin yaşıl rəngli şəklini yerləşdirmiş və kitabın 11-ci səhifəsində müəllifə məlumat vermədən 6-cı sətirdən 9-cu sətrə qədər kitabın mətninə özündən əlavələr etmişdir!
  8. “Qüds gülzarı, yaxud mənzum əqidələr”. Şeyx Şəbüstərinin “Gülşəni-raz” əsərinə baxaraq söylədiyim şeirlərdir. İki dəfə çap olunmuşdur. Lakin onun ilk çapında bir çox xurafi şeirlər də var idi ki, ikinci çapda onları düzəltmişəm.
  9. “Məntiqi-məsnəvi”. İki cilddir ki, bir cildi nəşr olunmuşdur.
  10. “Dibil Xuzai və onun “Taiyə” qəsidəsi”. Onu fars dilində nəzmə çəkmişəm.
  11. “Hafiz sındıran divan, yaxud Hafizlə dialoq”. Hafizin şeirlərinə şeirlə cavab vermişəm. Onun hər bir şeirinin cavabında həmin vəzn və qafiyəyə riayət etmişəm. Bundan əlavə “Nüdbə” duasının araşdırılması və onun cümlələrinin Quranla ziddiyyəti və müəllifin tərcümeyi-halının bir hissəsindən ibarət olan “Kəlimətül-Həqq” (“Haqq sözü”) kitabçası rotator vasitəsilə çap olundu və dostlar arasında paylaşdırıldı. Əlbəttə, əvvəl də “Nüdbə duasının araşdırılması” adlı bir kitab yazmışdım ki, Höccətül-İslam Əli Əhməd Musəvi onu öz adı ilə çap etdirməyi qəbul etmişdi. Bu kitabçanın altıncı səhifəsində söz vermişdim ki, kim “Nüdbə” duasının İmam tərəfindən ortaya çıxarıldığına dəlalət edən səhih bir sənəd göstərərsə, zəhmət haqqı olaraq ona 10.000 tümən pul verəcəyəm. Lakin heç kim bu işi görmədi. Lakin “Məktəbi-İslam” (“İslam Məktəbi”) və “Nidayi-həqq” (“Haqqın Nidası”) jurnalları müxalifətə qalxdılar. Mən də onlara cavab verdim və bu cavab altı kiçik səhifədə ““Göy Qurşağı” jurnalının əlavəsi” və “Bir duaya görə Quranı etibarsızlaşdırırlar” sərlövhələri altında çap olundu.
  12. “İslam iş və çalışma dinidir”.
  13. Şafiinin “Əhkamul-Quran” əsərinin tərcüməsi.
  14. “İslam əqidəsi”. Bu kitabın müəllifi Mühəmməd ibn Əbdilvəhhabdır. Bu kitaba müqəddimə yazdım, tərcüməyə bəzi əlavələr etdim və Müstəir Abdullah Tağızadə adı ilə çap etdirdim.
  15. “Allah Rəsulunun çoxarvadlılığı və onun məsləhətli olması”. Bu əsərin müəllifi ustad Mühəmmədəli Sabunidir. Mən o əsəri tərcümə etdim. Cənab Ağayi-Doktor Əli Müzəffəriyan onu öz adı ilə çap etdirməyi qəbul etdi. Əgər kitabın üzərində mütərcim olaraq mənim adım yazılsaydı, onun çapına qətiyyən icazə verilməyəcəkdi. Lakin o da həmin kitabı nəşr etdirə bilmədi və məhdud sayda fotosurət edilərək dostlar arasında paylaşdırıldı.
  16. “İmam Zeyd ibn Əlinin “Müsnəd” əsərinin tərcüməsi”.
  17. ““Səhifeyi-Ələviyyə”nin tərcüməsi”. Həzrət Əmirülmöminin Əli əleyhissəlamdan nəql olunmuş duaların mətn və tərcüməsinə şamildir.
  18. “Əql və din”. Bu kitabı cavanlıqda yazmışam. O dövrdə də bir çox alimlər tərəfindən bəyənilmişdi. İki cilddə çap olunmuşdur. Birinci cildi tövhid və ədl barəsində, ikinci cildi isə nübüvvət, imamət və məad barəsindədir.
  19. “Ət-Təftiş”. Sufi və dərviş məsləyinin batil olması barəsindədir.
  20. “Bir vəlayət dərsi”.
  21. ““Bir vəlayət dərsi” kitabına etirazlar və onun barəsində münsiflik, oxuyun və mühakimə yürüdün!” Əziz qardaşım Mühəmmədtəqi Xocəstə Ağayi-Xəndəqabadinin “Şiə əqidələri” kitabındakı etirazlarına və Ağayi-Rəşad Zəncaninin “Vəlayət həqiqəti” kitabındakı iradlarına mənim qeydlərimi və verdiyim cavabları bir yerə yığmış və nəşr etdirmişdir.
  22. “Hədisus-Siqleyn, ya nəsbuş-şeyxeyn, ən-Nəmazi vəl-Məhluci”, “Bir vəlayət dərsi” kitabına aid ədalətli mühakimə.

