RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!
Astma xəstəsi olan bir çox möminlər oruclarının səhih olması və pulverizator (mayeni hava təzyiqi ilə toz halına salıb səpələmək üçün cihaz) qəbul etmələrinin oruclarının pozulması ilə nəticələnməsi barəsində soruşurlar.
Hətta bəzi internet saytları və sosial şəbəkələr də bu mövzuya toxunmuşdur. Müasir alimlərin çoxu və bəzi fitva idarələri bildirirlər ki, bu maddənin qəbul edilməsi ilə oruc batil olmur. Lakin başqa qrup alimlər iddia edir ki, bu, orucu batil edir, çünki əsas olan budur ki, xəstənin onu qəbul etməsi icazəli deyil. Əgər onu qəbul etməyə ehtiyacı olarsa, onu qəbul etməli və o günün qəzasını tutmalıdır. …
Pulverizatordan istifadə etməklə orucun pozulmadığını deyənlər bildirirlər ki, əsas prinsip budur ki, oruc düzdür. Bu prinsip və bu yəqinlik yalnız özü kimi bir yəqinliklə tərk edilə bilər. Bu toz halında maddədən mədəyə bir şeyin çatması məsələsi şübhəlidir. Əsas olan budur ki, bu maddə tənəffüs sisteminə daxil olur və ondan nə isə bir şeyin mədəyə gedib çatması inandırıcı deyil. Yəqinlik də şübhə və şəklə aradan getməz. Buna görə də elə bu maddədən yüngül bir hissə də mədəyə getsə, oruc səhihdir. Bu əfv edilmişdir və ona görə oruc pozulmur. …
Bu fiqhi rəyə əsasən ramazan ayında astma pulverizatorundan istifadə etmək orucu pozmur, çünki o, ağ ciyərlərə gedən sıxışdırılmış qazdır, qida deyildir. Xəstə isə istər ramazan ayında, istərsə də qeyri-adi vaxtda ona möhtacdır. Orucu pozan işlərdən bəhs edən söhbətində Seyid Fəzlullah deyir: “Yemək və içmək hesab olunmadıqda boğazdan qeyri bir yolla batinə (daxilə) daxil olan şeyin heç bir qorxusu yoxdur. Məsələn, yemək borusunda dərmanın dadının hiss olunmasına baxmayaraq, onu qulağa, yaxud gözə daxil etsə, yaxud iynə və ya onun kimi bir şeyi bədəninə daxil etsə, sonra o daxilə (boşluğa) yetişsə, dərmanı iynə vasitəsilə ələ, yaxud buda vursa, yaxud astmaya qarşı maye halında yox, oksigen halında olan preparatdan (spreydən) istifadə etsə və bunun kimi yemək və içmək hesab olunmayan işlər orucu batil etmir. Lakin dərmanın damcı şəklində buruna daxil edilməsinə gəlincə zahir budur ki, o, boğaza yaxın olduğu üçün bu iş yemək və içmək hesab olunur və onunla oruc batil olur. …”
Seyid Fəzlullahdan tənəffüs sıxıntısı zamanı buxar kimi narın halda olan dərmanın qəbul edilməsinin orucu batil etməsi haqqında soruşduqda isə o, belə cavab vermişdir: “Əgər oruclu şəxsin udduğu aydın və gözlə görünən mayedən ibarət deyildirsə, pulverizatorun istifadə edilməsi orucun düzgünlüyünə heç bir zərər vurmur”[1].
[1] “əl-Məsailul-Fiqhiyyə”, “əl-İbadat”, s. 408