RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ! 

ƏLLAMƏ BURQUİNİN EVİNƏ HÜCUM

Beləliklə, iyirmi yeddi il daimi imam olduqdan sonra məscidi qəsb etdilər və mən xanənişin oldum. Lakin bu din oğruları, bidət və xurafat müdafiəçiləri əl saxlamadılar. Təxminən iki aydan sonra evə hücum edib evin qapısını yerindən çıxardılar. Məscidin içindən gəldilər, zirzəminin qapısını sındırdılar və evə daxil oldular. Baş verənlərdən həyat yoldaşım çox böyük qorxu hissi keçirdi və xəstələndi. Bir neçə aydan sonra vəfat etdi. Allah ona rəhmət eləsin!

Həmçinin bizə digər əzab və əziyyətlər verdilər. Bu günlərdə əmmaməlilərin atdıqları böhtanın nəticəsi olaraq avam camaat da mənimlə çox pis rəftar edirdi. Qəssab mənə ət, çörəkçi isə çörək satmırdı.

Gecəyarısı qapını döyür, ev əhlinin yuxu və istirahətinə mane olur və “Səninlə mübahisə etməyə gəlmişik!” – deyirdilər. Bəzən sual vermək bəhanəsilə evə daxil olur və əlyazmalarımı oğurlayırdılar. Axırda məni vəqf olan kiçik evi boşaltmağa məcbur etdilər.

Lakin evin qapılarını sındırdıqları vaxt haqqı tələb etmək üçün polis bölməsinə gedib şikayət etdim. Bildirdim ki, evin içində hamı, hətta yəhudilər, xristianlar və digər kafirlər öz evlərində təhlükəsizdirlər, lakin bunlar gəlib evin qapılarını çıxarmış və evin ortasına tökmüşlər. Bu nə dövlətdir axı? Polis bölməsinin rəisi üzdə məmur göndərdi və o, məruzə etdi ki, bəli, evin qapılarını yerindən çıxarıblar. O tərəfdən də vəlayətə inandıqlarını iddia edən otuz nəfər müqəddəsnüma polis bölməsinə gedib şahidlik etdilər ki, ümumiyyətlə, bu evin qapısı olmamışdır!! Rüşvət verdikləri üçün onların axmaqcasına etdikləri şahidlik qəbul edildi.

Nəhayət, bizi ona qane olduğum vəqf evini və yuvasını boşaltmağa məcbur etdikləri vaxt çarəsizlikdən öz ev əşyalarımızı qohumlarımızın evinə aparıb yığdıq. Sonra da Camalzadə prospektində xristian kilsəsinin qarşısında yerləşən bir evin üçüncü mərtəbəsini kirayə tutdum. Mən evin pəncərəsindən prospektin o tərəfində təslisin azad şəkildə təbliğ olunduğunu və yayıldığını görürdüm. Lakin mənim müsəlmanlar arasında Quran tövhidindən danışmağa haqqım yox idi.

Şah dövləti də baş verən bu macəradan narazı deyildi, çünki Tehranda millətin oyanmasına, onların İslam həqiqətlərilə tanış olmasına səbəb olan bir məscidin olmasını istəmirdi. Dövlət özü xalqın başını məzhəbi xurafatlarla qarışdırırdı. Şah öz nitqlərində xurafatı yayır və deyirdi ki, Həzrət Abbas məni bu işə hazırlamış, İmami-Zaman mənimlə görüşmüş və bu qəbildən olan digər sözlər söyləyirdi.

Hər halda çarəsizlikdən Camalzadə prospektində məskunlaşdım. Lakin orada da hər gün axundların və məddahların təhriki ilə mənzilə gəlib söyüş söyən avam xalqın əlindən amanda deyildim. Çox təəssüflər olsun ki, xalqın qocası, cavanı, qızı və oğlanı qrup-qrup azad şəkildə kilsəyə gedib-gəlirdilər və heç kəsin də onlarla bir işi yox idi. Lakin bir şəxs bizim evimizə gəldikdə xurafatçıların təhlükəsilə qarşılaşırdı. Biz azad deyildik, amma yəhudilər və xristianlar azad idilər. Bizim kitablarımız yasaq idi, lakin yəhudilərin, xristianların və bəzi kommunistlərin kitabları azad idi. Şairlərin, sufilərin və şeyxilərin xurafi kitabları azad idi, lakin bizim kitablarımıza senzura qoyulmuşdu.

