BƏYANAT
MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏR’İ HEYƏT: “01 MART 2025-Cİ İL ŞƏNBƏ GÜNÜ MÜBARƏK RAMAZAN AYININ İLK GÜNÜDÜR!”
Tarix: 20 şəban 1446-cı il
miladi: 18.02.2025
Mərhum dini rəhbər S. M. Fəzlullahın müəssisəsindəki şər’i idarə hicri 1446-cı il (m. 2025-ci il) üçün ramazan ayının başlanmasını dəqiqləşdirən bəyanat yayıb. Bəyanatın mətni belədir: “H. q. təqvimi ilə 1446-cı ilin (m. 2025-ci ilin) ramazan ayının hilalı 2025-ci il fevral ayının 28-i cümə günü (cümə günü fəcrdən əvvəl) Qrinviç Qış saatı ilə saat 00:45-də, yəni Beyrut şəhərinin yerli vaxtına görə gecə saat 02:45-də (Bakı vaxtı ilə 04:45-də) cümə günü fəcrdən əvvəl doğacaqdır (ictima[1]).
28.02.2025-ci il şənbə gecəsi (cümə günü axşam) əlavə edilmiş xəritəyə uyğun olaraq yeni hilalın (ramazan ayının hilalının) Mərkəzi Amerikada, Şimali Amerikanın cənub hissəsində və Cənubi Amerikanın şimal hissəsində çılpaq gözlə və asanlıqla, Cənubi Amerika və Qərbi Afrika məntəqələrində hava tam buludsuz olduğu və təcrübəli bir müşahidəçi tərəfindən izlənməsi şərti ilə, Şərqi və Cənubi Afrikada, Avropanın və Orta Şərqin bəzi məntəqələrində və Asiyanın bəzi hissələrində isə (Azərbaycan da bu ölkələr sırasına daxildir.) teleskopdan istifadə etməklə görünməsi mümkün olacaq.
Buna görə də hilalın göründüyü məntəqələrlə gecənin bir hissəsində olsa belə, gecə müştərəkliyi olan bütün ölkələrdə ramazan ayının ilk günü 01.03.2025-ci il şənbə günü olacaq. (Cümə günündən şənbə gününə keçən gecə niyyət gecəsidir.) Ramazan ayının ilk gününün 01.03.2025-ci il şənbə gününə təvafüq etməsində şərq və qərb məntəqələri arasında heç bir fərq yoxdur. Bu, Seyid Mühəmmədhüseyn Fəzlullahın söykəndiyi fiqhi rəyə uyğun olaraq belədir. Seyid Fəzlullahın söykəndiyi fiqhi əsas budur ki, qəti (dəqiq) və adətən yəqinlik ifadə edən astronomik hesablamalara etimad etmək icazəlidir və gecənin bir hissəsində olsa belə, müştərək olduğumuz hər hansı bir ölkədə və ya məntəqədə hilalın görünməsinin mümkünlüyü kifayət edir. Buna əlavə olaraq Seyidin fiqhi rəyinə görə adi gözlə görməklə yaxınlaşdırıcı cihaz vasitəsilə görmək arasında heç bir fərq yoxdur, hər iki görmə mötəbərdir.
Allahdan istəyirik ki, bu ayda və qarşıdan gələn aylarda bizə Özünə itaət etməkdə və İslam ümmətinə birlik, izzət və kəramət əldə etməkdə müvəffəqiyyət versin! Bu ayı İslam dünyası üçün xeyir, yardım və bərəkət ayı qərar versin, müsəlmanların sözünü bir yerə toplasın və mövqelərini birləşdirsin, onların cəmiyyətindən fitnə-fəsadı aparsın və ölkələrini sionistlərin, Amerikanın, Böyük Britaniyanın, Atlantika İttifaqının (NATO), digər istismarçı qüvvələrin işğalından və yerli zalımların zülmündən azad etsin!”
Allahdan istəyirik ki, bu ay bütün azərbaycanlılar arasında xeyir və haqqa açılış ayı olsun! AMİN!
Diqqət: Bu bəyanata əsasən mart ayının 18-dən 19-na, 20-dən 21-nə və 22-dən 23-nə keçən gecələr əhya gecələridir. Mart ayının 22-dən 23-nə keçən gecə isə mübarək Qədr gecəsidir.
Qırmızı rəng: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.
Rəngsiz: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.
Tünd-göy: hilalı yalnız teleskopdan istifadə etməklə görmək mümkündür.
Çəhrayı (gülü, açıq gül rəngli): hilalı teleskopdan istifadə etməklə, hava tam buludsuz olduğu və təcrübəli bir müşahidəçi tərəfindən izləndiyi halda adi gözlə görmək mümkündür.
Yaşıl: hilalın adi gözlə görünməsinin mümkün olduğu bölgələr.
İzah: Ayətullah Seyid Əli Sistaninin müqəllidləri üçün ramazan ayının 2025-ci il mart ayının 2-də (bazar günündə) başlayacağı gözlənilir. Çünki Ayətullah Sistaninin fiqhi rəyinə əsasən ayın əvvəlinin sübuta yetməsi üçün hilalın mükəlləfin yaşadığı şəhərin üfüqündə, yaxud həmüfüq şəhərlərdə, yaxud yaxın üfüqlü şəhərlərdə çılpaq gözlə görünməsi şərtdir. Seyid Sistaninin fiqhi rəyinə görə, Ayın yaxınlaşdırıcı cihazlarla görünməsi də hilalın isbatı üçün kifayət etmir. Yuxarıdakı açıqlamaya əsasən 2025-ci il fevral ayının 28-də axşam Günəş batarkən ayparanın Avropanın və Orta Şərqin bəzi məntəqələrində və Asiyanın bəzi hissələrində görünməsi yalnız teleskopdan istifadə etməklə mümkün olacaq. Qeyd etdiyimiz kimi, Seyid Sistaninin fiqhi rəyinə görə, bununla ayın əvvəli sübuta yetmir. Buna görə də onun müqəllidləri üçün ramazan ayının 2025-ci il mart ayının 2-də başlayacağı gözlənilir.
Lakin hilalın mükəlləfin yaşadığı şəhərin üfüqündə, yaxud həmüfüq şəhərlərdə, yaxud yaxın üfüqlü şəhərlərdə yaxınlaşdırıcı cihazla görünməsi ilə çılpaq gözlə görünməsi arasında heç bir fərqin olmadığına qail olan Seyid Əli Xamənəinin fiqhi rəyinə görə mart ayının 1-nin ramazan ayının ilk günü olması gözlənilir. Çünki qeyd etdiyimiz kimi, bizim üfüqümüzdə, həmçinin bizim üfüqümüzə yaxın olan üfüqlərdə hilalın teleskopla görünməsi mümkün olacaq.
Milli Görüş-Sabiqun hərəkatı
[1] Sıra ilə Yer, Ay və Günəş üçlüyünün eyni istiqamətə doğru gəldiyi vəziyyətə “ictima” və ya “qovuşma” deyilir. Başqa bir ifadə ilə desək, Ayın Günəşlə Yer arasındakı kölgəyə daxil olmasına “ictima” deyilir.