İKİNCİ HİSSƏ: BƏDİÜZZAMANIN XİDMƏT METODU
Birinci hissədə qeyd olunan məqsədinə çatmaq üçün Bədiüzzaman Səid Nursinin hansı metodlardan (üsullardan) istifadə etdiyini başlıqlar altında dəyərləndirməyə çalışacağıq:
2. 1. Onun mənbəyi Qurandır;
Bədiüzzaman öz əsərlərində mənbə olaraq birbaşa Quranı əsas götürmüşdür. Çünki əsərlər yazılan zaman heç bir mənbəyə istinad etmək mümkün deyildi. Ona görə ki, əsərlərin əksəriyyəti həbsxanalarda, nəzarət altında, ev dustağı olarkən və ya bağlarda, dağ zirvələrində və ağac budaqları arasında yazılmışdır[1].
Bu yerlərdə heç bir əsər saxlamaq mümkün olmadığından o, ancaq Quran-kərimi öz ustadı kimi qəbul etmiş və onu mənbə kimi tanımışdır. Digər tərəfdən Köhnə Səid adlandırdığı gənclik illərində Ustad axtarmağa meyilli olmuş və bu meylin nəticəsi olaraq Əbdülqadir Geylani və İmam Rəbbani kimi böyük mürşidlərin əsərlərini mütaliə edərkən həmin əsərlərdən aldığı dərs ilə ən böyük ustadın Quran olduğunu və ən doğru hidayət yolunun isə Quranın izlədiyi yol olduğunu öyrənmişdir.
“Köhnə Səidin qəlbinə belə gəldi: “Əsl ustad Qurandır. Tövhidi-qiblə[2] bu ustadla mümkündür”. Beləliklə, yalnız o müqəddəs ustadın rəhbərliyi ilə həm qəlbi, həm ruhu çox qəribə bir şəkildə hərəkətə gəldi və riyazətlə məşğul olmağa (süluka) başladılar”[3].
Bu dərsi aldıqdan sonra həyatı boyu başqa heç bir əsərə müraciət etmədən əsərlərini yazmışdır. Bu həqiqəti özünün başqa bir əsərində belə ifadə edir: “Risaleyi-Nur başqa əsərlər kimi elmlərdən və fənlərdən, başqa kitablardan götürülməmişdir. Onun Qurandan başqa məxəzi yoxdur, Qurandan başqa ustadı yoxdur və Qurandan başqa qaynağı yoxdur. Yazıldığı vaxt müəllifinin (özünü nəzərdə tutur) yanında heç bir kitab yox idi. Bilavasitə Quranın feyzindən (bərəkətindən) ilham almışdır. Bu fikirlər Quran səmasından və Quran ayələrinin ulduzlarından enir və nazil olur”[4].
2. 2. O, özünü arxa plana keçirib, əsərlərinə diqqət yetirir;
Səid Nursi hələ sağ ikən onu ziyarət edənlərə dediyi[5] və əsərlərində tez-tez vurğuladığı kimi, öz şəxsiyyətinin bir nüfuz sahibi (mərcə’, müraciət olunan şəxs) kimi qəbul edilməsini istəməmiş, əsərlərini ön plana keçirmişdir.
“Risaleyi-Nuru oxumaq on dəfə mənimlə görüşməkdən daha faydalıdır. Əslində mənimlə görüşmək axirət, iman və Quran xatirinədir. Dünya ilə əlaqəmi kəsdiyim üçün dünya xatirinə görüşmək mənasızdır. (Mənimlə görüşmək) axirət, iman və Quran xatirinədirsə, Risaleyi-Nur artıq mənə olan ehtiyacı aradan qaldırmışdır”[6].
“Risaleyi-Nur bu cür ağır şərtlər altında mütləq küfrlə mübarizədə müəyyən dərəcədə uğur qazanırsa, bunun sirri bax budur. Səid yoxdur. Səidin gücü və səlahiyyəti də yoxdur. Danışan yalnız həqiqətdir, iman həqiqətidir”[7].
Öz şəxsiyyətini nüfuz sahibi (müraciət qaynağı) kimi göstərməməsinin hikmətlərini əsərlərinin müxtəlif hissələrindən nümunə gətirərək belə xülasə edə bilərik:
- Bir əsərdəki gözəlliklər əsərin müəllifinin məziyyətlərində axtarılır, halbuki Bədiüzzaman Səid Nursi özünü bu əsərlərin qaynağı olaraq görmədiyi və əsərlərin yeganə qaynağının Quran olduğunu bildiyi üçün özünü ortadan çıxarıb əsərindəki gözəlliklərin Qurana aid edilməsini istəyir;
- Şəxslərin fani, əsərlərin isə baqi olduğunu, buna görə də şəxslərin aramızdan getdikdən sonra xidmətin davam edə bilməsi üçün şəxslərə yox, baqi olan əsərlərə bağlanmağın zəruri olduğunu vurğulayır;
- Bu zamanın camaat zamanı olduğunu, inkarın mənəvi şəxsiyyət (şəxsi-mənəvi) ilə hücumuna qarşı möminlərin də mənəvi şəxsiyyət ilə (yəni camaat halında) müqavimət göstərmələrinin zəruri olduğunu vurğulayır. Əsərləri ətrafında formalaşan mənəvi şəxsiyyətin (yəni camaatın) gələcəkdə özündən daha çox xidmət edəcəyini nəzər diqqətə çatdırır[8].
(ardı var)
Mənbə: sorularlarisale.com
Mütərcim: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə
Redaktor: Əfruzə Həsənova
Operator və korrektor: Məhbubə Kərimzadə
[1] Nümunə olaraq onun “Meyvə risaləsi” adını verdiyi On birinci Şüa adlı əsəri Dənizli həbsxanasının bir meyvəsi, Otuzuncu Ləm’ə olan “İsmi-ə’zəm risaləsi” Əskişəhər həbsxanasının meyvəsi olaraq adlandırılmışdır. Bundan əlavə cəmi on iki saatda yazıldığını ifadə etdiyi On doqquzuncu Məktub olan “Möcüzati-əhmədiyyə risaləsi” (“Hz. Peyğəmbərin (s) möcüzələri risaləsi”) öz təbirincə dağda və bağda yazılmışdır. Nümunələri çoxaltmaq olar.
[2] Yəni yalnız bir ustadın ardınca getmək, başqası ilə məşğul olmamaq
[3] “Risaleyi-Nur” külliyyatı, “Məsnəviyi-nuriyyə”, Müqəddimə
[4] “Risaleyi-Nur” külliyyatı, “Şüalar”, Birinci Şüa
[5] “Risaleyi-Nur” külliyyatı, “Sikkeyi-təsdiqi-qeybi”, “Risaleyi-Nur”dan Parlaq Lətifələr və Bəzi Gözəl Məktublar
[6] “Risaleyi-Nur” külliyyatı, “Həyat tarixçəsi”, İsparta həyatı, “Danışan Yalnız Həqiqətdir!”
[7] “Risaleyi-Nur” külliyyatı, “Əmirdağ lahiqəsi”-2, (69)
[8] “Risaleyi-Nur” külliyyatı, “Əmirdağ lahiqəsi”-1, (39)