RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!  

BƏDİÜZZAMAN SƏİD NURSİNİN
MƏQSƏDİ VƏ XİDMƏT METODU (1) 
GİRİŞ

İnsanlara ciddi təsir göstərən ziyalının onlara hansı üsullarla təsir etdiyini anlamaq üçün ilk növbədə onun məqsədini və hərəkət tərzini araşdırmaq yerinə düşərdi. Bu araşdırmada dünyada sayı milyonları aşan ciddi auditoriyaya təsir edən və bu günə qədər haqqında çox yazılan və danışılan məşhur İslam alimi Bədiüzzaman Səid Nursinin məqsədini və hədəfini ortaya qoyarkən tətbiq etdiyi üsullarını və metodlarını araşdıracağıq. Bu araşdırmanı apararkən onun əsərlərinə istinad edib, öz fikir və ifadələrinə əsaslanmağa çalışacağıq.

Məqsədimiz bu böyük mütəfəkkirin beynəlxalq aləmdə yaratdığı elmi və dini hərəkatın mənbəyini daha yaxşı başa düşməyi asanlaşdırmaqdır.

Tədqiqat iki hissədən ibarət olacaq. Birinci hissədə Bədiüzzamanın məqsədinin nədən ibarət olduğu üzərində dayanacağıq. İkinci hissədə isə məqsədini həyata keçirmək üçün nəzərə aldığı əsas prinsiplər və istifadə etdiyi üsullar (metodlar) maddələrlə təqdim ediləcəkdir.

BİRİNCİ HİSSƏ: BƏDİÜZZAMANIN MƏQSƏDİ

Bədiüzzaman Səid Nursinin əsas məqsədini “Allah rizası üçün ilayi-kəlimətillah uğrunda çalışmaq” kimi ümumiləşdirmək olar. Ömrünü Peyğəmbərin (s) mübarizəsinə həsr edən bir şəxsin başqa hansı məqsədi ola bilər ki? Bədiüzzaman Səid Nursinin bu məqsədini əsərlərinin müxtəlif yerlərindəki ifadələrində görmək mümkündür. Həmin ifadələrdən istifadə edərək onun məqsədini beş başlıq altında araşdıracağıq:

1.1. Allah rizası dairəsində imana xidmət etmək;

Bədiüzzaman xidmətinin əsaslarını ixlas sütunları üzərində qurur. Risaleyi-Nurun əsasına “xətalarını bilərək təvazökarlıqla (məhviyyətkaranə), sırf Allah rizası üçün rəqabətsiz xidmət etmək” şəklində tərif verir[1]. Nur Risalələri ilə iman həqiqətlərinə xidmət etməyin kainatda heç bir şeyə alət ola bilməyəcəyini və Allah rizasından başqa bir məqsədi olmadığını vurğulayır[2]. Allah rizası üçün hər cür fədakarlığa hazır olduğunu bildirir. “Mən maddi və mənəvi hər şeyimi qurban verdim, hər bəlaya dözdüm, hər işgəncəyə səbir etdim”, – deyərək bu qarışıq dövrə tab gətirmək nəticəsində iman həqiqətlərinin hər yerə çatdığını ifadə edir[3].

 1.2. Möminlərin imanını qorumaq və onları şübhələrdən xilas etmək;

Bədiüzzaman tələbələri ilə yazışmalarında imanı xilas etməyə böyük əhəmiyyət verir. O deyir ki, hər bir tələbənin vəzifəsi əvvəlcə öz imanını, sonra başqalarının imanını xilas etməyə çalışmaqdan ibarət olmalıdır[4]. Bu mövzuda o, şəxsi həyatı ilə də tələbələrinə nümunə olmuşdur. Onun aşağıdakı odlu-alovlu ifadələri buna daha yaxşı bir nümunədir: “Təsəvvür edək ki, nəhəng bir yanğın baş verib. Onun alovu səmaya qalxır. Orada övladım yanır, imanım od tutub yanır. Mən o yanğını söndürməyə, imanımı xilas etməyə qaçıram. … Elə bilirlər ki, mən öz canımı xilas etməyi düşünən xudbin (özünü düşünən) bir insanam? Mən cəmiyyətin imanını xilas etmək üçün dünyamı da, axirətimi də qurban verdim. Bütün səksən illik ömrümdə dünya ləzzəti adına heç bir şey bilmirəm”[5].

1.3. Ateizmə (dinsizliyə) qarşı elmi mübarizə aparmaq;

Bədiüzzamana görə “İslam əhlinin (müsəlmanların) bu dövrdəki ən mühüm təhlükəsi elm və fəlsəfədən qaynaqlanan bir zəlalətlə qəlblərin korlanması və imanın zədələnməsidir”[6]. Çünki bu dövr köhnə dövr kimi deyil. Bədiüzzaman deyir: “Qədim zamanlarda zəlalət cəhalətdən qaynaqlanırdı. Bunu məhv etmək asan idi. Bu dövrdə zəlalət – Qurana, İslamiyyətə və imana hücum elm, fəlsəfə və bilgidən qaynaqlanır. Bunun dəf edilməsi çətindir. Qədim dövrlərdə ikinci hissə (yəni elm, fəlsəfə və bilikdən qaynaqlanan zəlalət – X. Q.) çox az hallarda baş verirdi. Onlar da irşad ilə doğru yola gələ bilirdilər”[7]. Bu təhlil nəticəsində o, xidmətinin məqsədi olan aşağıdakı nəticəyə gəlir: ““Risaleyi-Nur” yalnız cüz’i dağıntıları, kiçik bir evi təmir etmir, bəlkə, külli (bütöv) bir dağıntını və İslamiyyəti ehtiva edib dağlar boyda daşları olan qapalı bir qalanı belə təmir edir. O təkcə xüsusi bir qəlbi və vicdanı islah etməyə çalışmır, bəlkə, min ildir ki, hazırlanan və yığılan pozucu vasitələrlə dəhşətli şəkildə deşilən ümumi qəlbi və ictimai rəyi, hamının, ələlxüsus ümumxalq kütləsinin istinadgahı olan islami əsasların, cərəyanların və şüarların qırılması ilə pozulmaq üzrə olan ictimai vicdanı Quranın ecazı (möcüzəsi) ilə və onların yaralarını Quran və imanın dərmanları ilə müalicə etməyə çalışır”[8].

(ardı var)

 Mənbə: sorularlarisale.com 

Mütərcim: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə

Redaktor: Əfruzə Həsənova

Operator və korrektor: Məhbubə Kərimzadə 

 

[1] “Risaleyi-Nur” külliyyatı, “Əmirdağ lahiqəsi”-1, (52)

[2] “Risaleyi-Nur” külliyyatı, “Əmirdağ lahiqəsi”-1, (18)

[3] “Risaleyi-Nur” külliyyatı, “Əmirdağ lahiqəsi”-2, (69)

[4] “Risaleyi-Nur” külliyyatı, “Qastamonu lahiqəsi”, (124)

[5] “Risaleyi-Nur” külliyyatı, “Həyat tarixçəsi”, İsparta həyatı, Təhlillər (Əşrəf Ədib)

[6] “Risaleyi-Nur” külliyyatı, “Ləm’ələr”, On altıncı Ləm’ə

[7] “Risaleyi-Nur” külliyyatı, “Sözlər”, Konfrans

[8] “Risaleyi-Nur” külliyyatı, “Qastamonu lahiqəsi”, (23)