BƏDİÜZZAMAN SƏİD NURSİNİN MƏQSƏDİ VƏ XİDMƏT METODU (2)
1. 4. Möminlərin birlik və həmrəyliyinin təmin edilməsi;
Bədiüzzaman İslam dünyasının mənəvi problemlərinə çarə tapmağa çalışdığı kimi, eyni zamanda ixtilafların və ayrılıqların yaratdığı problemləri də həll etməyi mübarizəsinin məqsədi olaraq müəyyənləşdirmişdi. Onun bu məqsədlə yazdığı və möminlərə yol göstərən çoxlu reseptləri vardır.
Möminlərə düşmən əsarətinə düşməmək üçün ağılla hərəkət edib birlik və bərabərliyə nail olub, yekdil fikir qəbul etmələrini bildirir. Əks halda ehtiraslarının əsiri olan, birlik və həmrəylik əvəzinə ixtilafı davam etdirənlərin bir-biri ilə mübarizəsi nəticəsində güclərinin əldən çıxacağını və asanlıqla düşmənlərinin şikarına çevriləcəyini qeyd edir[1].
“Xarici və böyük bir düşmən hücum etdiyi zaman daxili kiçik düşmənçiliklərdən əl çəkmək vacibdir. Əks halda bu, onlara hücum edən böyük düşmənə yardım kimi qiymətləndiriləcək. Bu səbəbdən də islami çərçivədə keçmişdən bu günə kimi tərəfgirliklə bir-birinə qarşı çıxan və rəqib vəziyyəti alan müsəlmanların o daxili düşmənçilikləri müvəqqəti olaraq unutmaları islami məsləhətin tələbidir”[2].
1. 5. Anarxizmə qarşı mənəvi maneələrin yaradılması;
Bədiüzzaman iyirminci əsrin əvvəllərində dünyanın hər yerində uçqun kimi böyüyən materialist fəlsəfəyə əsaslanan fikri axımlara qarşı böyük bir fikri mübarizə aparmışdır[3]. Ələlxüsus, müqəddəs dəyərlərlə mübarizə aparan kommunizm kimi fikir cərəyanlarının əsas dayaqlarını iddialara toxunmadan əsərlərində cavablandırmış və o fikirləri təkzib etmişdir. Məsələn, Bədiüzzaman kommunizmin iqtisadi həll yolları yerinə İslam dininin zəkat qurumunu müdafiə etmiş və hər cür israfçılığın qarşısını alaraq iqtisadi inkişafı öyrədən “İqtisad risaləsi”ni yazmışdır. Digər tərəfdən, ələlxüsus materialist fikri hərəkatların əsasını təşkil edən inkar nəzəriyyələrinə qarşı başda “Təbiət risaləsi” olmaqla bir çox əsərlər yazaraq bu zərərli fikri cərəyanlarla da mübarizə aparmışdır. O, bu mübarizəsində uğur da qazanmışdır. Çünki başda kommunist Rusiya olmaqla bir çox kommunist və faşist dövlətlərin təsiri altında olan Türkiyə Bədiüzzamanın xalqı maarifləndirməsi nəticəsində bu fikri hərəkatlardan böyük ölçüdə uzaqlaşmışdır.
“Yalnız bir məqsədim var; mən məzara yaxınlaşdığım bu vaxtımda İslam diyarı olan bu ölkədə bolşevik bayquşlarının səsini eşidirik. Bu səs İslam dünyasının iman əsaslarına xələl gətirir. Xalqı, xüsusən də gəncləri imansızlaşdıraraq özlərinə tabe edir. Mən bütün varlığımla bunlara qarşı mübarizə aparır, gəncləri və müsəlmanları imana dəvət edirəm. Bu imansız kütlə ilə mübarizə aparıram. Allahın hüzuruna inşallah bu mübarizəmlə çıxmaq istəyirəm. Bütün fəaliyyətim bundan ibarətdir!”[4]
(ardı var)
Mənbə: sorularlarisale.com
Mütərcim: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə
Redaktor: Əfruzə Həsənova
Operator və korrektor: Məhbubə Kərimzadə
[1] “Risaleyi-Nur” külliyyatı, “Məktubat”, İyirmi ikinci Məktub
[2] “Risaleyi-Nur” külliyyatı, “Əmirdağ lahiqəsi”-1, (154)
[3] “Risaleyi-Nur” külliyyatı, “Əmirdağ lahiqəsi”-1, (12)
[4] “Risaleyi-Nur” külliyyatı, “Şüalar”, On dördüncü Şüa, Baş Nazirliyə, Ədliyyə Nazirliyinə və Daxili İşlər Nazirliyinə verilən geniş bir ərizə