Mühəmmədtəqi Xocəstə Şeyx Əli Nəmazi tərəfindən yazılan “Haqq vəlayətin isbatı” kitabına və Rza Məhluci tərəfindən yazılmış “Şiə həriminin müdafiə olunması” kitabına verdiyim cavabları bir yerə toplamış və çap etdirmişdir.

  1. ““Bir vəlayət dərsi” kitabına olunan etirazlara cavab”. On bir səhifədə çap olunmuşdur. Onun əvvəlində belə yazmışdım: “Bu kitaba kimin nə etirazı vardırsa, fikirlərini yazsın. Öz adını və ünvanını da qeyd etsin ki, onun cavabı göndərilsin”.
  2. “Qurandan dualar”. Quran-kərimin bütün dualarını farsca tərcüməsilə bir yerə yığmışam. “Dua” babında ona bir müqəddimə də yazmışam. Həmçinin dua kitablarında qeyd olunan duaları əlavə edib inqilabın əvvəlində onu çap etdirə bilmişəm. Lakin sonralar onu yenidən çap etdirə bilmək imkanım olmadı. “Din və məzhəb arasındakı fərq” elanı, yaxud kitabçası da həmin kitaba əlavə olunmuşdur.
  3. “Quran nöqteyi-nəzərindən üsuli-din”. Bu əsər məhdud sayda iman qardaşları arasında paylaşdırıldı.
  4. “Qəbirlərin ziyarətində xurafat bolluğu”. Fəzilətli tədqiqatçı cənab Heydərəli Qələmdaranın qiymətli və hər şeyi aydın şəkildə əks etdirən “Qulatın şərindən nicat tapmağın yolu” kitabının bir hissəsi olan “Ziyarət” kitabını mütaliə etdikdən sonra bu qüdrətli alimin araşdırmalarının təsdiq edilməsi və dəstəklənməsi yolunda mən də “Ziyarət və ziyarətnamə” mövzusunda öz araşdırmalarımı çap etdirməkdə ruhlandım. Bu kitab İnqilabın əvvəlində çap olundu.
  5. ““Məfatihul-cinan”ın Quran ayələrilə ziddiyyəti”. “Qəbirlərin ziyarətində xurafat bolluğu” əsərini yazdıqdan sonra “Məfatihul-cinan”ı araşdırmağın zəruri olduğunu hiss etdim. Bu kitab yazı maşınında yazıldı və məhdud sayda dostlar arasında paylaşdırıldı.
  6. “Mehdi hədislərinin elmi şəkildə araşdırılması”. Bu kitab da yazı maşınında yazılıb məhdud sayda iman qardaşları arasında paylaşdırıldı.
  7. “Bütsındıran, yaxud “Üsul” xəbərlərinin Qurana və əqllərə ərz edilməsi, yaxud “Üsuli-kafi”də bir gəzinti”. Bu kitabda rical kitablarına müraciət etmək və “Kafi”nin xəbərlərini Quranla müqayisə etməklə onda yer alan bir çox hədislərin zəifliyini bəyan etmişəm. Ümidvaram ki, bu, “Kafi”dən istifadədə yol göstərici olaraq qardaşların diqqət edəcəyi bir kitab olacaqdır. Bu kitab da bir çox kitablarım kimi yazı maşınında yazılıb çox az sayda dostlar arasında paylaşdırıldı.