ƏLLAMƏ BURQUİNİN CANINA QƏSD EDİLMƏSİ

Bəli, azad olduqdan sonra yenidən öz vəzifəmə, yəni xurafatların təmizlənməsi, islami vəhdətin yaranması, avam xalqın oyanması və geniş kütlənin İslam həqiqətlərilə tanış olması üçün zəruri hesab etdiyim kitabların yazılması və tərcümə edilməsi işinə yenidən başladım. Çünki bilirdim ki, çox fürsətim yoxdur. Onu da bilirdim ki, mollalar məni rahat buraxmayacaqlar, yenidən müxtəlif bəhanələrlə məni axtarıb tapacaqlar. Buna görə də mənbələrin və lazımlı kitabların çatışmazlığına və fiziki cəhətdən bədənimin zəif olmasına baxmayaraq, tam tələskənliklə “Mehdi hədislərinin elmi şəkildə araşdırılması”, ““Məfatihul-cinan”ın Quran ayələri ilə ziddiyyəti”, “Bütsındıran, yaxud “Üsul” xəbərlərinin Qurana və əqllərə ərz edilməsi”, ““Müraciat” kitabının tənqid edilməsi” (ərəb dilində), “Bidət əhlinin rədd edilməsində Sünnənin yol göstərməsi” adı ilə İbn Teymiyənin “Minhacus-Sünnə” əsərinin müxtəsər tərcüməsi, Şafiinin “Əhkamul-Quran” əsərinin tərcüməsi, “Beş məzhəbə əsasən fiqh” əsərinin tərcüməsi və “Cəfəri məzhəbinin İslam və Quranla ziddiyyəti” və s. kimi kitabların yazılması ilə məşğul oldum.

H. ş. təqvimi ilə 1365-ci il (m. 1987) və mollaların hökumətinin bərqərar olunmasının 8-ci ili idi ki, ondan əvvəlki illərdə olduğu kimi xalqı zor və hiylə ilə müharibəyə aparırdılar. Onlar davamlı olaraq təbliğ edirdilər ki, əqidə, məslək yolunda ölən, həlak olan xalq özləri islami cihada hazırlaşmış və ölümün istiqbalına gedirlər. Heç kimin “Belə deyildir”, – deməyə cürəti yox idi. Demək lazımdır ki, İran fəqirlikdən, qıtlıqdan, bahalıqdan, zülm və sitəmdən ibarət olan yandırıcı bir cəhənnəm idi.

Bu günlərdə “Mehdi hədislərinin elmi şəkildə araşdırılması” adlı bir kitab yazdım. O kitabda Quran ayələrinə və əqlə əsaslanmaqla bildirdim ki, “yol göstərmək”, yaxud “idarə etmək” mənasını verən imamətin hər bir məzhəb sahiblərinin bir qrupla məhdudlaşdırdığı bir, yaxud bir neçə nəfərlə məhdudlaşdırılması doğru deyildir. Bəlkə, küfr imamlarının sayı məhdud olmadığı kimi iman imamlarının sayı da məhdud deyildir. Əllamə Məclisi, Şeyx Səduq, yaxud Kuleyni kimi şəxslərin öz kitablarında qeyd etdikləri və imamları on iki nəfərlə məhdudlaşdırdıqları xəbərlərin və hədislərin, həmçinin İmam Həsən əl-Əskərinin oğluna aid qeyd etdikləri hədislərin hamısını araşdıraraq sübuta yetirmişəm ki, o hədislər və xəbərlər tamamilə saxtadır, bir-birinə ziddir və qeyri-düzgündür.

Bu kitabın bir nüsxəsi “islami” dedikləri respublikada işləri idarə edən mollaların əlinə düşdü. Bu xidməti təqdir etmək yerinə, yaxud bir yerdə nəyisə səhv demişəmsə, cavab vermək və səhvimi dəlil göstərməklə isbat etmək əvəzinə, mənim öldürülməyimə fitva verdilər. Dörd nəfərdən çox məmuru məni öldürmək üçün evimə göndərdilər. Onlardan üçü qürubdan əvvəl gəldilər və bir neçə məsələ barədə soruşub cavab aldılar. Mənim onların sual vermək üçün yox, mənzilimin giriş-çıxış yolu haqqında məlumat əldə etmək, məni öldürmək planını hazırlayıb gecə qayıtmaq üçün gəldiklərindən xəbərim yox idi.

