BƏYANAT
MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏR’İ HEYƏT: “2025-Cİ İL 30 MART BAZAR GÜNÜ MÜBARƏK FİTR BAYRAMININ İLK GÜNÜDÜR!”
Mərhum dini rəhbər Ayətullah Seyid Fəzlullahın müəssisəsindəki şər’i heyət mərhum Seyidin söykəndiyi fiqhi əsasa uyğun olaraq dəqiq astronomik hesablamalara əsaslanaraq bazar gününə təvafüq edən 2025-ci il mart ayının 30-nu 1446-cı il mübarək Fitr bayramı günlərinin ilk günü olduğunu elan etmişdir. Beləliklə, 2025-ci il mart ayının 29-u şənbə günü mübarək ramazan ayının son günüdür. Bəyanatda deyilir: “Hicri-qəməri təqvimi ilə 1446-cı ilin (m. 2025) şəvval ayının hilalı mart ayının 29-u şənbə günündə Qrinviç saatı ilə gündüz 10:58-də, yəni Beyrut şəhəri qış vaxtı ilə günorta saat 12:58-də (Bakı vaxtı ilə 14:58-də) doğacaqdır (ictima).
Əlavə edilmiş xəritəyə uyğun olaraq şənbə günü axşam (bazar gününün gecəsi) hilalın (şəvval ayının hilalının) Şimali Amerikanın qərbində yerləşən məntəqələrdə (Kanadada) çılpaq gözlə, Şimali və Mərkəzi Amerikanın əksər hissəsində teleskopdan istifadə etməklə görünməsi mümkün olacaq.
Gecənin bir hissəsində müştərək olduğumuz məntəqələrdə şənbə günü axşam hilalın görünməsi mümkün olduğuna görə görünmənin mümkün olduğu məntəqələrlə gecənin bir hissəsində olsa belə, müştərək olan məntəqələrdə (Azərbaycan da o məntəqələrdən hesab olunur.) bazar günü 1446-cı il şəvval ayının birinci günü olacaqdır.
Bu, Seyid Fəzlullahın söykəndiyi fiqhi əsasa uyğun olaraq belədir. Seyid Fəzlullahın söykəndiyi fiqhi əsas budur ki, qəti (dəqiq) və adətən yəqinlik ifadə edən astronomik hesablamalara etimad etmək icazəlidir və gecənin bir hissəsində olsa belə, müştərək olduğumuz hər hansı bir ölkədə və ya məntəqədə hilalın görünməsinin mümkünlüyü kifayət edir. Buna əlavə olaraq Seyidə görə adi gözlə görməklə yaxınlaşdırıcı cihaz vasitəsilə görmək arasında heç bir fərq yoxdur, hər iki görmə mötəbərdir.
Uzaq Şərqdə yerləşən və görünmənin mümkün olduğu məntəqələrlə gecənin bir hissəsində olsa belə, müştərək olmayan digər məntəqələrdə bayram günü 2025-ci il mart ayının 31-də bazar ertəsi günü olacaq.
Allahdan istəyirik ki, bu bayramı İslam dünyası üçün xeyirli və bərəkətli qərar versin, müsəlmanların sözünü bir yerə toplasın və mövqelərini birləşdirsin, onların cəmiyyətindən fitnə-fəsadı aparsın və ölkələrini sionistlərin, Amerikanın, Böyük Britaniyanın, Atlantika İttifaqının (NATO), digər istismarçı qüvvələrin işğalından və yerli zalımların zülmündən azad etsin!”
Allahdan istəyirik ki, bu bayram günü bütün azərbaycanlılar arasında xeyirə və haqqa açılış günü olsun! AMİN!
Qırmızı rəng: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.
Rəngsiz: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.
Tünd-göy: hilalı yalnız teleskopdan istifadə etməklə görmək mümkündür.
Çəhrayı (gülü, açıq gül rəngli): hilalı teleskopdan istifadə etməklə, hava tam buludsuz olduğu və təcrübəli bir müşahidəçi tərəfindən izləndiyi halda adi gözlə görmək mümkündür.
Yaşıl: hilalın adi gözlə görünməsinin mümkün olduğu bölgələr.
İzah: Bəyanata və 2025-cü il şəvval ayı hilalının sxeminə diqqət etməklə məlum olur ki, 2025-ci il mart ayının 29-da axşam Günəş batarkən bizim ölkənin üfüqündə ayparanın (istər çılpaq gözlə olsun, istərsə də teleskopla olsun) görünməsi qeyri-mümkün olacaq. Lakin gecənin bir hissəsində olsa belə, müştərək olduğumuz ölkələrin birində – sxemdə çəhrayı və tünd-göy rəngdə yerləşən ölkələrin birində – ayparanın görünməsinin mümkünlüyü ilə Seyid Fəzlullahın fitvasına əsasən bizim üçün də şəvval ayının əvvəli sübuta yetmiş olur.
Ayətullah Seyid Əli Sistaninin və Seyid Əli Xamənəinin müqəllidləri Fitr bayramını 2025-ci il mart ayının 31-də bazar ertəsi günü qeyd edəcəklər. Çünki hər iki dini rəhbərin fiqhi rəyinə əsasən ayın əvvəlinin sübuta yetməsi üçün hilalın mükəlləfin yaşadığı şəhərin üfüqündə, yaxud həmüfüq şəhərlərdə, yaxud yaxın üfüqlü şəhərlərdə görünməsi şərtdir. Ayın uzaq üfüqlü şəhərlərdə görünməsi hilalın isbatı üçün kifayət etmir. Yuxarıdakı açıqlamaya əsasən 2025-ci il 29 mart günü axşam Günəş batarkən bütün Asiya qitəsində (yəni bizim üfüqümüzdə və bizim üfüqümüzə yaxın olan üfüqlərdə) ayparanın həm çılpaq gözlə, həm də müxtəlif yaxınlaşdırıcı vasitələrlə görünməsi qeyri-mümkün olacaq. Hətta hilalın yaxınlaşdırıcı cihazla görünməsi ilə çılpaq gözlə görünməsi arasında heç bir fərqin olmadığına qail olan Seyid Əli Xamənəiyə görə 30 mart gününün Fitr bayramı günü olması qeyri-mümkündür. Çünki qeyd etdiyimiz kimi, bizim üfüqümüzdə, həmçinin bizim üfüqümüzə yaxın olan üfüqlərdə hilalın teleskopla belə, görünməsi qeyri-mümkün olacaq. Deməli, hər iki dini rəhbərə görə Fitr bayramı 2025-ci il 31 mart günü olacaqdır.
Qafqaz Müsəlmanları İdarəsi ayın əvvəlinin sübut olunması üçün ayparanın mükəlləfin yaşadığı ölkənin üfüqündə görünməsini şərt bilən bir qurum olmasına, Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumatlara əsasən dini təqvim tərtib etdiyini iddia etməsinə və astronomik hesablamalara əsasən də 2025-ci il 29 mart günü axşam hilalın bizim üfüqdə görünməsinin qeyri-mümkün olacağı sübuta yetməsinə baxmayaraq, namaz vaxtları ilə bağlı tərtib etdiyi ramazan ayı cədvəlində 2025-ci il 30 mart gününün Fitr bayramı olduğunu qeyd etmiş və qəbul etdiyi prinsipi çox kobud bir şəkildə pozmuşdur.
Milli Görüş-Sabiqun hərəkatı