BƏYANAT  

MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏR’İ HEYƏT: “11 MART 2024-CÜ İL BAZAR ERTƏSİ GÜNÜ MÜBARƏK RAMAZAN AYININ İLK GÜNÜDÜR!” 

Tarix: 26 şəban 1445-ci il,
miladi: 07/03/2024 

Mərhum dini rəhbər S. M. Fəzlullahın müəssisəsindəki şər’i idarə hicri 1445-ci il (m. 2024-cü il) üçün ramazan ayının başlanmasını dəqiqləşdirən bəyanat yayıb. Bəyanatın mətni belədir: “H. q. təqvimi ilə 1445-ci ilin (m. 2024-cü ilin) ramazan ayının hilalı 2024-cü il mart ayının 10-u bazar günü Qrinviç saatı ilə səhər saat 09:00-da, Beyrut şəhəri yerli saatla səhər saat 11:00-da (Bakı vaxtı ilə günorta saat 13:00-da) doğacaqdır (ictima[1]).

Əlavə edilən xəritəyə əsasən 60 dərəcə şimal enliyi ilə 40 dərəcə cənub enliyi arasında və 30 dərəcə qərb uzunluğu ilə 150 dərəcə qərb uzunluğu arasında yerləşən məntəqələrdə yeni hilalın (yəni ramazan ayı hilalının) görünməsi mümkün olacaq. Hava tam buludsuz olduğu və təcrübəli bir müşahidəçi tərəfindən izləndiyi halda ABŞ və Kanadanın qərb hissəsində yerləşən məntəqələrdə ayparanın çılpaq gözlə görünməsi mümkün olacaq. Şimali və Cənubi Amerikanın əksər məntəqələrində isə ayparanın yaxınlaşdırıcı vasitələrlə görünməsi mümkün olacaq. Buna görə də hilalın göründüyü məntəqələrlə gecənin bir hissəsində olsa belə, gecə müştərəkliyi olan bütün ölkələrdə (Azərbaycan da bu ölkələr sırasına daxildir.) ramazan ayının ilk günü 11/03/2024-cü il bazar ertəsi günü olacaq. (Bazar günündən bazar ertəsi gününə keçən gecə niyyət gecəsidir.) Hilalın göründüyü məntəqələrlə gecə müştərəkliyi olmayan məntəqələrdə, məsələn Avstraliya və Yeni Zelandiyada ramazan ayının ilk günü 12/03/2024-cü il çərşənbə axşamı gününə təvafüq edəcəkdir. Bu, Seyid Mühəmmədhüseyn Fəzlullahın söykəndiyi fiqhi əsasə uyğun olaraq belədir. Seyid Fəzlullahın söykəndiyi fiqhi əsas budur ki, qəti (dəqiq) və adətən yəqinlik ifadə edən astronomik hesablamalara etimad etmək icazəlidir və gecənin bir hissəsində olsa belə, müştərək olduğumuz hər hansı bir ölkədə və ya məntəqədə hilalın görünməsinin mümkünlüyü kifayət edir. Buna əlavə olaraq Seyidə görə adi gözlə görməklə yaxınlaşdırıcı cihaz vasitəsilə görmək arasında heç bir fərq yoxdur, hər iki görmə mötəbərdir.

Allahdan istəyirik ki, bu ayda və qarşıdan gələn aylarda bizə Özünə itaət etməkdə və İslam ümmətinə birlik, izzət və kəramət əldə etməkdə müvəffəqiyyət versin! Bu ayı İslam dünyası üçün xeyir, yardım və bərəkət ayı qərar versin, müsəlmanların sözünü bir yerə toplasın və mövqelərini birləşdirsin, onların cəmiyyətindən fitnə-fəsadı aparsın və ölkələrini sionistlərin, Amerikanın, Böyük Britaniyanın, Atlantika İttifaqının (NATO), digər istismarçı qüvvələrin işğalından və yerli zalımların zülmündən azad etsin!”

Allahdan istəyirik ki, bu ay bütün azərbaycanlılar arasında xeyir və haqqa açılış ayı olsun! AMİN!

Qırmızı rəng: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.

Rəngsiz: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.

Tünd-göy: hilalı yalnız teleskopdan istifadə etməklə görmək mümkündür.