Hər halda həmin gecə – 1986-cı ilin iyun ayının 19-u, cümə axşamı günü (h. ş. 29 xordad 1365-ci il) axşam saat 8-9 arası bizim mənzilimizə gəlir və qapını döyürlər. Evdə Ağayi-Salxorde adlı bir qonağım var idi. O, qapını açır. Lakin qapını açan kimi dərhal onu tuturlar. Motosikletdə gözləyən iki nəfər silahlı şəxs onu motosikletə mindirib özlərilə aparırlar. Mənzilə başqa bir şəxs daxil olur və mən işa namazının ikinci rükətində olduğum bir halda mənə doğru gəlir və tapança ilə mənim mərcəyimi nişan alıb atəş açır və qaçıb canını qurtarır. Mənim onun gəlməsindən xəbərim olmamışdı. Birdən hiss etdim ki, başımı od tutdu. Sanki başımda bomba partladı. Qan mərcəyimdən axdığına və səccadəm qana bulandığına görə namazı sındırdım və özümü mənzilin ayaqyolusuna çatdırdım. Bu zaman bir nəfərin “İş tamam oldu”, – dediyini eşitdim.

Həmin an ayaqyolunda halsız olaraq yerə yıxıldım və səksən yaşımda bədənimdən xeyli miqdarda qan xaric oldu. Axan və boğazıma gedən qan şayəd iki litr, bəlkə də, çox idi. Arxa otaqda bizim evimizdə xidmətçilik edən qadın tapançanın səsini eşitdikdə tez özünü yetirdi. Gəlib mənim vəziyyətimi gördü. Tələsik gedib bizim yaşayış yerimizin yuxarısında ikinci və üçüncü mərtəbədə məskunlaşmış qonşuları çağırdı.

Ola bilsin ki, qonşular qorxularından kömək edə bilmədilər. Çarəsiz qadın evdən çölə qaçır və bizim xeyirxah qonşumuz Ağayi-Ümidvara xəbər verir. “Ağanı öldürdülər”, – deyə fəryad edir. Ağayi-Ümidvar həyat yoldaşı və övladları ilə yanıma gəldi. İnsafən mənə kömək etdilər. Bu zaman Ağayi-Ümidvar telefonla Tehrandakı bir neçə dostuna xəbər vermək üçün səy göstərir. Lakin onlardan bəzisinin telefonu ya məşğul göstərir, ya da cavab vermirlər. Bəzilərinin isə, ümumiyyətlə, telefonu yox idi. O, polis idarəsinə də xəbər verir.

Hər halda polis idarəsinin məmurları gəlib öz maşınları ilə məni mənzilin yaxınlığındakı “Şəhriyar” xəstəxanasına apardılar. Oranın təchizatı olmadığına görə məni “Luğmanud-Dövlə” xəstəxanasına yerləşdirdilər. Məni orada müayinə və müalicə etdilər.

ƏLLAMƏ BURQUİYƏ QARŞI KİM TERROR ETDİ?

Vuran şəxs kim idi? Sonra məlum oldu və sübuta yetdi ki, bu, İdarə Heyətinin işi olmuşdur. Cəmiyyətin keşikçiləri vasitəsilə terroru həyata keçirmişdir. Mən on il xanənişin olduğum, qocaldığım üçün o qədər də mübarizə aparmağa qadir olmadığım və respublika dövlətinin xeyir və şəri ilə o qədər də işim olmadığı bir halda işləri idarə edən şəxslər, həqiqətən, nə üçün bu cinayətə əl atmışlar?

Lakin əqidə azad olmadığına, təəssübkeşlərin və bidət müdafiəçilərinin bir xurafatını (Mehdi əqidəsi xurafatını) batil etdiyimə görə onların qəzəbinə tuş gəlmişəm. Dəlil və məntiqləri olmadığına görə terrora əl atmışlar. Ustad Qələmdarana qarşı da belə bir iş həyata keçirmişdilər. Bir çox qərinələr vuranların respublika dövlətinin məmurları olduğunu göstərir.

