BƏYANAT
MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏR’İ İDARƏ: “2024-CÜ İL 10 APREL ÇƏRŞƏNBƏ GÜNÜ DÜNYANIN BÜTÜN ÖLKƏLƏRİNDƏ MÜBARƏK FİTR BAYRAMININ İLK GÜNÜDÜR!”
Mərhum dini rəhbər Ayətullah Seyid Fəzlullahın müəssisəsindəki şər’i idarə hicri 1445-ci il (m. 2024-cü il) üçün şəvval ayının başlanmasını dəqiqləşdirən bir bəyanat yayıb. Bəyanatın mətni belədir: “Hicri-qəməri təqvimi ilə 1445-ci ilin (m. 2024) şəvval ayının hilalı 2024-cü il aprel ayının 8-i bazar ertəsi günü Qrinviç saatı ilə 06:21-də, yəni Beyrut şəhəri yerli saatla saat 09:21-də (Bakı vaxtı ilə 10:21-də) doğacaqdır (ictima).
Əlavə edilən sxemdən də göründüyü kimi, bazar ertəsi günü axşam (çərşənbə axşamı gününün gecəsi) ayparanın dünyanın heç bir yerində görünməsi mümkün deyil. Odur ki, aprel ayının 9-u çərşənbə axşamı günü mübarək ramazan ayının otuzuncu gününü tamamlayan gün olacaq.
Çərşənbə axşamı günü axşam (çərşənbə gününün gecəsi) ayparanı Şimali Amerikada, Kanadada, Mərkəzi Amerikada, Cənubi Amerikanın bir çox məntəqələrində, Afrikanın şimal və mərkəzi hissələrində, Avropa və Asiyada çılpaq gözlə asanlıqla görmək mümkün olacaq. Cənubi Amerika və Afrikanın cənubunun bir hissəsində, Asiyanın qərb hissəsində, İrak və digər ərəb ölkələrində, Türkiyə və İranda (həmçinin Azərbaycanda) hava tam buludsuz olduğu və təcrübəli bir müşahidəçi tərəfindən izləndiyi halda ayparanın çılpaq gözlə görünməsi mümkün olacaq. Həmçinin Asiyanın digər məntəqələrində, Avstraliyanın bəzi məntəqələrində, Afrikanın cənub hissələrində və Cənubi Amerikanın cənubunda ayparanın teleskopdan istifadə etməklə görünməsi mümkün olacaq.
Buna görə də ramazan ayının otuz gününün keçməsi ilə yanaşı 2024-cü il aprel ayının 10-u çərşənbə günü şəvval ayının 1-ci günü, yəni Fitr bayramı günüdür.
Bu, Seyid Fəzlullahın söykəndiyi fiqhi əsasa uyğun olaraq da belədir. Seyid Fəzlullahın söykəndiyi fiqhi əsas budur ki, qəti (dəqiq) və adətən yəqinlik ifadə edən astronomik hesablamalara etimad etmək icazəlidir və gecənin bir hissəsində olsa belə, müştərək olduğumuz hər hansı bir ölkədə və ya məntəqədə hilalın görünməsinin mümkünlüyü kifayət edir. Buna əlavə olaraq Seyidə görə adi gözlə görməklə yaxınlaşdırıcı cihaz vasitəsilə görmək arasında heç bir fərq yoxdur, hər iki görmə mötəbərdir.
Bu hökm Yer kürəsinin şərq və qərb hissələrinin hər ikisinə şamil edilir.
Allahdan istəyirik ki, bu bayramı İslam dünyası üçün xeyirli və bərəkətli qərar versin, müsəlmanların sözünü bir yerə toplasın və mövqelərini birləşdirsin, onların cəmiyyətindən fitnə-fəsadı aparsın və ölkələrini sionistlərin, Amerikanın, Böyük Britaniyanın, Atlantika İttifaqının (NATO), digər istismarçı qüvvələrin işğalından və yerli zalımların zülmündən azad etsin!”
Allahdan istəyirik ki, bu bayram günü bütün azərbaycanlılar arasında xeyirə və haqqa açılış günü olsun! AMİN!
Qırmızı rəng: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.
Rəngsiz: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.
Tünd-göy: hilalı yalnız teleskopdan istifadə etməklə görmək mümkündür.
Çəhrayı (gülü, açıq gül rəngli): hilalı teleskopdan istifadə etməklə, hava tam buludsuz olduğu və təcrübəli bir müşahidəçi tərəfindən izləndiyi halda adi gözlə görmək mümkündür.
Yaşıl: hilalın adi gözlə görünməsinin mümkün olduğu bölgələr.
İzah: Ayətullah Seyid Əli Sistaninin və Seyid Əli Xamənəinin müqəllidlərinin də Fitr bayramını 2024-cü il aprel ayının çərçənbə günündə (10 apreldə) qeyd edəcəkləri gözlənilir. Hər iki dini rəhbərin fiqhi rəyinə əsasən ayın əvvəlinin sübuta yetməsi üçün hilalın mükəlləfin yaşadığı şəhərin üfüqündə, yaxud həmüfüq şəhərlərdə, yaxud yaxın üfüqlü şəhərlərdə görünməsi şərtdir. Yuxarıdakı açıqlamaya əsasən 2024-cü il 9 aprel günü axşam Günəş batarkən bütün Asiya qitəsində (yəni bizim üfüqümüzdə və bizim üfüqümüzə yaxın olan üfüqlərdə) ayparanın həm çılpaq gözlə, həm də müxtəlif yaxınlaşdırıcı vasitələrlə görünməsi mümkün olacaq. Deməli, hər iki dini rəhbərin 10 aprel çərşənbə gününün Fitr bayramı günü olduğunu elan etməsi gözlənilir.
Milli Görüş-Sabiqun hərəkatı