Çəhrayı (gülü, açıq gül rəngli): hilalı teleskopdan istifadə etməklə, hava tam buludsuz olduğu və təcrübəli bir müşahidəçi tərəfindən izləndiyi halda adi gözlə görmək mümkündür.

Yaşıl: hilalın adi gözlə görünməsinin mümkün olduğu bölgələr.

İzah: Bəyanata və 2024-cü il ramazan ayı hilalının sxeminə diqqət etməklə məlum olur ki, 10 mart axşam Günəş batarkən bizim ölkənin üfüqündə ayparanın görünməsi qeyri-mümkündür. Lakin gecənin bir hissəsində olsa belə, müştərək olduğumuz ölkələrin birində – tünd-göy və çəhrayı rəngdə yerləşən ölkələrdə – ayparanın görünməsinin mümkünlüyü ilə Seyid Fəzlullahın fitvasına əsasən bizim üçün də ramazan ayının əvvəli sübuta yetmiş olur.

Ayətullah Seyid Əli Sistaninin və Seyid Əli Xamənəinin müqəllidləri üçün ramazan ayı 2024-cü il mart ayının 12-də (çərşənbə axşamı günündə) başlayacaqdır. Çünki hər iki dini rəhbərin fiqhi rəyinə əsasən ayın əvvəlinin sübuta yetməsi üçün hilalın mükəlləfin yaşadığı şəhərin üfüqündə, yaxud həmüfüq şəhərlərdə, yaxud yaxın üfüqlü şəhərlərdə görünməsi şərtdir. Ayın uzaq üfüqlü şəhərlərdə görünməsi hilalın isbatı üçün kifayət etmir. Yuxarıdakı açıqlamaya əsasən 2024-cü il 10 mart günü axşam Günəş batarkən bütün Asiya qitəsində (yəni bizim üfüqümüzdə və bizim üfüqümüzə yaxın olan üfüqlərdə) ayparanın həm çılpaq gözlə, həm də müxtəlif yaxınlaşdırıcı vasitələrlə görünməsi qeyri-mümkün olacaq. Hətta hilalın yaxınlaşdırıcı cihazla görünməsi ilə çılpaq gözlə görünməsi arasında heç bir fərqin olmadığına qail olan Seyid Əli Xamənəiyə görə 11 mart gününün ramazan ayının ilk günü olması qeyri-mümkündür. Çünki qeyd etdiyimiz kimi, bizim üfüqümüzdə, həmçinin bizim üfüqümüzə yaxın olan üfüqlərdə hilalın teleskopla belə, görünməsi qeyri-mümkün olacaq. Deməli, hər iki dini rəhbərin 12 mart çərşənbə axşamı gününün ramazan ayının ilk günü olduğunu elan etməsi gözlənilir.

Qafqaz Müsəlmanları İdarəsi ayın əvvəlinin sübut olunması üçün ayparanın mükəlləfin yaşadığı ölkənin üfüqündə görünməsini şərt bilən bir qurum olmasına, Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumatlara əsasən dini təqvim tərtib etdiyini iddia etməsinə və astronomik hesablamalara əsasən də 2024-cü il 10 mart günü axşam hilalın bizim üfüqdə görünməsinin qeyri-mümkün olacağı sübuta yetməsinə baxmayaraq, tərtib etdiyi cədvəldə ramazan ayının ilk gününün 2024-cü il 11 mart gününə təvafüq etdiyini təsbit etmiş və qəbul etdiyi prinsipi çox kobud bir şəkildə pozmuşdur.

Bu bəyanata əsasən mart ayının 28-dən 29-na, 30-dan 31-nə və aprel ayının 1-dən 2-nə keçən gecələr əhya gecələridir. Aprel ayının 1-dən 2-nə keçən gecə isə mübarək Qədr gecəsidir.

Milli Görüş-Sabiqun hərəkatı

[1] Sıra ilə Yer, Ay və Günəş üçlüyünün eyni istiqamətə doğru gəldiyi vəziyyətə “ictima” və ya “qovuşma” deyilir. Başqa bir ifadə ilə desək, Ayın Günəşlə Yer arasındakı kölgəyə daxil olmasına “ictima” deyilir.