İSLAM RESPUBLİKASININ ƏLLAMƏ BURQUİYƏ QARŞI TERROR ETMƏSİNİN DƏLİLLƏRİ

Onların bəzilərini aşağıda sizin nəzərinizə çatdırırıq:

  1. Məni öldürmək məqsədilə qana batırdıqda və güllə baş tərəfdən girib üzün digər tərəfindən çıxdıqda radiotelefonla (simsiz telefonla) “İş sona çatdı”, – deyə xəbər verdilər. Vuranların radiotelefonla təchiz olunmasının özü onların dövlətə bağlı olduqlarının açıq dəlilidir.
  2. Dost, tanışlar “Keyhan” və “İttilaat” qəzetlərinə və digər qəzetlərə məlumat verdilər ki, bu xəbəri hadisələr bölməsində yazsınlar. Lakin heç bir qəzet bu məlumatı öz səhifələrində dərc etmədi.
  3. Oğlum işləri idarə edənlərə bir neçə məktub yazdı, lakin onlardan heç biri bu məktublara cavab vermədi.
  4. Mən özüm də elanlar yazıb xalq arasında yaydım və o cümlədən işləri idarə edənlər üçün də göndərdim. Lakin yenə də bir cavab vermədilər.
  5. Xeyirxah qonşu Ümidvarın ailəsinin məni xəstəxanaya aparmasından iki gün sonra oranın gözətçilərindən biri ona deyir ki, biz bir neçə dəfə atəş açan adamı görmüşük. O (yəni Ümidvar) soruşur ki, onu tanıyırsınız? O məmur dərhal sözünü dəyişir.
  6. Xəstəxanada olduğum üçüncü gün Tehran bazarı pişnamazlarından Seyid Əli Əngəci adlı bir şəxs, başqa bir şeyx və özü ilə gələn bir qrup müharibədə yaralananlarla görüşmək bəhanəsi ilə xəstəxanaya gəlirlər. Halbuki qərinələr onların mənim vəziyyətimi görmək və öyrənmək üçün gəldiklərini göstərir. Məsələn, mən ayaqyoluna tərəf getdiyim koridorda onlarla qarşılaşdım və onlar hələ xəstəxananın otağına daxil olmamışdılar. Barmaqla bir-birinə işarə edir və deyirdilər: “Özüdür!” Həmçinin digər qərinələr.

Hər halda o, görüş əsnasında mənim çarpayımın başı üstünə gəldi; yalandan özünü elə göstərirdi ki, guya məni tanımır, yalnız ruhani olduğum üçün mənim görüşümə gəlib. Lakin mən Ağayi-Əngəci ilə söhbət etdim və onu tanıdığımı dedim. Atasının adını çəkdim, özümü tanıtdırdım və o, heyrət içində donub qalmışdı. Əlbəttə, yaralının kim olduğunu çox yaxşı bilirdi, lakin özünü bilməməzliyə vurdu. Şayəd istəyirdi görsün ki, mənim huşum və hissiyyatım yerindədir? Yaşayacağam, ya öləcəyəm?

Hər halda mən hadisəni danışdıqdan və namaz üstündə mənimlə bu şəkildə davrandıqlarını və üzümə güllə vurduqlarını dedikdən sonra Ağayi-Əngəcinin məiyyətində olan şeyx dərhal xəstəxananın şəfqət bacısının və övladlarımın qarşısında ərəb dilində iftixarla və yüksək səslə belə dedi: “Min nahiyətina!!” Yəni bu cinayət bizim nahiyəmizdə baş vermişdir!!

Mən başa düşdüm ki, bunlar mənim qətlimi özləri üçün fəxr hesab edirlər. Orada olan böyük qızım ona etiraz edir və onlarla övladlarım arasında mübahisə başlayır. Hər halda başa düşdüm ki, mənim ölüm hökmümü dövlət vermiş və komitənin əməkdaşlığı ilə həyata keçirilmişdir.

  1. Əgər məni vuran şəxs dövlətin məmuru olmasaydı, onu təqib edib tapardılar. Belə ki, mənə qarşı terror olunduqdan bir neçə gün əvvəl Nasir Xosrov prospektində bir bomba partlamışdı. Dövlət üç gün ərzində o işin icraçılarını ortaya çıxardı. Lakin mənim terrora məruz qalmağımla əlaqədar heç bir addım atmadı. Əksinə, xəstəxanada olduğum vaxt “Evin” zindanından məmurlar gəldilər və mənim vəziyyətimi gördükdə mənə dedilər ki, vuranları halal edin!!

Eyni vaxtda mənzildə o qadın və həmçinin hadisə baş verən gün qonağım olan həmin şəxs, yəni Ağayi-Salxorde hər ikisi izhar etdilər ki, əsr vaxtı sual vermək bəhanəsilə bizim evimizə gələn şəxslərin hər üçünün belində silah var idi!!