  8. “Bidət əhlinin rədd olunmasında Sünnənin yol göstərməsi”. İbn Teymiyənin əsərlərindən olan “Minhacus-Sünnə” kitabının müxtəsər tərcüməsidir. Mövzuların bir çoxuna izahlarımı və fikirlərimi əlavə etmişəm. Bu kitab yazı maşınında yazılmış və bir neçəsi paylanmışdır. Bəzi qayğıkeş və xeyirxah dostlar “Bütsındıran”, “Mehdi hədislərinin elmi şəkildə araşdırılması”, ““Məfatihul-cinan”ın Quran ayələrilə ziddiyyəti”, “Qəbirlərin ziyarət olunmasında xurafat bolluğu” kitablarının nüsxələrini Pakistana, Türkiyəyə və digər bir neçə ölkəyə göndərdilər. Əlbəttə, sonralar o kitabların mətnində bəzi dəyişikliklər aparmış və onlara bəzi əlavələr etmişəm. Ümidvaram ki, onların geniş şəkildə nəşr olunma imkanı yarandıqda ilk mətnlərin yerinə düzəldilmiş mətnlər nəşr olunacaqdır.
  9. “Rəsulun sünnələri barəsində nəql olunmuş hədisləri özündə toplayan kitab”. Ərəb dilində beş cilddə yazılmışdır. Bu kitab Peyğəmbər Sünnəsi barəsində yazılmış ən əhatəli kitablardan biridir ki, şiə, sünni və zeydi kimi müxtəlif İslam məzhəblərinin mötəbər mənbələrinə əsaslanaraq hazırlanmışdır.
  10. Yuxarıda adı çəkilən kitabın farsca tərcüməsi.
  11. ““Nəhcülbəlağə”nin 182-ci xütbəsinin tərcümə və şərhi”. Həbs olunduğum üçün kitab tamamlanmamış qaldı və o Həzrətin digər sözlərini şərh etmək mümkün olmadı.
  12. ““İttihadın ana xətti, yaxud imamət mətnlərinin araşdırılması”[5] kitabına müqəddimə və haşiyə”.
  13. “Faciəli günlər”. Öz həyatım haqqında yazmışam.

Düşmənlərin hücumları, oğurluq, yaxud da köçürmə və daşınma nəticəsində itmiş başqa kitablarım da vardır. Həmçinin bir çox kitabları da təshih etmişəm ki, onların bəziləri çap olunmuşdur. Məsələn, “Əsəm Küfinin tarixi”, Şeyx Nurinin “Kəlimeyi-təyyibə” kitabı və s. Bir çox kitablara da əlavələr və izahlar yazmışam. “Allahım, bizə dünyada da, axirətdə də gözəllik əta et və bizi atəşin əzabından qoru!” Gizli qalmasın ki, mənim bəzi kitablarım və elanlarım yazıldıqdan sonra ikinci dəfə oxunmadan və nöqsanları təshih edilmədən dərhal tez-tələsik şəkildə dostlar vasitəsilə mətbəəyə göndərilir və ya sayı çoxaldılırdı. “İslam Respublikası Hökuməti” və s. kitablar o cümlədəndir.

(ardı var) 

Tərtibatçı və mütərcim:

 Əbuəbdirrəhman Xəyyam Qurbanzadə

 

 

[1] Afrikada yerləşən ada dövləti

[2] “Zümər”, 17, 18

[3] “Miratül-ayat ya rahnəmaye-mətalibi-Quran”

[4] “Təracümür-rical”

[5] Müəllif: Heydərəli Qələmdaran