  1. Xəstəxanada yatdığım bir neçə gün ərzində davamlı olaraq bir qrup keşikçi gecə-gündüz paltarın altında tapança ilə otağımın ətrafında keşik çəkirdi. Bir neçə saatdan bir isə növbə dəyişdirirdilər. Bu keşikçilər və onların rəisi ardı-arası kəsilmədən övladlarıma deyirdilər: Nə üçün bu kişini evə, yaxud xüsusi bir xəstəxanaya aparmırsınız?! Nə qədər tezdir onu xəstəxanadan çıxarın və aparın!

Hətta onlardan bəziləri deyirdilər: “O, Əlinin düşmənidir!! Onu müalicə etmək olmaz!!” Məlum oldu ki, müalicə olunmağımı istəmirdilər. Hətta hadisə baş verən gecə qızımı köməyimə gəlməyə qoymamışdılar. Başımın üstündə dayanmağa icazə vermək əvəzinə sorğu-sual etmək üçün onu komitəyə aparmışdılar.

  1. Xəstəxanaya gəlmiş bir qrup boşboğaz və mənasız adam ardı-arası kəsilmədən “Allah onu məhv eləsin! O, Əlinin düşmənidir!” – deyir və söyüş söyürdülər!!
  2. Övladımın bir neçə dostu ilə bizim evə getdikləri cümə axşamı günü – yəni həmin gün terrordan sonra görürlər ki, bizim evin telefonu kəsilib. Həmçinin terror gecəsi tutduqları və prospektlərin birində buraxdıqları Ağayi-Salxordeni azad etdikləri vaxt təhdidlə ona deyirlər ki, hadisəni heç bir yerdə danışmasın!

Hətta dövlət məmurları həmin ilk gecədə güllə səsini eşidən qonşularımızdan tələb etdilər ki, Ağayi-Salxordenin adını heç bir yerdə çəkməsinlər və onun haqqında heç bir söz danışmasınlar.

Dövlətin mənə qarşı terror etmək istədiyinin və atəş açan şəxsin də hökumət məmuru olduğunun ən mühüm dəlillərindən biri də budur ki, hadisədən bir neçə gün keçdikdən sonra Ağayi-Salxorde öz ezamiyyət sinfində iştirak etdikdə[1] dövlət tərəfindən gəlmiş məmurlar onu həbs edirlər və öhdəlik alırlar ki, Burquinin terror olunma hadisəsini heç kimə danışmasın!

Əlbəttə, məni vuranların bizim mənzilimizdə onu həbs etdikləri və mənzildən çıxardıqları gecə ondan soruşdular ki, bu kişinin evinə niyə gəlmisən? O, səni sünni etmək istəyir. Ağayi-Salxorde onlara cavab verir ki, mən özüm elə əhli-sünnəyəm. Canilər ona inanmırlar. O deyir ki, əgər sözümə inanmırsınızsa, “Məşhəd Qaz İdarəsi”ndən soruşa bilərsiniz. Mən qaz idarəsinin işçilərindənəm və hal-hazırda “Məşhəd Qaz Şirkəti”nin məmuru olaraq Tehrana gəlmişəm. Əlbəttə, bu barədə “Tehran Qaz İdarəsi”ndən də soruşub istədiyiniz məlumatı öyrənə bilərsiniz.

Bu şəkildə canilər hökumətə xəbər verirlər. Buna görə də bir neçə gündən sonra dərs otağında həbs edib qorxudurlar. Yoxsa, cinayətkarlar hökumətə xəbər verməsəydilər, dövlət məmurları Salxordenin kim olduğunu və harada olduğunu necə bilərdilər?!

Hər halda onu dərs vaxtı həbs edib məcbur edirlər ki, Burquinin terror olunma hadisəsini heç kimə deməsin. O da məcburən və iş yerində problemlə qarşılaşmamaq üçün öhdəlik götürür. Beləliklə, şübhə yeri qalmır ki, bu sui-qəsd hökumətin işi olmuşdur.

Əlbəttə, digər qərinələr də mövcuddur. Məsələn, xarici (qeyri-İrani) agentliklər radio vasitəsilə mənim terrora məruz qalmağım barədə məlumat verdilər. Lakin “molla” dövləti, onun qəzetləri və İran radiosu o xəbər haqqında heç bir söz açmadı!!

(ardı var) 

Tərtibatçı və mütərcim:

 Əbuəbdirrəhman Xəyyam Qurbanzadə

[1] O, qısa müddətli təkmilləşdirmə mərhələsi keçməsi üçün “Məşhəd Qaz İdarəsi” tərəfindən Tehrana “Qaz İdarəsi Mərkəzi”nə ezam olunmuşdu.